"İsgəndərə yeni Namə"də nə gördük...  

 

 

Tanrının var olub, olmamağı sualı az qala, dünya yaranandan çoxlarını məşğul edib. Ömrünü bu sualın cavabını tapmağa həsr edən, hətta bu yolda başından, canından keçən filosoflar, alimlər, din xadimləri, yazıçılar azmı olub?! Elə təkcə bu sualdan ötrü cild-cild kitablar yazılmayıbmı? Dürüst cavab isə bu gün yoxdur! Məncə, dünya durduqca da bu proses dəyişməyəcək.

 

Bəşəriyyəti məşğul edən bir başqa mövzu isə ölümsüzlükdür. Acılı-şirinli bu dünyanın hər üzünü görən insan son məqamda yenə ölümsüzlük arzulayır. Heç kim ömrünün faniliyini qəbul etmək istəmir. Amma olsun?! Milyon illərdir, dəyişmir bu dünyanın düzəni.

 

2021-ci il Azərbaycanda "Nizami ili" kimi qeyd edildi. Düz 9 əsr öncə yaşamış böyük Azərbaycan şairi, mütəfəkkiri, filosofu Nizami Gəncəvinin 900 ildən bəri öz aktuallığını itirməməsinə səbəb məhz bu mövzulardır. Allahın varlığı, insanın Allah sorğusu, əbədi həyat, ədalət kimi məsələlər zamanın o tayından dipdiri, təptəzə boylanır bu günümüzə.

 

İlin mahiyyətinə uyğun olaraq, mədəniyyət, ədəbiyyat qurumları, ayrı-ayrı tədqiqatçılar, alimlər, yazarlar Nizami irsini yenidən böyük tədqiqata cəlb edib araşdırdıqca onun əslində bütün dövrlər üçün qədər müasir olduğunu gördük. Çünki Nizami yaradıcılığının başlıca diqqət nöqtəsi insandır - mahiyyəti heç zaman dəyişməyəcək insan.

 

***

 

Son günlərini yaşadığımız ilin ən möhtəşəm layihələrindən biri məhz elə bu son ayda gerçəkləşdi. Hələ "Nəsimi ili"ndə birgə ərsəyə gətirdikləri "Mənəm, mən..." tamaşası ilə bizə çox yaxşı tanış olan İlqar Fəhmi-Mehriban Ələkbərzadə tandemi bu il öz sözlərini deməyi bacardılar. Bu dəfə onlar İsgəndərə göndərilmiş yeni Namədən söz açdılar.

 

 

 

Dekabrın 18-də Mədəniyyət Nazirliyinin dəstəyi "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin baş sponsorluğu ilə Akademik Milli Dram Teatrında "Nizami Gəncəvi ili" çərçivəsində hazırlanmış "İSGƏNDƏRə yeni NAMƏ" tamaşasının premyerası keçirildi.

 

Hələ afişada müəlliflərin adını görəndə bizi çox möhtəşəm qeyri-adi bir işin gözlədiyini dəqiq bilirdim. Nəfis tərtibatıyla göz oxşayan dəvətnamənin isə üzərində beləcə yazılmışdı: "Xəyali sequel". Yəni tamaşa Nizami əsərlərindən hansınınsa səhnələşdirilməsi deyil, onun əsərlərinə, fəlsəfəsinə yeni baxış tərzi, bir az da subyektiv yanaşma idi. Qeyd olunurdu ki, "İSGƏNDƏRə yeni NAMƏ" layihəsi Nizami irsinin teatr sənəti vasitəsilə retranslyasiyasını hədəfləyir. Layihənin əsas məqsədi Nizami Gəncəvinin hər hansı əsərini səhnəyə gətirmək yox, Nizami ruhunu, Nizami fəlsəfəsini müasir sənət düşüncəsi müstəvisində aktuallaşdırmaqdır.

 

Premyerada başda Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Ceyran Mahmudova olmaqla, universitetin rəhbərliyi, professor-müəllim heyəti çoxluqla təmsil olunurdular. Axı tamaşanın yaradıcı heyətinin mütləq əksəriyyəti ADMİU-nun müəllimləri, məzunlarıdırlar. Mehriban Ələkbərzadə, Pərviz Məmmədrzayev, Şövqi Hüseynov başqaları kimi universitet auditoriyasından teatr səhnəsinə neçə-neçə tələbələr yetişdirib bəxş edən ustadlar həmin gün növbəti master-klaslarını keçirdilər.

