Nizami Gəncəviyə Nəriman Həsənzadə
baxışı
Azərbaycan ədəbiyyatı tarixində dahi Nizami Gəncəvi
və onun mühitini ən uğurlu şəkildə
canlandıran əsərlərdən biri Xalq şairi, görkəmli
dramaturq Nəriman Həsənzadənin "Atabəylər"
pyesidir. Bu əsər
dövlətçilik ideyasının
daşıyıcısı kimi və milli mənafelərin əks etdirilməsi
baxımından zamanı qabaqlamış bir
yaradıcılıq nümunəsidir. Əsərdəki
Salnaməçi tərəfindən Nizami yeddinci personaj olaraq
belə təqdim edilir: "Azərbaycanın böyük
şairi Nizamidir. "Xosrov və Şirin"
poemasını Cahan Pəhləvana həsr etmişdir".
Nizami Gəncəvi və Əcəminin səhnəyə
gəlişi, İnanc xatunla qarşılaşmaları əsərin
ekspozisiyasını təşkil edir. Azərbaycan ədəbi-bədii
fikrində ilk dəfə olaraq XII əsrin iki müxtəlif
qüdrətli sənətkarının - Nizami Gəncəvi
ilə memar Əcəminin Naxçıvanda görüşməsi
epizodu "Atabəylər" dramında verilmişdi ki, bu da
tarixi həqiqət kimi sonrakı elmi araşdırmalarda da
öz təsdiqini tapdı. Lakin dramaturq təxəyyülünün
gücü
Nizamini Naxçıvana gətirməklə həm
də sanki elmi tədqiqatların sonradan təsdiq etdiyi bu məlumatı
öncədəngörmə ilə xəbər vermişdir.
Akademik İsa Həbibbəyli bu barədə yazır:
"Görkəmli şərqşünas professor Rüstəm
Əliyevin Nizami Gəncəvinin Naxçıvana səfəri
haqqındakı elmi açıqlamaları bədii təxəyyüldə
ehtimal olunan görüşün tarixi gerçəklik
olduğunu yəqinləşdirdi. Bu fakt Nəriman
Həsənzadənin tarixə bədii yanaşmasının
elmi məntiqə əsaslandığını nümayiş
etdirir". (İsa Həbibbəyli)
Nizami Gəncəvi obrazı dramın birinci pərdəsinin
birinci şəklində, üçüncü pərdənin
üçüncü şəklində səhnəyə
çıxır. Səhnəyə birinci
çıxışı Naxçıvanda Mömünə
xatun türbəsinin açılışı mərasiminə
dəvət alması və ziyarətə gəlməsi ilə
bağlıdırsa, ikinci çıxışı
Qızıl Arslanın Gəncəyə gəlişi
zamanı Nizami ilə görüşməsinin təsviri ilə
əlaqədardır.
Şairin memar Əcəmi ilə
qarşılaşdığı zaman verilən dialoqlar
şeir-sənət, tikili abidələrin tarixin
yaddaşında silinməz iz kimi qalacağı
haqqındadır. Nizami Gəncəvi Əcəmi sənətkarlığının
ecazkarlığından bəhs edirsə, Əcəmi də
Nizami Gəncəvi yaradıcılığına məftunluğunu
ifadə edir. Memar Əcəmi Nizami Gəncəvi
yaradıcılığından ilham alaraq bu abidəni ərsəyə
gətirdiyini vurğulayır.
Türbənin
divarına da Nizaminin beyti yazılmışdır:
Biz
gedirik, ancaq qalır ruzigar,
Biz ölürük, əsər qalır yadigar.
Əsərin qısa ekspozisiyasında Nizaminin
yaşadığı məkan, yazıb-yaratdığı ədəbi
mühit də öz əksini tapıb. Nizaminin
adı Gəncəni məhşurlaşdırdığı
kimi, Gəncənin də Nizamini məhşurlaşdırdığı
burada ifadə edilib.
Dramın birinci pərdəsində Salnaməçi
Cahan Pəhləvanın ölümü haqqında məlumat
verir. Hökmdarın ölümündən xəbərsiz
olan Nizami Gəncəvi ilə memar Əcəmi isə türkəçarələrin
köməyi ilə onun sağala biləcəyinə ümid
edərək öz yardımlarını təklif edirlər.
Nizami Gəncəvi xalq təbabətinin qüdrətinə
arxalanaraq deyir:
Məlikə,
Arandan, Gəncəbasardan,
Çiçək göndəriblər - min dava-dərman.
Deyiblər,
çatdırın şah sarayına,
El ağzı duadır, inanın ona.
Bu
güldən dəmləyib, içsə deyirlər,
Böyük hökmdara tez şəfa verər.
