İpək yolu
Türk dövlətləri təşkilatının yaranması çağımızın ən önəmli hadisələrindəndir.
ittiham edirdilər ki, onlar türklərin
üzlərini Qurandan Turana çevirməyə
çalışırlar. Böyük əksəriyyəti
müsəlman olan türk xalqlarını Qurandan, İslam mədəniyyətindən
ayrımaq mümkün olmadığı kimi,
türkçülükdən, Turan idealından da
uzaqlaşdırmaq mümkün deyil. Həm Quran, həm
Turan... Turan deyəndə bu gün mövcud olan altı
müstəqil türk dövlətinin və bu gün-sabah
tanınacaq Quzey Kipr Türk Cümhuriyyətinin vahid bir Turan
superdövlətində birləşməsi əsla nəzərdə
tutulmur, Ərəb əlkələri, yaxud ispandilli Latın
Amerikası məmləkətləri vahid dövlətdə
birləşmirlər ki... Türk ölkələri
də tam müstəqilliklərini qoruyub saxlamaqla mənəvi-mədəni
məkanda daha da yaxınlaşa bilərlər. Ulu
öndərin dediyi kimi: BİR millət, İKİ dövlət...
Bu gün BİR millət - BİR NEÇƏ
dövlətdən danışa bilərik. TURAN da yalnız bağımsızlığına
çatmış ölkələri deyil, başqa dövlətlərin
tərkibində yaşayan türkləri də mədəni-mənəvi
məkanda yaxınlaşdıra bilər.
Bu gün Türkiyəylə Azərbaycan arasında
gün-gündən möhkəmlənən, dostluq,
qardaşlıq əlaqələri bariz örnəkdir. Türkiyə
və Azərbaycan doğma qardaşdırlar, amma
böyük-kiçik yox, əkiz qardaşlardır.
Bu kimi və
buna bənzər düşüncələri hələ otuz il bundan əvvəl qələmə
aldığım "İPƏK YOLU" adlı yazımda
ifadə etmişdim. Bu gün türk birliyi yeni,
daha yüksək səviyyədə qədəm qoyduğu məqamda,
Dünya Azərbaycanlılarının Həmrəylik
günü ərəfəsində bu yazımı bir daha
oxuculara təqdim etmək istərdim.
15 dekabr
2021
***
Vaxt tarixi məfhum kimi müxtəlif sürətlə
ölçülür. Elə dövrlər olur ki, onların
gedişi duyulmur. Elə illər olur ki,
zaman rəvan addımlayır. Nəhayət, elə
aylar, günlər, saatlar olur ki, zaman sürətlə
uçaraq hər şeyi - siyasi-fəlsəfi fikri,
xalqların, ölkələrin taleyini, dəyərlər
sistemini və sistemin dəyərlərini, son nəticədə,
hər bir insanın dünyagörüşünü - fikir
düzümünü, hisslərini, hərəkət məntiqini,
yuxu obrazlarını dəyişir.
"Qobustan"
toplusunun birinci nömrəsini buraxarkən, dilimizdə olmayan,
lakin Türkiyə türkcəsilə səsləşən
müəyyən sənətşünaslıq terminlərini
dilimizə gətirmək, oxucuları müasir və klassik
Türkiyə və Cənubi Azərbaycan mədəniyyəti
ilə ətraflı tanış etmək cəhdlərinə
görə məni pantürkizmdə
günahlandırırdılar. Mən o vaxt təsəvvür
edə bilərdimmi ki, gün gələcək, xalqların
qarşılıqlı mənəvi
yaxınlığında, biri digərinin tarixini,
soy-kökünü daha dərindən öyrənmək
arzusunda pantürkizm xofu bir maneə kimi aradan qalxacaq. Bu
gün sədlər, maneələr, divarlar (Çin Səddi
kimi, Berlin divarı kimi) uçurulduğu vaxt şüurlu və
qarşılıqlı surətdə bütün sahələrdə
- mədəniyyət, elm, ədəbiyyat, incəsənət
sahəsinin inkişafında türk xalqlarının təcrübə
və ideya mübadilələri labüddür.
