Əyalət qəzeti, necə yaşayırsan?!  

 

Region mətbuatı bölgənin mədəni, ictimai-sosial mühitini formalaşdırır

 

Hər keçən gün dünyada sağlam media və informasiya təhlükəsizliyinə, qanunvericilik bazasının möhkəmləndirilməsi və praktik məsələlərin həllinə nəzərə çarpacaq dərəcədə önəmli yer ayrılır. Media dünyanın sürətlə vuran nəbzidir. Dünyanı bircə gün belə informasiyasız düşünmək mümkün deyil. "Media haqqında" yeni qanunun da ölkəmizdə sağlam məsuliyyətli mətbuatın inkişafına təkan verəcəyinə, bu sahəyə müasir baxışdan yanaşılacağına inanıram. Çünki 1999-cu ildə qəbul edilmiş hazırda qüvvədə olan "Kütləvi informasiya vasitələri" haqqında qanunumuza 79 dəfə əlavə dəyişikliklər edilsə , arzu olunan nəticə alınmayıb. Doğrudan da ictimai rəyə təsir edən cəmiyyətinin sosiallaşmasına xitab edən mətbuata ehtiyacımız var.

Azərbaycanın mədəniyyət tutarı coğrafi tutarından çox böyükdür tərəzinin gözündə ağır basan bu tutarımız daha çox bölgələrimizdə formalaşır. Yəni böyük coğrafiyaya malik olmasaq da, hər bölgəmiz özünəməxsus mədəni mühiti, tarixi, rəngarəng adət-ənənəsi, maarifçi insanları, mətbəx mədəniyyəti, turizm imkanları hər daşının, torpağının altında yatan sərvətilə zəngindir. Demək istəyirəm ki, keşkə "Media haqqında" yeni qanun layihəsinin hazırlanması Milli Məclisin müzakirəsinə çıxarılması dönəmində region mətbuatının da təmsilçiləri müzakirələrə dəvət olunub, fikirləri öyrəniləydi. Axı, dediyim kimi, Azərbaycan təkcə Bakı şəhərindən ibarət olmadığı kimi, mətbuat da təkcə Bakını əhatə etməməlidir.

 

İnsaf üçün deyim ki, son zamanlar Medianın İnkişafı Agentliyi az qala gözdən, könüldən iraq tutulan, unudulan bölgə mətbuatı anlayışını gündəmə gətirdi. Bizi dinləmək üçün canlı onlayn tədbirlər keçirdi. Onlara dərin təşəkkürümü bildirirəm. Lakin təəssüf ki, "Media haqqında" yeni qanun layihəsində bölgə mətbuatı yenə unudulub. Regional təhsil, regional mədəniyyət sair olduğu kimi, regional mətbuat da olmalıdır.

 

Son illər rayon qəzetləri ən yaxşı halda ayda bir-iki dəfə dərc olunur ya heç dərc olunmur. Ayda bir-iki dəfə işıq üzü görən qəzetin oxucusu, tirajı, nufuzu olarmı? Bunu qoyaq bir kənara, ayda bir-iki dəfə dərc olunan qəzet aid olduğu bölgənin ictimai-mədəni sosial mühitinə xitab edə bilərmi? Əlbəttə, edə bilməz. Bölgə mətbuatı təmsilçilərinin yeni qanundan bu qədər gözləntisi olduğu halda, təəssüf edirik ki, layihədə bu mövzudan son dərəcə az bəhs edilir. Özümüzdən bir misal çəkim. "Əkinçi"dən başlamış, "Molla Nəsrəddin"ə qədər XX yüzilin ilk illərinin mətbuatında hər bölgəmizdən xəbərlər dərc edilir, hətta bölgə müxbirləri fəaliyyət göstərir, əyalət diqqətdə saxlanılırdı. Təəssüf ki, bu gün region mətbuatı gözardı edilmiş durumdadır.

