Qüdrətli rəhbər, müzəffər
sərkərdə
Prezident İlham Əliyev
60 yaşını Qalib Ali Baş Komandan, dünyada nüfuzlu
siyasi lider kimi qeyd edir
Bu gün ömrünün yeni bir müdriklik çağını - 60 yaşını bütün Dünya azərbaycanlıları olaraq hamılıqla qeyd etdiyimiz Azərbaycan Prezidenti, Ali Baş Komandan, Böyük Zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsindəki qələbəmizin memarı cənab İlham Əliyevin fəaliyyəti dövlətimizin başçısı seçilməzdən xeyli əvvəl - hələ
Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışdığı dövrlərdən ictimaiyyətin gözü qarşısında idi. Cənab Prezident Azərbaycan
mətbuatında ilk böyük müsahibəsini 1998-ci ilin
oktyabrında məhz "525-ci qəzet"ə vermişdi. "Neft bizim
üçün məqsəd yox, vasitə
olmalıdır" başlıqlı həmin müsahibədə
İlham Əliyev Azərbaycanın gələcəyi və
iqtisadi inkişafı ilə bağlı proqnozlarını
açıqlamışdı.
Həm bu müsahibəni, həm də ümumən
İlham Əliyevin 1998-2003-cü illərdəki siyasi fəaliyyəti
ilə bağlı "525-ci qəzet"də dərc
olunmuş yazıları ayrıca kitab halında nəşr
etdirmişdik.
Təxminən 18 il əvvəl işıq üzü görən,
"Siyasi olimpə doğru" adlanan həmin kitabda İlham
Əliyevin fəaliyyəti müxtəlif yönlərdən
işıqlandırılmış, ayrı-ayrı müəlliflərin
öz yazılarında onun Azərbaycanın Avropa
Şurası Parlament Assambleyasındakı nümayəndə
heyətinin rəhbəri kimi hər bir sənədə necə
böyük həssaslıqla, dərin məsuliyyət hissi ilə
yanaşması, Azərbaycanın milli maraqlarına, dövlət
mənafeyinə cavab verən hər bir ifadənin
Assambleyanın sənədlərinə salınması
yönündəki ardıcıl fəaliyyəti barədə ətraflı təhlillər
yer almışdı. Zaman-zaman İlham
Əliyevin atdığı hər bir addımın
arxasında gələcəyə hesablanmış
böyük məqsədlərin dayandığı öz təsdiqini
dəfələrlə tapmış oldu.
2003-cü ilin Prezident seçkisi ərəfəsində
dövlətimizin başçısı - Ümummilli lider
Heydər Əliyev Klivlenddən Azərbaycan ictimaiyyətinə
ünvanladığı müraciətində Prezidentliyə
namizəd İlham Əliyevə böyük inamını
ifadə edərək xalqı seçkilərdə onun namizədliyini
dəstəkləməyə çağırdı. Ulu öndərin
"Mən İlham Əliyevə özüm qədər
inanıram" sözləri ictimaiyyətdə ona sonsuz etimad
yaratmaqla bərabər, Azərbaycanın gələcək
taleyi ilə bağlı müəyyən tərəddüd və
nigarançılıqlara da son qoydu. Düzdür, arxada
qalan bu illər ərzində dövlət
başçısı kimi İlham Əliyevi kifayət qədər
yaxından tanımaq imkanımız olmuşdu, ölkədə
aparılan çoxşaxəli islahatların, gerçəkləşdirilən
genişmiqyaslı, saysız-hesabsız layihələrin Azərbaycanın
sosial-iqtisadi, ictimai-mədəni həyatında ciddi
dönüş yaratdığını, əhalinin sosial
rifahının ildən-ilə daha da
yaxşılaşdırılması istiqamətində ciddi
uğurlar qazanıldığını, xarici siyasət
kursundakı incə və peşəkar korrektələrin
dövlətimizin beynəlxalq aləmdə nüfuzunun
artırılması baxımından böyük əhəmiyyət
daşıdığını dəfələrlə
görmüşdük. Amma 2020-ci ilin 27 sentyabrında
başlanan 44 günlük Vətən müharibəsində
dövlət başçısı kimi İlham Əliyevin
yeni və çox önəmli digər keyfiyyətlərini
böyük qürur hissi ilə müşahidə etdik, məğrur,
qətiyyətli, əyilməz Ali Baş Komandan obrazına
heyran qaldıq və Ümummilli liderin həmin sözlərini
dönə-dönə yenidən xatırladıq.
