Həyatımızın saundtreki
VƏ
YA ZEYNAL CABBARZADƏNİN KİNO MUSİQİMİZDƏ
ƏBƏDİLƏŞƏN ŞEİRLƏRİ
Ömür tarixinin 100 illiyi ötən il tamam olan bu sənətkar həmin ömrün yarısında özü yaşayıb, qalan yarısında isə sənəti yaşadıqca yaşayır.
, 56 yaşında dünyadan köçən şair və publisist Zeynal Cabbarzadə 44 il də yaşasaydı, 31 dekabr 2020 -ci il onun 100 illik yubileyi olacaqdı. Təbii ki, pandemiya ili olmasaydı, Vətən öz sənətkarının yubileyini təntənəli şəkildə bayram etmək haqqını reallaşdıracaqdı.
Öz dövrünün məşhur şair və bəstəkarlarıyla yanaşı yazıb-yaradan Zeynal Cabbarzadənin əsərləri hələ sağlığındaykən dillər əzbəri olmuş, hətta xalq mahnıları səviyyəsində belə tanınmışdı el içində, Onun imzası ilə olan mahnı Ulu Öndərimizin də məşhur zümzüməsində yaşayır tariximizdə. "Alagöz"... Musiqisi Cahangir Cahangirovun, sözləri isə Zeynal Cabbarzadənin olan bu mahnının mətni çox sadədir. Bəlkə elə bu sadəliyi ilə də dahi rəhbərimizin qəlbinə yaxın və əziz olub. Özü isə bir dəfə belə dəyərləndirmişdi mahnının mətnini: "Heç bir mahnının sözləri yadımda qalmır, bundan başqa".
56 illik ömründə çox az xoş gün görən Cabbarzadənin poeziyasının bir xüsusiyyəti də nikbinlik idi. Belə ki, yaşadığı dövrün siyasi ideologiyası bunu bütün Azərbaycan xalqından tələb edirdi. Çünki o vaxtın sovet adamı öz xoşbəxt sosializm quruluşunu tərifləməklə seçilməliydi dünya miqyasında. Çünki insanların bərabərliyini təmin edən, zülm və istibdada son qoyan ədalətli kommunizm qurucusu olmaq missiyası yüklənmişdi onun çiyinlərinə. Bax həmin bu dövrdə İkinci Dünya Müharibəsindən kontuziya ilə Vətəninə dönən Zeynal Cabbarzadə ömrünün ən gözəl gənclik çağında əlil olsa da, özünü bədbəxt hiss etməməkçin qələmə sarılmış və yazıb-yaratmışdı.
Deyildiyinə görə, müharibədən qayıdandan sonra toyu olmuş və bu toyda o, nitq və eşitmə qabiliyyətini, demək olar ki, itirmiş bir bəy kimi qalmışdı toydakıların yaddaşında.
Yəqin ki, hamı "Onu bağışlamaq olarmı" filmindəki "Ağlaya-ağlaya" və ya "Qəmgin mahnı" adıyla tanınan məşhur mahnının sözlərini əzbər bilir:
Bir xoş gün görmədim, bil ki, dünyada,
Ah, nə dərdə düşdüm cavanlıqda mən.
Hər gülün rəngini salıram yada,
Ağlaya-ağlaya qaranlıqda mən...
Böyük bəstəkarımız Tofiq Quliyevin mahnısının bu sözləri film qəhrəmanı Tərlanın həyat hekayəsi olsa da, İkinci Dünya Müharibəsində gənclikləri şikəst olub yaşayan minlərlə azərbaycanlı, eləcə də şair Zeynal Cabbarzadənin həm kədəri, həm də dövrün tələb etdiyi nikbin "hayqırtısı" idi:
Ürəyim dəryadır, çağlayır coşur,
Gül-çiçək gətirir bahardan soraq.
Təbiət eşqimə nəğmələr qoşur,
Xoşdur bu dünyada bəxtiyar olmaq.
