Nizami Gəncəvinin dövlət idarəçiliyi
və ədalət anlayışının əsasları :“525-ci qəzet”in özəl
buraxılışı - 3 (Nizami Gəncəvi - 880)
("Yeddi gözəl"
məsnəvisinin "Bəhram Gurun
padşahlığı" adlı bölmənin şərhi)
Buraxılışın
elmi redaktorları:
Professor
Almaz Ülvi Binnətova
Dosent
Aygün Bağırlı
Dosent Səadət
Şıxıyeva
GİRİŞ
"Yeddi gözəl" məsnəvisinin "Bəhram
Gurun padşahlığı" adlı bölməsi
orijinalda da, tərcümədə də qırx bir beytdir. Fərq budur
ki, farsca mətndə ayrıca belə bir başlıq
(bölmə) yoxdur, bu və öncəki bölmə "Bəhramın
atanın yerinə taxta oturması" adlı fəslin
ayrılmaz parçalarıdır.
Bu bölmə Bəhramın "Ədalət xütbəsi"
adlı hissənin davamıdır. Öncəki bölmədə
Bəhram iki şir arasından tacı götürərək
taxta oturandan sonra İran xalqını zülmün
qaranlığından çıxarıb ədalətin nuruna
qovuşdurmaq üçün hazırladığı
proqramı açıqladı. O proqramın iki əsas
hissəsi var idi: a) İranda ədalətin təmin
olunması üçün görüləcək işlər;
b) ədalətin təmin olunması - ədalət
proqramının yerinə yetirilməsi;
"Bəhram Gurun padşahlığı" adlı
bölmə isə İran xalqının ölkədə ədalətin
təmin olunmasından sonrakı halını təsvir edir, ədalət
ölkəni necə gözəlləşdirər sualına
cavab verir.
Məsnəvinin
bölmələrini belə sıralaya bilərik:
- Bəhramın
tacı, taxtı, şah geyimi, şahlıq rəmzləri təsvir
olunur;
- Bəhramın
ədalətinin bərəkətinə yer verilir;
- ədalət nemətinin dəyəri parlaq
obrazlarla tanıdılır, təkcə insanlar deyil,
canlı, cansız hər varlıq ölkəyə ədalət
gəldiyini hiss edir;
- Bəhramın
ölkə içində və dışında nüfuzu
artır;
- Bəhram
hər kəsə haqqını verir;
- ədalətə qarşı olanlarla
amansız mücadilə edir;
- insana xidməti dövlətinin əsas işi
elan edir, bunu saleh əməlləri ilə göstərir;
- düşmənləri cəzalandırır,
ancaq işgəncə vermir;
- insanların halal ruzi qapıları
açılır;
- sosial dövlət qurulur;
- bu dövlət xalqın nazını çəkir;
- Bəhram
aşiqlərlə (ariflərlə) dost olur;
- hökmü dünyaya yayılır;
- xalqı qorxudan, zülmün hər
növündən qurtarır;
- Günəş
kimi səxavətli olur;
- insanlar o dərəcədə varlanırlar ki,
təkəbbürlənirlər, nəticədə, Allahı
unudur, mərhəmətdən uzaqlaşırlar;
-
Allahın yaratdığı insanlar Onun nemətlərini
unudanda nemətlər geri alınır;
***
BİRİNCİ
BEYTİN ŞƏRHİ: ƏZƏMƏT BƏXŞ
ETDİ
Elə ki
Bəhram Gur tacı və taxtı,
Sazlayıb onlara əzəmət bəxş etdi.
Təhkiyəçi
Nizamidir, o, İranda zülm tikanının kökünü
qurutmuş, ölkədə ədalət çiçəkləri
bitirmiş Bəhramın şah obrazını inşa edir.
Belə demir, hakimiyyət Bəhrama şərəf, güc, əzəmət
verdi, əksini söyləyir, deyir ki,
hakimiyyət Bəhramla şərəfləndi, Bəhram hakimiyyətdən
deyil, hakimiyyət Bəhramdan güc aldı. Zalımlar
hakimiyyətin gücünü, imkanını öz gücləri,
imkanları zənn edər, onu zülm vasitəsinə
çevirərlər. Ədalətli
olanlar isə sahib olduqları ağıl, iradə, elm, mərhəmət
imkanları ilə hakimiyyəti gücləndirər, ondan ədaləti,
barışı, rifahı, mərhəməti artırmaq
üçün istifadə edərlər. Məqam Bəhramı deyil, Bəhram məqamı
şərəfləndirmişdir. Bunun tək
bir səbəbi var, o da ədalətdir, yəni hakimiyyət
nemətinin haqqını verməyin, şükrünü
yerinə yetirməyin, onu xalqın xidmətçisinə
çevirməyin bir yolu var, o da ədalətdir. Ədaləti təmin etməyən hakimiyyət
zülm qaynağı olar, ölkəni xarabaya çevirər,
xalqı qorxu içində saxlayar.
Nizami bu
mesajların verilməsi üçün uyğun vasitələr
seçmişdir:
- "çon" deyir, bu qəlibə "elə
ki", "o zaman ki" mənalarını yükləyir. Niyə bu sözə ehtiyac
hiss edir? Dəyişimi, dönüşümü göstərir,
İranda artıq zülm bitmiş, ədalət Günəşi
doğmuşdur, qarşınızda ölkədə ədaləti
təmin etmiş Bəhram şah var, indi onun dönəmidir,
o, fərqlidir, əvvəlkilər kimi deyil;
- Bəhram
Gur adına yer verir, öncəki bölmədə bir dəfə
də olsun adını çəkməmişdi, onu "mən",
"o" əvəzlikləri, şəxs sonluqları ilə
tanıtmışdı. Artıq zaman dəyişmişdir,
İranda ədaləti təmin etmiş, verdiyi sözü
yerinə yetirmiş, xalqın sevgisini qazanmış Bəhram
var. Şair Bəhram Gur deyir, "gur" sözünü
onun adına əlavə etmək
ehtiyacı hiss edir, hakimiyyətin Bəhramı dəyişdirmədiyini
vurğulayır;
- Bəhram
Gurdan deyir, çıxışlıq hal qəlibi Bəhram
Gurun önəmini göstərir, onun hesabına oldu, səbəb
odur, o gəldiyinə görə zülm getdi, yerini ədalət
tutdu;
- hakimiyyət
simvolu olan iki söz seçir: "tac", "sərir",
bu iki qəlib də dəyişimi ifadə edir, yəni Bəhram
şah olandan sonra hakimiyyətin mahiyyəti, məqsədi, vəzifəsi
dəyişdi, o, ədalətin təmin olunmasına yol
açdı, xalqa xidmət vasitəsinə çevrildi;
- elə
ki Bəhram Gurun hesabına tac və taxt (hakimiyyət)
sazlandı, tərcümədə "sazlamaq" feilinə
yer verilmişdir, orijinalda isə "sazvar" sözü
var, "uyğun", "uyğunluq", "ahəng",
"yaraşan", "qaydasında olan",
"üsullu", "hazır", "azuqə",
"sursat", "avadanlıq", "ləvazimat",
"ehtiyac" kimi mənaları var ("saz"
sözünün mənalarını da nəzərə
almışıq). "Sazvar gəşt", yəni kökləndi,
elə ki Bəhram şah oldu, onun hesabına, onun əməyi
ilə tac və taxt
- hakimiyyət yenidən kökləndi. Mesajlar
var: zülm hakimiyyəti kökdən salır, əxlaqını,
fitrətini pozur, mahiyyətini dəyişdirir, onu xalqı
qorxu altında tutmaq, əzmək vasitəsinə çevirir,
nəticədə, hakimiyyət kökdən
düşmüş musiqi aləti kimi olur, onunla gözəl
nəğmələr ifa etmək imkansızlaşır, ahəngsiz
səsi xalqı bezdirir, canını boğazına
yığır. Elə ki Bəhram hakimiyyətə
gəldi, hakimiyyəti yenidən köklədi, pozulmuş əxlaqını,
fitrətini özünə qaytardı. Nəyə
köklədi? Ədalətə, barışa, mərhəmətə,
sevgiyə, bolluğa, hüquqa... Nə ilə
köklədi? Ədalətlə, ölkə
həyatının bütün sahələrində ədalət
hakim oldu. Hakimiyyət adlı musiqi alətindən ədalət,
mərhəmət, hüquq, bərəkət nəğmələri
eşidilməyə başladı, xalq sevindi, hüzura
qovuşdu;
- Bəhramın
hakimiyyəti ədalətə və ədalətlə
kökləməsinin nəticəsi nə oldu? Nizami bu
sualı cavablandırmaq, ədalətin hansı gözəlliyə
yol açdığını göstərmək
üçün "şokuh" sözünə yer verir,
bu sözün mənaları var: "böyüklük",
"əzəmət", "dəb-dəbə", "təmtəraq".
Şair bu sözə "pəzir" qəlibini də
artırır: "şokuh pəzir şod",
böyüklük, əzəmət qəbul etdi / bəxş
etdi: elə ki Bəhram Gur şah oldu / onun hesabına hakimiyyət
ədalətə kökləndi, o zaman taxta, taca - hakimiyyətə
böyüklük / əzəmət bəxş olundu. Mahiyyətini
itirmiş, zülm vasitəsinə çevrilmiş, xalqın
nifrətini qazanmış taxt, tac - hakimiyyət
dəyər qazandı, İran xalqının ümid, güvən,
sayğı yeri oldu.
İKİNCİ
BEYTİN ŞƏRHİ: TAXTDA ƏYLƏŞDİ
Yeddi
qaşlı bel bağını bağlayıb,
Yeddi ayaqlı taxtın üstündə əyləşdi.
Nizaminin İranı zülmün qaranlığından
qurtarıb ədalətə qovuşduran Bəhramın
şah obrazının inşası davam edir. Öncəki beytdə
deyildi ki, Bəhram hakimiyyətə gəldi, hakimiyyətin
mahiyyətini dəyişdirdi, onu zülm vasitəsi olmaqdan
qurtardı, ədalətə köklədi, İranda ədaləti
təmin etdi, hakimiyyət böyüklük, əzəmət
qazandı, xalqa hüzur, barış, bolluq gətirdi...
Nizami bu
beytdə Bəhramın ədalətli, fərqli, əzəmətli
şah obrazının tanıdılması üçün
şahlıq əlaməti olan iki önəmli vasitə
seçir:
a) Bəhram
yeddigözlü kəməri(ni) bağladı - tərcümədə
"göz" ("çeşme") sözünün
yerinə "qaş", "kəmər"
sözünün yerinə "bel bağı" qəlibi
qoyulmuşdur ki, bu qəliblər mənanı dəqiq ifadə
etmir. Belə ki, orijinaldakı "göz" sözü kəmərdəki
deşikləri ifadə edir, "qaş" sözünün
belə bir imkanı yoxdur, "bel bağı" qəlibi də
kəmərin tam qarşılığı deyil, hər bel
bağı hakimiyyət rəmzi olan kəmər
anlamını daşımaz. Bəhramın kəmərinin
yeddi gözü var.
Burada
açar söz "yeddi"dir. Nizami məsnəvisində
"yeddi" rəqəmindən çox istifadə
etmiş, ona fərqli anlamlar yükləmişdir, məsələn,
"yeddi köklü budaq" ifadəsinə yeddi qat göy
anlamını vermişdir. Şair məsnəvisini həsr
etdiyi (adına yazdığı) Əlaəddin
Körpə Arslana belə deyir: Bəxtəvər taleli kəyanların
Yeddi xanı və on iki cəngavəri var idisə, Göy də
öz bürcləri ilə dürüst, Sənin yeddi
xanın və on iki cəngavərindir... Burada
İranın şahlar sülaləsi olan Kəyanilərin məşhur
pəhləvanları nəzərdə tutulur. Yeddi xan yeddi igidliyə, qəhrəmanlığa,
şücaətə işarə edir. Bu ifadədə Kəyanilərə
xidmət edən Rüstəm Zalın və İsfəndiyarın
yeddi qəhrəmanlığı mənası da var, bu qəhrəmanlıqlar
Firdovsinin "Şahnamə"sində təsvir
olunmuşdur: Rüstəm şahı xilas etmək
üçün yeddi ağır döyüşdə
iştirak edir, qalib gəlir, şahı qurtarır. İsfəndiyar bacılarını xilas etmək üçün
Turana hücum edir, yeddi qəhrəmanlıq göstərir.
Bununla birlikdə divan ədəbiyyatında "yeddi cəhənnəm",
"yeddi dəniz", "yeddi dərya", "yeddi fələyin
sirri", "yeddi planet", "yeddi gözəl
qız", "yeddi hekayə", "yeddi hikmət",
"yeddi iqlim", "yeddi iqlimin soltanları", "yeddi
imam", "yeddi qardaş", "yeddi qat yer",
"yeddi qat göy", "yeddi səs", "yeddi təbəqə",
"yeddi ulduz", "yeddilər", "yeddinci çərx"...
kimi ifadələr də var. Nizami məsnəvisinə "Bəhramnamə"
adı qoysa da, o, daha çox "Yeddi gözəl" kimi tanınmışdır.
Şair
beytdə Bəhramın kəmərinin yeddi gözü
olduğunu xüsusi vurğulayaraq ona bu mənaları yükləmişdir:
- Bəhramla
onun şahlar nəsli arasında bağ qurmuşdur. Onlar da yeddigözlü kəmər
bağlayırdılar. Demək istəmişdir
ki, İranda hakimiyyət haqqı bizim nəslə aiddir.
O haqqı mənim (bizim) əlimdən almışdılar, mən
də onu geri qaytardım. Şahlar nəslinin böyük (ədalətli)
şahlarının yolu ilə gedəcəyəm, onlar ədalətləri
ilə tanındılar;
- o, yeddigözlü kəməri İranda ədaləti
təmin edəndən sonra bağlayır, şahlığı
haqq etdim, hakimiyyətin haqqı ədalətdir mesajını
verir, məni şah edən kəmər deyil, ədalətdir
demiş olur;
- yeddigözlü kəmər gücün, əzəmətin,
imkanın göstəricisidir, dostlara ümid, düşmənlərə
qorxu verir;
- yeddi rəqəmi sonsuzluğu ifadə edir, Bəhramın
hakimiyyəti davamlı olacaq mənasını
daşıyır;
- Bəhram
yeddi ayağı olan taxtda oturdu - hakimiyyət əlamətlərindən
biri də taxtdır. Hökmdar iclas keçirərkən,
rəsmi qəbul zamanı və mərasimlərdə taxtda
otururdu. Taxta oturmaq bir də
şahlığını elan etməkdir. Fərqli
biçimləri olan, fərqli materiallardan hazırlanan taxtlar
var idi: Nizami yeddigözlü kəmər bağlamış Bəhramı
yeddiayaqlı taxtda oturdur. Burada "yeddi" rəqəminin
yuxarıda göstərdiyimiz mənaları ilə birgə
bir önəmli anlamı da var: coğrafiyaçılar
dünyanı yeddi iqlim qurşağına bölürdülər,
yəni yeddi rəqəmi dünyanın simvolu idi. Mesaj budur:
yeddigözlü kəmər bağlamış, yeddiayaqlı
taxtda oturmuş Bəhram bir cahan hökmdarı idi (yada
salıram ki, o dönəmdə İran dünyanın iki
imperatorluğundan biri idi);
ÜÇÜNCÜ
BEYTİN ŞƏRHİ: BAŞINDA ÇİN PAPAĞI VAR
İDİ
Başında
tərlan döşütək çin (papağı),
Əynində Təraz dibli Rum (parçasından) geyim.
Nizami İrana ədalət gətirmiş Bəhramı
seçir, ayırır, onu bir dünya hökmdarı kimi
tanıdır.
O, Bəhramın gücünü, əzəmətini,
böyüklüyünü göstərmək
üçün onu "öz əlləri ilə
geyindirir", belinə yeddigözlü kəmər
bağlayır, onu yeddiayaqlı taxtda oturdur. Cahan şahı
olan Bəhram obrazının inşası davam edir, Nizami yeni
vasitələr seçir:
- şahlıq rəmzi olan papağına özəl
yer verir - bir misra ayırır, kolahı nəzərdə
tutur. Kolah hökmdarlıq əlamətlərindən biridir,
qaynaqlar kolahı fərqli biçimlərdə
tanıdır: "başa geyilən qalpaq və
padşahlıq tacı idi", "ucu sivri, yüksək
başlıqdır", kolah,
imamə, börk, isabə, tac, dəstərçə kimi
adları var, fərqli biçimləri olurdu, samur dərisindən
olan, ağ, bal rəngli, yundan hazırlanmış, qiymətli
daşlarla bəzədilmiş kolahlardan da istifadə edilirdi.
