Yeri görünən ədəbiyyatşünas
Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar
elm xadimi Kamran Əliyevin vəfatından bir il
ötdü. Bu bir ildə dostlar-həmkarlar
arasında tez-tez xatırlanan, müxtəlif elmi müzakirələrdə
həmişə yeri görünən Kamran Əliyev barədə
söz deməyə, yaradıcılığını
gözdən keçirib onun gördüyü mühüm
işləri yada salmağa dönə-dönə daxili ehtiyac
yarandı. Bu yazı həmin ehtiyacı, az
da olsa, ödəməyin bir ifadəsidir.
Ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi,
ədəbi tənqid və folklorşünaslıq istiqamətlərində
ardıcıl fəaliyyət göstərən və dəyərli
əsərlər ortaya qoyan Kamran Əliyevin elmi
yaradıcılığında romantizmlə bağlı tədqiqatlar
xüsusi yer tutur və bu tədqiqatlar onun sonrakı
araşdırmaları üçün mühüm təməl
rolunu oynayır. Təsadüfi deyil ki, Kamran Əliyevin həm
namizədlik, həm də doktorluq dissertasiyaları məhz XX əsrin
əvvəlləri Azərbaycan romantiklərinin
yaradıcılığına həsr olunub.
"XX əsrin
əvvəlləri Azərbaycan romantiklərinin ədəbi-nəzəri
görüşləri" adlanan namizədlik
dissertasiyasında Kamran Əliyevin ən başlıca xidmətlərindən
biri Məhəmməd Hadi, Hüseyn Cavid, Abbas Səhhət və
Abdulla Şaiq kimi sənətkarların arxivlərdə
yatıb qalan müxtəlif yazılarını üzə
çıxarmaq, ədəbiyyat tarixçiliyinin verdiyi
imkanlar daxilində XX əsr Azərbaycan romantizmi ilə
bağlı nəzəri ümumiləşdirmələr
aparmaqdan ibarətdir.
Həyat həqiqətinə sadiqliyi XX əsr Azərbaycan
romantizminin estetikası üçün aparıcı prinsip
sayan Kamran Əliyev paralellər aparmaqla romantizmin bir ədəbi
cərəyan olaraq realizmdən fərqlənən cəhətlərini
üzə çıxarmağa əsaslı zəmin
yaradır. Bu iki ədəbi cərəyan
arasında ən başlıca fərqi Kamran Əliyev
ideallaşdırmanın nə dərəcədə ön
plana çıxarılıb-çıxarılmamasında
görür. Realistlər realı ön
plana çıxardıqları halda, romantiklər idealı
ön plana çıxarırlar. Həqiqəti
olduğu kimi əks etdirmək və həqiqəti ideallaşdırmaq
prinsipləri arasında müqayisə aparmaq Kamran Əliyevə
realist sənətlə romantik sənət arasındakı
üslub fərqini görməyə yaxından kömək
edir. XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri
görüşlərini vahid bir monoqrafiyanın predmetinə
çevirmək və bu görüşləri sistemli şəkildə
araşdırmaq isə Məhəmməd Hadi, Hüseyn Cavid,
Abbas Səhhət, Abdulla Şaiq, Abdullabəy Divanbəyoğlu
kimi sənətkarların yaradıcılığını
poetika baxımından tədqiqata cəlb etmək
üçün əsaslı zəmin yaradır. Kamran Əliyevin doktorluq dissertasiyası məhz həmin
zəmin üzərində ortaya çıxır və
dissertasiya Məmmədcəfər Cəfərov, Arif
Hacıyev kimi ədəbiyyatşünaslar - romantizm sahəsində
sanballı əsərləri olan alimlər tərəfindən
yüksək qiymətləndirilir.
