"Dədə
Qorqud"
"Bir
rəsmin dedikləri"
"Bir rəsmin
dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas
Vəfa Şəmilovadır. Vəfa xanımla
rəssam Asif Azərellinin "Dədə
Qorqud" əsəri
haqqında danışmışıq.
- Vəfa xanım, əsərin təhlilinə
keçməzdən öncə
rəssam haqqında qısa məlumat verə bilərsinizmi?
- Azərbaycan təsviri incəsənətinə böyük
töhfələr verən
sənətkarlarımızdan biri də Asif
Azərellidir. Məşhur
rəssam öncə Əzim Əzimzadə adına Azərbaycan
Dövlət Rəssamlıq
Məktəbini bitirib.
Çox
keçmədən 1976-cı ildə SSRİ-nin Rəssamlar İttifaqının
mükafatına layiq görülüb. İstedadı və zirəkliyi ilə seçilən rəssam 1980-ci ildə həm Tbilisi Rəssamlıq
Akademiyasını bitirib,
həm də SSRİ Rəssamlar İttifaqına
qəbul edilib.
O, Tbilisidə olarkən
Gürcüstanın tanınmış
rəssamları - Kornelli
Sanatze və Uçeçaparidzedən sənətin
incəliklərini öyrənib.
Rəssamımızın əsərləri Fransa, Almaniya, İran, Ukrayna, Rusiya, Türkiyə və Özbəkistanda keçirilən sərgilərdə
nümayiş olunub.
- Əsərin yaranma
tarixçəsi haqqında
nə deyə bilərsiniz?
- Ümumiyyətlə, Dədə
Qorqud obrazı təsviri incəsənətdə
dəfələrlə işlənən
mövzulardan biri sayılır. İstər rəssamlar, istər
memarlar və karikaturçular tərəfindən
çox sayda işlənmiş mövzulardandır.
2000-ci ildə "Kitabi-Dədə
Qorqud"un 1300 illiyinə həsr olunmuş müsabiqədə
Azərellinin yaratdığı
əsər də iştirak edib.
- Əsər indi
harada saxlanılır?
- Əsər hazırda
Azərbaycan Milli İncəsənət Muzeyində
17 mindən çox eksponatın arasında saxlanılır.
- Azərbaycan rəssamlığında
Dədə Qorqud mövzusunda dəfələrlə
müraciət olunub. Bu təsvirin digərlərindən
fərqi nədir?
- Fikrimcə, bu əsərin digər əsərlərdən ən
böyük fərqi Azərellinin arxa fonda verdiyi
solğun rənglərlə
Dədənin üz ifadəsini eyniləşdirməsidir.
Əlvan
və zəngin palitrası olan rəssam bu əsərində rənglərin
vəhdəti ilə əsərə baxımlılıq
gətirib. Bəzən adama
elə gəlir ki, onun tablosundakı
rənglər dil açıb danışır.
Bu mənada o, rəngləri dilləndirən
rəssamdır desək,
yanlış olmaz.
Rəssam tabloda Qorqudu
təbiət qoynunda təsvir edib. O, daşların üstündə
oturaraq uzaqları seyr edir. Rəssam burada
bizə öz duyumunu çatdırır.
Buludların rəngi, Dədənin
təbiətlə vəhdəti,
o cümlədən, onun
üz cizgilərinin rənglərlə qarışıqlığı
tək sözlə mükəmməldir. Bəzi obrazlardan
fərqli olaraq Dədə burada qayğılı və kədərli təsvir olunub. Dədənin üzü işıqlı,
səmimi halda bizə çatdırılır.
Arxa fonda
olan narıncı, sarı buludlar obrazın ümumi halını təşkil
edir. Dədənin kədərli əhvalı
sanki təbiətdə,
göy üzündə
solğun rənglərlə
əks olunub.
- Əsərin rəng
kaloriti haqqında nə deyə bilərsiniz?