Pantürkizm müəyyən ideoloji, fəlsəfi
konsepsiya kimi öyrənilməyə, araşdırılmağa,
təhlil edilməyə layiqdir. Bu gün pantürkizmi
yalnız bütün türk xalqlarını vahid dövlət
daxilində birləşdirmək məqsədi kimi
düşünmək daha geniş, məhsuldar, tarixən əsaslandırılmış,
başlıcası isə real olan arzuları - türk
xalqlarının mənəvi birliyi, türklərin vahid mənəvi
aləmini yaratmaq arzularını cılızlaşdırmaq,
bəlkə də qəsdən təhrif etmək deməkdir.
Məgər iyirmidən artıq ərəb ölkəsi,
yaxud ispandilli Latın Amerikası respublikaları bir dövlətdə
birləşirlər? Yox. Lakin siyasi rejim və dövlət
quruluşundakı fərqə baxmayaraq (respublika, dini və
konstitusiyalı monarxiya, demokratiya, totalitarizm), ərəb
ölkələri ümumi mənəvi-mədəni aləmə
malikdirlər: bu ölkələrin vətəndaşlarının
həyatını əks etdirən mətbuat, bütün ədəbi
sahələri istiqamətləndirən ədəbi proses,
film, audioviziya məlumatlarının geniş mübadiləsi,
ümumi ictimai-siyasi ab-hava, ümumi mədəni, tarixi irs, ümumi əxlaqi və etik dəyərlər
ümumi dünyagörüşünün əsası... Bir sözlə, Vahid Ərəb Dünyası
haqqında danışmağa əsas verən meyarlar.
İngilisdilli ölkələrin - ABŞ və
Kanadanın (fransızdilli Kvebek əyalətini nəzərə
almaqla da), - mənəvi-mədəni inteqrasiyası, məncə,
ideal qarşılıqlı münasibətlərin örnəyidir. Hələ bu
ölkələrin bir-biri ilə və soy əcdadları
İngiltərə ilə güclü intellektual əlaqələrini
demirik.
Tarixi, dini və ideoloji fərqlərlə
aralanmış, müxtəlif əlifbalara malik olan türk
xalqları hələ qeyri-müəyyən vəziyyətdə
olan türk aləmini - Vahid Türk Dünyasına çevirməyə
qadir olan intellektual, mədəni inteqrasiya və koordinasiya
mexanizmləri, institutları yaratmalıdırlar.
Bu, tarixən labüd prosesdir (hərçənd ki, mən
daxili və xarici amillərin təsiri ilə türk
xalqlarının ictimai-siyasi taleyində müəyyən
dolanbacları da inkar etmirəm. Onlar bu prosesi yubada bilər,
lakin dayandırmaq iqtidarında deyil).
Bu, tarixən təbii prosesdə Azərbaycan vacib rol
oynamalıdır. Qismən Avropa meyilli türk sahələri
(Türkiyənin özü, Kiprin türk hissəsi, Balkan
türk anklavları) və Uyğur çöllərindən
Qazaxıstan və Orta Asiyaya qədər uzanan türk əraziləri
arasında körpü rolunu Azərbaycan oynamalıdır.
O, həmin fəzanın mərkəzindədir. Həm coğrafi-siyasi mövqeyinə, həm də
tarixən bir çox məsələlərdə birinciliyinə
görə.
Şərqin
ilk dramaturqu, dram və opera teatrı sənətinin ilk
qaranquşları, Rusiya imperiyasında ilk müsəlman qəzeti,
ilk respublika dövlət quruluşu (bu sahədə
bütün müsəlman Şərqində birinciliyimiz
vardır), 1921-ci ildə Şərq xalqlarının
Bakıda Birinci qurultayı, Birinci Türkoloji Qurultay
(1926-cı il) - bütün bunlar həm Azərbaycan,
həm də türk mənəviyyat tarixinin şərəfli
səhifələridir.
Təəssüf
ki, türk xalqlarının həyatındakı rolumuzu Stalin
irticası dövründə, lap elə sonralar da itirdik. Təşəbbüsçüsü
olduğumuz və ilk tətbiq etdiyimiz latın
əlifbasını da qoruya bilmədik.
Latın qrafikalı əlifbanın bərpası mənəvi
birliyimiz üçün mühüm addımdır. Bu iş türk dilləri
ailəsinə daxil olan hər bir dilin xüsusiyyəti nəzərə
alınmaqla həyata keçirilməlidir. Yeni
sözlərin (neologizmlərin) və terminlərin
yaranması sahəsində işlər də bu cür istiqamətləndirilməlidir.
