Ramil Səfərovun ekstradisiyası: Bu necə olmuşdu?

 

 (Əvvəli ötən şənbə sayımızda)

 

Odur ki, nümayişçilərin yanından keçib restorana  getdik. Meydana həqiqətən   xeyli adam yığılmışdı. Mətbuatda yayılan məlumata görə tədbirin təşkilatçısı Macarıstanın  erməni azlığı deyil,  Orbana müxalifətdə dayanan "Milyonlar qrupu" idi. Amma mitinq "Üzr istəyirik, Ermənistan!" şüarı altında keçirilirdi. Bir neçə yerdə erməni bayrağı qaldırılmışdı. Ermənicə yazılmış transparantlar gözə dəyirdi. Bəzi plakatlarda balta şəkli çəkilmişdi. Bir-iki təlxək isə başlarına mulyaj balta yapışdırıb üzlərini  qırmızı rənglə boyamışdılar. Yəni özlərini öldürülən Qurgenə bənzətmişdilər. Deyəsən, meydana toplaşanlar hiddət və etirazlarını bildirməkdən daha çox şou göstərməyə meyilli idilər.

Etirazçıların çoxunu Layoş Koşut meydanına Azərbaycana nifrət, yaxud Ermənistana rəğbət deyil, özlərinin həllini tapmayan problemləri gətirmişdi. Sosialistlərin lideri  Ferens Dyurçani ekstradisiya ilə bağlı yaranmış vəziyyətdən rəqibi Viktor Orbanın mövqelərini sarsıtmaq, onu nüfuzdan salmaq və bu yolla da siyasi xal qazanmaq üçün istifadə etməyə çalışırdı.

 

Bu zaman hətta qurşaqdan aşağı zərbələrdən, açıq yalan və iftiradan da çəkinmirdi. Hadisələrin isti izi ilə  mətbuata verdiyi açıqlamada  hökumət başçısı olduğu dövrdə  Azərbaycan tərəfin  məhbus zabitin ekstradisiyası ilə bağlı  yanına dörd dəfə  "əli dolu" adamlar  göndərdiyini,  sərfəli şərtlər təklif edildiyini, lakin dövlətinin siyasi imic və nüfuzunu əsas tutaraq hər dəfə Bakının emissarlarını qapıdan qovduğunu bildirmişdi. İndiki hökumət başçısını şəxsi maraqları naminə Macarıstanı qarşıdurmaya sürükləməkdə, beynəlxalq tədriclə üzbəüz qoymaqda ittiham etmişdi. Sonradan Dyurçanın sözlərinin həqiqətə nə dərəcədə uyğun olduğunu həmin dövrdə Budapeştdəki missiyamıza rəhbərlik etmiş  səfir Həsən Həsənovdan soruşdum. Həsən müəllim özünəməxsus ötkəmliklə qısa və konkret "Qələt eləyir!" -  cavabını  verdi.

 

Həmin gün macar dilini yaxşı bilən türk tələbələrdən biri mənim xahişimlə əvvəldən axıra qədər etirazçıların arasında olmuş, nitqlərə qulaq asmış, bəzi şəkillər çəkmişdi. Onun gətirdiyi xəbərlərdən, eləcə də ertəsi gün mətbuatdan və internet saytlarından əldə edilən məlumatlardan da göründüyü kimi, iki saata qədər çəkən mitinqdə erməni diasporunun sadəcə iki nümayəndəsi söz alıb danışmışdı.

 

Qəribədir ki, onların çıxışları da biri-birindən kəskin fərqlənirdi.  Qəzetdə adı göstərilməyən qadın natiq Azərbaycan xalqının ünvanına təhqirlər yağdırmaqdan çəkinməmiş, bizi "barbar", "vəhşi", "qaniçən" adlandırmışdı. Memar olduğu bildirilən Baroş Piroşka adlı ikinci natiq isə nisbətən liberal mövqe nümayiş etdirərək məsələyə anlayışla yanaşmağın, iki qonşu xalqın bir-birinin ünvanına ittiham irəli sürməkdənsə, dialoq aparmalarının və dinc yanaşı yaşamaq yolları tapmalarının vacibliyini vurğulamışdı. Macar natiqlərdən heç kəs  ekstradisiya məsələsinə toxunmamışdı. Əsas məqsədləri fürsətdən istifadə edib  hökumətə ittiham yağdırmaq olmuşdu.

