Uşaq saflığına bürünmüş müdrik

 

ABDULLA ŞAİQ ADINA DÖVLƏT KUKLA TEATRI 90 YAŞINI QEYD ETDİ

 

 

Uşaqlığımızda gördüklərimiz, yaşadıqlarımız sonrakı həyatımıza buya digər dərəcədə təsir edir deyirlər. Bu fikri önə çəkib uşaqlığıma boylananda balaca məni öncə kitabların arasında, sonra isə həvəslə bir tamaşa izləyən yerdə görürəm. O illərə dair xatırladığım əsas anlar da elə bunlardır: kitablartamaşalar. Baxdığımız tamaşalar da yaşımıza görə bölünərdi. İlk izlədiklərimiz o gündən bu günə hələ də körpələrin sevimli sənət ocağı olan Kukla Teatrının tamaşaları idi. Teatrın bağçalara, məktəblərə uşaqların görüşünə getdiyi ənənəsinin formalaşdığı zamanın övladlarıyıq biz. Teatrın yaradıcı heyəti, istedadlı aktyorları bizim də bağçamıza, məktəbimizə gələr, özlərinin "kukla dostları"yla bizə maraqlı tamaşalar göstərər, bizio yup-yumşaq, məzəli "yoldaşlarıyla" dostlaşdırardılar. Bilirəm ki, bu gün teatr zövqümün, səhnə sevgimin, incəsənət meylimin yaranmasında Kukla Teatrının o səyyar tamaşalarının əvəzsiz rolu var.

Sonralar isə əlbəttə, biz özümüz teatrın görüşünə getdik, tamaşaları səhnədən izlədik. Sonra gedəcəyimiz ünvanların sayı artdı. Gənc Tamaşaçılar Teatrı, Musiqili Komediya Teatrı (indiki Musiqili Teatr), Akademik Milli Dram Teatrı və sair teatrlar Kukla Teatrının yetişdirdiyi tamaşaçılarına öz isti qucağını açdı. Bizsə günü bu güno qucaqda sənətin hərarətinə isinməyə davam edirik.

 

Bütün bu xatirələr dekabrın 26-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının foyesində çuğladı qəlbimi. İllərimizin doğma teatrının foyesi 90 rəqəmiylə süslənmişdi. Hər iki tərəfdən asılmış böyük şarların üzərində Kukla Teatrının 90 yaşı olduğu qeyd olunmuşdu. Elə mən də, foyedəki digər jurnalist  həmklarlarım, bir-birindən məşhur sənətkarlar, valideynlərinin əlindən çıxıb orda-burda şəkillər çəkdirən balaca tamaşaçılar da məhz bu səbəbdən yığışmışdıq bura - uşaqlığımızın dostu Kukla Teatrının 90 yaşı tamam olurdu. Repertuarında hər zaman bir-birindən gözəl nağıllar, uşaq tamaşaları cəmləyən teatrın bu günbizi nağıllar aləminə aparacağına şübhəm yox idi. Tanış simalarla salamlaşıb, xoş-beş edəndən sonra hərəmiz öz yerimizi tuturuq. Mədəniyyət Nazirliyi nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi gecənin açılışı rəsmi təbriklərlə olur. 

 

***

 

Əvvəlcə Mədəniyyət naziri Anar Kərimovun yubileylə bağlı təbrik məktubu oxundu. Bildirildi ki, Hindistan, Yəmən, İran İslam Respublikası, Türkiyə, Xorvatiya, Rusiya, Gürcüstanbaşqa ölkələrdə teatr uğurla çıxış edib. Teatrın hazırladığı tamaşalar hər zaman azyaşlı tamaşaçıların rəğbətini qazanıb.

 

Yola salmağa hazırlaşdığımız 2021-ci ilin möhtəşəm yubileylərlə yadda qaldığını bildirən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev dedi ki, bu il 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Qələbədən bir il ötür. Bu il həm də dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi ölkəmizdə və ölkəmizdən kənarda silsilə tədbirlərlə qeyd edilib: "Bu silsilədə bu gün yaranmasının 90 illiyini qeyd etdiyimiz Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının da öz yeri var. Kukla teatrı, teatr aləmində vacib bir fenomendir, çünki uşaqların zövqünü formalaşdıran, onların teatr aləminə marağını açan yeganə mədəniyyət ocağıdır".

 

 

 

İncəsənətin televizorkompüter, telefon ekranları ilə rəqabətdə olduğunu deyən Elnur Əliyev bildirdi ki, bu rəqabətdə üstünlüyü saxlamaq üçün canlı ünsiyyət mühüm amildir. Canlı tamaşalar həm də uşaqlarda milli dəyərlərin formalaşması baxımından vacibdir. Nazir müavini Kukla Teatrının bu rəqabəti nəzərə alıb işini gələcəkdə də öz prinsip və ənənələrinə uyğun quracağına inamını ifadə etdi. Teatrsevərləri, kuklaçıları təbrik edən E.Əliyev bildirdi ki, teatr Mədəniyyət Nazirliyi üçün ən vacib sahələrdən biridirbu ənənəni qorumaq lazımdır.

 

Sonra teatrda fərqlənən aktyorlara Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim olundu.

