Rayon təhsil şöbələri
ləğv edilməyəcək
Təhsil şöbələri
regional idarələrin tabeliyində fəaliyyət göstərəcək
Təhsil naziri Emin Əmrullayev: "Şikayət etməklə təhsil sistemi irəli getmir, problemlərin həlli üçün çıxış yolları tapmalıyıq"
Təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin təhsillə bağlı imzaladığı son sərəncamlarla bağlı dünən brifinq keçirib. Regional təhsil idarələrinin yaradılmasının rayon təhsil şöbələrinin ləğvi demək olmadığını bildirən nazir bu qurumların yeni yaradılacaq idarələrin tərkibində bir sektor kimi fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıb: "Regional təhsil idarələri iqtisadi rayonlar üzrə yaradılacaq. Bu struktur yerlərdə təhsil şöbələrinin ləğvi anlamına gəlmir. Sadəcə onlar idarələrin tabeliyində fəaliyyət göstərəcək. Əvvəlki sistem əlaqəli deyildi. Yeni idarələr imkan verəcək ki, təhsil fəaliyyəti vahid formada olsun. Bu gün təhsil sistemi müəyyən səbəbdən mərkəzləşdirilmiş şəkildə fəaliyyət göstərir. Saat bölgüsü məktəb rəhbərliyi və ya Regional təhsil idarələrinin rəhbərləri tərəfindən həyata keçirilməlidir". E.Əmrullayev vurğulayıb ki, Regional təhsil idarələri yaradılandan sonra vətəndaş müraciətləri daha tez həll olunacaq: "Təhsil Nazirliyinin işləri çox olduğundan müəyyən yubanmalar ola bilər. Vətəndaşların müraciətlərinə baxılması üçün qanunvericilik mövcuddur. İnsanlar haqlı şikayətlərini düzgün qaydada vermədiyinə görə baxılması üçün uzun vaxt tələb edir". Təhsil nazirinin dediyinə görə, regional təhsil idarələrinə inam artdıqca, vətəndaş məmnunluğu yüksəldikcə gələcəkdə bir sıra səlahiyyətlərin onlara verilməsinin tərəfdarıdır: "Qarabağ və Şərqi Zəngəzurda təhsil idarələrinin yaradılması şanlı zəfərin bariz nümunəsidir". Nazir onu da qeyd edib ki, rayon təhsil şöbələrində çalışan işçilər işsiz qalmayacaq: "Əgər onlar həmin şöbələrdə dövlət qulluğunda daimi müqavilə ilə çalışırdılarsa, yeni strukturda işlə təmin olunacaqlar. Yerli idarəetmə strukturunda və ya idarənin özündə təyinat məsələsinə baxılacaq".
Azərbaycanda 1825 məktəbəqədər təhsil müəssisəsinin olduğunu deyən təhsil naziri əlavə edib ki, bu təhsil müəssisələrinin 1692-nin dövlət məktəbəqədər təhsil müəssisələridir, 133 məktəbəqədər təhsil müəssisəsi isə özəldir: "Məktəbəqədər təhsil müəssisələri ilə bağlı vahid məlumat bazası yaradılacaq. Bu baza vasitəsilə məktəbəqədər təhsil müəssisələrində uşaqlar və müəllimlər üçün olan vakant yerlər öz əksini tapacaq. Məktəbəqədər təhsil müəssisələrində 126 min 509 çox uşaq təhsil alır. Bu uşaqların 121 min 385-i dövlət məktəbəqədər təhsil müəssisələrində oxuyur". Nazir özəl sektorun sayının artırılması, alternativ təhsil müəssisələri ilə bağlı addımların atılmaması zəririliyini vurğulayıb: "Dövlət məktəblərində 5 yaşlı uşaqların təhsilə cəlb edilməsi 80 faizdən yuxarıdır. Uşaqlar bir il daha tez tədrisə başlayırlar. Bəzi fikirlər təəssüf ki, təhrif olunur. Ancaq uşaq nə qədər tez tədrisə başlasa, bu onun gələcək fəaliyyəti üçün vacibdir. Bu elə başa düşülməsin ki, 1-ci sinfə bir il tez başlanılacaq". Nazirin sözlərinə görə, dövlət məktəbəqədər təhsil müəssisələrində tədris aparacaq şəxslərin işə qəbulu müəllimlərin işə qəbulu üzrə tətbiq olunan oxşar prinsiplə həyata keçiriləcək. Həmin müəllimlərin və ya tərbiyəçilərin müxtəlif ixtisasartırma kurslarına cəlbi də mümkündür. Eyni zamanda məzmun dəyişiklikləri də olmalıdır: "Məktəbəqədər təhsil müəssisələrində çalışan işçilərin qiymətləndirilməsi aparılacaq. Bu pillə üzrə təhsil işçilərinin bu və ya digər formada diaqnostik qiymətləndirilməsinin aparılması labüddür. Ümumtəhsil müəssisələrində bu üsul özünü doğrultdu. Biz gördük ki, hansı müəllimin fəaliyyəti nədir. Saat bölgüsündə bunu nəzərə aldıq".