Əcəmi
də Naxçıvanın daşduzunun faydasından bəhs
edərək deyir ki, bu duzun suyunda yuyunan ağrısız
yüz il ömür sürər. Birinci kənizin də gətirdiyi xəbər
xalqın hökmdara göstərmək istədiyi kömək
haqqındadır. Xalq içindən əli
şəfalı qarı hökmdarın sarayına göndərilir
ki, öz duası, ovsunu ilə kömək edə bilsin.
Göründüyü kimi, dramda XII əsrdə
Azərbaycan təbabətinin tarixi səhifələri vərəqlənir.
Cahan Pəhləvan tədbirli bir hökmdar kimi
özündən sonra Azərbaycanın taleyini
düşünərək ölkədə
qarışıqlıq düşməsin deyə,
Qızıl Arslanın hakimiyyətə gəlməsini vəsiyyət
edir. Salnaməçi,
Cahan Pəhləvanın hökmdarlıq keyfiyyətlərini
nəzərə çatdıraraq ölkədə baş
vermiş itkinin mahiyyətini anladır: "O, böyük
hövsələ sahibi, xoşxasiyyət, ədalətli,
müdrik bir hakim idi. Onun hakimiyyəti
vaxtında tabeliyində olan ölkələr sülh şəraitində,
təbəələri ilə əmin-amanlıqda
yaşayırdılar".
Nəriman
Həsənzadənin Cahan Pəhləvanın ədalətli
hökmdar kimi qiymətləndirməsinin əsası tarixi
faktlara söykənir: "Hələ öz
sağlığında Məhəmməd Cahan Pəhləvan
sultanlığı oğlanları arasında
bölüşdürərək, onlara əmiləri
Qızıl Arslana tabe olmağı, nominal hakim Toğrula və
dini rəhbər olan xəlifəyə sədaqətlə
qulluq etməyi tapşırmışdı".
Cahan Pəhləvanın
şəninin tərifi Nizami Gəncəvinin sözləri ilə
tamamlanır:
Yeddi
göy altında ey dünya şahı!
Beşinci ölkənin sənsən pənahı.
Əmrində
bu qədər ölkə, şəhər var,
Qapında
sütundu saraylı şahlar...
Burada
Nizaminin ömür və ölüm haqqında sufi görüşləri öz ifadəsini
tapır. "Atabəylər" dramı məhz
bu cəhəti ilə diqqətəlayiqdir ki, Nizami Gəncəvinin
təriqət əhli kimi özəllikləri yeri gəldikcə
nəzərə çarpdırılır.
Üçüncü pərdənin üçüncü
şəklində isə Nizami Gəncəvinin tərkidünyalığı
öz əksini tapmışdır:
Nə qan
qaraldıram, qibleyi aləm,
Nə qanım qaralır...guşənişinəm.
Nəriman Həsənzadənin "Atabəylər"
pyesində dövrün görkəmli şəxsiyyətlərinin
fəlsəfi fikirlərinin geniş yer aldığı
haqqında İsa Həbibbəyli də bəhs edərək
yazır ki, Nəriman Həsənzadə Atabəylər
dövlətinin qüdrətini həm də sənətkar
Əcəmi dühasının vüsəti ilə təqdim
edir. "Atabəylər" dramında tarixilik
Qızıl Arslanla yanaşı, Əcəmi ilə
bağlı hadisələrlə də
canlandırılır. Böyük
memarın Atabəy hökmdarı Şəmsəddin Eldənizin
xanımı Mömünə xatunun şərəfinə
ucaltdığı möhtəşəm məqbərə
dövrün əhəmiyyətli mədəniyyət hadisəsi
səviyyəsində təqdim olunur. Bununla belə,
türk-müsəlman dünyasında qadına
ucaldılmış bu birinci nəhəng abidənin müəllifi
Əcəmi Naxçıvani əsərdə həm də
mütəfəkkir şəxsiyyət kimi nəzərə
çarpdırılır. Nəriman Həsənzadənin
təqdimatında "şeirdə, sənətdə duyduğu
ovsunu hördüyü daşlarda" ifadə etmək
istedadına malik olan, kaşı naxışlarla
yazdığı kərpic hərfləri "divara
hörülmüş sədaqəti" kimi qəbul edən
Əcəmi milli təfəkkürə malik, geniş
dünyagörüşlü sənət və fikir
bahadırıdır.
Nəriman Həsənzadə Nizami və Əcəmini
"dövrün məşəli" adlandırır. Atabəy
Qızıl Arslanın dilindən "Sən quran əlisən,
o yazan əli" deyərək sənətkarları tarixin
yaradıcıları kimi görür. Qızıl
Arslan şairi millətin taleyində əhəmiyyətli rol
oynayan bir şəxsiyyət kimi dəyərləndirir, onu
millətin dilmancı adlandırır. Nizaminin millətin
tarixi taleyindəki rolunu dramaturq Qızıl Arslanın nitqində
belə müəyyənləşdirir:
Nə
vaxt yetişərsə böyük sənətkar,
Hər xalqın şöhrəti o vaxta düşər.
