Kitab içində kitab
Professor Qəzənfər
Paşayevin "Qəbələ keçmişdə və
günümüzdə" kitabı çapdan çıxıb
Ümummilli lider Heydər Əliyevin "Qəbələnin
şərəfli keçmişi,
gözəl gələcəyi
vardır" fikri ilə açılır Əməkdar elm xadimi, professor
Qəzənfər Paşayevin
yaxın günlərdə
nəfis tərtibatla nəşr edilmiş
"Qəbələ keçmişdə
və günümüzdə"
( Bakı, "Təhsil", 2021-ci il,
224 səh.) kitabı...
Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəyərləndirməsi
də eyni fikir ucalığıyla önə çıxarılır:
"Biz Azərbaycanın son illərdəki inkişafını
Qəbələ rayonunun
timsalında əyani şəkildə çox
yaxşı görürük..."
Milli Elmlər Akademiyasının
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun qərarı
ilə nəşr edilən əsər Azərbaycanın Milli Qəhrəmanı, şəhid
general-mayor Polad Həşimovun
əziz xatirəsinə
ithaf olunub. Müəllif xüsusi qədirbilənlik
və peşəkarlıqla
Qələbənin tarixi,
etnoqrafiyası, folkloru
işığında zəngin
təəssüratlarını, qənaət, fikir və ideyalarını diqqətə çatdırıb.
Səhifələr boyunca bu qədim diyarın yeni eradan əvvəlki
dövründən zəmanəmizədək
uzun bir zaman kəsiyinə ekskurs edilir, daha qədimlərin - Paleolit, Mezolit, Neolit, Tunc, Dəmir
dövrlərinin səciyyəvi
xüsusiyyətlərindən bəhs olunur. Eyni zamanda bölgənin etnoqrafiya aləmi ümumazərbaycan etnoqrafiyası
kontekstində incələnir,
tarixə yoldaşlıq
edən şifahi xalq ədəbiyyatı hərtərəfli tədqiq
olunur.
Millət
vəkili, professor, Dr. Qənirə
Paşayevanın kitaba
yazdığı əhatəli
ön sözdə tarixçi alim, tanınmış yazıçı
Yunus Oğuza istinadən qeyd etdiyi kimi, "Keçmişdən gələcəyə
nə daşıyırıq?"
sualı bu əsərin "mətn-mündəricə"sinə
uyğun cavab tapır, həllə qovuşur. Qənirə xanım tamamilə
haqlıdır ki, kitabın adında ifadə olunmasa da, əslində, bu dəyərli əsər keçmişdən
və bu günümüzdən daha
artıq dərəcədə
gələcəyə ismarıc
faktı kimi də çox dəyərlidir. Yəni "bu
gün" ötəridir,
"keçmiş"in adı
üzərində - keçmişdir;
"gələcək" isə arzumuz, inamımız, yolumuz dəyərindədir. Əlbəttə,
arzumuz, inamımız,
yolumuz dəyərində
olan gələcək
Qəbələnin etnoqrafiya
dünyasından keçir,
bitib-tükənməyən incilər xəzinəsi folklordan zənginlik qazanır... Günümüzün
Qəbələsini bilmədən,
keçmişdəki olaylara
vaqif olmadan gələcək inşa etmək qeyri-mümkündür..."
Ön söz müəllifi dərin duyğusallıqla
vurğulayır ki, bu dəyərli əsərin əslən Qəbələdən olan,
Azərbaycanın Milli
Qəhrəmanı, şəhid
generalımız Polad
Həşimovun ruhuna ithaf edilməsi də dərin məzmun daşıyır:
"General Polad Həşimov
Tovuzda şəhid olub; əslən Tovuzdan olan professor Qəzənfər Paşayev
Qəbələ haqqında
əsər yazıb. Bu, mənə bir
Azərbaycançılıq simmetriyası, ahəngi və alqoritmi kimi gəldi. Bu, böyük Azərbaycan dünyasının ilməsi,
naxışı, bəzəyi,
süsü kimi təcəlla edir mənim gözümdə..."
Qənirə xanım haqlıdır. Doğrudan da
Azərbaycan dünyasının
mədəniyyət iqliminin
yayıldığı arealların
bilicisi olan ustad elm xadimimizin Qəbələyə əsər
həsr etməsi çox məntiqlidir.