Təhsil naziri bildirib ki, özəl bağçalarda olan nöqsanların mahiyyəti üzrə aidiyyəti qurumlara müraciət etmək lazımdır. Oranın keyfiyyəti xoş deyilsə, valideyn övladını digər bağçaya qoya bilər: "Orada olan tədris və tərbiyə ilə bağlı narahatlıq olarsa, Təhsil Nazirliyinə, uşağın döyülməsi faktı olarsa, o zaman hüquq-mühafizə orqanlarına müraciət edilməlidir". Onun dediyinə görə, yaxın gələcəkdə bağçalarda icbari təhsilin tətbiqi gündəmdə deyil. Uşaqların bağçalara gəlişini çoxaltmaq isə əsas istəkdir: "Biz özəl bağçaların artmasını hədəfləyirik". O, əlavə edib ki, yararsız vəziyyətdə olan uşaq bağçaları barədə hələlik dəqiq məlumat yoxdur: "Azərbaycan dövləti hər zaman vətəndaşının yaxşı şəraitdə təhsil alması üçün çalışır. Hesab edirəm ki, diqqət və qayğı uşaq bağçalarını da əhatə edəcək".
E.Əmrullayev yerlərdə təhsil qurumlarına direktor təyinatının artıq Təhsil Nazirliyi tərəfindən icra olunacağını qeyd edib: "Bu günə qədər ikili tabelik var idi. Artıq yeni sərəncamla bu məsələ həllini tapıb. Direktorların təyinatının şəffaf olması üçün proses düzgün qurulmalıdır. Daha mərkəzləşdirilmiş sistemə keçirik ki, bu da səmərəli şəkildə icra olunur. Ən əsası təyin edilən şəxsin peşəkarlığı və bu işin təşkilinin şəffaf olmasıdır. Direktorlar müsabiqə yolu ilə seçilirlər və iştirakçıların sayının az olduğu görünür. Bu gün ölkədə 500 direktor vəzifəsi boşdur. Problem bacarıq və səriştə ilə əlaqəlidir. Rəqabətli əmək münasibətləri sistemi ilə zaman-zaman məsələ həllini tapacaq".
Nazir məktəblərdə pul yığılması məsələsinə də münasibət bidirib: "Məktəblərdə pul yığımlarının olması qeyri-qanunidir. Bu, cəmiyyətin xroniki problemidir. Mən oxuduğum müddətdə də belə problem var idi". Təhsil naziri qeyd edib ki, valideynlər məktəbin idarəetməsində yaxından iştirak etmirlər: "Bu, bir modeldir. Dövlətin hamı üçün hər şey etmək imkanı yoxdur. İcbari təhsil pulsuzdur. Mən məktəblərdə rüşvətin əleyhinəyəm. Amma sual verirəm: valideynin bütün vergilərini ödəyəndən sonra artıq qalan bir manatını məktəbə vermək hüququ var, yoxsa yoxdur? Bu, pis və günahdırsa, deməliyik ki, olmaz. Əgər biz bunu qəbul ediriksə, oturub sağlam, şəffaf sistem fikirləşməliyik ki, vətəndaşın əlindəki arzu etdiyi bir manatı özünün və digərlərinin daha yaxşı təhsili üçün xərcləmək hüququnu tanıyaq. Bu, qayda çərçivəsində, şəffaf, valideynin istəyi əsasında, könüllü olmalıdır. Heç kim buna məcbur edilməməlidir. Kim istəmirsə, bu prosesdə iştirak etməməlidir".
E.Əmrullayev əlavə edib ki, Valideyn-Müəllim Assosiasiyaları (VMA) Təhsil Nazirliyinin tabeliyində olan qurum deyil: "Həmin qurum ictimai şəkildə fəaliyyət göstərir. Quruma üzv olmayan valideynin övladının dərsə gəlməməsini deyən şəxslər qanunsuzluq edir".
