Dul qadının tənhalığı  

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Qadınlar ailədə hökmranlığa can atırlar

 

Ümumiyyətlə, qadınlar bir sirr dünyasıdır ki, onları dərk etmək, tədqiq etmək də çətindir. Qadının gətirdiyi xoşbəxtliyin də, bədbəxtliyin də həddi yoxdur, adi ölçülərlə ölçülə bilmir. Onlar ərlərini çox vaxt öz hakimiyyətləri altına salmağa çalışır, əsasən də buna nail olurlar. Adətən, belələri gözəl olurlar və təbiətin bəxş etdiyi bu nemətdən öz xeyirləri üçün izafi qaydada istifadə etməyə çalışırlar. Onlar üçün bu, ən kəsərli silah rolunu oynayır, belə qadına evlənən özünü xoşbəxt hesab edir, lakin az sonra yanıldığının şahidi olur, çünki arvadı onu daim itaətdə saxlamağa çalışır, ona qula, köləyə olan bir münasibət bəsləyir. Onlar ərlərinin yuxarı ictimai pilləyə yüksəlməsinə də əhəmiyyət vermir, onu idarə etməklə, əslində, özünü mütləq monarx kimi aparır. Qədim Yunanıstanda bir hökmdardan soruşduqda ki, ölkədə ən böyük adam kimdir, o, birbaşa kiçik oğlunun adını çəkmişdi. Buna təəccüb edildiyini gördükdə, izah etməyə başlamışdı:

 

- Mən xalqa rəhbərlik edirəm, arvadım məni idarə edir, kiçik yaşlı oğlum isə onu öz tabeliyində saxlayır, beləliklə, kiçik yaşlı oğlan hamının - xalqın, mənim və arvadımın böyüyüdür. Əlbəttə, uşaq anasına güclü təsir göstərəndə, bu təsir həm də hökmdar olan ataya və onun idarə etdiyi ölkəyə keçir.

 

Əsas məsələ arvadın əri üzərində hakimiyyətidir. Bir çox hallarda bu, dözülməz xarakter alır, ərinin vəzifə səlahiyyətlərinə müdaxilə etməklə, qarışmaqla onu çaş-baş salır və əhali içərisində biabır olmasına səbəb olur. Azərbaycanda XX əsrin ikinci yarısında rayon partiya komitəsinin birinci katibləri çox asanlıqla əldə etdikləri hədsiz hakimiyyətə görə cızıqdan çıxır, özünü xırda ərazilərdəki xanlar kimi aparırdılar. Həmin xanlar yalnız iri dövlətləri təmsil edən adamlardan qorxurdular. Qurbanəli bəy kəndliləri adam saymadığı halda, rus uryadniki qarşısında baş əyir, onu çar Nikolayın birbaşa nümayəndəsi hesab edirdi, itinə də qılıqlanırdı. 1970-ci illərin əvvəllərində bir iri rayonun birinci katibi çıxışlarında birinin əyri yolla var-dövlət qazandığını qeyd etdiyinə görə onun cəzalandırılmalı olduğunu dedikdən iki-üç gün sonra həmin adamı, o, qadın idi, ticarət idarəsinə rəhbər təyin etmişdi və camaat başa düşürdü ki, bu təyinatda rüşvət öz işini görmüş, katibin özünün əvvəlki sözlərinə zidd çıxmasına da şərait yaratmışdı.

 

Rayon mərkəzinin bəzi sakinləri arvadının onun üzərində mütləq hakimiyyətə malik olduğunu bildiklərindən, katibin arvadına rüşvət yolunu tapanlar da olurdu. Onlardan biri partiya konfransının yaxınlaşdığına görə, müəyyən məbləğ əsasında arvada xahiş etmişdi ki, ərinə tapşır, məni konfransda raykomun üzvü seçsin. Arvad isə partiya quruculuğu barədə naşılığına görə, yalnız hakimiyyət orqanı kimi raykomun bürosunun adını eşitmişdi. Ona görə də əri evə gələn kimi amiranə qaydada dedi ki, filankəsi, yəni ona rüşvəti əvvəlcədən verəni büro üzvü seçməlisən. Əri etiraz etməyə başladı, cəmi 9, ya 11 büro üzvü olur, onlar da müəyyən vəzifə sahibləri ilə yanaşı, bir sıravi kolxozçudan və ya sovxoz fəhləsindən ibarət olur. Mən bunu edə bilmərəm.

