Özü də, sözü
də vətən sevdalısı şair
VƏ
YA "ƏŞRƏF VEYSƏLLİNİ KİM TANIMIR
Kİ?!
Azərbaycanın
ünlü bir şairi - yaşı 80-i keçmiş, fiziki
mənada qocalsa da, şair kimi qocalmayan Əşrəf Veysəlli!
Dünyaya göz açıb Füzuli rayonunun Yuxarı Veysəlli kəndində. İyirmi
yaşına qədər
Veysəllinin ab-havasını
udub, ordu sıralarında xidmətini
başa vurandan sonra ADU-nun şərqşünaslıq
fakültəsinin fars filologiyası şöbəsini bitirib. Sonra isə Sumqayıta köçüb və 56
ildir ki, o şəhərdə yaşayır,
mədəniyyət sahəsi
ilə bağlı müxtəlif vəzifələrdə
çalışıb. Amma heç vaxt Veysəllini unutmayıb.
Bir şeirində yazıb ki:
ƏTRAFLI
Snickers
De, necə tablaşım, necə dözüm mən,
Anamdan əmdiyim
gəldi gözümdən.
Tanışdan-bilişdən, hətta özümdən
Küsüb yaşayıram, sənsiz,
a kəndim!
Qəlbim
yox, qəbrim yox, qibləgahım yox,
Kasıb
yaşayıram sənsiz,
a kəndim!
Amma 1992-ci ilə
qədər Əşrəf
müəllim Veysəlliyə
gedirdi, kəndlə bağlı sənsizliyini
ovudub qayıdırdı
Sumqayıta. Məlum səbəblərə görə 28 illik ayrılıq gəldi.
Ürəyi, ruhu Veysəllidə, Qarabağda
dolaşan, doğma yurd yerlərini yalnız xəyallarda xatırladan Əşrəf
Veysəlli bu həsrəti şeirlərində
də yaşatdı:
Həsrət dəniz, xəyal
yelkən
Üzür Qarabağa tərəf.
Yurd-yuvasız tərlan könlüm,
Süzür Qarabağa tərəf.
Dözdükcə səbrim daralır,
Üstümü boran-qar alır.
Gözümün kökü saralır,
Gözü Qarabağa tərəf.
Qara yellər qalxan kimi,
Qara günlər sıxan kimi,
Əydi
günəbaxan kimi
Bizi Qarabağa
tərəf.
44 günlük zəfər müharibəsindən sonra
Əşrəf Veysəllinin
də həsrəti sona çatdı, amma o, bu illər
ərzində yazdığı
şeirlərində təkcə
Qarabağ həsrətini
deyil, həm də qələbəyə
inam dolu şeirlər də qələmə aldı
("Əsgər atası"
silsiləsi). Bu yaxınlarda Kulis.az saytında
Əşrəf Veysəlli
ilə bir müsahibəni oxudum.
Onun bəzi sorğulara cavabı beləydi: "Ömrüm
boyu Vətən torpaqlarına vurğun adamam. 30 ildir,
öz kəndimizi görmürəm. Ümumiyyətlə, Qarabağı görmürük.
Təsəvvür edin,
birdən-birə bu xəbəri eşidəndə,
bir Allah bilir, nə hisslər keçirmişəm... Heç oralar
yadımdan çıxır
ki?! Gözüyumulu aparıb tullayalar,
hər yeri gəzərəm. Uşaqlığım, gəncliyim orda keçib. Sual verirsiniz ki,
Füzuliyə qayıdış
planınız varmı?
Köçmək fikriniz var?
Nə danışırsınız,
köçmək nədi,
uçmaq istəyirəm...
İndi evimiz yoxdu oralarda.
Amma əlbəttə ki, gedəcəm. Lap bir kolun dibində
yaşayaram. İlk gedən
günü qəbiristanlığa
üz tutacam. Torpağından öpəcəm vətənimin. Öpüb gözümə
səpəcəm torpağını".