Emin Əmrullayev məktəbdə şagirdlərin iştirakı ilə dini məzmunlu klipin çəkilməsinə də münasibət bildirib. Nazir deyib ki, kliplərin məzmunundan asılı olmayaraq məktəblərdə çəkilməsi qaydalara ziddir: "Bu, qeyri-qanunidir. Məktəblərdə belə hallara yol vermək olmaz. Artıq məktəb rəhbərliyi barədə intizam tədbiri görülüb".
Nazirin söylədiyinə görə, bu və ya digər virusun ştamlarının yayılması ilə bağlı Operativ Qərargahın qərarlarına uyğun fəaliyyət göstərilir: "Operativ Qərargah tərəfindən hər hansı təhlükəli vəziyyətlə bağlı qərarlar veriləcəyi halda, məktəblərlə bağlı da uyğun qərar olacaq. Hələlik belə qərar yoxdur".
Təhsil naziri qeyd edib ki, son zamanlar məktəblərdə baş verən xoşagəlməz halların biri ilə bağlı direktor səhvini qəbul edib və öz istəyi ilə işdən çıxıb: "Bu da təqdirəlayiq haldır. Çünki bəzən səhvini qəbul etmək halı az olur".
Emin Əmrullayev jurnalistin övladı ilə bağlı məktəbdə baş verən qalmaqala münasibət bildirib: "Müəllim bilmədən oğlan şagirdini qız kimi təqdim edib. İnanıram ki, bunu şagirdi alçatmaq üçün etməyib. Həmin müəllim illərin təhsil işçisidir və savadlı kadrdır. Səhvini etiraf etdi və töhmət də aldı. İzahatında da qeyd etmişdi ki, bilmədən saçının uzun olduğuna görə elə təqdim edibmiş. Həmin təhsil işçilərinə qarşı sərt cəza tədbirlərinin tətbiqi qəbul edilən deyil. Hər kəs səhv edə bilər. Əsas odur ki, səhvini qəbul edib üzr istəsin".
Nazir onu da qeyd edib ki, gələn ildən başlayaraq ölkənin hər yerində müxtəlif insanların iştirakı ilə platformalar yaradılması və təhsillə bağlı müzakirələrin aparılması nəzərdə tutulur: "Təhsilin inkişafı üçün ictimai müzakirə önəmli məsələdir. Düşünürəm ki, biz bunu Təhsil institutu platforması altında etməliyik. Təbii ki, müzakirələr faydalı suallar ətrafında olmalıdır. Digər tərəfdən, təhsilimizin irəli getməsi üçün elmi tədqiqatlar lazımdır. Bu çərçivədə yeni təhsil siyasəti modellərini yaratmaq mümkündür. Bura təhsilin məzmunu, metodikası və digər məsələlər aiddir. Həmin dəyişiklikləri birbaşa yox, ardıcıl pilot layihələr çərçivəsində tərbiq etmək olar".
Nazir qeyd
edib ki, təhsil sistemi ilə bağlı bir
çox suallar var və bunlara cavab axtarmaq
lazımdır. Bu suallar 20 ildir verilir və onların da hansısa cavabları var. Lakin təhsilin irəliləyişinə bu
sualların cavabları
o qədər də təsir etmir. E.Əmrullayevin
dediyinə görə,
düzgün suallar qoymaq və bunların ətrafında
müzakirələr aparmaqla
təhsil sistemini daha sürətli inkişafa təhrik etmək olar: "Azərbaycan bir çox beynəlxalq elmi tədqiqatlarda iştirak edir və nəticələrimiz
elə də yüksək olmur. Reytinqdə niyə aşağıdayıq
və günahkar kimdir? Bu suallara
cavab tapmaq lazımdır. Şikayət etməklə təhsil sistemi irəli getmir. Biz mütləq
problemlərin həlli
istiqamətində çıxış
yolları tapmalıyıq".
Nazir vurğulayıb ki, Azərbaycan mediasında, sosial şəbəkələrdə
aparılan müzakirələrə
diqqət yetirsək, təəssüf ki, elmi tədqiqatlarla bağlı müzakirələrə
çox az
hallarda rast gəlindiyini görərik:
"Yəqin ki, biz daha çox hansısa fərdi şikayətlər, rəylər,
heç bir tədqiqata söykənməyən
və faydası olmayan, ya da
çox az faydası olan müzakirələrə rast
gələcəyik. Burada heç
kimi günahlandırmaq
istəməzdim, amma yaxşı olar ki, müzakirələrimizi
elmi tədqiqatlar əsasında aparaq".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.- 22 dekabr.- S.7.