"Papaqsız baş yetimdir..."

 

 

Kim nə anlar bu zalımın işindən,

Çoxlarını keçiribdir dişindən,

Möhkəm yapış papağından, başından,

Başdan papaq alıb qaçan dünyadır.

(Ramiz RÖVŞƏN)

 

1. ÇERNYAYEVSKİNİN VƏ CAHANDAR AĞANIN PAPAQLARI

 

Hər hansı bir əşya, predmet bədii əsərdə öz birbaşa funksiyasından başqa, əlavə funksiyalar da yerinə yetirir, yazıçı, yaxud əsərdəki personaj çox vaxt açıq, birbaşa demədiklərini konkret əşyaların "dili" ilə daha təsirli və bədii şəkildə ifadə edir.

 

Kino sənəti ilk növbadə vizual sənət olduğundan əşya-predmet aləmi ekranda daha təsirli ifadə vasitəsinə çevrilir. Məsələn, "Tütək səsi" filmində İsfəndiyar kişinin evində divardan asılmış sazı "görməmək", Cümrünün tütəyini "əlindən almaq", "Gün keçdi" filmində Oqtaya gələn Kamikadze imzalı teleqramı "cırıb atmaq" kifayətdir ki, bu əsərlərin bədii strukturu dağılsın.

 

Filmlərimizdə üzdə olan belə ifadə vasitələrindən biri də papaqdır.

 

Mətləbə keçməzdən əvvəl "Dəli Kür" romanında Cahandar ağanın dilindən səslənən bir fikri yada salaq: "Kişinin namusu 3 şeydir - papaq, arvad, at!"

 

Təkcə elə bu cümlə papağın Azərbaycan xalqının mentalitetində, davranış-əxlaq etiketində hansı ucalıqda dayandığını, insanın xarakteri, taleyi ilə bağlı nə qədər zəngin informasiya verdiyini və kino sənətində rejissor üçün çoxplanlı improvizasiyalara nə qədər geniş imkanlar yaratdığını parlaq şəkildə ortaya qoyur.

 

Papağın sadəcə baş geyimi statusundan başqa, insanın ləyaqətindən, taleyindən soraq verən işarəvilik funksiyası qazanmasının tarixi, papaq mədəniyyətinin nə vaxtdan formalaşmağa başladığını araşdırmaq təbii ki, ilk növbədə etnoqrafların, etiket mədəniyyəti ilə məşğul olan mütəxəssislərin  işidir. Mən isə ayrı-ayrı filmlərimizdə, ümumiyyətlə, kino sənətimizdə bilavasitə papağın bu funksiyası ilə bağlı fikirlərimi bildirəcəyəm.

 

Ondan başlayaq ki, müxtəlif filmlərimizdə gördüyümüz personajların kimliyini, hansı dəyərlərə (dünyəvi, milli, dini?)  üstünlük verdiyini anlamaq mənasında onların gəzdirdikləri papaqların forması, dizaynı, hansı mədəniyyəti təmsil etməsi zəngin informasiya verir. Hətta bir az irəli gedib deyə bilərəm ki, Azərbaycanda müxtəlif mədəniyyətlər, ideologiyalar, davranış etiketləri arasında gedən və bəzən dartışma səviyyəsinə qalxan dialoq həm də papaqlar arasında mübarizə, rəqabət formasında təzahür edib.

 

Gəlin "Dəli Kür" filmindən bir epizodu yada salaq. Rus Əhməd və Çernyayevski Novruz bayramının səhərisi günü kənddə gəzəndə dostları ilə yumurta döyüşdürən bir oğlana yaxınlaşırlar. Qrimindən, davranış və danışıq tərzindən Səfdərxan adlı bu oğlanın yuxarı təbəqəni təmsil etdiyi dərhal hiss olunur. Çernyayevski onunla yumurta döyüşdürmək istəyəndə Səfdərxan öz şərtini açıqlayır və sonda deyir: "Uduzsan, şapkanı alacağam ha!" Rus Əhməd soruşur: "Onu neynirsən, başına qoyacaqsan?" Oğlan şövqlə, özündən razı halda cavab verir: "Yox, əşi! O, başa qoyulası şapka deyil ki! Onun içinə ancaq qoz, fındıq yığmaq olar".

 

Bu epizod həmin dövrdə papağın cəmiyyətin mənəvi həyatında tutduğu mövqe, insanların paradokslarla dolu olan dünyagörüşü, mədəni səviyyəsi barədə dolğun təsəvvür yaradır və nədənsə XIX əsrin sonlarında Sabirin yazdığı "Oxutmuram, əl çəkin" şeirinin məşhur "Ölsə də, verməm riza şapka qoya başına!" misrasını yada salır - Sabirin qəhrəmanının dünyəvi təhsilin simvolu olan şapkaya, Səfdərxanın isə bu məktəb şapkasının böyük "qardaşına" - rus və Avropa ziyalılarının gəzdirdikləri şlyapaya belə neqativ münasibəti bütövlükdə cəmiyyətin, toplumun təhsil və mədəni səviyyəsinin göstəricisinə çevrilir.

