Daşları dindirən alim  

 

AMEA-nıin müxbir üzvü, tanınmış epiqrafist alim Məşədixanım Nemətin xatirəsinə

 

Tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, "Şöhrət" ordeni ilə təltif olunmuş tanınmış epiqrafist alim Məşədixanım Nemət nəinki respublikamızda, hətta onun hüdudlarından çox-çox uzaqlarda da "Daşları dindirən alim" kimi tanınmışdı. 92 illik ömrünün 60 ildən çoxunu tarixi Azərbaycan ərazilərini qarış-qarış gəzərək ulu babalarımızın qoyub getdikləri izləri - daş kitabələr üzərində yazıları oxumağa həsr edən və 2500-dək abidə üzərində tədqiqat aparan Məşədixanım Nemətdən özündən sonrakı nəsillərə 6 cildlik "Azərbaycanın epiqrafik abidələr toplusu" kimi dəyərli bir xəzinə yadigar qalıb. Bu barədə söhbət düşəndə özü deyərdi ki, heç bir orta əsr tarixçisi bizim tariximizi yazıb qoymasa da, xalq özü başına gələn əhvalatları daşlara həkk etməklə, dövrünün ictimai-iqtisadi məsələlərinə, mədəniyyət tarixinə dair çox dəyərli və zəngin salnamələr miras qoyub.

Məşədixanım Nemətlə ilk tanışlığımız ötən əsrin 80-ci illərində, mənim çalışdığım "Elm və həyat" jurnalının redaksiyasında başlamışdı. Jurnala təqdim etdiyi məqalələri mən işləyib çapa hazırladığıma görə, tez-tez onunla əlaqə saxlamalı olurduq. Jurnalda "İzimizi itirməyək..." rubrikası altında çap olunan həmin məqalələr maraqla qarşılanırdı...

 

Redaksiyaya hər gəlişində şöbəmizdə yaranan canlanma onu hamıya doğmalaşdırmışdı. O qədər səmimi və mədəni insan idi ki, bizdən yaşca xeyli böyük olmasına baxmayaraq, hər kəsə "siz" - deyə müraciət edirdi. Bəzən məqalələri elə "sapı özündən olan baltaların" - üzdəniraq həmkarlarının qısqanclıq zəminində yaranan iradları ilə qarşılansa da, bu səbirli, zəhmətkeş və öz işinin ustası olan alim xanım çox cəsarətli, faktlara söykənən cavabları ilə onları layiqincə susdura bilirdi.

 

Vaxtilə Azərbaycan torpağı olan Urud abidələrindəki kitabələri təhrif edərək, qəbiristanlığı darmadağın edən və Zəngəzurun heç vaxt Azərbaycan (Albaniya) torpağı olmadığını sübuta yetirməyə çalışan, "Böyük Ermənistan" xülyası ilə yaşayan dırnaqarası erməni tarixçilərini də məhz Məşədixanım Nemət susdura bilmişdi.

 

1999-cu ildə Naxçıvan Muxtar Respublikasının 75 illiyi ilə əlaqədar Dövlət Komissiyasının iclasında Məşədixanım Nemətin Urud abidələri haqqında çıxışı Ulu öndər Heydər Əliyevin də böyük marağına səbəb olmuşdu. Həmin çıxışdan sonra Heydər Əliyev demişdi: "Biz ermənilərin bütün bu iddialarının əsassız, uydurma olduğunu beynəlxalq aləmə sübut etməliyik. Bunun üçün əsaslı sənədlər, fundamental elmi-populyar nəşrlər yaranmalıdır. Biz Azərbaycanın ərazi bütövlüyünü nəinki yaşadığımız indiki illərdə, gələcək nəsillər üçün də qoruyub saxlamaqdan ötrü çox güclü bir konsepsiya yaratmalıyıq. Bundan sonra da elə əsərlər yaradılmalıdır ki, o əsərlər indi Ermənistan Respublikası yerləşən həmin torpaqların Azərbaycana məxsus olduğunu daim, ardıcıl surətdə sübut etsin".

 

Urud abidələri alban tayfalarının türkləşməsini, islamı qəbul etməsini sübuta yetirməklə bərabər, həm də o vaxta qədər tarixi ədəbiyyatda mövcud olan türk elementinin Qafqaza gəlmə konsepsiyasını alt-üst etdi. Sübut etdi ki, türklər Qafqazın köklü aborigenləri olublar.