Hökmdarlar kolahı daha çox gündəlik həyatda
başlarına qoyurdular, o, tacı əvəz edirdi, daha
yüngül və rahat olduğundan başda
daşınması asan idi;
- Nizami
beytdə "kolah" sözünə yer verməmişdir,
misradakı "bər bərəş" qəlibinə,
"uca başına", "üstünə", “bədəninin
ən uca yerinə” anlamlarını verə bilərik;
- hökmdarlıq əlamətinin məhz kolah
olduğunu haradan bilirik? Misrada bunun iki əlaməti var:
birincisi, Nizami "çini" deyir, bu sözün mənasını
bir az da dəqiqləşdirir, sonuna müəyyənlik əlaməti
artırır, o məşhur, hökmdarlığın ən
gözəl əlamətlərindən biri olan Çinə
aid kolah, hər kolah deyil, məhz Çinə aid, çinli
(çini) kolah. Şair məsnəvilərində
"Çin" sözündən çox istifadə
etmişdir. O, çox zaman bu sözlə o bölgədə
yaşayan türkləri (uyğur türklərini, başqa
türk qəbilələrini) nəzərdə tutmuş, bu
bölgəni həm də rəssamlığın, nəqqaşlığın,
incəsənətin, zərif, gözəl paltarlarının
vətəni kimi tanıtmışdır. Bölgədə
yaşayan türklərin zəngin mədəniyyəti,
güclü dövlətçilik ənənəsi
olmuşdur. Bu ənənənin varlığının
göstəriciləri var: saraylar, ordu, savaşlar,
böyük hökmdarlar, silahlar, mədəniyyət,
hökmdarlıq əlamətləri, qəbullar, mərasimlər,
idarəçilik əsasları... Nizami Bəhramı
bir türk hökmdarı kimi geyindirir, başına
"çini" (Çin kolahı) qoyur, bu kolah
hökmdarı əzəmətli göstərir. İkincisi, Nizami o (məşhur) kolahı
tanıdır, təşbehə yer verir, bu məqsədlə
"ço" ("kimi") qəlibini seçir, deyir ki,
Bəhramın başındakı çin kolahı tərlan
quşunun sinəsi kimi idi. Orijinalda "baz"
sözü var, şahin, tərlan, doğan, şahbaz kimi mənaları
daşıyır, ov quşudur (Bəhram da ovu çox sevir),
yüksəklərdə uçur, əldə, biləkdə
oturur (tutulur), uzaqdan ən kiçik ovu belə görür,
sürətlidir... Türklər mahir oxçu,
ovçu kimi də tanınırlar. Tərlan quşunun
iki özəlliyi də var: sinəsinin tükləri ikirəngli
olur və çox incədirlər, bu rənglər və incəlik
ona gözəllik, əzəmət verir. Bəhramın
başında da tərlan quşunun sinəsindəki rəngbərəng,
incə tükləri olan Çin (türk) kolahı var idi.
Ədalətli Bəhram şahı tam görək: belində
yeddigözlü kəmər, altında yeddiayaqlı taxt,
başında şahin quşunun sinəsinin rəngbərəng,
incə tükləri kimi zərif Çin (türk) kolahı
(papağı, tacı);
- Nizami
ikinci misrada Bəhramın şah geyimini tanıdır, yeni
vasitələr seçir. Onun geyiminin iki özəlliyi var:
parça rumidir. Rum, Roma, romalı. Şərqi Roma imperatorluğu Anadolunu da əhatə
edirdi. Elə buna görə də Anadoluya
Rum, bu bölgədə yaşayanlara da rumi deyilirdi. Rumilər zahirən çox gözəl olurdular.
Divan ədəbiyyatında sevgilinin ağ,
nurlu üzü rumluya bənzədilirdi. Bu
bölgənin bir özəlliyi də orada incə
parçaların toxunması idi. Şahlar
bu parçaları özəl toxutdurur, ustasına
qızıllar verirdilər. Rəssamlığın,
nəqqaşlığın, memarlığın məşhur
olduğu Rumda toxunan parçaları gözəl bəzəyirdilər.
Yəni Bəhram əyninə rumi parçadan
hazırlanmış paltar geyinmişdi;
- bu incə, gözəl, şah geyiminin bir
özəlliyi də var: şair bu məqamda Təraz
sözünə yer verir, Təraz qədim və böyük
Türküstanın öz gözəlləri ilə
tanınan şəhərlərindən (vilayətlərindən)
biridir. Yəni Bəhramın rumi parçadan olan geyimi Təraz
gözəlləri və onların geyimi kimi gözəl, incə
idi;
- Nizami Bəhramın
geyiminin gözəlliyini təsvir etmək üçün
bir naxış da seçir: "rəsme Təraz" deyir,
buradakı "rəsm" sözünün "adət",
"qayda", "ənənə", "mərasim",
"təşrif", "məclis" kimi mənaları
var. Yəni Təraz gözəlləri özəl məclislərdə,
mərasimlərdə xüsusi, çox gözəl paltarlar
geyinirdilər. Bəhramın geyimi də o gözəl, incə,
ağ türk qızlarının
xüsusi mərasimlərdə özəl olaraq geyindikləri
paltar kimi gözəl, incə idi. Nizami mətndə
"türk" sözünü gözəlliyin, incəliyin,
zövqün simvolu kimi tanıtmış, fars
Bəhramı bir türk hökmdarı kimi geyindirmişdir;
Bir
dünya hökmdarı, ağıllı, cəsur, ədalətli,
güclü Bəhram şahı gözümüz
önündə canlandıraq: O, belinə yeddigözlü kəmər
bağlayıb, yeddiayaqlı taxtda oturub, başında tərlan
sinəsinin tükləri kimi rəngbərəng, incə
tükləri olan Çin (türk) kolahı var, paltarı zərif
rum parçasındandır, bu geyim Tərazın
(Türküstanın) gözəl, ağ, incə türk
qızları və onların özəl məclislərdə
geyindikləri paltar kimi rəngli, incə, gözəldir.
DÖRDÜNCÜ
BEYTİN ŞƏRHİ: RUMDAN BAC ALIRDI
O, öz
gözəlliyi ilə Rumdan bac
alırdı,
Öz yaxşılığı ilə Çindən xərac
alırdı.
Nizami
İrana ədalət gətirmiş Bəhram şahı
tanıtmağa davam edir, yeni vasitələr seçir:
-
müqayisəyə yer verir, müqayisə
çalarını "ze" ("əz", - dan2) qəlibinə
yükləyir, müqayisə tərəfi kimi öncə Bəhrama,
sonra qarşı tərəfə yer ayırır, Bəhramla
tutuşdurulan tərəfi böyüdür ki, Bəhramın
üstünlüyü açıq görünsün;
- birinci
misraya "və" bağlayıcısı ilə
başlayır, beyti öncəki beytlərə
bağlayır, Bəhramın həm zahiri, həm də daxili
keyfiyyətlərini təsvir edir, yəni Bəhramın sadəcə
kəməri, taxtı, tacı, geyimi gözəl deyildi, həm
də qəlbi, işləri gözəl idi;
- Nizami
şahın adını çəkmir, "o" deyir, fərqli,
qeyri-adi, üstün, güclü, əzəmətli, ədaləti
ilə İran xalqının sevgisini qazanmış Bəhramı
nəzərdə tutur, əvəzlik Bəhramı bir az da
böyüdür;
- öncə
Bəhramın yaxşılığını ("xubi")
önə çıxarır, bu söz tərcümədə
"gözəllik" kimi verilmişdir, biz bu tərcüməni
doğru sayırıq, belə ki, mətn, eləcə də
müqayisənin qarşı tərəfi bu mənaya işarə
edir: O, gözəlliyi ilə Rumdan bac alırdı. Nizami Bəhramın daha gözəl olduğunu ifadə
etmək üçün Rum ölkəsini seçmişdir.
Rum Şərqi Roma imperatorluğunun
adıdır, Bəhramın dönəmində Anadolu da bu
imperatorluğun içində idi. Bu
torpağa Rum, orada yaşayanlar da rumi deyirdilər. Rumun ən
önəmli yönlərindən biri gözəlliklə
bağlıdır: insanları ağ rənglidir,
qızları çox gözəldir, zəngin mədəniyyəti
var, dünyanın ən bacarıqlı ustaları,
memarları, rəssamları, nəqqaşları bu ölkədə
yaşayırlar, insanı heyran edən memarlıq abidələri
var, musiqini, şeiri, incəsənəti çox sevirlər,
toxuculuq inkişaf edib, ən gözəl parçanı Rum
ustaları toxuyurlar...;
- Nizami Bəhramın
gözəlliyinin (yaxşılığının) daha
üstün olduğunu göstərmək üçün
bir vasitə də seçir: Bəhramı rumlularla
tutuşdurmur, Rumla, bütün ölkə ilə müqayisə
edir. Misrada Rum deyilərkən o ölkənin
bütün gözəllikləri nəzərdə tutulur.
Yəni Bəhram Rum ölkəsindən daha gözəl idi;
- Nizami Bəhramın
gözəlliyinin (yaxşılığının) daha
üstün olduğunu ifadə etmək üçün bir
addım da atır, "bac almaq" ("bac alan", "bac
setan" biçimində) feilini işlədir, bu feilə
heç bir zaman şəkilçisi artırmır, bac
almağı hər hansı bir zamana bağlamır, ona
davamlılıq, iş anlamını yükləyir, yəni
Rumun işi, borcu Bəhrama bac vermək idi, bac alan Bəhram,
bac verən Rumdur. Bac almaq (vergi ödəmək)
qaliblərin, bac vermək məğlubların işidir, Bəhram
öz gözəlliyi (yaxşılığı) ilə
gözəllik ölkəsi olan Rumu məğlub etmişdi.
"Bac almaq" feili məcburiyyəti də ifadə edir, yəni
Rum Bəhramın gözəlliyinə əsir, kölə
olmuşdu, özünü onun təsirindən qurtarmaq
imkanı yox idi, bac verməyə, Bəhramın gözəlliyini
etiraf etməyə məcbur idi;
- Nizami
birinci misrada Bəhramın gözəlliyinin daha üstün
olduğunu göstərmək üçün bir vasitə də
seçir, "alan" (O, gözəlliyi -
yaxşılığı ilə Rumdan bac alandır) qəlibini
rədif mövqeyinə, görünən, yadda qalan yerə
qoyur, yəni gözəlliyi ilə Rumdan bac alan bircə
şah var, o da Bəhramdır;
Nizami
ikinci misrada Bəhramın daha üstün olduğunu göstərmək
üçün bu vasitələri seçir:
Birincisi,
Bəhramın başqa bir özəlliyini önə
çıxarır, "nekuyi" deyir, xeyirxahlığı
nəzərdə tutur, bu sözü müəyyənlik əlaməti
ilə işlədir, yəni hər xeyirxahlığı
deyil, məhz Bəhramın tayı-bərabəri olmayan
xeyirxahlığını vurğulayır, onun qədər
xeyirxah olan yoxdur demiş olur.
İkincisi, Bəhramın üstünlüyünü
göstərmək üçün müqayisə
çaları yüklənmiş "ze" ("əz",
- dan2) qəlibi seçir.
Üçüncüsü, Bəhramın xeyirxahlıqda
tayı-bərabəri yox idi fikrinin ifadəsi
üçün qarşı tərəfi böyüdür, ən
uc nöqtəni seçir, Çini göstərir.
Dördüncüsü, Nizami Çin deyərkən bu
bölgədə yaşayan türkləri nəzərdə
tutur. Türklərin ən önəmli özəlliklərindən
biri xeyirxah olmalarıdır, mərhəmətli olmaq, əl
tutmaq, məzlumları, yetimləri, kimsəsizləri qorumaq,
acları doyurmaq, xeyri çoxaltmaq onların xarakteridir.
Beşincisi, şair Bəhramı hər hansı bir
türklə müqayisə etmir, Çin deyir,
xeyirxahlığı xarakterə çevirmiş türklərin
yaşadığı ölkəni nəzərdə tutur, yəni
Bəhramın xeyirxahlığı Çindən daha
üstün idi.
Altıncısı,
Nizami Bəhramın xeyirxahlığının daha
üstün olduğunu vurğulamaq üçün bir
addım da atır, "xərac setan" ("xərac
alan") deyir, zaman şəkilçisinə yer vermir, yəni
bu, onun davamlı işidir, xərac alan Bəhram, xərac verən
Çindir, qalib Bəhram, məğlub Çindir, Bəhram
öz xeyirxahlığı ilə canında xeyirxahlıq olan
Çindən (türklərdən) xərac alır, onlardan
daha xeyirxahdır.
Yeddincisi,
Nizami Bəhramın üstünlüyünü göstərmək
üçün bir vasitə də seçir, "almaq"
("alan" biçimində) feilini rədif mövqeyinə
yerləşdirir, "almaq" feili rədifdir, deyir ki,
gözəlliyi ilə gözəllik diyarı olan Rumdan bac
alan, xeyirxahlığı ilə xeyirxahlıq xarakteri olan
Çindən xərac alan odur - Bəhramdır. Rum və Çin Bəhramın üstünlüyünü
qəbul etmişdir.
Beytdə önə çıxarılan sadəcə Bəhram
deyil, həm də gözəllik (yaxşılıq),
xeyirxahlıq kimi iki ölməz dəyərdir. Ədalət
insanı gözəlləşdirir, xeyirxah edir, sevdirir,
seçir, üstün qılır, dəyər
qazandırır, rəqibləri məğlub edir, dostlara
ümid, düşmənlərə qorxu verir, ilahi rizaya yol
açır.
Ədalətli
Bəhram şah obrazını geniş planda görək:
hakimiyyəti ədalətə kökləyən, belinə
yeddigözlü kəmər bağlayan, yeddiayaqlı taxtda
oturan, başına tükləri tərlan quşunun sinəsinin
tükləri kimi incə, rəngbərəng olan papaq (tac,
kolah) qoymuş, əyninə Türküstan gözəllərinin
özəl məclislərdə geyindikləri paltar kimi
gözəl qiyafə geyinmiş, gözəlliyi ilə
gözəlliklər diyarı Rumdan bac alan,
xeyirxahlığı ilə xeyirxahlıq xarakteri olan türklərdən
xərac alan Bəhram.
BEŞİNCİ
BEYTİN ŞƏRHİ: GÜNƏŞƏ UCALTDI
O, Cəmşid
kimi dörd balış qoyub,
Beş növbə (sədasını) Günəşə
ucaltdı.
Nizami ədalətli
Bəhramın əzəmətini,
böyüklüyünü, güclü, fərqli
olduğunu göstərmək üçün yeni vasitələr
seçir:
-
"dörd balış qoydu" - dörd balış qoymaq
böyük şahların hakimiyyət əlamətlərindən
biridir, dörd ünsür - hava, od, su, torpağı təmsil
edir, deyir ki, Allah kainatı bu dörd ünsürdən
yaratmışdır, taxtına dörd balış qoyan
şah bu mesajı vermiş olur, dörd ünsürdən
ibarət olan bu dünyanın ən böyük şahı mənəm,
bir cahan padşahıyam;
- Nizami təşbehə
yer verir, "çon" ("kimi") müqayisə qəlibini
seçir, deyir ki, Bəhram Cəmşid kimi dörd
balış qoydu. Cəmşidin adının mətnə yerləşdirməsinin
bu səbəbləri var: o, İranın əfsanəvi
şahıdır, Cəmşid təkcə İrana deyil, yer
üzünə ədalət, rifah, səadət, barış
gətirmişdir, sehrli camı var, o cam dünyanı və
hadisələri özündə əks etdirirmiş, Cəmşid
hakimiyyətin cazibəsinə qapılır, təkəbbür
xəstəliyinə tutulur. Nəticədə,
Allah onu cəzalandırır, zalım Zöhhak Cəmşidi
vəhşicəsinə öldürür (o, Firdovsinin
"Şahnamə" məsnəvisinin qəhrəmanlarından
biridir). Nizami Bəhramla Cəmşid
arasında bağ qurur, Bəhram onun nəslindəndir
demiş olur, ortaq nöqtələri sadəcə nəsil
bağı deyil, həm də ədalətdir, ikisi də təkcə
İrana deyil, dünyaya ədalət gətirmişdir, ikisi də
dörd balış qoymuşdur, yəni onlar cahan
şahlarıdır, güclüdürlər, hökmləri
bütün dünyanı əhatə edir;
- Nizami Bəhramın
böyüklüyünü ifadə etmək
üçün ikinci misrada "beş növbət" ifadəsinə
yer verir, bu, bir siyasi anlayışdır, hökmdarlıq əlamətidir,
Sasanilərin bu ənənəsini Səlcuqlular da bir sıra
dəyişikliklərlə qəbul etmişlər: beş namaz vaxtı hökmdarların
sarayının qapısında, ya da səltənət
çadırının önündə, üç
gündüz namazı vaxtında isə hökmdarların və
bir sıra dövlət adamlarının iqamətgahlarının
önündə özəl bir musiqi parçası
çalınır, davullar vurulurdu. Savaşlardan
və böyük mərasimlərdən öncə də
xanlıq otağı qurulur, tuğ tikilir, davul vurulurdu.
Bu musiqiçi dəstəsinə "növbətxane"
(növbətoxuyan), musiqiçilərə də "növbətiyə"
deyirdilər;
- Nizami ədalətli
Bəhramı başqa şahlardan seçir, onun əzəmətini
göstərmək üçün deyir ki, beş
növbətinin səsi Günəşə ucalırdı /
Günəşə ucaltdı. Yəni çox əzəmətli
musiqi idi, Günəş belə onu eşidir, sevinir, nur saçırdı,
səsi bütün dünyaya yayılmışdı, Bəhram
bir cahan şahı idi;
- Beytin
qafiyəsi "Cəmşid" və "Xurşid"
sözləridir, ikisi də Bəhramın
böyüklüyünü ifadə edir: Bəhram ədalət
simvolu olan Cəmşid kimi dörd balış qoymuşdu, Bəhram
ancaq Cəmşidlə müqayisə oluna bilər, onun
hakimiyyətinin əlaməti sayılan beş
növbətin səsi mərkəzi planet olan Günəşə
və bütün dünyaya yayılmışdı;
ALTINCI
BEYTİN ŞƏRHİ:
ƏDALƏTİN
BAŞINI GÖYƏ UCALTDI
İnsaf
rəsmini dünyaya yaydı,
Ədalətin başını göylərə
ucaltdı.
