Milli tariximizin
Şərəf səhifəsinin memarı
Xalq yazıçısı Afaq
Məsud Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevi 60 illik yubliyeyi münasibəti ilə təbrik edib. Təbrikin mətnini təqdim edirik.
Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan cənab İlham Əliyevə
Zati-aliləri!
İlk öncə nəzərinizə
çatdırım ki,
hər zaman Sizə məhz bu müraciətlə ünvanlanmaq ehtiyacımın
səbəbi – bu dünyaya, qaranlıqları
aydınlatmaq, qəlbi,
niyyəti və əməlləri ilə xeyirxahlıq və işıq saçmaq, məmləkətini, xalqını
darısqallıqlardan azad
etmək, qorumaq, ən çətin günündə ona arxa durmaq, sahib çıxmaq kimi ağıryüklü, eyni
zamanda şərəfli
tale yazısı ilə
göndərilmiş fədakar
İnsanıma – ali və nəcib şəxsiyyətinizə duyduğum
dərin ehtiramımdır.
Unudulmaz
Heydər Əliyevdən
irsən keçmiş
bu Vətən heysiyyətli qoruma instinktini, xalq təəssüblü sahiblik
əzmini, hələ
Siz ölkə rəhbərliyinə gəldiyiniz
ilk illərdə – 2008-ci ilin
yay aylarında Azərbaycan Silahlı Qüvvələri Günü
münasibətilə Azadlıq
meydanında düzənlənən
hərbi parad zamanı – qırıcı
təyyarələrimiz meydanın
səmasını milli
bayrağın rənginə
boyaya-boyaya, sanki göy üzünə “Qəm yemə, mənim xalqım, sən sahibsiz deyilsən!” yazdığını
gözlərim dola-dola
izləyəndə duymuşdum…
bir vaxtlar Bakının küçələrini
qan gölündə boğan 20 Yanvarı – həmin o kimsəsiz, sahibsiz, sərhədsiz və dövlətsiz olduğumuzun acı həqiqətini, qəflət
yuxusundan oyanmıştək
bütün reallığı
və dəhşəti
ilə anladığım
qara günümüzü
xatırlamış, olanların
ağrı-acısını yenidən yaşamışdım…
Bu böyük yiyəlik, xalq və Vətən
heysiyyətli sahiblik əzmi qarşıda gələn daha çətin, ölkə
taleyi yüklü illərdə özünü
daha qabarıq büruzə vermişdi, Azərbaycan və azərbaycanlı adı uğrunda, tarixi ədalətin bərpası,
həqiqətin qələbəsi
naminə dünya ilə qarşı-qarşıya
təkbaşına dayandığınız
Haqq savaşlarında,
təmkin və səbir, peşəkar, azad və səmimi
diplomatiya ilə addım-addım irəlilədiyiniz
soyuq siyasi döyüşlərdə bütün
cizgiləri və miqyası ilə bilinmişdi… dünyanın
tarım sınaq imtahanına çəkildiyi,
insanların öz talelərinin ümidinə
buraxılıb amansız
laqeydlik, sahibsizliklə
üzləşdiyi ağır
pandemiya illərində
isə, insan sevgisi dolu məhrəm
doğmalığı ilə
lap yaxından, hər
kəsin evində, qəlbində duyulmuşdu…
Bütün bu fədakarlıqların,
bu düşünülmüş,
məqsədyönlü və
gərgin fəaliyyətin
nəticəsi olaraq uzun illər, əsrlərlə haqqı
tapdalanan, torpaqları
zəbt edilib, insanları didərgin salınan, səsi, sözü heç bir yandan eşidilməyən
Azərbaycan, sürükləndiyi
həmin bu görünməzliklər və
eşidilməzliklər bataqlığının
dərin qaranlıqlarından
suyun üzünə qalxantək – zəngin milli mədəniyyətə
və insan potensialına malik, güclü siyasi, iqtisadi, hərbi qüdrət sahibi kimi beynəlxalq müstəviyə çıxdı,
dünya bizi tam ayrı – yeni baxış bucağından
gördü və tanıdı.