 

İstənilən halda mitinqdən sonra ermənilərin və ermənipərəst qüvvələrin fəallaşacağını gözləmək lazımdı. Ona görə də Antiterror Mərkəzinə telefon açıb yaranmış situasiyanı müzakirə etmək üçün görüşməyin vacibliyini bildirdim.

 

Qarşı tərəfin reaksiyası ləngimədi. Ertəsi gün  Mərkəzin rəis müavini, briqada  generalı Jolt Bodnar və qurumun idarə rəisi, dostumuz  polkovnik Arpad Nad Səfirliyə gəldilər. Görüşümüz kifayət qədər məhsuldar keçdi. Onlar mümkün təxribat hallarının önləmək üçün hazırladıqları tədbirlər planı barəsində  məlumat verdilər. Bu gündən etibarən Səfirlik binası və səfirin iqamətgahı ilə yanaşı, əməkdaşların  mənzillərinin, habelə macar ali məktəblərində təhsil alan tələbələrimizin nəzarətə götürüldüyü bildirildi. Macarıstandakı erməni azlığı və diapor  nümayəndələrinin  hərəkət və yerdəyişmələrini izləmək üçün qonşu ölkələrlə intensiv məlumat mübadiləsi aparıldığı qeyd olundu. General Jolt Bodnar işin daha səmərəli təşkili üçün Azərbaycandakı müvafiq qurumla əlaqə yaradılmasını xahiş etdi.

 

Bu barədə ölkəmizin Milli Təhlükəsizlik nazirliyinə məlumat verdim. Tezliklə nazirliyin Antiterror Mərkəzinin əməkdaşları Budapeştə gəldilər. Onlar macar həmkarları ilə birlikdə Səfirlik binası və əməkdaşların mühafizə vəziyyəti ilə tanış oldular. Birgə məsləhətləşmələr əsasında müəyyən təkliflər hazırlandı. Binamızın qarşısındakı mühafizə postunun ən azı yaxın 4-5 ay xidmətini davam etdirməsi məsləhət bilindi. Mənə isə Budapeştin 3-cü rayonunda, təbii meşə zolağında yaşadığım evdən qorunan binaya köçmək təklif edildi. Köçdük.  Əlbəttə, bu yolla təhlükələrin qarşısının tam alındığını düşünmək sadəlövhlük olardı. Amma istənilən halda son dərəcə ehtiyatlı davranmaq lazım idi.

 

Əlamətdar haldır ki, həmin günlərdə bizə yalnız hədə deyil, həm də dəstək məktubları gəlirdi. Sayları o qədər çox olmasa da,  işgüzar əlaqələr saxladığımız ayrı-ayrı macar ziyalıları, Parlamentin bir neçə deputatı, bəzi siyasi partiyaların nümayəndələri, jurnalistlər  Səfirliyə gəlir, yaxud zəng edib ürək-dirək verirdilər, gördüyümüz işin humanistliyindən  danışırdılar.  Dəstək xarakterli elektron məktublar alırdıq. Amma etiraf edim ki, əleyhimizə çevrilən təbliğatla, sosial şəbəkədəki  hədə, təhdid və təhqirlərlə müqayisədə bunlar dəryada damla timsalında idilər. Bir sıra saytlar hər cür əndazə ölçüsünü itirərək az qala türk-müsəlman dünyasına qarşı yeni xaçlı yürüşün ideoloq və təbliğatçılarına çevrilmişdilər. Adi bir qətl hadisəsini  1915-ci ilin uydurma erməni soyqırımına, türklərlə macarlar arasındakı tarixi Moxaç döyüşünə qədər aparıb çıxaranlar da tapılırdı.

