Güllər yarpıza dönməsin  

 

Naibə Yusifin "Gülün yarpıza dönsün" romanı Araz çayının təsviri; dalğaların çoşub özünü Xudafərin körpüsünün dayaq sütunlarına hirslə vurması, sağ və sol sahillərini həsrətlə qucması, bəzən də üsyan etməsi ilə başlayır. Bu, ikiyə bölünmüş bir xalqın daxili təlatümlərini və yaxınlaşmaqda olan sevinclərini ifadə edir. Məncə, yaxşı başlanğıcdır.

Muradxanla, Arazın o tayında yaşayan, Könülin eşq dastanından bəhs edən roman ötən əsrin 80-ci illərin sonlarını müxtəlif istiqamətlərdən, Sovet ordusunun on il müddətində Əfqanistanda törətdiyi ağır cinayətlərdən; itkin düşən əsgərlərin boş tabutlarının vətənə, ata-analarına göndərilməsindən, ermənilərin baş qaldırıb ətrafı qana çalxamasındən, ayrı-ayrı insanların faciəli həyatından bəhs edir.

 

Baş qəhrəmanın əsas işi hər səhər-axşam dəmiryol relslərini yoxlamaqdır. Bu da yaxşı arzudur. Dəmiryol adamı, Xankəndinə, Təbrizə, Zəngəzura apara bilər və aparacaqdı. Getmək istədiyimiz yerlərin, çatmaq istədiyimiz arzuların ünvanıdı dəmiryol. Rəmzi məna burda da özünü göstərir.

Muradxanın bu sahildən "Sona bülbüllər"i xoş avazla oxuması, o biri sahildə, qayalıqlar arasından boylanan, müəllifin tərənnüm etdiyi kimi, "ağ örpəkli, qoşa hörüklü Könül"ün onu sevgi ilə dinləməsi ikiyə bölünmüş xalqın hiss və həyəcanlarını alovlandırır. Hər iki aşiq və məşuqun sevgi macərası xalqımızın saf, təmiz və azadlıq duyğularını dolğun əks etdirir.

 

Muradxanla Könülün sevgi kompazisiyasına, süjetinə ayrı-ayrı xırda hadisələr, kiçik süjetlər qoşulur. Ana xətt heç vaxt yaddan çıxmır. Hadisələr sürətlə inkişaf etdiyinə görə, bəzən dinamika məzmunu üstələyir.

 

"Sona bülbüllər" xalq mahnısında "Gülün yarpıza dönsün, sona bülbüllər, məndən üz döndərən yar, saçı sünbüllər" misraları xalqın mifologiyasındakı dərin bir qatı; əhdinə vəfasızlıq edən insanlar üçün ən ağır cəzanı ifadə edir. Muradxan Könülə deyir ki, əgər mən sənə vəfasızlıq etsəm, qəbrüm üstündə qızıl güllər yox, yarpız bitsin. Əsərin adından göründüyü və mahnıda deyildiyi kimi, bu əhd, bu peyman aşiqləri bəladan hifz edir. Yarpız enerjisi müsbət deyil, maraqlı burasındadır ki, insan bəzən mənfi enerji ilə özünü müalicə edir, psixoloji gərginlik mənfi enerjini müsbət enerjiyə çevirir. Xalqda belə bir misal da var: qarğış ömrü uzadır. Süjetin yarpızla başlaması və daha da dərinliyə işləməsi, müəllifin onu xalqın mifoloji kökləri ilə bağlaması, yaddaşa söykənməsi, köhnəliyi yeni aspektdə təhlil etməsi roman janrının yeni xüsusiyyətləri kimi üzə çıxır. Natella da vəsiyyət edir ki, öləndə onun məzarına gül-çiçək yox, yarpız əksinlər. Burdakı yarpız Natellanın xəyanətkar deyil, atası xain Arakelin övladı olmasına görədir. Yarpız Natellanın ruhunu hifz edir, sonradan gələn qada-bəlaları ayrı istiqamətə yönəldir, erməniləri faciələrə uğradır.

 

