Ramil Mərzili "Qadağan
olunmuş şeirlər"ini təqdim etdi
Dekabrın 19-da "AzərKitab"da Azərbaycan
Yazıçılar Birliyinin
üzvü, şair Ramil Mərzilinin "Qadağan olunmuş şeirlər" kitabının
təqdimat mərasimi
keçirilib. Təqdimatda tanınmış ədəbiyyat adamları,
müəllifin qələm
dostları, oxucular və jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözüylə
açan şair Xatirə Xatun Ramil Mərzilinin poeziyasından danışıb
və qeyd edib ki, "Qadağan olunmuş şeirlər" müəllifin
oxucularıyla beşinci
belə görüşüdür. Daha sonra
Müşfiqə Balaəddinqızının
qiraətində R.Mərzilinin
"Uşaqlığıma elegiya" şeirinin əsasında video-klip nümayiş etdirilib.
Kitabın redaktoru, şair
Günay Ümid çıxışında kitabın
ərsəyə gəlməsindən
danışıb, müəllifin
kitabda yer alan şeirlərini
böyük məsuliyyət
və dəqiqliklə
seçdiyini deyib, R.Mərzilini "sözün
ağrısını hiss edən
şair" adlandırıb.
Ramili hələ
onun uşaqlıq illərindən tanıdığını,
duyğular aləminə,
istedadına yaxından
bələd olduğunu
deyən şairin qohumu, BDU-nun dosenti, tanınmış tarixçi
Boran Əzizli kitabdakı şeirlərin
incə, kövrək
detallarla zəngin olduğunu diqqətə çatdırıb.
Ramil Mərzilinin
detalları bədii sözlə deməyi bacaran şair olduğunu deyən "Azərbaycan" jurnalının
baş redaktoru Qəşəm Nəcəfzadə
konkret şeirlər və misralardan nümunələr səsləndirərək
onun yaradıcılığını
nümunələrlə şərh
edib.
Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr
Mərkəzinin sədr
müavini, "Dünya
ədəbiyyatı" jurnalının
baş redaktoru Seyfəddin Hüseynli çıxışında deyib:
"Ramilin şeirlərində
çox doğma, etnoqrafik, məhəlli cizgilər var ki, onları oxuduqca müəllifin uşaqlığına fikrən
ekskurs etmək, doğma adamlarının sırasına qoşulmaq mümkün olur. Bu şeirlərin əksəriyyəti insanın
doğma yurd yerləri, uşaqlıq illəri ilə bağlı təəssüratlarını
təzələyir, xatirələr
canlanıb yenilənir.
Bu baxımdan, zənnimcə, Ramil nə yazdığını,
necə yazdığını
bilən şairdir".
Müəllifin kitabda yer alan tərcümələrindən
də danışan S.Hüseynli bildirib ki, dilimizə çevirmək üçün
şeirlər seçərkən
R.Mərzilinin məhz
öz ruhuna yaxın nümunələr
üzərində dayandığı
aydın sezilir və bu da
uğurlu yaradıcı
addımdır.
Daha sonra şairin qələm dostları və oxucularından Nəcibə İlkin, Azər Qismət, Nuranə Nur, Günay Nəriman, Gülnar Səma, Qabil Ədalət, həkim Ülkər Vəlicanova, alimlərdən
Toğrul Məmmədov,
Zaur Əliyev, Bəhruz Nəzərov və başqaları çıxış edərək
müəllifin yeni kitabı haqqında xoş fikirlərini bölüşüb, onun
yaradıcılığındakı torpaq həsrəti, Ağdam yanğısı
haqqında danışıb,
doğma kəndi Mərzilinin və işğal altındakı
bütün torpaqların
azadlığı münasibətilə
təbrik ediblər.
Əməkdar artistlər - tanınmış
xanəndə Sevinc Sarıyeva və aktrisa Gülər Nəbilinin ifaları iştirakçılarda daha
da xoş ovqat yaradıb.
ŞAHANƏ
525-ci qəzet.- 2021.- 23 dekabr.- S.9.