"Qobustan" Sənət Toplusunun
qış sayı işıq üzü görüb
525.az xəbər
verir ki, "Qobustan" sənət toplusunun qış
sayı çapdan çıxıb. Dərginin baş məqaləsinin
müəllifi, Xalq yazıçısı Anar Prezident
İlham Əliyevin 60 illik yubileyinə həsr etdiyi «Nida
işarəsindən dəmir yumruğa» essesində Müzəffər
Ali Baş Komandanın Azərbaycan xalqı
qarşısında xidmətlərini, böyük Qarabağ
zəfərinə aparan ömür yolunu təhlil edib.
Həmçinin
bu sayda sənətin müxtəlif sahələrinə aid
araşdırma yazıları, esse və məqalələr,
müsahibələr yer alıb.
- Görkəmli
alim Vilayət Quliyev « Xəlil Musayev - Molla Nəsrəddinçi
rəssam» məqaləsində ölkəmizdə az
tanınan, amma sənət tariximizdə özünəməxsus
yer tutan karikaturçu rəssam Xəlil Musayevin film kimi həyat
və yaradıcılıq hekayəsini təqdim edir.
- Akademik
İsa Həbibbəyli «Kamançanın insanlıq dərsləri»
məqaləsində Ağacəbrayıl Abasəliyevin
yaradıcılıq yoluna, bu qədim alətin fəlsəfəsinə
nəzər salır...
- Avropada
yaşayan yazıçı-esseist Vahid Qazi «ABBA ilə
Stokholmdan Ağdama» essesində məşhur qrupun unudulmaz
mahnıları ilə öz yaddaşına səyahət
edir.
- Xalq
artisti, rejissor Ramiz Həsənoğlunun 75 illik yubileyi dərgi
səhifələrində Pərvinin yazısı ilə qeyd
olunur...
- Pərviz
Seyidli Anarın «Təhminənin sirri» hekayəsindən təsirlənib
ədəbiyyatımızın Qadın simvoluna aid
düşüncələrini bölüşür.
- Gənc
şair-esseist Ramil Əhməd şəhərlər
rubrikasını İstanbul yazısı ilə davam etdirir.
- Ülvi
Bahadır musiqinin insan ovqatına, psixologiyasına,
düşüncə və tərbiyəsinə təsirini
müxtəlif nəzəriyyələrin əsasında incələyir.
-
Teatrşünas Dağlar Yusif «Özünə qapanmış
dünyanı oxumaq:İşarə» essesində postmodern
teatrda işarələr sistemini anlatmağa
çalışır...
-
Narıngül Nadir dərginin rəngli səhifələrində
Sənətin Məcnunu – Səttar Bəhlulzadənin ev muzeyinə
aid təəssüratlarını bölüşür.
- Dərginin
rəngli səhifələrində başqa bir istedadlı gənc
rəssam Əsra Rəfibəylinin qeyri-adi əl işləri
və müsahibəsi yer alıb.
-
UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə
daxil edilmiş Lənkəranın sirrlərindən, mədəni
və tarixi keçmişindən Xatirə Xatun
danışır.
- Xalq artisti Həmidə Ömərova
dərginin əməkdaşı Esmira Nəzərli ilə
söhbətində həyat və yaradıcılıq yolunu
yada salır...
-
Şair, bir vaxt «Qobustan»ın baş redaktoru olmuş Ələkbər
Salahzadə qış sayında qızı Aydanın məqaləsi
ilə hörmətlə anılır...
- Aynur
Hilali «İlkinliyin dəyişməz çöhrəsi» məqaləsində
meydan tamaşalarının tarixinə nəzər salır...
-
Zülfiyyə Qəniyevanın "Qurama"sında
kiçik, amma maraqlı faktlar yer alıb.
BÜTÜN
BUNLARI "QOBUSTAN"IN QIŞ SAYINDA OXUMAĞA TƏLƏSİN!
DƏRGİNİ AYB-NİN 4-CÜ MƏRTƏBƏSİNDƏN,
«QOBUSTAN»IN REDAKSİYASINDAN ƏLDƏ EDƏ BİLƏRSİNİZ...
525-ci qəzet.- 2021.- 21 dekabr.- S.8.