"Ağ libaslı mələk"dəki
təzadlı gerçəklər
Tanınmış həkim və yazıçı Məlahət
Hümmətqızının bu günlərdə "Ağ libaslı mələk" adlı kitabı çapdan çıxıb. "Elm və təhsil" nəşriyyatında
işıq üzü
görən kitabda Məlahət Hümmətqızının
son illər qələmə
aldığı "Biz birlikdə
güclüyük", "Sevgi hekayəsi", "Həyat eşqi",
"Sarımsaq", "Ağ
libaslı mələk",
"Mənim qəhrəmanım",
"Qaranlıq dünyanın
işıqlı adamı",
"Ana ürəyi", "Ümid işığı",
"Yuxu", "Vida", "Yazılmamış yazı"
və digər maraqlı hekayələri
yer alıb.
Qeyd edək
ki, "Atasız dünyam", "Tənha
yuva" şeir kitablarından sonra müəllifin ilk nəsr
kitabı - "Qız
anası" işıq
üzü görüb. "Villa"
adlı dördüncü
kitabına da nəsr əsərləri
- povest və hekayələri daxil edilib. Əsərlərinin əsas qəhrəmanları
həyatın acısını
dadmış, büdrəmiş,
amma yıxılmamış
qadınlardır. Maraqlı, dolğun,
canlı obrazlar, gərgin, dinamik həyat hadisələri, maraqlı süjet oxucunu cazibəsində saxlaya bilir.
Məlahət Hümmətqızı 2020-ci ilin aprel ayından
TƏBİB-in çağırışına
səs verib müxtəlif modul xəstəxanalarında - Tədris
Cərrahiyyə Klinikası,
Abşeron modul, Bilgəh modul, Məhəmmədli modulda
könüllü olaraq
koronavirus xəstələrini
müalicə edib. Səhiyyə sahəsində səmərəli
fəaliyyətinə görə
TƏBİB tərəfindən Təşəkkürnamə alıb.
Pandemiya dövründə çalışdığı
xəstəxanalarda yaşadıqlarını,
gördüklərini ürək
yanğısı ilə
qələmə alıb.
Beləcə "Ağ libaslı
mələk" kitabı
yaranıb.
Kitabın ön söz müəllifi Məti Osmanoğlu bildirir ki, Azərbaycanda COVİD-19 virusunun
yayılmasının qarşısını
almaq üçün
tətbiq olunan tədbirlər çərçivəsində
səfərbərliyə alınan
həkimlərdən biri
də Bakı şəhərindəki 11 saylı
poliklinikanın terapevt
həkimi, ədəbi
ictimaiyyətin maraqlı
nəsr əsərlərinin
müəllifi kimi tanıdığı Məlahət
Hümmətqızı olub:
"Xüsusi rejimdə
fəaliyyət göstərən
Məlahət xanımın
vaxt tapanda yazıb sosial şəbəkədə paylaşdığı
statusları isə ona görə böyük maraqla qarşılandı ki, insanlarda zəmanənin amansız bəlasının
fəsadları, təsirləri,
eləcə bu xəstəlikdən necə
qorunmaq barədə məlumat almaq istəyi çox güclü idi və indinin özündə də çox güclüdür...
Həkimin müşahidələri əsasında
kitab yazmaq arzusunu alqışlayanlardan
biri də mən oldum. Hər halda, şayiələrlə,
şəhər və
kənd "əfsanələri"
ilə doldurulmuş informasiya boşluğu şəraitində qaranlığın
üzünü görmək,
səsini eşitmək,
o qaranlıq aləmdəki
reallıqda insanın
nələr yaşadıqları
ilə yazıçı
təqdimatında əyani
tanış olmaq daha maraqlıdır".
M.Osmanoğlu vurğulayır ki,
Məlahət Hümmətqızının
"Ağ libaslı mələk" kitabına
topladığı hekayələr
xəstəlik zamanı
təcrid edilmiş, özünün mələkləri
və iblisləri, qəhrəmanları və
qurbanları olan, rəngləri hələ
durulmamış qarışıq
bir mühitdən reportajlar toplusu təsiri bağışlayır.