 

Macar paytaxtındakı diplomatik korpus nümayəndələrinin münasibəti də, təbii ki, fərqli idi. Həmin günlər azərbaycanlı zabitin doqquz illik məhbəs həyatından sonra vətənə qaytarılması və azadlığa qovuşması günün mühüm yeniliklərdən biri olduğu üçün əksər səfirlər məsələ ilə maraqlanırdılar. Müxtəlif diplomatik missiya başçılarının öz ölkələrinə, hökumətlərinə nə yazdıqlarını rəftar və davranışlarına görə təxmini anlamaq mümkün idi. Səmimiyyətlə təbrik edənlər, bunu uğurumuz sayanlarla yanaşı, neftlə zəngin Azərbaycanın hər şeyə qadir olması barəsində eyham vuranlar, atmaca atanlar da tapılırdı.

 

Belələri əlacsız duruma düşmüş erməni təbliğatının yalanlarından qidalanırdılar. Macar mətbuatına da yol tapan həmin uydurmalarda guya Ramil Səfərovun ekstradisiyası müqabilində Azərbaycan hökumətinin Macarıstana böyük iqtisadi güzəştlər etdiyi, Budapeşt üçün sərfəli sazişlər imzaladığı, hətta ölkənin təxminən 2 milyard ABŞ dolları həcmində xarici borclarını almağa hazır olduğu bildirilirdi. İşin qəribə cəhəti bəzi rəsmi şəxslərin də yalnız xəstə təxəyyülə xas cəfəng sayıqlamaları həqiqət kimi qəbul etmələri idi.

 

Təbii ki, belə səthi düşüncə sahibləri ilə əməlli-başlı maarifçilik işi aparmaq lazım gəlirdi. Dövlət büdcəsi Macarıstanınkından üç dəfə az olan, üstəlik də müharibə vəziyyətində yaşayan və bir milyon qaçqın-köçkünün yükünü çəkən Azərbaycan Avropa Birliyinə üzv dövlətin milyardlarla dollarlıq xarici borcunun altına necə girə bilərdi?  Neft dumanı bəzilərinin gözünü elə örtmüşdü ki, ölkəmizin az qala hər  vətəndaşının ərəb şeyxləri kimi yaşadığını düşünürdülər. O da gizli deyil ki, erməni təbliğatı iki xalq arasındakı dostluğa, iki ölkə rəhbərliyi arasındakı qarşılıqlı hörmətə əsaslanan anlaşmanı, yüksək humanist addımı bayağı bazar alveri kimi qələmə verməklə azərbaycanlıları və macarları aşağılamağa çalışırdı.

 

***

Aşağıdakı bir neçə sətri yazmaq mənə çox çətindir. Amma eyni zamanda yazmaya da bilmirəm. Nədənsə, bizdə hər şeyin, hətta sevgi, nəciblik və xeyirxahlıq kimi yüksək mənəvi-əxlaqı hisslərin dəyəri də bir sıra hallarda pulla ölçülür. Nə qədər acınacaqlı olsa da, insani bir hərəkət, dara düşənə yaxşılıq da son anda qazanc vasitəsinə çevrilir, qarşılığında sadəcə Allah rizası, şükran və minnətdarlıq deyil, başqa vaxt şəstlə "əl çirki" adlandırdığımız para, pul tələb edilir. Niyə bu məsələni belə qabardıram? Təsadüfi deyil. Çünki özünü Ramilin ən yaxın dostu adlandıran, yolunda ölümə getməyə hazır olduğunu hər fürsətdə uca səslə deyən Ramiz Əmirli işlər uğurla sona çatandan sonra mənfəət davası aparmağa başladı.

 

Sentyabrın sonunda Bakıdan qayıdandan sonra onu Qaborla birlikdə  şama dəvət etdim. Hər ikisinə bir daha səmimi təşəkkürmü bildirdim. Onların köməyi, xüsusən də Qaborun əlaqələri olmasa, ekstradisiyanın baş tutmayacağını bir daha vurğuladım. Bu çətin işdəki fədakarlıqları barədə həm dövlət başçısına şifahi danışdığımı, həm də müvafiq nazirliklərə yazılı məlumat verdiyimi dedim. Fikrimin soruşulacağı təqdirdə əməklərinin bu və ya digər şəkildə mükafatlandırılması ilə bağlı təklif irəli sürməyə, hətta xahiş etməyə hazır olduğumu diqqətlərinə çatdırdım. Bir soydaş kimi Ramizin macar cəmiyyətində belə yaxşı tanınmasından, etibarlı dostlar qazanmasından məmnunluq duyduğumu bildirdim.

