Ana dilimizin və
şeirimizin Güneydəki cəfakeşi
Tanınmış
şair və ədəbiyyat təbliğçisi Eldar Muğanlı
milli təmayüllü ədəbi-ictimai düşüncənin
inkişafına mühüm xidmətlər göstərib
Görkəmli şair, publisist Eldar Muğanlı Cənubi Azərbaycan milli-demokratik ədəbiyyatının
üçüncü nəsil
nümayəndələrindən biridir. Uzun illər İranda
Azərbaycan ədəbiyyatı,
mədəniyyəti və
mətbuatının inkişafına
xidmət edən E.Muğanlı şairlik və publisistik fəaliyyətləri ilə
yanaşı ədəbi
tənqid, tərtib və tədqiqat işləri ilə də məşğul olur. Aktiv sosial çalışmaları
ilə yaxşı tanınan şair həm də mükəmməl şəxsiyyəti
- yüksək mədəniyyəti
və nəcib insani keyfiyyətləri ilə seçilən ziyalılarımızdandır.
1960-cı ildə Cənubi
Azərbaycanın Muğan
Mahalında bir kəndli ailəsində dünyaya göz açan Eldar Nüsrət oğlu Muğanlının uşaqlıq
və gənclik illəri təlatüm və təbəddülatlar,
müharibə və inqilablar əsri olan XX əsrdə yaşanıb. 19 yaşına qədər doğulduğu
kənddə, sonralar isə Təbrizdə yaşayan Eldar Muğanlı eyni zamanda, sosiologiya elmləri uzrə ali təhsil
və şəhər
planlaşdırma elmi
uzrə elmi dərəcə alıb. Şeir və məqalələri
dövri mətbuat və internet səhifələrində
mütəmadi olaraq yayımlanır. Hal-hazırda Tehranda yaşayır və bir sosioloq kimi
sosial tədqiq işləri ilə məşğuldur. Eyni zamanda
2011-ci ildən yaratdığı
"İshıq"(www.İshiq.net)
internet dərgisinin baş
yazarı vəzifəsində
çalışır.
Azərbaycan ədəbiyyatı heç
bir dövrdə qüvvətli siyasi hadisələrlə, kütləvi
hərəkatla, xalq həyatı ilə XX əsrdə olduğu qədər həmahəng səslənməyib.
Belə ki, Cənubi Azərbaycan milli-demokratik ədəbiyyatının təşəkkülünün
məhz bu əsrin 40-cı illərinə
aid olması bir təsadüf deyil.
Professor Vüqar Əhmədin
"Mir Cəfər Pişəvərinin
publisistikası" məqaləsində
qeyd etdiyi kimi "XİX əsrin ikinci yarısında, XX əsrdə yaşamış
Azərbaycan ziyalıları
danışıq dili
əsasında ədəbi
dilimizi qurmağa, əsərlərinin (istər
bədii, istər publisistik) dilini xalqa yaxınlaşdırmağa
çalışmışlar. Ana dilinin zəngin, təbii və həyati bədii təsvir və ifadə vasitələrindən
istifadə etməklə
onlar bir tərəfdən xalq dili zəminində ədəbi dili formalaşdırmağa çalışmış,
ikinci bir tərəfdən, əsərlərinin
bədii təsir gücünü artırmaqla
xalq psixologiyasına daha güclü təsir göstərmiş,
üçüncü bir
tərəfdən, sonrakı
dövrlər üçün
örnək-ədəbi məktəb
yaratmışlar" ki,
həmin məktəbi
yetirmələrindən biri
Eldar Muğanlıdır.
Cənubi
Azərbaycan ədəbiyyatı
21 Azər Hərəkatının
milli-demokratik mahiyyətli
ədəbi ənənəsinə
dayanan və bu ənənənin üzərindən başlayan
azərbaycançılıq idealı, vətən, azadlıq, ədalət, müstəqillik mövzuları
Haşım Tərlan,
Yəhya Şeyda, Həbib Sahir, Səhənd, Müzəffər
Dirəfşi, Abbas Sabiri, Süleyman Salis, Qaflantı, Türkoğlu, Əhməd
Şaya Alav, Kərim Barış, Abbas Bariz, Həmid
Nütqi, Həbib Fərşbaf, Eldar Muğanlı, Həsən
İldırım, Nasir
Davəran, Saplaq, Hüseyn Şəhrək,
Zülfüqar Kəmali,
Əziz Səlami, Əlirza Miyanalı, Herizli, Həmidə Rəiszadə Səhər,
Eloğlu, Aydın Təbrizli, Hadi Qaraçay, Nigar Xiyavi və başqa şairlərin yaradıcılıqlarında yaşamağa
davam edirdi.
