Bir nəfəs qədər yaxın
olanlar...
Azərbaycan
teatrının tarixində tez-tələsik, necə deyərlər,
"iki daşın arasında" hazırlanan tamaşalar
olub, yəqin ki... Amma onlar bəlkə də bu qədər
ciddi, bu qədər təsirli, hər kəsin
düşüncəsinə bu qədər hakim olacaq qədər
doğma, hər kəsi bir müddət təsir altında
saxlayacaq qədər maraq qazanmayıb. Ancaq o gecə...
küçələrdə Qələbə sevincimizin
ildönümünü çoşqu ilə qeyd edən
insanların sevincinə şahid olan
tamaşaçıların
sırasında mən də vardım və ürəyimdən
keçirdi ki, kaş bu cavanların, gözü Zəfər
şəfəqlərindən
yaşaran yaşlıların da bu gecə Azərbaycan
Dövlət Akademik Musiqili Teatrının səhnəsində
yaşanacaq o lirik-psixoloji, çox ağrılı və
şərəfli mövzuda yazılmış əsərin
ilk tamaşası ilə tanışlıq imkanı
olaydı. Maşınların pəncərəsindən şəhər
küçələrindəki qələbəliyin səsini
batıra biləcək qədər uca bir səslə ətrafa
yayılan mahnıların sədası altında, əli
bayraqlı dəstələrin artıq son bir ildə brendə
çevrilmiş möhtəşəm cümlə - "Qarabağ Azərbaycandır!"
şüarı hər kəsi vəcdə gətirdiyindən
və 30 illik düşmən işğalına məruz qalan
torpaqlarımızı azad etməyə mane olan, əslində
açıq-aşkar ermənilərin maraqlarını dəstəkləyən
dövlətlərin və beynəlxalq təşkilatların
"sülh missiyası, barışıq təklifi, güzəşt
vasitəçiliyi" bu ikicə kəlmə sözün
nidasıyla" cəhənnəmə gedəndən"
sonra Ali Baş komandanımız İlham Əliyevin qətiyyəti,
əzmi və nəhayət Dəmir yumruğu ilə 30 illk həsrətimizin Qələbə,
Zəfər təntənəsi dostları sevindirib
düşmənləri və onların çoxsaylı
havadarlarını xar etdiyindən, o gecə millətin
sevincini bölüşmək üçün küçə
və meydanlara axışanların coşqusunu da anlayıb
haqq qazandırırdım. Çünki 30 il susan, loyal təkliflərlə
baş aldatdığını zənn edən bu ədalətsiz
dünya bir daha əmin oldu ki, türklə ikibaşlı oyun
oynayanın papağı başından, başmağı
ayağından çıxarılar, atlısı yəhərdən
salınar, keçilməz, alınmaz səngəri, yuvası
başına uçular, çünki türk övladı həmişə
son sözünü hərb meydanında ağlı-zəkası,
qılıncı-süngüsü ilə deməyi
başarıb, yetər ki, onun davası Vətən, Torpaq
davası, uğrunda canından keçməyi fəxarət
sayan oğulları da Vətən sevdalı olsun!
O Zəfər
gecəsində həm bayırdakı coşqu, həm də səhnədəki
ab-hava çuğlaşmışdı sanki...44 günlük
hərbin ab-havası ilə yaşayan analar vardı burada...
şəhidlik zirvəsinə yüksəlmiş
oğullarımızın adının anılması, cəbhədə
göstərdikləri qəhrəmanlığın bundan
sonrakı siyasət və hərb tariximizin yeni səhifəsində
yaratdı reallığın təsviri, milyonlarla azərbaycanlının,
xüsusilə də ölkəmizin gəncliyinin qürur,
inam, istinad və güvənc mənbəyinə
çevrildi. Bu savaşda şanlı ordumuz və Müzəffər
Ali Baş Komandanımız dünyaya bir daha sübut etdi ki, varlığı,
mənəvi yüksəlişi,
rəşadəti və döyüş əzmi ilə
erməni millətçilərinin öz gəncliyinin beynini zəhərlyən,
onları "qədim dövlət, böyük millət"
xəyalı ilə aldadıb, tarixdə olmayan və heç
vaxt olmayacaq "Böyük hayastan" xülyasııilə
silahlandıran və yüzlərlə yeniyetməni
döyüş meydanında sahibsiz qoyub qaçan "liderlərinə"
bir daha qandırdı ki, bu sərsəm mifi darmadağın
edə biləcək gücdə siyasi cəhətdən
yetkin bir gənclik yetişdirməyə nail olan ölkənin
ərazi bütövlüyü bundan sonra da təmin ediləcək
və bir daha kimsə bu torpaqlara kəc baxmaq, pay ummaq kimi bir
iddiasına düşsə, anındaca cavabını alacaq!
