TUNEL
(Rus dilindən
Hüseynbala Mirələmov tərcümə edib)
Məşhur İsveçrə yazıçısı Fridrix Dürrenmattın oxuculara təqdim etdiyim "Tunel" novellası fəlsəfi fantastika janrına aid olub hər cür ekoloji sarsıntılara məruz qalan dünyamız üçün rəmzi xəbərdarlıqdır. Hekayə o dövrün ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilərək bir çox dillərdə nəşr olunub.
Hələ iyirmi dörd yaşında ikən onu piy basmışdı. Elə bil bununla zirehli paltar geyib hələ görünməyən, lakin aydın hiss olunan və qarşısıalınmaz bir şəkildə ona doğru gələn nəhəng, qorxunc bir qüvvədən özünü müdafiə etmək istəyirdi. "Ormond Brazil-10" siqaretindan çəkən, gözündəki eynəyin üstündən daha bir qara eynək taxan, qulaqlarını pambıqla tıxayan və evlərindən qatarla iki saatlıq məsafədə yerləşən universitetin tələbəsi olan bu gənc hələ də valideynlərinin himayəsində idi.
İstirahət günlərinin birində o, həmişəki kimi saat 17:50- də yola düşərək 19:30-da mənzil başına çatan qatara mindi ki, ertəsi gün iştirak etməli olduğu, əslində isə gəzməklə əvəz edəcəyi seminara çata bilsin.
Yay idi. Qatar perrondan uzaqlaşanda buludsuz göydə günəş parıldayırdı. Ətəklərində mənzərəli kəndlər və kiçik şəhərlər yerləşən Yura və Alp dağlarının yamacları ilə burulub hərəkət edən qatar çay boyunca heç iyirmi dəqiqə getməmişdi ki, Burqdorfdan sonra birbaşa çox da böyük olmayan bir tunelə baş vurdu.
Vaqonlar ağzınacan dolu idi. Qabaq vaqonlardan birinə minən iyirmi dörd yaşlı cavan tər tökə-tökə, sərnişinlərin narazı baxışları altında qatarın bu başından o başına keçməyə başladı. Sərnişinlər bir-birlərinə sıxılmış, bəziləri də çamadan üstündə oturmuşdu. Hətta ikinci dərəcəli vaqonlar belə, adamla dolu idi, yalnız birinci dərəcəli vaqonda yer tapmaq mümkün idi. O uşaqlardan, tələbələrdən, orduya yenicə çağırılanlar və cavan sevgililərdən ibarət olan bu insan kələfini yararaq vaqonun hər ləngərində gah birisinin, gah da o birisinin üstünə yıxıla-yıxıla, qarınlar və gövdələr arasında müqavimət saxlaya-saxlaya gedirdi. Nəhayət gəlib öz yerinə çatanda o xeyli təəccüb etdi - üçüncü dərəcəli kupedə belə şeylər nadir hadisədir, - tək onun üçün bütöv bir skamya boş idi. Üzbəüzdə bir gombul oturub öz-özüylə şahmat oynayırdı. Dəhlizdəki oturacağın küncündə isə sarışın saçlı qız roman oxuyurdu.
Cavan oğlan pəncərə qabağında rahatlanıb "Ormond Brazil - 10" siqaret qutusunu çıxaranda çöldə tunel başlandı. Demək olar artıq bir ildi ki, şənbə və bazar günləri tələbə bu yeraltı yolu keçirdi və bəzən çölə baxmaq istəsə də onun mövcudluğunu belə heç vaxt hiss etməmişdi. Bəzən isə nə barədəsə düşünərək vaqona çökən bu bir anlıq qaranlığa heç diqqət də vermirdi. Bu dəfə isə bu tunel barədə əsla düşünməyərək hətta günəş çeşməyini belə gözündən çıxarmadı.
Günəş bütün qüdrətiylə parıldayırdı. Yolboyu pəncərə arxasından qızılı Alp dağ silsilələri, yamaclar və şəhərciklər görünürdü. Lakin hər yanı qərq edən qaranlıq tələbənin gözlədiyindən çox çəkdi. Kupeyə qaranlıq çökmüşdü, işıqları da yandırmamışdılar. Çünki bir neçə saniyədən sonra günəş işığı görünməliydi.
Cavan oğlan çeşməyini çıxartdı, qız siqaret yandırdı, açıq-aşkar hiss olunurdu ki, kitabdan ayrılmağa məcbur olduğu üçün narazıdır. Tələbə kibrit yandırıb saatına baxaraq 18:10 olduğunu gördü. Sonra öz nizamsız təhsili, getmək istəmədiyi sabahkı seminar barədə fikirləşdi. Lakin onun təhsilini qaydaya salmaq barədə təşəbbüsləri xəyal idi.