Nizami ədalətli
Bəhram şah obrazını inşa etmək
üçün üçmərhələli iş
gördü: öncə Bəhramın ədalət xütbəsini
- proqramını açıqladı, sonra bu proqramın icra
üsuluna və icrasına yer verdi, sonra
şahlıq taxtına oturan Bəhramın əzəmətini
təsvir etdi, bu beytdən başlayaraq da Bəhramın
gördüyü işlərin nəticələrini bir-bir
açıqlayır, uyğun vasitələr seçir;
- Nizami Bəhramı sadəcə
İranın - o dönəmdə dünyanın iki
imperatorluğundan birinin şahı kimi tanıtmır, onu bir
cahan şahı kimi tanıdır, bədii vasitələri bu
anlayışa uyğun seçir:
a) "rəsme
ensaf" deyir, "insafın rəsmi(ni)", burada "rəsm"
sözü çox önəmlidir, "adət", "ənənə",
"qayda", "qanun" mənalarını
daşıyır, bu mesajı verir: Bəhramın dünyaya
insaf hərəkatı bir atımlıq barıt olmadı, o,
gördüyü işlərlə insafı bir həyat tərzinə
çevirdi, dövlət siyasətinin əsasına qoydu,
bütün işləri bu insaf ölçüsünə
uyğunlaşdırdı, proqramının, əməlinin
mayası insaf oldu;
b)
"insaf" sözü ərəbcədir, "n-s-f"
kökündəndir, bir şeyin yarısı, ortası,
özəyidir, bir şeyin ortası onun ən gözəl
yeridir, "insaf" sözü çox zaman ədalətin
sinonimi kimi işlədilir, beytdə mərhəmət, orta
yolu tutmaq, hər kəsə haqqını vermək
anlamlarını daşıyır, yəni Bəhram insaf
ölçüsünü dünyaya hakim qıldı, fərq
qoymadan hamıya aid etdi;
c) Nizami Bəhramın
bir dünya şahı olduğunu ifadə etmək
üçün məkanı böyüdür,
"cahan" sözünü seçir, o, insaf
ölçüsünü cahana gətirdi, yəni
dünyanı zülmdən, qaranlıqdan, darlıqdan
qurtardı;
d)
şair məhz "gətirmək" ("avərd",
"gətirdi" biçimində) feilini seçir, yəni
o gəldi, şah oldu, ancaq əliboş gəlmədi,
dünyaya ədalət gətirdi, işi barışı, mərhəməti,
rifahı, hüququ təmin etmək oldu;
e) "gətirmək" feili mütləq
keçmiş zamandadır: "gətirdi", bu zaman qətilik
bildirir, şübhələri yox edir, şahidli zamandır, hər
kəs Bəhramın dünyaya ədalət gətirməsini
kimdənsə eşitmədi, öz həyatında
yaşayaraq şahid oldu, təsdiq etdi;
f) birinci misrada genişlik ifadə edən iki
söz var: "insaf", "dünya", insaf
genişlikdir, insaflı adam bu dəyəri dünyanın
bütün insanları üçün istəyən
adamdır;
- Nizami
ikinci misrada Bəhramın bir dünya şahı olduğunu
göstərmək üçün bu vasitələri
seçir:
a) "ədl" sözünə yer verir, onu
misranın başına yerləşdirir - ədalət hər
kəsi (bir hissəni deyil) ilahi təyinatına uyğun yerdə
tutmaq, hər kəsə layiq olduğu haqqı verməkdir;
b) şair yenə məkanı böyüdür,
ədalət genişlikdir, ədalət olan məkan hər kəsin
rahat nəfəs aldığı, hüzur içində
yaşadığı yerdir demiş olur. Bəhram ədalətin
başını asimana - sonsuzluğa ucaltdı / gətirdi, ədaləti
ən önəmli dəyərə çevirdi, bu uca dəyər
həm Bəhramı ucaltdı, həm də zülmün
qaranlıq quyusunun dibində can çəkişən
insanları ədalət səmasının Günəşinə
- barışa, mərhəmətə, rifaha, bolluğa,
hüquqa, hüzura qovuşdurdu. Mesaj budur: zülm qaranlıq,
darlıq, ədalət nur, genişlikdir. Bəhram ədaləti
elə bir ucalığa yüksəltdi ki, onu hamı -
bütün dünya gördü, hər kəsə ədalətdən
pay çatdı;
c) beytin qafiyəsi də ədalət
genişlikdir mesajı verir: "cahan", "asiman";
d) beytin rədifi
də var, Bəhramın əməyini ifadə edir: "avərd",
"gətirdi", yəni dünyaya insaf gətirən, ədalətin
başını göylərə ucaldan Bəhramın
böyük əməyidir, beytdə Bəhram sözü də,
onu tanıdan əvəzlik də yoxdur, rədif - görünən,
yadda qalan söz deyir ki, insanlıq üçün ədalət
hərəkatının mərkəzində Bəhram var;
YEDDİNCİ
BEYTİN ŞƏRHİ: YAR OLDU
Ədalətli
kəslərə yar oldu,
Zülmkarlara zülmkar oldu.
Bu beyt bir
cahan şahı olan Bəhramın zülm
bataqlığında can verən İran xalqını ədalətə
necə qovuşdurduğunu açıqlayır, iki
ölçü verir:
Birincisi,
Bəhram (onun adı beytdə yoxdur) ədaləti sevənlərlə
("ba dadpərvəran") dostluq etdi / ədaləti sevənlərə
yardım etdi: ölkədə ədalətin təmin
olunması üçün çalışanların,
işini vicdanla yerinə yetirənlərin yolunu açdı,
onları dəstəklədi, mükafatlarla təşviq etdi,
önəmli vəzifələri onlara verdi,
xalq bu doğru addımı gördü, bəyəndi,
şahı sevdi, nəticədə, Bəhramın hər kəsə
ədalət hərəkatına qoşuldu, bu da onun siyasətinin
uğur qazanmasına səbəb oldu.
İkincisi, Nizami bədii təzada yer verir, məsələni
ikiyönlü izah edir ki, anlaşılsın. Bəhramın ədalətin
təmin olunması üçün atdığı ikinci
addımı da açıqlayır: o, zülmkarlara
zülmkarlıq / zülm etdi. Bəhram ədalət xütbəsini
- proqramını açıqlayarkən demişdi ki, İran
xalqına zülm edən bu dörd qrup ağır cəzalanacaq,
onların sol qulağı çox ağrıyacaq:
günahkarlar, oğrular, qatillər, yolkəsənlər /
quldurlar.
O,
zalımlara bəddua da etmişdi: ədalətə sevinməyənlər
qoy heç sevinməsinlər. Şah vədini
yerinə yetirdi, ədalət hərəkatına qarşı
çıxanları, vəzifəsini qazanc mənbəyinə
çevirənləri, xalqı zülm altında tutmaq istəyənləri
əzdi, cəzalandırdı, onların müqavimətini
qırdı, nəticədə, hər kəsə ədalət
hərəkatının önü açıldı.
"Zülmkarlara zülmkarlıq / zülm etdi"
misrasındakı "zülm etdi" ifadəsini ağır
cəzalandırdı kimi oxumaq daha doğrudur, bu ifadə Bəhramın
onlara qarşı çox sərt olduğunu ifadə edir.
Beytdə "kərd" ("etdi") feili var, bir dəfə
işlənmiş, ancaq iki işə (ədalətlilərə
yardım, zalımlara cəza) də aid olmuşdur. Bu feil birinci misranın ilk
sözüdür, sözü deyil, işi, əməli, hərəkəti
ifadə edir, yəni ədalətin təmin olunması
sözlə olmur, İranda ədalətin təmin
olunmasının arxasında Bəhramın ağlı, iradəsi,
siyasəti, əməyi, cəsarəti, sevgisi var.
Nəticə
budur: hər kəsə ədalət hərəkatının
tərəfdarları da, ona qarşı çıxanlarda
olacaq, bu, qaçılmazdır. Şah ədalətin
və ədalətlilərin qalib gəlməsini istəyirsə,
ədalətlilərə yardım, zalımlara cəza
ölçüsünü tətbiq etməlidir, ədalətin
qapısı açılsa, zülmün qapısı
bağlanacaq. İkinci nəticə də var: işi (əmanəti)
əhlinə ver. Əmanəti əhlinə verməyin
üç anlamı var: a) iş (vəzifə) verilən
şəxs bu işin mülkiyyət deyil, əmanət
olduğunu biləcək, bu anlayış onu məsuliyyətə
yönəldəcək; b) o şəxs işini biləcək,
usta olacaq; c) əxlaqı gözəl olacaq;
Bu üçünün bir arada olması şərtdir,
belə ki, işinin ustası olanın əxlaqı gözəl
olmasa, ya da əxlaqı gözəl olan işinin ustası
olmasa, vəzifənin haqqı verilməz, ədalət təmin
olunmaz. Təbii ki, işinə əmanət kimi baxmayan da ədalət
və məsuliyyətdən uzaqlaşar.
SƏKKİZİNCİ
BEYTİN ŞƏRHİ: AÇAR OLDU
Qapısı
qəm qıfılı üçün açar oldu,
Onun gəlişi (dünyaya) şadmanlıq gətirdi.
Bu beytdə
Bəhramın İranda ədaləti təmin etməsinin nəticələri,
onun zülm görmüş xalqla necə bağ qurması,
hansı yollarla xalqın sevgisini qazanması təsvir olunur, bu
ölçülərə uyğun vasitələr
seçilir:
-
qıfıl və açar obrazlarına yer verilir, Nizami
"qəm qıfılı" deyir, bunu nəzərdə
tutur: zülm İranda hər kəsin qapısını
bağlamışdı, hər kəs dara
düşmüş, qaranlığa məhkum olmuşdu, hər
evdə dərd, kədər, aclıq, yoxsulluq, göz
yaşı, ah-nalə var idi, bağlanan təkcə
qapılar deyildi, zülmün ortaya
çıxardığı qorxu fikrin, hüququn,
inkişafın yolunu bağlamışdı, kimsə
haqqını tələb edə bilmir, əməyinin
qarşılığını görmürdü, ölkə
günahkarlara, oğrulara, qatillərə, yolkəsənlərə
təslim edilmişdi... Misradakı "qəm
qıfılı" ifadəsi zülmün simvoludur;
- Nizami
"qapısı" ("dərəş") deyir, ədalətli
Bəhramın sarayının qapısını nəzərdə
tutur. Yəni sarayın qapısı əvvəllər
xalqın üzünə bağlı idi, kimsənin
şahın sarayına gedib dərdini demək, haqqını
tələb etmək, sıxıntılarına çarə
istəmək hüququ yox idi, zülm şahın
sarayını şər yuvasına çevirmişdi, o, ədalətin
deyil, zülmün mərkəzi idi;
- Bəhram
hər şeyi dəyişdirdi, zülmün yerinə ədaləti
qoydu, nəticədə, sarayının qapısı qəm
qıfılının - zülmün açarı oldu. Burada
açar sözü ədalətin simvoludur: zülm
qıfılının açarı ədalətdir.
Şahın sarayı xalqın sıxıntılarını
həll edən mərkəzə çevrildi, ədalət
xalqla Bəhramı, dövləti bir-birinə bağladı;
- ikinci
misra "ki" ("ke") bağlayıcısı ilə
başlayır, iki misranı bir-birinə bağlayır, Nizami
"o" deyir, Bəhramı nəzərdə tutur, onun gəlişi
ədalətin gəlişi oldu ölçüsünü
qoyur;
- Bəhramın
gəlişinin - ədalətin gəlişinin, nəticəsi
bu oldu: xoşbəxtlik, səadət, ağ
gün, rifah, bolluq, bərəkət ("fərroxi")
göründü / gəldi, xeyrin yolu açıldı;
- beytin
ideyasını daşıyan açar sözlərindən
biri, ən önəmlisi "gəlmək" ("amədən")
feilidir, bu feilin məna ilə yüklü olduğunun əlamətlərindən
biri odur ki, o, beytdə üç dəfə işlədilmiş,
rədif mövqeyinə qoyulmuş, ikinci misra bu feillə
başlamışdır. Biz beytdəki "gəlmək"
feilinin məna çalarlarını doğru anlamaq
üçün onu ziddi olan "getmək" feili ilə bir
yerdə oxumalıyıq: a) "gəlmək" feildir, hərəkətdir,
hərəkət bərəkətdir, ədalətli Bəhram
gəldi, İran xalqının ağlı, qəlbi,
vicdanı, iradəsi hərəkətləndi, üzü
güldü, ölkə canlandı; b) Bəhram gəldi - ədalət
gəldi, zülm getdi (ikisi bir arada olmaz, biri varsa, o birisi
yoxdur), dirilik gəldi, ölülülük getdi, nur gəldi,
qaranlıq getdi, ümid gəldi, qorxu getdi, zənginlik gəldi,
yoxsulluq getdi, azadlıq gəldi, köləlik getdi, sevinc gəldi,
kədər getdi, açar gəldi, qıfıl getdi, xeyir gəldi,
şər yox oldu, sevgi gəldi, nifrət öldü,
barış gəldi, savaş getdi, qıfıllar
qırıldı, bağlı qapılar açıldı, ədalət
Günəşi doğdu, qaranlıqlar çəkildi,
ölkə zülm həbsxanasından çıxdı; c)
"gəlmək" feildir, feil işdir, mayasında əmək
var, yəni bu sayılanlar özbaşına gəlmədi,
onları Bəhramın ağlı, iradəsi, əzmi, əməyi,
siyasəti gətirdi, o gəldi, qəm qıfılına - zülmə
ədalət açarı gətirdi;
- beytin
qafiyəsi "kelid", "pədid" sözləridir,
"açar", "görünmək" anlamları
var, müsbət məna daşıyır, yəni Bəhram gəldi,
onun ədaləti paslı qıfılların açarı
oldu, nəticədə, zülmün öldürdüyü
İran xalqında dirilik əlamətləri göründü;
DOQQUZUNCU
BEYTİN ŞƏRHİ: ZÜMZÜMƏYƏ BAŞLADI
Aləmin
işi yenidən zümzüməyə başladı,
Nəfəslər üçün hava
açıldı.
Nizami Bəhramın hər kəsə ədalət hərəkatının
nəticələrini açıqlayır, dəyişimi
göstərmək üçün məsələni
ikiyönlü izah edir, zülm dövründə necə idi,
indi necə oldu sualını cavablandırır. Öncəki beytdə dedi
ki, zülm dövründə hər kəsin qapısında qəm
qıfılı var idi, Bəram o qapıları ədalət
açarı ilə açdı, dünya yas içində
idi, Bəhramın ədaləti ilə sevindi, zülm getdi, ədalət
gəldi. Şair Bəhramın işinin dəyərini, ədalətin
dəyişdirmə və dönüşdürmə
gücünü bu beytdə yeni vasitələrlə
tanıdır:
- Bəhramı
böyüdür, bu məqsədlə məkanı da
böyüdür, iki hədəfi var: a) Bəhramın
gücünü göstərmək; b) onun gördüyü
işin dəyərini, çətinliyini,
böyüklüyünü ifadə etmək;
- elə bu iki hədəfi gerçəkləşdirmək
üçün də Bəhramı bir cahan şahı kimi
tanıdır, mənanı "aləm" sözünə
yükləyir, "kare aləm" ("dünyanın
işi") deyir;
-
"yenidən" qəlibinə yer verir, bu söz aləmin
halını iki mərhələyə ayırır: zülmdən
öncə və sonra, ya da Bəhramdan əvvəl və
sonra;
- Nizami dəyişimi
ifadə etmək üçün birinci misrada
üçüncü addımı atır, "nəva"
sözünə yer verir, bu sözün "ahəng",
"uyum", "melodiya", "hava" kimi mənaları
var. Şair bu qəlibi "gereftən" ("gereft"
biçimində) feili ilə işlədərək ona
"ahəngə qovuşdu", "zümzüməyə
başladı", "nəğmə oxudu"
anlamlarını yükləyir. Misradakı
"nəva" sözü diriliyi (dirilməni) ifadə edir,
yəni zülm aləmi öldürmüşdü, insanlar nəğmə
oxumağı unutmuşdular, hər kəs yasa
batmışdı, kimsə sıxıntılarını həll
edə bilmirdi, toplumun ahəngi, nizamı,
ölçüsü, fitrəti pozulmuşdu. Bəhram
dünyaya ədalət gətirdi, kökdən
düşümş aləmi ədalətə köklədi,
insanlar sevindilər, sevinclərini mahnı oxuyaraq ifadə
etdilər;
- Nizami
ideyanın ifadəsi üçün musiqi terminlərindən
istifadə edir: aləm bir musiqi alətidir, zülm onu kökdən
salmış, ahəngini pozmuşdur, nəticədə, onun
nizamsız səsi insanları bezdirmiş, canını
boğazına yığmışdı. Bəhram gəldi,
bu musiqi alətini ədalətə köklədi, insanlar
hüzura qovuşdular;
Nizami
ikinci misrada zülmlə ədalətin fərqini göstərmək
üçün bu vasitələrə yer verir:
Birincisi, "nəfəslər" deyir, "nəfəs"
sözünü cəmdə işlədir ki, zülmün də,
onun yerini tutan ədalətin də hamını (aləmi) əhatə
etdiyi ortaya çıxsın. Ortaya
çıxsın ki, Bəhramın gücü,
gördüyü işin dəyəri açıq
görünsün, zülmlə ədalətin fərqi nədir
sualı cavab tapsın. Nizami deyir ki,
zülm dövründə insanlar dara, qaranlığa, qəfəsə
düşümşdülər, rahat nəfəs almaq
imkanları yox idi, nəfəs almağa belə qorxurdular.
Misradakı "nəfəslər"
sözü sadəcə nəfəs almağı ifadə
etmir, etiraz haqqının, doğruları danışmaq
imkanının, haqqını tələb etməyin
mümkünsüzlüyünü də bildirir.