 

Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov ittifaqın rəhbəri, Xalq artisti Azər Paşa Nemətovun Kukla Teatrının kollektivinə təbriklərini çatdırdı. Sonra Kukla Teatrın bir sıra aktyor və yaradıcı heyəti milli teatrın inkişafında xidmətlərinə görə Teatr Xadimləri İttifaqının fəxri fərmanı ilə təltif olundular.

 

***

 

Bütün rəsmi çıxışlardan sonra nəhayət, kuklaçıların uzun müddətdir hazırladıqları zəngin konsert proqramı başladı. Bədii hissədə teatrın repertuarındakı ən yaddaqalan tamaşalardan ibarət səhnələşdirilmiş kompozisiya təqdim edildi.

 

Əvvəlcə kuklaçılar bizi düz 90 il öncənin yaz axşamına - ilk kukla personajının hazırlandığı o gecəyə apardılar. Biz Azərbaycan Dövlət Kukla Teatrının əsasını qoyan böyük teatr fədaisi, ilk peşəkar kuklaçı Mollağa Bəbirlinin obrazıyla qarşı-qarşıyayıq. Onun yaratdığı kukla gecənin bir yarısı "canlanır" və Pərinin köməyiylə gələcəyə - 90 il sonraya gəlir ki, görsün ustadının yaratdığı teatr hələ də yaşayırmı? Gördükləri isə təkcə bir sənət ocağının inkişaf tarixi yox, həm də sonsuz qədirşünaslıq örnəyidir. Tarixinə, ənənələrinə hər zaman sadiq qalan kuklaçılar keçmişi danmamaqla gələcəyə doğru çox böyük və şərəfli yol qət ediblər. Onların müasir kuklaçılıq sənətiylə, teatr ənənələriylə uzlaşan fəaliyyətləri hər birimiz üçün əsl fədakarlıq nümunəsidir.

 

 

 

Gecədə "Cırtdan", "Tıq-tıq xanım", "Məşədi İbad", "Göyçək Fatma", "Qırmızı papaq", "Pinokyo", "Yeddi nar çubuğu" və sair kimi uşaqlığımızın yadigarı olan əsərlərdən personajların mahnıları, rəqsləri, məzəli dialoqları bütün seyrçiləri əsl nağıllar aləminə apardı.

 

Tamaşa arası səhnədə 90 il bundan əvvəl ilk kuklaçı Mollağa Bəbirlinin hazırladığı kuklaların fotoşəkilləri proyeksiya olundu. Böyük ekranda Səudiyyə Ərəbistanı, Rusiya, Hindistan və digər ölkələrdə fəaliyyət göstərən kukla teatrlarının təbrikləri çatdırıldı.

 

 

 

Gecənin ən yaddaqalan nüanslarından biri də ölkəmizin başqa bir sənət ocağı - Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (GTT) istedadlı kollektivinin hazırladığı maraqlı səhnəcik oldu. Dost teatrın 90 illik yubileyini GTT-nin, eləcə də Azərbaycan incəsənətinin tanınmış rejissorlarından olan Bəhram Osmanov, Cənnət Səlimova, Vaqif Əsədov və Gülnar Hacıyevanın parodiyaları ilə təbrik edən aktyorlar tamaşaçılara şən gülüş bəxş etdilər. Bundan əlavə, teatr Kuklaçıların bu günə qədər hazırladıqları ən maraqlı tamaşaların personajlarını əks etdirən albom da hazırlamışdılar. Kuklaçılar yaşadığımız tarixi günlərin önəmini də unutmamışdılar. Qarabağ zəfərimizi xatırlatma olaraq teatrın balaca aktyorları "Anadır arzulara hər zaman Qarabağ" mahnısını ifa etdilər.

 

Sonda səhnəyə çıxan Kukla teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə hər kəsə təşəkkürünü bildirdikdən sonra Regionlarda fəaliyyət göstərən Kukla Teatrlarının rəhbərlərini səhnəyə dəvət edərək, onların hədiyyələrini təqdim etdi. Yubiley səbəbkarının qonaqlara hədiyyə verməsi nə qədər qəribə olsa da, bu, Kukla Teatrının mahiyyətinə, fəaliyyətinə dərindən bələd olanları heç təəccübləndirmədi. Axı ölkədəki bütün kukla teatrlarının böyüyü, ağsaqqalı Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı hər zaman özünün onların ən yaxın dostu olduğunu sübut edib.

 

Uşaqların 90 yaşlı dostu Kukla Teatrı bu günə kimi 600-dən çox tamaşa hazırlayıb, daim zəngin və rəngarəng repertuarı ilə seçilib. Hazırda teatrın cari repertuarında 28 səhnə əsəri var. Əlbəttə, cəmi 2 saatı əhatə edən yubiley gecəsinə bunların hamısını sığdırmaq mümkün deyil. Amma hazırlanan dinamik ssenari əsasında biz sanki bir növ kuklaçıların hesabat konsertinə də baxmış olduq. 26 dekabr gecəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sevənlərinə bir növ 90 ilin uğurlu hesabatını verdi. Buna görə yaradıcı kollektivə ayrıca təbrik düşür. 90 yaşın mübarək, hər zaman uşaq qalacaq böyük dostumuz!

 

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2021.- 28 dekabr.- S.16.