"Kəklik"dəki
mənalar: bir hekayə - üç yozum
Bir neçə
gün əvvəl
"525-ci qəzet"in təcrübəçi
tələbə gəncləri
Toğrul və Sevillə birlikdə baş redaktorumuz Rəşad Məcidlə
söhbətləşirdik. Söhbət
ədəbiyyatdan gedəndə
baş redaktorumuz təkidlə dedi ki, Kamal Abdullanın
yeni "Kəklik"
hekayəsini mütləq
oxuyaq. "Hətta
oxuyub keçməyin.
Sizə bir iş tapşırım: həmin hekayə haqqında hər üçünüz də
öz fikirlərinizi yazın. Görək, hansı maraqlı məqamlara toxuna bilirsiniz..."
Rəşad müəllim hekayədən
o qədər həvəslə
danışırdı ki,
elə bil, gözümün qarşısında
bir insan silueti yaratmışdı. Onu heç
görməmişdim, çoxlu
tərifləmişdi, mən
də həmin adamı görmək istəyirdim.
Hekayənin məzmunu ilə
tanış olduqdan sonra yaşadığım "deja
vu" məni silkələdi.
Hə,
lap elə "deja
vu"! Yadımdadır, bu hissi bir dəfə də "Mihriban" türküsünü ilk dəfə
dinləyəndə yaşamışdım.
"Kaş mənim də sevdiyim qızın adı Mehriban olaydı..."
Amma illər
keçir deyədir, ya nədir bilmirəm,
fərqinə vardım
ki, həmin cümlə bir qədər mutasiyaya uğrayıb. "Kaş mən də Kəklik adında qız sevə biləydim..."
Mövzudan yayınmadan onu deyə bilərəm ki, buradakı "kaş" hekayədəki
Kəklik obrazına münasibətdən yaranmayıb. Hekayənin sanballı
olması bunu tətikləyən əsas
amildir. Həm də dərinə
getsək, Kəklik - Rəşad üçün
sadəcə oxuduğu
hekayədəki obraz,
mənim üçün
isə oxuduğum hekayədəki obrazın
oxuduğu hekayədəki
obrazdır. Müəllif əslində bununla, bir növ oxucularını
mərcimək dənələrini
seçib təmizləyən
kimi seçir.
Əlbəttə, söhbət "Kəklik"
hekayəsinin müəllifi
Kamal Abdulladan gedir, Rəşadın oxuduğu kitabın müəllifindən yox. Amma bir həqiqət də var. Ustalıqla edilən təsvirdən sonra nəticəyə gəlmək
olar ki, Rəşadın oxuduğu
həmin kitabın müəllifi də Kamal Abdulladır. Hətta həmin hekayədə Rəşadın nə vaxtsa oxuduğu kitab kimi adı
çəkilən "Ovod"un,
"Soldu nar çiçəkləri, indi
nar yetişəcək..."
misralarının da müəllifi Kamal Abdulladır. Hansı ki,
burada ustalıqla verilmiş sintez məsələsindən söhbət
gedir.
Hekayənin məzmununda diqqətimi ən çox çəkən məqamlardan
biri Rəşadın
kitab oxumağı sevməməsi detalının
müəllif tərəfindən
qabardılmasıdır. Yəni, Rəşada
illər sonra həmin kitabı oxutduran da öz
sevdiyinə olan bağlılıq idi.
Əsas obrazın adının sevgilisinin adı ilə eyni olması
onun üçün kifayət edirdi ki, o, həmin kitabı oxusun. Kitabın sonunun necə bitəcəyini öyrəndikdən
sonra isə onun üçün heç bir mənası qalmamışdı
- kitabın da, sevgilisinin də.
Hekayəni oxuduqdan sonra fikirlərini bölüşən Sevil Gülməmmədova dedi: "Bəzən elə kitablar olur ki, bütün həyatımızı dəyişir. Mütləq deyil ki, bu dəyişim üçün kitabı bitirək. Bir cümlə, bir söz belə bəs edə bilir. Eynilə, Rəşada "qatil Kəklikdir" cümləsinin bəs etdiyi kimi...
Hekayə bir anda insanı özünə bağlayır. Məsələn, Rəşadın oxuduğu kitabı görməsəm də, oxuduğu kitabdan xəbərim olmasa da artıq qatilin kimliyi mənə də maraqlı gəlmişdi. Lakin qatilin Kəklik olmasının Rəşadın öz sevgilisi ilə münasibətinə təsir edəcəyini heç gözləmirdim. Eyni zamanda hekayənin sonunda kəkliyin cümlələrindən gəldiyim nəticəyə əsasən, Rəşadın qərarında yanılmaması məni ümumiyyətlə təəccübləndirdi. Rəşadın dediyi kimi, "qatilin ruhu addan ada keçmişdi".
Mənə görə, bir kitab insanı ya öldürər, ya da yaşadar. Əlbəttə, söhbət yaxşı kitabdan gedir. Rəşada isə doğru yolu tapmağa, bir növ "yaşamağa" kömək etdi. Bu o deməkdir ki, verəcəyimiz müəyyən qərarlar kitablarda gizli ola bilər".
Toğrul İsmayıllının isə hekayə barədə təəssüratı belə oldu: "Hekayədə insan həyatında ədəbiyyatın rolu aşikaranə şəkildə nümayiş olunub. Rəşad oxuduğu kitab sayəsində həyata fərqli prizmalardan baxmağa başlayır. Nəticədə onun düşüncələrində dəyişikliklər olur. Bədii ədəbiyyatın insan həyatına təsiri burada da özünü göstərir. Maksim Qorki yazırdı ki, ədəbiyyatın məqsədi insanın özünü başa düşməsinə kömək etmək, özünə inamını artırmaq və onda həqiqətə can atmaq, insanlarda vulqarlıqla mübarizə aparmaq, onlarda yaxşılıq tapa bilmək, utanc oyatmaqdır. Hekayədə Rəşad oxuduğu kitabın obrazı olan Kəkliklə öz sevgilisi olan Kəkliyi müqayisəsini görürük. Rəşad onların oxşar və fərqli xüsusiyyətlərini fikirləşir. Kitabdaki Kəklik öncə öz sevgisinə sədaqəti, dönməzliyi ilə diqqət çəkir. Rəşad isə öz Kəkliyinin də bu qədər sadiq olub-olmadığını düşünür. Müxtəlif hadisələrdən sonra Kəkliyin öz sevgilisinin qatili olduğunu öyrənən Rəşadın sanki dünyası başına yıxılır və öz sevgilisi olan Kəklikdən də uzaqlaşır. Ən sonda isə Rəşadın aldığı doğru qərarın şahidi oluruq, hansı ki, Kəklik də bu qərarı özü-özlüyündə təsdiqləyir".
El
Roman
525-ci qəzet.- 2021.- 25 dekabr.- S.18.