“Nəsir İmanquliyev
– 110” adlı virtual sərgi hazırlanıb
Dekabrın 22-də müasir Azərbaycan jurnalistikasının təşəkkülündə
xüsusi yeri olan alim-publisist, Əməkdar jurnalist, ustad redaktor, pedaqoq və ictimai-siyasi xadim Nəsir İmanquliyevin 110
illik yubileyi tamam olur.
Kitabxanadan 525.az-a verilən məlumata görə, Nəsir İmanquliyev ömrünü
Azərbaycan mətbuatının,
mədəniyyətinin inkişafına,
cəmiyyətin obyektiv
informasiya tələbatının
ödənilməsinə, peşəkar
jurnalist kadrların hazırlanmasına həsr
etmişdir. Professor Nəsir
İmanquliyev Azərbaycanda
jurnalistikanın təməlini
qoyan və onu inkişaf etdirən Həsən bəy Zərdabi, Məhəmməd ağa Şaxtaxtlı, Ömər
Faiq Nemanzadə, Əli bəy Hüseynzadə, Əhməd
bəy Ağayev, Mirzə Cəlil, Üzeyir Hacıbəyli kimi klassiklərimizin ənənələrini davam
etdirmiş, cəmiyyət
həyatının ən
müxtəlif sahələrini
əks etdirən yazıları ilə mətbuat tariximizə layiqli töhfələr vermişdir. Onun fəaliyyəti, yaradıcılığı da,
öz növbəsində,
böyük simaların,
jurnalist ordusunun yetişməsində tarixin
əhəmiyyətli bir
mərhələsi olmuşdur.
Ömrünün 50 ilini Bakı
Dövlət Universitetinin
jurnalistika fakültəsində
milli kadrların hazırlanmasına sərf
etmiş alim-publisist zəngin pedaqoji fəaliyyəti ilə Azərbaycan jurnalistlərinin
böyük bir nəslinin formalaşmasında
mühüm rol oynamış, milli mətbuatımızın tarixində
özünün jurnalistika
məktəbini yaratmışdır.
Bu münasibətilə, Azərbaycan Milli Kitabxanasının əməkdaşları
tərəfindən “Nəsir
İmanquliyev – 110” adlı
virtual sərgi hazırlanıb. Virtual sərgidə Nəsir İmanquliyev haqqında rəsmi sənəd, mükafatları, haqqında
yazılan kitab və məqalələr nümayiş olunur.
525-ci qəzet.- 2021.- 23 dekabr.- S.9.