Romanda Natella sürəti orijinal bir şəkildə ifadə olunub. Həyatın inkişaf dialektikasına uyğun faciənin kuliminasiyasına yüksələn Natella surəti 1988-ci ildə baş qaldıran erməni şivonizmini və həm də erməni faciəsini özündə sərgiləyən, dolğun, təbii bir obraz kimi, itib-batmış insanlıq duyğularını dərinlikdən çıxarıb 20-ci əsrin insanına yenidən təqdim edir. Natella erməni qızıdır, o, azərbaycanlı Maliklə ailə qurub, iki gözəl əkiz oğul övladları var. Oğulları Elnur və Elgün Bakıdan "Dərəli" kəndinə ata nənəsigilə, ordan da qonşu erməni kəndində yaşayan ana babası Arakelgilə gəlir. Dayısı və babası qardaşları məcbur edir ki, qayıdıb Bakıya getməsinlər, elə burda qalıb erməninin tərəfini saxlasınlar, azərbaycanlılara nifrət etsinlər. Çünki onların damarında erməni qanı axır, anaları ermənidir. Elgün və Elnurla gərgin dialoqdan aydın olur ki, erməni nə qədər düşüncəsiz, geridə qamış, nifrət içində boğulmuş, kin-küdurətlə nəfəs alan bir insandır. Amma uşaqlar sivil, insanpərvər, yeni düşüncəli, həyata, insanlara sevgi ilə baxan təmiz qəlblə həyata atılmış gənclərdir. Elnur və Elgün kənddən çıxanda hər ikisini dayısı Arsen güllələyir. Ata nənəsi fəryad qoparır. Anası Natella oğullarının faciəsinə dözə bilmir. Erməni olmağına nifrət bəsləyən qadın əri Malikə vəsiyyət edir ki, mən öləndə məzarımın üstə yarpız ək.

Gecəyarı Natella və Malik erməni kəndinə gedib Arsenin gənc oğlunu qətlə yetirirlər. Bundan sonra Natella hər gün qırmızı paltarlar geyir, qızıl əşyalarını taxıb oğullarının məzarı başına gəlir, qəbirləri, başdaşlarını qırmızı yaylıqlarla, xonçalarla bəzəyir, yağış yağanda onların üstünü örtür, onlara yemək gətirir, toylarını etmək istəyir, nəticədə dəli olub ölür və oğlanlarının yanında dəfn olunur. Natellanın psixoloji durumu, içindəki etiraz erməni psixologiyasına qarşı çıxan və hal-hazırda onunla üz-üzə qalan müasir dünyanın ilkin tezisidir.

 

Əsərin ən maraqlı səhifələrindən biri Əfqanıstanla bağlı olan gizlinlərin üzə çıxması, sovet ordusunun iflası və Əfqanıstandan gələn boş tabutların sirridir. Bu ordunun tərkibində Muradxan da iştirak edir. O, hər şeyi görəndən sonra mənsub olduğu orduya nifrət bəsləyir. Onun komandiri Kobra ləqəbli çeçen Kərim Kadirovdur. Kərimin faciəsi daha ağırdır. Bu faciə əslində müharibənin dəhşətidir. O, Muradxana deyir ki, mən də ilk dəfə bura gələndə sənin kimi humanist idim. Sən də öyrəşəcəksən. Sonda bilinir ki, Kərimin bu qəddarlığı orduya yarınmaq üçün bir maska imiş. Ölüm anında onun da xeyirxah bir insan olması, lakin ilk baxışda müharibənin dəhşətləri altında "yeni obraz" yaratmağı məlum olur. Muradxan onu balaca bir əfqan qızını öldürmək istəyərkən güllələyir. Can verə-verə insana çevrilən Kərim içində gizlətdiyi insanlıq duyğuları üzə çıxır. Bəlkə də o Sovet ordusunun tərkibində Əfqanıstana gələrkən qorxusundan içində insanlıq duyğularını gizlədibmiş. İndi ölüm ona dəstək olur, insaniləşir, artıq o, mənfur komandirləri görməyəcək, insan olduğuna görə onunla qəddarcasına davranmayacaqlar. Kərimin vəsiyyətindən məlum olur ki, o, türkmən obasında Əfsanə adlı bir qadınla evli imiş. Cəmilə adında qızları var. Bir neçə ildən sonra Əfsanə növbəti döyüş zamanı uçqunların altında qalıb ölür. Cəmiləni Tala obasında  Zəhra adlı bir qadın saxlayır və sonra Kərim gözlərini əbədi yumur. Muradxan Kərimi Əfqan evinin zirzəmisində dəfn edir. Sovet komandanlığı onun boş tabutunu ailəsinə göndərir.

 

Növbəti döyüşlərin birində Muradxan da partladılan qaya parçalarının altında qalır, qol-qıçı tamamilə əzilir. Bölükdən ayrılıb itkin düşür. Onun da boş tabutunu ailəsinə göndərirlər. Bir türkmən obasında Ayişə adlı bir qadın sovet ordusuna nifrət etsə də, qızının təkid və xahişi ilə Muradxanı sağaldır. Oğlu Səid onunla dost olur. Sonradan məlum olur ki, Ayişə Kərim Kadirovun qaynanası imiş.

