Zəngin ədəbi irsin sirli qatları  

 

Nizami Gəncəvi yaradıcılığında ezoterizm cizgiləri

 

 

"Nizami ili" ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamda N.Gəncəvi kimi dünya şöhrətli bir nəhəngin ədəbi fəlsəfi irsinin  bütün sahələr üzrə yenidən araşdırılması bir vəzifə kimi qarşıya qoyulub. Bu baxımdan mütəfəkkir şairin ədəbi irsində ən gec və ən az öyrənilən sahələrdən biri olan ezoterizmin dərindən araşdırılmasına böyük ehtiyac duyulur. Əvvəlcə ezoterizmin təbiəti haqqında məlumatları yada salaq.

Ezoterik bilik aşkar və gizli qanunların vahidliyinin sirrini daşıyan, həyatın, kainatın həqiqi mahiyyətini özündə əks etdirən bilik hesab edilir. Terminoloji cəhətdən "ezoterik bilik" dedikdə mənası gizli, qapalı olan, qeybə aid olan bilik başa düşülür. "Ezoterizm"lə isə gizli biliklər sistemi nəzərdə tutulur.

 

Nizami yaradıcılığında ezoterizm elementlərinin öyrənilməsi və müəyyənləşdirilməsinə elə onun ilk məşhur əsəri olan "Məxzənül-əsrar"dan - "Sirlər xəzinəsi"ndən başlanması daha münasib və səmərəli olardı. Çünki ezoterizm özü sirli, gizli, qapalı, batini dünyagörüşlə, açılışına qadağa qoyulmuş fenomen bir anlayışla bağlıdır. Bu qənaətə gəlmək üçün əsərin özündə çoxsaylı eyhamlar vardır. Həm də Nizami Gəncəvi dövrünün poetik irsinin qədim türk mifoloji mətnləri, şumer əsatirlərinin prinsipləri ilə müqayisə etdikdə bunları daha aydın görmək, anlamaq olur. Ona görə əsərin ayrı-ayrı dərin qatlarının araşdırılmasına ənənəvi yanaşmadan fərqli nöqteyi nəzərdən yanaşılmalıdır. Bu həm də əsərlə bağlı əsas suala - "Sirlər xəzinəsi"nin sirri nədədir?" sualına doğru-düzgün cavab tapmağa imkan verərdi.

 

Nizami irsinin tədqiqi ilə bir çox xarici və yerli araşdırıcılar məşğul olsa da, ezoterizm mövzusu, demək olar ki, uzun müddət toxunulmaz qalıb. Hətta Y.E.Bertels, Məmməd Cəfər Cəfərzadə, Məmməd Arif Dadaşzadə, Həmid Araslı və digər məşhur Nizamişünas alimlərin çoxsahəli tədqiqatlarında da ezoterizmdən bəhs edilməsinə təsadüf edilmir. Bəzən ayrı-ayrı araşdırıcılar Nizami Gəncəvi dünyagörüşünü təsəvvüf və sufiliklə əlaqələndirsələr də, bu yöndəki fikirlər özü   ziddiyyətlidir.

 

Azərbaycanın istedadlı alimləri Mətanət Abdullayevanın və Xuraman Hümmətovanın son illərdəki dəyərli tədqiqatları istisna olmaqla, Nizami Gəncəvi yaradığılığında ezoterizm mövzusuna kifayət qədər diqqət yetirilməyib.

 

Bəzi tədqiqatçılar tərəfindən ezoterika termininin elmə yunan filosofu Pifaqor tərəfindən gətirildiyi qeyd olunur. Bəlkə də bu, Pifaqorun ayrı-ayrılıqda batini (ezoterik) bilikləri və zahiri (ekzoterik) bilikləri tədris edən təlim sisteminin olması ilə bağlıdır. Batini və zahiri bilikləri əhatə edən yazı tipinin qədim Misirdə mövcudluğu barədə də məlumatlar vardır.

