Dünyaya ünvanlanan kitab
Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi bənzərsiz mütəfəkkir sənətkardır. Onun poeziyası dünya və
insan haqqında düşüncə və
axtarışların ifadəsidir. Şair özü əsərlərini,
onlardakı fikirləri, həmin fikirlərin bədii ifadə
tərzini cadu və sehr adlandırır. Nizami "Xəmsə"yə
daxil olan ilk əsərindən başlayaraq poeziyaya yeni istiqamət
verdiyini, şairliyi əyləncə məclislərindən
qurtardığını, şeirin onun sayəsində
daxmalara ayaq açdığını, xalqın malı olduğunu bildirir.
Nizami Gəncəvi haqqında Azərbaycanda və xarici
ölkələrdə çox yazılıb. Azərbaycan xalqının
Ümummilli lideri Ulu öndər Heydər Əlivev, onun siyasətini,
ənənələrini davam etdirən Prezident İlham
Əliyev bu dahi sənətkarın həyatının, ədəbi
irsinin öyrənilməsi, təbliğ olunması, yubileylərinin
keçirilməsi haqqında sərəncamlar, qərarlar
vermişlər. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 2021-ci ilin
şairin anadan olmasının 880 illiyi münasibətilə
bütövlükdə "Nizami ili" olması barədə
Sərəncam vermişdir.
Prezidentin Sərəncamına uyğun olaraq bir çox
beynəlxalq və respublika konfransları keçirilib, kitablar
nəşr olunub. O cümlədən, Prezidentin Sərəncamına
uyğun olaraq akademik İsa Həbibbəylinin
"Böyük Azərbaycan şairi Nizami Gəncəvi"
kitabı nəşr edilib. Bu kitab bütün əvvəlki
kitablardan onunla fərqlənir ki, o təkcə Azərbaycan
oxucusu üçün yazılmış kitab deyil,
bütün dünya oxucularına ünvanlanmış bir əsərdir.
Əsərdəki tədqiqat dünyanın on
dilində verilib.
Bu monoqrafiyanın müstəsna əhəmiyyəti
ondadır ki, ilk dəfə burada Nizami Gəncəvi
haqqında aparılmış tədqiqatlara mükəmməl
bir yekun vurulmuş və onlar yeni mövqedən dəyərləndirilmişdir. Şairin tərcümeyi-halı
ilə bağlı dəqiqləşdirmələr, atası,
anası, qardaşı, dayısı, müəllimi və
hamisi Xoylu İmad haqqında fikirlər bu kitabda aydın, məntiqi,
elmi şərhini tapmışdır.
Kitabda Nizami Gəncəvinin dövrünün dövlət
başçıları ilə əlaqələri, o cümlədən,
şairin Qızıl Arslanla görüşü bəhsi əvvəllər
diqqəti cəlb etməyən bəzi həqiqətlərə
aydınlıq gətirir. İsa Həbibbəyli
şairin öz müasirlərindən olan Əbu Bəkr ibn
Xosrov əl-Ustadla dostluğunu, yaxınlığını da
xüsusi nəzərə çatdırır. Ömrünün son çağında şairin tənhalıq
həyatı keçirdiyini "Qocalıq" qəsidəsindən
gətirdiyi nümunə ilə xatırladır. Müəllif lazım gələndə bu və ya
başqa məsələ barədə ilk və doğru
sözü demiş alimləri danışdırır,
sözü onların özünə verir. Yeni kitabda Nizami məqbərəsi ilə
bağlı fikir Nizaminin ilk və məhsuldar tədqiqatçılarından
olan akademik Həmid Araslının sözləri ilə nəzərə
çatdırılır. Həmid Araslı "Nizami vəqfi
haqqında yeni sənəd" adlı məqaləsində əldə
etdiyi sənədə əsaslanaraq yazırdı: "Nizami
öldükdən sonra qəbri ziyarətgaha
çevrilmiş, bizə məlum olmayan hökmdarlar və ya
bivaris ölən adamlar tərəfindən bu məqbərəyə
vəqflər edilmişdir. XVI əsrdə bu məqbərə
çox gəlirli vəqfi olan, gəlib-gedənlərə və
yoxsullara hər gün yemək verən, müdərrişləri
təmin edən bir xeyriyyə ocağı olmuşdur".
