"Haqqa gedən bir yoldayam!"

 

Ahıskalı şair Təzəgül Cövdətqızının poeziyası haqqında qeydlər

 

 

Qadını "başım baxtı, evim taxtı" deyə qutlayan, "səlvi boylum, qara saçlım" deyə süsləyən türk ərənlərinin xanımları - ömür-gün yoldaşı, dərd sirdaşı, dar gündə eşinin silahdaşı olmuşlar. Köklü türk soyu olan Ahıska türklərinin həyatında da qadın yalnız məişətdə deyil, ictimai-mədəni həyatda və ədəbi mühitdə də fəal iştirak edən azad və bərabərhüquqlu şəxsiyyətdir.

Ahıska türklərinin vətənpərvər qadın şairlərindən biri də Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycanda Yaşayan Ahıska Türkləri Yazarlar Birliyinin üzvü Təzəgül Cövdət qızı Cövdətovadır. Təzəgül xanım əslən Adıgün rayonunun Qortuban kəndindən, Musalar nəslindən - taxımındandır.

 

Təzəgül Cövdətova həmyaşıd soydaşları kimi, 1956-cı ildə doğma vətənindən uzaqlarda, sürgün olunduqları Özbəkistanda anadan olub. Çocuqluğundan vətənsizlik dərdini yaşayıb, onu izləyən qürbət acısı, vətənsizlik sitəmi, uşaq qəlbini saran vətən qısqanclığı sağalmaz yara kimi həyatının heç bir dönəmində onu tərk etməyib və əsərlərində aşkarlanıb:

 

Vətənsizəm, vətən demə yanımda,

Fikirlərim-duyğularım qan ağlar.

Vətənsizlik bir yaradır canımda,

Ürək ağlar, gözlər ağlar, can ağlar.

 

...1959-cu ildə ailəliklə Azərbaycana, Qazax rayonunun Poylu kəndinə köçmüşlər. Poylu kəndində orta məktəbi bitirib, məktəbdə təhsil aldığı dövrdə fəal şagird kimi tanınıb, humanitar elmlərə, xüsusən ədəbiyyat fənninə böyük maraq göstərib. Vətəndə sovet sədri olmuş babası Qəmərşah Musayev Qazaxı vətənə yaxınlığına görə seçib, icazə olsa, doğma yurda piyada gedəcəyini deyib...

 

Orta məktəbi bitirdikdən sonra Gəncə şəhərində orta ixtisas təhsili alıb. 1975-ci ildə ailə quraraq Sabirabad rayonunun Bulaqlı kəndinə köçüb, həmin kənddəki Vüqar Quliyev adına orta məktəbin kitabxanasında işə başlayıb. Dörd övladı olan Təzəgül xanım 1978-ci ildən işlədiyi məktəb kitabxanaçısı vəzifəsində şagirdlər arasında maarifçilik işi aparır, bədii yaradıcılıqla məşğul olur.

 

 

 

Bədii yaradıcılığa orta məktəb illərindən başlamış Təzəgül xanım müxtəlif məzmunlu lirik şeirlər müəllifidir. Əsərlərində didaktik-tərbiyəvi, vətənpərvərlik, dini-mənəvi məzmunlu şeirlər, ilahilər, uşaq şeirləri xüsusi yer tutur. Vətən sevgisi, Ahıska və Azərbaycan motivləri, Qarabağın işğalı, erməni vandalizmi və müzəffər ordumuzun şanlı qələbəsi yaradıcılığının əsas mövzularındandır. Şeirləri Azərbaycan və Türkiyə mətbuatında, toplularda çap olunub. 2012-ci ildə filoloq-jurnalist Səidə Hüseynovanın ön sözü ilə 133 səhifəlik "Haqqa gedən bir yoldayam" adlı şeir və ilahilər kitabı dərc edib.

 

Həssas qəlbli insan və lirik şair olan Təzəgül Cövdətqızının əsərlərində ermənilərin Azərbaycanın dinc əhalisinə, o cümlədən, Ahıska türklərinə qarşı törətdikləri qırğınlar, işgəncələr, soyqırımlar faciəvi psixoloji ovqat və ağrı ilə anılır, bu vəhşətə emosional etiraz ifadə olunur.

 

Qeyd edək ki, Özbəkistanda Qdlyanın başçılığıyla erməni şovinist-terrorçu qruplarının törətdiyi 1989-cu il Fərqanə faciəsindən sonra Azərbaycana gəlib Xocalıda yerləşmiş 300-dən çox Ahıska türkünün onlarla övladı da azərbaycanlı qardaşları ilə bərabər qətl edilib, yaralanıb, girov götürülüb, itkin düçüb. Ermənilərin bu qanlı basqını zamanı yerli əhali ilə birlikdə ahıskalılar da Xocalını qoruyub, Ahıska türkü, Orpolalı Sərvər Məmmədov öz dəstəsi ilə Xocalı uğrunda ermənilərə qarşı şücaətlə vuruşub. Cövdət xanım bu günahsız qurbanların faciəli taleyini Xocalı ağıtları adlandıra biləcəyimiz silsilə bayatılarında dərin kədərlə ifadə edir:

 

Ağla, gedən ellərinə,

Ağla, can Xocalım, ağla,

Günahsız şəhidlərinə

Ağla, can Xocalım, ağla.

