Bu sərgiyə baxmağa
dəyər!
"Xalq bank" Şamo
Abasovun əl işlərinin ekspozisiyasını və albomunu
təqdim etdi
Mədəni-maarifçilik missiyasına və gözəl ənənələrinə sadiq qalan "Xalq Bank", on bir il əvvəl təməli qoyulan, gələcəyə yönəlmiş "Xalq Əmanəti" layihəsi çərçivəsində görkəmli Azərbaycan rəssamı Şamo Abasovun (1955-2014) yaradıcılığına həsr olunan növbəti nəşrini bu günlərdə ictimaiyyətə təqdim edib. Alboma çoxsaylı keramika işləri, qrafika nümunələri, rəsm əsərləri daxil edilib, rəssamın həyat və yaradıcılıq mərhələləri təsvir olunub.
Şamo Abasov 1955-ci ildə Cəbrayıl şəhərində dünyaya gəlib. 1970-1974-cü illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində, 1978-1984-cü illərdə V.Muxina adına Leninqrad Ali Sənaye İncəsənət Məktəbinin "Keramika" fakültəsində oxuyub. 1986-cı ildən Azərbaycan SSR Rəssamlar İttifaqının və SSRİ Rəssamlar İttifaqının üzvü olub. Ş.Abasov müasir Azərbaycan rəssamlıq məktəbinin özünəməxsus nümayəndələrindən biridir.
Yaradıcılığının ilk illərində o, dekorativ keramika sahəsində uğurla fəaliyyət göstərib. Beynəlxalq yaradıcılıq qruplarında, simpoziumlarda və sərgilərdə iştirakı ilə sənətsevərlərin sevgisini qazanıb. Mütəxəssislər də onun nailiyyətlərini yüksək qiymətləndiriblər. İllər sonra o, rəssamlığa qayıdıb və artıq rəssam Şamo Abasov kimi şöhrət qazanıb.
Tədbirdəki giriş sözündə qonaqları salamlayan AzTV-nin aparıcısı, Əməkdar artist Dilarə Səlim bildirib ki, Şamo Abasovun əsərlərində illüziyalarla, sirli xəyallarla və xatirələrlə dolu dünya öz əksini tapıb. Bu əsərlər milli koloritlə nəfəs alır. Rəssam qısa, lakin çox məhsuldar bir ömür yaşayıb. Onun əsərləri Azərbaycan İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Rusiya Federasiyası Mədəniyyət Nazirliyində, Dövlət Tretyakov Qalereyasında, Beynəlxalq Keramika Muzeyində, yerli və xarici şəxsi kolleksiyalarda saxlanılır.
Pandemiya dövrünün qaydalarına uyğun olaraq, təqdimat mərasiminə dəvət edilən məhdud sayda qonaqlardan biri - Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov qısa karantin fasiləsindən sonra bu gözəl sərgi salonunda "Xalq Əmanəti" layihəsi çərçivəsində növbəti nəşrin təqdimat mərasiminə toplaşmağın sevincini ifadə edərək deyib: "Əsərlərindən ibarət bu sərgi və gözəl albom Şamo Abasovun öz adını təsviri sənət tarixinə həkk etməsinin ən gözəl sübutudur".
F.Xəlilov layihənin yaradıcı heyətinə öz minnətdarlığını bildirərək əlavə edib ki, Ş.Abasovun əsərlərinin illüstrasiyalarından ibarət albom öz poliqrafik xüsusiyyətlərinə görə dünya səviyyəli ən yaxşı albomlarla rəqabət apara bilər.
Xalq rəssamı Hüseyn Haqverdiyev uzun illər sıx dostluq telləri ilə bağlı olduğu mərhum sənətkar Ş.Abasov haqqında həyəcanla söz açıb: "Leninqradda keçirdiyimiz günlər, sözün əsl mənasında, unudulmazdır. Şamo əvvəl dizayn fakültəsində təhsil alırdı. Lakin bir ildən sonra yenidən imtahan verərək, "Keramika" fakültəsinə daxil oldu. Onun həm bir rəssam kimi bacarıq və istedadı, həm də şəxsi keyfiyyətləri insanları cəlb edirdi. Şamo yalnız keramikaçı tələbələrin deyil, digər fakültələrdən və kurslardan olan tələbələrin də sevimlisi idi. Deyə bilərəm ki, Akademiyanın əfsanəsi idi! Ömrünün son illərində tərki-dünyalığa qapılsa da, o, bir rəssam kimi çox dəyərli və bəhrəli ömür yaşadı".
Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova həm təqdim olunan albom, həm də Ş.Abasovun özü və yaradıcılığı ilə tanışlığı barədə söz açaraq deyib: "Gözəl bədii albomlar və poetik toplular silsiləsinin nəşrinə görə "Xalq Əmanəti" layihəsinə sonsuz təşəkkürümü bildirmək istəyirəm. Belə albomlar rəssamlar və onların yaradıcılığı haqqında etibarlı və möhkəm məlumat mənbəyi hesab oluna bilər.
Yadımdadır ki, bir dəfə Şamo Abasov öz əsərlərini göstərərək demişdi: "Mən sağ ikən əsərlərim haqqında yazmayın. Yalnız mənim ölümümdən sonra..."
Eşitdiklərimdən heyrətə gəlmişdim! Həmin işlər heç yerdə sərgilənməmişdi. Geniş tamaçaçı kütləsinə tanış deyildi. Bu əsərlər onun anadan olduğu Qarabağa həsr edilmişdi. Şamo Abasov Qarabağda - Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdu. Və mənzərəli təbiətin qoynunda keçirdiyi xoşbəxt uşaqlıq onun yaddaşında əlçatmaz, parlaq bir məkan kimi əbədi qalmışdı. Təəssüf ki, Şamo Azərbaycan ordusunun zəfər günlərini, öz doğma Cəbrayılının azad olunmasını görmədi".
Şamo Abasovun gözəl ailəsi var. Onun həyat yoldaşı İradə xanım və oğlu Turqut rəssamın emalatxanasını qoruyub saxlayıblar. Emalatxanaya daxil olanda adama elə gəlir ki, sanki rəssam bir neçə dəqiqəliyə harasa gedib və yenidən
fırçalarla, boyalarla
işləmək üçün
tezliklə qayıdacaq".
İradə xanım Abasovanın
xatirələrində bu
düşüncələr yer alıb: "Şamo hər zaman öz sevimli
işi ilə məşğul olduğu
üçün taleyinə
minnətdar idi. Buna görə də,
hətta çətinliyə
düşəndə belə,
şikayət etməzdi.
O, rəssamlıqla yaşayırdı,
şan-şöhrətdən, tərifdən qaçırdı.
Amma məşhurluq özü
onu tapırdı".
Belə bir məqam da təəssüflə vurğulanıb ki, Ş.Abasovun əsərləri
dünyanın bir çox ölkələrində
sərgilənsə də,
Azərbaycanda və xaricdə şəxsi kolleksiyalarda qorunsa da, rəssamın əsərlərinin öz
vətənində heç
vaxt sərgilənməmişdi.
Sənətşünas Eldəniz İbrahimov rəssamın yaradıcılıq
xüsusiyyətlərini təhlil
edərkən, "Xalq
Əmanəti" layihəsinin
unikallığını, aktuallığını
və geniş əhatə dairəsini vurğulayıb. O, bir il əvvəl
azad olunmuş Qarabağda doğulmuş
rəssamın albomunun
təqdimatının rəmzi
əhəmiyyətini xüsusilə
qeyd edib.
Rəssamın oğlu ailə adından danışaraq,
rəssamın xatirəsinə
bu qiymətli ehtiram nümunəsinə
görə "Xalq Bank"a və "Xalq Əmanəti" layihəsinə dərin təşəkkürünü bildirib.
Xalq rəssamı, professor Səhlab
Məmmədov müasir
gənclər tərəfindən
fırça ustalarının
irsinin öyrənilməsində
"Xalq Əmanəti"
layihəsinin əhəmiyyətli
rolunu diqqətə çatdıraraq deyib:
"Bu albomlar çoxdan
sənətşünasların stolüstü kitabına çevrilmişdir".