Bəli, müharibə əlili olan Zeynal Cabbarzadə bəxtiyar olmaq arzularını məhz şair olaraq reallaşdırmağı bacarmış və nəğməkar şair kimi şöhrət qazanmışdı sağlığında. Sözlərinə 250-dən çox mahnı yazılan şairin yaradıcılığına yüksək dəyər verən Rəsul Rza yazırdı: "Zeynal bizim nəğmə yazan şairlər sırasında birinci yer tutanlardandır".
Qeyd edim ki, Zeynal Cabbarzadə şeirlərinin çox sadə dili var, burda fikir ifadə edən sözlər musiqidəki notlar kimi azdır, lakin onlar məhz notlar kimi bir-birinə bağlanıb musiqi ahəngi yarada bilir, ritmə düşür. Uşaqlar üçün yazdığı məşhur "Qatar" mahnısına diqqət etsək, bu ən sadə əyani misal ola bilər:
Qatar gəlir
uzaqdan,
Tak, tak, tak, tak, tak, tak, tak.
Gözləyirəm
bayaqdan,
Tak, tak, tak, tak, tak, tak, tak.
Xeyr, tək
uşaqlarçın deyil, sadə cümlələr, elə
yuxarıda adını çəkdiyimiz, eşq məhəbbət
mövzulu "Alagöz" mahnısında da musiqi ahəngiylə
düzəlir:
Həsrətinlə
hər zaman,
Gözüm qaldı bu yollarda, alagöz.
Bu sadə "Alagöz"ün ilk
ifaçıları isə musiqimizin korifey sənətkarları
Şövkət Ələkbərova və Rəşid
Behbudov olub və bu ucalıq mahnıya, sözün əsl mənasında,
xalq mahnısı olmaq şansı qazandırıb.
Xalq mahnısı statusuyla bağlı bir faktı da
xatırladım. Zeynal Cabbarzadənin sözünə
yazılan mahnılar sırasında bəzən xalq
mahnısı kimi təqdim edilənlər də var ki, buna
Tofiq Quliyevin bəstələdiyi "Neynim, neynim,
yar"ı misal çəkmək olar. Eləcə
də şairin sözlərinə yazılmış digər
mahnıların xalq tərəfindən sevilməsi, ona xalq
mahnılarının müəllifi adlamaq haqqı verir.
Bu haqq əksər hallarda, digər xalq sənətkarı,
deyildiyi kimi məşhur mahnılarımızın bəstəkarı
Tofiq Quliyevlə yaradıcılıq tandemində həyata
keçirdi. Şairin, xalq sənətkarımızla
birlikdə yazdığı 60-a kimi mahnının 10-u
xalqın döyünən ürəyi, paytaxtı Bakı
haqqında idi.
Tofiq Quliyev xatirələrində qeyd edir ki, "dostum
Zeynal, bizim digər bəstəkarlarımızla da mahnı
yazırdı, buna görə onu çox
qısqanırdım". Şair dostunun vaxtsız
ölümünə yanan bəstəkarın
ömrünün son illərində söylədikləri isə
qəlb ağrıdır: "Mənim 82 yaşım var, hələ
də yaşayıram, Zeynal da sağ olsaydı, 79 yaşı
olacaqdı, amma gör nə vaxtdı, dünyadan
köçüb. Yaşımın bu
çağında əgər Zeynal sağ olsaydı, durub yenə
də onunla birlikdə mahnı yazardım. Mahnı mətnlərini heç kəs onun kimi yaza
bilmirdi".
Bəli, bu gözəl mahnılar həm də kino
musiqimizin Qızıl fondunun mahnıları olaraq
kinematoqrafımızın bir qolunu təşkil edir.
AUDİOVİZUAL
MAHNILAR
"Kino
musiqisi beş dəqiqə
üçün bəstələnmir. O, müstəqil
yaşaya bilər. Bu şərtlə ki, həmin
əsərin buna haqqı olsun" - böyük bəstəkarımız
Fikrət Əmirovun bu fikrini filmdə səsləndirilən
mahnılara şamil etsək, kino musiqisinin bu növünü
audiovizual mahnılar terminilə əvəz etmək", məncə
doğru olardı. Müasir kino terminologiyasında
onlara "saundtrek" də deyirlər. İngilis dilində
"səs" və "yol" sözlərinin birləşməsindən
yaranan bu terminə istinadən Amerikanın tanınmış estrada ustası Dik Klarkın gözəl bir
deyimi var: "Musiqi insan həyatının saundtrekidir".
