Yeni Azərbaycan nəsrinin
tanınmış nümayəndəsi
Elçin
Hüseynbəyli - 60
Dekabrın
23-ü müasir Azərbaycan nəsrinin tanınmış
nümayəndəsi - yazıçı, dramaturq, publisist, tərcüməçi,
Əməkdar incəsənət xadimi, Azərbaycan
Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəylinin
60 yaşı tamam olur. Yaxın günlərdə
yazıçının anadan olmasının 60, ədəbi
yaradıcılığının 40 illiyinə həsr olunmuş
"MƏN... və eqom" dördcildliyinin birinci cildi
çapdan çıxıb. Kitabda
tanınmış söz adamlarının -
yazıçıların, şairlərin, tənqidçilərin,
ədəbiyyatşünasların müxtəlif zamanlarda
Elçin Hüseynbəylinin yaradıcılığı
haqqında qələmə aldıqları məqalələr
toplanıb. Bu yubiley günündə
tanınmış yazıçını təbrik edir, ona
yeni-yeni yaradıcılıq uğurları arzulayır,
kitabdan bəzi seçmələri oxucuların diqqətinə
çatdırırıq.
Anar, Xalq
yazıçısı:
- Mən əvvəl
Elçin Hüseynbəylini nasir kimi tanıdım, sonralar isə
onun uğurlu dramaturgiyasının və kəsərli
publisistikasının, esseistikasının örnəklərinə
də bələd oldum. Janr müxtəlifliyi Elçinin
yaradıcılıq meyllərilə bağlıdırsa,
yazılarının məzmunu onun bioqrafiyasından
qaynaqlanır. Kənddə böyüməsi,
Bakıda, Moskvada təhsil alması onun
yaradıcılığına öz təsirini göstərmiş
və bu bir-birindən çox fərqli mühitlərin
sintezi maraqlı bir yazıçı sintezi
yetişdirmişdir. Janr müxtəlifliyindən
başqa, Elçin Hüseynbəyli
yaradıcılığına üslub, təhkiyə müxtəlifliyi
də xasdır. Elçin Hüseynbəyli
yolunun başlanğıcında deyil, yetkinlik
çağındadır. Yazdığı
dəyərli əsərlərə müxtəlif janrlarda
yenilərinin, daha da qiymətlilərinin əlavə
olunacağına inanıram.
29 aprel,
2007
Çingiz
Abdullayev, Xalq yazıçısı:
- İstedadla yazılmış hər bir əsər
ilahi mahiyyəti əks etdirir: sufizmin başlıca
postulatı kimi. Amma İslam asketizmini sındıraraq.
Bir şey də önəmlidir ki, Elçin
öz əsərlərini azərbaycanca yazır və bununla
da çoxəsrlik ədəbiyyatımıza yeni
çalarlar, rənglər qatır. Onun "Don Juan"
romanını ədəbiyyat tənqidçiləri nəsrimizdə
"tarixi-sintetik" hadisə kimi qiymətləndirirlər.
6 avqust,
2018
Tofiq
Hacıyev, akademik:
-
Elçin yaradıcılığı
günümüzün nəsr üslubudur. Nəsrdə
kiçik hekayənin xüsusi yeri var. Oxucunun özü də
kiçik hekayələrə meyillidir. Həmişə
belə olub, bu gün sürət əsrində bu meyl daha da
artıb. Ona görə də Elçin
oxunur, onu hövsələsiz oxucular da oxuyurlar. O,
kiçik hekayələrin ustasıdır. Əlbəttə,
söhbət sadəcə həcmdən getmir. Ustalıq azın içində çox söz deyə
bilməkdədir. Onun təhkiyəsində
bədii-estetik cazibə ilə yanaşı, həyat,
mühit, cəmiyyət haqqında müasir bilik, məlumat
verilir. Bu, müasir oxucu zövqünə
cavab vermək deməkdir.
Elçin motivlərində də, dil-ifadə tərzində
də yenilikçidir. Bu fakt bitkin üslub gerçəkliyidir.