 

Amma burada bir incə məqama diqqət yetirmək lazımdır.

 

XIX əsrin sonu - XX əsrin əvvəllərində ali təhsil almaq üçün Rusiya və Avropa ölkələrinə üz tutan gənclər oradan yeni qiyafədə - "intelligent" libası olan kostyum və şlyapada qayıdanda sadə camaat, xüsusən də kənd əhli bunu heç də həmişə birmənalı qarşılamır, xüsusilə baş geyiminin dəyişməsi milli dəyərlərə üz çevirmək kimi qiymətləndirilirdi. Bunu başa düşən bəzi ziyalılar vəziyyəti yumşaltmaq üçün xalqın yaddaşına oturuşmuş milli papağı Avropa dəbində tikilmiş kostyum dəstinə bir növ "transfer" edib Avropa havası ilə Şərq ruhunu barışdırmağa can atırdı (Həsən bəy Zərdabinin, Əhməd bəy Ağaoğlunun, sonralar hətta Hüseyn Cavidin fotolarını yada salaq).

 

 

 

Lakin istəsən də, istəməsən də, şlyapa müsəlman ölkəsinin geyim etiketinə daxil olub onun bir elementinə, sənayenin, elmin, mədəniyyətin daha sürətlə inkişaf etdiyi şəhər mühitinin xarakterik cizgisinə çevrilirdi.

 

...Nə isə, Çernyayevski ilə Səfdərxan yumurta döyüşdürməklərində olsunlar, biz də keçək filmdəki növbəti epizoda.

 

Göytəpə kəndinin mülkədarı Cahandar ağa Allahyar adlı başqa bir kişinin papağına hörmətsizlik edib arvadını qaçıranda onun namusuna sataşdığının, onu eyni vaxtda ikiqat zərbə ilə təhqir etdiyinin fərqinə varmır və əvəzində bütün süjet boyu papağını yerə soxduğu düşməninin cavab jestlərinin təsirinə məruz qalır, necə deyərlər, atdığı güllə bumeranq kimi fırlanıb onun özünə tərəf uçur. Düşmənçilik getdikcə qızışır - Allahyar güllə ilə Cahandarın papağını vurub başından salır, Cahandar ağa isə bir güllə ilə onun "iti" gözünü tökür.

 

Cahandar ağanın Mələyi sadəcə öz ehtirasını söndürmək üçün yox, özünə arvad etmək üçün qaçırması, eləcə də Mələyin, sevmədiyi Allahyardan canını qurtardığına, təzə ər evində Cahandar ağanın sevgisi ilə əhatə olunduğuna görə fərəhli günlər yaşaması bu hərəkəti birmənalı qiymətləndirməyə, ona bəraət qazandırmağa əsas vermir. Çünki əxlaq bumeranq kimidir - etdiyin hərəkət sonda həm də sənin özünə tərəf yönələcək. Bu mənada Allahyarın Cahandar ağaya tərəf atdığı güllələr onun arvadını qaçıran Cahandarın Allahyarın "papağına" atdığı səssiz güllələrdir - sadəcə bumeranq kimi dövr edib onun öz papağına dəyir.

 

Amma filmdə heç də mütləq pis adam kimi təsvir olunmayan Cahandar ağa nə yazıq ki, bu sadə həqiqəti sonadək dərk etmir...

 

2. MƏŞƏDİ İBADIN PAPAQ "İMPROVİZASİYALARI"

 

Azərbaycan filmlərinin heç birində "O olmasın, bu olsun" filmindəki qədər çeşid-çeşid papaq görmürük. Baxın, bu filmdəki kişi personajların bəlkə də hamısı - qumarda uduzduğu pulları qaytarmaq üçün qızını bir növ hərraca qoyub satan, onun qiyməti ilə bağlı Məşədi İbadla lap indiki "tolkuçka" leksikonunda çənə-boğaz edən Rüstəm bəyin də başında papaq var, 1 abbası eşqi ilə Məşədinin arxasınca sürünən hambalın da, bazarda alver edə-edə varlanıb "quru" bəyləri tarix meydanından sıxışdırıb çıxaran tacirlər də papaq gəzdirir, adi bir fit səsindən canlarına vəlvələ düşən qorxaq qoçular da, nəhayət, "millətpərəst" Həsənqulu bəyin, intelligent Hüseynqulu bəyin, şlyapaları... Rza bəyin yanı qotazlı türk papağı... cüvəllağı Sərvərin və dostlarının kepkaları...