Bu məsələlər İkinci Türkoloji
Qurultayın çağırılması zərurətini
göstərir. Qurultayın Bakıda - Türk
dünyasının qəlbində keçirilməsi ədalətli
olardı. Türkoloji qurultay nəinki
yuxarıda qeyd olunmuş məsələlərin həllinə,
həm də müəyyən daimi orqanın
yaradılmasına təkan verə bilərdi.
Bu orqanı türk xalqlarının humanitar problemləri
ilə, onların tarixi, ədəbiyyatı, incəsənəti,
memarlıq və mədəniyyət abidələri ilə məşğul
olacaq "Türk YUNESKO-su" kimi bir təşkilat şəklində
təsəvvür edirəm. Bu təşkilat
bütün müstəqil türk dövlətləri tərəfindən
müəyyənləşdirilə və maliyyələşdirilə
bilərdi (Bu məsələ TÜRKSOY-un yaradılmasıyla
öz həllini tapdı).
Azərbaycanın
yaradıcı ittifaqları tərəfindən təsis
edilmiş, eyni adlı qəzetinin bir neçə nömrəsi
nəşr edilmiş "Oğuz eli"
assosiasiyası mahiyyət etibarilə bu tip ümumtürk
humanitar-mədəni təşkilat, qurum kimi nəzərdə
tutulmuşdur. Məhdud maddi imkanlar, binanın
olmaması (hərçənd şəhər hakimiyyəti
bina boyun olub), texniki bazanın olmaması; perspektivli bir təşkilatın
fəaliyyətini məhdudlaşdırır. Bu cür humanitar-mədəni Türk Mərkəzi
böyük bir fəzanın mənəvi simasını dəyişə
bilərdi. Mədəniyyət və humanizmə,
sivilizasiyalı, tolerantlı (dözümlü), dünyəvi
və demokratik əqidələrə əsaslanan qurum hər
cür totalitarizmə - istər kommunist, istər millətçi
- faşist, istər təməl dinçi - totalitarizmə sədd
ola bilər.
Artıq bu əsrin sonu, gələcək minilliyin əvvəlində
türk ölkələri dünyanın coğrafi-siyasi
strukturunda mühüm amillərdən olacaqlar. Avrasiyanın
qarşılaşacağı problemlər bu böyük regionun
mentalitetindən - ruhundan, mənəviyyatından,
düşüncə yükündən asılıdır.
İlk növbədə, türk xalqları
bir-birini yaxşı tanımalıdırlar.
"Türk YUNESKO-su" təhsil prosesini də nizama
sala bilər.
Belə ki, ali türkoloji təlimin
olmasına baxmayaraq, heç bir türk ölkəsində, o
cümlədən, Türkiyədə, azərbaycanşünaslıq,
qazaxşünaslıq, özbəkşünaslıq və s.
fənlər yoxdur.
Ayrı-ayrı türk ölkələrinin tarixi, dili, ədəbiyyatı,
incəsənəti, coğrafiyası və
iqtisadiyyatını peşəkarcasına bilən adamlar -
yalnız elmi işçilər yox, geniş profilli mütəxəssislər
- ölkəşünaslar hazırlamaq lazımdır. Türkiyədə
olarkən həm mətbuat səhifələrində, həm
də söhbətlər zamanı İstanbul, Ankara, İzmir
və başqa şəhərlərin universitetlərinin
türkologiya fakültələrində Bakıdan müəllim
kadrlarını cəlb etməklə Azərbaycan şöbəsinin
təşkil edilməsi məsələsini
qaldırmışam. Azərbaycanın
öyrənilməsinə həsr edilmiş xüsusi fənlərlə
yanaşı, kiril əlifbasının öyrənilməsinə
də diqqət yetirilməlidir. Bu əlifbanın
xoşumuza gəlib-gəlməməsindən asılı
olmayaraq, onu bilmədən son əlli ildə Azərbaycanın
ictimai-siyasi həyatını öyrənmək mümkün
deyil.