2-7 dekabr,
2011
Sabir
Rüstəmxanlı, Xalq şairi:
- Elçin Hüseynbəyli öz doğma evinə,
doğma mühitinə gəlirmişcəsinə - ərklə
tərəddüdsüz, cəsarətli addımlarla ədəbiyyata
daxil olmuş yazıçılarımızdandır.
Üzündə də, yazılarında da bir
işıq var və məncə, məhz bu işıq,
insanlara, həyata, yurda sevginin, xeyirxahlığın, nəcibliyin
və tərbiyənin əlaməti olmaqla yanaşı, həm
də istedadın əsas göstəricilərindən biridir.
Nizami Cəfərov,
akademik:
- Elçin Hüseynbəylinin yazıçı
üslubu, ümumiyyətlə, polifonik və ya çoxsəslidir. Bu xüsusiyyət
özünü yeni romanında, fikrimizcə, həm daha
gen-bol nümayiş etdirir, həm də daha təfsilatlı,
daha təfərrüatlı bir şəkildə təzahür
edir. Həmin təfsilat - təfərrüatı hələlik
nəzərə almasaq, romanda biri digərilə məzmunca
sıx assosiativ əlaqədə olan ən azı üç
süjet xətti mövcuddur ki, onlardan birincisinin qəhrəmanı
"Səkkizinci qarabağnamə" müəllifinin -
yazıçının özüdür... O, əgər belə
demək mümkünsə, tərcümeyi-halının,
düşüncə - yaradıcılıq irsinin
axtarışına çıxdığı Yusif Vəzirin
- Ustadın varisidir. Və bütün süjet boyu can atır
ki, Ustadı daha dərindən anlamaq üçün onun
yaşamış olduğu həyatın
xırdalıqlarına qədər enə bilsin.
Elçin
Hüseynbəyli "Yenə iki od arasında" romanı ilə
sübut etdi ki, o, doğrudan da, böyük bir Ustadın
varisidir... Və yeni "Qarabağnamə" yazmağa da həm
mənəvi, həm də intellektual haqqı varmış...
8 dekabr,
2016
Zəlimxan
Yaqub, Xalq şairi:
-
Əzizim Elçin!
Sənin əsərlərini maraqla izləyən, diqqətlə
oxuyan oxucularından biri də mənəm. "Don
Juan"ı həvəslə oxuyub başa
çatdırmışdım. Əsərlə
bağlı fikirlərimi həm telefonda, həm də müxtəlif
görüşlərimizdə sənə
çatdırmışdım. O əsərin məntiqindən
hiss edirdim ki, dünyaya yeni bir tarixi roman gəlir. "Don Juan"ı necə həvəslə
oxumuşdumsa, "Şah Abbas"ı da eyni həvəslə
gözləyirdim.
Artıq kitab oxucuların ixtiyarına verilib. Yeni
yaradıcılıq uğuru münasibətiylə səni təbrik
edirəm.
12 may 2009
Vaqif
Yusifli, filologiya elmləri doktoru:
- Ədəbiyyatda
istedad başlıca amildir, ancaq istedadlı olduğunu
sübut eləmək üçün bir az
da cəsarətli olmaq lazımdır və Elçin
Hüseynbəylidə bu cəsarət kifayət qədərdir.
Bu cəsarət ona imkan verib ki, layiq olduğu
yeri tutsun və yazılarında da daxili
azadlığını, sərbəst söz demək
missiyasını qoruyub saxlasın.
Elçin Hüseynbəylinin nəsr
yaradıcılığı haqqında bu ümumi fikir və
mülahizələrimi yazıda nəzərinizə
çatdırmaqda bir məqsədim oldu. O da bundan ibarətdir ki, onun
yaradıcılığındakı bu "çevrilmələr"
- həm mövzularının rəngarəngliyi, həm
qaldırdığı problemlərin gərəkliliyi, həm
də bunları özünəməxsus bir şəkildə
bədii materiala çevirməsi, bu yolda dünya və milli ədəbiyyatda
məlum və həm də yeni bədii priyomlarla oxucuya
çatdırması onun orijinal yazıçı
olmağını təsdiq edir.
