Hüseynbala Mirələmovun "Ənvər
Paşa" kitabı çapdan
çıxıb
Bu günlərdə yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Ənvər Paşa" kitabı nəfis tərtibatla işıq üzü görüb.
"Yurda fəda
üç paşa"
trilogiyasının birinci
kitabı olan "Ənvər Paşa" əsərində görkəmli
tarixi şəxsiyyətin
həyat və yaradıcılıq yoluna
yeni rakursdan nəzər salınıb. Müəllif arxiv materialları və sənədlər əsasında
Ənvər Paşanın
Azərbaycanla əlaqələri
və millətimizin öndə gedən aydınları ilə olan dostluq münasibətlərini,
Turan İslam İmperatorluğu qurmaq uğrunda apardığı
böyük mücadiləni,
şəxsi yaşantılarını,
sevgisini və iztirablarını, Tacikistanın
Bəlcivan torpağında
şəhidlik məqamına
yüksəlişini yazıçı
təxəyyülünün bədii ümumiləşdirmələri
ilə qələmə
alıb.
Yazıçı əsəri böyük
ehtiramla qardaş Azərbaycan və Türkiyə xalqlarının
sarsılmaz dostluğuna,
eləcə də Atatürkün, Ulu öndər Heydər Əliyevin bayraq estafeti davamçılarına
- Prezident İlham Əliyevə və Cümhurbaşqanı Rəcəb
Tayyib Ərdoğana ithaf edib.
Həyatının müxtəlif dövrlərinin yer aldığı romanda Ənvər Paşanın dövrünün qabaqcıl ictimai-siyasi xadimi, həm cəsarətli hərbiyə naziri, həm sədaqətli dost, həm də həyat yoldaşı Naciyə Sultanı çılğınlıqla sevən romantik aşiq kimi oxuculara təqdim olunub.
Müəllif kitabın girişində sözügedən romanın yazılma ideyası haqqında fikirlərini oxucularla bölüşüb: "Ənvər Paşa, Tələt Paşa və Camal Paşa haqqında hələ təxminən iyirmi il əvvəl trilogiya yazmaq fikrinə düşmüşdüm. Şükürlər olsun ki, həmin arzumun tarixi zəmini də gəlib yetişdi: Qarabağımızın otuz illik işğalına son qoymaq üçün qəhrəman oğullarımızın silaha sarılması, türk dünyasının yeni qardaşlıq sınağının başlaması, iki dövlətin bir olan millətinin türklük andı... Zəfər paradında iki qardaş ölkənin prezidentləri - İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan qalib Azərbaycan əsgərini bir yerdə salamladı. Həmin gün, bütün sələflərimizin - Atatürkün də, Ənvər Paşanın da, Heydər Əliyevin də gözlədikləri gün idi; onların həyat idealı idi. Bu idealı İlham Əliyev gerçəkləşdirdi! 44 gün ərzində isə Rəcəb Tayyib Ərdoğan da öz qan və can qardaşını meydanda tək qoymadı. "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" deyən Mustafa Kamal Atatürkün vəsiyyətinə sadiq qaldığını təkcə sözdə deyil, əməldə də göstərdi. Ulu öndərimiz Heydər Əliyevin "Bir millət, iki dövlət" düşüncəsindən qaynaqlanan inam Qarabağ labirintinin keçilməz sədlərini dağıtdı, iki ölkənin mənəvi birliyini təmin etdi. Bu qardaşlığın haqq savaşı meydanında ürəkləri dağa döndərən nidaları trilogiyanı başlamaq üçün mənə ruh verirdi. Ənvər Paşadan vətənində çox yazılıb, amma bizim xalqımız üçün də onun tarixi-bədii portretini yaratmaq, onun Azərbaycanla əlaqələrinə bilinməyən rakursdan yanaşıb yaxşı-yaxşı tanıtmaq lazım idi. Bir də nə qədər çox yazılsa da, bu fədakar türk oğlunun, qəhrəman sərkərdənin daha çox vətənindəki, bir də Türküstandakı fəaliyyəti geniş işlənsə də, onun Azərbaycanın azadlığı uğrundakı misilsiz xidmətləri müəyyən qədər diqqətdən kənarda qalmışdır. Görünür, nə zamandı istəklərimin uzaq nöqtəsi olan Ənvər Paşanın Azərbaycana vəfasından, fədakarlığından yazmaq məramım, necə deyərlər, onun yüz il əvvəl qardaşcasına əməlinin cavabını qardaşcasına verməyin də əsl zamanı məhz indi gəlibmiş..."
Kitabda Ənvər Paşanın həyatının müxtəlif dövrlərini əks etdirən fotolar da yer alıb.
525-ci qəzet.- 2021.- 25 dekabr.- S.13.