Azərbaycanın Türkiyədə mədəni mərkəzi
olmalıdır. Cari ilin yanvarında Türkiyə və
Azərbaycan Prezidentlərinin imzaladıqları sazişdə
də belə bir mərkəz haqqında bənd vardı.
Əgər rəsmi Azərbaycan səfirliyinin
Ankarada yerləşməsi təbiidirsə, mədəni mərkəzin
İstanbulda açılması məqsədəuyğundur.
Çünki əsas ziyalı potensialı,
sanballı qəzet redaksiyaları, nəşriyyatların
çoxu, bir çox teatrlar, muzeylər burada yerləşir.
Mədəni mərkəz həm də
informasiya mərkəzi olmalıdır. Axı,
mövcud məlumat blokadası şəraitində Azərbaycan,
o cümlədən, Qarabağ münaqişəsi haqqında
həqiqəti dünya ictimaiyyətinə məhz Türkiyə
kanalı vasitəsilə çatdırmaq imkanı var.
"Türk
YUNESKO-su" formalı təşkilatın yaradılması məsələsinə
qayıdarkən qeyd etmək istərdim ki, o, yalnız təhsil,
tələbə və müəllim mübadiləsi ilə
deyil, həm də tibbi, idman, turist əlaqələri,
teatrların, musiqi kollektivlərinin qastrol səfərləri,
bədii sərgilərin açılması, filmlərin birgə
çəkilişi məsələləri ilə də
birbaşa məşğul ola bilər.
"YUNESKO KURYERİ" tipli jurnalı da Bakıda nəşr
edə bilərdik. Jurnalımız üçün gözəl ad da
seçmişik: "İpək yolu". Çindən
Avropaya qədər uzanan Böyük "İpək
yolu", əsasən, türk torpaqlarından keçib. Bu ticarət yolu Asiya və Avropanın
qarşılıqlı münasibətində misilsiz rol
oynamaqla, ətrafdakı digər xalqları da birləşdirmişdir.
Tarixən qonşu olduqları Çin və Monqolustan, Rusiya və
Qafqaz, Hindistan və İran, Ərəb və Balkan ölkələri
ilə münasibətdə türk xalqları digər ölkələrin
mədəni nailiyyətlərindən faydalandıqları
kimi, bu ölkələri də öz mənəvi sərvətləri
ilə zənginləşdirirdilər.
İpək yolu özünün geniş tarixi-mədəni
anlayışına görə yalnız Şərqi və Qərbi
birləşdirən yol deyil, eyni zamanda, Şimal və Cənub
arasında da körpüdür.
Əsasən, islam dininə etiqad edən türklərin başqa dinlərə hörmətlə yanaşması onlara xaçpərəstlər, yəhudilər, buddaçılarla sıx əlaqə saxlamağa imkan verirdi. Qeyd etmək yerinə düşərdi ki, bəzi türk xalqları keçmişdə, elə indinin özündə də müxtəlif dinlərə etiqad edirlər; məsələn, qaqauzlar - xaçpərəst, qaraimlər - iudey, qədim uyğurlar - buddaçı, manixey dininə tapınırdı, bəzi türk xalqları isə qədim etiqadlarını - şamanlıq və tenqriçiliyi qoruyublar.
"İpək yolu" özünəqapılma meylindən uzaq bir jurnal olmalıdır. Türk mənəvi varlığını, türk qəlbinin zənginliyini bütün bəşəriyyətə açıb göstərməli, başqa xalqların yüksək mədəni, fəlsəfi, estetik və əxlaqi nailiyyətləri ilə türkləri tanış etməlidir. "İpək yolu" adının özündə belə tarixilikdən başqa, yumşaqlıq, parlaqlıq, əlvanlıq da əks olunur.
Beynəlxalq məişətdə "Qərənfil inqilabı", "Məxməri inqilab" kimi ifadələr var. Türk xalqlarının mənəvi təkamül yolunu, mədəni dirçəliş və qarşılıqlı yaxınlaşma yolunu İpək yolu kimi təsəvvür edirəm. Bu sülh və xeyirxahlıq, insansevərlik və demokratiya, azadlıq və ləyaqət yoludur.
1991
ANAR
Xalq
yazıçısı, Azərbaycan Yazıçılar
Birliyinin sədri
525-ci qəzet.- 2021.- 28 dekabr.- S.8;9.