 

Gizli biliklərin mövcudluğu ilə bağlı məlum olan ən qədim mənbə isə Şumer mətnləridir. Əfsanəyə görə, insanlara sirli elmləri "səmadan gələn" varlıqlar-anunaklar öyrədib. Xüsusi şuraya dəvət olunan ilk kahin Enmedurankiyə Yerin və göyün sirləri olan tablo verilib. Bu cür biliklərin daşıyıcıları "tanış edilmişlər" adlanır. Müəyyən zümrənin gizli biliklər haqqında məlumatlı olması, lakin hamı üçün onun əlçatan olmaması ezoterizmin xarakterik xüsusiyyətidir.

 

Araşdırmalarımız göstərir ki, Nizami Gəncəvi yaradıcılığında ezoterizm motivini duymaq və anlamaq üçün daha əski çağlardan başlamaq gərəkdir. Bu dövr şumer mədəniyyətinin və dünyagörüşünün formalaşdığı, Yaranış və varlıq haqqında mifoloji şumer-türk  dünyabaxışının ərsəyə gəldiyi zamanla bağlıdır. Başqa sözlə Yaranış və Varlıq haqqında şumer-türk mifoloji modeli Nizami Gəncəvinin məharətlə formalaşdırdığı sirli xəzinəyə uğurla bələdçilik edir.

 

"Sirlər xəzinəsi"nin ezoterik mahiyyətinin aydınlaşdırılması üçün ilk növbədə əsərin yazılış üslubunu nəzərdən keçirilməsi vacibdir.

 

Yaradıcılığının, tədqiqatının xeyli dövrü Nizami poyeziyası ilə bağlı olan Yevgeni Bertels "Sirlər xəzinəsinin" dilindən danışarkən göstərirdi ki, şair bu əsərində bədii sözün bütün həqiqi və məcazi mənalarını istifadə edir, buna görə də "Sirlər xəzinəsini" dərindən başa düşmək üçün hərtərəfli, universal biliyə malik olmaq lazımdır. Y.E. Bertels "Sirlər xəzinəsində" çətin anlaşılan təşbih və tərkiblərin işlənməsini şairin əsərin dilini bilərəkdən çətinləşdirməsi ilə bağlayır. Əslində bunlar N.Gəncəvinin düşünülmüş şəkildə seçdiyi üslubla bağlıdır. Bu üslubun xarakteri haqqında müəllif ozü "Sirlər xəzinəsi" qəsidəsində kitabın son bölümündə məlumat verir:

 

Bu üslubum ki, çərxdən üstündür bir bu qədər,

Qələmimin gücilə buqələmunluq edər.      

 

Bu üslubun bir xarakterik xüsusiyyəti də ondan ibarətdir ki, şair ezoterik mahiyyətli məsələlər barədə fikirlərini çoxmənalı sözlərdən ifadə etməkdən əlavə, həm də elə səpələnmiş halda əks etdirir ki, çox vaxt mətn iki və daha çox bir-birindən fərqli mənalar qazanır. Beləliklə, o, demək istədiyi ezoterik xarakterli fikri həm oxucusuna çatdırır, həm də yad nəzərlərdən gizlədə bilir, məharətlə pərdələyir. Yəni, gizli olan haqqında gizli danışır. Fikirlərini tam deyə bilməməsini belə izah edir:

 

Məndə fikir, məna tükənməz, xeyli çoxdur,

Onun boyuna görə ancaq paltarı yoxdur.   

 

Tarixən gizli saxlanan, batini, ezoterik mahiyyətlər, açılmasına qadağa qoyulmuş əsas prinsiplər bu cür üslub seçilməsinə səbəb olub.