- Qeyd etdiyimiz kimi, rəssam çox məharətlə
Dədənin əhvalını
təbiətdəki rənglərlə
ahəngləşdirib. Əsas
rənglərdən biri
olan ağ
rəng bu əsərdə Dədənin
geyimindədir. Bu rəng Dədənin əynində olaraq sanki onun müqəddəsliyini,
müdrikliyini bizə
çatdırmağa çalışır.
Əsərin rəng kaloritini
mükəmməl saya
bilərik, çünki
burada heç bir təzad və ya solğun,
canlı rənglərin
qarışmasını görmürük.
Dədənin əhvalı
necə kədərlidirsə,
elə arxa fon da, bütün rənglər
də solğun, qəmli təsvir olunub. Diqqətlə baxsaq, obrazın
qara arxalığını
da görərik.
Bu da sanki
qeyblərdən, həmin
kədərlərdən xəbər
verir. Buradakı təsvirlər, ahənglər,
hər bir rəngin mənası tamaşaçını öz
bədii təsirində
uzun müddət saxlaya bilir. İki əliylə qopuzdan yapışmış Dədənin
məğrur düşüncələri,
uzaqları seyr etməsi əsərin ümumi təşkili ilə vəhdətləşir.
Azərelli tərəfindən
çəkilmiş Dədə
obrazı dastanlardakı
ağ geyimli,
qeybdən soraq verən, bir az da möcüzələr
yaradan övliyalara, müdriklərə bənzəyir.
- Əsərin kompozisiyası
necədir?
- Əsərdə arxa fonda təsvir
olunan yüksək dağ, Dədənin üzərində əyləşdiyi
qayalar, əlindəki
qopuz əsərin kompozisiyasının dəqiq
olduğunu göstərir.
Mahir rəssam Dədəni elə bir mövqedə
çəkib ki, arxa fondakı rənglər hamısı
aydın görünə
bilir. Əsərdə tək, əsas
obraz var və rəssam bunu bədii şəkildə ifadə
edə bilib. Dədənin əlindəki müdrikliyi
ifadə edən qopuzu və arxadakı müqəddəs
dağı eyni anda görə bilirik. Azərellinin kompozisiya ustalığı
burada rənglərin,
hadisələrin ayrı-ayrı
dağınıq ünsürlərini
vahid bir halda birləşdirə bilməsidir. O, hər
bir incə detalı elə işləyib ki, əsərdə naməlum
ünsürlər olsa
da, rəsm gerçəkliyini, bir-biri
ilə üzvi surətdə bağlılığını
itirməyib. Rəssam kompozisiya qanunlarına
uyğun olaraq baş obrazı ictimai-tarixi şəraitdən
kənarda deyil, əksinə, həmin şəraitlə əlaqədə
göstərib. Yəni Dədəni
Oğuzların yaşadığı
gözəl təbiətdə
əks edib.
- Bu rəsm bizə nə deyir?
- Qorqud türk xalqlarının, xüsusilə,
oğuz tayfalarının
bədii təfəkküründən
doğan folklor incisidir. Bu mövzunu
işləyən hər
bir sənətkar Dədə obrazını
özünə uyğun,
öz duyumu ilə işləyib.
Dədə Qorqud oğuzların
başbiləni, ağsaqqalı
olub. Hər bir əsərdə
bizə bunu çatdıra bilən sənətkarlarımız çox
gözəl işlər
ərsəyə gətiriblər.
Bəzi əsərlərdə sevincli,
kədərli, bəzən
təbiətdə, bəzən
qayalıqlarda, bəzən
el mərasimlərində təsvir
olunan Dədə Qorqud Azərbaycan təsviri incəsənətinin
ən qədim və milli şah
əsərinin baş
obrazıdır. Azərellinin yaratdığı obraz, oradakı rənglərin ahəngi izləyicini özünə çəkə
bilir. Və rəssam burada
izləyiciyə oğuzların
yaşadığı təbiəti,
Dədənin qopuza bağlılığını, onun arxasındakı nəhəng dağın möhtəşəmliyini çatdırmağa
çalışıb.
Aytac SAHƏD
525-ci qəzet.- 2021.- 22 dekabr.- S.15.