Eyni zamanda yadlarına saldım ki, ilk gündən işin maddi tərəfi ilə bağlı heç bir vəd verməmişəm, üzərimə hər hansı öhdəlik götürməmişəm. Əvvəla, buna imkanım və səlahiyyətim olmayıb. Digər tərəfdən, həlledici mərhələdə  məsələ ən yüksək səviyyədə, iki ölkə liderinin iradəsi ilə həllini tapıb. Əgər Prezident İlham Əliyev macar tərəfi qarşısında ekstradisiya  məsələsini qaldırmasydı, Baş nazir Viktor Orban isə razılıq verməsəydi, milyonlarla dollar hesabına da nəyisə dəyişmək mümkün olmazdı. İş başqa yollarla necə çözülə bilərdi? Məgər məhbusu həbsxanadan qaçırıb gizli yollarla Azərbaycana aparacaqdılar?  "Gəlin çox nəcib, insana   Allaha xoş gedən bu işə bizim də balaca köməyimizin dəydiyini düşünək, bir nəfərin həyatını xilas etməyimizi ən böyük mükafat sayaq və bu söhbəti qurtaraq" - dedim.

 

Amma dediklərim gözlədiyim təsiri göstərmədi. Ramiz Əmirli inadla  guya kimlərəsə böyük mükafat boyun olduqlarına inandırmağa çalışırdı. Əvvəl İlham Rəhimovun işin maliyyə tərəfini üzərinə götürməsindən, amma "xidmətləri  layiqincə qiymətləndirilmədiyinə" (?) görə incik düşüb yaxasını kənara çəkməsindən şikayətləndi. Geniş imkanlara malik bir neçə nəfər hökumət üzvü və dövlət rəsmisinin adını çəkib zəng vurmağımı, onu qəbul etmələrinə yardımçı olmağımı istədi.

 

Təbii ki, boyun qaçırdım. Əvvəla, belə xoşagəlməz təşəbbüslə ortaya  düşməyi özümə sığışdırmırdım. Dediyi adamların heç biri ilə güman etdiyi şəkildə ərkyana münasibətim yox idi. İkincisi, proses gözümün qabağında cərəyan etmişdi. Ona görə də əvvəldən axıra qədər tam təmənnasız şəkildə, sadəcə qarşılıqlı hörmət və etimad əsasında görülən xeyirxah işin üzərinə kölgə salmaq istəmirdim. Dəfələrlə Ramiz Əmirliyə də, Qabor Baroşa da məsləhət gördüm ki, kimlərəsə ağız açıb özlərini pis  vəziyyətə salmasınlar. Əgər İlham Rəhimov öz aralarında nə isə boyun olubsa, qoy onun vədini yerinə yetirməsində təkid eləsinlər.

 

Yeri gəlmişkən, ciddi bir adam və savadlı hüquqşünas kimi tanıdığım, həmişə hörmətlə yanaşdığım İlham Rəhimovun mövqeyi də təəccüb doğururdu. Yuxarıda da vurğuladığım kimi mütəmadi şəkildə  "Yeni Müsavat" qəzeti vasitəsi ilə cəmiyyətə guya məsələni fərdi kanalları, ilk növbədə də mənzil-qərargahı Budapeştdə yerləşən Beynəlxalq Hüquqşünaslar Cəmiyyəti vasitəsi ilə həll etməsi barədə məlumat sızdırırdı. Sıradan olan oxucu bilməsə də, İlham müəllim bilməmiş deyildi ki, bu Cəmiyyət sadəcə ictimai qurum idi. Qərarları (hərçənd R.Səfərovla bağlı heç bir qərar olmamışdı) ən yaxşı halda tövsiyə xarakteri daşıya bilərdi. Macar hökumətinə əmr, tapşırıq verə bilməzdi. Təbii ki, heç vaxt İlham müəllimlə polemika açmaq fikrinə düşməmişdim.  Həm də dövlətimizin nüfuzu, dövlət başçısının fəaliyyəti ilə bağlı bir məsələdə ayrı-ayrı şəxslərin "birincilik çələngi" uğrunda cəngi-cidala çıxmaları gülünc və qeyri-ciddi görünərdi.

