O ruh mənimlədir...
Bu yaxınlarda işdən evə dönürdüm,
dayanacaqda bir xanım mənə yaxınlaşaraq soruşdu
ki, siz Əzizə Cəfərzadənin qohumusunuz? Açığı,
necə cavab verəcəyimi bir anlıq müəyyənləşdirə
bilmədim. Çünki bu sözləri tez-tez
eşidirəm, hətta "qızıdır" deyənlər
də var. "Bəli, anamdır, müəllimimdir, əzizimdir"
dedim. "Mən də elə bilirdim"
söyləyərək uzaqlaşdı. Yenə
xəyallar məni o günlərə apardı. Analar
anası idi Əzizə xanım!.. Həmişə
dediyim bir şükranlığı təkrar edirəm: - Məni
dünyaya gətirən anam Gözələ, bir də məni
formalaşdıran sevimli müəllimimə, anam Əzizə
Cəfərzadəyə borculuyam.
Adi müəllim
deyildi
Haqqında keçmiş zamanda danışmaq
ağır olsa da, təəssüf ki, əbədi
ayrılığın bu qüssəsi həmişə bizimlədir. Artıq 18-ci
ildir ki, Xalq yazıçısı, görkəmli pedaqoq, ədəbiyyatşünas
alim, tarixi romanlar müəllifi Əzizə Cəfərzadə
(1921-2003) haqq dünyasına qovuşub. Bir təskinlik
tapıram ki, ötən il mən onun
uyuduğu torpağı ziyarət etdikdən sonra yuxuda
gördüm, elə qəribə tərzdə təşəkkür
etdi ki... Əzizə xanım vəsiyyətinə
görə, Hacıqabul rayonunun Tağlı kəndində
valideynləri, həyat yoldaşı və qardaşları ilə
bir məzarlıqda dəfn edilib.
Əzizə Cəfərzadənin Azərbaycan ədəbiyyatındakı
yerinə, mövqeyinə dürüst qiymət verilməsi, cəfakeşliklə
araşdırılması ədəbiyyatşünas alimlərimizin
vətəndaşlıq borcudur. Biz jurnalistlər
üçün isə Əzizə xanım bir müəllim
kimi daha əziz və unudulmazdır. Yəqin
ki, bu fikri hamı təsdiqləyər. Əzizə
Cəfərzadə adi müəllim deyildi. O, auditoriyada
müəllimlik işini sadəcə, mühazirə oxumaqla
bitirmirdi. Elə sözlər, məsələlər
var idi ki (o vaxtlar bu barədə danışmaq nəinki
qadağan idi, heç mümkün deyildi), onları yalnız
son 30 ildə danışır və yazırlar. Halbuki
bu acı həqiqətləri Əzizə Cəfərzadə
bizə - tələbələrinə 40 il
bundan öncə bütün çılpaqlığı ilə
danışardı. Bu cəsarətinə, vətənpərvərliyinə,
heç bir təzyiqdən, təqibdən, alacağı zərbədən
çəkinmədiyinə görə, Əzizə Cəfərzadə
hamımızın ürəyində xüsusi yer tutmuşdu.
Hərdən
heç anlamaq olmurdu ki...
Bizim nəslin Bakı Dövlət Universitetinin
jurnalistika fakültəsində oxuduğu vaxtlarda bir neçə
müəllimi olub. Müqayisə üçün o illərin
xatirələrini vərəqləyəndə xəyalımıza
nələr gəlmir?! Bir müəllimimiz illərin
pası tutmuş vərəqlərdən oxuduğu mühazirəsi
ilə bizi cana yığmışdı. Bir dəfə nadinc tələbələrdən
biri tənəffüsdə mühazirə üçün
qalaqlanmış kağızların alt vərəqini üstə
çəkdi. İsmayıl bəy
Qutqaşınlıdan mühazirəsi olan bu müəllimə
Abbasqulu ağa Bakıxanovun
yaradıcılığını birbaşa oxumağa
başladı. Tələbələrin
arasında pıçıltı düşdü. Hətta gülən də var idi. Ən acısı o idi ki, o biliyin, o savadın yiyəsi
imtahanda "əzrail"ə dönərdi.
