Şuşanın yolları
Şuşaya ən qədim gediş-gəliş yollarının
tarixi, şübhəsiz
ki, qalanın bünövrəsinin qoyulması
ilə başlayır. O dövrün
daşlı-kəsəkli cığırları,
araba, piyada, köç, karvan yolları şəhərə
gedən bugünkü
şose yolların ilkin forması olmuş, müxtəlif tarixi mərhələlər
keçərək insanların
və yüklərin daşınması üçün
əsas vasitəyə
çevrilmişdir.
Şuşa qalasının salındığı
ilk dövrlərdə Qarabağ
xanlığının ərazisində
yalnız primitiv yükdaşımalar həyata
keçirilən yollar
vardı və əsas nəqliyyat vasitələri at, qatır,
uzunqulaq və dəvə idi. Bu yolların vəziyyəti
heç də yaxşı deyildi. Hündür
təpələrdən, dərin
uçurumlu dərələrdən,
buzlu aşırımlardan,
qarlı dağlardan, qayalarda böyük çətinliklə və
zəhmətlə oyulan
dar dağ cığırlarından keçən
yolların demək olar ki, hamısı
qış vaxtı dumanlı-çiskinli olduğundan
keçilməz yerlərə
çevrilirdi. Olduqca əyri-üyrü,
sərt və dik yoxuşları təxminən hər kilometrdən bir kələ-kötür enişlər
əvəz edirdi.
Ona görə də həmin yollardan gəlib-keçənlərin həyatı
daim təhlükə
qarşısında qalırdı.
Onlar həm də çoxlu enerji sərf edir, vaxt itirir, bəzən
də hansısa bir təsadüfi qəzanın qurbanı olurdular. Eyni zamanda, bu nahamar yollar nəqliyyat vasitələrini
də əldən salır, sıradan çıxarırdı. Şuşaya gedən yolların bu xoşagəlməz vəziyyəti xanlığın
ayrı-ayrı yaşayış
məntəqələri, eyni
zamanda, qonşu iri ticarət şəhərləri arasında
əlaqəni zəiflədirdi.
Bütün bunlar Şuşanın
yolları üçün
xarakterik hal idi. Digər tərəfdən də dağlıq şərait yeni yolların çəkilişini
çətinləşdirir və ləngidirdi.
XVIII yüzilliyin axırlarına
qədər Şuşa
yollarının mənzərəsi
belə idi. Həmin dövrdə Qarabağ paytaxtının getdikcə
böyüməsi və
burada ticarətin sürətlə inkişafı
ilə əlaqədar
Şuşaya bir çox nəqliyyat yollarının çəkilişinə
başlanılmışdı. İlk və böyük torpaq yolu Gəncə
xanlığı istiqamətində
gedən "Kəhrat
yolu" idi. Şuşanın şimal-şərq
tərəfindən - "Kəhər
atın yoxuşu"
adlanan hissəsindən,
daha doğrusu, "Kəhrat yarğanı"ndan,
yaxud "Kəhrad dərəsi"ndən keçən
bu kəsə torpaq yolu dağ-daş,
qayalar çapılaraq
çəkilmişdi. Buradan, əsasən,
tacir karvanları, arabalar, faytonlar keçib gedirdi. Həmin dövrlərdə Qarqar çayı üzərindəki
Ağa körpüsü,
malıbəyli körpüsü,
Xaçın, Tərtər
çayları üstündəki
körpülər də
bu işə xidmət edirdi. Artıq qalaya gediş-gəliş
üçün dörd
əsas yoldan istifadə edilirdi. Onlardan biri Gorus kəndi
vasitəsilə Naxçıvana,
oradan da dağlıq yerlərdən
keçib haçalanaraq
Ordubada və İrəvana dönürdü.
Bu yol da
o qədər abad deyildi. Aran istiqamətində gedən digər üç yol isə nisbətən rahat idi. Biri Şuşadan Gəncəyə,
ikincisi Kür çayını keçərək
Şəkiyə, üçüncüsü
isə Xudafərin körpüsü vasitəsilə
İrana və daha uzaqlara gedirdi.