 

Eyni zamanda onun öz adı ətrafında mif yaratmasının rəsmi dairələrdə narazılıqla qarşılandığından da xəbərim vardı.  2018-ci ildə "Yeni Müsavat" qəzetində dövlət başçısının adından istifadə edərək əski "qəhrəmanlığını" növbəti dəfə yaddaşlarda təzələmək fikrinə düşəndə və "Bu işi Prezident İlham Əliyevin şəxsi tapşırığı ilə gördüm" başlığı altında silsilə müsahibə vermək istəyəndə nağılın qarşısı  ilk saydan alındı. Mövzuya giriş  səciyyəsi daşıyan birinci söhbətdən sonra materialın nəşri durduruldu.  Görünür, Prezident Administrasiyası da mifik  "xidmətinə" heyran kəsilmiş hüquqçunun  bu narsisizm aktından bıqmışdı...

 

Ramiz Əmirli isə dəfələrlə aramızda olan səmimi söhbətlərdən sonra yenə məsləhətimə qulaq asmadı. Bir neçə dəfə Bakıya gedib müxtəlif yollarla adlarını burada çəkmək istəmədiyim vəzifəli şəxslərin qəbuluna düşdü. Onları ekstradisiya məsələsini  "macar dostlarının" yardımı ilə şəxsən özünün həll etdiyinə, indi isə bu işə yardım göstərən adamlara "təşəkkür etmək" lazım olduğuna  inandırmağa çalışdı. Təbii ki, heç nəyə nail ola bilmədi. Hər yerdən əli boş, iddialarına kimsəni  inandıra bilmədən   geri döndü.

 

Bir daha təkrar edirəm: Ramiz Əmirlinin, xüsusən də Qabor Baroşun bu məsələdəki mühüm rolunu, xidmətlərini hamıdan yaxşı və yəqin ki, ilk gündən işin içində olan adam kimi mən bilirəm. Və yuxarıda obyektiv şəkildə, artırıb-əskiltmədən göstərməyə çalışmışam. Onların hər hansı şəkildə incimələrini, rəncidə düşmələrini də hamıdan az istəyən mən idim. Çəkdikləri zəhmətin  mükafatlandırılmasına iki əllə səs verərdim. Amma dəfələrlə dediyim kimi, ilk gündən özləri məsələni fərqli qoymuşdular - açıq şəkildə dövlətdən heç nə ummadıqlarını, bunun sadəcə bir insanlıq və xeyirxahlıq nümayişi olduğunu bildirirdilər. Arxada isə İlham Rəhimovun  fəaliyyətini şişirtməklə ondan bol mükafat umurdular. Niyyətləri baş tutmayanda isə hər ikisi Azərbaycan hökumətini və Səfirliyi borclu çıxarmağa başladılar. Az qala özlərini nə vaxtsa nisyə mal verib sonradan qiymətini ikiqat, üçqat artıqlaması ilə tələb edən dükançılar kimi aparırdılar. Bütün mümkün vasitələrlə Azərbaycandan gələn hər rəsmi nümayəndə heyətinə yol tapmağa, naməlum  "macar rəsmilərinə" vəd olunmuş mükafatı ala bilmədiklərinə görə şikayətlənməyə imkan axtarırdılar.

 

Əlbəttə, birgə gördüyüz işə belə kədərli nöqtə qoyulmasını istəməzdim.

 

İstənilən halda  Ramizə də, Qabora da çox minnətdaram. Əlbir çalışmışdıq, bir insanın dardan qurtarmasında ikisinin də zəhməti olmuşdu.  Mükafatlarını isə qoy Allah versin. Çünki əzab kimi mükafat da hər iki dünyada var...