Dekabr,
2011
Rüstəm
Kamal, professor:
- Elçin Hüseynbəyli çox istedadlı və dəyərli
ədəbiyyat kişisidir. Onun süjetqurma təfəkkürünün
miqyası və nasirlik iddiası ədəbiyyatımızda
unudulmaqda olan davranış obrazını - yazıçı
şöhrətini ədəbi gündəmə gətirmişdir.
Elçinin istedadının ən güclü tərəflərindən
biri də təhkiyənin dramaturji strukturunu qura bilməsidir. Dialoq bizim
nasirlərdə çatışmayan cəhətdi. Bu, onun güclü belletrist fəhmindən xəbər
verir. "Don Juan" romanının
fakturası da bunu tələb edir.
Telman Vəlixanlı,
professor:
- Postsovet Azərbaycan ədəbiyyatının
tanınmış simalarından biri - nasir və dramaturq
Elçin Hüseynbəylinin yaradıcılığı
bugünkü reallıqlarımızı, tarix və mənəviyyatımızın
aktual məsələlərini əks elətdirməkdədir. İlk hekayə, povest və
romanları ilə ədəbiyyatımıza yeni nəfəs,
təhkiyə üslubu və digər ədəbi keyfiyyətlər
gətirmək, ədəbi dilin bədii improvizasiya
imkanlarını genişləndirmək, ədəbiyyatla
publisistikanın və elmiliyin sintezinə can atmaq
axtarışlarında olan yazıçının son onilliyə
aid əsərləri daha böyük maraq doğurur.
Elçin Hüseynbəyli daim axtarışda olan və
ədəbi tapıntıları ilə oxucunu təəccübləndirən
yazıçıdır. O, bugünkü ədəbiyyatımızın
üzərinə düşən vəzifələri
yaxşı anlayır, oxucunu qane edə bilən, onun tələb
və zövqünə uyğun gələn əsərləri
vaxtında təqdim edir.
Aprel, 2013
Quram
Odişariya, yazıçı-dramaturq, publisist
(Gürcüstan):
-
Gürcü nasirləri Elçin Hüseynbəylidən
çox şey öyrənməlidirlər. Mən
onun "Gözünə gün düşür" hekayəsini
gürcü dilinə tərcümə etmişəm. Bu hekayə münaqişələr barədə
yazılan ən qüdrətli əsərlərdən biridir.
Leonid
Ebonaidze, "Drujba narodov" jurnalının baş redaktoru:
- Biz son
zamanlar Azərbaycandan yazıçı Elçin Hüseynbəylini
çox çap edirik. Onun incə zövqü,
maraqlı təhkiyəsi və yaxşı müşahidə
qabiliyyəti var.
Nizami
Tağısoy, professor:
- Elçin Hüseynbəylinin bədii mətni dinamik və
mütəhərrik, dili isə sabitdir. O, canlı xalq dilindən,
Mirzə Cəlil, Mir Cəlal, Əbdürrəhim bəy
Haqverdiyev kimi klassiklərin dilindən yaradıcılıqla
istifadə etməkdədir. Bununla belə,
Elçinin dili fərdi olduğundan improvizasiya, dil
normalarından bilərəkdən aralanmağa da xeyli meyillidir.
Elçinin bədii nitqindəki yeniliklər
onun dilinin, bütün tərəflərinə, bütün
səviyyələrinə - onun leksikasına,
frazeologiyasına, bütün qrammatikasına keçir.
Və bunun nəticəsində onun özünəməxsus
sintaksisi yaranır.
10 aprel,
2014
Lola
Zvanaryova, ədəbiyyatşünas, tənqidçi (Rusiya):
- Elçin Hüseynbəylinin əsərləri
çoxqatlı və rəngarəngdir. Onun hekayələri
gələcəyə çağırışla
keçmişə elegiyanın sintezidir. Roman
üslubu isə onun bir yenilikçi olmasından xəbər
verir.
Biz onun silsilə hekayələrini "Literaturnıye
neznakomtsı" jurnalında nəşr etmişik.