Eldar Muğanlı ədəbi
yaradıcılığa erkən - 16-17 yaşlarından
başlasa da, ana dilində yazdıgı ilk şeirləri
İran İslam İnqilabından (1979-fevral) sonra
fəaliyyətə başlayan
dövri mətbuatda, xüsusilə Təbrizdə
nəşr olunan
"Forüğ azadı"
(1979-cu ildən yeni nəşrə başlayıb)
gündəliyində, Bakı
radiosunun Cənubi Azərbaycan redaksiyası verilişlərində və
Azərbaycanın Sovetlər
dövru mətbuatında
yayılmışdı.
Şimali Azərbaycan oxucularının
istedadlı şairin həzin, dərdli və kövrək, nisgilli, dara çəkilən həzin
poetik dünyası ilə tanışlığı
hələ Sovet hökuməti dönəminin
axırlarından - 1980-90-cı illərdən başlamışdı. Həmin
illərdə "Ədəbiyyat
və incəsənət",
"Vaxt" qəzetlərində,
"Azərbaycan" jurnalı
və başqa mətbu orqanlarda şairin həyat və yaradıcılığı
haqqında məqalələr
yazılmış, müsahibələr
alınmış, radio və
televiziya verilişləri
hazırlanmışdı. O taylı-bu taylı Azərbaycanda şairin sözlərinə mahnılar
bəstələnmişdi ("Sən oldun","Qurbanın
olum","Sən mənimləsən",
"Sevgi günümüz",
"Ümüd quşu"
və s.).
Eldar Muğanlının
ədəbi fəaliyyətinin
böyük bir hissəsini onun Azərbaycan ədəbiyyat
nümunələrinin nəşrində
gördüyü işlər
təşkil edir. O, bir çox Güney şair və yazıçılarının əsərlərinin yayılmasında
ardı kəsilməyən
təmənnasız və
könüllü əmək
sərf etmişdir. Senzuradan keçə bilməyən
bir çox ədəbiyyat nümunələrini
vaxtıyla qədim dövr sayağı əlyazma şəklində
nəşrə hazırlayıb
yaymışdır. Muğanlının
redaktə və tərtib etdiyi kitablara örnək olaraq "Gümüşü
pencək" (Haşım
Tərlan- xatirələr),
"Durnalar gələndə"
(Haşım Tərlan),
"Yolçu yolda gərək" (Haşım
Tərlan), "Muğanın
söz ocağından"
(Muğan şairlərinin
əsərlərindən nümunələr),
"Sevgi nəğmələri"
(Xeyrulla Saplaq), "Mən Günəş vurğunuyam" (Xeyrulla Saplaq), "Uşaqlar baxçası" (Həbib
Fərşbaf), "Qanadsız
pərvanələr" (Ülyayi),
"Şəfəq" (Qulamrza
Cəmşidi), "Baharım
gəl" (Hüseyin
Şəhrək), "Mənim
arzum" (Süleyman Salis), "Ulduzlardan qan damır" (Həsən İldırım),
"Yağış yuxusu"
(Həsən İldırım),
"Gözlərimdən asıldım"
(Həsən İldırım),
"İllər izlər"
(Həsən İldırım),
"Qızılı şəfəqlər
şairi" (Həsən
İldırım haqqında),
"Xatirələr" (Aşıq
Həsən İskəndəri),
"Azərbaycan nağılları-Qaradağ
rəvayətləri" (Qənbər
Seyfi), "Həyat təranəsi" (Hacı
Herizli), "Bir pərdənin iki səsi - Fars dilindən tərcümələr" (Gülnaz
Muğan - Susən Əmini), "Üzü küləyə - hekayələr
məcmuəsi"nin (Nəriman
Nazim) və digərlərinin adlarını
qeyd edə bilərik. Bu əlyazma
kitablarının bəziləri
son illər geniş miqyasda nəşr edilib.
Ədəbi porosesə daxil olandan bu günə
qədər bu prosesdən ayrılmayan E.Muğanlının fəaliyyəti
o taylı-bu taylı Azərbaycan ədəbi tənqidinin və ədəbi-mədəni cəmiyyətin
diqqətindən yayınmayıb. Bu il, yəni 2021-ci ilin oktyabr ayında Hümmət Şahbazinin redaktorluğu və Kərim Qurbanzadə, Mərcan Manafzadə, Vida Heşmətinin əməkdaşlığı
ilə Eldar Muğanlının 60 illiyinə
həsr edilən
"60 yaşın şərəfli
həyat yolu" adlı kitabı çapdan çıxdı.
5 bölümdən ibarət
olan kitabda şairin 60 illiyi münasibəti ilə keçirilən yubiley tədbirindəki çıxışların
mətni, şairin haqqında yazılan 4 məqalə, 60-a yaxın
şeirləri, 5 ədəbi-tənqidi
məqaləsi və
80-ci illərə aid jurnalistlik
fəaliyyəti ilə
bağlı müsahibəsi
verilib.
