"Uşaqlarımızın psixiatrik
sağlamlığı dövlət siyasətimizin əsas
prioritetlərindəndir"
Müsahibimiz "Azərbaycan Psixiatriyasına Dəstək"
İctimai Birliyinin sədri, "Nefes" Psixi-Sağlamlıq
Akademiyasının uzman psixiatr həkimi Aydan İsgəndərzadədir.
- Aydan
xanım, tez-tez xarici ölkələrdə beynəlxalq
konfranslarda elmi məruzələrlə
çıxışlar edirsiniz, sosial şəbəkələrdə
aktiv maarifləndirmə fəaliyyətiniz, yerli treninq və təlimlərdə
davamlı iştirakınız diqqət çəkir. Bundan əlavə, regionlara gedərək şəhid,
qazi və aztəminatlı ailələrin uşaqlarına təmənnasız
tibbi xidmət göstərməniz. Rəhbəri
olduğunuz "Azərbaycan Psixiatriyasına Dəstək"
İctimai Birliyi həm tibbi, həm də sosial çevrədə
müsbət imic qazanıb. Söhbətə
də gəlin elə bundan başlayaq, əvvəlcə
özünüzü oxuculara təqdim edin.
-
2014-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin
Müalicə işi fakültəsini fərqlənmə
diplomu ilə bitirmişəm. 2016-2020-ci illərdə
İstanbul Universitetinin Tibb fakültəsinin Uşaq və
yeniyetmə psixiatriyası ixtisasında uzmanlıq təhsili
almışam.
İstanbul Universitetinin Tibb Fakültəsinin Uşaq
nevrologiya bölməsində asistant həkim olaraq
çalışmışam. 2021-dən indiyə kimi "Nefes"
Psixi-Sağlamlıq Akademiyasında Uşaq və Yeniyetmə
Psixiatriyası ixtisasında uzman həkim olaraq
çalışıram.
Dünya şöhrətli psixiatriya alimləri - Prof. Dr.
Nusret Soylu, Prof. Dr. Roy Kiessling, Leigh Povia, Prof. Dr. Zümra Atalay
və digərləri tərəfindən təşkil edilən
çoxsaylı beynəlxalq treninq-təlimlərdə
iştirak edərək sertifikatlara layiq görülmüşəm.
Çoxlu sayda Psixiatriya konqresləri,
simpoziumları və konfranslarında məruzələrlə
çıxış etmişəm. Türkiyə Tibb Dərnəyinin,
Türkiyə Psixiatriya Dərnəyinin və Türkiyə
Uşaq və Yeniyetmələr Psixiatriyası Dərnəyinin
üzvüyəm. Ankarada fəaliyyət
göstərən Türk Dünyası
Araşdırmaları Beynəlxalq Elmlər
Akademiyasının Psixiatriya sektoruna rəhbərlik edirəm.
- Bu
gün ölkəmizdə uşaq psixiatriyası sahəsində
vəziyyət necədir?
- Əvvəlcə uşaq və yeniyetmə
psixiatriyası nədir, hansı problemlərlə məşğul
olur mövzusuna aydınlıq gətirmək istəyirəm. Hər bir
insanın həyatında həm fizioloji quruluş, həm də
xarakter formalaşması baxımından ən çox
inkişaf və dəyişiklik uşaqlıq və yeniyetməlik
dövrlərini əhatə edən 0-18 yaş
aralığında baş verir. Bu
dövrü əhatə edən uşaq və yeniyetmə
psixiatriya sahəsinin məqsədi uşaqların sağlam
psixi inkişafını təmin etmək və mümkün
problemlərə qarşı profilaktik tədbirlər görməkdir.
Çünki uşaqlar və gənclər
yetkin insanlar ilə müqayisədə ailə, ətraf
mühit və sosial amillərdən daha çox təsirlənən
fərdlərdir. Ən kritik dövr hesab
edilən uşaqlıq və yeniyetməlik yetkinliyə
keçid üçün ilkin hazırlıq mərhələsidir.
Bu dövrdə baş verən hər hansı
bir dəyişiklik təkcə bu dövrlə məhdudlaşmayacaq,
onların həyatına gələcək istiqamət verəcək
təsirlərə malikdir. Bu yaş
aralığında yarana biləcək hər cür psixi,
emosional, davranış problemləri mütəxəssis tərəfindən
yaxından müşahidə edilir, psixopedaqojik müdaxilələr
yetərli olmadıqda müalicə olunur. Uşaq
psixiatriyasının məqsədi əsasən xəstəliklərin
baş verməzdən əvvəl qarşısını
almaqdır. Mövcud xəstəlik varsa,
patologiyanı aşkarlamaq və ən uyğun müalicə
yöntəmini tətbiq etmək kimi öhdəlikləri var.