"XX əsr
Azərbaycan romantizminin obrazlar sistemi" adlanan, sonralar
seçilmiş əsərlərinin 10 cildliyinə
"Romantizmin poetikası" adı ilə daxil edilən
doktorluq dissertasiyasında Kamran Əliyev Məhəmməd
Hadi, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq və
Abdullabəy Divanbəyoğlu kimi sənətkarların
yaradıcılığını dünya romantizminin
estetikası zəminində araşdırır. Bununla yanaşı, onu da qeyd etmək vacibdir ki,
romantizmə dair araşdırmalarda Kamran Əliyevin ən
başlıca istinad nöqtəsi bədii mətnin
özü olur. Yəni Kamran Əliyev nəzəri
fikirlərdən bədii mətnə yox, bədii mətndən
nəzəri fikrə doğru irəliləməyi daha məqbul
yol hesab edir və romantik sənətlə bağlı tədqiqatını
daha çox bu istiqamətdə qurur. Romantik
nəsr, şeir və dramaturgiya nümunələrinin mətnində
Kamran Əliyev obrazlar sistemini üzə çıxarmağa
çalışır. Qeyd olunan sistemin üzə
çıxarılmasında romantik qəhrəmanın hərəkəti,
zaman və məkan kimi problemlərin, həmçinin təbiət
obrazları və mifoloji obrazların, Şərq və Qərb,
Yaxın və Uzaq, Həyat və Ölüm kimi poetik
qarşıdurmaların ətraflı araşdırmaya cəlb
edilməsi mühüm əhəmiyyət daşıyır. Məlum olur ki, romantik sənətdə təsadüfi
heç nə yoxdur. Ən kiçik
detaldan ən geniş təsvirəcən hər şey poetik
sistemə - mərkəzində romantik qəhrəman dayanan
poetik sistemə xidmət edir. Otaq, zindan, çəmənlik,
bağ-bağça, yol və s. kimi məkan təsvirləri;
ay, ulduz, bulud və s. kimi təbiət obrazları; İblis, Mələk
və s. kimi mifoloji obrazlar romantik qəhrəmanın hiss-həyəcan
və düşüncələrini, onun ziddiyyətli və
mürəkkəb daxili aləmini ifadə etməyin vasitəsinə
çevrilir. Deməli, romantik nəsr, şeir və
dramaturgiya nümunələrini poetik sistem baxımından incələməklə
Kamran Əliyev romantik qəhrəmanların (dolayısı ilə
romantik sənətkarların) yaşantılarının,
onların dilə gətirdikləri mətləblərin incələnməsinə
nail olur.
Romantiklərin Qərbə hüsn-rəğbəti,
söz yox ki, Şərqi inkar etmək motivləri
üstündə köklənir. Kamran Əliyevin
sözləri ilə desək, "XX əsr Azərbaycan
romantikləri "Ta uzaqda bir təsəlli var" (H.Cavid) mənasında
Uzağa can atmaqla Yaxına öz etirazlarını bildirirlər". Bu məsələdə
(Şərqi, müsəlman aləmini tənqid etməkdə)
romantiklər heç də realistlərdən geri
qalmırlar. Sabir "Harda müsəlman
görürəm qorxuram" deyirsə, Hadi "Ar eyləyirəm
söyləməyə kəndimə insan, İnsan sifətində
görünür, çünki müsəlman" deyir.
Sabir "Quş kimi göydə uçar yerdəkilər,
Bizi kömdü yerə minbərdəkilər" deyirsə,
Hadi "Mülki-islama bax, qaranlıqdır, qərbə bax
gör ki, hökmranlıqdır" deyir, "Mən ölmədən
əvvəl vətənim oldu məzarım" qənaətinə
gəlir.
Kamran Əliyev romantiklərin Yaxını tənqid edib,
Uzağı ideallaşdırması xəttini izləməklə
kifayətlənmir. Kamran Əliyev Uzağa bəslənən
ümidlərin boşa çıxması və Qərbin tənqid
hədəfinə çevrilməsi məqamlarını da
ciddi araşdırmaya cəlb edir.