Doğrudan da "monoqrafiyanın
usta müəllifi tarix, etnoqrafiya və folklorşünaslığın
maraqlı palitrasını
yaradıb". Kitabda Ulu öndər Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixə qədim sakinlərinin ruhu hopan, daş
divarları min illərin
tarixinə şahidlik
edən Qəbələ
şəhərinə unudulmaz
səfərləri barədə
əhatəli fikirlər
və bu səfərləri əks
etdirən tarixi fotolar da yer
alıb. Eyni zamanda bu qədim şəhərdə
keçirilən ənənəvi
tədbirlər, irimiqyaslı
Beynəlxalq musiqi, rəsm sərgiləri barədə qürurverici
məlumatlar verilib.
Qədim
diyarın qürurverici
inkişafını yüksək
alim-vətəndaş duyğusu
ilə izləyən
professor Qəzənfər Paşayev
bir vacib məqamı da diqqətdən qaçırmır
ki, Qəbələ hazırkı şəraitdə
həm də siyasi mərkəzə çevrilib: "Dövlət
başçıları bu
şəhərdə beynəlxalq
əhəmiyyətli yığıncaqlar
keçirir, protokollar,
sazişlər imzalayırlar.
Diplomatik
korpusun nümayəndələri
və səfirlərlə
görüşlər keçirilir.
Qonşu
ölkələrin təhsil,
müdafiə, mədəniyyət
nazirləri əlaqələr
barədə məsləhətləşmələr
aparırlar. Türkdilli dövlətlərin
Əməkdaşlıq Şurasının
sammitləri keçirilir"
və s.
Bu deyilənlər qürurverici
faktlar, həyat gerçəklikləridir və
Qəzənfər müəllim
bütün bunlar barədə özünəməxsus
ürək genişliyi,
peşəkar alim səriştəsi ilə
bəhs edir. "Qafqazın incisi" (Heydər Əliyev), "Dünya tarixində özünəməxsus yeri
olan" (İlham Əliyev) Qəbələnin
tarixi, adət-ənənələri,
folkloru, ədəbi-mədəni
həyatı haqqında
sevərək söz açır. Hər fəsil,
bölüm daxilində
kitab içində kitab təqdim edir. Bütün məqamlarda müəllifin
tarixə, inkişaf gəlişmələrinə dərin
bələdçiliyi göz
önündədir.
Müəllif monoqrafiyada yazılı
və şifahi ədəbiyyat nümunələrinə
də geniş yer vermiş, yeri gəldikcə, örnək ola
biləcək ibrətamiz
məsələlərdən uyğun şəkildə
söz açmışdır.
Eyni zamanda qədim Roma tarixçisi Böyük Plininin, eləcə də Ptolomey, Strabon, Pulutarx kimi mötəbər tarixçilərin əsərlərinə,
"Kitabi Dədə
Qorqud" dastanının
şəhadətinə istinadən,
XVIII əsrdə Alban xristian
məliklərinin I Pyotra
və II Yekaterinaya yazdıqları məktublara
göz ataraq bölgənin köklü
sakinləri olan etnosların yaşamından
ətraflı şəkildə
bəhs edilir, Qəbələnin 2500 illik
tarixi tutarlı şəkildə araşdırılır.
Eyni zamanda müəllif şəhərin günümüzdəki
inkişafı üçün
diqqət və qayğısını əsirgəməyən
Qəbələ rayon İcra
Hakimiyyətinin başçısı
Səbuhi Abdullayevin əməyini təqdir etməyi də unutmur.
Bütövlükdə, əsər ölkəmizin
dilbər guşələrindən
biri olan Qəbələnin keçmişinə
və bu gününə dərin sevgilərlə ayna tutur, etibarlı, dəqiq elmi əsaslar zəminində
"Qəbələ ensiklopediyası"
effekti doğurur.
Kitab akademik,
tarix üzrə elmlər doktoru,
professor Nərgiz Axundovanın redaktorluğu, professor,
millət vəkili Qənirə Paşayavanın ön sözü, əslən
Qəbələdən olan professor Abid Tahirlinin rəyi ilə nəşr olunub. Bütövlükdə, Qəbələnin
şərəfli keçmişi və
gözəl gələcəyi haqqında önəmli məlumat
verilib.
Sərvaz
HÜSEYNOĞLU
525-ci qəzet.- 2021.- 22 dekabr.- S.11.