Davamlı inkişafda olan uşaq və yeniyetmələrin
fiziki və psixi strukturları böyüklərdən fərqləndiyi
üçün daha orijinal anlayışları ehtiva edən
psixolojik müayinə, müşahidə və müalicə
proseslərini tələb edir. Bu səbəbdən
yetkinlərin psixi sağlamlığını və xəstəliklərini
araşdıran "Psixiatriya" sahəsi xaricində
uşaqlıq və yeniyetməlik dövrlərinə diqqət
yetirən Uşaq və Yeniyetmə Psixiatriya sahəsi son
yarım əsrdə inkişaf etməyə
başlamışdır. Demək olar ki, hər
yaş, yetkinləşmə prosesində irəliləyən
uşaqlıq və yeniyetməlik fərdlərində fərqli
mənəvi inkişaf prosesini ifadə edir. Bu səbəbdən
"Uşaq və yeniyetmə psixiatriyası" sahəsi
müxtəlif inkişaf dövrlərinə uyğun gələn
psixoloji strukturlar, ailə quruluşu və ətraf mühit
faktorları ətraflı araşdırılır, uşaq və
yeniyetmənin psixoloji inkişaf mərhələsi müəyyən
edilir, mümkün problem və xəstəliklər
aşkarlanaraq lazımi diaqnostika, müalicə və nəzarət
prosesləri uğurla tətbiq edilir. Uşaq
psixiatriyası pediatrlar, uşaq nevroloqları, psixoloqlar,
defektoloqlar ilə sıx əlaqə və əməkdaşlıq
içərisində olan bir tibb sahəsidir. Uşaq və
yeniyetmələrdə psixi, emosional və davranış
problemlərinin erkən aşkarlanması,
qarşısının alınması və müalicəsinə
yönəlmiş "Uşaq və yeniyetmə
psixiatriyası" tibb sahəsi ölkəmizdə də
mütəxəssis sayının günü-gündən
artdığı sahələrdən biridir.
-
Hazırda xəstələrin ən çox müraciət
etdikləri problemlər hansılardır?
- Əslində, uşaq psixiatrına sadəcə bir
patologiya olduğunda müraciət edilmir. Normal psixi və
emosional inkişaf, düzgün yuxu və yemə vərdişlərinin
qazanılması, valideynlik rollarının müəyyənləşdirilməsi,
düzgün nizam-intizam tədbiq edilməsi də bu sahədə
görülən işlər arasındadır. Hətta əgər valideynlərdən birində
psixi problem, ailədə kiçik yaşında psixi problem
aşkarlanan başqa uşaqlar varsa, cütlük arasında
uyumsuzluq və ya valideynlik roluna hazır hiss etməmə kimi
problemlərin müzakirəsi, qarşısının
alınması və aşkarlanması üçün
uşaq dünyaya gəlmədən öncə psixiatra
müraciət etmək çox vacibdir. Uşaqda
heç bir psixoloji problem olmasa belə, məsləhət alma və dəyərləndirmə qoruyucu tibb
adına mühüm rol oynayır. Məsələn,
uşağın gündəlik həyatına, məktəbdəki
uğurlarına, ailə münasibətlərinə və
dostluğuna mənfi təsir göstərən, ancaq
funksionallığında ciddi emosional və davranış
pozuntusu yaratmayan problemlərin varlığında da müraciət
edilməlidir.
Konkret sualınıza gəldikdə isə, uşaq və
yeniyetmə psixiatrına müraciət səbəblərini əslində
yaşa görə qruplaşdıra bilərik. 0-3 yaş arasında nitq
pozuntusu (kəkələmə, nitqin gecikməsi), qlobal
inkişaf ləngiməsi, autizm spekt pozuntusu, yuxu və yemək
problemləri; 3-6 yaş arasında diqqət əksikliyi
hiperaktiv pozuntu, təşviş pozuntusu, məktəb
fobiyası, tualet vərdişlərində geriləmə
(yataq islatma, qeyri-üzvi qəbizlik); 6-12 yaş arasında
davranış pozuntusu (itaətsizlik, müxalifətçilik,
yalan danışmaq, icazəsiz bir şey almaq), öyrənmə
pozuntusu (disleksiya), obsesif-kompulsif pozuntu, üzvi səbəblərlə
izah edilə bilməyən baş ağrısı, qarın
ağrısı kimi psixosomatik şikayətlər; yeniyetməlikdə
isə internet və kompüter texnologiyalarından həddindən
artıq istifadə, depressiya, intihar düşüncələri,
özünə zərər vermə, sosial fobiya, şəxsiyyət
məsələləri, cinsi inkişaf və cinsi problemlərləri,
psixoz (şizofreniya və s.) və bipolyar pozuntu sıx
qarşılaşdığımız problemlərdən bəziləridir.
- Bu
gün ölkəmizdə bu sahədə aparılan maarifləndirmə
işlərini necə dəyərləndirirsiniz?
- Azərbaycan Prezidenti cənab İlham Əliyev və
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri
Mehriban xanım Əliyevanın uşaqların qorunmasına və
psixi sağlamlığına göstərdikləri diqqət
və qayğını hər kəs kimi mən də
yüksək qiymətləndirirəm.