Birinci Dünya müharibəsi Şeyx Sənanın
üz döndərdiyi şeyxlər mühitinin yox, Qərbin
törətdiyi bir müharibə idi. Qərbin
dünyanı odlara yaxdığını, qan içində
boğduğunu, bəşər övladının Qərb
siyasəti adlı mistik bir şərin əlində əsir-yesir
olduğunu görən Hüseyn Cavid dünya ədəbiyyatının
ən qəmli pyeslərindən olan "İblis"i
yazdı. Və "İblis" də
"Şeyx Sənan" kimi qızğın mübahisələrə
səbəb oldu, əsərin baş qəhrəmanını
(İblisi) başa düşmək xeyli çətinlik
törətdi. Bunu nəzərə alan Kamran Əliyev
"Şeyx Sənan" kimi "İblis"ə də
xüsusi diqqət yetirməli olur və başqa ədəbiyyatşünaslarımızdan
fərqli olaraq, romantiklərin ədəbi-nəzəri
görüşlərini romantizmə aid əsərlərin
doğru-düzgün təhlilində mühüm mənbələrdən
biri kimi götürür. "İblis" əsərinin
təhlilində Abdulla Şaiqin mülahizələrinə əsaslanan
Kamran Əliyev həmin əsərdəki İblis
obrazını "insanları vəhşətlərə
sürükləyən və... maddi ehtirasata qida verən Qərb
siyasətinin simvolu" kimi qiymətləndirir.
Hüseyn Cavidin "İblis", həmçinin
"Uçurum" pyesləri əsasında Kamran Əliyev romantiklərin Qərbə
qarşı hiddətinin kor-koranə bir münasibət yox, dərin
götür-qoydan keçən əsaslı bir münasibət
olduğunu diqqətə çatdırır.
Kamran Əliyevin romantizmlə bağlı tədqiqatları
heç də namizədlik və doktorluq dissertasiyaları ilə
məhdudlaşmır. O, filologiya elmləri doktoru alimlik dərəcəsi
aldığı 1990-cı ildən sonrakı dövrdə
ayrı-ayrı romantiklərin
yaradıcılığından bəhs edən müxtəlif
məqalələr yazır, XX əsr Azərbaycan romantiklərindən
biri olan Hüseyn Cavidə ayrıca monoqrafiya həsr edir.
"Hüseyn Cavid" monoqrafiyasında üç əsas
istiqamət özünü göstərir: 1.sənətkarın
ədəbi-nəzəri görüşləri; 2.sənətkarın
bədii əsərlərindəki poetik sistem; 3.sənətkarın
şəxsiyyəti. Kamran Əliyev bioqrafik
faktlarla bədii yaradıcılıq faktlarını üzvi
şəkildə əlaqələndirərək monoqrafiyada
Hüseyn Cavidin özünəməxsus ədəbi portretini
yarada bilir. Kamran Əliyev məkan və
zaman genişliyini Cavid dramaturgiyasının səciyyəvi
xüsusiyyətləri sırasında xatırladarkən
şəxsiyyət faktorundan çıxış edir. Məsələ
burasındadır ki, Cavid dramaturgiyasında məkanın
Qafqaz, Türküstan, Yaxın və Orta Şərq, Avropa
kimi ucsuz-bucaqsız əraziləri əhatə etməsi,
zamanın isə Səlcuqlar dövründən XX əsrin əvvəllərinə
qədərki bir miqyası ehtiva etməsi müəllifin qələmə
aldığı qəhrəmanların yerə-göyə
sığmamaq təbiətindən irəli gəlir. Peyğəmbər,
Əmir Teymur, Knyaz, Səyavuş, Xəyyam kimi obrazları məhz
qanlı-qadalı sovet dövründə
yaratdığını, bununla sovet ideologiyasından uzaq bir
mövqedə dayandığını düşündükcə
Cavidin nə qədər böyük bir şəxsiyyət, əyilməz
bir sənətkar olmasının fərqinə varmalı
olursan. Bu cəhətə xüsusi fikir verdiyinə görədir
ki, Kamran Əliyev "Hüseyn Cavid" monoqrafiyasında bədii
yaradıcılıq və yazıçı şəxsiyyəti
probleminin uğurlu elmi həllinə nail ola
bilir.