Bu günlərin təəssüratı ilə mən,
qeyri-ixtiyari olaraq, 1995-ci ildə Ulu öndər Heydər
Əliyevin Xocalı sakinlərilə keçirdiyi
görüşü xatırladım. Həmin görüşdən bir qədər
əvvəl Ümummilli lider 26 fevralın hər il Azərbaycanda Xocalı
soyqırımının anım günü kimi qeyd
olunması ilə bağlı fərman imzalamışdı.
Görüşdə Xocalı sakinlərini dinlədikcə
gözlərindən kədər yağan Heydər Əliyev -
bir vaxtlar SSRİ kimi nəhəng, dünyanın super dövlətlərindən
birinin rəhbərlərindən olmuş böyük siyasətçi
xeyli üzgün halda dərindən köks ötürsə
də, əminliklə ifadə etmişdi ki, mülki insanlara
qarşı belə qəddarlıq heç vaxt cəzasız
qalmayacaq, bu soyqırımı törədənlər bir
gün mütləq öz cəzalarını alacaqlar.
Ümummilli lider bu fikirləri dilə gətirəndə
Azərbaycan müstəqilliyini yeni bərpa etmiş, iqtisadi cəhətdən
zəif bir dövlət idi. Dağlıq
Qarabağ münaqişəsilə bağlı çətin
danışıqlar prosesi gedirdi. Bu sözləri deyərkən
sanki Heydər Əliyev bir yandan gələcəyə ümid
bəsləyir, Azərbaycan xalqının bir gün bu
qisası alacağına inanır, bir yandan da BMT-nin məlum qətnamələrinin
icra olunmadığı, dünyada ikili standartların hökm
sürdüyü və bizim faciələrimizə biganə
yanaşıldığı, özümüzün isə zəif
olduğumuz bir vaxtda ilahi ədalətə, ilahi qüvvənin
köməyinə inamını ifadə edirdi. Həmin an
1992-ci ilin fevralında, o faciəni
yaşadığımız günlərdə Ağdama pənah
gətirmiş Xocalı sakinlərinin ah-fəryadı, tez-tez
onların dilindən eşitdiyim "Allah bu zülmü yerdə
qoymaz" sözləri yadıma düşmüşdü. Hələ də xatırlayıram, məhz o zaman bu
faciəni yaşayan, gücsüz və çarəsiz vəziyyətdə
olan insanların tək ümidi Allaha idi.
Mərhum
Xalq şairimiz Vaqif Səmədoğlunun belə bir misrası
var: "Allaha kömək vaxtıdır". Mənə elə
gəlir ki, əvvəl Heydər Əliyevin, daha sonra isə
İlham Əliyevin Xocalı faciəsini dünyaya tanıtmaq,
erməni faşizminin mahiyyətini faş etmək, həm
dövlətimizin, həm də ictimai təşkilatların
bu məqsədlə gördüyü işlər,
"Xocalıya ədalət" kampaniyası, bütün
beynəlxalq qurumlarda qəbul olunan sənədlər, hər
deyilən söz, hər işlədilən kəlmə, hər
görülən iş, atılan hər qətiyyətli
addım bu illərdə məhz Allaha ilahi ədalətin bərpası
naminə kömək cəhdləri idi.
İşğalçı düşmənə, erməni
faşizminə layiqli cəzanın verilə biləcəyi məqamı
isə "Mən nəyi nə zaman edəcəyimi bilirəm"
deyən Prezident İlham Əliyev hamımızdan çox
gözləyir və hər birimizdən də yaxşı
duyub dərk edirdi. Bu illər ərzində təcavüzkarın
törətdiyi vəhşiliklərə, Dağlıq
Qarabağdakı xunta rejiminin çıxardığı
çirkin oyunlara böyük təmkin və səbrlə
yanaşırdı.