Heydər Əliyev Fondu, "Regional İnkişaf"
İctimai Birliyi (RİİB), Avropa İttifaqının Azərbaycandakı
nümayəndəliyi, Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq
Fondunun (UNICEF) birgə keçirdiyi bir çox layihənin
icrasında fəal iştirak edirəm. 2019-cu ildən etibarən
Avropa İttifaqının maliyyə dəstəyi ilə
"Regional İnkişaf" İctimai Birliyi və BMT-nin
Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin
birgə icra etdiyi "Erkən Uşaqlıq Dövründə
İnkişaf" (EUDİ) layihəsindən bəhs etmək
istəyirəm. Layihənin əsas məqsədi 8 yaşadək
uşaqların sosial, fiziki və əqli inkişafı,
sağlamlığı, düzgün qidalanması, təlim-tərbiyəsi,
uşaqlarda inkişaf dinamikasının izlənməsi və
inkişafın stimullaşdırılması ilə bağlı
valideynləri və digər maraqlı tərəfləri
maarifləndirmək, bu sahədə çalışan səhiyyə,
təhsil və sosial xidmətlər üzrə mütəxəssislərin
potensialını artırmaqdır. Layihənin icrası
müddətində bu il ərzində mən də daxil
olmaqla ölkəmizin bir çox təcrübəli psixiatrları,
pediatrları, ginekoloqları, nevroloqları ilə birgə Gəncə
və Şirvan şəhərləri, Ağcabədi və
Abşeron rayonlarında geniş maarifləndirmə işlərinin
aparılmasında, fiziki və psixi problem yaşayan əhalinin
muayinə və müalicəsində ciddi işlər
görülüb.
Bu sahədə
görülən böyük və məqsədyönlü
işlər haqqında bu yaxınlarda Azərbaycan
Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və
İslahatlar Mərkəzi, TƏBİB-in dəstəyi ilə
keçirilən "Uşaq və yeniyetmə
zorakılığına tibbi-psixoloji yanaşma"
konfransındakı çıxışım zamanı ətraflı
toxunmuşam.
- Aydan xanım, bir qədər də rəhbəri olduğunuz "Azərbaycan Psixiatriyasına Dəstək" İctimai Birliyinin fəaliyyəti haqqında danışardınız.
- Birliyin əsas məqsədi Azərbaycanda psixiatriyanın mahiyyətinin və əhəmiyyətinin cəmiyyətin hər bir üzvü tərəfindən dərk edilməsinə nail olmaq, bu xəstəliyin müalicəsinə və aradan qaldırılmasına ictimai marağın güclənməsinə yardım etməkdən ibarətdir. Əsas hədəflərimiz bunlardan ibarətdir: psixiatriya xəstəliyindən əziyyət çəkən insanların sağlamlıq problemlərinin həllində onlara dəstək olmaq, erkən yaşlarda uşaqların psixiatrik xəstəliklərini araşdırmaq, onların yaranma səbəblərini aradan qaldırmağa yardım etmək, psixiatriya xəstəliklərindən əziyyət çəkən insanların cəmiyyətin mərhəmət və qayğı obyektinə çevrilməsinə cəhd etmək, vətəndaş cəmiyyətində psixiatriya sahəsində maarifçilik fəaliyyətini həyata keçirmək və genişləndirmək, autizimli uşaqların ata və anaları üçün maarifləndirmə işlərini gücləndirmək və uşaqlarda cinsi tərbiyə sahəsində maarifləndirmə işləri aparmaq.
- Onu da bilirik ki, uzman həkimlik fəaliyyətinizlə yanaşı, elmi-tədqiqat işləri ilə məşğul olursunuz. Elmi-tədqiqat işlərinizin nəticələri ölkəmizdə və xarici ölkələrdə çıxan nüfuzlu nəşrlərdə dərc edilir. Söhbətimizin sonunda bir qədər də bu barədə məlumat verərdiniz.
- Elmi araşdırmalar aparmağa İstanbul Universitetinin dünya şöhrətli professorları ilə uzmanlıq təhsili aldığım dövrdən başlamışam. Tədqiqatlarımın nəticələri Türkiyə, ABŞ, Almaniya, Rusiya və digər ölkələrin yüksək impakt faktorlu və "Web of science" seriyasından olan nüfuzlu elmi jurnallarda çap olunub. Ən yaxın hədəfim tezliklə ATU-nun doktoranturasına qəbul olaraq bu tədqiqatları sistemləşdirməkdən ibarətdir. Ötən həftə məni bu elm sahəsinə yönləndirən, tələbəykən əziz müəllimim olmuş, Tibb Universitetinin rektoru Gəray Gəraybəyli ilə görüşüb bu məsələləri müzakirə etdik. İnanıram ki, dəyərli müəllimimin rəhbərliyi altında daha geniş miqyaslı elmi nailiyyətlərə nail olacağıq.
Şükufə VAQİFQIZI
525-ci qəzet.- 2021.- 25 dekabr.- S.21.