Tənhalıqdakı hüzur
70-80-ci
illər Azərbaycan şeirinin qəribə bir mənzərəsi
var. Birdən-birə parlayıb sönənlər,
sönüb yenidən parlayanlar...
Bir də ədəbiyyata gəlişi ilə ilk gündən
özünü təsdiqləyib, bu günə qədər
yoluna davam edənlər.
Azərbaycan şeirinin üçüncü qanadına
mənsub olan fərqli bir imza da var - Rüstəm Behrudi.
O,
heç bir ədəbi zümrəyə qoşulmadan təkbaşına
yaradıcılıqla
məşğul olan şaman dualarından
başlayıb, dar ağacına salam verən, ölümə
xoş gəldin deyən, məzarlıqda da bitən
yovşanların ətrinə şərqilər oxuyan bir ədəbiyyat
adamıdır.
Onu fərqli qılan dar ağacı ilə məzarlıqda
bitən yovşanlara eyni sevgi ilə oxuduğu nəğmələrdir.
İnsan qəribə məxluqdur, həmişə haqq-ədalət
axtarır, amma haqq dünyası adlandırılan o biri
dünyaya əzizlərini göz yaşı ilə yola
salır. İnsanı haqq dünyasına ölüm
aparır. Bəs niyə insan ölümü
göz yaşı ilə qarşılayır?
Rüstəm Behrudi bir şair olaraq yeganə insandır
ki, ölümə xoş gəldin deyir.
Yaradılışdan dar ağacı olub. Bəs dar
ağacı hansı məqsəd üçün
yaradılıb? İnsan dara çəkiləndə
fizioloji baxımdan dara çəkilir və ruhu yenə haqq
dünyasına qovuşur, yenə ölümə aparan vasitə
- dar ağacı... Rüstəm Behrudi ölümə, yəni
dar ağacına salam verir. Çünki
şair bu dünyanın insanı deyil. Haqdan
gələn, haqq dünyasının şairidir. İnsanları haqqa qovuşduran hansı vasitə
olursa olsun, göz yaşı ilə qarşılanır.
Şair isə ölümə salam verib xoş gəldin
deyir.
Ruhu qəribdir, kimsəsizdir şairin, çünki haqq
dünyasının didərginidir ruhu, onun tabutunu mələklər
daşıyır, allahlar yasını saxlayır, sözü
haqq sözüdür.
Mən qərib
kimsəsiz, didərgin ruham,
Göylərdə
bilinməz qəbrim var mənim,
Ölsəm
tabutumu mələklər tutar,
Yasımı allahlar saxlayar mənim.
Bu haqsız dünyada çoxları haqqı
görmür, Rüstəm Behrudi isə haqq
dünyasının adamı olduğu üçün kimsələrin
görmədiyini görür və sözə çevirir.
Şair haqqı dərk edənlər üçün dünya
içində dünya açır. Yaradır yox, yaratmaq
Allaha məxsusdur. Rüstəm Behrudi
mövcud olan, lakin başqalarının duymadığı,
görmədiyi görməzləri insanların dərk edib
anlamaları üçün yeni bir dünyaya pəncərə
açır. Lakin o dünyanın
yolçuları azdır, o yolları özünü
"ağıllı" bilənlər deyil, "dəlilər"
gedir.
Yol gedirəm
mən dəli,
Bu yol dəli,
mən dəli,
Bu nə
yoldur əvvəli
Və sonrası içimdə.
Şair deyir ki, insanın getdiyi yolun əvvəli də,
sonu da insanın içindədir. Bəli, bu yolu
başlayan da, bitirən də insandır. Hər
şey insanın içindədir. Bütün
keçdiyi həyat yolu, başqa sözlə ifadə etsək,
insanın getdiyi bütün yollar onun içindən
keçir.
Bu fani dünyanın insanlarından fərqli olaraq
Rüstəm Behrudi savab və günahın Tanrı
ölçüsü olduğunu bilir. Bu
ölçü haqq dünyasının, ruh
dünyasının ölçüsüdür. Onu yalnız Tanrı bilir. Ona görə də
şair deyir: "Sən insansan, nə bilirsən, Tanrı
bilir - günah nədir".
Rüstəm Behrudi Yaradanın sevib seçdiyi, bəndəlikdən
çıxarıb, başqa tale yazdığı
adamlardandır. Məhz Tanrıdan sonra yer üzündə
cavabdeh olan adamlar şairlərdir. Rüstəm Behrudi bu
cavabdehliyini anlayaraq Tanrının sirrini açmağa can
atır. Eyni zamanda, şair canatmaları iblis istəyi hesab
edir, - "canatmalar iblis istəyi olduğu üçün hər
kəsin içində iblis yatır". Şairin
sözləri insanı düşünməyə vadar edir.