Kitabdakı məqalələrdən birinin
- "Eldar Muğanlı,
qızıl quşağın
şifrələrı" (2021) məqaləsinin müəllifi,
"Öz dilində düşün, öz dilində danış və öz dilində yaz!"- deyən şair Hadi Qaraçaydır. Şairin E.Muğanlı və onun aid olduğu nəsil haqqında da özünəməxsus yorumu
vardır: "Bu hansı
quşaqdır Qaçılmaz
olan, anındaca cavab istəyən sorğu elə budur! Hansı quşaq? Hə, indi
burada sizə Eldar Muğanlının çap olmuş "Həyat yollarında" qoşuq toplusundan danışmaq istəyində
deyiləm, onun o ya bu qoşuğunda
hansı estetik dəyərlər olduğundan
da bəhs etməyəcəm. Sizə qızıl
dəyərində bir
quşağın bizə
estetik dəyərlər
çevrəsindəki manevrasından
deyil, payladıqları
işıq, bilgi, aydınlıq, yoldaşlıq,
ən önəmlisi dilimizə sevgi aşılamalarından danışmalıyam.
Eldar bu quşağın alnında parlayan ulduz idi".
Ədəbiyyat tariximizə vətənpərvərlik,
qədirbilənlik, təvazökarlıq,
milli mənafeyi şəxsi mənafeyindən
üstün tutmaq, mənəvi saflıq, milli təəssübkeşlik,
milli dayanışma kimi nəcib insani keyfiyyətləri ilə daxil olan bu nəsil
haqqında fikrinə H.Qaraçay belə davam edir: "Ard-arda çap olan Saplağın "Mən Günəş vurğunuyam", Qaflantının
"Ömür aynası"
və Eldar Muğanlının sözügedən
kitabı Azərbaycan
türkcəsində yeni
formalaşmaqda olan yazınsal çevrəmizi
çox ciddi şəkildə etgilədi.
Eldar Muğanlı yazınsal bir quşağın ön sırasında gedən bir qoşuqçu kimi yazınsal çevrəmizə
işıq saçdı,
bilgi payladı, sevgi yaydı və yuxarıda da dediyim kimi
dilimizə sevgi, dilimizdə yazıb-yaratmaq
eşqi yaratdı".
Bu kitab vətənpərvər şairin həyat və
yaradıcılığını tamamilə əhatə etməsə
də, E.Muğanlı haqqında tərtib edilən ilk sanballı kitabdır və şairin
bu günə qədərki həyat və
fəaliyyəti haqqında oxucuda müəyyən
təəssürat yarada bilir.
Kitabda Həsən
İldırım, Nasir Davaran,
Mürtəza Məcdfər, Ərşəd Nəzəri,
Hacı Herizli, Nəriman Nazim,
Hadi Qaraçay, Ramiz Taynur, Zəhra Yasəmən,
Abdulla Yalçın, Rövşən Novruz, Həbib Fərşbaf, Rəhim Xiyavi, Fəriba Mürtəzayi, Kubra Mirhüseyni, Heydər
Arazlı və Əlirza Miyanalı Eldar
Muğanlının həyat və
yaradıcılığına öz
münasibətlərini bildirmişlər. E.Muğanlı
Cənubi Azərbaycan poeziyasında öz
yeri, mövqeyi və əməyi
olan sənətkardır. Özündən
əvvəlki ədəbi nəslin ənənələrini sədaqətlə
davam etdirən şair
Muğanlının yaradıcılığında Səhənd,
H.Sahir, M.Etimad, H.Tərlan
S.Behrəngi, M.Q.Qaflantı, Sönməz, M.Dirəfşi
kimi qüdrətli söz
ustalarının təsiri aydın hiss olunur. Lakin nə
özündən əvvəlki ədəbi ənənəyə
sadiqliyi, nə də
yaşadığı mühitə və cəmiyyətə
bağlılığı şairin
poeziyasında özünə, öz təbiətinə
məxsusluğunu kölgələyə bilməmişdir. Bütün
varlığı - yaradıcı ruhu və
əməli fəaliyyətləri ilə mənsub olduğu millətin mənəvi dəyərlərinin
keşiyində duran, şair-publisist
missiyasını ləyaqətlə yerinə yetirən, Azərbaycan
ədəbi və sosial fikrinin
inkişafına xidmət edən E.Muğanlı daima qəlbindəki saf,
təmiz, ilahi sevginin
işığıyla addımlayır.
Qəndab
ƏLİYEVA
Filologiya
üzrə fəlsəfə doktoru,
AMEA
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
525-ci qəzet.- 2021.- 23 dekabr.- S.13.