 

Səhnə əsərinin quruluşçu rejissoru ADMİU-nun müəllimi, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, ədəbi əsasın müəllifi İlqar Fəhmi, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Nihad Qulamzadədir. Tamaşanın səhnə plastikası ADMİU-nun müəllimi, Xalq artisti Pərviz Məmmədrzayevə, səhnə qrafikası Binyamin Sailova məxsusdur. Səhnə əsərində Xalq artisti Nurəddin Mehdixanlı (Hörmüz), Əməkdar artistlər Şövqi Hüseynov (Xızır), Elşən Rüstəmov (Əflatun), Kəmalə Müzəffər (yaşlı Rövşənək), İlqar Cahangir (İsgəndərus), aktyorlar Ziya Ağa (İskəndər), Fəridə Şahbazova (gənc Rövşənək), Rüstəm Rüstəmov (Ərəstun), Vüsal Mustafayev (Dəğyənus), Elçin Əfəndi (Antiqon), və Sənan Kazımlı (Vəliəhd Sokrat) çıxış edirlər.

 

Əsərin müəllifi yazıçı-dramaturq İlqar Fəhmi Nizami Gəncəvinin "İsgəndərnamə" poemasının motivləri əsasında tərtib etdiyi əsərə orijinal yanaşmasıyla hamımızı heyrətə düşürməyi bacardı. Bildiyimiz kimi, poemada İsgəndər Zülqərneynə dirilik suyunu içmək qismət olmur, Xızır dirilik suyunu içib qiyamətə qədər qeybə çəkilir. İsgəndər isə dünyadan köçür. Tamaşada isə İsgəndər dirilik suyunu içməyə qərarlıdır. Çünki o, aləmlərin padşahıdır, ölə bilməz. Əgər ölərsə, hakimiyyətində olan torpaqlar, bu böyük dünya məhv olar, onu idarə edəcək kimsə tapılmaz. İsgəndər isə dünyaya dünyanın hökmdarı olmağa gəlib və bu, əbədi davam etməlidir. Əlbəttə, bütün bunlar İsgəndərin iddiasıdır. Nəticədə Hörmüzün müdaxiləsiylə İsgəndər ölümsüzlük qazana bilir. Bu zamana kimi dünyanın hökmdarı olmağı hədəfləyən Zülqərneyn indi artıq Allahlıq iddiasına düşür. Hörmüz isə əbədi həyatın, allahlığın çox çətin olduğunu dəfələrlə vurğulayır. İsgəndər hər şeyə razı olub ölümsüzlüyə çatır. Əsas hadisələr də bundan sonra başlayır. O zamana qədər ədalətli, qüvvətli, haqq tərəfdarı olan İsgəndər ondan sonra ildən ilə azğınlaşır, vəhşiləşir, böyük bir qan dəryasının üzərində imperatorluğunu davam etdirir. Çünki onun ölümsüzlüyü özüylə birgə faciələri, xəyanətləri, sui-qəsdləri, qanı da gətirir.

Hətta o yerə çatır ki, İsgəndərin öz ailə üzvləri - oğlu, arvadı, nəvələri də ona düşmən kəsilir, ona qarşı yönəlmiş sui-qəsdlərin başında gəlirlər. İndi nə etməli? Öz canından, qanından olanları da edam edib, taxtından yapışmalı, ya ölüb öz yaratdıqlarının düşmənliyindən yaxanı qurtarmalı? İnsan Tanrıdırmı ki, onu yaradanların üsyanına səbir edib, dözə bilsin?!

 

Təkcə İsgəndərə deyil, həmçinin, tamaşaçılarına, bütün insanlığa yeni namə olan əsər seyrçiləri belə bir sual qarşısında qoyur: Görəsən, Nizaminin İsgəndəri ölüm ayağında, həqiqətən, dirilik suyunu içib, əbədi həyat əldə etsəydi, sonrakı aqibəti necə olardı? Həqiqətənmi, hər şey məhz Nizaminin filosoflarının təsvir elədiyi kimi faciəvi olacaqdı? Yoxsa İsgəndər öz düşündüyü kimi dünyada ali ədaləti bərqərar edə biləcəkdi?

Vahid dövlət ideyasının, Yer kürəsini bir qütbdən idarə etmək iddiasının aqibətini təsvir edən tamaşanın yaradıcılarına görə, insan əbədi həyatın yükünü çəkə bilməz. Çünki insan Tanrı deyil!

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2021.- 25 dekabr.- S.12.