Yaxşı ki, o illərdə bizim başqa bir müəllimimiz
də vardı. Xəyalımızda işığa dönən,
hamımızın dərin hörmət və ehtiram bəslədiyi,
ürəkdən sevdiyi, məftun olduğu filologiya elmləri
doktoru, professor Əzizə Cəfərzadə! O, Azərbaycan
ədəbiyyatından mühazirələr oxuyurdu. Bizə böyük sənətkarları - Hadini, Sanini,
Səhhəti, Sabiri, Mirzə Cəlili daha yaxından
tanıtdığı üçün ilk növbədə
ona minnətdarıq. Əzizə xanım
bizə kitabda olmayanları deyərdi. Cəsarətinə,
o vaxt heç kəsdə duymadığımız milli qeyrətinə
vurulmuşduq. Sonralar tez-tez
düşünərdik ki, görəsən, Əzizə
xanım tələbələrindən niyə
ehtiyatlanmırdı? Bir dəfə söhbət
zamanı demişdi: "Mən gəncliyə
inanırdım, qızım! Bilirdim ki, heç
biriniz məni satmazsınız ki, Əzizə Cəfərzadə
Sovet hökumətinin əleyhinə danışır. Tay-tuşlarım, elə Bəxtiyar müəllim də
(Vahabzadə nəzərdə tutulur - F.X.) hərdən deyirlər
ki, sənin o vaxt söylədiklərin axır ki,
danışıldı, əfsanə sayılanlar gerçəkləşdi".
Əzizə
Cəfərzadə 1949-cu ildən ömrünün sonuna kimi
Bakı Dövlət Universitetində dərs dedi. Arada 10-15 il Əlyazmalar Fondunda, xarici ölkələrdə
işləyib. Yəqin ki, tarixi
yazılarında olan dürüst həqiqəti də o illərdə
tapıb. "Azərbaycan aşıq və şair
qadınları", "Fatma xanım Kəminə",
"Şirvanın üç şairi", "Abdulla
Padarlı" və sair kitablar məhz o illərdə
yazılıb. 1973-1974-cü illərdə yenidən universitetə
qayıdıb... Qəribə yaddaşı və
danışıq tərzi vardı. Ona
qulaq asdıqca sehrə düşmüş kimi sükuta qərq
olurdun. Adət-ənənəni, qədim bayramları,
unudulmuş əlamətdar günləri o qədər dəqiq
və dürüst bilirdi ki, hərdən heç anlamaq
olmurdu ki, bu adam etnoqrafdır,
tarixçidir, folklorşünasdır, tədqiqatçıdır,
ozandır, şairdir, yazıçıdır, yoxsa sinəsi
layla və bayatılarla dolu olan anadır? İstedadlı
yazıçı, cəfakeş alim, sevimli müəllim, istəkli
nənə, sədaqətli dost, yaxşı qonşu, xeyrə-şərə
yarayan ağbirçək və mənim ömrüm boyu unuda
bilməyəcəyim çox munis bir şəxsiyyət!
Bütün bu məziyyətlərin necə də halal sahibi
idi Əzizə xanım!
"Anamızın
əlinə su tökməyə layiq deyilik"
Görkəmli
naşir, tərcüməçi, ədəbiyyatşünas
kimi tanınan Əzizə Cəfərzadə "Cəlaliyyə",
"Bakı-1501", "Vətənə qayıt",
"Sabir", "Aləmdə səsim var mənim" və
s. kitabları ilə oxucuların rəğbətini
qazanmışdı. Təbiət etibarilə
çox səmimi və dürüst olan Əzizə Cəfərzadə
bədii əsərlərində bu müsbət keyfiyyətləri
əks etdirirdi. Həmişə milli dəyərlərə,
mentalitetə dərindən bağlılığı onun hər
bir yazısında, adi söhbətində belə hiss olunurdu.