Bu mətnlərdə gözəgörünməz ölümün,
qorxunc virusların əhatəsində çalışan
həkimin həyəcanlı
müşahidələri oxucuya
çatdırılır. Hekayələrdə müəllif öz
yaşadıqlarını bədiiləşdirməyə
çalışaraq bizə
ekstremal şəraitin
ortaya gətirdiyi insan mənzərələrinin
yaratdığı qarışıq
cizgiləri təqdim edir. Kitabdakı hekayələr ölümlə
həyat arasında özünü bəzən
çarəsiz, bəzən
də əcələ
qalib gəlməyi bacaran qəhrəman kimi aparan insan
mənzərələrinin çılğın rənglərlə
verilmiş və hələ tamamlanmamış
tabloları təəssüratını
yaradır. COVİD xəstələrinin
müalicə olunduqları
xəstəxana isə
hərbi əməliyyatların
getdiyi həqiqi müharibə meydanı kimidir: buranın da "ön" və "arxa" cəbhələri var. Ön
cəbhədə olan
həkimlər fədakar
əsgər kimi ölümün üstünə
yeriyən, ölümlə
üz-üzə dayanan,
ölümlə təmasın
həyəcanını yaşayan
qəhrəmanlardır: "Məlahət xanımın
skafandrın içində
təqdim etdiyi həkim obrazının emosiyalarını, nə yaşadıqlarını isə
kənardan görmək
mümkün deyil. Bu obrazın özü də çox vaxt ətrafı tor görür: gözündəki
xüsusi eynək tərləyəndə dünyanı,
insanları görmək
çətinləşir. Ona
görə də təsvir zahirdən daxilə "köçürülür",
skafandrın içindəki
insanın yaşantıları
böyüdülüb ön
plana gətirilir, gözümüzün qarşısında
həyatını insanlara
fəda etmək məcburiyyətində olan,
xəstəsinin ağrısına
ortaq olmağı bacaran mələk obrazı əyaniləşdirilir..."
Bu kitabın oxucularında istər-istəməz bir sual da yarana bilər: səhiyyə sisteminə insanların etibarının zədələndiyi indiki şəraitdə həkim obrazının ideallaşdırılması, mələk kimi təqdim edilməsi nə dərəcədə inandırıcıdır? "Mənə elə gəlir ki, zəmanəmizin ən böyük paradokslarından biri də elə bu sualın başındadır. Bir yandan həkimlər öz andlarına sədaqət göstərir, vəzifələrini vicdanla yerinə yetirib canlarını fəda eləyirlər - yeri gəlmişkən, COVİD xəstəliyi ilə mübarizə meydanında canlarından keçmiş bütün həkimlərin xatirəsi önündə baş əyirəm! - bir yandan da müasir bir tibb mərkəzinin rəhbəri, yüksək təhsilli səhiyyə məmuru can hayında olan insanlardan rüşvət yığmaq üstə həbs olunur, yaxud saxta peyvənd pasportu verib sosial təhlükə yaradan ağxalatlılara prokurorluq cinayət işi qaldırır...
Bəli, burada iblislə mələk üz-üzə gəlir. Məlahət xanımın hekayələrini oxuyanda bütün zamanların sınaqlarından çıxmış bir həqiqət bir daha özünü təsdiqləyir: iblislə mələyin mübarizəsi əbədi olduğu kimi, mələyin qələbəsinə inam da sarsılmazdır. Şübhəsiz ki, Məlahət xanımın əsər boyu təqdim etdiyi aparıcı qəhrəman - ağ libaslı mələk onun öz portretidir. Düzü, mən bu hekayələrdə daha çox üç obrazı izləməyə çalışdım: yazıçı (müəllif) obrazı, həkim obrazı, qadın obrazı... Hələlik Məlahət xanımın üstünlük verdiyi həkim obrazıdır... Mənə elə gəlir ki, bu, hələ başlanğıcdır. Gələcəkdə bu ilkin eskizlər əsasında iblislə mələyin mübarizəsini əks etdirən ciddi bir roman da yazıla bilər..."
S.QARAYEVA
525-ci qəzet.- 2021.- 28 dekabr.- S.15.