 

Yaratdığı özünəməxsus üslubla Nizami Yaranış (Yaradılış) haqqında  açılmasına qadağa qoyulmuş ezoterik bilgiləri məharətlə ekzoterik, yəni danışılmasına məhdudiyyət, qadağa qoyulmayan zahiri bilik və məlumatlarla elə pərdələyir ki, onun təqdim etdiyi ayri-ayrı beytlər, bölmələr və bütövlükdə əsər çox vaxt ibrətamiz kəlamlar, aforizmlər, rəvayət və əfsanələr təsiri bağışlayır. Məhz buna görə də bu üslubun dahiyanə tətbiqi ilə ölməz sənət əsəri kimi şöhrətlənən "Sirlər xəzinəsi" çox vaxt əxlaqi təlimi əsər kimi ancaq zahiri əlamətlərinə görə diqqəti cəlb edib. Bu cür yanaşma "Sirlər xəzinəsinin" sirrinin nədən ibarət olduğunu, digər əsərlərindəki batini qata aid fikirlərin məğzini anlamağa imkan vermir. Ancaq Yaranış haqqında, Varlığın ilkin halı, cövhəri haqqında mifoloji, dini və fəlsəfi görüşlərin kompleks təhlili və onunla bağlı əsərdə gen-bol işlədilən eyhamlarla müqayisə  bir sıra batini məsələlərin açlmasına uğurla bələdçilik edir. Ümumiyyətlə dini və fəlsəfi ezoterizmin mifoloji qaynaqlarını öyrənərkən bir sıra gizli məqamların mahiyyətini, eləcə də, tarixən istifadə olunmuş kodlaşdırma üsullarını görmək və başa düşmək asanlaşır. Bu mənada Nizami yaradıcılığı da müstəsna deyil. Əvvəlcə bir neçə məqama diqqət yetirmək vacibdir.

 

Gizlilik və qadağa haqqında söz açarkən M.S.Belinski "Talmud nədir" kitabında yazır: "Talmud insana dünyanın əsas başlanğıclarının tədqiqi ilə məşğul olmağı qadağan edir". Nizami isə dünyanın, Yaranışın, Varlığın başlanğıcı haqqında fikir irəli sürür. Varlığın əzəli cövhərini, başlanğıcını Su ilə əlaqələndirir. Yunan filosofu Fales də Suyu birinci sayır. Fales Nizaminin "Sirlər xəzinəsi"ni qələmə aldığı dövrdən təxminən yeddi əsr yarım əvvəl yaşadığından ilk nəzərdə bu ideyanın yunan filosofundan gəldiyini qəbul etmək olar. Lakin Fales dövründən də min illər qabaq mövcud olan yaranış haqqında türk və şumer miflərində bu fikrlər vardır. Şumer-türk miflərində "əvvəl hər yer Su idi" deyiminin daha qədimdən mövcud olduğu bunu əyani şəkildə göstərir. Bu istiqamətdə araşdırmaları davam etdirdikdə Yunan filosoflarının başlanğıc haqqında fikirlərinin şumer-türk miflərindən əxz edildiyini asanlıqla görmək olur. Belə ki, Suyu (Fales), Havanı (Anaksimen və Diogen), Odu (Hippas və Heraklit) və bütövlükdə 4 ünsürü - Suyu, Havanı, Odu və Torpağı (Empedokl) yunan müdrikləri varlığın başlanğıcı olaraq qəbul etmişlər. Əgər Yaranış haqqında türk-şumer mifoloji dünyagörüşü və şumer Tanrılar panteonunun Ali şurasına daxil olan varlıqları müqayisə etsək baxdığımız mənzərə daha da aydınlaşır. Yunan fəlsəfəsində - su, hava, od, torpaqdan ibarət başlanğıc kompleksi Şumer tanrılar panteonunun ali şurasını təmsil edən Su (Enki), Göy (An), Hava (Enlil) və İşıq (Nusku) ilə bağlı 4 ünsürlə (cüzi dəyişiklik nəzərə alınmazsa) eynilik təşkil edir. 