Şəxsiyyət məsələsi "Hüseyn
Cavid" monoqrafiyası ilə yanaşı, Kamran Əliyevin
neçə-neçə digər elmi əsərində də
toxunulan başlıca məsələlər
sırasındadır. Təsadüfi deyil ki, Kamran Əliyev "şəxsiyyət"
sözünü bir çox məqalələrinin
başlığına çıxarır: "Sənətkarın
şəxsiyyəti" (Üzeyir Hacıbəyov
haqqında), "Şəxsiyyət və ideal vəhdətinin
yeni mahiyyəti" (çağdaş nəsrin qəhrəmanları
haqqında), "Şəxsiyyət və
yaradıcılıq" (XX əsr Azərbaycan
yazıçıları haqqında), "Ədəbi şəxsiyyət
statusu" (Abdulla Sur haqqında), "Passionar şəxsiyyət"
(İsa Həbibbəyli haqqında). Kamran
Əliyev bir çox hallarda "şəxsiyyət"
sözünü elmi əsərin başlığına
çıxarmasa da, əsərlə tanışlıq
göstərir ki, müəllif orada da şəxsiyyət məsələsini
diqqət mərkəzində saxlayır. Abbas
Zamanov haqqında monoqrafiya belə əsərlərdəndir.
Ədəbiyyat tarixini ayrı-ayrı şəxsiyyətlər
timsalında araşdıran Kamran Əliyevin ən çox
müraciət etdiyi dövr XIX-XX əsrlərdir. XX əsrin əvvəlləri
Azərbaycan romantizmi ilə bağlı tədqiqatlarında
yeri gəldikcə romantizm və realizm əlaqələrinə
toxunması Kamran Əliyevi Azərbaycan realizminin Mirzə Fətəli
Axundov mərhələsi haqda söz deməyə sövq
edir. Nəticədə Kamran Əliyev Mirzə
Fətəli Axundovun bədii yaradıcılığına və
ictimai-siyasi fəaliyyətinə bir neçə məqalə
həsr edir. XIX əsrin sonu, XX əsrin əvvəllərində
Mirzə Fətəli realizmini yeni inkişaf səviyyəsinə
qaldıran Cəlil Məmmədquluzadə və Mirzə
Ələkbər Sabirdən isə Kamran Əliyev romantiklərdən
bəhs etdiyi bir şəkildə - poetik sistem kontekstində
söhbət açır.
Poetik sistemlər arasındakı
qarşılıqlı əlaqələrin tapılması
Cümhuriyyət və Cümhuriyyətdən sonrakı
dövr ədəbiyyatının öyrənilməsində
də Kamran Əliyev üçün vacib estetik meyarlar
sırasına daxildir. Məsələyə bu baxımdan
yanaşdıqda Kamran Əliyevin Cəfər Cabbarlı və
Səməd Vurğuna həsr etdiyi məqalələri
xatırlatmaq lazım gəlir. Həmin məqalələrində
Kamran Əliyev, hər şeydən əvvəl, romantik
üslub məsələsini ön plana çıxarır və
üslub amili əsasında Cəfər Cabbarlı və Səməd
Vurğunu XX əsrin əvvəlləri Azərbaycan romantizminə,
xüsusən də bu romantizmin görkəmli nümayəndələrindən
biri olan Hüseyn Cavid sənətinə bağlayan bəzi məqamlar
üzərində dayanır. Belə məqamlardan
ən başlıcası qeyri-adiliyi ilə seçilən qəhrəmanlara
müraciət edilməsidir. Cəfər
Cabbarlının Aydın, Oqtay Eloğlu və Elxan kimi qəhrəmanlarında
Kamran Əliyev Hüseyn Cavid qəhrəmanları ilə səsləşən
cəhətlər görür. Əlbəttə,
Kamran Əliyev "cümlə xəyanətlərə
bais" olan İblislə azadlıq uğrunda dönmədən
mübarizə aparan və bu yolda ölümdən belə
çəkinməyən Elxanı heç də eyni
ideyaların daşıyıcısı hesab etmir. İblis və Elxan obrazlarının müqayisəsində
Kamran Əliyevin diqqət yetirdiyi əsas məsələ həmin
obrazların daim hərəkətdə olması və
atdığı addımlarda böyük qətiyyət
nümayiş etdirməsidir. Bu cür qəhrəmanlara
müraciət etmək sənətkarın poetik üslubu ilə
qırılmaz vəhdət yaradır. Üslub
qəhrəmanı, qəhrəman isə üslubu
tamamlamış olur. Hüseyn Cavid
dramaturgiyasında müşahidə etdiyimiz qəhrəman və
romantik üslub vəhdətini sonralar Cəfər Cabbarlı
və Səməd Vurğunun dramlarında müşahidə
edirik. Təsadüfi deyil ki, Kamran
Əliyev Səməd Vurğun haqqındakı oçerkini
Cavid, Cabbarlı və Vurğun dramaturgiyası arasında
müəyyən paralellər aparmaqla başlayır.