 

Arvadı qışqırmağa başladı:

 

- Edə bilərsən, daha doğrusu, etməlisən, bunu mən sənə deyirəm.

 

Əri bir neçə gün evə gələn kimi arvadı söhbəti təzələyir və ərinə ultimatum verirdi. Konfransa bir həftə qalmış yenə ərindən o adamı siyahıya salıb-salmadığını soruşduqda, əri hirslə dedi:

 

- Lap məni öldürsən də, mümkün deyil.

 

- Dünyada mümkün olmayan şey yoxdur, mən demirəm ki, onu Bakıda iri vəzifəyə qoy. Bu rayon sənindir, nə istəsən edə bilərsən, o adam hökmən büro üzvü olmalıdır. Əgər dediyimi etməsən, konfransdan sonra evə gəlmə, səni evə buraxmayacağam, bu yolla da səni biabır edəcəyəm.

 

Birinci katib arvadına bələd olduğundan onun hədəsindən qorxmağa başladı. Ona görə də həmin adamı yanına dəvət etməyi şöbə müdirinə tapşırdı. Bir neçə saat sonra katibə çağırılan adamın gəldiyini bildirdi və onu kabinetə dəvət etdi.

 

Rayonda onu həyasız, dələduz adam kimi tanıyırdılar. Vaxtilə Bakı-Tbilisi qatarında yol bələdçisi işləmişdi, qumar vasitəsilə pul qazanmağı və spirtli içkiyə hədsiz aludəçiliyi də orada öyrənmişdi. Oturan kimi həyasızcasına irişib, birinci katibə dedi ki, əvvəlkilər də öz yaxın dəstəsinə malik olurdu, siz də ətrafınıza sədaqətli adamları yığmalısınız. Mənim kimilərdən yapışmaq lazımdır, elə etməliyik ki, heç kəs baş qaldırmasın, biz mövcud klanları da məhv etməliyik, rayonda birinci katibin ətrafı sayılan adamlar yeganə nüfuzlu qüvvəni təmsil etməlidir.

 

Katib bu adamın belə özündən razılığına, ona yol göstərməsinə təəccüb qalmışdı. Bu, büro üzvü olsa, hamının yanında onun özünə də göstəriş verəcəkdi. Ona görə də birbaşa mətləbə keçdi:

 

- Yaxşı, bu nə söhbətdir, yəni belə yuxarı dırmaşmaq, büro üzvü olmaq istəyirsən? Sən büro üzvü seçilsən, o konfrans iştirakçıları, rayon camaatı nə deyər? Heç olmasa bunları fikirləşmisən? Niyə mənə belə təzyiq göstərirsən, çıxılmaz vəziyyətə salırsan, bunun axırı necə ola bilər?

 

İddiaçı həyasızlığını yerə qoymayıb, hörmətdən uzaq olan qaydada katibə müraciət etdi:

 

- Əşi, bir dayan ey, sən nə danışırsan? Nə büro üzvü, bunu sənə kim deyib, mən sənə belə bir şey xahiş etmişəm? İndi də mənim üstümə düşürsən.

 

- Kimə dediyini bilmirsən? Səyyarə xanımdan bunu sən özün xahiş etməmisən? Arvad neçə vaxtdır evə çatan kimi qanımı qaraldır.