"Bir nəfəs
qədər"... təkcə analarına yox, Azərbaycanda
10 milyonluq əhalinin hər zümrəsinə 44
günlük müharibə günlərində
aldığı nəfəs, udduğu hava qədər qiymətli,
əziz, vacib və doğma olan əsgər
oğullarımız... yuxumuzu gözümüzdən, ürəyimizi
sinəmizdən, aldığımız nəfəsi
köksümüzdən "oğurlayan", hissimizə,
duyğumuza hakim kəsilə-kəsilə bizə doğmalaşan igidlərimiz!
44 gün səhərimiz onların döyüşdüyü
bölgələrdən aldığımız xəbərlərlə
açıldı, gecələrimiz qaçaq düşən
narahat mürgümüzdən boylanan o igidlərə dualarla
süsləndi, sabahlarımız ümidlərlə gözlənildi.
Bir ünvana gələn şəhid xəbərinin
odundan neçə evə köz sıçradı, hər
evdə bu çınqıların yanğısı duyuldu. Yeniyetmə
qızlarımız Qumru (Nəzrin İsmayılzadə), övladlarımız Vətən
(Əmrah Dadaşov), ana-bacılarımız Zərifə (əməkdar
artist Naidə Orucova), Gövhər (Gülcahan Salamova, Mehriban
Zalıyeva) pərvanə kimi
Laçın ananın (Gülnarə Abdullayeva) başına
dolandılar, onu təklənməyə qoymadılar. Bax, bu
birlik, bu həmrəylik oldu qələbəmizi təmin edən, düşmənin
belini qıran, "yenilməz ordu" eyforiyasını
darmadağın edən.
İstedadlı rejissor Samir Qulamovun qələminin məhsulu
olan "Bir nəfəs qədər..." elegiyasının
bu cür səmimi və içdən gələn bir hərarətlə
qarşılanması gözlənilən idi. Çünki müəllifin
təsvir etdiyi olaylar, seçdiyi
qəhrəmanlar bizik, sənsən, mənəm,
qonşumuzdakı şəhid anasıdır, gözü yolda
qalan əsgər sevgilisidir, evində müharibədən
yaralı qayıdan oğlunun, körpə balalarının
qayğısından daha çox şəhid anasına təkliyini,
ağrı-acısını, müvəqqəti olsa da,
unutdurmaq, ona təsəlli vermək istəyən, onun
yanında olmağı özünün mənəvi borcu sayan
qonşulardı.
Müəllif
ilk növbədə bu birliyi, bu qayğı və diqqətin
vəhdətindən mayalanmış İnamın və Qələbə
əzminin təntənəsini təkrar-təkrar
yaşadır tamaşaçısına! Hər dəyişən
səhnədə, hər yenilənən şəkildə
bizi məcbur edir ki, sonacan nəfəsimizi çəkməyə
belə cəsarət eləmədiyimiz anlara şahidlik edək!
İlk əvvəl hər birimiz əlimizi nəbzimizin
üstünə qoyub Hərbi komissarla (İbrahim Əlizadə)
məhəllə uşaqlarının - həkim
komissiyasının səhhətinə görə yararsız
sayıb cəbhəyə aparmadığı cavanların
dialoqunun nə ilə yekunlaşacağını gözləyirik. Çılğın,
özünəgüvənli, 30 illik həsrətdən
doğulmuş bu dəliqanlılar ciddi-cəhdlə
komissarı inandırmağa çalışırlar ki,
onların xəstəliyi Vətənin azad ediləcək hər
qarışı yanında boş şeydir! Lap həlak
olsalar belə, ruhları həmişə bu torpaqda rahat nəfəs
alan insanlara, gözündən gülən
körpələrə baxıb şad olacaq!
Sonrakı
səhnələrdə əlimiz nəbzimizdən sinəmizə
doğru uzanır; bir Ana var qarşımızda!
Övladının əsgər paltarı, şəkilləri
ilə evinin baş köşəsini süsləyən
Laçın ana! Bütün şəhidlərin qara
yaylıqlı, qaməti şux, başı dik, vüqarlı,
cəsur, cəsarətli və ümidli analarının
obrazı...O da bütün analar kimi övladının
yoxluğuna inanmır, hər an yanında olan, müxtəlif
söhbətlərlə fikrini yayındıran, ev işlərinə
əl atan qonşularını inandırmağa çalışır ki, onun
oğlu sağdır, qələbə xəbəri ilə bərabər
o da geri dönəcək! Çünki onun övladı
özü kimi döyüşkən oğullarla bərabər Vətən
torpağını bütövləşdirməyə gedib!