2020-ci il
oktyabrın 4-də, Vətən müharibəsinin
başlanmasının 8-ci günündə Cəbrayıl
şəhərinin işğaldan azad olunması münasibətilə
xalqa müraciətində biz Azərbaycan rəhbərini məğrur,
müzəffər və qətiyyətli Ali Baş Komandan kimi
bir daha gördük və buna ürəkdən, bütün
varlığımızla inandıq. O, "Bizim müqəddəs
şəhərimizi murdarlayırlar" deyə Şuşa haqqında danışır, Cəbrayılın
işğaldan azad olunmasını böyük fəxarət hissilə
vurğulayırdı. Ali Baş Komandanın
"Bizim işimiz haqq işidir, biz qalib gələcəyik"
sözləri isə həmin o ilahi ədalətin təcəlli
etdiyini, o müqəddəs anın artıq gəlib
çatdığını göstərirdi. Prezident
İlham Əliyevin ən yaxın silahdaşı, Birinci
vitse-prezident Mehriban Əliyevanın elə o ərəfələrdə
sosial şəbəkələrdə paylaşdığı
"Qoy uca Tanrı hər bir Azərbaycan vətəndaşına
müqəddəs Qarabağ torpağını öpməyi
nəsib etsin" sözləri isə Azərbaycan xalqında
torpaqlarımızın işğaldan tamamilə azad
olunacağına, üçrəngli
bayrağımızın Şuşada
dalğalanacağına sonsuz əminlik yaratdı. Əsgər və zabitlərimizin, ümumən
ordumuzun, insanlarımızın böyük ruh yüksəkliyi
də bundan xəbər verirdi. Azərbaycan Prezidenti hər
çıxışı ilə həm xalqa böyük ruh
verir, həm də xarici ölkələrin nüfuzlu media
orqanlarına verdiyi müsahibələri ilə uzun illərdən
bəri informasiya savaşında üzləşdiyimiz
bütün sədd və baryerləri öz dəmir məntiqi
ilə vurub dağıdır, savaş meydanında hər
gün irəliləyən şanlı ordunun Ali Baş
Komandanı, siyasət meydanında güclü təzyiqlərə
sinə gərən qüdrətli dövlət xadimi kimi
davamlı olaraq zəfər tariximizin parlaq səhifələrini
yazırdı.
Şəhər və kəndlərimiz bir-birinin
ardınca azad olunduqca xalqa müraciətləri ilə
insanları dərindən təsirləndirib kövrəldən,
eyni zamanda həm də ruhlandıran Prezident İlham
Əliyevin təhkiyəsi, danışıq üslubu, ürəkdən
tikan çıxaran sözləri hər birimizin
könlünü oxşayırdı. "Azərbaycan
xalqının ləyaqəti bərpa olunur" deməklə
xalqın qürurunu özünə qaytarır,
"Şuşasız bizim işimiz yarımçıq
qalar" sözləri ilə hər birimizin içindəki
mübhəm, nisgilli arzunun həyata keçəcəyinə
inamı daha da gücləndirirdi.
Hələ
2013-cü ildə jurnalistlər üçün inşa
olunmuş yaşayış binasının Prezident İlham
Əliyevin də iştirak etdiyi açılış mərasimindəki
çıxışım zamanı dövlət başçısının
öz 50 illik yubileyini Ağcabədidə, Taxta körpüdə
laçınlı məcburi köçkünlərlə
keçirdiyini yada salaraq, bu addımın böyük jest,
eyni zamanda, işğalçı dövlətə bir mesaj
olduğunu bildirmişdim. Çıxışımda
Şuşanı da xatırlamış, İlham Əliyevin hələ
1980-ci illərin əvvəllərində valideynlərilə
birlikdə Şuşada, Cıdır düzündə
olduğunu qeyd etmişdim. Şübhəyə yer qoymayan bir əminliklə
Prezidentə xitabən demişdim ki, biz inanırıq, Sizin
Ali Baş Komandanlığınızla torpaqlarımız
işğaldan azad ediləcək, Azərbaycan bayrağı
Şuşada dalğalanacaq və bir gün Siz Azərbaycan
yazarlarının əsərlərində nisgilli bir ah kimi
keçən Cıdır düzünün həndəvərində
yaradıcı insanlar üçün bir
yaradıcılıq evinin təməlini qoyacaqsınız. Həqiqətən də, istər həmin vaxt, istərsə
ondan sonrakı illərdə yaradıcı insanların
içində bu möhtəşəm arzunun bir gün
mütləq gerçəkləşəcəyinə sonsuz
inam həmişə, hər saat olub.