Zülm qorxu və cəhalət olmadan yaşaya bilməz, aləmdə
elə bir qorxu var idi ki, insanlar düşünmək,
doğruları danışmaq imkanını itirmiş, qorxu
ağıl və iradəni öldürmüş, insanlar
sürüyə, köləyə çevrilmişdilər;
- nəfəs hava dirilik, canlılıq əlamətidir.
Nizami nəfəsin, havanın bu əsas yönünü
önü çıxararaq zülm siyasi, əxlaqi, hüquqi,
mənəvi ölülük, ədalət dirilikdir mesajı
verir;
- Bəhram
aləmə ədalət gətirdi, nəticədə,
insanların ağlı, vicdanı, iradəsi, əxlaqı
dirildi, çiyinlərdəki, sinələrdəki
ağır yük (fiziki, mənəvi yük)
götürüldü, insanlar rahat nəfəs aldılar;
- Nizami ədalət
nemətinin dəyərini göstərmək
üçün misrada genişlik ifadə edən
(darlıqdan qurtuluş, təngnəfəslik halından xilas)
sözlər seçmişdir. Onlardan biri "geniş
açılmaq" feili, biri də "hava" ismidir: Bəhramın
ədaləti gəldi, nəfəslər havaya geniş
açıldı, insanlar zülmün darlığından ədalətin
genişliyinə çıxdılar, doyunca, rahat nəfəs
aldılar, sıxıntılarını həll etdilər.
Misradakı "nəfəslər" sözü cəmdədir,
yəni Bəhramın ədaləti hər kəsi əhatə
etdi, zülm nəticəsində açıq həbsxanaya
çevrilən aləm azadlığa qovuşdu;
- Nizami
xalq dilində işlənən "nəfəs
darlığı", "nəfəs ala bilməmək",
"nəfəsi tıncıxmaq", "nəfəsi
tutulmaq", "nəfəsim açıldı",
"rahat nəfəs almaq" kimi ifadələrdən
zülmün darlığı, ədalətin genişliyi
fikirlərinin ifadəsi üçün
yararlanmışdır;
- beytin qafiyəsi "nəva", "həva"
sözləridir, qurtuluşu, sevinci, genişliyi, diriliyi ifadə
edir: Bəhramın ədaləti aləmi ahəngə, nəğməyə,
təmiz havaya, hüzura qovuşdurdu, zülmün
öldürdüyü aləmi ədalət diriltdi;
ONUNCU
BEYTİN ŞƏRHİ: SULAR ÇOXALDI
Qısır
inəklər doğar oldu,
Çaylarda sular çoxaldı.
Nizami Bəhramın
dünyada ədaləti təmin etməsinin nəticələrini
açıqlayır, məsələni ikiyönlü izah
edir, zülmün nəticələrini nəzərdə
tutur, ədalətin bərəkətini təsvir edir, ədalət
dünyanı necə dəyişdirdi sualına cavab verir,
uyğun vasitələr seçir:
- qısır / doğmayan inək obrazını
seçir, "inək" sözünü təkdə
işlədir, ancaq qısır olan bütün inəkləri,
o sıradan bütün heyvanları nəzərdə tutur. Niyə məhz inək obrazını seçir?
Belə ki, inək ölkənin, təbii ki, kəndlinin əsas
bərəkət qaynaqlarından biridir, inək ətdir,
süddür, dəridir, yağdır, pendirdir, qazancdır... Niyə məhz qısır inək obrazına yer
verir? Zülmlə ədalətin fərqini göstərir,
Bəhramın dövrü ilə ondan öncəki zamanı
bir-birindən ayırır, qısırlıq ölüm
halıdır, belə ki, inəyin nəsli kəsilir, nəsil
kəsiləndə bərəkət yox olur, qazanc, dolanışıq
yolu bağlanır, nəticədə, aclıq, yoxsulluq, dilənçilik
başlayır, kin, nifrət, oğurluq, haram, xəstəlik
çoxalır, bir-birini yeyən, didişən toplum ortaya
çıxır. Zülm elə bir qorxunc xəstəlikdir
ki, onun təsirini sadəcə insanlar deyil, heyvanlar, dağlar,
çiçəklər, böcəklər, sular, ağaclar,
buludlar, yaradılan hər şey hiss edir. Zülm
heyvanları qısırlaşdırır, dağları
çobanlardan mərhum edir, çiçəkləri
soldurur, böcəklər yox olur, sular quruyur, ağaclar bar
vermir, buludlar yağışdan məhrum qalır, təbiətdəki
ilahi nizam pozulur, təbiət insana qarşı çevrilir,
ekoloji fəlakət ortaya çıxır, zülm fəsada
- çürüməyə, pozulmaya yol açır.
Zülmün ən ciddi təsiri insanadır, o, insanın
ağlını qısırlaşdırır - ağıl
düşünmək, elm doğmaq imkanını itirir, belə
ki, zülm cəhalət, xurafat, qorxu üzərində
dayanır, üçü də ağılın düşmənidir,
ağıl öləndə insan sürüyə, köləyə
çevrilir, toplum inkişafın motor gücü olan elmdən
məhrum qalır, nəticədə, elmsizlik toplumu
öldürür, onu zalımların yeminə çevirir.
Zülm insanın qəlbini qısırlaşdırır, qəlbi
şəfası olan imandan məhrum edir, zülm insanın
vicdanını qısırlaşdırır, vicdan mərhəmət
adlı nemət doğa bilmir, zülm insanın iradəsini
qısırlaşdırır, iradə doğrunu seçmək
imkanını itirir, zülm insanların qazancını, həyatını
bərəkətdən məhrum edir, belə ki, zalımlar o
qazancı əməkçinin əlindən alırlar, haram,
zorakılıq çoxalır, bərəkət yox olur...;
- Bəhram
gəldi, ədaləti bərpa etdi, nəticəsi nə oldu?
Qısır inəklər doğmağa
başladı, doğmaq dirilik, canlılıq, xeyir, qazanc, bərəkət,
hərəkətdir. Yaradılmış bütün
varlıqlar ədalətin nurunu hiss etdilər, heyvanlar
doğaraq, buludlar yağaraq, çiçəklər
açaraq, sular axaraq, ağaclar bar verərək, dağlar bərəkətlənərək
ədalət nemətini gətirən Bəhrama təşəkkür,
Allaha şükür etdilər. İnəkləri
qısırlıqdan qurtuldular, yəni ölkədə
inkişafın yolu açıldı. Mesaj budur:
inkişafın, xeyrin, bərəkətin qaynağı ədalətdir;
- Nizami
birinci misrada zülmlə ədalətin fərqini hərəkətsizliklə
hərəkət üzərindən vermiş, bu məqsədlə
iki feil seçmişdir: "nazade" ("doğmayan"),
bu, hərəkətsizliyi, ölümü, yəni
zülmü ifadə edir, deyir ki, hərəkətsizlik
(zülm) bərəkətsizlikdir, o, hamının yolunu kəsən
quldurdur. "Zayənde" ("doğan"), ədalət
gəldi, inəklər doğan oldu, bu da hərəkətdir,
hərəkət (doğum, artım) bərəkətə
yol açdı, yəni bərəkətin qaynağı ədalətdir;
- Nizami
ikinci misrada zülmlə ədalətin fərqini göstərmək
üçün su obrazını seçir, deyir ki, arxlarda (tərcümədə
"çaylar" kimi verilib) su (tərcümədə
"sular") çoxaldı. Yəni zülm
arxların suyunu qurutmuşdu / azaltmışdı. Su həyatdır, dirilik, bolluq, bərəkətdir,
su yoxdursa, inkişaf da, hüzur da, təmizlik də yoxdur.
Bəhram ədaləti gətirdi, arxların suyu
çoxaldı, su axdı, suyun axması hərəkət,
canlılıq, bolluqdur, əkin-biçin başladı, ruzi
artdı, üzlər güldü, insanlar zəngin oldular, aclığın,
yoxsulluğun, dilənçiliyin, kinin, didişmənin, xəstəliyin
pəncəsindən qurtuldular;
- Nizami
mesajları ruzi, bərəkət, qazanc üzərindən
vermiş, bu məqsədlə iki ruzi qaynağı olan inək
və su obrazını seçmişdir. Mesajı budur: ruzinin
qaynağı ədalətdir, zülm qıtlığa,
bahalığa, ədalət bolluğa, ucuzluğa yol
açır;
- beytin
qafiyəsi "zayənde", "fəzayənde"
sözləridir, doğdu / doğan oldu, artdı / artan oldu,
ikisi də feildir, hərəkətdir, işdir, yəni
qısır inəklərin doğması, arxların suyunun
artması təsadüfən olmadı, bunların arxasında
Bəhramın ağlı, iradəsi, elmi, siyasəti, əməyi
var, heç bir pislik öz-özünə yox olmaz, o, vəd
verdi, sözünü tutdu, dünyaya ədalət gətirdi;
- qafiyələr hərəkəti ifadə edir,
deyir ki, zülm durğunluq (ölüm), ədalət hərəkətdir
- mənəvi dirilikdir, qısır inəklərin
doğmasının, quruyan arxlarda suyun axmasının səbəbi
ədalətdir;
ON
BİRİNCİ BEYTİN ŞƏRHİ: AĞACLAR BARLANDI
Ağaclar
meyvələrlə barlandı,
Dirhəmin sikkəsi möhkəmləndi.
Nizami
zülmlə ədalətin fərqini göstərmək
üçün məsələni ikiyönlü
(ikizamanlı) izah edir: ədalətdən öncəki və
sonrakı dönəm. O, mesajı yenə ruzi üzərindən
verir, uyğun obrazlar seçir:
- "meyvə" sözünü cəmdə işlədir
(meyvələr), çoxluğu, artımı, bərəkəti,
çeşidi ifadə edir, deyir ki, meyvələr ağacda
bar tutdu. Yəni zülmün pislikləri ağacları da
qısırlaşdırmış, onları bar vermək
imkanından məhrum etmişdi, ağaclar da bu yolla zülmə
dirənmişdilər. Bəhram gəldi, dünyaya ədaləti
gətirdi, ədalətin bərəkətini ağaclar da hiss
etdi, Bəhrama təşəkkürü, Allaha
şükrü bol məhsul verərək göstərdi, nəticədə,
insanların ruzisi artdı, üzü gəldi, cibi pul
gördü;
- Nizami
ikinci misrada ruzi, xeyir, bərəkət rəmzi olan dirhəm
obrazını seçir, "dirhəm" sözünün
bu mənaları var: gümüş, ya da qızıl sikkə,
axça. Sonra "sikkə" sözünə yer verir, bu
sözü cəmdə işlədir: sikkələr, məqsəd
çoxluğu, bolluğu, bərəkəti, artımı
göstərmək, ədalət nəticəsində sərvətin
aşıb-daşdığını, dəyər
qazandığını ifadə etməkdir. "Sikkə"
sözünün bu mənası var: gümüş, ya da
qızıl pulun üzərinə vurulan damğa. Zülmlə
ədalətin müqayisəsinin pul vahidi üzərindən
verdiyi ölçü budur: zülm hər kəsin halal qazanc
yolunu bağladı, kimsə əməyinin
qarşılığını ala bilmədi, rüşvət,
haram, oğurluq, saxtakarlıq çoxaldı, ölkənin gəlir
qaynaqları günahkarların, oğruların, qatillərin,
quldurların əlinə keçdi, nəticədə,
iqtisadiyyat çökdü, pul dəyərini itirdi, insanlar
yoxsulluq, aclıq, dilənçilik, əxlaqsızlıq
bataqlığına düşdülər;
- Bəhram
gəldi, zülmün kökünü kəsdi, onun yerinə
ədaləti qoydu, halal qazanc yollarını açdı,
işçiyə əməyinin
qarşılığını verdi,
iqtisadi həyat dirçəldi, sikkələr dirhəm
üzərində qərar tutdu, yəni pul dəyər
qazandı (inflyasiya dönəmində pul tez-tez dəyərini
itirdiyi üçün üzərindəki sikkəni -
damğanı tez-tez dəyişdirirdilər), ucuzluq oldu,
insanların qarnı doydu, zənginlik artdı,
barışın, paylaşmağın, mərhəmətin
önü açıldı... Mesaj var: zülm halal ruzini yox
edər, ədalət halal ruzini çoxaldar, haram əxlaqı
pozar, halal əxlaqı düzəldər;
- Nizami
zülmün ölkəni
qısırlaşdırdığını, ədalətin
isə ölkəyə bərəkət gətirdiyini
göstərmək üçün bir vasitə də
seçir: "meyvə" və "sikkə" sözlərini
cəmləyir: "meyvələr", "sikkələr".
Ruzi anlamı daşıyan bu iki qəlibi misraların ilk
sözü seçir, artımı, çoxalmanı ifadə
edir, deyir ki, ədalətin bərəkəti ruzinin
artması, dəyər qazanmasıdır, zülm yoxsulluq, ədalət
zənginlikdir;
- Nizami ədalətin
bərəkətini bir bədii vasitəyə də yükləyir,
beytə rədif seçir, rədifin feil olmasını istəyir,
"gereften" ("gereft" biçimində) feilinə
yer verir, deyir ki, zülm durğunluq (ölüm), ədalət
hərəkət, canlılıq, dirilikdir: ədalət gəldi,
halal ruzi qaynaqları hərəkətləndi (dirildi),
zülmün qəm qıfılı ilə
bağlanmış (hərəkətsizlik, ölüm
halı) qapılar ədalət açarı ilə
açıldı (hərəkət, dirilik halı), zülmlə
susdurulmuş (hərəkətsizlik, kədər, ölüm
halı) aləm ədalətin gəlişi ilə nəğmə
oxudu (hərəkət, sevinc, canlılıq halı),
zülmün boğduğu (hərəkətsizlik,
ölüm) insanların nəfəs yolu ədalət
havası ilə açıldı (dirilik, hərəkət),
zülmün qısırlaşdırdığı inəklər
(hərəkətsizlik, ölüm, bərəkətsizlik) ədalətin
təsiri ilə doğdu (hərəkət, dirilik, xeyir, bərəkət
halı), zülmün şiddəti ilə suyu azalmış,
qurumuş (hərəkətsizlik, ölüm)
çayların suyunu ədalət yağmuru çoxaltdı
(hərəkət, ruzi, bərəkət halı),
zülmün barını yox etdiyi (hərəkətsizlik,
ölüm, bərəkətsizlik) ağaclar ədalət
Günəşinin təsiri ilə barlandı (hərəkət,
dirilik, bolluq halı), zülmün dəyərini yox etdiyi (hərəkətsizlik,
yoxsulluq, ölüm halı) dirhəm ədalətin yol
açdığı halallıqla dəyər qazandı (hərəkət,
zənginlik, dirilik, bərəkət halı), yoxsulluq getdi, zənginlik
gəldi, aclıq getdi, yerini toxluq tutdu;
- Onu da
deyim ki, Nizami Bəhramın ədalətinin bərəkətinin
təsirini açıqladığı beytlərin (indiyədək
açıqlanan) hamısının qafiyəsini, ya da rədifini
feil seçmişdir. Mesajı var: zülm hərəkətsizlik,
durğunluq, ölüm, bərəkətsizlik, ədalət
hərəkət, inkişaf, dirilik, xeyirdir, zülm
yoxsulluğa, harama, aclığa, ədalət zənginliyə,
halala, toxluğa yol açır. Bu feillərin bir mesajı da
var: heç bir pislik (zülm) öz-özünə yox olmaz,
heç bir yaxşılıq öz-özünə gəlməz,
zülmü ağıl, elm, siyasət, əməklə yox edəcək,
ədaləti də eyni dəyərlərlə onun yerinə
qoyacaqsan. Bəhram örnəkdir, sən də onun etdiyini et;
- beytin
qafiyəsi "bar", "qərar" sözləridir, rədif
olan "tutmaq" ("gereftən" feilinin başqa mənaları
da var) feilinə bağlanmışdır, "bar tutmaq",
"qərar tutmaq", xeyri, hüzuru, bolluğu ifadə
edir, yəni ədalət olsa, bar-bərəkət
çoxalar, ədalət olsa, pulun dəyəri sabitləşər,
qərar tutar, bu da hüzura yol açar. "Tutmaq"
feili gücü ifadə edir, bir şeyi tutmaq
üçün gücə ehtiyac var, yəni zülm
yaşamaq, tutmaq gücünü azaldır, ədalət bu
gücü çoxaldır. Ədalət gəldi,
ağaca, pula güc verdi, ağac
barını, pul dəyərini tutmaq imkanı qazandı. Nəticədə,
bu iki güc qaynağı insanı gücləndirdi, ona
özünü ayaqda tutmaq, şərəfini, namusunu,
başını dik tutmaq (qorumaq) imkanı qazandırdı,
deməli, zülm gücü yox edir, yıxır, ədalət
güc qazandırır, əldən tutur, dikəldir, yerdən
qaldırır;
ON
İKİNCİ BEYTİN ŞƏRHİ:
DÜYÜNLƏRİ AÇDI
Cahanın
düyünlərini o açıb düzəltdi,
Özbaşınalıq məmləkətdən
uzaqlaşdı.