İsa Həbibbəyli bu fikirləri Həmid
Araslının məqaləsindən götürüb öz
sözləri ilə də verə bilərdi. Ancaq onda elmi üsluba, ənənəyə xələl
gələrdi.
Nizami Gəncəvi özünün də dönə-dönə
yazdığı kimi ömrü boyu Gəncədə
yaşamışdır. Ömründə ancaq bircə dəfə
Gəncədən otuz günlüyə ayrılmış,
Qızıl Arslanla görüşə getmişdir. Bu görüşün Naxçıvana yaxın bir
yerdə şahın hərbi düşərgəsində
baş tutduğu düşünülür. Bu görüşün 1187-ci ildə və ya
1190-cı ildə baş tutması məsələsi
mübahisəlidir. İsa Həbibbəyli
bu görüş zamanı Nizaminin məşhur Azərbaycan
memarı Əcəmi Əbubəkr oğlu Naxçıvani
ilə görüşməsi haqqında ehtimallar olduğunu
da yazır. Akademik İsa Həbibbəyli
bu fikirdədir ki, bir çox səbəbdən bu iki nəhəng
sənətkarın görüşməsi haqqındakı
mülahizələr məntiqə uyğundur. "Memarlığın daş "Xəmsə"sini
yaratmış böyük Azərbaycan memarı Əcəmi
Naxçıvaninin onunla eyni dövrdə yaşamış
söz sənəti "Xəmsə"sinin qüdrətli
yaradıcısı Nizami Gəncəvi ilə
görüşməsi bu iki böyük dühanın
bir-birinin yaradıcılığına və xidmətlərinə
hörmət və ehtiramının ifadəsi deməkdir".
Elə buradaca İsa müəllim XIX əsr rus
rəssamı A.Bondarenkonun həmin görüşə həsr
edilmiş rəsm əsərini xatırladır. Biz buraya ancaq onu əlavə etmək istərdik ki,
Nizami "aslanın erkəyi, dişisi olmaz" deyərək
qadına yüksək münasibət bəslədiyini
bildirirsə, yaratdığı qadın surətlərini
insani cizgilərlə təqdim edirsə, Əcəmi
Naxçıvani qadının məqbərəsi üzərində
möhtəşəm bir abidə ucaldır. Həm də maraqlı cəhət odur ki, belə
bir abidənin yaradılmasını Möminə xatunun əri
Şəmsəddin Eldəniz sifariş edir,
yarımçıq qalan işin davamını isə
oğlanları Cahan Pəhləvan və Qızıl Arslan
gördürürlər. Bu hadisə Azərbaycanda
qəribə və müstəsna bir hadisədir. Nizami əsərlərində
Məhinbanu, Şirin, Nüşabə, Fitnə, Tiptli Mariya,
Nistəndərcahan kimi qadın surətlərinin
yaranmasının bu xalqın ruhundan
qidalandığını deməyə əsas verir.
İsa Həbibbəylinin kitabında Nizami Gəncəvinin
tərcümeyi-halına həsr olunmuş bəhs
yığcamlığı ilə bərabər bu mövzuya ən
aydın və lazımi yekun kimi səslənir.
Nizami Gəncəvi yaradıcılığında onun
lirik əsərləri, əlbəttə, əhəmiyyətli
yer tutur. Şair lirik şeirlə yaradıcılığa
başlamış, sonralar poemalarını
yaratdığı dövrdə də bu sahədə fəaliyyətini
davam etdirmişdir. Şairin lirik əsərlərindən
olan "Qocalıq" qəsidəsi, Nüsrətəddin
Əbubəkrin mədhinə həsr edilən "Sultani-Kəbə"
mədhiyyəsi bu həqiqəti təsdiq etməkdədir.
Nizaminin mükəmməl bir lirik şeirlər
divanının Zəkəriyyə Qəzvini (XIII əsr),
Dövlətşah Səmərqəndi (XV əsr) kimi müəlliflər
yazmış, axırıncı müəllif bu
"Divan"ın iyirmi min beyt həcmində olduğunu
yazmışdır. Ancaq bu
"Divan"ı sonralar görən olmamış və gəlib
bizə çatmamışdır. Bu nəhəng
topludan indi təxminən 150-yə yaxın qəzəl, 5 qəsidə,
30-dan bir az artıq rübai
qalmışdır. İsa Həbibbəyli
Nizami lirikasından əldə olan şeirlərin təhlilinə,
onların müasir elmi səviyyədə dəyərləndirilməsinə
də kitabda layiqli yer vermişdir. Şairin
qəzəllərinin, qəsidələrinin, rübailərinin
təhlilinə həsr edilmiş bəhslər rəğbətlə
oxunur, yeni səslənir. Müəllif Azərbaycan
dilinə tərcümə edilmiş, bir çoxuna musiqi bəstələnmiş
Nizami şeirlərindən şövqlə bəhs edir.