Tiflisdən Naxçıvana və Təbrizə ən yaxın yol da Qarabağdan
keçir və bu da ticarət
əlaqələrinin asanlaşmasına
geniş imkan yaradırdı. Şuşalı tacirlər mallarını
Arazın o tayına və oradan digər ölkələrə
aparmaq üçün
əsasən Xudafərin
körpüsünə qədər
uzanıb gedən
"Molla Nəsrəddin
yolu"ndan istifadə
edirdilər. Bu yol Araz çayı
yaxınlığındakı eyniadlı körpünün
adı ilə adlandırılırdı. Uzunluğu təxminən 60 kilometr olan "Molla Nəsrəddin yolu" Araz çayına qədər meşələrin
arası ilə gedən kəsə karvan yolu idi
və Yaxın Şərqin nəhəng
ticarət yoluna çıxırdı. Həmin
illərdə Şuşa artıq Qarabağdan keçən
beynəlxalq ticarət
yollarının birləşdiyi
əsas nəqliyyat qovşaqlarından birinə
çevrilmişdi.
1805-ci il may ayının 14-də Rusiya imperiyası ilə Qarabağ xanlığı arasında bağlanılmış Kürəkçay müqaviləsində Şuşa-Gəncə yolunun əsaslı surətdə təmir olunması nəzərdə tutulurdu. Müqavilənin 6-cı maddəsində Qarabağ hakimi İbrahimxəlil xan Cavanşirin öz üzərinə götürdüyü öhdəlikdə deyilirdi: "Şuşa qalasının Yelizavetpol tərəfdən yoxuşunu sahmana salacaq və yolu arabaların gedişi üçün yararlı edəcəyəm. Hökumət Şuşa qalasından Cavada gedən yolu qaydaya salmaq istəsə, onda bu iş üçün lazım olan işçilər hökumətin müəyyən etdiyi məzənnə ilə mənə verməlidir". Qarabağ xanı öhdəliklərini yerinə yetirdi və onun faciəli qətli bu işləri bir müddət yarımçıq qoydu. Lakin Şuşaya gedən-gələn yollar, xüsusilə, Gəncə magistralı vaxt keçdikcə dövrün tələblərinə uyğun olaraq dəfələrlə təmir edildi. Xeyli hissəsi genişləndirildi, yolun keyfiyyəti yaxşılaşdırıldı və hərəkət xeyli asanlaşdı. Sovet hakimiyyəti dövründə həmin yola asfalt döşəndi və nəqliyyatın inkişafına böyük şərait yaradıldı.
Şuşaya gedən karvan yollarının üstündə körpülərin salınması Qarabağda geniş yollar şəbəkəsinin yaranmasına səbəb oldu.
Şuşaya çəkilən sonuncu magistral "Zəfər yolu"dur. Hacıqabul-Horadiz,
Ağbənd-Zəngəzur magistral avtomobil yolunun 149-cu kilometrliyindəki
Əhmədbəyli kəndində
başlayır və Füzuli şəhəri,
Böyük Tağlar
kəndindən, Çaxmaq
meşəsi və Daşaltı kəndindən
keçərək Şuşa
şəhərinə çatır.
Yolun layihə uzunluğu 101,9 kilometrdir. İki hərəkət zolağından
ibarət olan yol 2021-ci il
oktyabrın axırlarında
istifadəyə verilib.
Şuşaya ikinci avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur
dəhlizi magistral avtomobil
yolunun 157-ci kilometrliyindən
başlayır. Uzunluğu 81,6 kilometrdir, dörd-altı hərəkət
zolağı var. Yol
üzərində körpü və
tunellər çəkilməsi nəticəsində yüksək
sürət təmin olunacaq və "Zəfər
yolu" ilə müqayisədə 20,3 kilometr qısa olacaq. Avtomobil yolunun 2024-cü
ildə başa
çatdırılması nəzərdə tutulub.
Vasif
QULİYEV
525-ci qəzet.- 2021.- 22 dekabr.- S.17.