Nizami ədaləti
təmin etmək üçün görülən işləri
sıralayır, Bəhramı önə çıxarır,
onu işlərin mərkəzinə qoyur, bu məqsədlə
vasitələr seçir:
- "onunla" deyir, Bəhramı nəzərdə
tutur, əvəzliyə artırılmış "ilə"
qoşması vasitə anlamını yüklənir. Ədalət onun əməyi,
ağlı, cəsarəti, iradəsi, siyasəti ilə təsis
olundu, o olmasa idi, hər kəsə ədalət hərəkatı
gerçəkləşməzdi;
- Nizami Bəhramı
böyüdür, cahan şahı kimi tanıdır, o, təkcə
İranın deyil, bütün cahanın işlərini
düzəltmişdir;
- Bəhram
dünyada ədaləti təmin etmək üçün
ikiyönlü iş görür: a) öncə zülmün
pisliklərini təmizləyir; b) sonra ədaləti onun yerinə
qoyur;
- birinci misra (tərcümədə bir sıra
yanlışlıqlar var) deyir ki, dünyanın iki işi Bəhramla
düzəldi: a) ağıl düzəldi / düz oldu -
ağılın düzəlməsinin iki anlamı var:
birincisi, zülm ağılın fitrətini (ilahi özəlliyini,
təyinatını) pozmuşdu, ağıl əsarətdə
idi. Zalımlar bunu necə etmişdilər?
Ağılı öldürən zəhərlər var:
zülm, cəhalət, haram, qorxu, xurafə (yalan). Zülm pislikdir, varlıq səbəbi də
saydığımız pisliklərdir. Zalımlar
bu zəhərlərlə öncə ağılı
öldürürlər, ağıl öləndə insan
sürüləşir, köləyə çevrilir, sonra da
onun əməyini sömürür, hakimiyyətlərini davam
etdirirlər. Ağılın ölməsi
fitrətini, təyinatını itirməsi, mayasının
pozulması, düşünmək imkanının yox
olmasıdır. İkincisi, Bəhram ağılı
öldürən zülm sistemini ortadan qaldırdı,
zülmün yerinə ədaləti, qorxunun yerinə
ümidi, cəhalət və xurafənin yerinə elmi,
haramın yerinə halalı qoydu, nəticədə,
ağıl düz oldu, yəni fitrətinə, ilahi təyinatına,
mayasına qovuşdu, doğru çalışmağa
başladı. Mesaj var: ağıl düzəlməsə,
dirilməsə, ölkə düzəlməz, dirilməz;
- birinci misra deyir ki, Bəhram dünyanın iki
işini düzəltdi, ikincisi də məsələləri
həll etdi, düyünləri açdı. Düyün
bağlanma, qapanma, inkişafdan qalma, çürümə,
darlıq, qaranlıqdır. Zülm
insanın, ağılın, vicdanın, iradənin,
inkişafın, rifahın, barışın, mərhəmətin,
elmin, ədalətin yolumu bağladı, düyünlədi.
Bəhram gəldi, ədalətin iti qılıncı ilə
zülmün düyününü kəsdi, insanı insan edən
dəyərləri diriltdi, tıxacları
çıxartdı, su axmağa başladı;
Beytin
ikinci misrası Bəhramın gördüyü işləri
sıralamağa davam edir, Nizami yeni vasitələr seçir:
- məkanı böyüdür, "məmləkətdən"
deyir, əslində, dünyanı nəzərdə tutur, məkanı
böyütmək Bəhramı böyütmək
anlamını daşıyır;
- "iki hava" ("do həvai", tərcümədə
nəzərə alınmayıb) qəlibini seçir,
misranın başına qoyur, üstəlik, bu ifadəni
müəyyənlik əlaməti ilə işlədir, o iki
hava var ha, bax onu deyirəm, o iki hava ki, zülmün dostu, ədalətin
düşmənidir. Bəhram ikisini də məmləkətdən
qaldırdı / uzaqlaşdırdı;
- tərcümədə "iki hava" qəlibi
"özbaşınalıq" kimi verilib, bu, anlamı tam
ifadə etmir. "Hava", "həvəs"
sözləri nəfsin istəklərini, tamahı, nəfsin
arzusuna görə hərəkət etməyi nəzərdə
tutur. Nəfsin ən önəmli istəklərindən
biri keyfinə görə hərəkət etməkdir,
özbaşınalıqdır, yəni ölkədə
hüquq, qanun yox idi, dövlət də, qanun da, haqq da idarəçilər
idilər, canları nəyi istəyirdisə, onu da edirdilər.
Bəhram bu özbaşınalığı
ortadan qaldırdı. İkinci hava / həvəs
də tamah, haram, rüşvətdir. Tərbiyə
olunmamış nəfs dünyanı çox sevir, istəyir
ki, hər şey onun olsun, sərvət tutqusu var, o, halal, haram
deməz, sərvət yığar, varlanmaq üçün
ölkəni xarabaya çevirər. Nəticədə,
tamah xəstəliyinin övladı olan rüşvət
iqtisadi həyatı, ağılı, vicdanı, iradəni, əxlaqı
sıradan çıxarar, kini, düşmənliyi,
yoxsulluğu artırar... Bəhram rüşvət üzərində
dayanan zülm sisteminin belini qırdı, rüşvəti
ölkədən uzaqlaşdırdı;
ON
ÜÇÜNCÜ BEYTİN ŞƏRHİ:
ŞƏRƏFLƏNDİLƏR
Şahzadələr
ətraf (ölkələrdə),
Onun əzəməti ilə şərəfləndilər.
Nizami ədalətli
Bəhramı bir cahan şahı kimi tanıdır, onun hər
kəsə ədalət hərəkatının təsirini
açıqlayır, uyğun vasitələr seçir:
- deyir ki, Bəhramın hər kəsə ədalət
hərəkatı sadəcə İranla sınırlı
qalmadı (o dönəmdə İran dünyanın iki
imperatorluğundan biridir);
- Nizami Bəhramın
gücünü, ədalət, mərhəmət, insana xidmət
hərəkatının təsirini ifadə etmək
üçün iki söz seçir: a) "hər tərəf"
- bu qəlibdəki "hər" sözü istisnaya yer
qoymur, "tərəf" sözü də İranın təsir
məkanında olan bölgələri nəzərdə tutur,
şair "ölkə" sözünü deyil, "tərəf"
sözünü seçmişdir, belə ki, tərəflər
İranın hakim olduğu bölgələr idi, üstəlik,
"tərəf" sözündə müəyyənlik əlaməti
də var: "hər tərəfi", yəni o bəlli
bölgələr, İranın təsir məkanında olan
yerlər; b) "padşah övladları" - "padşah
zadeqan" ("şahzadələr"), Nizami
"padşahlar" deyil, "şahzadələr"
sözünü seçir, bunun səbəbi odur ki, Bəhram
da şahzadə idi, hakimiyyəti qazandı, hər kəsə
ədalət hərəkatı ilə dünyada zülmün
kökünü kəsdi, onun yerinə ədaləti qoydu, nəticədə,
şahzadələrə örnək oldu. Misrada "şahzadə"
sözü cəmdədir, bu, bədii vasitədir, yəni
istisna yoxdur, elə bir şahzadə yox idi ki, Bəhramın təsirində
qalmasın - Bəhram və ədalət hərəkatı bu
dərəcədə güclü idi;
Nizami Bəhramın
və hər kəsə ədalət hərəkatının
təsir gücünü göstərmək üçün
ikinci misrada iki yeni vasitə seçir:
- "o" əvəzliyinə yer verir, Bəhramı nəzərdə
tutur, onun əzəməti / böyüklüyü deyir
("şokuhe u"), sonra da bu böyük gücün təsirini
açıqlayır: şahzadələr Bəhramın
böyüklüyündən şərəf tapdılar. Misrada
"şərəf" sözü müəyyənlik
artiklı ilə işlənmişdir, yəni o şərəfi
ki, onu şahzadələrə ancaq Bəhram verə bilərdi.
Nizami "tapmaq" feilini seçir, yəni əvvəllər
şahzadələrin belə bir şərəfi yox idi.
Bəhram gəldi, ədaləti təmin etdi, şahzadələr
də bu hərəkata qoşuldular, hər kəs onlara Bəhramın
təmsilçiləri gözü ilə baxdı, nəticədə,
şərəf qazandılar;
Nizaminin
mesajı budur: böyüklüyü müəyyən edən
ədalətdir, böyük insanların, böyük əməllərin
təsiri də böyük olur, örnəyə
çevrilir, hər kəsə pay çatır.
ON
DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ:
ÖLKƏSİ
SƏRVƏTƏ HAMİLƏ OLDU
Onun
ölkəsi sərvətlə hamilə olduğundan,
Onun dərgahına yüklərlə (sərvət)
tökdülər.
Nizami Bəhramın
ədalətli şah obrazının inşası, onun hər
kəsə ədalət hərəkatının təsirinin
ortaya çıxardığı nəticələrin
tanınması məqsədi ilə vasitələr
seçdi: a) şahlıq taxtında oturan ədalətli Bəhram
şahı təsvir etdi, onu seçdi, üstün tutdu, hər
yönü ilə fərqli olan Bəhram var dedi; b) ədalətin
təmin olunması üçün gördüyü işləri
sıraladı; c) Bəhramın ədaləti ilə
dünyanın necə dəyişdiyini varlıqlar üzərindən
verdi; d) ədalətin bərəkətini göstərmək
üçün məna yüklü sözləri cəmdə
işlətdi; e) Bəhramı cahan şahı kimi təqdim
etdi; ə) məkanı böyütdü - o, cahanın
şahıdır;
Nizami
şərh olunan beytdə Bəhramla bağlı iki mesaj
verir: o, fatehdir, ölkələr fəth etdi, nəticədə,
ölkə çox zəngin oldu, insanlar rifaha qovuşdular.
Şair bu mesajlara uyğun bədii vasitələr seçir:
-
"kardaran" deyir (bu söz tərcümədə nəzərə
alınmayıb), qəlibi cəmdə işlədir, cəmlik
ədalətin bərəkətini, xeyrini, Bəhramın təsir
gücünü ifadə edir, öncəki beytlərdəki cəm
vasitəsi ilə mesaj vermə üsulu tamamlanır ("nəfəslər",
"arxlar", "ağaclar", "şahzadələr").
Şair bu önəmli sözü birinci misranın
başına yerləşdirir, ona bu mənaları yükləyir:
"vəkil edilmişlər", "müşavirlər",
"hökmdarlar", "vəzirlər" - Bəhramın
təsir məkanında olan ölkələrin səlahiyyətli
nümayəndələri;
- Nizami
"həml" sözünü misraya yerləşdirir, bu
sözdən iki dəfə istifadə edir, biri də ikinci
misradadır, ancaq fərqli məna yüklənmişlər.
"Həml" ərəb sözüdür,
"daşıma", "çəkmə", "aparma"
mənaları var, bətnində övlad daşıyan anaya
"hamilə", yük daşıyana "hambal"
deyilir. Şair birinci misradakı "həml"
sözü ilə Bəhramın fəthlərini nəzərdə
tutur, bu fəthlər nəticəsində ölkə sərvətə
hamilə oldu, bətnində var-dövlət
daşıdı, insanlar zənginləşdi. Hamilə olan varsa, onu hamilə edən də var, o da
ədalətdir, yəni ədalət ölkəyə bərəkət,
bolluq, xeyir toxumları səpər. Hamiləlik ümidi,
sevinci, artımı, bərəkəti ifadə edir;
- Nizami
"onun ölkəsi" ("keşvəre u") deyir, Bəhramın
ədalətlə idarə etdiyi, fərqli, sayılan,
seçilən, qibtə ilə baxılan ölkəsini nəzərdə
tutur;
- indi birinci misranı bu mənalar
işığında oxuyaq: Bəhram ölkələr fəth
etdi, bu fəthlər nəticəsində ölkə sərvətə
hamilə qaldı, insanlar zənginləşdilər, bunu
görən ölkələrin səlahiyyətli nümayəndələri
- vəzifəli şəxsləri ... ardı ikinci
misradadır;
- ikinci
misra "həmlha" sözü ilə başlayır, bu
"həml" sözünün cəm formasıdır,
"sərvətlər" anlamını yüklənmişdir,
çoxluqla mesaj vermə ölçüsünə
uyğundur, bolluğu, bərəkəti, rifahı təmsil
edir, deyir ki, ölkə o dərəcədə zənginləşdi
ki, sərvət aşıb-daşdı, yığıb
yığışdırmaq imkansız oldu. Bəhram bir vədini
də yerinə yetirdi, belə ki, o, iranlılara cavab məktubunda
yazmışdı ki, şah olanda ölkələr fəth
edib sizi zənginləşdirəcəyəm;
- Bəhramın
o fəth etdiyi ölkələrin təmsilçiləri sərvətləri
tökdülər. Nizami məhz "tökmək"
("rixtən") feilini seçmişdir, o, verdilər
demir, "tökdülər" deyir. "Rixtən"
feilinin bu mənaları da var: "səpmək",
"doldurmaq", "boşaltmaq" ("bir şeyi bir
şeyin içinə boşaltmaq"), "tökmək",
"əritmək" (metalı).
Misradakı
"tökmək" feili çoxluğu, bərəkəti,
zənginliyi ifadə edir, fəth olunan ölkələrin təmsilçiləri
o qədər sərvət(lər)
tökdülər ki, var-dövlət axdı, hər kəsin
cibini, ölkənin xəzinəsini doldurdu. Nizami burada
çoxluq, bolluq, bərəkət anlayışını cəm
şəkilçisinə ("həmlha", "sərvətlər")
və "tökmək" ("tökdülər")
feilinə yükləmişdir;
- fəth olunan ölkələrin təmsilçiləri
sel kimi axan sərvətləri haraya tökdülər? Nizami "onun qapısına" deyir, Bəhramın
ədalət qapısını nəzərdə tutur.
Şair ölkənin xəzinəsinə də deyə bilərdi,
demir, məhz "onun qapısı" ifadəsini seçir,
Bəhramı böyüdür, ölkələr ona itaət
etdi, liderliyi qəbul olundu, ona möhtac oldular, qapısına
gəldilər, anlamlarını önə
çıxarır. Birinin qapısına getmək
onun böyüklüyünü, ona möhtac olmağı,
asılılığı ifadə edir, qapının sahibi
güclü, qapıya gələnlər zəifdirlər.
Onun qapısına ifadəsi həm də zənginliyi göstərir,
zənginin qapısına gedərlər;
- beytin rədifi var, "o" əvəzliyidir,
Bəhramı önə çıxarır, onu işlərin
mərkəzinə yerləşdirir, deyir ki, ədaləti təmin
edən, fəthlərin yolunu açan, ölkəni zənginləşdirən,
ölkələrin təmsilçiləri qapısına gələn
odur. "O" əvəzliyini bağlı olduğu sözlərlə
oxuyaq: "onun ölkəsi", "onun qapısı" -
ölkə də, qapı da fərqlidir, ədalətin,
bolluğun, zənginliyin olduğu yerdir, ehtiyac, ümid,
güvən qapısıdır. Bütün bu nemətlərin
varlıq səbəbi də ədalətdir, yəni ölkəni
ölkə, qapını qapı, Bəhramı Bəhram edən
ədalətdir;
ON
BEŞİNCİ BEYTİN ŞƏRHİ: TƏHVİL
VERDİLƏR
Qala sahibləri
xəzinələri gətirib təhvil verdilər,
Qalaları açarları ilə birgə ona təhvil
verdilər.
Nizami Bəhramın gücünü, onun hər kəsə
ədalət hərəkatının bərəkətini,
ölkələrə təsirini ifadə edir. Bəhramın
İranda ədaləti təmin etməsi ölkəsini siyasi,
iqtisadi, hərbi, əxlaqi baxımdan gücləndirdi, nəticədə,
başqa dövlətlərə təsir imkanı artdı, fəthlərin
yolu açıldı, fəthlər önəmli zənginlik
qaynaqlarından biri oldu, "ölkəsi sərvətə
hamilə qaldı".
Nizami
şərh olunan beytdə Bəhram obrazının
inşasını, ədalət anlayışını əminlik,
inam, güvən üzərindən verir, yəni ədalət
elə bir nemətdir ki, dövlət başçısına
və ölkəsinə güc, etibar, güvən, inam
qazandırır, onların təsir imkanını
artırır. Şair bu mesajların ifadəsi
üçün vasitələr seçir:
Birincisi,
Nizami fəthi işğalçılıq, zorakılıq,
soyğunçuluq kimi tanıtmır, könüllərin fəthi
kimi təqdim edir, fəthin əsasına ədaləti qoyur, ədalət
insanların qəlbini qazanmağın açarıdır
deyir, bir ölkənin insanlarının qəlbini ədalətlə
qazanmısansa, o ölkə sənindir, ədalət ölkəni,
insanı gücləndirir, dövlətin təsir
imkanını artırır, nəticədə, başqa
dövlətlər, bu dövlətlərin insanları ədalətli,
zəngin ölkəyə doğru "axırlar".
İkincisi,
Bəhram fəth etdiyi ölkələrə də ədalət,
zənginlik, mərhəmət aparır, məsələ
bundan öncəki beytdə deyildiyi kimidir: ədalət Bəhramın
ölkəsinin sərvətə hamilə qalmasına səbəb
oldu, sərvət aşıb-daşdı, o, fəth etdiyi
ölkələri də ədaləti ilə zənginliyə
qovuşdurdu, nəticədə, fəth olunan ölkələrin
təmsilçiləri Bəhramın qapısına yüklərlə
sərvət tökdülər. Diqqət edin, Bəhram zorla
almadı, öncə fəth etdiyi ölkələri zənginliyə
qovuşdurdu, onlar da könüllü olaraq sərvəti Bəhramın
qapısına "axıtdılar", belə ki, zəngin
olmalarının səbəbinin Bəhramın ədaləti
olduğunu bilirdilər. Ədalət və zənginlik
onların bu sözü inanaraq, sevərək demələrinə
səbəb oldu: bizim liderimiz ədalətli Bəhram
şahdır.