İsa Həbibbəyli Nizami qəzəllərindəki
həyatiliyi, süjetliliyi, səmimiliyi onlara layiq səviyyədə
dəyərləndirir. Kitabda "Gecə xəlvətcə bizə
sevgili yar gəlmiş idi" qəzəlini diqqətlə təhlil
edən alim onu mənzum bir novella adlandıranda tamamilə
haqlı görünür. Nizaminin ölməz
poemalarında əksini tapan fikir və düşüncələr
onun lirikasında da eyni hünər və sənətkarlıqla
ifadə olunmuşdur. 1935-ci ildə bir
cüngdən Nizaminin 25 qəzəlini əldə edən
çex akademiki Yan Rıpka bu qəzəllərin təhlili
ilə bağlı yazdığı önsözün
içərisində dönə-dönə bu şeirlərin
ancaq bir dahi qələmindən çıxa biləcəyini
yazırdı. Biz İsa Həbibbəylinin
kitabının da hər səhifəsində bu həqiqətin,
bu gerçəyin təsdiqini görürük. Necə
də görməyək!
Etmirsə
vəfa ömrə amansız rüzgar,
Sən yaxşılıq ək ta nə qədər
ömrün var.
Bir halda
ki, heç kimsəyə qalmır dünya,
Barı çalışın, inciməsinlər dostlar.
Bu Nizaminin bir rübaisidir və burada ifadə olunan
humanist fikir onun bütün əsərləri
üçün xasdır. Əlbəttə, Nizami birinci
növbədə beş böyük
poemanın müəllifidir. Nizami özü bu
poemaların hər birini xəzinə adlandırır. Bu əsərlər əvvəlcə "beş xəzinə"
adı ilə məşhur olmuşdur. Sonralar
görünür, XIV əsrin başlanğıcında
onları bir yerə toplayıb "Xəmsə" adı
vermişlər. Ən qədim "Xəmsə"
əlyazması Tehran Universitetinin Mərkəzi kitabxanasına
məxsusdur. "Sirlər xəzinəsi"
və "Xosrov və Şirin" bu əlyazmasında yoxdur.
Bu "Xəmsə" 1318-ci ildə
köçürülüb.
İsa Həbibbəylinin monoqrafiyasında "Xəmsə"
poemalarının təhlili də mühüm yer tutur. Müəllif
qeyd edir ki, şairin poemalarından hər biri mükəmməl
və təkrarsız sənət əsərləridir. "Xəmsə"yə daxil olan ilk poema "Sirlər
xəzinəsi" adlanır. Nizami bu əsəri
Sənai Qəznəvinin "Hədiqətül-həqaiq"
poemasına cavab kimi yazmış, məqalət və hekayələr
vasitəsilə dövrün həyatının kəskin tənqidi
mənzərəsini yaratmışdır. "Zalım padşahla doğru danışan zahidin
dastanı" hekayəsində kəfən geyinib
şahın hüzuruna gələn zahid şaha bildirir ki, mən
sənin eyiblərinə güzgü tutmuşam. Sən güzgünü sındırmaqla o eyiblər
yox olmur. Yaxşı olar ki, eyibləri yox
edəsən. Bu hekayədəki zahid əslində
Nizaminin özüdür və onun əsəri zamanın hadisələrini
əks etdirən bir əsərdir. Zülmə,
ədalətsizliyə üsyandır. Əsərdə
eyni zamanda kərpickəsən qoca, cavabı ilə
Süleyman peyğəmbəri utandıran əkinçi və
digər surətlər dövrün sağlam
düşüncəli insanlarını əks etdirir.
İsa Həbibbəyli doğru qeyd edir ki, "Bu baxımdan
"Sirlər xəzinəsi" Azərbaycan ədəbiyyatında "kiçik insanın"
ilk böyük təqdimatıdır... halallıq və zəhmətkeşlik
dərsidir". Nizami bu cəhəti nəzərə
alaraq yazırdı ki, "köhnə, təzə - hər nə
mövcud idisə, mən cadu söz ilə alt-üst oldu,
şairlik içki məclislərindən qurtardı, şeir
daxmalara, hücrələrə ayaq açdı". Nizami bu poemasını Sənai Qəznəvinin ədalət,
insanlıq harayına cavab olaraq yazmışdır.