 

Eylədilər gülləbaran,

Olmadı bir halın soran,

Yaman dərin oldu yaran,

Ağla, can Xocalım, ağla.                                     

 

Düşman gülləsinə sipər,

Oldu neçə ər igidlər,

Sənin də bağrın diddilər.                                  

Ağla, can Xocalım, ağla.  

 

 

 

Lakin həyatı müdrikcəsinə, dəyanətlə yaşayan Ahıska türklərinin ziyalı xanımı Təzəgül Cövdətqızının bu kimi şeirlərindəki fəci pafos müəllifi bədbinliyə aparmır. Keçmişindən qürur duyan, gələcəyə inamla baxan şairə gənc nəslə yüksək mənəvi dəyərlər, türk ruhuna və islam inancına xas humanizm, qürur və mübarizlik, bilik, maarif, halallıq kimi anlayışlar aşılayır:

 

Ey övladım, cahil olma,

Oxu, öyrən elim irfan,

Alim olmasan da olar,

Yetər ki, ol kamil insan.

Sev Vətəni özün kimi,

Qoru iki gözün kimi,

Yaradanın biz quluyuq,

Verdiyin ilk sözün kimi.

            

Heç bir kəsə xain baxma,

Haqsızlara arxa çıxma,

Düşünmədən söz söyləyib,

Günahsız bir qəlbi yıxma...

 

Yaradıcılığının böyük hissəsini Ahıska və Azərbaycan sevgisinə, Qarabağın azadlığına həsr etmiş Təzəgül xanım öz həyat idealını 44 günlük Vətən müharibəsində şanlı qələbə çalmış, canı, qanı bahasına torpaqlarımızı azad etmiş igid əsgərlərimizin misilsiz qəhrəmanlığında tapır. Ali Baş Komandanın sərkərdəliyi ilə qazanılmış böyük zəfəri yüksək pafosla tərənnüm edir, otuz illik Qarabağ savaşına yüzdən çox şəhid vermiş ahıskalı gənclərin qəhrəmanlığından qürur duyur. Təzəgül xanım bu zəfər duyğuların onun yaxın əqrəbalarından olan Qarabağ qazisi, Şuşa fatehi Ahıskalı Məhəmmədin Şuşa məscidindəki ərdəmli görüntülərindən fərəhlənərək həmin ərəfədə yazdığı "Oğullar" şeirində ana səmimiyyəti ilə ifadə edir:

 

İgidlərim, görün nələr etdiniz,

Otuz illik arzulara yetdiniz,

Qarabağın düz özünə getdiniz,

Sizi yaradana qurban, oğullar!

Oğulun böyüyü başda Rəisdi,

Baş Komandan siyasəti dəyişdi,

Erməniylə qəhrəmanca döyüşdü,

Sizi yaradana qurban, oğullar!

 

Qurban olum Allahıma, yurduma,

Kitabıma, dövlətimə, orduma,

Şəhidimə, əskərimə, mərdimə,

Sizi yaradana qurban, oğullar!

 

Ucaltdıqca-ucaltdınız bayrağı,

Azad etdiz doğma ana tarpağı,

İti qovan kimi qovduz qorxağı,

Sizi yaradana qurban, oğullar!

 

Ahıskalı vətənpərvər şairə Təzəgül Cövdət qızı bu günlərimizdə də şeir yaradıcılığını və Haqq axtarışlarını şövqlə davam etdirir, "Gəlin, ey Haqq sevən dostlar, Bir olan Haqqa yalvaraq, Gecə-gündüz töküb yaşı, Bir olan Haqqa yalvaraq" deyərək həmfikirlərini ülviyyətə, ali dəyərlərə, Haqqa səsləyir. 

 

Təzəgül xanım ictimai işlərdə də fəaldır, Azərbaycanda Yaşayan Ahıska Türkləri Yazarlar Birliyinin maarifçi tədbirlərində yaxından iştirak edir. Birlik üzvləri bu yaxınlarda Şamaxıya səfər edib böyük şairlərimiz Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabirin məzarlarını ziyarət etmiş, əklillərlə süsləmiş, ruhlarına dualar oxumuş, yaradıcılıqlarından söz açmışlar. Şamaxıdakı toplantıda Ahıskalı yazarlar görkəmli ədib, publisist, ictimai xadim, "Qeyrət" nəşriyyatı və "Molla Nəsrəddin" dərgisinin həmtəsisçisi, Ahıskalıların erməni məzaliminə qarşı mübarizəsinin liderlərindən biri, Gürcüstan SSR Müsəlman İşləri üzrə Şuranın ilk sədri Ömər Faiq Nemanzadənin məsləkdaşı Sabirlə dostluq münasibətini xatırlamış, böyük şairin Ömər Əfəndiyə yazdığı ironik "Halına yandıqların eyləməz ehsan sənə..." şeirini şərh etmişlər. Bu əzəli dostluq, bu qardaşlıq bu gün də davam edir və bundan sonra da edəcək. İstedadlı şairə Təzəgül Cövdətqızının və həmkarlarının ana yurdları Ahıskaya, ana yurdları Azərbaycana və ana yurdları Türkiyəyə səmimi sevgi və sədaqətlə yoğrulmuş əsərlərinin məqsəd və məramı uzun-incə Turan yoluna tuşlanıb, gəlin bu vəfa yolumuza nur arzulayaq. 

 

 

Asif Hacılı

 

525-ci qəzet.- 2021.- 23 dekabr.- S.15.