Filmlərdə də belədir. Tamaşa etdiyimiz hər
hansı filmin varlığını musiqi daha dolğun, daha təsirli
edir, təbii ki, bu da sintetik sənət olan kinonun həyatı
əks etdirən təbiətindən doğur.
Filmə daxil olan mahnının bədii məziyyəti
ilk növbədə musiqiyə və filmin süjet xəttində
lakonik fikir yaradan mətnə, şeirə bağlıdır. Bu mənada
filmə yazılmış elə mahnılar var ki, onlar filmdən
ayrı, müstəqil ifa olunsa da, ancaq melodiyası ilə
sevilə bilir. Bütöv bir əsər
kimisə, ancaq daxil olduğu filmin bir hissəsi kimi təsəvvürdə
canlandırılanda böyük məna kəsb edir;
tamaşaçı filmi çox bəyənibsə.
Əgər kino tariximizdən bəhs edən kitablarda
filmlərin yaradıcı heyyəti haqda verilən əksər
siyahılara nəzər salsaq, ordakı mahnıların mətninin
müəllifindən başqa bütün yaradıcı heyətin
adını tapa biləcəyik.
Götürək,
yuxarıda qeyd etdiyim kimi Tofiq Quliyevlə Zeynal Cabbarzadə
tandeminin "Ögey ana", "Telefonçu qız",
"Görüş" filmlərinə yazdığı
mahnıları. Bu filmlərlə bağlı
siyahılarda (filmin titrlərini deyil, yazılı
materialları nəzərdə tuturam) bəstəkar qeyd
olunsa da, mahnı mətninin müəllifini qeyd etməyi
lazım bilmiyənlərə rast gəlinir. Bax bu "xırda" unutqanlıq müəllif
haqqına girmək sayılmalıdır. Bəzənsə
bu, anlaşılmazlıqlara səbəb olur. Fakt gətirə bilərəm. Zeynal Cabbarzadənin
"Seçilmiş əsərləri"
külliyyatının "Mahnılar" bölümündə
"Yel əsər" adlı şeir "Yenilməz
batalyon" filmində Teymurun mahnısı deyə təqdim
olunsa da, bəzi müəlliflərin filmin yaradıcı heyəti
haqda verdikləri siyahıda müəllif Qılman İlkin
deyə qeyd olunur. Halbuki adı çəkilən
yazıçımız filmin ssenari müəllifidir.
Daha bir fakt. 1962-ci ildə çəkilmiş "Koroğlu"
filmində Anatollu Qəniyevin ifasında səsləndirilən
"Dəli Həsənin mahnısı"nın
bəstəkarı Cahangir Cahangirov, mətnin müəllifi isə
Zeynal Cabbarzadədir. Burdan Türkiyəyə qədər
dillər əzbəri olan "Bana, bana gəl" adlı bu
mahnının mətninin mərhum şairimizə məxsus
olduğunu bilməyənlər, onu türk xalq
şarkısı zənn edir. Deyildiyinə görə,
sovet senzurası məhz bu mətnə görə
mahnının səslənməsinə mane olmaq istəmiş,
lakin mahnının Osmanlı imperiyasına qarşı
vuruşan, türk xalqlarının milli dastan qəhrəmanı
Koroğlu haqda çəkilmiş filmin məzmununa
bağlılığına görə öz
qadağasından imtina etmişdir.
Bəli, yaxşı ekran əsərinin mahiyyətinə
bağlı olan kino mahnıları, filmdəki obrazların
ifasında deyil, aid olduğu filmdən kənar da müstəqil
ifa oluna bilsələr də, bu müstəqillik şərtidir,
çünki onlar audiovizual yaranıblar.