Bir az sonra elektrik lampaları yandı, tunel işıqlandı. Kök cavan öz-özüylə şahmat oynamağa davam etdi, sarışın qız romanını oxumağa başladı. Lakin orada, tuneli əks etdirən pəncərə arxasında hələ də həmin tunel idi.
O, boynuna qara şarf dolamış ucaboy bir kişinin var-gəl elədiyi keçidə çıxdı. "Bu istidə bu geyim?" deyə düşünüb cavan oğlan bir-birləriylə söhbət edən, qəzet oxuyan sərnişinlərə nəzər saldı və qayıdıb yerində oturdu.
Onun qol saatının əqrəbləri 18:20-ni göstərirdi və o heyrətlənib öz-özünü məzəmmət elədi ki, niyə indiyə qədər bu tunelə belə az əhəmiyyət verib? Axı on beş dəqiqə keçdi, tunel isə qurtarmaq bilmir, qatarın yüksək sürətini də nəzərə alsaq, aydın olar ki, bu çox uzun tunel - İsveçrədəki ən uzun tunellərdəndir. Buna görə də belə qərara gəldi ki, yəqin başqa qatara minib. Lakin eyni zamanda yaşadığı stansiyadan iyirmi dəqiqəlik yolda belə böyük bir tunelin mövcud olduğunu xatırlaya bilmirdi. Ona görə də o, kök şahmatçıdan soruşdu ki, həqiqətən bu qatar Sürixə gedir? Və müsbət cavab aldı. Hələ də şübhələnməkdə davam edən cavan oğlan qeyd etdi ki, yolun bu hissəsində bu qədər uzun bir tunelin mövcud olduğunu heç vaxt eşitməyib. Lakin görünür, şahmatçı onu oyundakı mürəkkəb bir kombinasiyanın həllindən təkrar ayırdığına görə əsəbi halda cavab verdi ki, hərçənd ki o, bu ölkəyə birinci dəfədir gəlir, ümumiyyətlə, İsveçrədə tunellər çoxdur və bu, addımbaşı gözə çarpır. Bundan başqa o, statistik məlumat da oxuyub ki, dünyanın heç bir ölkəsində İsveçrədə olduğu qədər tunel yoxdur. İndi isə o, həqiqətən ürəkdən təəssüf edir və xahiş edir ki, cavan oğlan onu bağışlasın, çünki indi o "Nimtsovic" sisteminin mürəkkəb bir variantının həlli ilə məşğuldur və bu məşğuliyyətindən ayrılmaq istəmir. Bu, nəzakətli, lakin kifayət qədər qəti cavab idi. Cavan oğlan şahmatçıdan istədiyinə nail ola bilmədi. Buna görə də konduktorun kupeyə girməsinə sevindi. Arıq, solğun bənizli və görünüşdən əsəbi adama oxşayan konduktor sarışın qıza Oltenddə düşüb başqa qatara minməli olduğunu bildirəndə iyirmi dörd yaşlı cavan hələ də əmin idi ki, bileti etibarsız çıxacaq və hələ böyük bir inamla güman edirdi ki, başqa qatara minib. "Ormond Brazil-10" markalı siqarını ağzından çıxarmadan öz biletini konduktora uzatdı və görünür, əlavə pul ödəyəcəyini söylədi. Axı o Sürixə getməlidir. Konduktor - hər şey qaydasındadır, - deyib bileti ona qaytardı. Nəhayət bütün bu qarışıqlıqdan baş açmaq üçün cavan oğlan - biz ki axı tunellə gedirik, - deyə həyəcanla səsləndi.
- Biz indicə Kortsenbuzdan keçib Lankeltala yaxınlaşırıq, - deyə konduktor cavab verdi, - elədir ki var, indi yeddiyə iyirmi dəqiqə işləyir.
- Axı biz iyirmi dəqiqədir ki, tunellə gedirik, - deyə cavan fikrindən dönmədi. Konduktor narazılıq və şaşqınlıq ifadə edən nəzərlərlə oğlana baxdı,
- qatar Sürixə gedir,- dedi və qeyri-ixtiyari pəncərəyə baxdı. - İndi yeddiyə iyirmi dəqiqə işləyib və bir qədər narahatlıqla təkrar etdi, - tezliklə 19:00-da Ultsində olacağıq. Qaranlıq isə havanın birdən-birə xarablaşmasından oldu. Görünür tufan olacaq. Əlbəttə, məsələ də elə burasındadır.