Nizami ədalət
zənginliyə, barışa, güvənə, mərhəmətə,
könüllərin fəthinə yol açar
ölçüsünün ifadəsi üçün bu
vasitələri seçir:
- "qala sahibləri" deyir, Bəhramın fəth
etdiyi ölkələrin başçılarını (təmsilçilərini)
nəzərdə tutur, belə ki, qalası (qalaları) olmaq
ölkə, dövlət olmaqdır, qalalar ölkəni
düşməndən qoruyan vasitələrdir. Qalanı fəth
etmək çətindir, qalanın fəth olunması ölkənin
fəth olunması, zəfər anlamını
daşıyır. Nizaminin "ölkə" deyil,
"qala" sözünü seçməsinin səbəbi
var: şair Bəhramın və ədalətin
gücünü göstərir, dedik ki, qala ən önəmli
qoruyucu vasitədir, qalanı almaq ölkəni almaqdır. Bu halda, Bəhram qalaları nə ilə fəth
etdi? Ədalətlə, ədalətin
açmayacağı qapı yoxdur, bir ölkəyə
(qalaya) ədalət, zənginlik girdimi, ora sənindir;
- Nizami
"qala sahibləri" deyir, "sahib" sözünü
cəmdə işlədir, iki anlam yükləyir: ədalətlə
fəth olunan ölkələr çoxdur, Bəhramın
gücü, ədalətin ciddi təsir imkanı var. Söhbət
sıravi qala qoruyucundan getmir, qalaların sahiblərindən
gedir, qalanın sahibinin qəlbi ədalətə təslim
olmuşsa, o qala sənindir;
- Nizami Bəhrama
olan güvəni, ədalətə olan sevgini ifadə etmək
üçün bir addım da atır, "xəzinə"
sözünü cəmdə işlədir, "xəzinələr",
bu qəlib çoxluğu, bolluğu, bərəkəti, zənginliyi
ifadə edir, deyir ki, Bəhramın ədaləti fəth
etdiyi ölkələri o dərəcədə zənginləşdirdi
ki, sərvət aşıb-daşdı;
- Nizami məhz
"gətirmək" ("gətirdilər"
biçimində) feilini seçir, yəni o qala sahiblərinin
xəzinələri zorla əllərindən alınmadı,
özləri gətirdilər, inanaraq, güvənərək
gətirdilər, ədalətli Bəhramın bu xəzinələri
əmanət kimi qoruyacağına əmin oldular;
- Nizami ədalətin
güvən yaratma gücünü göstərmək
üçün bir vasitə də seçir, "qala"
sözünü ikinci misranın başına yerləşdirir,
ona ədalətlə fəth olunmuş ölkə
anlamını yükləyir;
- ikinci misrada ədalətin güvən, inam, zənginlik
yaratma gücünü göstərən vasitələrdən
biri də budur: o fəth olunan ölkələrin qala sahibləri
qalanın açarını (qalanı açarı ilə
birlikdə) Bəhrama (beytdə ad yoxdur, nəzərdə
tutulur, bu, o dərəcədə bilinən gerçəklikdir
ki, ad çəkməyə ehtiyac yoxdur)
tapşırdılar, yəni ölkələr sənindir,
şahımız sənsən, biz sənə tabeyik;
- Nizami məhz
"tapşırmaq" ("tapşırdılar"
biçimində) feilini seçmişdir. O ədalətlə
fəth olunan qalaların sahibləri iki şey etdilər: a)
ölkəsinin xəzinələrini gətirdilər; b)
qalanı da açarı ilə birlikdə Bəhrama
tapşırdılar: xəzinələri və qalaları
açarı ilə birlikdə vermək ölkənin idarəçiliyini
könüllü olaraq Bəhrama verməkdir. Onlar
bu iki neməti Bəhrama tapşırdılar, yəni zorla
verməyə məcbur olmadılar, əmanət kimi
tapşırdılar. Bəhrama
inandılar, güvəndilər, dedilər ki, sənin bu əmanətləri
göz-bəbəyin kimi qoruyacağına əminik, sərvətləri
xeyirli işlərə xərcləyəcəyinizi bilirik.
Ölkələrimiz sənin ədalətinlə
hüzura, barışa, mərhəmətə, təhlükəsizliyə
qovuşdu, onları idarə etmək də sənin
haqqındır ("sepordən" feilinin bu mənaları
var: "tapşırmaq", "vermək", "göndərmək",
"seporde" əmanət olunmuş anlamını
daşıyır). Əmanət əmin
insana tapşırılar. Ədalət Bəhramı əmin
(güvənilən) şah qıldı, xalqla Bəhram,
ölkələrlə Bəhram arasında etimad
körpüsü oldu;
- rədif
olan sözlər "gətirdilər",
"tapşırdılar" / "əmanət etdilər"dir.
Tərcümədə ikisi də "təhvil verdilər"
biçimində tərcümə olunmuşdur ki, doğru
deyil. Qafiyə olan sözlər Bəhramın ədalətinin
könül fəthinin təsir gücünü ifadə edir.
Bu güc elə bir güvən yaradır ki, fəth olunan
ölkələrin insanları canlarını,
mallarını, şərəflərini, ölkələrini
qorumağı Bəhrama, onun ədalətinə əmanət
edirlər;
ON ALTINCI
BEYTİN ŞƏRHİ:
CANLARINI
İMZASINA GİROV QOYURDULAR
Hamı
(dövlət işçiləri) öz gündəlik
(buyruq) dəftərlərini təzələyirdilər,
Onlar öz canlarını onun imzasına girov qoyurdular.
Bəhram
ədalət xütbəsini açıqlayarkən (bu
xütbə "Yeddi gözəl" məsnəvisinin
öncəki bölməsindədir) hər kəsə ədalət
hərəkatının gerçəkləşməsində
məmurlara özəl yer ayırmış, onları
"sarayın xas şəxsiyyətləri"
adlandırmış, bu ölçüləri qoymuşdu:
- məmurlar düzəlməsə, ölkə
düzəlməz;
- məmurların dəstəyi olmadan ədalət
hərəkatı gerçəkləşməz;
- məmurlar seçiləcək;
- əxlaqı gözəl və işini bilən
insanlara vəzifə veriləcək;
- məmurların ehtiyacları təmin olunacaq;
- məmurlara davamlı nəzarət olunacaq;
- işini yerinə yetirməyən məmurlar cəzalanacaqlar;
- vicdanla çalışan məmurlar
mükafatlandırılacaqlar;
Nizami
şərh olunan beytdə hər kəsə ədalət, hər
kəsə mərhəmət, hər insana xidmət hərəkatının
gerçəkləşməsində məmurların rolunu, Bəhramın
idarəçilik anlayışının əsaslarını
açıqlayır, necə oldu ki, ədalət hərəkatı
uğur qazandı sualına cavab verir, uyğun vasitələr
seçir:
- "hər
kəsi" deyir, dövlət məmurlarını nəzərdə
tutur, istisnaya yer qoymur, qəlibdəki müəyyənlik əlaməti
dövlət idarəçiliyində önəmli yeri olan məmurlara
işarə edir, yəni o məmurlar ki, idarəçilik
onlardan asılıdır, onlar düz olanda dövlətin
işləri düzəlir, əyri olanda sistem
çökür;
- Nizami
"ruzname" sözünə yer verir, bu söz "qəzet"
mənasını daşısa da, "gündəlik" mənası
da var, ona "əmr", "buyruq",
"tapşırıq", "yazılı göstəriş"
anlamlarını da yükləmək olar;
- yəni bütün dövlət məmurları
gündəlik əmr dəftərlərini təzələyirdilər;
- burada
açar söz "təzələmək"dir ("nou
mikərd", "təzələyirdi"), Nizami məhz bu
sözü seçmiş, mesajı feilə yükləmiş,
dövlət idarəçiliyində məmurlar
süründürməyə, bürokratiyaya, gecikdirməyə
yol vermirdilər anlamını gözəl ifadə
etmişdir: a) bu feil zülmlə ədalətin fərqini
göstərir, zülmün ən önəmli özəlliklərindən
biri qanunların tələblərini yerinə yetirməmək,
vətəndaşın şikayətinə baxmamaq,
rüşvət almaq məqsədi ilə işləri
uzatmaqdır, bu hal insanların canını boğazına
yığır, nifrəti, düşmənliyi
artırır, dövlətlə bağı qoparır. Bəhram
gəldi, idarəçilik, məmur, məmurluq
anlayışlarını dəyişdirdi, dövlət, onun
məmurları xalqın xidmətçisidir
anlayışını hakim qıldı, süründürmə,
bezdirərək rüşvət alma
sistemi çökdü; b) "təzələyirdi"
feildir, feil iş, hərəkətdir, yəni dövlətin
məmurları hərəkət, iş halında idilər, hər
kəs işini yerinə yetirirdi; c) bu feil
davamlılığı ifadə edir, yəni buyruq dəftərləri
gündəlik ("ruzname") hər gün dəyişirdi.
Buradakı buyruq anlayışının da iki anlamı var:
şahdan gələn buyruqlar, vətəndaşlardan gələn
şikayət və tələblər. Yəni məmurlar
buyruqları mümkün olan ən qısa zaman dilimində
yerinə yetirirdilər, bu günün işi sabaha qalmır,
ona görə də buyruq dəftərləri gündəlik
dəyişirdi, şahla məmurlar, vətəndaşla məmurlar
davamlı ünsiyyət halında idilər; d) hər kəs,
hər bir məmur təzələyirdi, bir qrup deyil, hər məmur
vicdanla işləyirdi; e) "gündəlik" ("dəftər")
sözü deyir ki, hər əmr, şikayət, tələb
qeydə alınırdı, buyruqların
yazıldığı özəl dəftərlər var idi,
bu, idarəçiliyin, məmurlara nəzarətin önəmli
vasitələrindən biridir: hər gün neçə
buyruq, şikayət daxil oldu, neçəsinə
baxıldı, necə baxıldı, kim baxdı,
baxılmadı isə, niyə baxılmadı - bunlar
hamısı qeydə alınır, hesabat yazılır, cavab
tələb olunurdu. Bu dəftərlər
dövlətin yaddaşı, arxivi idi, arxivsiz dövlət
idarəçiliyi olmaz. Nəticədə, dövlətlə,
şahla vətəndaş arasında bağ quruldu, ədalət
körpüsü ümidə, güvənə, sevgiyə yol
açdı;
- Nizami
ikinci misrada şahla məmurların münasibətini tənzimləyən
başqa ölçülərə yer verir, məmurların
sədaqətini, məsuliyyətini, ümid və qorxu
arasında hərəkət etdiklərini
açıqlayır;
- deyir ki,
hər bir məmur (istisna yoxdur) canını - ən dəyərli
varlığını, onun - Bəhramın imzasına
(orijinalda "touğif" sözü var, "tutma",
"həbs etmə", "müsadirə" kimi anlamlar
daşıyır) girov edirdi;
- canı
şahın imzasına girov etməyin mənaları var: a) bu,
bir məcazdır, mesajı təsirli, dəqiq ifadə edir;
b) məmurlar məsuliyyətli və şaha sadiq idilər, ədalət
idealına inanmışdılar; c) məmurlar şahın nəzarəti
altında idilər - nəzarətsiz məmur pozular, idarəçilik
işləməz; d) məmurlar ümid və qorxu içində
yaşayırdılar; e) işlərini yerinə yetirməyəcəkləri
halda cəzanın ağır olacağını (həbs var)
bilirdilər; ə) işə vicdanla yanaşmağın
mükafatı var ölçüsünə əmin idilər;
i) işə / vəzifəyə mülkiyyət deyil, əmanət
kimi baxırdılar, bilirdilər ki, əmanətin sahibi onu
geri alacaq, hesab soruşacaq, qərarını məmurun əmanətə
münasibətinə görə verəcək;
- beytin rədifi
var: "edirdi" ("təzələyirdi" - "təzə
edirdi", "girov edirdi"), feildir, hərəkətdir,
işdir, deyir ki, dövlət idarəçiliyi bir saat kimi
işləməlidir, durmaq yoxdur, ləngimə / ləngitmə,
süründürmə, durğunluq, uzatma zülmdür, vətəndaşın
haqqını yeməkdir, israfdır, məmura nəzarət
şərtdir, məmur ümidlə qorxu arasında
tutulmalıdır, yanlış işin cəzası, doğru
işin mükafatı olmalıdır;
- beytdə
"o" ("u") əvəzliyi var, Bəhramı nəzərdə
tutur, onu işlərin mərkəzinə qoyur, deyir ki, Bərham
hər kəsə ədalət hədəfinə uyğun
idarəçilik, məmurluq nizamı qurdu, işinin
başında durdu, gözü məmurların üzərindən
ayrılmadı, ədalət hərəkatının
sözünü tutan, vədlərini yerinə yetirən
lideri Bəhramdır;
ON
YEDDİNCİ BEYTİN ŞƏRHİ: RÜTBƏ VERDİ
O, məmləkətin
işlərinə başlayıb,
Hər kəsə
yerinə münasib rütbə verdi.
Nizami bu beytdən başlayaraq vədlərini yerinə
yetirən, sözünü tutan ədalətli Bəhram
obrazı inşa edir. Bu, məna yükü ümumi olan beytdir,
sıradakı beytlərdə hər sahə və hər kəsimlə
(təbəqə) bağlı görülən işlər
bir-bir sayılacaq. Şair ümumi
ölçünü müəyyən etmək
üçün vasitələr seçir:
-
"o" ("u") deyir, Bəhramı nəzərdə
tutur, onu işlərin mərkəzinə yerləşdirir, yəni
hər kəsə ədalət hərəkatının lideri
Bəhramdır;
-
"ço" qəlibinə yer verir, bu sözün zaman, səbəb
mənaları var, Nizami zaman anlamını önə
çıxarır, elə ki, o vaxt ki deyir, Bəhramın vədlərini
addım-addım yerinə yetirdiyini söyləyir: a) Bəhram
hakimiyyətə gəldi; b) ədalət xütbəsini
açıqladı; c) vədlərini sıraladı; d)
görəcəyi işlərin icra yollarını göstərdi;
e) zülmün yox edilib yerinə ədalətin qoyulması
üçün ölkənin daxilində və xaricində
gördüyü işləri sıraladı; ə) ədalətin
təmin olunması üçün idarəçilik sistemi
quruldu, fəthlər gerçəkləşdirildi, nəticədə,
ölkə gücləndi, xalq zəngin oldu, haqlarını əldə
etdi, təhlükəsiz yaşamağa başladı, ədalətin
gətirdiyi nizam ölkə həyatının bütün
sahələrinə yerləşdi; "Ço" qəlibi
(elə ki, o vaxt ki) işləri üç mərhələyə
ayırır: zülmün yox edilməsi, ədalətin təmini,
ölkə həyatının dəyişməsi;
- "məmləkətin
işi" qəlibi zülmün öldürdüyü
ölkənin ədalətlə dirilməsi üçün
görülən bütün işləri nəzərdə
tutur, Nizami "ayrı-ayrı şəxslərin işi"
demir, "məmləkətin işi" deyir, belə ki,
ölkənin (dövlətin) işi - ədalət nizamı
qurulmasa, fərdlərin işi düzəlməz;
- Nizami
qafiyə olaraq "pərdaxt" sözünə yer
vermişdir, bu söz feil, iş, hərəkətdir, şair
Bəhramın islahatlarını sıralayarkən (mətn
boyu) rədif və qafiyə olaraq seçdiyi sözlərin
demək olar ki, hamısı feildir, yəni ədalətin təmini
sözlə deyil, iş, əməl, hərəkətlə
gerçəkləşər, bu hər kəsə ədalət
hərəkatının arxasında Bəhramın
ağlı, iradəsi, cəsarəti, əməyi var. Feil
"ödəmək", "vermək", "yerinə
yetirmək" mənalarını daşıyır, üstəlik,
keçmiş zamandadır, yəni Bəhram məmləkətin
işlərinin haqqını verdi, ədalət
nizamını qurdu. Misranı tam oxuyaq: o, elə ki məmləkətin
işinin haqqını verdi, düzəltdi.