 

Məşədixanım Nemətlə nə qədər yaxın olsaq da, onun həyatı haqqında tam məlumatı yalnız onun 75 illik yubileyi ərəfəsində müsahibə alanda öyrənə bildim. Yazı hazırlamaq istəyimi biləndə, çox səmimiyyətlə razılıq verdi. Vaxtının azlığına görə sullarımı ona yazılı şəkildə təqdim etmişdim. Şəhərdə doğulub-böyüyən bir qızın elmin ən çətin sahəsini seçməyi, bu qədər ağır fiziki çətinliklərdən mərdliklə çıxması və uğur qazanması hər insana nəsib ola bilməzdi. Bunların öhdəsindən gəlmək üçün polad iradə və seçdiyi peşəyə dəlicəsinə bir sevgi olmalıdır insanda. Məşədixanımda bu keyfiyyətlər elə çulğalaşmışdı ki, bunu yalnız Ulu Tanrının möcüzəsi hesab etmək olardı...

 

Taleyinə yazılan uğurları özü də Tanrının ona bəxş etdiyi qeyri-adi töhfə hesab edirdi. Bəlkə də uşaqlıq illərinin acı olayları, ağılasığmaz faciələri onu belə mətinləşdirmişdi...

 

... 1924-cü ildə Bakının II Zabrat kəndində çoxuşaqlı ailədə dünyaya gələn bu qıza nənəsi Məşədi Səadətin adını qoysalar da, onu Məşədixanım deyə çağırardılar. Ona görə də 11 yaşında doğum haqqında şəhadətnamə alarkən, öz istəyilə adını Məşədixanım yazdırmışdı.

 

O, hələ uşaqikən ailəsinin başına gələn müsibətlər həyatını paramparça etmişdi. Anadan yetim qalan bu qız çox keçmir ki, atasını da itirir.

 

Kolxozlaşma başlayanda atasının var-dövlətini, torpaq sahələrini əlindən alırlar. Amma onu "kulak" kimi həbs etməyə imkan tapmırlar. Çünki hər şeyini itirmiş ailə başçısı bu dərdə dözə bilmir, ürəyi partlayıb ölür.

 

Ata-anadan yetim qalan bacı-qardaşlar bir müddət ailəli olan böyük qardaşın himayəsində yaşamağa məcbur olurlar. Ailənin çətin dolanışığı 15 yaşlı Məşədixanımı işləyib pul qazanmaq, ailəyə kömək göstərməyə vadar edir. O, yaxın qohumlardan birinin köməkliyilə arteldə işə düzəlir. Gündüz saat 2-də məktəbdən, gecə saat 12-də isə işdən evə qayıdır. Qazandığı 175 rubl pulla evə köməklik edir. Vəziyyətləri bir qədər yaxşılaşır. Amma 1941-ci ildə başlayan İkinci Dünya müharibəsinin gətirdiyi fəlakətlər onların ailəsindən də yan keçmir. Müharibəyə gedən qardaşın ailəsinin yükü də bu gənc qızın çiyinlərinə düşür. Sınaqlar bununla da qurtarmır. Bir gün işdən evə yorğun qayıdan Məşədixanım qardaşı arvadının (o, həm də xalası qızı idi) əmranə tələbi qarşısında çaşbaş qalır: "Ya mənim qardaşıma ərə getməyə razılıq ver, ya da səni evdən qovacam!" Məğrur, gənc və ağıllı qız isə özündən yaşca çox böyük olan xalaoğluna ərə getməkdənsə, evdən çıxıb getməyi üstün hesab edir...

 

Məşədixanım danışırdı ki, 1918-ci ildə ermənilər Bakıda soyqırım törədərkən, Zabrat camaatı qaçıb canını qurtaranda, onun xəstə babası Nemət kişi evdən çıxa bilməyib və mənfur ermənilər xəstə qocanı doğrayıb öz həyətində basdırıblar. Bu hadisəni heç vaxt unuda bilməyən Məşədixanım ona görə də pasport alanda şəhid babası Nemətin adını özünə soyad götürüb.

 

Bütün uşaqlıq və gənclik illərini olmazın məşəqqətlərlə üzbəüz qalan Məşədixanım təhsilini heç vaxt unutmamışdı. Elə ona görə də 1943-cü ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmağı bacarmış və həyatının axarını yaxşılığa doğru dəyişməyə nail olmuşdu... Filologiya fakültəsində əla qiymətlərlə oxuyan Məşədixanım fars dilinə böyük həvəs göstərdiyinə görə, Şərqşünaslıq fakültəsinin o vaxtkı dekanı Mübariz Əlizadənin köməkliyilə Fars şöbəsinə keçirilmiş və təhsilini davam etdirməklə bərabər, həm də fakültədə makinaçı vəzifəsinə də işə düzəlmişdi...