Tədbirin rəsmi hissəsi
başa çatdıqdan
sonra rəssam Elçin Şamilli Ş.Abasov yaradıcılığı
və ümumən bu sərgi barədə
fikirlərini bölüşüb:
"Dekorativ-tətbiqi sənət
formayaratma prinsipi və obrazlılığı
ilə səciyyələnir.
Bu mənada Şamo
Abasov, bir növ, vəhdət yaradıb. Daha doğrusu, sadəcə
dekorativ-tətbiqi sənət
formalarını rəssamlığa
keçirməyib. Buradan irəli
gələn məntiq
ona rəssamlıqda üçüncü bir
forma yaratmağa imkan verib. Keramikaçıların sayı çoxdur.
Lakin heç kim bu sənətdə Şamonun
etdiyini edə bilməyib! Əgər məndən "Şamo Abasovun əsərlərindən
ibarət sərgiyə
baxmağa dəyərmi?"
deyə soruşsalar, mən birmənalı olaraq, cavab verərdim
ki, bəli, bu sərgiyə baxmağa dəyər! Şübhəsiz ki, növbəti
bədii albomun müəllifi olan "Xalq Əmanəti"nin bu seçimi də haqlı, düzgün və təqdirəlayiqdir".
2010-cu ildən həyata keçirilən "Xalq Əmanəti" layihəsi
çərçivəsində üç dildə - Azərbaycan, ingilis və rus dillərində
nəşr olunmuş
kitablar ali və orta təhsil
müəssisələrinə, uşaq evlərinə və kitabxanalara, fondlara, dövlər qurumlarına, xarici ölkələrin Azərbaycandakı
nümayəndəliklərinə, Azərbaycanın xaricdəki
səfirlik və konsulluqlarına, böyük
muzeylərə və
kitabxanalara hədiyyə
edilir. Nəşrlər Azərbaycan mədəniyyətinin
biliciləri arasında
pulsuz paylanır.
Layihənin məqsədi Azərbaycan
xalqının milli mədəniyyətinin qorunması,
təbliği və gələcək nəsillərə
ötürülməsidir.
Ötən illər ərzində
layihə çərçivəsində
Böyükağa Mirzəzadə,
Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə,
Nadir Əbdürrəhmanov, Tağı Tağıyev,
Xalidə Səfərova
və Mahmud Tağıyev,
Vəcihə Səmədova,
Ələkbər Rzaquliyev,
Kamal Əhməd, Fazil Əliyev, Gennadi Brijatyuk, Rza Məmmədov, Qorxmaz Sücəddinov kimi rəssamların, istedadlı heykəltəraş,
şəhid Samir Qaçayevin əsərlərindən
ibarət bədii albomlar nəşr edilib, sərgilər təşkil olunub. O cümlədən, Məmməd
Arazın, Hüseyn Arifin, Mikayıl Müşfiqin, Xəlil Rza Ulutürkün, Zəlimxan Yaqubun seçilmiş əsərləri,
Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus
dillərində əsərlərinin
külliyatı, görkəmli
Azərbaycan alim-numizmatı
Əli Rəcəblinin
"Azərbaycan sikkələri"
kitabı, habelə
"Aşıq ədəbiyyatı
antologiyası" üçcildliyi
işıq üzü
görüb.
Qeyd edək ki, Şamo
Abasovun əsərlərinin
ekspozisiyası dekabrın 18-dən "Xalq
Bank"ın Əsas binasında (Ünvan:
Bakı şəh., İnşaatçılar prospekti, 22L) açıqdır. Sərgini
iş günləri saat
18:00-dan 21:00-dək, şənbə və bazar
günləri isə saat 10:00-dan 16:00-dək
seyr etmək mümkündür.
Giriş sərbəstdir, ancaq
sərgini ziyarət etmək üçün
COVİD-19 pasportu və ya
immunitet sertifikatı vacibdir.
525-ci qəzet.- 2021.- 25 dekabr.- S.19.