Azərbaycançılığın Zəfər
Yolu
TARİX
ELMLƏRİ DOKTORU EYNULLA MƏDƏTLİNİN YENİ
KİTABI HAQQINDA QEYDLƏR
Müasir Azərbaycan humanitar elmində "Heydər
Əliyev - İlham Əliyev" kontekstinin tədqiqi
aparıcı yer tutur. Məsələnin özü müasir Azərbaycan
dövlətçiliyi, ideoloji özəlliyi və cəmiyyət
quruculuğunun strateji məqsədləri baxımından o dərəcədə
çağdaşdır ki, hələ uzun illər onun
araşdırılmasına ciddi ehtiyac duyulacaqdır. Həmin bucaq altında baxanda mövzu ilə
bağlı işıq üzü görən hər
hansı nəzəri-metodoloji nəşr araşdırma
yolunda bir mərhələ, fraqment təsiri
bağışlayır. Tarix elmləri doktoru Eynulla Mətədlinin
çox düşündürücü "Heydər
Əliyev-İlham Əliyev: Azərbaycançılığın
Zəfər Yolu (Bakı, Turxan, 2021) kitabının isə nəzəri-elmi
aspekti ilə yanaşı, bir özəl təcrübə
mövcudluğu tərəfi də vardır. Məsələ
ondan ibarətdir ki, E.Mədətli bir vaxt, Naxçıvan MR
Ali Məclisinin deputatı olaraq, Ulu öndərlə birgə
çalışıb. Sonrakı illərdə isə
Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycanın
Təbrizdə Baş konsulu (1996-2002) və ölkəmizin
Pakistanda Fövqəladə və səlahiyyətli səfiri
(2002-2010) vəzifələrinə təyin edilməsi, xidməti
vəzifələrlə əlaqədar Ulu öndərlə
görüşmələri ona Ulu öndəri dərk etməklə
yanaşı, həm də duymaq, hiss etmək, Heydər
Əliyevin daxili yaşantılarını "görə
bilmək" kimi tarixi şans yaradıb. İndi
əlinizdə tutduğunuz kitabdakı fikirlərdən müəllifin
bu şansdan uğurla istifadə etdiyi aydın
görünür.
Etiraf edim ki, "Heydər Əliyev-İlham
Əliyev" kontekstini siyasət, ideologiya fikir, dövlət
başçısı və lider kimi transformasiyada fəlsəfi-tarixi
aspektdə dərk etməyin tam aydın olduğunu deməkdə
çox çətinlik çəkirəm. Bunun səbəbi nəinki
Azərbaycanda, hətta bütün postsovet məkanı
ölkələrində peşəkar səviyyədə
siyasi liderliyin, uğurlu dövlət başçısı
olmağın, müstəqil dövlət qurmağın ən
səmərəli yolunun tapılmasının böyük əksəriyyət
üçün "qara qutu" olduğu bir mərhələdə,
Heydər Əliyev fenomeninin bu missiyanı böyük uğur
və gələcəyi dəqiq görməklə həyata
keçirməsi ilə bağlıdır. Bu,
Azərbaycanda fəlsəfi təfəkkürün
qarşısında Heydər Əliyevin şəxsiyyət,
dövlət xadimi və lider kimi dərk edilməsi, öyrənilməsi
və dəyərləndirilməsi sahəsində hələ
çox işlər görülməsinin vacibliyini diktə
edir. Bu baxımdan E.Mədətlinin
kitabın ilk fəslini "Heydər Əliyevin fenomen şəxsiyyəti
və dövlətçilik strategiyası"
adlandırması tam yerinə düşür və çox
da maraqlıdır.
Müəllif qarşıya qoyduğu elmi məqsədin
məntiqi çərçivəsində Heydər
Əliyevin roluna "milli özünəqayıdış və
onun təşəkkülü" məsələsindən
başlayaraq ona dövlətçiliyin ilkin addımları
kimi dəyərləndirdiyi qurtuluş yolu kimi baxmaqla
maraqlı elmi yanaşma nümunəsi göstərib. Çünki
burada kitabın ana xəttini təşkil edən ideoloji faktor
tədqiqatın təməlinə qoyulur və onun dövlətçiliklə
birbaşa bağlılığı ifadə olunur. Bu fəslin sonrakı paraqraflarında Heydər
Əliyevin şəxsiyyətinin azərbaycançılıq
məfkurəsi aspektində analiz edilməsi bu dinamikanın
konkret nümunəsi təsiri bağışlayır.