Bu anda "Nimtsovic" sistemində mürəkkəb müdafiə variantının həlli ilə məşğul olan kişi də söhbətə qarışdı. Uzanıqlı əlindəki bileti saxlamaqdan bezibmiş kimi əsəbiliklə - boş sözdür, - dedi.
Konduktor sanki onun varlığını unutmuşdu.
- Boş
sözdür, biz tunellə gedirik. Doğrudanmı
görmürsünüz? Bu ki
qayalıqdır. Mən bilən,
özü də qranitdəndir. Bütün
dünyada İsveçrədə olan qədər tunel yoxdur.
Mən bunu özüm məlumat
kitabçasında oxumuşam.
Nəhayət
konduktor şahmatçının bayaqdan uzanılı
qalmış əlindəki biletə nəzər salıb az qala yalvarıcı bir tərzdə yenidən
inandırmağa çalışdı ki, qatar Sürixə
gedir. İyirmi dörd yaşlı cavan ona qulaq
asmadan baş konduktoru tələb etdi.
- O hardasa
qabaq vaqonların birindədir, - deyə konduktor cavab verdi, - bir də o sizin nəyinizə
lazımdır? Qatar ki Sürixə gedir.
İndi saat 18:25-dir. Yay cədvəlinə əsasən iyirmi
dəqiqədən sonra qatar Oltenddə
dayanacaq.
Cavan oğlan qalxıb çıxışa tərəf
yönəldi.
Yarım saat əvvəl əks istiqamətdə
keçdiyi yolu bu dəfə keçib getmək daha çətin
idi. Qatar böyük sürətlə
getdiyindən dəhşətli səs saldığına
görə iyirmi dörd yaşlı cavan bayaq qatara minərkən
çıxardığı pambığı yenidən
qulaqlarına taxdı. Onun toxuna-toxuna
ötüb keçdiyi adamlar olduqca sakit idilər və
onlardan heç biri kiçik bir narazılıq da etmirdi.
Bu qatar da yol gedən başqa qatarlardan
heç nə ilə fərqlənmirdi.
Qırmızı çantasından
tanıdığı baş konduktor vaqon-restoranın girəcəyində
dayanmışdı.
-
Qulluğunuz? - deyə ucaboy, sakit
görünüşlü, eynəkli, bığları səliqə
ilə qırxılmış baş konduktor soruşdu.
-
Artıq iyirmi beş dəqiqədir ki,
hansı bir tunelləsə gedirik, - deyib cavan oğlan
müsahibinin hər şeydən əvvəl pəncərəyə
baxacağını gözlədi. Əvəzində isə
baş konduktor ofisiantı çağırıb - mənə
bir qutu "Ormond -10" siqareti gətirin, mən də bu cənab
kimi bu siqaretdən çəkirəm, - dedi.
Tələb olunan siqaret vaqon restoranında
olmadığından ofisiant baş konduktorun xahişini yerinə
yetirə bilmədi. Bu təsadüfdən istifadə edərək
cavan oğlan baş konduktora öz siqaretindən təklif elədi.
O isə, - təkrar edirəm, çətin ki, özümə
siqar ala biləydim, - dedi. - Siz mənə çox
böyük xidmət etmiş olursunuz. Siqar
çəkmək çox əhəmiyyətli bir şeydir.
İndi sizə ardımca gəlməyi təklif
edə bilərəmmi?
O, iyirmi
dörd yaşlı cavanı vaqon-restorandan sonra gələn
yük vaqonuna apardı. Bundan sonra lokomotivlə
yük vaqonunun böyük hissəsini alaqaranlıqda qoyan zəif
sarımtıl bir işıq yanırdı. Vaqonun yan qapıları bağlı idi və
yalnız kiçik barmaqlıqlı pəncərədən
tunelin ürək sıxan əksi görünürdü.
Dörd tərəfində üstlərində
müxtəlif otellərin nişanı olan çamadanlar, bir
neçə velosiped və uşaq arabası var idi.
Baş konduktor öz qırmızı çantasını
qarmaqdan asıb soruşdu:
- Nə
buyurursunuz?
Bu sözləri deyib cavan oğlana əhəmiyyət
vermədən cibindən çıxardığı cədvəli
doldurmağa başladı.
-
Burqdorfdan sonra qatar tunelə daxil olub, -
cavan oğlan qətiyyətlə sözə başladı. -
Yolun bu hissəsində belə uzun tunel yoxdur, hər həftə
gəlib-getdiyimdən yola yaxşı bələdəm.