Noyabrın 8-də - Şuşanın azad edildiyi möhtəşəm
Zəfər günündə Ümummilli liderin məzarını
ziyarət edərkən müzəffər Ali Baş
Komandanın "Xoşbəxt insanam ki, ata vəsiyyətini
yerinə yetirdim" və Şəhidlər xiyabanında dilə
gətirdiyi "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa,
biz qayıtmışıq! Əziz Şuşa,
biz səni dirçəldəcəyik!" sözləri
uşaqdan böyüyə qədər hamının dilinin əzbərinə
çevrildi.
Böyük
Zəfərimizdən sonra Cəbrayılda, daha sonra Ağdam
Cümə məscidinin önündə
çıxış edən Ali Baş Komandan deyirdi: "Azərbaycan
xalqının cəlladları, Xocalı cəlladları, biz
sizi məğlub etmişik, sizin ordunuzu məhv
etmişik". Həmin an Ümummilli liderin
Xocalı sakinləri ilə görüşdə əminliklə
dediyi fikirləri xatırlayır və ilahi ədalətin bərpa
olunduğunu, qatillərin məğlubiyyətini
düşünürdüm.
Möhtəşəm
qələbədən sonra, yanvarın 14-də Şuşaya
ilk səfəri zamanı Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dilindən
möcüzə şəhər haqqında o gözəl və
səmimi sözləri eşitdik: "Biz dünən gecə
Şuşada qalmağa qərar verdik, halbuki Bakıya
qayıtmalı idik. Ancaq mən hesab etdim ki,
mütləq gecə Şuşada qalmalıyıq. Çünki Azərbaycan Prezidenti ilk dəfədir
ki, Şuşaya gəlib. Bizim müstəqilliyimizin təxminən
otuz yaşı var. Ancaq bu otuz il ərzində birinci dəfə
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan
Şuşaya gəlib, Şuşada qalıb və
sözün düzü, Şuşadan getmək istəmir. Şəhərin nadir memarlığı, relyefi, təbiəti,
havası, aurası təkrarolunmazdır. Bir
daha gördüm ki, bu şəhərin nadir aurası, təbiəti,
memarlığı bizim böyük sərvətimizdir".
Dövlət başçısı martın 16-da -
Novruz bayramı ərəfəsində ilaxır çərşənbəsi
günü yenidən Şuşaya səfər etdi. Bu səfər zamanı Cıdır
düzündən xalqa müraciət edən dövlət
başçısı Şuşanın və azad edilən
bütün torpaqların sürətlə bərpa
olunacağını vurğuladı: "Şuşa bizim qədim
şəhərimizdir. Erməni təbliğatı,
saxta alimlər, fırıldaqçı siyasətçilər,
beynəlxalq dairələr nə qədər desələr də,
xeyri yoxdur, tarix var. Pənahəli xan Şuşanın təməlini
qoydu, Şuşanı tikdi, qurdu. Biz isə
Şuşanı əsarətdən çıxardıq və
xalqımıza qaytardıq, dövlətimizə qaytardıq.
Şuşa qədim Azərbaycan şəhəridir,
həmişə belə olub. Son 28 il
ərzində mənfur düşmən nə qədər
çalışsa da, Şuşanın Azərbaycan ruhunu, Azərbaycan
görkəmini dəyişdirə bilməyib. Biz
Şuşanı bərpa edəcəyik, mütləq bərpa
edəcəyik. Biz nəinki
Şuşanı, azad edilmiş bütün torpaqları bərpa
edəcəyik".
Cənab Prezident hər dəfə Şuşada olarkən
müqəddəs şəhərimiz barədə dərin mənalı,
sevgi dolu fikirlər səsləndirir. Mayın 12-də Cıdır
düzündə "Xarıbülbül" musiqi
festivalının açılışındakı
çıxışına "Biz Şuşanın
azadlığını qəhrəman əsgərlərimizə
borcluyuq" sözlərilə başlayan dövlət
başçısı işğaldan azad olunandan sonra
Şuşaya üçüncü dəfə gəldiyini
dedi: "Mən, artıq 3-cü dəfədir,
Şuşadayam və demişəm ki, hər dəfə bura
gələndə burada qalmaq istəyirəm, buradan
ayrılmaq istəmirəm. Şuşanın
özünəməxsus aurası var. Mən dünyada
Şuşaya bənzər şəhər görməmişəm,
bəlkə də yoxdur".
Azərbaycan
Prezidentinin Şuşa sevgisi ilahi sevgidir.