 

Daha kim və nə qaldı ki?

 

 

 

Və papaqla manipulyasiyanın, hətta spekulyasiyanın klassik bir nümunəsi: "ƏGƏR MƏNİM BAŞIMDAKI PAPAQ QIZILDAN OLSAYDI VƏ ONU GƏTİRİB BU HAMAMA ATSAYDILAR, MƏN ONUN DALINCA GƏLMƏZDİM".

 

Bu da dünənə qədər ləyaqət rəmzi sayılan papağa "hörmətin" yeni bir nümunəsi - qızıldan düzəldilmiş papağın dəyəri bir hamam pulunun dəyərindən ucuz tutulur!

 

Amma bu, hələ harasıdır!

 

Rüstəm bəy bir bəy kimi namusuna (deməli, həm də papağına) and içir ki, qumarda uduzduğu pulları yarım saata gətirəcək. Elə oradan da qızının qiymətini qaldırmaq üçün birbaşa Məşədi İbadın yanına qaçır.

 

Qoçu Əsgər "burda mənəm,  Bağdadda kor xəlifə" hikkəsi ilə gəzib bir keçinin üstündə hamının gözləri qarşısında günahsız bir insanı söyüşlə təhqir edir, sillələyir, amma özündən güclü başqa bir qoçunun təqibindən qurtarmaq üçün başındakı papağı arvad çarşabı ilə maskalayıb, arvad hamamına soxulur.

 

Hansını deyəsən?

 

Üzeyir Hacıbəyov bu əsərdə, eləcə də "Arşın mal alan" komediyasında şəhər lətifəsi, qaravəlli havasında şəhər əhli ilə məzələnir, o dövrün biz azərbaycanlılara məxsus bəzi tiplərin simasına güzgü tutur, artıq hər şeyin, hətta sevginin də pul ilə alına biləcəyinə inamın məmə yeyəndən pəpə yeyənədək hamının şüuruna hakim  kəsildiyini göstərir. "Arşın mal alan" filmində Tellinin nökər Vəlinin ona tərəf uzatdığı papağı vurub yerə salaraq dediyi sözləri xatırlayaq: "Buna bax ey, bəy kimi geyinib, amma cibində 1 qəpiyi də yoxdur" (Burda isə papağa heç 1 qəpik də qiymət qoyulmur) və Vəli goplamağa başlayanda ki, bir anbar pulu var, məzmunu "Sənin papağın mənə gərək deyil. Pulun varsa, yarımsan, səni sevəcəm" mesajı olan kupletləri oxuya-oxuya rəqs edir.

 

"O olmasın, bu olsun"da bütün süjet boyu pul oyunları gedir, hamı Məşədini soymaqla məşğuldur - 2000 manat... 100 manat... 50 manat... 10 manat... 1 abbası...

 

Amma məncə, bu filmdə papağın mənəvi iflasa uğradığını dəqiq nümayiş etdirən epizod Məşədinin güzgü qarşısında dayanıb öz papağı ilə dialoqa girdiyi epizoddur. Bu epizodda papaq bütün rakurslardan inkar olunur. Məşədi onu sanballı adam kimi göstərə biləcək bir poza tapmır, papağı başında o tərəfə-bu tərəfə sürüşdürə-sürüşdürə  filmdə görünməyən digər tiplərin də obrazlarını yaradır və hər dəfə də sifətini turşudub bu tipləri - Şamaxı lotularını, Gəncə qumarbazlarını, Qarabağın pambıq bəylərini lağa qoyur və... sonda nə edir?

 

Papağı başından götürür ki, "obrozovolski" (yəni savadlı) görünsün.

 

Bu filmdəki papaqlar şair Ramiz Rövşənin təbirincə desək, dünyanın hər cür sifətini qaranlıqda gizlədən gecə kimidir - onları gəzdirənlərin çürük ruhunu maskalamağa xidmət edir.

 

Hər 2 filmdə papağını dikəltmək istəyən bir personaj belə yoxdur. Elə isə papağı dikəltməyə qabil başlardan heç danışmağa dəyməz.

 

Onda R.Rövşənin şeirlərinin birindən aşağıdakı misraları  xüsusi bir vurğu ilə deməkdən başqa ayrı çarə qalmır:

 

"FƏLƏYİN QAPAZINDAN PAPAQ KEÇSƏ XİRTDƏYƏ,

VAY O GÜNDƏN PAPAĞI DİKƏLTMƏYƏ BAŞIMIZ..."

 

(Ardı var)

 

 

Əlisəfdər HÜSEYNOV

 

525-ci qəzet.- 2021.- 24 dekabr.- S.13.