Bəlkə insan ölərkən insanların
içində göz yaşı tökən, məhz o
iblisdir ki, insanların haqq dünyasına qovuşmasını
istəmir və bu səbəbdən insanlar ölümü
göz yaşı ilə qarşılayıb, göz
yaşı ilə yola salırlar. Digər tərəfdən
ola bilən hər şeyə sevinmək və
qəbul etmək, sənin olan şeylərlə kifayətlənmək,
axı onları Allah göndərir.
Şairin hər bir fikri haqdan gələn bir səsdir. "Tənhalığına
çəkilən günah işləyə bilməz".
Nə demək istəyir şair? Əslində,
demək istədiyini deyib. Onun tənhalığı
ruhu qarşısında tövbəsidir. Şair sözləri
ilə "tövbə"nin
açmasını verir insanlara. Onların bəsirət
gözünü açmağa çalışır. Əslində, şairin heç kəslə işi
yoxdur. O, dərk etdiyi dünyanı sözlərinin tənhalığında
öz söz dünyasında yaşadır. Kim dünyanı
dərk etmək istəyirsə, Behrudinin söz
dünyasının tənhalıq sarayının
qapısını döymədən içəri daxil ola bilər. Çünki o, qonaq
çağırmır. Dünyanı dərketmə
onun dərkindən, tənhalıq sarayından keçir.
Təklik və tənhalıq özünü
Behrudi dünyasında tapdı, şair də onlarda öz
rahatlığını. Tanrı da təkdir,
günahsızdır. Tənhalığına,
öz içinə çəkilən, özü özü
ilə danışan, özünü mühakimə edən,
yaxşının və pisin nə olduğunu anlayan, cismi
fani, ruhu isə haqq dünyasını gəzən
insandır. Ruhun tənhalığı
cismin tənhalığı deyil, öz içindən
keçən və dünyanı içindən keçirən
adamlar tənhadır. Rüstəm Behrudi tənhadır
və tənhalıq dünyasının sirlərini
açır bizə. O, tənhalığa can atmadı,
tənhalıq özü gəlib onun ruhunu tapdı.
"Dəlilər
və ağıllılar"... Bu yazını
oxuyan oxucu, sən nə vaxtsa özünü dəli hesab
etmisənmi? Kim özünü dəli
hesab edər? Hər kəs
özünü ağıllı bilir. Amma
şair bizə anladır ki, dünyada baş verənlərə
heyrətlənməkdənsə, nəyinsə divanəsi, dəlisi
olmaq daha gözəldir.
Şair üçün bu dünyada gizli olan bir şey
yoxdur. Tanrıdan sonra hər şey ona məlumdur, şair
yer üzünü günah və yalan içində
görür. Həqiqətdə yalan,
yalanda isə həqiqətin olduğu şairi incidir. Nəyin günah olduğunu yaradandan başqa kimsə
bilmir.
Durub durub
günah dedim,
Günah
da bir bəhanədir,
Biz bəndəyik,
nə bilirik,
Tanrı bilir - günah nədir.
Təklik,
tənhalıq, ölüm və sevgi... Şair
tövbələrdən bezib artıq. Ölüb
ölümə getmək, ölümdə nələrin gizləndiyini
bilmək və görmək istəyir. Şair
bu dünyanın ən gözəl hissi olan sevgidən ölmək
istəyir. Sevib ölməkdən gözəl hiss yoxdur
dünyada deyir. Sevgi bu dünyanın, ölümə
qovuşmaq isə o dünyanın nişanəsi...
"Kimdir Rüstəm Behrudi?" bu sualı onun
özünəmi, Tanrıyamı verək?" Yaşadığımız
və ruh dünyamızın vəhdətidir Rüstəm
Behrudi. Sevgini ölümə,
ölümü isə sevgiyə bənzədən
insandır Rüstəm Behrudi... şair dünyanı
özü boyda sevgidə görür. Sevginin
ölümü dünyanın ölümüdür. Allah da sevgidə yaşayır deyir, sevgi ölümə
bənzəyirsə və Allah sevgidə yaşayırsa, deməli,
ölümdə də Allah var. Şair də ölüb
Allaha varmaq istəyir.
Hər kəsin önündə gedəcəyi bir yol
var. İnsanın hardan gəldiyi və hara gedəcəyi bəlli
olmadığından şair yer üzünü
görüş yeri adlandırır. Bu görüş
yerində Tanrının bizə verdiyi ömür isə
Tanrıya onu tanımaq üçün bir möhlət
olduğu fikrində bulunur şair. Şairin
fikirləri bir həqiqətdir. Tanrı bəndələrini
onlara özünü tanıtmaq, necə aciz və çarəsiz
olduqlarını anlatmaq üçün yaratdı. Hətta şairin dili ilə desək, cəhənnəm
də Allahın cəhənnəmidir. Tanrı
şər işlərin şahı olan iblisi qiyaməti
hazırlamaqda özünə yardımçı etdi. Deməli, Tanrı bilərəkdən bəndələrinin
iblisə aldanmalarına şərait yaratdı. Bu şairin nə etirazı, nə də
üsyanıdır. Əslində,
şairin hər sözündə Tanrı var. Ondan başqa hər
şeyi, insanı belə şair sözlərinə
büküb söz tabutunda dəfn edir. Dəfn
olunan ömür deyil. Bəndənin
ömrü sonsuzluq və sonrasızlıq
ölçüsündə olan dünəni, bu günü və
sabahı bir an olan zaman ölçüsüdür. Şair məkan - zaman - biz üçbucağını
açaraq təhlilini verir.