H.Cavid ənənələrinin "Vaqif" dramında davam
etdirilməsini Kamran Əliyev bir tərəfdən Vaqif,
Vidadi, Eldar, Qacar kimi "əzəmətli" obrazların
yaradılmasında, digər tərəfdən
də həmin obrazlara uyğun poetik ifadə formasının
seçilməsində görür.
Ədəbiyyatşünaslığımızın və
ədəbi tənqidimizin keçib gəldiyi yola nəzər
salmaq, bu yolda qarşıya çıxan çətinlikləri
və qazanılan uğurları diqqət mərkəzinə
çəkmək Kamran Əliyevin elmi
yaradıcılığında əsas xətlərdən
biridir. Mirzə
Fətəli Axundovdan çağdaş yazıçılarımıza
qədərki bir dövrdə bədii ədəbiyyatımızın
hansı inkişaf mərhələlərindən
keçdiyini irili-xırdalı bir çox elmi əsərlərin
mövzusuna çevirən Kamran Əliyev bir neçə
monoqrafiyasında və bir sıra məqalələrində ədəbiyyatşünaslıq
və ədəbi tənqidimizin Firidun bəy Köçərlidən
başlayıb gələn tarixini, inkişaf meyillərini və
problemlərini başlıca araşdırma predmeti kimi
götürür. Müxtəlif illərdə Kamran
Əliyevin qələmindən çıxan "Mustafa
Quliyevin ədəbi-tənqidi görüşləri",
"Abbas Zamanov olmasaydı" kimi monoqrafiyalar, "Firidun bəy
Köçərlinin Azərbaycan ədəbiyyatı tarixində
mövqeyi", "Seyid Hüseyn - görkəmli tənqidçi
və yazıçı", "Əli Nazimin tənqidçilik
sənəti", "Feyzulla Qasımzadənin Azərbaycan ədəbiyyatşünaslığının
inkişafındakı rolu", "Akademik Məmməd Cəfər
- yeni təfəkkür hadisəsi", "Mir Cəlal
Paşayev - tənqidçi və nəzəriyyəçi
alim", "Ədəbi-elmi düşüncənin İsa
Həbibbəyli modeli" kimi məqalələr ədəbiyyatşünaslıq
və ədəbi tənqidimizin real elmi mənzərəsini
ayrı-ayrı ədəbiyyatşünasların
yaradıcılığı timsalında əks etdirən
monoqrafiya və məqalələrdir.
Bədii əsərlərin təhlilində poetika məsələlərini
ön plana çıxaran Kamran Əliyev ədəbiyyatşünaslıq
və ədəbi tənqiddən bəhs edəndə də
bir çox hallarda bu dəst-xəttə sadiq qalır. "Ədəbi tənqiddə
bədiilik", "Firidun bəy Köçərli tənqidinin
sənətkarlıq məsələləri" kimi məqalələr
yazması, "Tənqidin poetikası" adlı ayrıca
kitab çap etdirməsi tənqid və ədəbiyyatşünaslıq
nümunələrində ifadə tərzinin Kamran Əliyevi
nə qədər düşündürdüyünü
göstərən səciyyəvi faktlardır. Xatırlatdığımız
kitabda Kamran Əliyev yerinə düşən, məzmunla
qırılmaz əlaqədə olan və məzmunun
açılmasında mühüm rol oynayan bədiiliyi ədəbi
tənqid üçün bir məziyyət sayır. Kamran Əliyev "tənqiddə bədiilik"
dedikdə heç də yalnız yeri gəldikcə tənqidçinin
məcazi mənalı söz, ifadə və cümlələr
işlətməsini, fikri obrazlı şəkildə bildirməsini
nəzərdə tutmur. Kamran Əliyev "tənqiddə
bədiilik" adı altında həm də bədii əsərlərdən
gəlmə paralelizm, dialoq, haşiyə və s. kimi elementlərdən
istifadə imkanlarını nəzərdə tutur.
