İlham Əliyevin şəhərləri
1993-cü
il! Yenicə müstəqilliyini
qazanmış respublika dağılmaq, məhv olmaq təhlükəsi
altındadır.
Anarxiya, qanunsuz silahlı birləşmələr, vətəndaş
müharibəsi ərəfəsi. Belə bir ərəfədə
xalqın təkidli xahişi ilə Ulu Öndər Heydər
Əliyev hakimiyyətə gəldi. Büdcədə
pul yox, iqtisadiyyat çöküb, müharibə şəraiti,
torpaqlarımız işğal altındadır.
Bu böyük dövlət adamı iki ilin içində
dağılmaqda olan respublikanın əl-ayağını bir
yerə yığa bildi. Bütün silahlı dəstələri
zərərsizləşdirdi. Və
sübut etdi ki, hakimiyyətə gəlməyin yolu yalnız
seçkilərdir, hakimiyyətin mənbəyi xalqdır.
İqtisadiyyatı yenidən qurmağa başladı,
"Əsrin müqaviləsi"ni
imzaladı, Azərbaycanı dünyanın diqqət mərkəzinə
çevirdi.
Ulu Öndərin ən böyük arzusu
torpaqlarımızı düşmən işğalından
azad etmək idi. Ömür vəfa etmədi.
Bu müqəddəs vəzifə Onun siyasi varisi
İlham Əliyevin üzərinə düşdü.
Heydər
Əliyevdən sonra hakimiyyətə gələn İlham
Əliyev 17 il bütün
döyüşlərə (oxu: görüşlərə) tək
gedirdi. Ermənilər isə türklər
demiş, heç vaxt təkər-təkər gəlmirdilər.
Ermənistanın arxasında duran qüvvələr
fikirləşirdilər ki, bu gənc (hakimiyyətə gələndə
43 yaşı vardı) lideri yerində oturda biləcəklər,
Qarabağı Azərbaycandan qoparıb Ermənistana peşkəş
edəcəklər. Müxtəlif layihələrlə
gəlirdilər, müxtəlif təkliflərlə və
sairə və ilaxır. Fikirləşirdilər
ki, gəncdir, təcrübəsizdir, Heydər Əliyev kimi
dünyada tanınan bir siyasətçi deyil.
Amma unudurdular ki, o, Heydər Əliyevin oğludur, Heydər
Əliyev məktəbi keçib. Dünyanın öndə
gedən diplomatik institutlarından birini əla qiymətlərlə
bitirib.
Yadıma bir hadisə düşdü. Alparslan Türkeş
dünyasını dəyişəndə Milliyyətçi
Hərəkat Partiyasında Türkeşin oğlu Toğrul
Türkeşi sədr seçmək istəyəndə
önünə bir şərt qoydular ki, o, ülkü
ocaqlarında təhsil almayıb, o zaman Toğrul bəy
gülüb demişdi:
-
Ülkü ocaqlarında mənim atamın yazdığı
kitablardan dərs keçirlər. Bu ocaqlarda təhsil
alanlar həftədə iki dəfə mənim atamın
yazdığı kitablardan iki-üç saat təlim-tərbiyə
alırlar. Necə olur ki, onlar
ülküçü sayılır, amma hər gün iyirmi
dörd saat atamın ideyaları ilə böyüyən mənim
qarşıma belə şərt qoyursunuz.
Bir daha
xüsusilə vurğulayıram ki, onlar unudurdular 43
yaşınadək Heydər Əliyevin təlim-tərbiyəsini,
siyasi görüşlərini, əqidəsini, vətənpərvərliyini,
milli məfkurəsini gündə 24 saat mənimsəyən və
artıq yetişmiş, müdrikləşmiş İlham
Əliyevlə qarşı-qarşıyadırlar.
İlham Əliyev qarşısına bir məqsəd
qoymuşdu, Atasının ona etdiyi vəsiyyəti -
torpaqlarımızı Ermənistanın işğalından
xilas etmək, müstəqilliyini əbədi etmək vəsiyyətini
həyata keçirmək üçün gecə-gündüz
çalışır, mübarizə aparırdı.
Ölkənin iqtisadiyyatını qurur, dünyanın
aparıcı dövlətləri ilə iqtisadi əlaqələr
yaradır, Azərbaycanı tək regionda deyil, dünyada
söz sahibinə çevirir, Müdafiə Sənayesi
Nazirliyi yaradır, yeni ordu formalaşdırır, ordunun
maddi-texniki bazasını möhkəmləndirir. Qarşısında bir amal
var: güclü iqtisadiyyat, güclü dövlət,
güclü ordu və ağıllı siyasət.