 

 

 

1948-ci ildə həmin fakültəni Fərqlənmə diplomu ilə bitirən bu istedadlı qız bir müddət də Azərbaycan Dövlət Radiosunun fars şöbəsində makinaçı işləyir. Ömrü boyu çətinliklər məngənəsində sıxılaraq, polad kimi möhkəmlənən Məşədixanım Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun aspiranturasına daxil olanda da, tarix elminin ən çətin sahəsini - epiqrafikanı seçir.

 

Epiqrafikanın qadın üçün çətin sahə olduğunu deyərək, onu bu yoldan çəkindirmək istəyən müəllimlərinə isə belə cavab verir:

 

- Mən yaxşı bilirəm ki, rahat laboratoriyalarda, isti otaqlarda oturub "elmi işlə" məşğul olanlar tapılacaq, amma bu sahəyə getmək istəyən tapılmayacaq.

 

Elə bundan sonra o, lap nağıllardakı kimi, ayağına dəmirdən çarıq geyinib, əlinə də dəmir əsa alıb Azərbaycanın tarixi ərazilərini qarış-qarış gəzərək, ulu babalarımızdan miras qalan tarixi izlərimizi axtarmağa başlayır. Onun tədqiq etdiyi obyektlər ilanlı-çayanlı köhnə qəbiristanlıqlar, uçub tökülmüş məscid minarələri, pirlər və türbələrdəki yazılı abidələr idi. O, gah nərdivan başında, gah diziüstə dayanaraq saatlarla işləməkdən yorulmazmış. Ondan soruşanda ki, sən bu köhnə, uçulmuş qəbiristanlıqda saatlarla yox, günlərlə, qızmar günəş altında işləməkdən qorxmursan? Deyirmiş ki, mən oraya qəbiristanlıq kimi baxmıram, işləyə-işləyə orada yatan insanların ruhları ilə söhbətləşirəm. Və qeyri-adi qüvvələr mənə bu işdə kömək edir...

 

Seçdiyi çətin peşənin vurğunu olan Məşədixanım ailə qurandan sonra da, nəinki bu yoldan çəkinib, əksinə, həyat yoldaşına deyib ki, mən övladımdan və səndən keçərəm, amma işimdən yox! Onu başa düşən və hər an ona qayğı göstərməyə çalışan həyat yoldaşı yay aylarında öz iş yerindən uzunmüddətli məzuniyyət götürərək, ailəsilə birlikdə çöl tədqiqatlarında olar, Məşədixanımın rahat işləməsi üçün ona şərait yaradarmış. İşlədikləri kəndlərdə yerli əhali də onlara hörmətlə yanaşarmış. Hətta axşam qaş qaralana kimi işləyəndə, onları evlərinə qonaq dəvət edənlər də çox olurmuş.

 

1968-ci ildə Məşədixanım Nemət "Epiqrafik abidələr və onların Azərbaycanın ictimai-iqtisadi tarixinin öyrənilməsində əhəmiyyəti (XIV-XIX əsrlər)" mövzusunda doktorluq dissertasiyası müdafiə edəndən sonra, həmkarları ona "doktor da oldun, daha bundan sonra nə ilə məşğul olacaqsan?", - deyəndə o cavab verir ki, "hələ görüləsi işlər çoxdur".

 

Abşerondakı XIII-XIV əsr abidələrinə əsasən suriyalı nəsranilərin Abşeronda yaşamağını, onların türkləşməsini və islamı qəbul etməsini də məhz M.Nemət faktlarla sübuta yetirmişdir. Onun gərgin əməyi sayəsində 14 yüzilliyi (VI-XX əsrin əvvəlləri) əhatə edən orta əsr Azərbaycan memarlığı, bədii  daşyonma sənəti, xəttatlıq sənətkarlarının mövcud 105 nəfərlik xronoloji cədvəlinə təkcə Bakı-Abşeron və Şəki-Zaqatala bölgələri üzrə 200 nəfərin adı əlavə olunmuşdur.

 

M.Nemət işlədiyi kənd yerlərində, bəzən qadın xeylağının belə çətin işlə məşğul olduğunun səbəbini soruşanlara, "kəndçi qızıyam, uşaq vaxtlarımda qızmar günəş altında taxıl da biçmişəm, vəl də sürmüşəm, 4-5 km-lik məsafədən hər gün qoşa vedrə ilə içməli su da daşımışam, qoyun-quzu da otarmışam, elə ona görə də belə dözümlüyəm", - deyirmiş.