Bu
tamaşanın kuliminasiya nöqtəsi ananın
"gerçəkləşən arzusudur"-övladı və
onun döyüş dostları (Səmədzadə Xasıyev,
Hidayət Əliyev, Əli Kərimov, Murad Əliyev) onun
"görüşünə gəliblər". Əslində
bu xəyali görüş, ananın bircə anlıq
mürgüsünün heç vaxt gerçəkləşməyəcək
təsəllisidir...bu anda tamaşaçı əlinin ürəyinin
üstündən götürüb qəhərdən
qovuşan boğazına, göynəyən gözlərinə
aparır! İlahi, bu xəyalın, bu illüziyanın həqiqət
olması üçün o an alqışdan başqa nə
göndərmək olar Anaya ki, onun dərdini,
acısını, həsrətini, özləmini sənin də
duyduğunu, onunla bu hissləri
bölüşdüyünü hiss etsin?!
" -
Balam gəlmişdi, ay Zərifə, yanında da döyüşçü
yoldaşları varıydı, ay Gövhər! Axır ki, mən
balamı gördüm, onu öpdüm, qoxladım! O elə
gözəl idi ki, yanaqlarından qan damırdı, bədənindən
elə gözəl qoxu gəlirdi ki, ətri bütün evi
bürümüşdü! O adi ətir iyi deyildi, qızlar! Sizə necə izah edim, bilmirəm? O ətri heç vaxt, heç bir
yerdə hiss etməmişəm! O İLAHİ bir ətir idi.
Amma...balamın bədəni
buz bağlamışdı sanki, əli-ayağı da soyuq
idi."-dediyi an...sənin nəfəsin təngiyir,
əllərin kəpənək kimi gah yanağında, gah da
sinəndə çırpınır...nəfəsin təngiyir.
Dönüb ətrafına baxırsan.
Hamı elə sən əhvaldadır və bu an
yenə ANAnın səsi səni real aləmə qaytarır:
" -
O mənə bir nəfəs qədər yaxın idi... bir nəfəs
qədər. Müharibədə ən çox
analar itirir. Biz analar bu 44 gündə nələr
çəkdik?! Bu 44 günü biz də balalarımızla bərabər
döyüşdük, onların bədəninə dəyən
qəlpələr bizim ürəyimizə sancıldı.
Azad etdikləri hər qarış torpağa
görə biz də onlarla bərabər sevindik. Soyuqda üşüdük onlarla bərabər.
Mənim əzizlərim, siz torpağı Vətən
etdiniz. Əliyalın Şuşa
qalasına dırmaşan qabar bağlamış
barmaqlarınıza qurban olum, balalarım! Qanınız
tökülən hər bir qarış torpaq hələ
neçə-neçə Mübarizlər, Poladlar yetirəcək.
İndi Xarı bülbül də başqa
cür açacaq. Bundan belə Araz da, Həkəri də
başqa cür çağlayacaq! O torpaq yenə gülüstana
dönəcək. Haqqımız sizə halal olsun, igidlər!
Rahat uyuyun, namusumuzun ləkəsini silən qəhrəmanlar!
Siz bu Vətənin cənnəti uğrunda
döyüşüb, o dünyanın cənnətini
qazandız!
- Vətən
torpağında, indi
günəş çıxıb! O günəş
sizin Ruhunuzun nuru, ziyasıdır!-sözlərini isə 44 gündə
döyüşçülərimizlə bərabər bir
müharibə tarixi yazan jurnalistlərimizin ümumiləşdirilmiş
obrazına çevrilmiş xanım həmkarımız-Füliya
(Ofelya Novruzqızı) söyləyir və bu sözlər
son akkordlar kimi tamaşa salonunun göz yaşı içində
boğulan sükutunu çilikləyən Qürur, Fəxarət,
Zəfər və Qələbə
nidasına çevrilir!
İdeya
müəllifi və bədii rəhbəri Əməkdar incəsənət
xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev olan
tamaşanın
quruluşçu dirijoru və musiqi tərtibatçısı
Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev,
quruluşçu rəssamı Vüsal Rəhim,
quruluşçu baletmeysteri Əməkdar artist Leyla
Ağayevadır.
Zəfər
təntənəmizin unudulmayan
anlarını bir daha yaşamaq istəyirsinizsə, yolunuzu Azərbaycan
Dövlət Akademik Musiqili Teatrından salın
Özünüzlə bir dəstə çiçək
götürməyi də unutmayın, bu həm Şəhidlərimizin
müqəddəs ruhuna, həm də şəhid
Analarının dözümünə sizin vətəndaş
ehtiramınız olacaq!
Telli
PƏNAHQIZI
telejurnalist, şair və publisist
525-ci qəzet.- 2021.- 22 dekabr.- S.10;11.