 

Mətbuat, qəzet aid olduğu bölgənin mədəni, ictimai-sosial mühitini formalaşdırır, şairlərin, yazarların, jurnalistlərin yetişməsinə şərait yaradır. Bölgə insanının maariflənməsinə, məlumatlanmasına, şagirdlərin zehni inkişafının, yazmaq fikrini ifadə etmək vərdişinin inkişafına xidmət edir. Çünki rayon mətbuatı daha çox məktəblərlə, şagirdlərlə işləyir. Ölkə əhalisinin yarıdan çoxu bölgədə yaşayır jurnalist kadrlarının da əksəriyyəti bölgədə yetişib. Hər birimiz bunun bariz nümunəsiyik. Paytaxt mətbuatına tanınan fürsətlər verilən imkanlar region mətbuatına da tanınmalı, bu sahədə çalışan istedadlı, qələmli jurnalistlər cəlb edilməlidir. Region qəzetlərinin həftədə 2 dəfə dövrü nəşri bərpa olunmalıdır. Tirajı artırılmalı, reklam bazarına əlavə qazanc imkanlarına şərait yaradılmalı, texniki avadanlıqlarla təmin edilməli, bir sözlə, maddi mənəvi dəstək göstərilməlidir. Dərc olunduğu bölgənin ictimai-siyasi, sosial həyatını, uğur problemlərini işıqlandırmaq, maarifləndirici rol oynamaq üçün bölgə mətbuatı əvəzedilməzdir. Bu fürsəti qaçırmamalıyıq.

 

Bir xüsusu özəlliklə vurğulamaq istəyirəm, bölgə mətbuatı sosial olmalı, insanların həyatına, güzəranına, yaşam tərzinə xitab etməli, həmin bölgənin mədəniyyəti, tarixi, turizmi, ənənəsi, dəyərləri ifadə olunmalıdır. Əgər bizə xəyalını qurduğumuz qəzeti nəşr etmək imkanı tanınarsa, inandırıram ki, bir müddət sonra dövlətin dəstəyinə ehtiyacımız olmayacaq, abunə satışla özümüz özümüzü təmin edə biləcəyik. Qəzet anlayışına yenidən baxılmalıdır, cəmiyyət sosiallaşmalı, qəzetlər boyuna biçilmiş siyasi-ideoloji geyimini soyunub, yeni reallıqla səsləşməlidir. Dünyada internet resursları bizdən zəif deyil, amma heç bir inkişaf etmiş ölkədə yazılı mətbuat ortadan qaldırılmayıb, əksinə, getdikcə nüfuzu artır. Gəlin qəzetə yanaşma tərzimizi dəyişək, qəzet siyasətə deyil, cəmiyyətə xidmət etsin. Məncə, hələ dünyada qəzetin bu qədər nüfuzlu olmasının tək səbəbi budur. Yəni bu sahədə köklü islahatlara keyfiyyət, düşüncə dəyişikliyinə ehtiyac var. Qəzet tarixdir, bu tarixi bir qələmlə silməyə haqqımız yoxdur.

 

Çox uzatmaq istəmirəm, dövlətimizdən region mətbuatının geri dönməsinə yardım etməsini istəyirik. Ümid edirik ki, bu problemlər "Media haqqında" yeni qanunda öz əksini tapacaq 2022-ci il əyalət mətbuatının qaranlıq taleyinə işıq salacaq. Bunu bütün bölgə mətbuatının təmsilçiləri illərdir işsiz qalan jurnalistlər arzu edir.

 

İnanın, regionda təpədən dırnağadək jurnalist olan onlarla əməkdaş var. Onlar əziyyətlərə, məhrumiyyətlərə qatlaşmağın, jurnalistikaya fədakar yanaşmanın obrazlarıdır. İnternet medianın ənənəvi medianı üstələdiyi indiki dövrdə hər birimiz yerli medianı yaşatmağa çalışmalıyıq.

 

Hər bir yazardan, əlində kiçicik imkanı olan hər bir kəsdən region mətbuatının necə vacib olduğunu dilə gətirməyini dönə-dönə xahiş edirəm.

 

 

Əminə YUSİFQIZI

Yevlaxda çıxan "KÜR" qəzetinin baş redaktoru, Əməkdar jurnalist

 

525-ci qəzet.- 2021.- 22 dekabr.- S.6.