Birinci
Qarabağ savaşında Allahın avtomat patronunu, ən sadə
döyüş silahlarını xaricdən alan
Azərbaycan indi nəinki öz ordusunu ən müasir
silah-sursatlarla, raketlərlə, PUA-larla, dronlarla, ağır
artilleriya ilə təmin edir, eləcə də
dünyanın 30-a qədər dövlətinə silah-sursat
satır.
Bəli, Prezident İlham Əliyev reklamsız öz
işiylə məşğul idi və heç bir
danışıqlarda da bir addım geri çəkilmirdi. Bir sözlə,
Ermənistan və havadarları bir daş idilərsə, Qayaya
rast gəlmişdilər. Onlar "nöqtə"
idilər, amma "Nida" ilə
qarşılaşmışdılar.
Hər şeyin bir zamana ehtiyacı vardı. Prezident deyirdi: "Mən nəyi,
nə vaxt və necə etməyi yaxşı bilirəm".
Vaxt gəldi,
dediyini dedi, elədiyini də elədi. 44 günün
içində, belə demək mümkünsə,
ildırım sürəti ilə Azərbaycanın 30 ilə
yaxın bir dövrdə işğal altında olan
bütün torpaqlarını (təxminən 19 min
kvadratkilometr) öz sərkərdəlik məharəti ilə
azad etdi.
Hələ uzun illər bundan əvvəl deyirdi ki,
gün gələcək müqəddəs Azərbaycan
bayrağı işğal altında olan bütün
torpaqlarımızda dalğalanacaq. O gün gəldi! Məhz
onun sərkərdəliyi ilə ordumuzun müzəffər əsgərləri
o bayrağı bütün Qarabağ boyu
dalğalandırdılar.
Son beş əsrdə Azərbaycan ilk dəfəydi
ki, Onun komandanlığı altında itirdiyi torpaqlara sahiblənirdi.
Bu 44 günlük müharibə bütün
dünyanı, daha dəqiq desək, ermənilərin
arxasında duran böyük dövlətləri təkcə
çaşdırmamışdı, həm də
sarsıtmışdı. Ermənistan da, arxasında
duran dövlətlər də qarşılarında qüdrətli
bir Azərbaycan, qüdrətli bir Sərkərdə
gördülər.
Prezident İlham Əliyev özü də təkcə
döyüşdə qalib gəlmədi, diplomatiyada da qalib gəldi. Məhz
uğurlu xarici siyasəti nəticəsində. Özünün çevik diplomatiyası ilə
dünyanın bir sıra söz sahibi olan ölkələri
Azərbaycanın yanında oldular, haqq səsinə səs
verdilər.
İlham Əliyev təkcə ata vəsiyyətini yerinə
yetirmədi, O, Azərbaycan xalqının arzusunu, istəyini həyata
keçirdi.
Bir milyon qaçqın və məcburi
köçkünün 30 ildə həsrətlə gözlədiyi
qələbə müjdəsini də verdi.
Azərbaycan xalqının qürurunu özünə
qaytardı!
Artıq bir ildən çoxdur ki, işğaldan azad
olmuş şəhər və kəndlərimizdə quruculuq
işləri gedir. Bilirsiniz, bu quruculuq işində ən
çətin olanı nədir? Biri var hər
şeyi sıfırdan başlayasan, biri də var minusdan
başlayasan. Mənfur düşmən
şəhər və kəndlərimizi elə bir xarabazara
çeviriblər ki, o xarabazarlığı təmizləmək,
yerində şəhər və kəndlər salmaq ikiqat maddi
vəsait tələb edir. Təkcə
Ağdamı xarabazarlıqdan təmizləmək
üçün bəlkə də minlərlə
maşın və texnika lazımdır. Şəhərdə
hələ tikililəri demirəm, infrastrukturu yenidən qurmaq
üçün milyardlarla manat pul lazımdır. Və Azərbaycan heç bir dövlətdən
borc almadan bütün şəhər və kəndlərimizi
yenidən qurur.
Müstəqillik qazanan gündən müharibələrdə,
sonra da müharibə şəraitində yaşayan, 44
günlük Vətən müharibəsi aparan bir dövlət
üçün bu çox ağırdı.
Yenə də ikiüzlü siyasətlə üz-üzəyik. Avropa İttifaqı
heç bir kəndi-kəsəyi dağılmamış,
evi-eşiyi yağmalanmamış Ermənistana 2,6 milyard dollar yardım ayırır, Azərbaycana
isə 140 milyon dollar. Eybi yox, bu xalq Möhtərəm
Prezidentin rəhbərliyi ilə bu sınaqdan da, bu çətinlikdən
də uğurla çıxacaq.
Necə deyərlər, Möhtərəm Prezident
İlham Əliyev əlini bu ağırlığın
altına qoyub və bunun da öhdəsindən gələcək. Təbii ki,
xalqımızla bir yerdə.
Şair Məmməd
Araz yazır:
Bir
daşın qulpundan yapışsa hərə,
Nə imiş bir kəndin şəhər olmağı?