Halina
Kobeskayte, Mahir Həmzəyev (Litva):
- Elçin Hüseynbəylinin ilk hekayələri əyani
şəkildə nümayiş etdirdi ki, onlar Azərbaycan ədəbiyyatında
mövcud olan təhkiyəçilikdən çox fərqlənir. Həmin təhkiyəçilikdə
hadisələr ardıcıllıqla göstərilir və
bir-birilə sıx bağlıdır. Amma
yeni nəslin təmsilçisi olan E.Hüseynbəylinin hekayələri
yığcam cümlələrlə yazılır, sanki
teleqraf cümlələridir və elə bil
atılıb-düşürlər. Ona
görə də mətn, elə bil, kəsilə-kəsilə
gedir, yaxud titrəyir. Müəllif hekayələrini
kino dilinə salır, montaj edir. Müxtəlif
"kadrları" bir-birinə yaxınlaşdıraraq,
oxucuya düşünmək, hadisələri təkbaşına
izləmək imkanı yaradır.
25
sentyabr, 2017
Siyavuş
Məmmədzadə, şair-tərcüməçi:
-
İmkan daxilində, həm də tərcüməçi
peşəmlə əlaqədar olaraq, 90-cı illərin əvvəllərindən
Elçin Hüseynbəylinin
yaradıcılığını izləyirəm. Artıq ötən əsrdə qalmış həmin
illərdə Elçinin hekayələrini "Literaturnı
Azerbaydjan" jurnalı üçün tərcümə
edirdim və onlardakı səmimilik, düşüncə
prosesi, detallarla işləmək bacarığı xoşuma
gəlirdi. Bütün bunlar isə peşəkar
nəsr üçün vacibdir. Sonralar onun "Yovşan
qağayılar", "Balıq adam"
romanlarını rus dilinə çevirdim. Bu əsərlərdə
Elçin Hüseynbəyli nəsrinin metoforikliyi, fantaziya
qarışıq gerçək süjeti məni cəlb elədi.
Mən heç nəyi şişirtmədən
onun yazı manerasını "rus Düması"
sayılan Valentin Pikulun ən yaxşı əsərlərilə
müqayisə edərdim.
2008
Elxan Zal
Qaraxanlı:
- Elçin Hüseynbəyli əsl peşəkardır
və o, yazdığı əsərin bədii həllindən
başqa, dil və termin məsələsini də əsasən
ustalıqla həll edə bilib. Termin məsələsi
Avropa və İslam Şərqi saraylarının
yaratdığı koloriti təsvir etmək üçün
mühüm şərtdir. Bugünkü
situasiyada Azərbaycan yazıçısı söz
yaradıcılığı ilə, yəni yeni söz
yaratmaq ilə məşğul olmağa məhkumdur. Zənnimcə, belə məsələlərdə
Türkiyə ədəbiyyatından öyrənməli
çox şeylər var.
Oktyabr,
2007
Qulu
Ağsəs, şair:
- Elçin Hüseynbəyli ədəbiyyata özü
gəlib. Dəvət gözləmədən. Onu, bəziləri
kimi, əlindən tutub gətirməyiblər... İndi at
belindədir: bir gündə üç kitab
çıxarmağa ayrı nə ad verəsən?
Son dərəcə
zəhmətkeşdir, eyni vaxtda bir neçə yazı
hazırlayır, özü də yazdıqları janr etibarilə
müxtəlif olur...
Elçin Hüseynbəyli ədəbiyyata üç
yeni kitab gətirib. Onun "Yovşan
qağayılar"ı "Cənab 21-ci əsr"lə
"İki nəfərlik oyun" oynayır.
Baxalım...
2 sentyabr,
2005
Rəbiqə
Nazimqızı, şair:
- Elçin Hüseynbəylinin mətnlərinin adı
bir qayda olaraq çağırır. Təəssürat yaranır ki, o,
piar işini bəzi həmkarlarından heç də az bilmir, sadəcə, daha sadə və təhlükəsiz
yol seçir - bu məqsədlə süni hadisə
yaratmır, diqqəti adlarda cəmləyir - bu ad
anlaşılmaz ola bilər, tanış da - amma onun maraq
doğuracağı şəksizdir...
May, 2009
Sedat
Adıgözəl, professor (Türkiyə):
- Bu
gün öz sağlam keçmişinə arxalanan, eyni
zamanda, müasir ədəbi tələblərə cavab verən
yaradıcılardan biri də Elçin Hüseynbəylidir. "On üçüncü həvari - 141-ci Don
Juan" romanı yeni texniki xüsusiyyətləri,
quruluşu və maraqlı məzmununa görə Azərbaycan
Türk ədəbiyyatında önəmli yer tutacaq bir əsərdir.
