Məktəbəqədər təhsil
müəssisələrinin Təhsil Nazirliyinin
tabeliyinə verilməsi nə vəd edir?
Əməkdar elm
xadimi Şahlar Əsgərov: "Bu, məktəblərə
hazırlıq prosesinin lazımı səviyyədə təşkilinə
şərait yaradacaq"
Bu günlərdə Prezident
İlham Əliyev dövlət məktəbəqədər
təhsil sistemində
idarəetmənin təkmilləşdirilməsi
haqqında sərəncam
imzaladı. Sərəncamla yerli icra hakimiyyəti orqanlarının
tabeliyindəki dövlət
məktəbəqədər təhsil müəssisələri
(uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verildi.
Qeyd edək
ki, hazırda ölkədə 1825 uşaq
bağçası fəaliyyət
göstərir. Onlardan 1692-i dövlətə məxsusdur. Orada 126 mindən
çox uşaq tərbiyə alır.
Azərbaycanda 133 özəl bağça
fəaliyyət göstərir.
Orada 5124
uşaq var. İlin əvvəlinə olan məlumata görə, bağçalarda 17 218 nəfər
işləyir.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə
görə, uşaqların
fərdi inkişafı
və sosiallaşmasında
bağçaların əhəmiyyətli
böyükdür. Məktəbəqədər
təhsil müəssisələri
həmçinin körpələrin
təlim-tərbiyəsində də mühüm rol oynayır: "Uşaqların
dünyagörüşünün inkişafında, danışıq,
nitq, davranış vərdişlərinin formalaşmasında
bağçalar xüsusi
rola malikdir. Eyni zamanda, uşaqların məktəbə hazırlıq
dövrü də məhz bağçadan başlayır. Bu səbəbdən də bağçaların inkişafına,
təlim-tərbiyə işlərinin
daha da yüksəldilməsinə
nail olmaq lazımdır.
Hesab edirəm ki, dövlət məktəbəqədər
təhsil müəssisələrinin
Təhsil Nazirliyinin tabeliyinə verilməsi sözügedən müəssisələrdə
təlim-tərbiyə və
məktəblərə hazırlıq
prosesinin lazımi səviyyədə təşkil
olunmasına şərait
yaradacaq".
Azərbaycan İnternet Forumunun
prezidenti Osman Gündüzün fikrincə,
hər il
Bakı şəhəri
İcra Hakimiyyəti tərəfindən bağçalara
elektron qəbul sisteminin qurulması vədi verilirdi. Ancaq uzun zaman
keçməsinə baxmayaraq,
məsələ ilə
bağlı heç bir müvafiq tədbirlər görülmürdü:
"Hətta dəfələrlə
Təhsil Nazirliyi Bakı şəhər İcra
Hakimiyyətinə bağçalara
elektron qəbul sisteminin qurulmasına köməklik etməyə
hazır olduğunu bildirmişdi. İcra Hakimiyyəti isə
nazirliyin köməyindən
imtina edib sistemi qısa müddət ərzində
özləri tərəfindən
quracağı vədi
verilmişdi. Ancaq xeyli
müddət keçməsinə
baxmayaraq, dəfələrlə
məsələ qaldırılmasına
rəğmən İcra
hakimiyyəti bu elektron qəbul sistemini qurmadı və ya qurmaq
istəmədi. Görünür bağçalara elektron qəbul sisteminin qurulması İcra hakimiyyətinə sərf
etmirdi. Elektron hökumətin inkişafına
cavabdeh qurum da dövlətin rəqəmsal resurslarından
effektiv istifadəyə
yetərincə diqqət
yetirmədi. Bağçalara nəzarətin yenidən Təhsil Nazirliyinə verilməsi təhsil sisteminin ilk pilləsi olan məktəbəqədər
təhsil müəssisələrində
vəziyyətin yaxşılaşmasına
gətirib çıxaracaq.
Ümid edirəm ki, Təhsil Nazirliyi elektron qəbul sistemini bağçalara daha effektiv formada
tətbiq edə biləcək".
Millət
vəkili Etibar Əliyev
bildirib ki, uzun illərdir, müxtəlif səviyyələrdə
qaldırılan çox
mühüm bir məsələ nəhayət
ki, həllini tapdı: "10 il müddətində təhsilin
bu mühüm pilləsində geriləmələr
baş verdi. Bu böyük zaman kəsiyində baş
verən neqativ hallar aradan qaldırılmalıdır.
Məktəbəqədər təhsil müəsisələri
hər bir ölkənin təhsilinin
özəyidir".
Təhsil
eksperti Nadir İsrafilovun
dediyinə görə,
təhsildə varislik
və fasiləsizlik prinsiplərininin təmin edilməsi baxımından
uşaq bağçalarının
yenidən Təhsil Nazirliyinə qaytarılması
təqdirəlayiqdir: "Bu, təhsilin bir sistem kimi vahid
mərkəzdən idarə
olunması, ceviklik və mobilliyin təmin edilməsi, cavabdehliyin və məsuliyyətin artırılması
baxımından da məqbul hesab oluna bilər".
Təhsil
naziri Emin Əmrullayev isə deyir ki, Təhsil
Nazirliyi bağçalarda
təlim-tərbiyə işinin
yüksək səviyyədə
təşkil olunmasında
və uşaqların
bağçalara çəlb
olunmasında maraqlıdır:
"Biz istəyirik ki,
daha çox uşaq bağçalara getsin. Çünki bağçalar bir
neçə problemi həll edir. İlk növbədə bu uşaqların təhsilidir.
İkinci, qadınların işləməsinə şərait
yaradır. Bağça çox olduqca bu, bu iqtisadiyyatın
inkişafına təsir
edir. Bağçaların sayının artması
hər kəsin marağındadır. Sadəcə, bu, dayanıqlı sistemlə artmalıdır".
Nazirin sözlərinə görə, dövlət məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçaları) vahid məlumat bazası mövcud deyildi. Vakant yerlərin formalaşması, uşaq və müəllimlərlə, direktorların işə qəbulunda rəqabətliliyə diqqət etməliyik. Daha çox özəl sektorun sayının artırılması, alternativ təhsil müəssisələri ilə bağlı addımlar atılmalıdır . Özəl bağçaların artması əsas hədəflərdəndir. Təhsil naziri vurğulayıb ki, bundan sonra dövlət məktəbəqədər təhsil müəssisələrində tədris aparacaq şəxslərin işə qəbulu müəllimlərin işə qəbulu üzrə tətbiq olunan oxşar prinsiplə həyata keçiriləcək. Həmin müəllimlərin və ya tərbiyəçilərin müxtəlif ixtisasartırma kurslarına cəlbi də mümkündür. Eyni zamanda, məzmun dəyişiklikləri də olmalıdır: "Məktəbəqədər təhsil müəssisələrində çalışan işçilərin qiymətləndirilməsi aparılacaq. Bu pillə üzrə təhsil işçilərinin bu və ya digər formada diaqnostik qiymətləndirilməsinin aparılması labüddür. Ümumtəhsil müəssisələrində bu üsul özünü doğrultdu. Biz gördük ki, hansı müəllimin fəaliyyəti nədir. Saat bölgüsündə bunu nəzərə aldıq".
S.QARAYEVA
525-ci qəzet.- 2021.- 25 dekabr.- S.9.