 

 

 

Məşədixanım Nemət Naxçıvanın Xanəgah kəndi ərazisindəki Şeyx Xorasan abidələri kompleksində işlərini qurtarıb qayıdanda, yolda maşındakı qızlardan birisi ona "buralarda da bir pir var, yəqin görmüsünüz", - deyə soruşanda, o, "yox görməmişəm", - deyir və maşını saxlatdırır. "Mənimlə oraya kim gedər", - deyə maşındakılardan soruşur. Mədinə adlı bir qız ona qoşulur, leysan yağış yağmasına baxmayaraq, üzüyuxarı qalxmağa başlayırlar. Pirin yerini soruşmaq üçün qarşılarına çıxan evin darvazasını döyürlər. Onların gəlişinin səbəbini bilən ev sahibəsi Dilarə ərinin narazılığına baxmayaraq, yolu göstərmək üçün onlara qoşulur.  Həmin yolun üstündəki türbə və məscidi görən Məşədixanım çox sevinir və qızlarla birlikdə içəri girərək, orada üzüüstə çevrilmiş daşı köməkləşib bayıra çıxarırlar. Yağış ara verdiyinə görə, o, rahatlıqla daşın üstünü təmizləyir və oradakı yazını köçürə bilir. Sonralar M.Nemət həmin daşdan köçürdüyü yazıya əsasən, müəyyənləşdirir ki, bu abidənin tikilmə tarixi o vaxta qədər olan ədəbiyyatda düzgün verilməmişdir.

 

1991-ci ildə Moskvada keçirilən konfransların birində Davıdoviç soyadlı tanınmış şərqşünas alim Məşədixanım Nemətin yenicə çapdan çıxmış "Azərbaycanın epiqrafik abidələrinin toplusu" kitabının I cildini başının üstünə qaldıraraq, "baxın, bu qadın sağlığında özünə heykəl qoyub", - deyir.

Məşədixanım Nemətə sual verəndə ki, "60 ildən artıq gəzdiyiniz əraziləri göz önündə canlandıranda ən çox nələri xatırlayırsınız?" Onun cavabı belə olmuşdu:

 

- Ötən günləri xatırlayanda, ilk əvvəl yadıma Azərbaycanın güllü-çiçəkli, tər meyvəli ağaclardan don geymiş meşələri, sıldırım qayaları, uçurumlu dağ aşırımları, ürəyə şəfa gətirən buz bulaqları düşür. Kəhər atların belində sıldırım dağ yollarında qartal kimi ötüb keçən alnıbağlı qızların əlindən o qədər qatıq-lavaş alıb yemişəm ki. Təbiət gözəlliklərinə doyunca tamaşa etmişəm. Vətənimin ərazisində xalqımın daşlara həkk etdiyi yazıları minbir əziyyətlə oxuya bildiyimə görə, Ulu Tanrıya minnətdar olmuşam. Bəzən heç ərəblərin belə oxuya bilmədiyi sirli görünən yazıları oxuyarkən, ilahi bir qüvvənin mənə kömək etdiyinə inanmışam...

 

Məşədixanım Nemət həm də Bakıda avtomobil idarə etməyi bacaran ilk qadınlardan biri olub. O, tanınmış alim, səmimi dost, xeyirxah insan, məğrur, qürurlu bir qadın olduğu kimi, həm də gözəl və mehriban ana idi. Özü kimi zəhmətkeş və savadlı iki övlad böyütmüşdü. Oğlu Fuad Quliyev iqtisad elmləri namizədi, qızı Vəfa Quliyeva isə tarix elmləri doktorudur.

 

Bir dəfə AzTV-də qonaq olan Məşədixanım Nemətə jurnalistin verdiyi "özünüzü xoşbəxt insan hesab edirsinizmi" sualına, o, "əgər övladlarım xoşbəxtdirsə, mən də xoşbəxtəm", - deyə cavab vermişdi.

 

Məşədixanım Nemət həm də epiqrafikanı uzun illər Bakı Dövlət Universitetinin Tarix fakültəsində fənn kimi tədris etmişdi.

 

Məşədixanım Nemətlə uzun müddət davam edən münasibətlərimiz zamanı yaddaqalan hadisələr çox olsa da, onlardan birini - 2012-ci ilin soyuq bir fevral günündə AMEA Rəyasət Heyətinin 1-ci mərtəbəsindəki zalda onun "Azərbaycanın epiqrafik abidələri toplusu"nun V və VI cildlərinin təqdimatına həsr olunmuş o möhtəşəm yığıncağı tez-tez xatırlayıram. Tədbirdə iştirak edən hər kəsin çöhrəsində gördüyüm işığı və çıxışlardakı səmimiliyi heç bir tədbirlərdə görməmişdim, desəm, səhv etmərəm. Məşədixanımın həsrətlə gözlədiyi bu təqdimatın sevincini sanki tədbirdə iştirak edən insanların hamısı yaşayırdı.