İndi biz də hərəmiz bir daşın qulpundan
yapışsaq Ağdamı, Füzulini, Kəlbəcəri və
digər şəhər və kəndlərimizi abad eləmək
nə çətin bir işdir?
Pyotr bataqlıqda şəhər saldı, indi onun
adıyla adlanır Peterburq.
Əmir Teymur türk dünyasına iki böyük
şəhər bağışladı - Səmərqənd və
Buxara.
Üstündən 500 il keçir, bu şəhərlərə
Əmir Teymur şəhərləri deyirlər.
Dünyada şəhərləri yandıran, yer
üzündən silən padşahlar olublar. Amma onların
adı nə tarixdə qalıb, qalıbsa nifrətlə
anılır, Neron kimi.
Qurub-yaradanlar yaşayır, üstündən yüz illər,
min illər keçsə də.
İlham Əliyev köçəryanların, sərkisyanların,
ohanyanların, nə bilim hansı yanların
dağıtdığı şəhərləri yenidən
tikir.
Bu şəhərlər
təbii ki, öz adıyla yaşayacaq :
Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl,
Laçın, Kəlbəcər, Şuşa, Xocavənd. Amma illər, yüz illər keçəcək, bu
şəhərlər tarixdə İlham Əliyevin şəhərləri
kimi qalacaq.
Təkcə Ağdamı misal gətirim. Yüz minlik
bir şəhər salınır. Dünyada
tayı-bərabəri olmayan bir şəhər. Baş planla hamımız tanışıq. Mən
Baş planla tanış olandan sonra bunu
Ağdamda görüşdə Möhtərəm Prezidentə
də dedim. Şəhərin bu Baş planı
müharibədən sonra işlənmiş bir plan deyildi.
Belə bir müdhiş planı hazırlamaq
üçün uzun illər lazım idi. Deməli,
Möhtərəm Prezident hələ müharibədən
çox-çox əvvəl Qarabağda yenidən inşa
olunacaq şəhər və kəndlərin layihələrini
hazırlatmış, dəfələrlə memarların
üstündə yenidən işləməsini tövsiyə
etmiş və ən nəhayət, son qərara gəlmişdir.
Layihələr o qədər dəqiqliklə,
incəliklə işlənib ki, bu dörd-beş ayın məhsulu
deyil.
Deməli, Möhtərəm Prezident torpaqlarımızın
azad olunacağını və nə vaxt azad
olunacağını, özünün dediyi kimi, çox
gözəl bilirmiş.
30 ildir Şuşaya bayraq sancmağımıza
inanmayanlara da xatırlatmaq istəyirəm ki, lap tezliklə Azərbaycan
bayrağı Xankəndidə, Xocalıda, Əsgəranda və
Ağdərədə də dalğalanacaq. Hər
şeyin bir zamana ehtiyacı var, zaman da bizim xeyirimizə
işləyir. Bu zamanı da bizim xeyirimizə
işlədən Ali Baş Komandan, Möhtərəm Prezident
İlham Əliyevdir.
Möhtərəm Prezident İlham Əliyevin 60 yaşı tamam olur. Ona nə arzulayım?! Tanrı ona hər şey verib: boy-buxun, yaraşıq, Sərkərdəlik qabiliyyəti, Xalq sevgisi, 44 günlük müharibədə onu bir an da tək buraxmayan ömür-gün yoldaşı, qüdrətli dövlət, dünyada qəbul olunan müdrik bir siyasətçi. Tarixə adı qızıl hərflərlə yazılacaq qüdrətli bir Sərkərdə.
Mən Möhtərəm Prezidentə nə arzulayım?! Tanrı o günü İlham Əliyevə, Azərbaycan xalqına qismət eləsin ki, yenidən tikdiyi İlham Əliyevin şəhərlərinin sakinlərinin doğma yurd-yuvalarına dönəcəyi gün açılış lentlərini kəsməyi qismət eləsin. Ağdamda, Kəlbəcərdə, Laçında və sairə şəhərlərimizdə ad gününü öz ev-eşiyinə köçmüş qaçqınlarla birgə keçirtməyi, çay süfrəsi arxasında oturmağı, onlarla birgə Qarabağ plovu yeməyi arzulayıram.
Qismət olsa, mən də orada olmaq istərdim.
Möhtərəm Prezident, ad gününüzü ürəkdən təbrik edirəm. Sizə uzun ömür, cansağlığı və ömür-gün yoldaşınız, xalqın sevimlisi Mehriban xanım Əliyeva ilə birlikdə Azərbaycan naminə daha böyük uğurlara imza atmağınızı arzulayıram.
Tanrı Sizi qorusun!
"Azərbaycan" qəzeti,
24 dekabr 2021
Aqil ABBAS
525-ci qəzet.- 2021.- 25 dekabr.- S.6.