Burada "ço" qəlibi "kimi" anlamını
yüklənərək fasiləsizliyi ifadə edir: Bəhram
məmləkətin işinin haqqını verən kimi gecikmədən,
bir an gözləmədən
sıradakı işlərə keçdi. Ədalət
nizamını qurdu, ölkəni zülmün qaranlıq
quyusundan çıxartdı, zənginliyə qovuşdurdu,
sıradakı addımı atdı;
- ikinci misranın başında "hər kəs"
qəlibi var, müəyyənlik əlaməti ilə işlənmişdir,
yəni o kəslər ki, Bəhramın onlara borcu var idi,
onlara söz, vəd vermişdi.... Bu söz istisnaya yer qoymur,
deyir ki, Bəhram ədaləti hər kəsə aid etdi;
- Nizami Bəhramın ədalətinin əlamətlərini
sayır: a) hər kəsə ədalət; b) hər kəsə
layiq olduğunu, haqq etdiyini vermək - birinci məna "hər
kəsi" qəlibinə, ikinci anlam "qədr"
sözünə yüklənmişdir. "Qədr"
sözü ərəbcədir, "qədər"
sözü ilə eyni kökdəndir,
"ölçü" mənası var, yəni Bəhram kim nəyə layiqdirsə, kimin haqqı nə
qədərdirsə, o qədər verdi;
- nə verdi? Misrada "paye" sözü yer
tutur, "ayaq", "dayaq", "bünövrə",
"əsas", "mərhələ", "dərəcə",
"rütbə" mənaları var, yəni Bəhram hər
kəsə layiq olduğu haqqı, dərəcəni, rütbəni
verdi, hər kəs əməyinin
qarşılığını aldı. Buradakı
"paye" sözü "yüksəliş",
"ucalıq" mənalarını da qazanır, belə
ki, rütbə vermək ucaltmaqdır, yəni Bəhram
zülmün quyunun dibinə atdığı hər kəsi
oradan çıxartdı, onların dərəcələrini
yüksəltdi, dəyər qazandırdı. Haqqını əlindən
almaq rütbəsini, dəyərini əlindən almaq, dərəcəsini
düşürməkdir, haqqını vermək də
rütbə, dəyər vermək, ucaltmaqdır;
- Nizami
qafiyə olaraq "nəvaxt" feilini seçmiş, yenə
hərəkəti, işi, əməli önə
çıxarmışdır. "Nəvaxtən" feili
daha çox musiqiyə aid olunur, "çalmaq", "nəvaziş
göstərmək", "mehribanlıq etmək",
"təsəlli vermək" kimi mənaları var, misrada
keçmiş zamandadır, qətilik bildirir, yəni Bəhram
sözünü tutdu: onun ədaləti ölkəni bir musiqi
aləti kimi köklədi, uyum yaratdı, nəticədə,
nizamın ortaya çıxardığı ahəng
insanları hüzura qovuşdurdu. Sıralama belədir:
öncə musiqi alətini köklə, sonra musiqini ifa et,
öncə ölkəni ədalətə köklə, ədalət
nizamı qur, sonra hər kəsin haqqını ver, nizam olmasa,
ədalət olmaz, nizam xaosun ziddidir, yəni zülm
qarışıqlıq, ədalət nizamdır, zülm
ölkəni kökdən salar - nizamı, uyumu pozar, ədalət
ölkəni kökləyər, ahəngə, hüzura
qovuşdurar... Misranı belə də
oxuya bilərik: Bəhram hər kəsə layiq olduğu qədər
qayğı, mehribanlıq, nəvaziş göstərdi;
ON
SƏKKİZİNCİ BEYTİN ŞƏRHİ:
İŞİNİ SAHMANA SALDI
Rövnəqsizlərin
işini sahmana saldı,
Qaçqınları (öz) mülklərinə
qaytardı.
Bəhramın hər kəsə ədalət hərəkatı
diriliş, oyanış, haqların qaytarılması,
ağıl, vicdan, iradə və əxlaqın zülmün zəncirindən
qurtuluş hərəkatıdır. Bəhram məsələlərə
ümumi yanaşmır, hər zümrənin
sıxıntılarını öyrənir, uyğun həll
yolları tapır. Şair ədalətli Bəhram
şahın gördüyü işləri bir-bir sayır,
uyğun vasitələr seçir:
- Nizami Bəhramın
gördüyü işlərin dəyərini ifadə etmək
üçün zülmlə ədaləti müqayisəli
biçimdə tanıdır;
- Bəhram
sosial dövlət anlayışı ilə hərəkət
edir, öncə ən imkansız insanların sıxıntılarını
həll edir;
- ilk sırada "rövnəqsizlərin
işi" yer tutur. "Rounəğ" sözünün
bu mənaları var: "parıltı", "canlanma",
"dirilik". "Rövnəqsizlərin işi", yəni
işığını, diriliyini, haqqını itirmişlərin
işi - cəmiyyətin ən yoxsul təbəqəsi: məzlumlar,
miskinlər, yaşamaq üçün heç bir maddi
imkanı olmayanlar. Burada "rövnəqsizlər"
sözü bir məcazdır, deyir ki, zülm ölkəni
xaraba qoydu, insanların əməyini, qazancını
sömürdü, toplum diriliyini itirdi, bərəkət yoxa
çıxdı, rüşvət, haqsızlıq, haram
insanları dilənçi kökünə saldı, yoxsul
toplum ölü toplumdur, belə ki, normal yaşamaq, inkişaf
etmək imkanı yoxdur, yoxsulluq olan yerdə əxlaqsızlıq,
haram, oğurluq, qətl, cəhalət var;
- Nizami
"rounəğ" sözünü cəmdə işlədir,
"rövnəqsizlər" deyir, iki mesaj verir: a) yoxsulların
sayı çoxdur, zülm bir yoxsullar ölkəsi ortaya
çıxarmışdır; b) say çoxluğu Bəhramın
gördüyü işlərin böyüklüyünü
ifadə edir, bu qədər yoxsulun
sıxıntılarını həll etmək ağıl,
iradə, güc, sevgi, mərhəmət, səbir, siyasət
istəyir;
- Bəhram
(misrada ad yoxdur) yoxsulların işini "be saz avərd",
"saz" sözü "saxtən" feilinin
köküdür, "uyğunluq", "qaydada olan",
"hazır", "azuqə", "sursat",
"üsullu olan", "avadanlıq" kimi mənaları
var, "gətirmək" feili ilə işlənərək
bu anlamları qazanmışdır: "be saz avərd",
"köklədi", "diriltdi", "canlılıq
verdi", "işlək hala gətirdi", yəni
zülmün kökdən saldığı cəmiyyəti ədalətlə
yenidən köklədi, halal qazanc yollarını
açdı, hər kəsə əməyinin
qarşılığını verdi, nəticədə,
iqtisadi inkişafın haramla tıxanmış yolları
açıldı, ölkə zəngin oldu, dirildi. Mesaj budur:
zülm öldürür, ədalət dirildir, yoxsulluq
ölülük, zənginlik dirilikdir;
- rədif olan feil keçmiş zamandadır,
köklədi, sahmana saldı, qətilik bildirir, yəni Bəhram
sözünü tutdu, zülmün öldürdüyü
toplumu ədalətlə diriltdi, bu böyük işi
bacardı;
- ikinci
misrada zülmün öldürdüyü başqa bir qrup var:
"rəfteqan", bu söz də məcazi anlam
qazanmışdır, mənası "ölənlər"dir,
zülmün öldürdüyü insanlar, yəni yurdunu,
doğulduğu yeri tərk etmək məcburiyyətində
qalanlar, qaçqınlar, bir tikə çörək
üçün doğma ocağından, evindən
çıxanlar. Mesaj var: zülm insanı evindən didərgin
salar, onu başqalarına, bir tikə çörəyə
möhtac duruma gətirər, şərəf və ləyaqətini
yox edər, dilənçiyə çevirər;
- Nizami
"rəfteqan" sözünü də cəmdə
işlədir, "qaçqınlar", bu sözə iki
anlam yükləyir: a) çoxdurlar, zülm
çoxlarını evindən didərgin salmışdır,
İran bir qaçqınlar - ölülər ölkəsinə
çevrilmişdir; b) Bəhramın gördüyü iş
çox böyükdür, minlərlə
qaçqının sıxıntısını həll
etmişdir;
- Bəhram
qaçqınları mülkünə - torpağına, yerinə,
evinə qaytardı. Bu, məcburi iş deyil, Bəhram elə
işlər gördü ki, insanlar öz yurdunda yaşamaq, əkmək,
işləmək, pul qazanmaq, haqlarını qorumaq, zəngin
olmaq imkanı əldə etdilər, nəticədə, evlərinə
qayıtdılar. Misradakı yurduna qayıtmaq
anlayışı şərəfinə, ləyaqətinə,
haqqına, həyasına, əməyinə, qazancına
qayıtmaq mənasını yüklənmişdir. Mesaj
var: zülm insanın evini, ailəsini, şərəfini, ləyaqətini,
haqqını, həyasını, əməyini,
qazancını əlindən alır, ədalət bu haqlara
qovuşdurur;
- Nizami məhz
"mülk" sözünü seçir, bu söz
dişinlə, dırnağınla, kirpiyinlə od götürərək tikdiyin evi, əkdiyin
torpağı, canından çox sevdiyin ailəni,
qohumları, yaxınları nəzərdə tutur. İnsan bu dərəcədə bağlı
olduğu bir mülkü tərk edərmi? Bəli, zülm onu buna məcbur edər. Mülk insanın maddi, mənəvi dəyərlərinin
olduğu yerdir. Zülmün didərgin
saldığı insanlar - qaçqınlar bu dəyərləri
itirdiyindən onların mülkü də olmaz. Mülk sabitliyi, davamlılığı,
oturaqlığı ifadə edir, qaçqının adı
üstündədir, o, qaçaqaçdadır, bir tikə
çörəyə möhtacdır, yəni
qaçqının mülkü olmaz. Bəhram
qaçqınları mülklərinə qaytardı.
Mesaj var: zülm insanın mülkünü əlindən
alar, ədalət mülkünə qovuşdurar;
- beytin rədifi var, feildir, iş, hərəkətdir,
"gətirdi", qafiyə olan sözlə birləşərək
bu mənalara qovuşmuşdur: "köklədi",
"qaytardı", yoxsulları zənginliyə köklədi,
qaçqınları mülkünə qaytardı. Rədif
olan feil şühudi keçmiş zamandadır, qətilik,
şahidlik bildirir, yəni bu işlər Bəhramın
ağlı, iradəsi, əməyi, ədaləti, cəsarəti,
sevgisi ilə gerçəkləşdi, İran xalqı da
buna şahid oldu. O, söz verən (söz vermək ümid
verməkdir), vədini yerinə yetirən liderdir;
ON
DOQQUZUNCU BEYTİN ŞƏRHİ:
ZÜLMDƏN
XİLAS ETDİ
Qoyunları
canavarın zülmündən xilas etdi,
Çalağanı göyərçinlə qohum (dost)
etdi.
Bəhram sosial dövlət anlayışının
hökmlərini yerinə yetirir, hər kəsə ədalət
ölçüsü ilə hərəkət edir,
zülmün yerinə ədaləti qoyur. Nizami də bu
ölçülərə uyğun olaraq məsələni
ikiyönlü açıqlayır, zülm dövründə
necə idi, ədalət dönəmində necə oldu
suallarına cavab verir, bu yolla da ağıllı, iradəli, cəsur,
insanları sevən, çalışqan, siyasəti bilən,
ədalətli Bəhram şahı tanıdır, ideyaya
uyğun bədii vasitələr seçir:
- zidd anlayışlardan yararlanır: canavar-qoyun,
qızılquş (qırğı, çalağan) - göyərçin;
- birinci
misrada canavar obrazına yer verir, bu söz məcazi anlam
yüklənir, zülm dövrünün simvolu olur, xalqa
zülm edən, onlara insan kimi yaşamaq haqqı tanımayan
günahkarları, oğruları, qatilləri, quldurları (bu
sıralama Nizamiyə aiddir) nəzərdə tutur, onların
zülmünə "setəm" deyir;
- Bəhramın
adını çəkmir, mənanı feilə (məhz feilə)
yükləyir, "xilas etdi", "qurtardı", iş
feili ilə Bəhramın böyük əməyini,
ağıl, iradə, cəsarət, siyasətini önə
çıxarır;
- zidd anlayışların ikinci tayını təqdim
edir: "qoyun", misrada "miş" sözü var, bu
söz məcazi mənada qoyun anlamını
daşıyır (fars dilində "qoyun" mənasını
daşıyan söz "quspənd" / "qusfənd"dir).
Nizami məhz məcazi anlamlı
"miş" sözünə yer verir, onu məzlumların,
haqqı əlindən alınmış, haqqını qorumaq
imkanı olmayan insanların rəmzinə çevirir. Bir yanda dişi qana batmış canavar-zalım, o
biri yanda gücsüz, qorumasız qoyun var. Qoyun nə edə
bilər ki? Zülm toplumu iki yerə ayırır:
zalımlar və məzlumlar, əzənlər və əzilənlər;
- Bəhram
gəldi, ədaləti təmin edən idarəçilik nizamı
qurdu, bu nizamın ən önəmli özəlliklərindən
biri də ədalətli hüquq sisteminin
varlığıdır, zalımları cəzalandırmaq, məzlumların
haqqını qorumaqdır. Bəhram qoyunu canavarın
zülmündən xilas etdi / canavarın zülmünü
qoyundan uzaqlaşdırdı, məzlumu qorudu, onu qorxudan xilas
etdi, haqqını verdi;
- bunları necə etdi? Zalımları cəzalandırdı,
ədalətli qanunlar qoydu, onların icrasına nəzarət
etdi, hüquq nizamını işə saldı, rüşvətin,
oğurluğun, haramın yollarını bağladı;
- Nizami
ikinci misrada ədalətin gücünü, bərəkətini,
xeyrini, birləşdirmə, barışdırma
imkanını göstərmək üçün iki obraz
seçir: baz (qızılquş, qırğı,
çalağan), göyərçin;
- baz yırtıcı quşdur, savaşı,
gücü, təmsil edir, ovlayır, o sıradan göyərçini
ovlayır, göyərçin isə məsumdur, zəifdir,
sülhün rəmzidir;
- Nizami
ölçü qoyur, deyir ki, fərqli olanlar, güclü və
zəiflər bir arada yaşaya bilərlər;
- birgə
yaşayışın şərti də ədalətdir, ədalət
olsa, hər kəs haqqını alsa, ilahi təyinatına
uyğun yerə qoyulsa, barış olar, yəni zülm
savaşa, ədalət barışa yol açır, zülm
hüzur içində birgə yaşayış
imkanını ortadan qaldırır, ədalət isə fərqliliyi
qəbul edərək, hər kəsin haqqını
tanıyaraq, təmin edərək barış gətirir;
- Bəhramın
ədaləti nəticəsində yırtıcı bazın
(qızılquşun) göyərçinlə barış
içində yaşaması mümkün oldu;
- misrada
"xiş" sözü var, öz, qohum, qohum-əqrəba
mənalarını daşıyır, yaxınlığı
ifadə edir, yəni Bəhramın ədaləti aralarında
düşmənlik olan yırtıcı bazla
(qırğı, qızılquş, çalağan)
günahsız göyərçini bir-birinə o dərəcədə
yaxınlaşdırdı ki, qohum kimi oldular, baz göyərçini
özündən bir parça saydı, kin əridi, baz
göyərçini qorudu;
- Nizami Bəhram qızılquşu göyərçinlə
qohum etdi deyir, tərsini söyləmir,
"qızılquşu etdi" qəlibini seçir, "etmək"
feili qızılquşa aid olunur. Niyə? Belə
ki, zalım olan, savaş istəyən, ovlayan, göyərçini
yeyən qızılquşdur, göyərçin məsumdur,
zəifdir, qızılquşa pislik etmək imkanı yoxdur,
ilk addımı qızılquş atdı, barışa
yönəldi, göyərçinə sən mənim
qohumumsan dedi;
- misrada
ikinci iş feilinə yer verilmişdir, "etdi",
şühudi keçmiş zamandadır, qətilik,
şahidlik bildirir, edən, böyük əməyi olan, ədaləti
ölkənin həyat biçiminə çevirən Bəhramdır,
onun ədaləti İranı və dünyanı zəiflə
güclünün hüzur içində
yaşadığı məkan qıldı;
İYİRMİNCİ
BEYTİN ŞƏRHİ: ƏLİNİ QISALTDI
Fitnənin
başından sərxoşluğu çıxartdı,
Əliuzunluğun əlini qısaltdı.
Nizami Bəhramın
ədaləti təmin etmək üçün
gördüyü işləri və ədalətin ortaya
çıxardığı nəticələri - bərəkəti
tanıdır, bu vasitələri seçir:
- ilk misraya açar söz - mənanı
yüklənmiş söz olaraq "fitnə" qəlibini
yerləşdirir, məsələni ikiyönlü izah edir,
öncə deyir ki, zülm ölkəni fitnə və fitnəkarlar
yuvasına çevirmişdi. "Fitnə" sözü ərəbcədir,
yerinə görə bu mənaları var: "imtahan (etmək)",
"pislik etmək", "əzab etmək",
"uzaqlaşdırmaq", "azdırıcı",
"dəlilik", "təzyiq",
"qarışıqlıq", "çarə"... Bu
mənalardan mətnə uyğun olanı
"qarışıqlıq" və "dəlilik"dir,
belə ki, zülmün ən önəmli özəlliklərindən
biri ölkəni qarışıqlığa sürükləməsidir,
zülm olan yerdə nizam, qanun, hüquq, ədalət, ahəng,
barış, hüzur olmaz, xaos, dərəbəylik, didişmə,
savaş olar, hər kəs tikan üstündə oturar. Fitnə
dəliliyin bir növüdür, belə ki, dəli nə
etdiyini bilməz, səbəbi, nəticəni
düşünməz, məsuliyyət hiss etməz, fitnəkar
da pislik edən, qarışıqlıq çıxaran
adamdır;
- Nizami
"fitnə" sözünün bu iki anlamını önə
çıxarmaq, bu yolla da zülmün ölkəni necə
bir qarışıqlığa sürüklədiyini ifadə
etmək üçün "sərxoşluq" ("məstiha")
sözünü mətnə yerləşdirir, bu sözə
qafiyə mövqeyi verir, üstəlik, cəmdə işlədir:
"sərxoşluqlar", yəni fitnə (fitnəkar) o dərəcədə
sərxoşdur ki, ayılmaq imkanı yoxdur, zülm/zalım
zır kefli adam kimi canı nə istədi isə onu da etdi,
ölkədə anarxiya hakim oldu, İran dəlilərin, sərxoşların,
ağılsızların idarə etdiyi ölkəyə
çevrildi;
- Bəhram
nə etdi? Ölkənin halına doğru
diaqnoz qoydu, bildi ki, idarə etdiyi ölkədə zülm, cəhalət,
qorxu, yoxsulluq var, ölkə qanunlarla deyil, zalımların
keyfinə görə idarə olunur. Ədalətli
qanunlar qoydu, bu qanunların icrasına nəzarəti təmin
etdi, nəticədə, fitnənin başından sərxoşluqları
çıxartdı, yəni ölkədə
qarışıqlığa, dərəbəyliyə,
zülmə, aclığa, yoxsulluğa, didişməyə
son qoydu, onun ədaləti İranın ağlını
başına gətirdi, ölkəni dəlilikdən, dəlilərin,
sərxoşların əlindən qurtardı;
- Nizami
"Bəhram fitnənin başından sərxoşluqları
çıxartdı" deyir, belə ki, içki öncə
başı-ağılı sıradan çıxarır,
insanın düşünmək imkanını əlindən
alır, zülm də belədir, öncə insanın
ağlını öldürür, həm zalımın, həm
də məzlumun ağlını öldürür,
ağılı doğru çalışan zalım olmaz,
düşünən də zülmü qəbul etməz. Elə
buna görə də zülm və zalım var olmaq istəyirsə,
mütləq ağılı öldürməlidir,
ağılı öldürməyin yolu da cəhalət,
qorxu, xurafə, yalan, qanunsuzluq, dərəbəylikdir... Bəhram
zülmün saydığımız dayaqlarını kəsdi,
ölkəni zalım, sərxoş, dəli idarəçilərdən
təmizlədi, nəticədə, fitnənin sərxoşluğu
başında çıxdı, İranın ağlı
başına gəldi, xeyirli işlərin önü
açıldı, belə ki, ağıl zülmün əsarət
və sərxoşluğundan qurtarsa, zehni köləliyə
son qoyulsa, bərəkətin qapısı açılar.