Avqustun 29-da başlanan Vaqif Poeziya Günlərində Şuşa haqqında danışarkən onun
çöhrəsini ilahi bir nur bürümüşdü. O
qədər şövqlə, ürəkdən, içdən
danışırdı ki, bu sevginin hərarəti dinləyənlərə
də sirayət edir, onları da ovsunlayır,
Şuşanı görməyənlər də,
tanımayanlar da bu möcüzə-şəhərin
heyranına çevrilirdi. Hər sözündə,
hər kəlməsində Şuşaya canlı insan kimi xitab
edir, sanki canlı insanla təmas yaradırmış kimi onunla
qəribə bir canıyananlıqla ünsiyyət qururdu.
Azərbaycan Prezidentinin diqqəti daha çox cəlb edən
addımlarından biri də Ali Baş Komandan kimi hər zaman
ordumuza göstərdiyi həssas münasibət, böyük
diqqət və qayğıdır. Böyük zəfərimizi
şərtləndirən başlıca amillərdən biri də,
bəlkə, elə bu diqqət və qayğı idi. Təsadüfi deyil ki, bir qayda olaraq öz
çıxış və nitqlərində Azərbaycan əsgərinin
döyüş əzmini yüksək qiymətləndirən
dövlət başçısı Zəfər
gününü də məhz Şuşada, məhz hərbçilərlə
birlikdə qeyd elədi.
Sonsuz
sayğıya, böyük ehtirama layiq Şuşa sevgisi budur!.. Bu sevginin daha bir təcəssümü kimi
bu il iyun ayının 15-də iki qardaş ölkə - Azərbaycan
və Türkiyə arasında imzalanan müttəfiqlik sənədi
- Şuşa bəyannaməsi həm də bu doğma, müqəddəs
şəhərə verilən böyük dəyər
mənasında simvolik məna kəsb edirdi.
Diqqət yetirsək, görərik ki, Azərbaycan-Türkiyə
münasibətlərinin böyük sürətlə,
ardıcıl inkişafı daima Prezident İlham Əliyevin
uzaqgörən və məqsədyönlü siyasətinin
prioritetlərindən olub. Cənab Prezident Türkiyə barədə
həmişə o qədər ürəkdən
danışır, bu qardaş ölkə haqqında fikirlərini
elə böyük səmimiyyətlə ifadə edir ki, o
sözləri adi diplomatik mətn kimi dinləmək olmur:
"Türkiyənin hərbi sənaye kompleksi, həqiqətən
də, möcüzələr göstərir. Bu avadanlıq
bizə döyüş meydanında çox kömək
edir... Türkiyə, əfsuslar olsun ki, indi
müxtəlif avropalı siyasətçilərin hücumuna
məruz qalır. Türkiyəni qaralamaq cəhdləri
var. Türkiyəni şantaj etmək, ona təzyiq göstərmək
cəhdləri var. Bu, tamamilə qəbuledilməzdir.
...Biz Türkiyə hərbi avadanlığını
alırıq və almağa davam edəcəyik".
İnamın, etibarın, sədaqətin, əbədi
qardaşlığın bundan möhtəşəm ifadəsi,
açıq nümayişi varmı?
Tarixdə bəzən ən xəyalpərvər
adamların da təsəvvür edə, təxəyyülünə
gətirə bilməyəcəyi hadisələr baş verir. Son bir ildə
biz Azərbaycanın timsalında belə möcüzələrin
bir neçə dəfə şahidi olduq. Bu
möcüzələrdən biri də bir neçə ay
öncə - avqustda Laçın rayonunun Qorçu kəndi ərazisində
Laçın Beynəlxalq Hava Limanının təməlinin
qoyması ilə baş verdi. Dəniz səviyyəsindən o qədər
hündürlükdə, elə bir relyefdə hava
limanının tikilməsi, doğrudan da, ağlasığmaz
hadisə idi. Prezident İlham Əliyevin təbirincə
desək, "...indi bunu təsəvvür etmək belə
çətindir, dünya tarixində belə relyefdə bəlkə
də ilk dəfə hava limanı tikilir. Çünki
bütün hava limanları adətən düzən ərazidə
inşa edilir".