E.Mədətlinin sonrakı iki fəsildə Heydər
Əliyevin fəaliyyətini Azərbaycan-Türkiyə və
mədəniyyət-mənəviyyat məsələləri
üzrə konkret təhlil etməsi kitabdakı elmi
yanaşmanın iki istiqamətdə konkret tətbiqini əks
etdirir. Çünki bu məsələlərin hər ikisi
müasir Azərbaycan dövlətçiliyi ilə sıx
bağıdır. Azərbaycan-Türkiyə
münasibətləri müasir mərhələdə
"bir millət, iki dövlət" formulunun ifadə etdiyi
fəlsəfi, tarixi, siyasi və ideoloji aspektlərin mərkəzi
xəttini ifadə edir. Dünya azərbaycanlılarının
həmrəyliyi bunun fonunda bir millətin iki dövlətinin
var olması fəlsəfəsinin əsas motivəedici faktoru
təsiri bağışlayır.
Digər yandan dövlətçiliyin ana formulunun mədəniyyət
və mənəviyyat faktorları ilə vəhdətdə təqdim
edilməsi bütövlükdə dövlətçilik ənənəsinin
çox vacib dəyərləri üzərində
düşünməyə sövq edir. Problemin bu
aspekti üzərində təhlili yöndən dayanmağa
ehtiyac vardır.
Türk dövlətçilik ənənəsində (o
cümlədən, Azərbaycan dövlətçiliyində)
həmişə mədəniyyət konteksti önəmli yer
tutub. Qədimdən Azərbaycan hökmdarları
üçün Ədalət, Asayiş, Barış, Sülh
və Hüquq əhəmiyyətli dəyər hesab olunub.
Bu, Azərbaycan dövlətçiliyinin
utilitar, pozitivist deyil, humanitar məzmun kəsb etdiyini sübut
edən arqumentlərdən biridir. Heydər
Əliyev üçün bu özəllik xüsusi əhəmiyyət
kəsb edib və "Heydər Əliyev - İlham
Əliyev" kontekstində dövlətçilik ənənəsinin
transformasiyasında həmin məqam öncəlik kəsb etməkdədir.
Eynulla Mədətlinin I fəsildə ifadə etdiyi
yanaşmanın II və III fəsildə konkret mədəni
və mənəvi-əxlaqi faktorlar üzrə dolğun məzmunda
əks etdirilməsi, kitabın struktur-funksional mahiyyətinə
uyğun gəlməklə yanaşı, məntiqi "aləti"nin məzmunlaşmasını da fəlsəfi-tarixi
aspektdə ifadə edir.
Əgər tədqiqatın məntiqi xəttinin təkamülü
prizmasında kitabın strukturuna baxışı davam etdirsək,
onda IV və V fəsillərin intensional (daxili)
funksiyasını dərk etmiş olarıq. Belə ki,
kitabın IV fəslində müəllif Prezident İlham
Əliyevin siyasətinə milli birlik və həmrəylik
kontekstində nəzər salır. Nə
üçün "milli birlik" və "həmrəylik"?
Və milli birliklə həmrəylik arasında
fəlsəfi aspektdə oxşar və fərqli cəhətlər
nədən ibarətdir?
Təbii ki, ümumfəlsəfi səviyyədə
müəllif bu suallara cavab axtarmır. Kitabın tədqiqat
strategiyası da bunu tələb etmir. Lakin suallara
"bir millət, iki dövlət" formulunun nəzəri, siyasi və
ideoloji elementləri işığında baxanda hədəfin
konkret və düzgün seçildiyinə şübhə
yeri qalmır. Çünki müəllif burada
Ulu öndər Heydər Əliyevin və daha sonra Prezident
İlham Əliyevin dövlətçilik xətti
üçün böyük əhəmiyyəti olan multikulturalizm,
xalq-dövlət birliyi və insan amili kimi vacib məqamların
təhlilinə çalışır.
Bunlardan, multikulturalizm həmrəyliyin məzmunu
üçün çox əhəmiyyətlidir. Çünki multikultural cəmiyyətdə
birlik müxtəlifiyin vəhdətinə nail olmaqla sıx
bağlıdır. Fəlsəfi baxımdan bu
prosesin özü kifayət qədər mürəkkəb
xarakterə malikdir. Dünya təcrübəsi göstərir
ki, heç də hər bir müstəqil dövlət ona
nail ola bilmir. Burada ideoloji
faktor həlledici rol oynayır. Çünki
xalq-dövlət birliyi birbaşa ideoloji faktordan
asılıdır. Görünür, məhz
buna görədir ki, müəllif kitabın son fəslində
İlham Əliyevin Zəfər strategiyasına azərbaycançılıq
ideologiyasının potensialı kontekstində analitik nəzər
salıb. Məsələnin mərkəzinə
isə insan amilini qoyub.