 

Eyni sözləri İlham Rəhimov haqqında da deyə bilərəm. Prosesin gedişində rol dəyişikliyi etməsinə baxmayaraq, heç şübhəsiz, onun şirnikləndirici vədinin  təsiri də  əhəmiyyətsiz olmamışdı...

 

***

 

Ekstradisiyadan təxminən ay yarım sonra - oktyabrın 10-da Budapeştdə Azərbaycan-Macarıstan hökumətlərarası birgə iqtisadi komissiyasının növbəti, üçüncü iclası təyin olunmuşdu. Təbii ki, tarix bir neçə ay əvvəl seçilmişdi və o zaman heç kim onun hansısa problem yaradacağını ağlına da gətirməmişdi. Amma avqustun sonunda baş verən hadisədən sonra 10 oktyabr tarixi yaxınlaşdıqca müəyyən narahatlıqlar meydana çıxmağa başlamışdı. Əvvəldən razılaşdırılan səfər ilk növbədə ev sahiblərini - macar tərəfi qayğılandırırdı. Ermənilər  Budapeştdə çoxsaylı Azərbaycan nümayəndə heyətinin olduğu günlərdə hər hansı  terror aktı həyata keçirə bilərdilərmi? Bəlkə aranın sakitləşməsini, ehtirasların soyumasını gözləmək, komissiyanın iclasını  əmin-arxayın şəraitdə keçirmək daha məqsədəuyğun  olardı? Risk etməyə dəyərdimi? Odur ki, macar protokolu ilk öncə Səfirlikdən soruşdu - Azərbaycan tərəfi iclası münasib vaxta təxirə salmaq fikrinə necə yanaşır?

 

Komissiyanın azərbaycanlı həmsədri, sənaye və iqtisadiyyat naziri (hazırda Baş nazirin müavini - red.)  Şahin Mustafayevlə məsləhətləşmədən təklifə  dərhal   mənfi cavab verdim.  Bilirdim ki, Şahin müəllim də, dövlətimiz də başqa  münasibət sərgiləyə bilməz. Üstəlik,  bir ovuc xəyali  terrorçunun mifik hədələri qarşısında geri çəkilmək Azərbaycan və Macarıstan dövlətlərinin adına yaraşmazdı. Şahin Mustafayev da bu mövqeni tam şəkildə dəstəklədi. Hər hansı təxirdən söhbət gedə bilməzdi. Komissiyanın iclası təyin olunduğu vaxt keçirilməli idi.

 

Oktyabrın 10-da Bakıdan xüsusi təyyarə ilə gələn qonaqları qarşılamaq üçün Budapeştin ikinci hava limanında (Ferihegi-2) idik. Nazir və səfir kimi çalışdığım vaxt həm çoxsaylı xarici səfərlərin təşkilində, həm  səfərlərdə, həm də müxtəlif heyətlərin qarşılanıb yola salınmasında iştirak etmişdim. Amma bu qədər sıx təhlükəsizlik tədbirlərinin görülməsinə  ilk dəfə şahid olurdum.  Təyyarə meydanında Antiterror Mərkəzinin xeyli avtomobili və əməkdaşı vardı. Havaya helikopterlər qaldırılmışdı. Keçdiyimiz yol qovşaqlarında polis maşınları növbə çəkirdilər. Təyyarədən enən Şahin Mustafayev qələbəliyi görüb "Vallah, axırda bizi dilə-dişə salacaqsan" - deyə zarafat elədi. Eyni mənzərə nümayəndə heyətinin qaldığı "Şeraton" otelində də hökm sürürdü. Hər tərəfdə dazlaq başlı, kvadrat sifətli canlı "şkaflara" təsadüf etmək mümkün idi.  Zahirən seçilməyənlər də yəqin ki, az deyildilər.

 

Komissiyanın iclasları uğurla başa çatdı. Mətbuat konfransını da sakit, qalmaqalsız yola verdik. Xoşbəxtlikdən heç bir gözlənilməz hadisə olmadı.