Nizami yaradıcılığında eşq mövzusunda
yazılmış "Xosrov və Şirin" və
"Leyli və Məcnun" poemaları mühüm yer tutur. Əslində,
bu poemaları da dünya və insan haqqında
düşüncələr xəzinəsi adlandırmaq
mümkündür. İsa Həbibbəyli
"Xosrov və Şirin" dastanından danışarkən
bir yandan tarixdən gələn faktlar, digər yandan xalq
yaradıcılığından bəhrələnərək
Nizaminin möhtəşəm bir eşq əsəri meydana gətirdiyini
vurğulayır. Müəllif haqlı
olaraq belə yazır ki, "Nizami Gəncəvinin əsərlərində,
o cümlədən, "Xosrov və Şirin"
poemasında qoyulan eşq fəlsəfəsi dünya humanizm fəlsəfəsinin
ideya əsasını təşkil edir". Müəllif doğru olaraq "Xosrov və
Şirin" poemasında ilahi eşqin fonunda bir çox
ictimai məsələlərdən söhbət
açmış, cəmiyyət və xalq münasibətləri
ibrətamiz hadisələr və yaddaqalan bədii obrazlar vasitəsilə
canlandırılmışdır.
Kitabda
Xosrov, Şirin, Fərhad, Məhinbanu kimi yaddaqalan surətlər
yaradılmış, düşündürücü həyat
həqiqətləri bəyan edilmişdir. Müəllif
Fərhad surətini Azərbaycan ədəbiyyatında
kiçik adamın Bisütun dağına bənzər bir
heykəli kimi qiymətləndirir. Onun
Xosrovla dialoqu ilə Nizami iki mənəviyyatın parlaq
müqayisəsini yaradır. Xosrovun verdiyi
hər sual onun səviyyəsinin miqdarını, çəkisini
əks etdirdiyi kimi, Fərhadın cavabları bu
daşyonanın mənəvi ucalığını, İsa
müəllim demişkən Bisütun ucalığını
nümayiş etdirir. Bu dialoq Xosrovla
Şirin arasında da gedir. Bu dialoqlarda
eşq haqqında insanın təbiətindəki qüsurlar,
ucalıqlar barədə incə-incə təhlillər
aparılır. Və bu təhlillər,
sübutlar, xatırlamalar Xosrovu tədricən əsl aşiq
səviyyəsinə çatdırır.
Bu qiymətli kitabda "Leyli və Məcnun" əsərinin
təhlili də zövqlə, diqqətlə işlənmişdir. Bir yandan
müəllif bu poemanı cəmiyyət haqqında traktat
adlandırır, həm də Nizaminin "Leyli və Məcnun"
poeması ilə eşqi insanın mənəvi təkamülünün
əsas faktoru miqyasına qaldırdığını" bəyan
edir. Müəllif bu fikirdədir ki, "Məcnunun
eşqi Nizami Gəncəvinin eşq fəlsəfəsinin
konkret bir obrazın dili ilə ifadə olunmuş monoloqudur:
Eşqdən
yoğrulmuş ruhum, bədənim,
Eşqsiz bir günüm olmasın mənim.
Eşqsiz
bir ürək heçliyə varsın,
Onu qəm selləri yuyub aparsın.
İlahi,
birliyin xatirəsinə,
Yenə
yalvarıram ürəkdən sənə,
Qoy,
eşqim ucalıb, namdar olsun,
Mən özüm ölsəm də eşqim var
olsun!"
Biz burada
müəllifin fikri ilə onun həmin fikri təsdiq
üçün "Leyli və Məcnun"dan nümunə
gətirdiyi beytləri də ona görə qeyd etdik ki, bununla
bütün bu kitabın necə bir eşqlə, necə bir
şövqlə yazıldığını nəzərə
çatdıraq.