Bizcə, həmin məqam kitabın məntiqi özəlliyinin
kulminasiya nöqtəsidir. Çünki burada azərbaycançılıq
ideologiyasının Zəfər Yolunun strateji hədəfinin
İnsan amili olması dolayısı ilə oxucuya
çatdırılır. İlham
Əliyevin dövlət başçısı kimi fəaliyyətinin
başlıca amalının, özünün də qeyd etdiyi
kimi, insan amili olduğu ifadə edilir. Bu baxımdan
kitabda İlham Əliyevin zəfər strategiyasına həsr
edilmiş məqalədə irəli sürülən tezislər
fəlsəfi-tarixi və siyasi ideoloji aspektlərdə
çox maraqlıdır. Zəfər yolu
"...bölünməz, vahid, qüdrətli, gələcəyinə
inanan və ona doğru inamla irəliləyən böyük
xalqın Qələbə yoludur..." ümumiləşdirməsi
azərbaycançılığın özünütəsdiqində
insan amilindən başlayan və onda yekunlaşan ideoloji
dinamikanın mühüm aspektini əks etdirir.
Odur ki, kitabda sonuncu fəslin 44 günlük Vətən
savaşının fəlsəfi-tarixi analizinə həsr
edilməsi heç də təsadüfi deyil. Maraqlı cəhətlərdən
biri ondan ibarətdir ki, müəllif yetkin intellekt səviyyəsində
hadisələrin "canlı təhlli"ni
aparır. Bu, V fəsildə məntiqi analizlə
baş verənlərə vətənpərvər intellektual
reaksiyanın sintezi kimi özünü büruzə verir.
V fəslin birinci paraqrafında E.Mədətli yazır: "O günlərdə ordumuza ümumxalq dəstəyini, dövlətlə xalqın bütün təbəqələrinin, hətta əks qütblərdə yer alan partiya və təşkilatların indiyədək misli görünməmiş həmrəyliyini, ölkə daxilində və xarici ölkələrdə torpaq bütövlüyümüz uğrunda vətəndaşlarımızın əzmkarlıqla çıxış etdiklərini, Azərbaycan dövlətinə və onun ordusuna dəstək aksiyaları keçirdiklərini həyəcansız izləmək mümkün deyildi".
Burada müəllifin "həyəcanı" sırf emosional reaksiya deyil, "intellekt süzgəcindən" keçmiş və "vətənpərvərlik müstəvisində" qürur duyumunu ifadə edən obraz, anlayışdır, anlamdır. Bunun qaynağı isə 44 günə dövlət başçısı-liderə ölkənin ərazi bütövlüyünü bərpa etməyə imkan verən azərbaycançılığın çox böyük potensialına olan inam və onun daim Zəfərlərdən Zəfərlərə aparacaq dinamikasını dərindən dərk etməkdir.
Bunların fonunda müəllifin son fəsildə ölkənin intellektual kəsiminin "dövlətimizin və ordumuzun yanında olması"nı Prezidentin "siyasi-hərbi hədəfləri və Azərbaycan tarixinin dönüş nöqtəsi"nin canlı şahidləri kontekstində ayrıca iki paraqrafda məntiqi olaraq birləşdirməsini fəlsəfi olaraq qiymətləndirmək mümkündür. Konkret desək, müəllif xalqa və dövlət başçısına Azərbaycan alimlərinin azərbaycançılığın Zəfər yolunu öz intellekt çırağı ilə daim işıqlandırmağa hazır olduğunu ifadə edir! Ona görə yox ki, bu Yol xalqa və Prezidentə qaranlıqdır (Prezident bu yolun qurucusu kimi hər şeyi tam aydın görür), ona görə ki, bu Vətənin fikir sahibləri, intellekt daşıyıcıları həmin yolun, təbiri caizsə, "dərvişləridir"! Azərbaycanın inkişafı texnologiyaların, ideyaların, yeni elm sahələrinin işığında baş verməkdədir!
Konkret ifadə etsək, kitabın məntiqi quruluşundan aydın olur ki, müəllifdə Azərbaycançılığın Zəfər Yolunun uğurla davam etdiyinə dərin inam var. Kitabda, Qarabağı yenidən və "ağıllı məkan" kimi qurub-yaradan Azərbaycan Prezidenti azərbaycançılığın Zəfər bayrağının aparıcısı kimi təqdim olunur. Təbii ki, onun fonunda əsərin başqa məziyyətləri də kifayət qədər aydın görünür.
Nəhayət, kitabın bir məziyyətini də
unutmaq olmaz. Bu əsər oxucunu nəyə dəvət edir,
onu hansı amala səsləyir? Yuxarıda vurğulanan məqamların
işığında aydın bir tezis canlanır: Azərbaycanlıların
cəmiyyət və dövlət olaraq Zəfər yolu məhz
Azərbaycançılıqdan keçir!
Füzuli
QURBANOV,
Fəlsəfə
elmləri doktoru,
AMEA
Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə
müdiri
525-ci qəzet.- 2021.- 28 dekabr.- S.10.