Zamanı
açdım üzümə,
Gördüm,
an taxtdan əyləşib.
Dünən,
bu gün, sabahdı o,
Taxtında haqqdan əyləşib.
Rüstəm Behrudi həyatın gerçəkliyidir,
çünki o, hər şeyi görüb özünün
ağıl süzgəcindən keçirir. Bir tərəfdən belə
nəticəyə gəlir ki, yer üzündə Allahın
yazdığı qəza-qədərdən qaçıb
sığınmağa bir yer yoxdursa, bəndələrin
bir-birinə olan sevgisi azalıbsa və bu sevgi artıq yox dərəcəsindədirsə,
Allah sevgisinə inamı yoxdur, şair bəndələrdə
Allah sevgisi yox, Allah qorxusu olduğunu deyir. Bəndələrin
özlərini Allah sevgisi adı ilə aldatmalarının
riyakarlıqdan başqa bir şey olmadığını
düşünür. Şair bu fikirlərinin
bəlkə də günah olduğunun fərqindədir.
Digər tərəfdən, Tanrıya xitab edir,
ona olan sevgi və qorxu hislərini
barışdırmağı xahiş edir. İnsanın həyatında getdiyi bütün
yolların yaradana gedən yola bağlandığını
misralarında əks etdirir.
Alçaldıb
dizi-dizi
Sürüyür şeytan bizi.
Nə
yaxşı ki, göy üzü,
Nə yaxşı ki, Allah var.
Şair onu da bildirir ki, Allah qorxuda deyil, sevgidə
yaşayır.
Hərəkətdə olan, dəyişən
insandır, o, hərəkətsiz zamanın içindən
keçib gedir. İnsan zamanı illərə, aylara,
günlərə saatlara bölür. Biz
isə özümüzün dəyişməyimizə fikir
vermədən zamanın hərəkətdə olduğunu
düşünür və günahlarımızı da
zamanın üstünə yıxırıq. Şair məkan və zaman
anlayışlarının mahiyyətini tam doğruluğu ilə
açır. Əgər zaman hərəkətdədirsə,
yəni irəliyə və geriyə yolu varsa, nədən
insan bu yolu gedə bilmir? Deməli, şair
zamanı insanların üzünə açır və nəyin
nə olduğunu bildirir.
Rüstəm Behrudi həm cismən, həm də ruhən
azad insandır. Ruhu azad olan insanları heç nəyə
tabe etmək olmaz. Behrudi nə ruhunu, nə
də cismini heç nəyə və heç kimə təslim
etmədi. Onun ruhunda yalnız Göy Tanrı var. Yer
üzünün insanlarının da, iblisin də,
ölümün də iç üzünü bilir şair. İnsan tanıdıqlarından heç vaxt qorxmur.
Ona görə də onlardan qorxacağı yox.
İllərlə
ruhunu didib parçalayan ağrılar bioloji bədənə
də nüfuz etdi, 10-dan artıq əməliyyat... Amma bütün ağrıları, acıları
yendi şair. Ölümü yendiyi kimi, ölümə
hakim olan şair... Tanrının hökmündən savayı
hər şeyi yenən və ölümsüzlük qazanan
şair....
Behrudi ölümsüzlüyü sözün, şeirin,
Azərbaycan ədəbiyyatının
ölümsüzlüyüdür.
Kitablarının birində şair yazır: "Mənim dünyagörüşümün, yaşantılarımın oxucu üçün nə dərəcədə maraqlı olacağı mənim üçün bir o qədər də maraqlı deyil, çünki bunları mən yaşamışam, mən bu cür yaşadım. Yaşadımmı görəsən?" Bax bunu oxucu deyəcək. Gəncliyimdən sizi oxuyan oxucu kimi deyə bilərəm ki, bəli, Siz yaşadınız. Behrudi düşüncəsi, təfəkkürü ilə özünə məxsus tərzdə milyonlara dünyanı, ətrafı, görünməzləri, ruh dünyasını, sözün qüdrətini anladaraq yaşadınız. Sizin hər şeiriniz bir dünyadır.
"Bu şəhərdə qalmaq
üçün salam verməyə, çıxıb getmək
üçün vidalaşmağa bir kimsə yoxdur" deyən
şair, yer üzündə vidalaşmağa bir kimsə
tapanadək bu dünyada qalın, sizin
yığışıb getmək vaxtınız deyil.
Tanrı sizi qorusun!
Hicran
ƏHMƏD
525-ci qəzet.- 2021.- 25 dekabr.- S.20.