 

Macarıstan protokolu  Baş nazirin hökumətlərarası komissiyaların sədrləri ilə ayrıca görüşünü nəzərdə tutmur. Bu dəfə isə istisnaya yol verilmişdi. Viktor Orban  azərbaycanlı həmsədri öz ofisində qəbul edəcəkdi. Görüşə Şahin Mustafayevlə ikilikdə getdik. Macar tərəfdən isə iqtisadiyyat naziri xanım Roza Nad  orada idi.

 

Bir neçə gün əvvəl Parlamentdə Baş nazirin iştirakı ilə ağır və çətin  dinləmələr keçirildiyini bilirdim.  Sosialist fraksiyasının israrlı tələbi əsasında  ekstradisiya məsələsi qanunverici orqanın gündəliyinə çıxarılmışdı. Sosialistlər Viktor Orbanı nüfuzdan salmaq üçün  hadisədən maksimum faydalanmağa çalışırdılar. Amma bütün səylərinə rəğmən, niyyətlərinə çata bilməmişdilər. Baş nazir Parlament tribunasından özünə, partiyasına və hökumətinə ünvanlanan bütün ittihamları qətiyyətlə, ən başlıcası isə inandırıcı şəkildə rədd etmişdi. Onu hansısa məqsədlər naminə Macarıstanın nüfuzuna xələl vurmaqda, Azərbaycana "işləməkdə" suçlamaq istəyənləri yerində  oturtmuşdu. Bununla da son bir ay ərzində macar cəmiyyətin çalxalayan, müxtəlif qüvvələrin hökumətə yönəlik hücumlarına rəvac verən  məsələyə son qoyulmuşdu. Viktor Orban bu çətin mübarizədən də qələbə ilə çıxmışdı.

 

Lakin görüşdə ekstradisiyaya demək olar ki, toxunulmadı. Macar lider Şahin Mustafayevin minnətdarlıq sözlərinə də sadəcə başını təqdiredici ahəngdə tərpərməklə cavab verdi.

 

Vidalaşmaq üçün ayağa qalxanda mənə sözü olduğunu dedi. Dunaya açılan böyük pəncərənin qarşısına çəkildik. İki gün öncə Gürcüstanda  baş tutan və hakim partiyanın - M.Saakaşvili tərəfdarlarının məğlubiyyəti ilə nəticələnən seçkinin regiona təsiri ilə maraqlandı.

 

Rusiyanın yenidən Gürcüstana qayıtmaq ehtimalının nə qədər böyük olduğunu soruşdu. Saakaşvili siyasi səhnədən  uzaqlaşandan sonra da qonşularımızın rusiyameyilli siyasətə  üstünlük verməyəcəkləri, bu yolla Qərbin daha böyük siyasi, iqtisadi, hərbi və mənəvi dəstəyini əldə etməyə çalışacaqları haqda dediklərimə  çox da inamla yanaşmadığını hiss etdim.  Çünki özü də Rusiya ilə əməkdaşlıq tərəfdarı idi.

Sonra gözlənilmədən söhbətin mövzusunu dəyişdi.

 

-Bilirsiniz, - dedi, - mən düzgün hərəkət eləmişəm. Onlar (opponentlərini nəzərdə tuturdu)  Orbanı Macarıstanın milli maraqlarını satmaqda günahlandırırlar. Amma mən fərqli düşünürəm. Parlamentdəki çıxışımda da hər kəsə izah etmək istədim ki, çətin qərarı verəndə ilk növbədə ölkənin, xalqın maraqlarını, mənafeyini göz önünə gətirmişəm. Kimlərinsə istəyi, yaxid diktəsi ilə Macarıstanı haqlı, ya haqsız cəzalandırılan adamların saxlandığı məhbəsə çevirə bilmərəm. Çox istərdim  ki, ölkələriniz arasındakı münaqişə  həllini tapsın. Regionunuzda sülh və sabitlik olsun. Xalqlarınız, nisbətən daha yaxşı tanıdığım Azərbaycan xalqı buna layiqdir. Eyni zamanda münaqişənin həllinə töhfəmizin  həbsxana nəzarətçisi səviyyəsində olmasını istəmirəm.  Bunu qətiyyən qəbul etmirəm. Fikrimcə,  macarlar  əməkdaşlığın daha nəcib, yüksək, insani formalarına layiqdir. Çox ciddi maneələrlə qarşılaşsaq da,  mürəkkəb bir səhifəni qapatdıq. Artıq bu barədə uzun-uzadı danışmağa, mübahisə açmağa lüzum yoxdur. İndi daha ciddi işlərlə məşğul olmaq lazımdır.