Əşrəf Veysəlli ilə bağlı bu qısa bilgidən sonra, istəyirəm, onun yenicə çapdan çıxan
"Səni kimə tapşırım" şeirlər
kitabı haqqında söz açım. Amma bunu
bir rəy, ya resenziya kimi
qəbul etməyin.
Məqsədim budur ki, Əşrəf Veysəllinin bir şair kimi müasir poeziyamızda özünəməxsus yerini,
məkanını nişan verim. Əslində, buna ehtiyac varmı? Çünki Əşrəf Veysəllinin
yaradıcılığı haqqında xeyli məqalə, resenziya yazılıb və o yazılarda onun necə şair olduğunu təsdtiq edən fikirlər də var. Amma bu fikirlərin əksəriyyəti təhlil
yox, tərif səmtinə yönəlib.
Əşrəf Veysəlli ilk növbədə,
məxsusi ifadə tərzinə, poetik tərzə malik olan şairdir. O, bütün
duyğularını heca
şeirinə kökləyib.
Qoşmadan, gəraylıdan bir addım da kənara atmayıb. Amma bunun məsələyə
dəxli yoxdur: Nazim Hikmət demişkən, istər sərbəstdə, istər
hecada, istərsə də əruzda yaz, təki ortada ŞEİR olsun. Əşrəf Veysəli öz
istedadı və poetik imkanları ilə bir çevrədə
də özünəməxsusluğunu
isbata yetirir.
Səni
kimə tapşırım,
Harda bəsləyim
səni?!
Sarı
simə tapşırım,
Tarda bəsləyim
səni.
Gəzdirim pərdə-pərdə,
Dinləsin göy də, yer də,
"Çahargah"da, "Şüştər"də,
"Şur"da bəsləyim
səni.
Bu saf, təmiz eşqimiz
Ay kimi, günəş kimi.
Qon gözümə yaş kimi,
Nurda bəsləyim
səni.
Ürəyim dar qəfəsdə,
Can üstə, son nəfəsdə...
Bir salamat yer göstər,
Orda bəsləyim
səni.
Bu şeiri 83 yaşlı
bir şairin sevdiyi bir insana
sonsuz sədaqəti kimi anlayaq. Klassik poeziyadan
gəlir bu ənənə, aşiqlərin
fədakarlığını, sevən insanın öz sevgilisinə belə müraciətini təsdiq edən onlarla misallar gətirə bilərik.
Ümumiyyətlə, Ə.Veysəllini bir şair kimi
poetik ənənələrə
bağlayan təkcə
heca şeirinə sədaqət, məlum mövzulara yeni rəng qatmaq, sözə, ifadəyə
maksimum dərəcədə
dirilik bəxş etmək olubmu? Əlbəttə, bu fikri təsdiq etmək olar, amma Ə.Veysəlli
bu günün şairidir və onun şeirlərində də XXI əsrin bir azərbaycanlı şairinin fikir və duyğularını
izləyirik. Və bu
şairin istəyi nədir?
V.Q.Belinski 1845-ci ildə "Meteor" şeirlər
kitabı haqqında yazdığı resenziyada
deyirdi ki: "Hansı poeziyanın ki, kökləri müasir həyatda deyil, hansı poeziya ki, həyata
işıq saçmır,
onu izah etmir, bekarçılıq
əlamətidir". Əşrəf Veysəllinin poeziyasının
kökləri və mahiyyəti yaşadığı
həyatdan, cəmiyyətdə
və dünyada baş verən hadisələrdən gəlir.
O, Azərbaycanda baş
verən ictimai-siyasi hadisələrə, xüsusilə
doğulduğu Qarabağın
işğalına və
artıq bu işğala müzəffər
ordumuzun qələbə
zəfəri ilə
son qoyulmasına necə
biganə qala bilərdi? Onun "Ürəyim Allah evidir" (2008), "Qarşıma
siz çıxın"
(2015) şeirlər kitablarında
ən çox işlənən bir söz var - QARABAĞ.
Gözəl Qarabağın acı
həsrəti
Ömrümü taladı, könlümü
diddi.
Orda uşaqlığım əsirlikdədi,
Burda qocalığım
xəcalət çəkir.