Ayrıca E.Hüseynbəylinin bir
yazıçı olaraq aid edildiyi ədəbiyyatın layiqli
təmsilçisi olduğuna və onun ədəbiyyatda əhəmiyyətli
bir yer tutacağına inanıram.
2008
Rafiq
Tağı, yazıçı:
-
Elçin yalançı təvazökarlardan deyil. Özünü nəsrdə tanıyıb və
artıq özünə güvənir də. Bizim də
dost sarıdan sevincimiz işdə belə şeylərdəndir.
Ölüvaylığını bilib, üstəlik, bunu
boynuna alan sənətkardan heç nə
çıxmaz. Ədəbiyyat məğmunlarını
sevmir.
Azərbaycanın çağdaş nəsri ədəbi
yönümlər baxımından hədsiz rəngarəngdir. Monotonluqla
qurtardıq. Bu rəngarənglik həm də
və həmçinin, Elçin Hüseynbəylinin
yaradıcılığı sayəsindədir. Elçin Hüseynbəyli 90-cı illər nəsrinin
zərif, ancaq vacib çalarıdır. Qarşıda
XXI yüzildir - bu ilmə-çalardan hökmən ona da
düşəcək.
Yanvar,
2000
Orxan Aras,
yazıçı (Almaniya):
- Elçin Hüseynbəyli, tam adıyla desək, Qaraçuxa Elçin Hüseynbəylinin "Tut ağacı boyunca" və "Balıq adam" adlı romanlarını oxuduqdan sonra yuxarıda yazdığım fikirlərin gerçək olduqlarına bir daha inandım. Azərbaycanın gənc nəsil yazarlarından olan Hüseynbəylinin də "zamanın səsi" ola bilmə gücünə və ustalığına malik olması, onun qürbətdə yaşayan bir "millətdaşı" olaraq məni bir xeyli sevindirdi və ümidləndirdi. Gələcəyimizin böyük yazarlarından olan Elçin Hüseynbəylini təbrik edirik. Bütün bu çətinliklərə, yoxsulluqlara, ayrılıqlara, sahibsizliklərə rəğmən, dürüst və qüvvətli bir qələmlə zamanını yaza bilməsi, tənqid edə bilməsi böyük bir başarıdır. Ümidvaram, türk oxucusu və türk mediası da bir an öncə dərin yuxudan oyanıb və Hüseynbəyli kimi özümüzdən olan dəyərlərimizə əl uzadar.
2005
Əhməd
Sami Elaydi, professor (Misir):
- Müasir Azərbaycan nəsrinin tanınmış
nümayəndələrindən biri olan Elçin Hüseynbəylinin
romanları özünəməxsusluğu ilə diqqəti cəlb
edir. Onun son
illərdə qələmə aldığı "Tut
ağacı boyunca", "Balıq-adam", "Metro
vadisi", "Yovşan qağayılar", "Don Juan"
kimi romanları oxucular tərəfindən maraqla
qarşılanmış, ədəbi tənqidin diqqətini
çəkmişdir. Mətbuatda adı çəkilən
romanlar barədə maraqlı rəy, mülahizələr
söylənilmişdir.
- Elnura
Cavadzadə, professor:
- "Xoş taleyi insana tanrı, yaman taleyi isə fələk verir və hər iki halda bu hədiyyə təmənnasızdır" deyən, möhtərəm yazıçım, Allah oxucu sevgisini Sizdən əsirgəməsin! Çünki mənim yanaşma tərzimlə siz bu təmənnasız sevgi fonunda zəngindən zənginsiz! Çünki "Elçin HÜSEYNBƏYLİ alnında yazılanlara görə yazıçıdır. Elçin Hüseynbəyli kağızda yazdıqlarına görə yazıçıdır". Bunu isə ANAR deyib. Ondan yaxşısını deməyəcəyik ki?!
Mart, 2012
525-ci qəzet.- 2021.- 23 dekabr.- S.10-11.