Sadə bir misal olaraq bir daha Tofiq Quliyev-Zeynal Cabbarzadə
tandeminin bəhrəsi olan, "Ögey ana" filmindəki
İsmayılın sevə-sevə dinlədiyim "Kəndimiz"
mahnısına müraciət edək. Məşhur
ifaçılarımızın illər boyu repertuarından
düşməyən bu mahnı, filmdən ayrı, müstəqil
ifa olunarkən belə, şəxsən mənim təsəvvürümdə,
İsmayılın mahnısı kimi canlanır. Eyni zamanda, İsmayılın (filmdə
mahnının ifaçısı Məsumə Manafovadır) mahnının
bir yerində, ağacın yoğun budağı üstündə
"aaaaaa" deyib zəngulə vurması da var təsəvvürümdə.
Belə ki, mahnını, nəinki
qulaqlarımla eşidib, gözümlə görürəm, hətta
həmin anda həmən kəndin havasını da ciyərlərimə
alıb, yarpaqların rayihəsini duyuram. Təbii
ki, bütün bu duyğular, mahnının
ifaçısı, aktyor oyunu, operator, rejissor, bütün
yaradıcı heyətin sənətkarlığına rəğmən
yaranır; mahnını filmdən kənar dinləyərkən
belə.
Bunu Zeynal Cabbarzadənin kino üçün
yazılıb sonra konsert repertuarlarında tez-tez səslənən
bütün mahnılarına aid etmək olar. Hətta "Telefonçu
qız" filminin qonaqlıq epizodunda Mirzə Babayevin ifa
etdiyi "Gəlmədi" mahnısı sonralar
ifaçı tərəfindən konsert proqramlarında
oxunanda da gözlərimiz önündə Mirzə Babayevin təkcə
konsert salonundakı obrazı deyil, həm də filmdəki
çalsaqqal, eynəkli professor obrazı canlanır.
Çox vaxt filmə daxil olan mahnılar, məşhur
müğənnilərimizin ifasında kadrarxası səslənərək
kadrların müəyyən hissəsini, ayrılıqda,
müasir dillə ifadə etsək bir klipə çevirir. "Görüş"
filmində Şövkət Ələkbərovanın
ifasında "Axşam mahnısı" səslənən
hissə bu qəbildəndir, yəni bu hissə, mahnı deyil,
audiovizual sənət növü olan klip, müstəqil
klipdir və əlbəttə ki, həm də müstəqil
ifa oluna bilən mahnıdır.
Audiovizual mahnılar deyərkən, onu da qeyd edək ki,
bədii məziyyətləri yüksək olan ekran əsərlərindən
gedir söhbət. Yəni pis filmdə də yaxşı
mahnı səslənə bilər və bu halda həmən
mahnı filmə göydəndüşmə şəkildə
pərçim olunduğundan audiovizual mahnı deyil, elə
filmin içindəki müstəqil mahnıdır.
Zeynal Cabbarzadənin yaradıcılığını
araşdırarkən sonralar müstəqil mahnı ola bilən çox sayda mahnı adı
sadalamaq olar. Belə mahnılar, bəstəkarı Rauf
Hacıyev olan "Romeo mənim qonşumdur"da da,
Süleyman Ələsgərovla birgə yazılan
"Ulduz"da da, Emin Sabitoğlunun musiqi yazdığı
"Bizim Cəbiş müəllim" filmində də, Xəyyam
Mirzəzadə ilə birlikdə yaradılan "Bakıda
küləklər əsir"də də, digər filmlərdə
də var.
Yuxarıda sadaladığım mahnılar Zeynal Cabbarzadənin
kinolarımızda səsləndirilən saundtreklərlə,
yəni audiovizual mahnılarla bağlı
yaradıcılığından misallar olduğu
üçün, şairin poeziyası haqda tam təsəvvür
yarada bilmir məncə.
Bu külliyyata 250-dən çox
mahnı, 10-a yaxın poema, publisistik məqalələr də
əlavə etsək, 56 illik bir insan ömrü
üçün az deyil. Ən əsası isə, musiqi ilə
əl-ələ verib doğulan bu poeziya xalqımızın həyatının
saundtreki ola bildiyindən yüksək dəyər kəsb
edir.
Sədaqət KAMAL
525-ci qəzet.- 2021.- 22 dekabr.- S.18-19