 

Baş nazirin dediklərinə nə isə əlavə etmək çətin idi. Yenidən təşəkkür sözləri söyləmək yersiz çıxardı. Odur ki, sadəcə əlini sıxdım. Məncə, bu jestin arxasında şəxsinin və  xalqının ünvanına sonsuz minnətdarlıq, etimad, şükran duyğularının gizləndiyini sözsüz də başa düşdü.

Sonralar müxtəlif vaxtlarda,  müxtəlif münasibətlərlə Viktor Orbanla dəfələrlə görüşsək də sanki üzərinə tabu, yasaq qoyulubmuş kimi ekstradisiya mövzusuna bir də heç vaxt qayıtmadıq...

 

Digər tərəfdən hökumət başçısını və xarici işlər nazirini "cəncələ salsam" da mənə olan münasibətlərini qətiyyən dəyişmədilər. Təvazökarlıqdan kənar olsa da, deməliyəm ki, XİN-nin təqdimatı ilə 2017 və 2021-ci ildə yüksək macar ordeni ilə təltif edildim. Bakıya qayıdandan sonra isə Viktor Orbandan səfir kimi çalışdığım dövrdə ölkələrimiz arasındakı münasibətlərə verdiyim töhfəyə görə təşəkkür məktubu aldım. Bakıdakı macar səfiri Viktor Sederkeni məktubu təqdim edərkən ölkəsinin protokol xidməti tarixində ilk dəfə belə hadisə ilə üzləşdiyini dedi...

 

 

P.S. Budapeştdəki səksəkəli günlər tezliklə arxada qaldı. Həyat əvvəlki axarına qayıtdı. Hər binanın arxasında, hər küçənin tinində bir təhlükə gizlənməsi əndişəsi büsbütün yaddan çıxdı. Həyatda daim ehtiyatla, xof və qorxu içərisində yaşamaqdan pis şey yoxdur. Fatalist olmasam da, düşündüm ki, nə baş verməlidirsə verəcək, qədərin və taleyin əli nə yazıbsa ondan qaçmaq mümkün deyil...

 

Şükürlər olsun ki, bəd gözləntilərimizin heç biri özünü doğrultmadı.

 

Ramil Səfərova gəldikdə isə onu indiyə qədər həyatda, necə deyərlər, canlı şəkildə görməmişəm. Azadlığa çıxandan sonra bir dəfə, deyəsən növbəti 2013-cü ilin  Novruz bayramı ərəfəsində zəng vurub təbrik sözlərini çatdırdı. Heç vaxt üzbəüz görüşməyə can atmadı. Təbii ki, mən də təşəbbüs göstərmədim. Yazı mətbuatda çap olunanda atası Sahib müəllim zəng vurub bir daha özü və ailəsi adından minnətdarlıq sözlərini çatdırdı. Təşəkkürümü bildirdim.  Səmimi söhbət etdik.

 

Bu adamların  ömrü boyu özlərini mənə borclu saymaları iddiasından çox-uzağam. Ekstradisiya üçün çalışanda da təşəkkür və mükafat gözləməmişəm. Sadəcə, vəzifəmi yerinə yetirmişəm. Əsas odur  ki, dara düşmüş bir insanın, bir soydaşımızın həyatının yaxşıya, xeyirə doğru dəyişməsinə müəyyən köməyim dəyib. Ölkəmizin nüfuz və qüdrətinin nümayişində mənim də kiçik  payım olub...

 

Və bunu insan-vətəndaş həyatımın ən böyük uğurlarından biri sayıram.

 

Budapeşt - Bakı, 2012-2021.

 

Vilayət QULİYEV

Azərbaycanın Macarıstandakı keçmiş səfiri

 

525-ci qəzet.- 2021.- 25 dekabr.- S.10-11.