Əzizə Cəfərzadə sözün həqiqi
mənasında böyük vətəndaş
yazıçı idi. Auditoriyada deyə
bilmədiklərini kitablarında, yazılarında söyləmədiklərini
isə danışığında oxuculara və gənclərə
məharətlə çatdırırdı.
1990-cı ilin yanvarında Bakıda baş verən faciədə
qara bayraqlı şəhərin hüznlü günlərinə
ağı deyib ağlayanlardan biri də Əzizə ana oldu. Bu gün də
gözlərimizdən o ağır məqamlar çəkilmir.
Əzizə Cəfərzadə şəhid
düşmüş vətən oğullarının
qırmızı qərənfilə bürünmüş
tabutları önündə necə fəryad çəkib bədahətən
bayatılar deyirdi:
Arazam,
keç üstümdən,
Keç, karvan, keç üstümdən.
Bu dərdi
mən əkmişəm,
Dəryazı al, biç üstümdən.
Çox
mənalı və bitkin ömür yaşadı Əzizə
xanım! Ən böyük arzusu vətən
torpağının işğalçılardan azad
olunduğu günü görmək qismət olmasa da, mən
Şuşada - Cıdır düzündə var səsimlə
harayladım: "Ruhu şad olsun, ana, ruhun şad olsun,
Əzizə anam!"
Əzizə Cəfərzadə Azərbaycanın Xalq
yazıçısı adını almış ilk qadın ədibimizdir. "Şöhrət"
ordeninə layiq görülmüşdü, Prezident təqaüdçüsü
idi. Müxtəlif vaxtlarda yubileyləri
qeyd edilmişdi. Onun haqqında müxtəlif
monoqrafiyalar, əsərlər yazılıb. Özünün isə ən çox bəyəndiyi
və qiymətləndirdiyi "Biz Cəfərzadələr"
kitabında isə Azərbaycan ədəbiyyatında xidmətləri
olan Əzizə, Məmməd, Əhməd Cəfərzadələrin
yaradıcılığından söz açılır.
Əzizə xanım xiffətlə deyərdi: "Biz, iki
qardaş, bir bacının ilk müəllimi anamız
Böyükxanım olub. Qeyri-adi qadın idi.
Həm zahiri, həm də mənəvi gözəlliyi
heyrət doğururdu. Üçümüz
də elmlər doktoruyuq, amma anamızın əlinə su
tökməyə layiq deyilik. İstər
bilik, istərsə də dünyagörüşü cəhətdən
dərya idi. "Anamın
nağılları" kitabının müəllifi əslində,
elə anam idi. İndinin özündə
də yadıma bir ağı, bir bayatı düşür.
Görürsən ki, bir hecası
çatmır. Əvvəllər anamdan
soruşardım, indi isə..."
Cızdağı
çıxardan kəlmə
Ağsaçlı Əzizə xanımın dolmuş
gözləri indi də xəyalımdan çəkilmir. Məni heyrətə
gətirən o idi ki, ana həsrəti ilə
yanıb-yaxılan Əzizə xanımın 80 yaşı var
idi, amma uşaq kimi kövrəlib dolurdu.
