Evlərimizdə "Zəfər
işığı" gəlir
Gəncədə
açılan yeni lampa zavodu öz məhsulunu belə adlandırıb
Bu ilin avqust ayında qəzetimizdə getmiş bir yazıda Gəncədə istehsalat obyektlərinin açılması yönündə davamlı durğunluqdan sonra, bu məsələdə yavaş-yavaş tərpəniş hiss olunmağa başlaması, həmçinin şəhərdə yeni istehsal müəssisəsinin işə düşəcəyinin gözlənildiyini xəbər vermişdik.
Budur, Gəncə şəhərində "Zəfəroğlu Elektrik" MMC-nin müasir standartlı "LED" (ing. Light Emitting Diode - işıq şüalandıran diod) tipli lampa istehsalı zavodunun açılış mərasimi baş tutub. Bu, ölkəmizdə "LED" tipli lampa istehsal edən ilk müəssisədir.
Zavodun açılışında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədr müavini Natiq Həsənov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova, Yaponiyanın "TET İnternational Development" şirkətinin prezidenti Taro Savado, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri Hüseyin Büyükfırat, Azərbaycan Pakistan İqtisadi Əməkdaşlıq Palatasının idrə heyətinin sədri Azər Əkbərov, iş adamları və dugər qonaqlar iştirak ediblər.
Məlumat verilib ki, "Zəfəroğlu Elektrik" MMC-nin istehsal sahəsi Gəncənin mərkəzində, indiyədək istifadəsiz qalmış keçmiş tikiş fabrikinin ərazisində yaradılıb. Müəssisənin ərazisi abadlaşdırılıb, burada əməkdaşların fəaliyyəti və istirahəti üçün lazımi şərait yaradılıb. 1 500 kvadratmetr sahəsi olan zavodda xaricdən gətirilən müasir avadanlıqlar quraşdırılıb.
Zavodda "Zəfər İşığı" brendi altında müxtəlif ölçülərdə "LED" tipli lampalar istehsal edilir. Hazırda 4 növ - 7, 9, 12 və 15 vatt gücündə olan lampaların istehsalına başlanılıb. Müəssisənin istehsal gücü ayda 500 min ədəd lampa buraxılmasına imkan verir. Lampaların özəl xüsusiyyəti onların davamlı və zərbədən sınmamasıdır.
"Lampaların istehsalı üçün tələb olunan xammalın 65 faizi ölkə daxilindən əldə edilir. Gələcəkdə yerli xammal payının daha da artırılması nəzərdə tutulur. Hazırda müəssisədə gündə 4 min ədəd lampa istehsal olunur. Gələcəkdə istehsalın genişləndirilməsi və məhsul çeşidinin artırılacağı nəzərdə tutulur" - deyə, sahibkar Zəfər Məmmədov bildirib.
Zəfər Məmmədov, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Gəncə şəhərinin rəhbərliyinə təşəkkürünü bildirməklə yanaşı, xüsusən Gəncə ilə bağlı olan iş adamlarını dövlətimizin istehsalçılara göstərdiyi dəstəkdən yararlanaraq, bu bölgənin iqtisadi inkişafa töhfə vermələrinə çağırıb.
"Mən həmçinin "Gəncə İş Adamları" İctimai Birliyinin təsisçisi və sədri olaraq, bütün yerli sahibkarları Gəncə şəhərində yaradılan şəraitdən faydalanmağa və bura investisiya yatırmağa səsləyirəm", - deyə o, qeyd edib.
Gəncədəki müəssisənin
qurulmasına Respublikası İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişaf Fondu böyük dəstək göstərib. İlkin olaraq yatırılan bir milyon manat investisiyanın
50 faizi fond tərəfəndən
təqdim edilib. Həmçinin müəssisə üçün investisiya
təşviqi sənədi
alınıb. Bu sənədin olması
"Zəfəroğlu Elektrik"
MMC-yə vergi və idxal zamanı
gömrük güzəştləri
əldə etməyə
imkan yaradacaq.
Müasir lampa zavodunun işə düşməsi
Azərbaycan iqtisadiyyatında
daha bir sahədə idxalı əvəz etməyə imkan yaradacaq. Gələcəkdə isə istehsal olunan lampaların xaricə ixracı da nəzərdə tutulur.
İlkin
dövrdə müəssisədə
30 yeni iş yeri yaradılıb. Yaxın aylarda işçi sayının 50, gələn
ilin sonunadək isə 100 nəfərə
çatdırılması gözlənilir.
Zakir Muradov,
Gəncə
525-ci qəzet.- 2021.- 23 dekabr.- S.7.