Ədəbiyyatşünaslıq və ədəbi tənqid nümunələrində bədiiliyi tədqiq və təqdir edən Kamran Əliyev elmi əsərlərində bədiilik imkanlarından yeri gəldikcə özü də yararlanır. Məqalə və monoqrafiyalarında Kamran Əliyev fikri necə gəldi, o şəkildə ifadə etmək yolu tutmur və müəyyən qədər bədii yaradıcılıqdan gələn forma axtarışlarına xüsusi önəm verir. Yeri gəlmişkən xatırladaq ki, Kamran Əliyev elmi yaradıcılıqla paralel ara-sıra publisistika və bədii yaradıcılıqla da məşğul olub. Onun "Sədərək döyüşləri" adlı publisistik əsəri, bir sıra şeirləri, "Yarımçıq notlar" adlı lirik poeması, hekayələri, "Yalquzaq", "Qara köpək", "Zəli", "Vağzal" adlı povestləri və ömrünün son vaxtları yazıb çap etdirdiyi "Qırmızı xətt" adlı romanı vardır. Həmin əsərlər ədəbiyyatşünas Kamran Əliyevi daha yaxından tanımağa kömək edir, onda elmi təfəkkürlə bədii təxəyyülün vəhdət yaratmasından xəbər verir.
Kamran Əliyevin elmi yaradıcılığında əsas istiqamətlərdən biri də folklorşünaslıq istiqamətidir. Təsadüfi deyil ki, onun "Poetika" adlanan, daha doğrusu, adında "poetika" termini işlənən kitablarından biri məhz folklora həsr olunub: "Eposun poetikası: "Dədə Qorqud" və "Koroğlu". Bu kitaba qədər Kamran Əliyevin folklora dair tədqiqatları, əsasən, folklor və yazılı ədəbiyyat məsələlərini əhatə edib. "Romantizm və folklor" adlı ayrıca kitab çap etdirən Kamran Əliyev yazılı ədəbiyyat nümunələrinin xalq ədəbiyyatından gələn motivlərini, romantik qəhrəmanın nağıl və dastan qəhrəmanları ilə səsləşən cəhətlərini xüsusi araşdırma predmetinə çevirib. Bu araşdırması ilə Kamran Əliyev Azərbaycan romantizmşünaslığında fərqli bir istiqamətin başlanğıcını qoyub.
"Romantizm və folklor" monoqrafiyasından fərqli olaraq, "Eposun poetikası..." kitabında Kamran Əliyev yazılı ədəbiyyat və şifahi ədəbiyyat əlaqələrindən yox, bilavasitə folklordan, folklorun aktual problemlərindən bəhs edir. Öz araşdırma üsuluna (faktik materialdan nəzəri ümumiləşdirmələrə getmək üsuluna) bu monoqrafiyada da sadiq qalan Kamran Əliyev özünəməxsus "etnopoetika" terminini təklif edir, "Dədə Qorqud" boyları və "Koroğlu" qollarını "etnos və epos" müstəvisində təhlil süzgəcindən keçirib, folklorşünaslar üçün maraqlı olan, yeni araşdırmalara rəvac verən fikirlər irəli sürür.
Yekun olaraq deyə bilərik ki,
istər "Açıq kitab - "Dədə Qorqud" və
"Koroğlu" eposunun poetikası" monoqrafiyalarında,
istərsə də şifahi xalq ədəbiyyatının
aktual məsələlərinə həsr olunmuş məqalələrində
Kamran Əliyev özünü bir folklorşünas kimi təsdiq
edib. Klassik ədəbi irs, romantizm, realizm ədəbi
cərəyanları və çağdaş ədəbi
proses haqqındakı qiymətli əsərləri ilə ədəbiyyat
tarixçiliyi və ədəbi tənqid sahəsində
görkəmli mütəxəssis kimi tanınan Kamran
Əliyev son illərdəki elmi fəaliyyəti ilə həm
də bir folklorşünas nüfuzu qazanıb.
Muxtar
KAZIMOĞLU
525-ci qəzet.- 2021.- 22 dekabr.- S.16.;17.