Baş konduktor yazmaqda davam edirdi.
- Qulaq
asın, - nəhayət o, cavana yaxınlaşdı, o qədər
yaxınlaşdı ki, az qala sifətləri
bir-birinə toxunacaqdı.
- Hörmətli
cənab, mən sizə nə deyə bilərəm, heç
özüm də bilmirəm, necə olub ki, biz bu tunelə
düşmüşük. Baş
açmıram ki, bu necə oldu, lakin icazə verin, diqqətinizi
bir şeyə cəlb edim. Qatarımız
relslərin üzəri ilə hərəkət edir, deməli,
tunel bizi harasa müəyyən bir yerə
çatdıracaqdır. Tunelin həddən
artıq uzanmasını nəzərə almasaq, heç bir
pis əlamət görünmür.
Baş
konduktor ağzındakı "Ormond Brazil-10" siqaretini əməlli-başlı
yandırmamış burada, yük vaqonunda vaqon-restorandakına
nisbətən gurultunun daha bərk olmasına baxmayaraq asta,
lakin elə bir inam, elə bir qətiyyətlə
danışırdı ki, hər sözü aydın
eşidilirdi.
- Onda qatarı saxlamağınızı xahiş
edirəm, - deyə cavan oğlan səbri tükənmiş
halda dilləndi. - Mən dediklərinizdən bircə kəlmə
də anlamıram. Əgər tuneldə bir hadisə baş
veribsə, onda siz qatarı
saxlamalısınız.
- Bəli,
elə mən də bu barədə
düşünürdüm, - deyə baş konduktor dəftərini
örtdü və onu yenidən qırmızı çantaya
qoydu.
- Bəlkə
stop-kranı açım, - cavan oğlan yenidən dilləndi
və başının üstündəki əyləcin dəstəyinə
əl atmaq istəyirdi ki, qəfildən bərkdən vaqonun
divarına dəyib kənara düşdü. Onun
dalınca da uşaq arabası və bir neçə
çamadan aşdı.
Baş
konduktor əllərini uzadaraq qəribə bir halda səndələyib
onun üstünə gəlirdi, - biz məhv oluruq! - deyərək o, vaqonun ön divarının
dibinə yıxılmış iyirmi dörd yaşlı cavan
oğlanın yanına düşdü. Lakin
qaya ilə gözlənilən toqquşma baş vermədi.
Halbuki bir an belə getsəydi, vaqonlar
bir-birini dağıdıb kibrit qutusunun
çör-çöpləri kimi dağılacaqdı.
- Gəlin,
lokomotivə keçməyə cəhd edək, - baş
konduktor diqqətlə, hətta hədələyici nəzərlərlə
cavan oğlana baxdı, sonra da dibinə
qısıldıqları divardakı qapını
açdı. Lakin qüvvətli bir külək
onları yenidən divarın dibinə atdı.
- Biz
maşinistin rubkasına keçməliyik!
Baş konduktor cavan oğlanın qulağına bu
sözləri çığırıb maşinistin parlaq
işıqlanmış rubkasının
göründüyü dördkünc qapı çərçivəsinin
arxasında gözdən itdi. İyirmi dörd
yaşlı cavan oğlan bu müəmmadan bir şey başa
düşməyərək onu təqib etdi. Lokomotivin yanlarından nazik kanat çəkilmişdi.
Onların yuxarısında eyni səviyyədə lokomotivi əhatə
edən əzik-üzük olmuş metal ox
görünürdü. "Lokomotivin yolu
budur" deyə cavan oğlan düşündü. O,
gözəyarı ölçüb gördü ki, bir metrdən
çox tullanmalı olmayacaq. Doğrudan da
tullanıb oxdan yapışa bildi. O lokomotivin gövdəsinə
qısılaraq yavaş-yavaş kanata tərəf
irəliləyirdi. Lakin lokomotivin üstünə
gələn qayalıq divardan uğuldayan tufanın qəzəbindən
heç bir şeylə qorunmayan qapının yanına
çıxanda irəliləmək həddən artıq
çətinləşirdi. Onu ancaq baş
konduktorun lokomotivin kiçik qapısından tutub içəri
dartması xilas etdi. Cavan oğlan taqətsiz
halda maşinistin rubkasının lokomotivin qalan yerindən
ayıran divarın dibinə çökdü. Baş
konduktor - əla "Ormond Brazil" siqarımızı da
itirdik ha... Bura gəlməmişdən qabaq onları
yandırmaq ağılsızlıq idi, - dedi.