Zaman baxımından göz qırpımı qədər
ani olan 18 il ərzində Azərbaycanın və azərbaycanlıların milli-ictimai
statusunu, fundamental islahatlar
və quruculuq işləri ilə ölkənin mənzərəsini,
həyat səviyyəsini
dəyişmiş bütün
bu inqilabi hadisələrin, daha möhtəşəm və
tarixi qələbələrə
aparan geniş, sərrast bir yolun başlanğıcı
olduğunu isə biz çox-çox sonralar – ən müasir silah-sursatla təhcizatlanmış
güclü Azərbaycan
ordusu görünməz
qeybin dərinliklərindən,
vücudu od püskürən nəhəng
əjdahatək şahə
qalxanda anlamağa başlamışdıq… Bir-birinin
ardınca işğaldan
azad edilən Füzulinin, Cəbrayılın,
Zəngilanın qələbə
xəbərlərini aldıqca,
baş verənlərin
yuxu, yoxsa gerçək olduğunun
şokundan ayıla bilmədiyimiz, sevinc və göz yaşları dolu unudulmaz günlər… Axşamlarla Sizi – Ali Baş Komandanımızı,
qorxularımız və
ümidlərimizlə sığındığımız
ailə başçımızı
gözləyən tək,
ekran qarşısında
gözləməyimiz… Sizin
isə – uzun illərin milli faciələri ilə, şüuraltı yaddaşımıza
yerimiş miskin məğlubiyyət sindromunu
dağıtmaq, bütün
inamsızlıqları və
ümidsizlikləri heçə
endirib yaddaşlardan həmişəlik silmək
üçün bizimlə
görüşə gəlməyiniz…
Çiyninizdə qanlı-qadalı
Vətən müharibəsi,
sinənizdə şəhid
ağrıları, azad
edilmiş şəhərlərin,
kəndlərin adlarını
rahat arxayınlıqla
elan edə-edə, bizləri – qəlbisınıq
həmvətənlərinizi, incik körpələri ovudantək ovutmağınız…
Zəfər günü
Şuşaya da ata qucağınızı
açıb, illərdən
bəri donub-daşlaşmış
milli ruhu, bütün Azərbaycanı
silkələyib oyatmanız…
Möhtərəm Prezident!
İllər uzunu səbir və dözümlə, addım-addım yol gələn uzaqgörən,
peşəkar siyasətiniz,
davamlı fədakar fəaliyyətiniz və müzəffər Azərbaycan
ordusunun igidliyi ilə qazanılan bu böyük Qələbənin, üzü
qədimdən bəri
süqut və parçalanmalar, siyasi-mənəvi
iflas, torpaq, sərhəd, ərazi təslimləri ilə müşayiət olunan üzücü xronologiyanı
XX əsrin sonlarında
Qarabağın işğalı
ilə tamamlayan milli tariximizin Ən Şərəfli səhifəsi olduğu danılmaz tarixi həqiqətdir. Bütöv
bir ölkənin, xalqın taleyini dəyişmiş bu Şərəf Səhifəsinin,
məhz Sizin taleyinizə və məhz niyyət və əməllər barədə hər kəsin öz vicdanı qarşısında
hesabat verdiyi 60 yaşınızın astanasına
yazılması, düşünürəm,
Azərbaycana rəhmi
gəlmiş, ona xilas üçün, yaratdıqları sırasından,
qəlblərin ən
işıqlısını – bir ölkə insanın, bütöv bir məmləkətin sığışa biləcəyi
ən nəhəngini
seçib göndərmiş
uca Yaradanın sehr dolu sirlərindəndir…
Uca Yaradanımıza şükürlər
olsun! Sizin fədakarlıq, xeyirxahlıq
və işıq dolu 60 Şərəf İliniz mübarək olsun!
Dərin ehtiramla,
Afaq MƏSUD
Xalq
yazıçısı
525-ci qəzet.- 2021.- 25 dekabr.- S.5.