 

Müqayisədən aydın olur ki, yunan müdrikləri məxəzini göstərmədən istifadə etdikləri Şumer Tanrılarını sırf təbiət elementləri kimi Varlığa başlanğıc hesab etmişlər. Şumerlər isə həmin təbiət elementlərinə həmişəyaşar, məhv olmayan ilahi statusu qazandırmışlar. Nizami Gəncəvi də bu ünsürləri mifologiyada olduğu kimi biri-birinə çevrilib bir ünsür kimi təzahür edə bilən varlıqlar şəklində qəbul edir. Bu cür mövqe və təsvir "İsgəndərnamə"də daha aydın verilib. Lakin əvvəlcə "Sirlər xəzinəsində" 4 təməl elementin təzahürünə dair faktlara diqqət yetirək: Elə başlanğıcda "Məxzənül-əsrar" başlıqlı bölmədə Sudan, Topaqdan, bəhs edilir. İlkin, təməl varlıq kimi "əzəldən", "əbəddən", (əbədi olandan), varlığın ixtirasından, təməl üzərinə çəkilən pərdədən söhbət açılır. Bu fikiri şair:

 

Əzəldən də əzəldir onun varlıq hikməti,

Əbədlərdən əbəddir, çəkməz ədəm minnəti

Odur qədim dünyanın sərkərdəsi, dayağı" -   şəklində ifadə edir.

 

Sonra Yaranışın əzəli, ilkin təməli hesab olunan Sudan, Torpaqdan, Oddan, Göydən söz açır.

 

Bu misralarda  təməl ünsürlər səpələnmiş şəkildə verilməklə şairin özünün dediyi kimi "mahir usta əliylə" qədim ("köhnə") mifoloji təfəkkürün Yaranışla bağlı elementləri "təzə"ilə, öz dövrünün vahid yaradıcısı kimi qəbul edilən Allahın iradəsi ilə bağlanır və pərdələnir.

 

Tövhid və minacat bölməsində də, Nizami tək, vahid varlıq kimi "yenini" - Allahı mədh edir, lakin "qədim"ə, qədim dünyagörüşə ehtiyatla, dolayı tərzdə diqqət yönəldir.

 

Şair özünə xitab edirmiş kimi fikrini belə çatdırır:

 

"Yetər dünyanın yeni yolundan çalmaq yetər,

Bir pərdə də o qədim yoldan çalıb iş göstər.  

 

Qədim yol isə 4 ilkin, ölməz ünsürü ilahiləşdirərək Tanrı səviyyəsinə qaldıran şumer-türk yoludur. Belə ki, bu ünsürlərin hər biri digərinə çevrilə bilən və Yaranışın başlanğıc, təməl ünsürü kimi təzahür edən həmişəyaşar varlıqlar kimi qəbul edilir. Sadaladığımız faktlar iki mühüm nəticəyə gətirir:

 

1.Nizami Gəncəvi "Sirlər xəzinəsini" farsca yazsa da, Yaranış məsələsində bütünlüklə türk-şumer mifoloji dünyagörüşunə və modelinə istinad edib.

 

2.Qədim yunan fəlsəfəsi türk-şumer Yaranış mifləri və mifoloji yaranış modeli üzərində qurulub.

 

Bu nəticələri bugünkü həyatımızda 4 ünsürlə bağlı keçirilən Novruz rituallarında da görmək olur. Yəqin ki, hər bir Azərbaycan ailəsinin həyatına daxil olmuş Novruz  çərşənbələrinin 4 ünsürlə bağlılığı, yəni, Su çərşənbəsi, Od çərşənbəsi, Hava və Torpaq çərşənbələrinin Yunan filosoflarından əxz edildiyini qəbul etmək məntiqsiz olardı.

 

Fikirlərimizi ümumiləşdirsək, inamla qeyd edə bilərik ki, Nizami öz "Xəmsə"sində bu və ya digər dərəcədə batini-ezoterik səciyyəli məsələləri müxtəlif eyham və işarələrlə əks etdirib.

 

(Yazı ixtisarla dərc olunub)

 

Razim ƏLİYEV

Tədqiqatçı

 

525-ci qəzet.- 2021.- 24 dekabr.- S.12.