Cavan oğlan pencəyinin sağ cibindən qəhvəyi
rəngli qutulardan birini çıxarıb yenidən baş
konduktora uzatdı.
- Mən
bu "Ormond Brazil"i çox sevirəm, ancaq onları
yaxşıca sümürmək lazımdır, yoxsa tez
sönürlər.
Cavan
oğlan hiss etdi ki, bu sözlər baş konduktorun orda,
çöldə hələ də qurtarmayan tunel haqqında
düşünmək istəmədiyi barədə xəbərdarlığıdır.
O hələ də inanırdı ki, tunel bəzi pis yuxular
kimi birdən qırılıb qalacaqdır. Onlar
beləcə lokomotivin rubkasının divarına söykənmiş
halda siqar çəkirdilər. Baş konduktor
tüstünü sinəsinə çəkib: - Mənim
familiyam Kellerdir, - dedi. Cavan oğlan yenidən sualına
qayıtdı:
- Lokomotivə
çıxmaq özü də mənim kimi öyrəşməmiş
bir adam üçün təhlükəsiz
bir iş deyil, bununla belə yenə də bilmək istərdim
ki, siz nədən ötrü məni bura dartıb gətirmisiniz.
-
Heç özüm də bilmirəm niyə, sadəcə
olaraq baş vermiş hadisəni fikirləşməyə vaxt
qazanmaq üçün.
- Vaxt
qazanmaq üçün - deyə cavan oğlan onun sözlərini
təkrar elədi.
- Bəli,
- baş konduktor onun sözünə qüvvət verdi, - elədir ki, var - və nəzərlərini
sümürdüyü siqarda cəmləşdirib susdu.
Qatar deyəsən
yenidən yana əyilirdi. Baş konduktor:
- Biz
maşinistin rubkasına keçə bilərik - dedi. Ancaq divarın dibində dayanmış cavan oğlan
cavab verməyib rubkanın qapısına tərəf yeridi,
qapını açan kimi yerində quruyub qaldı. Cavan
oğlan ona yaxınlaşan baş konduktora tərəf
çevrilib - heç kim yoxdur, - dedi.
-Maşinist içəridə yoxdur, - deyə iyirmi dörd
yaşlı cavan təkrar elədi.
Tunelin getdikcə daha dərinliklərinə girən
qatarın ağlasığmaz sürəti nəticəsində
onlar səndələyə-səndələyə rubkaya
keçdilər.
- Bax,
budur, - cavan oğlan baş konduktoru yanına buraxıb
stop-kranın dəstəyini əydi. Lakin
lokomotiv dayanmadı. Baş konduktor inamla - yəqin ki,
maşinist ayrı yolla getdiyini bilən kimi qatarı
saxlamaq üçün bütün imkanlardan istifadə
etmişdir, - dedi və əlavə etdi, - lakin lokomotiv öz
ağlasığmaz sürətini azaltmamışdır.
- O
sürətini azaltmayacaq da... İyirmi dörd yaşlı
cavan spidometri göstərdi: yüz altmış. Heç qatarın bu sürətlə getdiyi olubmu?
- Allah,
özün saxla, belə sürətlə heç vaxt!.. Ən böyük sürət
yüz on olub.
- Bax, elə
bütün məsələ də burasındadır. Sürəti hələ də artır. Spidometr artıq yüz yetmişi göstərir.
Biz məhv oluruq.
O, pəncərəyə
yaxınlaşdı. Ancaq dikələ bilməyib
özü pəncərəyə yapışmış halda
qaldı.
-
Güman ki, elə sürət əvvəldən beləcə
ağlasığmaz imiş. İndi bəs neyləyək?!
- Biz nə
etməliyik?
-
Heç bir şey, - deyə cavan oğlan amansızcasına
cavab verdi. Hər tərəfin
şüşə qırıntıları ilə dolduğu,
ölümün öz zəfər rəqsini
oynadığı bu anda cavan oğlan üzünü gizlətmədən,
hətta birdən-birə bu vəziyyətdən iblisanə
bir ləzzət duymağa başladı. İçəri
girən külək onun qulaqlarındakı pambığı
alıb apardı. Pəncərə
sınmağa başladı.
-
Heç bir şey, - deyə o, yenidən təkrar etdi. - Hər
şeyə qadir olan bizi naməlum, məchul məkana göndərir
və biz də onun görüşünə tələsirik...
Fridrix
DÜRRENMATT
525-ci qəzet.- 2021.- 22 dekabr.-
S.20-21.