 

Birinci katib bu sözləri deməklə, belə həyasız adama öz zəifliyini göstərdi və o da katibə yazığı gələn qaydada dedi:

 

- Həzrət Abbas haqqı, mən elə şey deməmişəm. Səyyarə xanım nəcib qadındır, mənim də xətrimi çox istəyir. Özü konfransda çox şeyin dəyişiləcəyindən, çox papaqların boş qalacağından danışdı, mən də onu dedim ki, Həsənqulu müəllimə de, qoy məni plenum üzvü seçsin. O da heç nə soruşmadan dedi ki, arxayın ol, hər şey bizim istədiyimiz kimi olacaqdır. Mən ona büro üzvü sözünü deməmişəm, istəyirsən Quran gətir, and içim, eşitmişəm ki, dindar adamsan, məscidin mollaları da əllərinə düşəndən sənə hədiyyələrini kəsmir.

 

Katib gördü ki, söhbət uzandıqca bu səfeh danışıqlarının şiddətini artıracaq, ona görə də onun sözünü kəsib dedi:

 

- Bizim görüşümüz barədə heç kəsə heç nə demə. Mənə dediklərini get Səyyarə xanıma başa çal. Xahişinə isə bir yol tapacağam.

 

Axşam evə gələndə, arvadının sifəti açılmışdı.

 

- Bugünkü görüşünü mənə dedilər, büro üzvü olsa, daha yaxşı olardı, ancaq plenumdur, mulenumdur-nədir, ora seçmək istəyirsən, etiraz etmirəm. Qorxaqlığın başına bəla olacaqdır. Sənin yerinə mən olsam, rayonu barmağımda fırladardım. Bu da haqsızlıqdır ki, dəvəquşunun qanadı yoxdur, uça bilmir. Uça bilsəydi, bütün vəhşi heyvanlar onun caynaqlarından qorxardı. Mənə isə sərçə qanadları vermişdir, bu, olduqca böyük haqsızlıqdır, iştahıma görə mən ən azı qartal olmalıydım.

 

Əri onu sakitləşdirmək istəmədi, xoşuna gəlməyən bir söz desəydi, mərəkə qoparardı. Onsuz da rayon camaatının qulağı səsdədir, şayiə də gəzir ki, Həsənqulu müəllimdən yaxşı çoban olar, adamlara rəhbərlik etməyi bacarmır. Mərkəzi Komitəyə gedən ərizələrdə arvadının rayonu idarə etməsinə qarşımasını, ikinci rüşvət mərkəzinin yaratmasını yazırdılar.

 

Nəhayət, konfrans oldu və rayon partiya komitəsi üzvlüyünə namizədlərin siyahısı oxunduqda, hamı təəccüb qaldı, pıçıltı başladı ki, adı çəkilən Səyyarə xanımın namizədidir, mütləq seçilməlidir, yoxsa Həsənqulu müəllim evdə ağır zərbə ala bilər. Doğrudan da seçkidə onun əleyhinə səs verənlər oldusa da, lehinə səs verənlər çoxluq təşkil etdiyindən məşhur dələduz seçilənlərin arasında idi. Onsuz da hamı bilirdi ki, siyahıya kim düşmüşdürsə, o da seçiləcəkdir. Partiyanın demokratik mərkəziyyət prinsipi belə səsi çıxmayan, dinməz çoxluğa əsaslanırdı. Bu çoxluq vasitəsi ilə Mussolininin silahdaşını da partiyanın hansısa bir rəhbər orqanına seçmək olardı.

 

Əvvəllər isə, Nikita Xruşşovun ölkədə partiya rəhbəri olduğu dövrdə demokratiyaya meyl güclü idi, böyük vəzifəliləri tənqid etmək, nöqsanlarını onların üzünə demək olardı. Partiya üzvlərinin fəallığını artırmaq üçün rayon partiya konfransları ildə bir dəfə keçirilir, iclas və seçki prosedurları gecə saat 3-ə, 4-ə qədər davam edirdi. Və demokratiya meylləri konfransa yol açdığından, Mərkəzi Komitənin nəzərdə tutduğu kadrın seçilməsi bəzən rədd edilir, onun yerinə hansısa bir nüfuzlu yerli adam seçilirdi.