Əzizə Cəfərzadə mənim təkcə müəllimim olmamışdı. Mənə dərs dediyi illərdən (1974-cü il) ömrünün sonunadək ən yaxın sirdaşım, dostum, məsləkdaşım və məsləhət yerim olmuşdu. O qədər sadə, təvazökar idi ki, başım nəyəsə qarışıb onu axtarmayanda özü zəng edərdi. Xəcalətimdən ölüb-dirilərdim. Əl-ayağa düşərdim: "Əzizə xanım, sən Allah, bağışla. Mən zəng etməli idim". Cavabına fikir verin: "Niyə elə deyirsən? Məgər sənin işin-gücün yoxdur? Sadəcə, hənirini eşitmək istədim". Bu hənir kəlməsi mənim cızdağımı çıxarırdı. Çünki doğma anam yadıma düşərdi. Rəhmətlik həmişə səsimi eşidəndə söyləyərdi: "Hənirinə qurban olum, ay bala". Anamı itirəndən sonra bu mehri və məhəbbəti mənə səxavətlə bağışlayan, məni tez-tez arayıb-axtaran, analıq sevgisini üzərimdən əskik etməyən Əzizə Cəfərzadə idi. Bundan başqa, mənim ən həssas və diqqətli oxucum da Əzizə xanım idi. Bir yazımı da ötürməzdi. Hamısı barəsində öz rəyini bildirərdi. Kitablarım haqqında resenziyalar yazmışdı. Onun həssaslığı önündə həmişə heyrətdə qalırdım.
İndi də son görüşümüz gözlərimdən çəkilmir. Zəngləşmişdik, evinə getməli idim. Bizi gözləyirdi. Sinif yoldaşlarını başına yığmışdı. Müraciətini heç unuda bilmirəm: "Qızlar, yadınızdadı..." 80 yaşlı xanımların bu cür təbii və səmimi danışıqları məni həm heyrətləndirmişdi, həm də kövrətmişdi. Mənə elə gəlir ki, Əzizə xanımın son şəkli elə mənimlə olub. Onun qəfil itkisindən sonra bir müddət özümə gələ bilmədim. Yeni kitablarımın təqdimatında, övladlarımın toyunda, ovqatımın ən təlx vaxtında, sevincimin aşıb-daşdığı məqamda, bütövlükdə həyatımda Əzizə xanımın yeri görünür.
Əzizə xanım əslində, canlı məktəb idi. Ondan öyrənməli, götürməli məziyyətlər necə də çox idi. Nə heyif ki, ömür vəfa etmədi. Əzizə Cəfərzadənin xəyalımızda yandırdığı işıq isə bu gün də duyğu və düşüncələrimə nur saçmaqdadır. Nə qədər ki, rəfimdə sıralanmış kitabları, yaddaşımda pozulmayan xatirələri, saysız-hesabsız tələbələri - ardıcılları var, heç vaxt unudulmayacaq Əzizə Cəfərzadə! Bir təskinliyim də var ki, layihə rəhbəri olduğum "Yadigarlar" verilişinin ilk sayını da məhz öz ustadıma, müəllimimə, anama həsr edə bildim. Bu, həm də onun ruhundan xeyir-dua almaq idi. Ovqatımın bütün rənglərində mənimlə olan insan, indi sənin 100 yaşın tamam olur! Yüzdü - düzdü, deyirlər! Kaş ki, mənə dərs dediyin o bəxtəvər günlərin biri indi olaydı. Yenə də mənə gizlicə naringi verəydin. Yadından çıxardıb gətirməyəndə qulağım səsində, gözlərim əlində qalaydı. Tənəffüsdə yavaşca məhəbbətlə etirafını eşidəydim: "Sabah bugünkünü də gətirəcəm..."
Son illər tez-tez eşitdiyim bu sözlər məni
həm sevindirir, həm kövrəldir: "Siz Əzizə Cəfərzadəyə
çox bənzəyirsiniz..." Niyə də olmasın ki?!
O ruh həmişə mənimlədir. Qəlbimdə məhəbbətin,
ağlımda tövsiyələrin, varlığımda
öyrətdiklərin... Səsi qulağımdan, əksi
gözlərimdən çəkilməyən Əzizə Cəfərzadə!
Flora
XƏLİLZADƏ
525-ci qəzet.- 2021.- 28 dekabr.- S.11.