Nizami Gəncəvinin
ancaq bu haqqında danışılan əsərləri deyil,
onun "Yeddi gözəl", "İskəndərnamə"
poemaları da kitabda böyük sevgi və səriştə
ilə təhlil olunmuşdur. Nizami Gəncəvi
bu son poemalarında təkcə şair deyil, bəlkə daha
çox elm, fəlsəfə və idrak adamı kimi
çıxış edir. Son əsərinin
axırında Nizami yunan alimlərinin Ərəstun,
Əflatun, Valis, Hermes, Sokrat, Fərfirius və Bəlinasın
vəfatını təsvir etdikdən sonra özünü
onların cərgəsinə qataraq, onlardan biri sayaraq
yazır:
Çe
hale həkimane-pişine qoft.
Həkiman bexoftənd o u niz xoft.
Keçmiş
həkimlərdən dedi hekayət,
Onlar yatdı, o da yatdı nəhayət.
Nizami təkcə söz ustadı olmadığını, hərtərəfli dərin biliyə malik olduğunu özü hamıdan yaxşı bilirdi. Elmi, fəlsəfəsi ilə yunan alimləri cərgəsində olmağa tam layiq bir mütəfəkkir idi. "İskəndərin Sokratla əhvalatı" hekayəsində Nizami özü israrla özünü Sokrata bənzədir.
Maraqlıdır ki, kitabın əvvəlində hələ İsa Həbibbəylinin monoqrafiyası başlamamış üçüncü səhifədə Ulu öndər Heydər Əliyevin Nizami məqbərəsi qarşısında portreti və altında Ümummilli liderin Nizami haqqındakı çıxışlarından qiymətli bir parça verilmişdir. "Bütün Azərbaycan xalqı Nizami Gəncəvi ilə fəxr edir. Onun əsərləri təkcə şeirdən ibarət deyildir, onların hər birində böyük elm var, böyük fəlsəfə, dahi fikirlər var. Buna görə də onun əsərləri də yaşayır, özü də yaşayır". Akademik İsa Həbibbəylinin bu mükəmməl kitabı da bütövlükdə bu fikrin işığında qələmə alınmış bir əsər kimi diqqəti cəlb edir. Ulu öndər Heydər Əliyevin Nizami Gəncəvi məqbərəsi önündə portretinin ayrı, daha mühüm bir mənası da var. Əslində qarşısında dayandığı abidəni planlaşdıran, quran, yaradan Ümummilli lider özüdür. Bu abidənin qurulmasının əmrini verən, Ukraynadan bu ölçüdə mərmərin alınmasında, Leninqrad şəhərində yonulub hazırlanmasında, nəhayət, 1990-cı ildə Gəncəyə gətirilib quraşdırılmasında Heydər Əliyevin iradəsinin, rəhbərliyinin müstəsna rolu olmuşdur. Bu ziyarətlə, bu portretlə Ümummilli lider sanki bəyan edir ki, ey böyük sənətkar, sənin böyüklüyünə layiq bu abidəni ucaltmaqla sənə olan öz sevgimi, xalqın sevgisini həyata keçirdim. Sənin ədəbi irsin, özün kimi bu abidədə əbədi yaşayacaqdır.
Bu möhtəşəm kitab giriş,
şairin həyatı, lirikası, poemaları, renessans məsələsi,
Azərbaycançılıq və nəticədən ibarət
olaraq yazılmışdır. Ancaq kitabın içində
daha çox mətləblər ifadə olunur. Nizami
ədəbi məktəbi, Nizami əsərlərinin tərcümələri,
Nizamiyə həsr edilmiş bədii əsərlər, Nizami əsərləri
və musiqi, Nizami məqbərəsinin tarixi, ayrı-ayrı
dünya ölkələrində Nizami abidələrinin
ucaldılması və digər mətləblər buna misal
ola bilər. Bütün bu mövzularla
bağlı elmi fikir və qənaətlər, yeni mülahizələr
irəli sürülmüşdür. İsa Həbibbəylinin
Azərbaycan dilində yazdığı monoqrafik tədqiqat
dünyanın doqquz dilinə tərcümə edilərək
birlikdə nəşr edilmişdir. Kitaba əlavə
olunmuş "Nizami Gəncəvi almanaxı" onun dəyərinə
daha bir dəyər əlavə etmişdir. Monoqrafiyanın
"Böyük Azərbaycan şairi Nizami Gəncəvi"
adının kitabın üz qabığında on dildə təkrar
yazılmasından tutmuş, son səhifəsinə qədər
tərtibi özü də dəqiq və gözəl
düşünülmüşdür.
Xəlil Yusifli
525-ci qəzet.- 2021.- 25 dekabr.- S.15.