 

Əsərdə məzara münasibət; ona yeni düşüncədə baxmaq, bəzəmək, üstünə müxtəlif şirniyyatlar düzmək, rəhmətə gedənin səhər - axşam yeməyini gətirmək, məzar islanmasın deyə üstünü örtmək, geyinib gecinib qarşısında toyda oynayırmış kimi oynamaq (Natella) mistik təsir bağışlasa da, ölənə diri kimi baxmaq psixologizmi mənə maraqlı gəlir. Könül itkin düşəndə atası Həsən həyətdəki güllükdə qəbir qazır, gəlinlik paltarını basdırır. Hər səhər - axşam "qəbri" ziyarət edir, başdaşını bəzəyir. Məhəmməd ağa və arvadı (Könülün nişanlısı Rəşidin atası) gəlib həmin bağçadan - Könülün ayağı dəyən torpaqdan bir ovuc aparır ki, oğlu Rəşidin qəbrinə səpsin. Dəmir iki oğlunun və arvadı Həlimənin məzarını hər gün ziyarət edir, onun üstünü bəzəyir. Dəmir öləndən sonra onun da məzarını Həlimə (Könül) eyni qaydada ziyarət edir, onunla danışır, dərdləşir. Əfqanıstandan Muradxanın "boş tabutu" gələndə ata-anası hər gün onun məzarına dəyir, bəzəyirlər. Kabutərin, Mərdanın məzarına da eyni qaydada münasibət göstərilir. Mənə elə gəlir ki, onlar ölənin hardasa sağ olduğuna inanırlar və bunu bilirlər. Qəbirlərə "qayğı göstərirlər" ki, sahibləri tez qayıdıb gəlsin.

 

Əsərdə güllük məsələsi diqqət çəkir. Güllüyə yaxınlaşdıqca Könülün əhvalı yaxşılaşır. Könülün əhvalına uyğun Güllük birdən saralır, birdən də açılır. Könülü oğurlamağa gələn qadın da onu tez-tez güllüyə çəkir. Bu güllük məsələsi türk yazıçısı İsgəndər Palanın "Qətreyi-Məryəm" romanındakı İstanbul qızılgülünü mənə xatırlatdı və həmin gülün toxumunun oğurlanıb Hollandiyaya aparılması ilə Könülün güllük estetikası paralellik təşkil etsə də (yaddaşa qayıtma), bizdə "güllüyü" oğurlayan yoxdur. Amma bu güllüyü solduran var. Bu da torpağımıza göz tikən, fitnə-fəsadla ömür sürən, insan və sevgi kapitalına zərbə vuran erməni lobbisidir.

 

Naibə Yusifin bundan əvvəl çap olunmuş romanlarında olduğu kimi, bu əsərində də vətən məsələsi birinci planda dayanır.Vətən sevgisi adi xronologiya deyil; müxtəlif situasiyalardan keçən, çətinliklərdə üzə çıxan, sözlə yox, hərəkətlə, can qurban eləməklə sərgilənən bir duyğudur. O duyğu ki, təcrübəlidir, ağıllıdır, qarşısındakı düşmənlə yaxşı tanışdı. "Dərəli" kəndindən müxtəlif istiqamətlərə lağım atan, hətta İrana qədər gedib çıxan, mərkəzdən maliyyələşən bir düşmən şəbəkəsi aşkar olunur. Şəbəkə Qarabağı işğal etmək planları və insan orqanlarının alveri ilə məşğuldur. Bu şəbəkənin vuran qolu, həmişə qaloş geyinən, Dəmiri, Kabutəri və neçə-neçə günahsız insanları ustalıqla öldürən, özünü lallığa vuran "qaloşlı adam"ın adı Gümüşdür. Azərbaycanlılar həmişə ona əl tutub, yemək-içmək, pal-paltar veriblər. Sonradan bilinəndə ki, Gümüş ermənidir, pasportda adı Gevork Sumbatiyandı, özü də İran vətəndaşıdır, polis rəisi Qasımov və müstəntiq Fərhad bütün maneələrə baxmayaraq, onu həbs edirlər. Mərkəz məsələ qaldırır ki, o, İran vətəndaşı olduğuna görə, Azərbaycan hüquq-mühafizə orqanları Gümüşü ittiham edə bilməz; İrana təhvil verilməlidir. İstintaq zamanı hücuma keçən Gümüş məhv edilir, erməni şəbəkəsi dağıdılır.

Roman sadəcə müəllifin təxəyyülünün məhsulu deyil, ötən əsrin 88-ci illərində baş verən hadisələrin inikasıdır. Əsər Xudafərinlə başlamışdı və Xudafərinlə də sona yetir. Həmin körpüdən Təbriz gözəli Könül keçərək bu sahilə gəlin köçür. Vağzalı çalınır. Bu havanın tək bir mənası var; güllər yarpıza dönməsin!

 

Qəşəm NƏCƏFZADƏ

Əməkdar mədəniyyət işçisi

 

525-ci qəzet.- 2021.- 23 dekabr.- S.14.