 

Lakin Azərbaycanda qohumbazlıq, dostbazlıq öz işini görməkdə davam edirdi, öz mövqeyini itirmək istəmirdi. Ona görə də rəhbər vəzifələrə təsadüfi adamların gəlməsinə də sədd çəkilməmişdi. Vaxtilə nisbətən aşağı vəzifələrdə işləyəndə o vaxtkı Mərkəzi Komitənin birinci katibinin çox sayda dostları peyda olmuşdu və onların iştahı heç də köpək balığınkından geri qalmırdı. Onun bir dostu, yaxşı tanıdığı bir neçə adamın rayonlara birinci katib seçildiyini eşitdikdə, respublika rəhbərinə müraciət etmək qərarına gəldi və qəbul otağında MK birinci katibinin qəbuluna düşməyə yazıldı. Səhərisi gün zəng edib, qəbula çağırdılar. Birinci katib onu yaxşı qarşıladığından, ürəklənib dedi:

 

- Gizlətməyəcəm, səndən incimişdim, tanıdıqlarımın hamısını yaxşı vəzifələrə irəli çəkmisən, amma nədənsə məni tam unutmusan. Yarım ildir ki, bekaram, bu boyda respublikada bircə mənə vəzifə tapılmır? İndi ki, sənin əlinin üstündə əl yoxdur. Mən yaxşılığı itirən adam deyiləm, özün də bunu yaxşı bilirsən.

 

Birinci katib dedi:

 

- İnciməyə haqqın var. Başım elə qarışmışdı ki, səni tamamilə yaddan çıxarmışdım. Yaxşı ki, özün yada saldın. Sabah Qərb zonasının böyük rayonlarından birində konfrans keçiriləcək, Mərkəzi Komitə katibi Abdullayev də ordadır. Orada işləyə bilərsənmi, səni ora birinci katib seçək?

İddiaçı ürəklənib dedi:

 

- Niyə işləmirəm, qazandığım təcrübəyə sən özün də yaxşı bələdsən, təkcə bəxtim gətirmədi.

 

Birinci katib köməkçisinə dedi ki, onu rayonda olan MK katibi Abdullayevlə birləşdirsin, heç 5 dəqiqə keçməmiş Abdullayev itaət qaydasında telefonda səsləndi:

 

- Eşidirəm, nə tapşırığınız vardır?

 

- Əvvəlki namizəddən imtina edirik, onu başqa vəzifəyə qoyacağıq. Qatarla sabah göndərdiyim təcrübəli Əfəndiyevi konfransda birinci katib seçərsiniz. O rayonun bəxti gətirdi ki, yaxşı tanıdığım və etimad göstərdiyim bir adamı ora birinciliyə göndərirəm. Plenumda mənim yeni katibə böyük etimad bəslədiyimi hökmən raykomun yeni üzvlərinə çatdır. Bir də rayon əhalisinə mənsub olan malqaranın naxırçısı probleminin necə həll edildiyini öyrən, mən Moskvada MK plenumunda çıxış edib, bu məsələni qabartmaq istəyirəm.

 

İddiaçı yaltaq görkəm alıb, MK-nın birinci katibinə minnətdarlıq etməyə başladı, iki əllə onun yumşaq əlini sıxdı. Oradan birbaşa dəmiryol vağzalına gəlib, çox çətinliklə plaskart vaqona bilet aldı.

 

Qış vaxtı idi. Bakı - Tbilisi qatarı həmin rayon mərkəzinə səhər saat 7-də çatdı. İddiaçı balaca dəllək sumkasını götürüb, vağzal meydanı ilə irəliləyəndə, peysərinə bir qapaz dəydi və sillə, ağır olduğundan o, yerində fırlandı və papağı başından düşdü. Papağını götürüb ona vurana baxanda, bir söz deməyə macal tapmamış, həmin adam üzr istəməyə başladı ki, elə bildim həmişə zarafat etdiyim dostumsan, ona görə belə hörmətsiz hərəkət etdim.

 

(Ardı var)

 

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2021.- 25 dekabr.- S.22.