 

Onların səmimi çıxışlarında, səhnədə əyləşən sinəsi "Şöhrət" ordenli böyük alimin 88 illik ömrünün şərəfli səhifələri vərəqlənirdi... Onun simasında isə özünəməxsus qadın gözəlliyi ilə yanaşı, həm də bütün sınaqlardan üzüağ çıxan bir qəhrəmanın əzəməti həkk olunmuşdu. O gün başqa gün idi! Bəlkə də bu, Məşədixanım Nemətin iştirak etdiyi sonuncu böyük tədbir olduğuna görə, mənim yaddaşımda pozulmaz izlər qoyub?!

 

Tədbirin sonunda qonaqlara "Toplu"nun V və VI cildləri ilə bərabər, həm də bütün cəhətləri ilə Möhtəşəmlik simvolu olan böyük alimin ömür kitabı - "Daşlaşan sirlərin sirdaşı" kitabı da hədiyyə edildi...

 

2016-cı ildə isə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə M.Nemətin həyat və yaradıcılığına həsr olunan konfransın onun özü olmadan (səhhətində problemlər vardı) keçirilməsi əvvəlcə yığıncaq iştirakçılarını məyus etsə də, sonra onun haqqında çəkilmiş sənədli kinolentlərə baxarkən, sanki hər kəs onu yanında hiss etməyə başladı.

 

Akademik Teymur Bünyadov, AMEA-nın müxbir üzvü, memarlıq doktoru Cəfər Qiyasi, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Fəridə Məmmədova, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova və bir çox başqa alimlərlə yanaşı, onun sabiq tələbələrinin - millət vəkillərinin, mətbuat nümayəndələrinin böyük alim haqqında söylədikləri xatirələr onun həqiqətən xalqın Mənəvi sərvəti olduğunu, dünya durduqca yaddaşlarda yaşayacağını bir daha təsdiq etdi.

 

2001-ci ildə Azərbaycan Dövlət Televiziyasının Məşədixanım Nemət haqqında çəkdiyi "Daşları dindirən alim" filmi də tamaşaçıların böyük marağına səbəb olmuşdu.

 

Məşədixanım Nemət haqqında bir neçə dəfə, onun yubileyləri ərəfəsində yazı hazırlamışdım. Sonuncu yazımı isə 2016-cı ilin dekabr ayında, onunla vida mərasimindən sonra yazmışdım. O vaxtdan keçən 5 il ərzində məzarını ziyarət etsəm də, qızı Vəfa xanımla əlaqə saxlasam da, onun yoxluğuna hələ də inana bilmirəm. Mənə elə gəlir ki, Məşədixanım Nemət kimi insanlar heç vaxt ölmür, sadəcə dünyalarını dəyişirlər.

Əməkdar incəsənət xadimi Ə.Əfqan yazır ki, müqəddəs sözlərdən biri qeyrətdirsə, Məşədixanım Nemət milli qeyrət abidəsidir.

 

P.S. Məşədixanım Nemət həm də şair təbiətli bir insan idi. Hərdən onu təsirləndirən, ilhama gətirən hadisələri Məşədixanım Hicran imzası ilə misralara çevirməklə xalqına olan sevgisini tərənnüm etməyi özünə borc bilirdi. Yazımın sonunda onun "Hicran dərdi" şeirlər kitabında yer almış "Şəhriyara nəzirə" şeirindən bir neçə bəndi oxucuların diqqətinə çatdırmağı özümə borc bildim.

 

Hayes-türkes deyən kafir,

Görməmişdir belə şakir

Bilməzmiş, türk nəyə qadir.

Baş qoyacaq torpağına qədəm qoyan,

Qalxmış artıq Azərbaycan!

 

Ac köpəklər hey hürdükcə,

Fitnəsin dünya gördükcə,

Həmkarı silah verdikcə

Sel-su axan bizimdir qan,

Qalxmış artıq Azərbaycan!

 

Müqəddəs bir torpaq olan

Haqqı, səadəti anan

Zəngəzur, Mehri, Qarabağ

Təbriz, Şuşa, can Dilican,

Qalxmış artıq Azərbaycan!

 

Didərgindir ocağından,

Dədə-baba torpağından,

Xan, Bülbülün oylağından.

Müntəzirdir Göyçə, Qafan,

Qalxmış artıq Azərbaycan!

 

 

Maral POLADOVA

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi nəşrlər və proqnozlaşdırma şöbəsinin baş mütəxəssisi

 

525-ci qəzet.- 2021.- 24 dekabr.- S.14-15.