Amma indi xəcalət dövrü
bitdi. Başlanır möhtəşəm qələbəmizi poeziyada
da qələbəyə
çevirmək.
Vətən, təbrik edirəm,
təbrik edirəm səni,
Qəlbindəki duyğunun, hissin qələbəsidir.
Susmuş
bulaqlarında hərarətin,
hənirin,
Sönmüş ocaqlarında közün qələbəsidir.
Biz vətənə can demir, canı qurban deyirik,
Yüzillik düşmənini 44 günə əyirik!
Bu şanlı qələbəmiz
şər üstündə
xeyirin,
Sərt qışın üzərində
yazın qələbəsidir.
Əşrəf Veysəlli həyat şairidir və bu həyata bağlılığını, daha doğrusu, həyatsevərliyini fərdi
düşüncəsində, ürək meridianlarında
da ifadə edir. Təbii ki, hər yaşın öz yaşantıları
var, bir də görürsən, şair həyatda baş verən şər əməllərdən
gileylənir, onun kökünün kəsilmədiyinə
heyfislənir, bir də görürsən,
"bu həyat bir nağıldır və... Dərd də istər-istəməz
onun şeirlərində
boy atır, tez də çıxıb getmir:
Təbdən-təbə düşə-düşə,
Ağlamaqdır indi peşəm.
Dərddən sərgi düzəltmişəm
-
Muzeydi mənim
ürəyim.
Amma dərdi də sevən çağları
olur: "Korona"dan
ölməyəsən, öləndə
dərddən öləsən"
deyir.
83 yaşlı şairimiz
ömrünün sevgi
çağlarını xatırlayır. Əslində, əsl sevənlərin bütün ömrü boyu bir sevgisi
olur. Bəlkə cavan yaşında,
bəlkə ahıl yaşında. Əşrəf
Veysəllinin 2020-ci ildə
yazdığı bu sevgi şeirinə üz tutaq, görəcəyik ki, insan qocalır, yaşa dolur, amma nə ürək
qocalır, nə də sevgi:
Eşqim
bir qaranlıq quyuda sənsiz,
Bir ip sallayarsan - vaxtın olanda.
Bəlkə bu tükənmiş,
bitmiş ömrümə
Ömür calayarsan - vaxtın olanda.
Gözüm gözlərindən aman gözləyər,
Ötsə də gözümü duman, gözləyər.
Səni
hər dəqiqə, hər an gözləyər,
Mesaj yollayarsan
- vaxtın olanda.
Yol olsam, dalarsan yolun seyrinə,
Kol olsam, almazsan gül əllərinə.
Göl olsam, enərsən sahillərimə,
Bir daş tullayarsan - vaxtın olanda.
Mən bu yazıda Əşrəf Veysəllinin şeirlərindəki
bədii sənətkarlıq
incəliklərindən, uğurlu
təşbih və metaforalarından, onun şeirlərində fikirlə
hissin vəhdətindən
söz açmadım. "Görünən kəndə
nə bələdçilik"
- deyirəm. Onu ürəkdən
təbrik edirəm ki, daha Veysəlli
dərdi, Qarabağ dərdi yoxdu.
Əşrəf Veysəllinin yüzlərlə
oxucusu, özü də onu sevən,
duyan oxucusu var. Kim tanımır onu? 2018-ci ildə
yazdığı bir şeiri ilə sözümü bitirirəm:
Desələr sabahdan döyüş
başlayır,
Vətəndən vətənə yürüş
başlayır.
Yelin yalmanına yatıb gedər o,
Hər şeyi
yarımçıq atıb
gedər o.
Başında buludlar, gözündə
şimşək,
Məşhur bir əsərin
qəhrəmanıtək,
Köksündən çıxardıb öz
ürəyini
Əlində məşəltək tutub gedər o:
Əşrəf Veysəllini kim
tanımır ki?!
Vaqif
YUSİFLİ
Filologiya
elmləri doktoru
525-ci qəzet.- 2021.- 28 dekabr.- S.14.