Dağların zirvəsində - Laçının, Kəlbəcərin,
Şuşanın ortasında bir gün hava limanının
tikiləcəyini xəyal etməyin, təsəvvürə gətirməyin
özü belə, bir hünər idi. Bu xəyalın
reallaşması isə böyük iqtisadi güc və
peşəkar mütəxəssis əməyindən əlavə,
həm də sarsılmaz iradə, əzm, inam və əlbəttə,
böyük sevgi istəyir. Bunu yalnız
bütün bu keyfiyyətləri özündə cəmləşdirən
tarixi şəxsiyyət bacarardı. Və necə ki
bacarır!
Prezident
İlham Əliyev rəhbəri olduğu dövləti həm
sosial-iqtisadi baxımdan inkişaf etdirən, həm beynəlxalq
aləmdə nüfuzunu artıran, regionda aparıcı
ölkəyə çevirən və ən əsası,
bütün bu nailiyyətləri hərbi qələbələrlə
taclandıran müdrik dövlət xadimi, Müzəffər
Ali Baş Komandan kimi bu gün dünya arenasında
böyük siyasi lider kimi önəmli bir mövqedə qərar
tutub. Uzağa getməyək, bu il
oktyabrın 15-də MDB Dövlət Başçıları
Şurasının videokonfrans formatında keçirilən
iclasında Azərbaycan Prezidentinin
çıxışını xatırlayaq. Riyazi
dəqiqliklə hesablanmış, praqmatik
çıxışı ilə cənab prezident əsl
dövlət başçısına xas təmkinlə,
tutarlı arqumentlərlə unudulmuş bir məqam, bir
nöqtə də buraxmadan düşmənin bütün
yalanlarını alt-üst etdi.
Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında 30 ilə yaxın düşmən işğalında olan torpaqlarımızın azad edilməsi ilə Azərbaycan xalqı Böyük Zəfərə şahidlik etdi, Azərbaycan tarixinə bugünəcən rast gəlinməyən Şanlı Zəfər səhifələri yazıldı. Əzəli torpaqlarımızın düşmən əsarətindən qurtulması, prezidentin öz sözləri ilə desək, mədəniyyətimizin incisi olan şəhərimizin Azərbaycana qaytarılması ilə həm də xalqımızın ləyaqəti, qüruru özünə qaytarıldı. Azərbaycan xalqının içindən gələn arzuları həyata keçirməklə dövlətimizin başçısı həm də Azərbaycan yazıçılarına, mədəniyyət və incəsənət xadimlərinə, yaradıcı insanlara bir ruh bəxş etdi, onlara böyük yaradıcılıq ehtirası, gələcək üçün tükənməz stimul verdi. Bu gün hər birimizin qəlbində sarsılmaz bir əminlik var ki, çox keçməyəcək, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ ən müasir səviyyədə tərəqqi tapacaq, Ağdamda 300 min nəfərlik müasir tipli şəhər qurulacaq, Qarabağ xanlığının əsasını qoyan şəxsiyyətlərin uyuduqları müqəddəs İmarət məbədi bərpa olunacaq, mədəniyyət paytaxtımız Şuşanın gözəlliyi birə on artacaq, işğaldan qurtulmuş ərazilərimizin yeni abad mənzərəsini dünya heyrətlə izləyəcək. Bu gün neçə-neçə insanın ürəkdən gələn, səmimi müraciətlərində deyildiyi kimi, xalqımız - uşaqdan-böyüyə hər kəs bu Böyük Zəfərin memarı kimi öz qəlbində Prezident İlham Əliyevin əzəmətli abidəsini ucaldıb. Millətimiz öz keçmişinə, tarixinə sahib çıxan, bugünkü və sabahkı rifahını qurub-yaradan, ilahi ədaləti və ərazi bütövlüyümüzü bərpa edən Prezident İlham Əliyevin bu yolla həm də Allaha yardımçı olan qətiyyətli addımlarını heç vaxt unutmayacaq.
Cənab Prezident! Bu gün Siz 60 yaşınızı Müzəffər Ali Baş Komandan kimi bütöv - Şuşalı, Qarabağlı Azərbaycanın rəhbəri, bütün türk dünyasının və dost ölkələrin sevimli siyasi xadimi kimi qeyd edirsiniz. Biz Sizinlə qürur duyur və bu böyük sevinc duyğularını bizlərə yaşatdığınıza görə Sizə öz dərin minnətdarlığımızı bildiririk.
Ad
gününüz mübarək, cənab Prezident!
Tanrı Sizi qorusun!
Rəşad
MƏCİD
Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in
baş redaktoru
525-ci qəzet.- 2021.- 24 dekabr.- S.6-7.