Nizami Gəncəvi həyatda öz əsərlərində
öz cürətli çıxışları ilə olduğu
kimi, "Atabəylər" pyesində də sarayda
hökmdar qarşısında söz demək səlahiyyətinə
malik bir möhtəşəm obrazdır. Nizami Gəncəvi
obrazının bu xüsusiyyəti İsa Həbibbəylinin
münasibətində də
öz ifadəsini tapmışdır: "Qızıl
Arslan, Nizami, Əcəmi, Cahan Pəhləvanın oğlu
Əbubəkr, Bağban, Ozan Azərbaycan dövlətçiliyinin
bütövlüyünü təmsil edən ümummilli
idealı bütün enerjisi ilə ifadə edirlər".
Dramda Qızıl Arslanın Gəncədə Nizami Gəncəvi
ilə görüşünün təsviri "Xosrov və
Şirin" poemasında verilən məlumatlara əsasən
öz ifadəsini tapır. "Xosrov və Şirin" əsərinin
sonlarına yaxın o, Atabəy Qızıl Arslnla Gəncənin
otuz ağaclığında baş vermiş görüş
səhnəsini və şahın məclisini təsvir edərək
yazırdı:
Müğənni
düzəldib söz pərdəsini,
Hər dəfə qaldırır bir nəğməsini.
Müxtəlif
nəğmələr, müxtəlif pərdə,
Birləşsə, xoş ahəng çıxar bir yerdə.
Dəstə-dəstə
durmuş türfə gözəllər,
Dillərdə Nizami yazan qəzəllər.
Dramda Qızıl Arslanın Nizaminin
görüşünə xüsusi
hazırlaşdığı təsvir olunur. Hökmdar bunu
"taleyin ən böyük töhfəsi"
adlandırır. Nizami ilə görüşü
üçün sakit, əyləncəsiz bir ortam düzənləyir
və bunu belə qiymətləndirir:
Şairlə bir görüş, ya adi söhbət
Allaha xidmətdi, bəndəyə hörmət.
Qızıl Arslanın şairlə görüşünün təsvirində Həmdünyan kəndinin bağışlanması faktı da Cahan Pəhləvanın hədiyyəsi kimi öz ifadəsini tapıb. Burada hökmdarla şair arasında aparılan dialoqların ən əhəmiyyətli məqamı ana dilinə münasibətin işıqlandırılmasıdır. Nizami Gəncəvinin dilindən dövrün rəsmi dili olaraq fars dilinin vüsət alması, doğma dilimizdə isə "bir yazı" olmaması kimi ağrılarımız ifadə olunur. Qızıl Arslanın nitqində isə bu məsələyə belə münasibət bildirilir:
Şair, inanıram bir gün gələcək,
Azərbaycan dili çiçəklənəcək.
"Atabəylər" pyesində Nizami Gəncəvinin ədəbi siması üç epizodda ətraflı şəkildə öz bədii ifadəsini tapıb. Nizami bir mütəfəkkirdir, təbibdir, siyasi proseslərə müdaxilə edən söz sahibidir, həm də dünya nemətindən könlünü üzüb guşənişinliyə çəkilmiş bir zahiddir. Nizami Gəncəvinin əsərlərindən yeri gəldikcə misallar gətirilməsi surəti dolğunlaşdırır, əsərin məna gücünü artırır. Azərbaycan dilinin milli mədəniyyətimizin inkişafından kənarda qalması narahatlığının Nizami Gəncəvi yaradıcılığında öz ifadəsini tapdığı kimi, dramın da problematikasını zənginləşdirmişdir.
"Atabəylər" pyesində yer alan personajların adları həm də onların xarakterinin təmsilçisidir. Əbuşər "şərin atası" kimi məna ifadə edərək hadisələrin cərəyanındakı rolundan xəbər verir. Gülaçar, Bağban adları Azərbaycanın inkişafı və çiçəklənməsi arzusunun rəmzləri kimi çıxış edir.
Nəriman Həsənzadənin "Atabəylər" pyesi Nizami Gəncəvi obrazının yaradılması ilə ədəbiyyat tariximizdə şairin həyatına həsr olunmuş əsərlər siyahısında öndə dayanan əsərlərdən biri kimi diqqətəlayiqdir.
Əlimuxtar
MUXTAROV
Filologiya
üzrə fəlsəfə doktoru
(AMEA
Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzi)
525-ci qəzet.- 2021.- 22 dekabr.- S.14.