Mesaj budur: öncə ağılı köləlikdən
qurtar, sonra ölkəni, ağıl doğru
çalışmasa, heç bir iş düzəlməz;
- Nizami Bəhramın
gördüyü işləri tanıtmaq üçün
ikinci addımı atır, bir məcaza yer verir: "əlini
qısaltmaq", o, mesajı bu bədii ifadənin mənası
üzərindən verir: Bəhram əli uzun olanların əlini
qısaltdı, mətndə "dəst" ("əl")
sözü cəmdədir, yəni onların sayı çox
idi. Zülmün nəticələrindən biri
də odur ki, rüşvətxorların, haram yeyənlərin,
insanların haqlarını qəsb edənlərin,
oğruların sayı çoxalır. Bəhram
onların əlini qısaltdı, kəsmədi,
qısaltdı, harama çatmayacaq dərəcədə
qısaltdı, yəni ədalət ölkədə elə
bir nizama, hüquq sisteminə, halal qazanca, bolluğa yol
açdı ki, əliuzunluq etməyə imkan qalmadı;
- Beytdəki
iş feilləri üçüncü şəxsin təkindədir,
Bəhramı önə çıxarır, deyir ki, ədalətlə
fitnənin başından sərxoşluğu çıxaran,
əliuzunların əlini qısaldan Bəhramdır, onun
böyük əməyi, ağlı, iradəsi, cəsarəti,
siyasətidir;
- beytin qafiyəsi olan sözlər cəmdə
işlədilmişdir: "sərxoşluqlar", "əliuzunluqlar".
Cəm (çoxluq) üç mesaj verir: a) zülm
saysız-hesabsız ağılsız, əliuzun ortaya
çıxarır; b) çoxluq Bəhramın
gücünün, əməyinin
böyüklüyünün ifadəsinə yol açır,
nə qədər çox və güclü olsalar da, Bəhram
onları məğlub etdi, ölkəni ağılsız və
rüşvətxorların əlindən qurtardı; c) Nizami
"sərxoşlar", "əliuzunlar" demir, "sərxoşluqlar",
"əliuzunluqlar" deyir, bu iki işi peşə kimi
tanıdır, yəni sərxoşluq /
ağılsızlıq zülmün xarakteri, tələbi,
mayasıdır, o, çirkin işləri
ağılsızların əli ilə gerçəkləşdirir,
rüşvətxorluq, başqasının haqqını yemək,
haram dövlət siyasətidir, zülmün təbiətidir,
bu ikisi (ağılsızlıq və əliuzunluq - haram)
olmasa, zülm yaşamaz. Məna budur: Bəhram
ayrı-ayrı şəxsləri deyil, zülm sistemini məğlub
etmiş, onun yerinə ədalət nizamını
qoymuşdur, onun ədaləti ayrı-ayrı şəxsləri
deyil, hər kəsi zülmün pəncəsindən qurtarmışdır;
İYİRMİ
BİRİNCİ BEYTİN ŞƏRHİ: DOSTLARA ƏL
UZATDI
Düşmənlərin
taxtının ayağını sındırdı,
Cahanda dostlara əl uzatdı.
Bəhramın
hər kəsə ədalət hərəkatının
gerçəkləşməsi üçün
gördüyü işlər bu vasitələrə yüklənir:
- Nizami
üç bədii vasitə seçir: a) böyütmə;
b) çoxaltma; c) bədii təzad;
- hər kəsə ədalət hərəkatı
təkcə İranı deyil, Nizaminin sözü ilə desək,
dünyanı əhatə edir (İran bir imperatorluqdur, onun təsir
məkanında olan dövlətlər var). Ədalət hərəkatı
xalqın dəstəyini qazansa da, ona qarşı
çıxanlar da var. Nizami Bəhramın gücünü,
gördüyü işlərin dəyərini, mübarizəsinin
çətinliyini ifadə etmək üçün
qarşı tərəfi böyüdür, bu məqsədlə
birinci misraya düşmən sözünü yerləşdirir.
Bu sözün verdiyi mesajlar var: birincisi, şair məhz
düşmən sözünü seçir, onların
içində Bəhrama və ədalət hərəkatına
qarşı kin, qəzəb, nifrət var, bütün vasitələrlə
hərəkata qarşı çıxırlar, amansız və
zalımdırlar, imkanları olsa, Bəhramı öldürərlər,
bu, sıradan bir mübarizə deyil, savaşdır, ölüm-qalım
məsələsidir. İkincisi, Nizami
"düşmən" sözünü cəmdə
işlədir, "düşmənlər", yəni onlar
çoxdurlar, Bəhram ağır savaşa girmişdir.
Üçüncüsü, misrada "düşmənlərin
taxtının ayağı" ifadəsi var, yəni
düşmənlər sıradan insanlar deyillər, imtiyaz
sahibidirlər, güclüdürlər, onlar zülm
dövründə haram yollarla önəmli imkanlar
qazanmışlar, vəzifələri, pulları var, onlara
bağlı adamların sayı çoxdur, Bəhramın ədalət
hərəkatının onların imkanlarını əllərindən
alacağını bilirlər, elə buna görə də
bütün gücləri ilə bu hərəkata
qarşı çıxır, zülm rejiminin davam etməsini
istəyir, acımasız mübarizə aparırlar. Mesajlar
var: a) böyük hərəkatların böyük
düşmənləri olacaq; b) ədalət hərəkatına
qarşı çıxanlar imtiyazlı, imkanlı, harama
bulaşmış təbəqələrdir, onlar
çıxarlarının əldən getməsindən
qorxurlar;
- Nizami Bəhramın
hər kəsə ədalət uğrunda savaşan mücahid
obrazını tanıtmaq üçün alt yapını
hazırladı, indi onun ağlını, cəsarətini,
iradəsini, əməyini, siyasətini göstərmək
üçün vasitə seçir: şahın adını
misraya yerləşdirmir (bu, böyütmə vasitələrindən
biridir), şah mənasını feilə yükləyir,
iş feili seçir, "sındırdı", bu feil Bəhramın
amansız düşmənlərə qarşı mübarizəsini,
qətiyyət və cəsarətini dəqiq ifadə edir,
şühudi keçmiş zamandadır, qətilik,
şahidlik bildirir. Bəhram düşmənlərin
taxtının ayağını sındırdı, onların
gücündən, kinindən, imkanlarından, hədələrindən
qorxmadı, geri çəkilmədi, üstlərinə getdi,
savaşdı, taxtlarının ayağını
sındırdı - onları devirdi, məğlub etdi, ədalət
hərəkatının yolunu açdı. Misradakı "taxt" ("qah") sözü
sadəcə vəzifəni, hakimiyyəti ifadə etmir, ədalət
düşmənlərinin əlində olan bütün
imkanları, gücü nəzərdə tutur.
"Taxtın ayağını sındırmaq" ifadəsi
bir məcazdır, məğlub etmək, devirmək, siyasi,
iqtisadi, hərbi gücünü əlindən almaq mənalarını
daşıyır;
Nizami
ikinci misrada Bəhramın ədalət hərəkatının
gücünü, bərəkətini, onun gerçəkləşməsi
üçün zəruri olan ağılı, iradə, səbir,
cəsarət və əməyi tanıtmaq üçün
yeni vasitələr seçir:
- öncə ölçü qoyur: böyük
hərəkatların zalım, amansız düşmənləri
olduğu kimi (bu, qaçılmazdır), xeyirxah, ədalətə
ürəkdən bağlı dostları da olur (bu da
qaçılmazdır). Dostları, dəstəyi,
sevənləri, fədakarları olmayan hərəkatın zəfər
qazanması imkansızdır. Hərəkatın liderinin
vəzifəsi dostları görmək, onlara dəstək verməkdir;
- Nizami
ikinci ölçünü də müəyyən edir: ədalət
hərəkatının uğur qazanmasını istəyirsənsə,
hərəkatın düşmənlərini əz,
taxtının ayağını sındır, əsla onlara
güzəşt etmək yolunu tutma, hərəkatın
dostlarını da var gücünlə dəstəklə;
- Bəhramın
ədalət hərəkatı dünyanı əhatə
etdiyindən bu hərəkatın dünya çapında
düşmənləri və dostları var;
- Nizami Bəhramı
böyütmək, gücünü göstərmək
üçün sayı çoxaldır, "dost"
sözünü cəmdə işlədir: "dostlar";
-
"dostlar" sözü Bəhrama aid deyil, onun şəxsi
dostları nəzərdə tutulmur, qəlib ədalət hərəkatının
dostlarına işarə edir;
- Bəhram
nə etdi? Ədalət hərəkatının düşmənlərini
məğlub etmək üçün fərq qoymadan bu hərəkatın
dostlarına dəstək verdi;
- Nizami
"əl tutmaq" ifadəsini seçir, Bəhramın ədalət
hərəkatının dostlarına münasibətini ən
gözəl biçimdə ifadə edir, belə ki, bu məcaz
doğmalıq, yaxınlıq, sevgi, çiyin-çiyinə
hərəkət etmək anlamlarını daşıyır,
hədəf uğrunda birgə mübarizə şüuru, əxlaqı
inşa edir, əl-ələ verin ki, zəfər sizin olsun
deyir;
- beytdə
Bəhrama aid iki feil var: "sındırdı",
"verdi"/"tutdu", ikisi də məcazi mənada
işlənmiş, mənanın təsirli ifadəsinə yol
açmışdır, ikisi də iş, hərəkət, əmək
feilidir, Bəhramın ədalət hərəkatının
qalib gəlməsi üçün ortaya qoyduğu
böyük ağılı, iradəni, cəsarəti, əməyi,
sevgini ifadə edir, deyir ki, hərəkatını sevməyən,
ona inanmayan, onun yolunda fədakarlıq etməyən lider olmaz,
hərəkatı uğur qazanmaz;
İYİRMİ
İKİNCİ BEYTİN ŞƏRHİ:
İNSANPƏRVƏRLİK ETDİ
Hökmranlıqda
insanpərvərlik etdi,
İnsanpərvərlik insanı incitməkdən
yaxşıdır.
Nizami Bəhramın
hakimiyyət, idarəçilik, ədalət, dövlət
anlayışının əsaslarını, hər kəsə
ədalət, hər kəsə mərhəmət, hər
insana xidmət hərəkatının uğur
qazanmasının səbəblərini açıqlayır,
bu vasitələri seçir:
- ölçü qoyur, deyir ki, Bəhram (adı
beytdə yoxdur) dövlətçiliyin, hakimiyyətin, idarəçiliyin
əsasına (mərkəzinə) insanı qoydu, onun
iqtidarı dönəmində insan dövlət
üçün deyil, dövlət insan
üçündür anlayışı hakim oldu;
- Nizami bu
ana ölçünün ifadəsi üçün beyti
"insan" sözü ilə doldurur, mətndə
üç "insan" qəlibi var, ikisi
"insanlıq", biri "insan" biçimindədir;
- hər iki misra "insanlıq" sözü
ilə başlayır, birinci misra deyir ki, (Bəhram)
insanlıq etdi, ədalət nizami qurdu, nəticədə,
insanların canı, şərəfi, malı qorundu, halal
qazancın yolları açıldı;
-
"insanlıq etdi" qəlibi sadəcə İran
xalqına aid olunmamışdır, misrada "dər cəhandari"
sözü var "dünya hökmranlığı" mənasını
daşıyır, bu mesajları verir: a) məkanı
böyüdür, bu yolla Bəhramı da böyüdür,
o, bir dünya şahıdır; b) qəlib istisnaya yer qoymur,
deyir ki, Bəhram idarə etdiyi imperatorluğun bütün vətəndaşlarına
insanlıq etdi; c) Bəhramın böyük əməyini
ifadə edir;
Nizami ikinci misrada içində hikmət daşıyan
ölçü qoyur, deyir ki, insanlıq insanı incitməkdən
daha yaxşıdır. Misradakı müqayisə, üstünlük əlaməti
"beh" və "ze" ("əz", "-
dan2") qəliblərinə yüklənmiş,
"insanlıq" sözü "insanı incitmək"
ifadəsindən öncə gəlmiş, bu yolla öncəlik
insanlığa verilmiş, onun üstünlüyü
vurğulanmışdır: insanlıq daha yaxşıdır
/ üstündür insanı incitməkdən...
Nizami
mesajlar verir: insanlıq etməyin, insanlığı
qorumağın yolu / əsası ədalətdir, bu səbəblərə
görə insanlıq etmək insanı incitməkdən daha
yaxşıdır: a) insanlıq etməyin əsası ədalət,
insanı incitməyin əsası zülmdür, ədalət
sevgiyə, barışa, hüzura, inkişafa, elmə, zənginliyə,
mərhəmətə, birliyə, əxlaqa, halala, zülm isə
nifrətə, didişməyə, savaşa, kinə,
qarışıqlığa, cəhalətə, yoxsulluğa,
acımasızlığa, parçalanmağa, əxlaqi
çürüməyə, harama yol açır; b)
insanlıq insanın, ölkənin xeyrini, bərəkətini
artırır, insanı incitmək isə xeyri, bərəkəti
yox edir; c) insanlıq etmək ilahi rəhməti, rizanı,
insanı incitmək ilahi qəzəbi cəlb edir; d)
insanlıq etmək axirət səadətinin, insanı incitmək
isə axirət əzabının qapısını
açır; e) insanlıq etmək Allahın hakimiyyət nemətinin
şükrüdür, insanı incitmək isə ilahi nemətə
nankorluqdur; ə) insanlıq etmək hakimiyyət nemətinin
davamına, insanı incitmək isə bu nemətin geri
alınmasına səbəb olur; i) insanlıq etmək dua,
insanı incitmək bəddua qazandırır;
Nizaminin
ölçüsü budur: ölkəsində hüzur,
barış, inkişaf istəyən insanı mərkəzə
qoysun, hər şey insan üçündür
anlayışı ilə hərəkət etsin, bunun yolu da ədalətdir.
İYİRMİ
ÜÇÜNCÜ BEYTİN ŞƏRHİ: ƏZAB
VERMƏZDİ
O,
düşməni də cəzalandırarkən,
On (nəfəri) öldürsə də, birinə əzab
verməzdi.
Nizami bu beytdə ədalətli Bəhramın mərhəmətini
önə çıxarır. Ədalət də, mərhəmət
də insan sevgisinin göstəriciləridir, insanı sevməyən
onu dövlət, siyasət anlayışının mərkəzinə
qoymaz, dövlətin insanın xidmətçisi olduğunu
düşünməz (mərhəmət dövlət idarəçiliyinin
altı əsasından biridir: həqiqət, mərhəmət,
ədalət, əhliyyət və ləyaqət, məşvərət,
ümid). Bəhramın qurduğu dövlət
sosial dövlətdir. Sosial dövlətin iki ana
sütunu var: ədalət, mərhəmət. Nizami Bəhramın
mərhəmətini tanıtmaq üçün bu vasitələri
seçir:
Birincisi, hər kəsə mərhəmət
ölçüsünü qoyur, Bəhram fərq qoymadan
hamıya mərhəmətlə yanaşdı. Mesaj verir: seçici mərhəmət
(bir qrupa mərhəmət göstər, başqalarına
göstərmə) əxlaqsızlığın bir
növüdür, bu, içdən, inancdan, insan sevgisindən,
anlayışdan gələn mərhəmət deyil, göstərişdir,
münafiqlikdir, siyasi qazanc əldə etmək cəhdidir.
İkincisi, Bəhram ölkəni şəxsi istəkləri
ilə deyil, dəyərlərlə idarə edir, onun dövlət
idarəçiliyinin əsasına qoyduğu ən önəmli
dəyərlərdən biri də mərhəmətdir.
Üçüncüsü, Nizami mərhəməti vətəndaşları
dövlətə, hakimiyyətə bağlayan, hüzura,
barışa, sevgiyə, ümidə yol açan dəyər
kimi tanıdır.
Dördüncüsü,
Nizami Bəhramın hər kəsə mərhəmət
anlayışını tanıtmaq, onun mərhəmətinin
dərəcə və gücünü göstərmək, mərhəmətin
Bəhramın inancının, insan sevgisinin ayrılmaz tərkib
hissəsi olduğunu ifadə etmək üçün
şahın düşmənə münasibətini önə
çıxarmışdır. Ehtiyacı olan
insanlara mərhəmət göstərmək sıradan bir
insanın da edə biləcəyi işdir, ancaq düşmənlərə
qarşı mərhəmət göstərmək
güclü, mərhəmətə inanmış
insanların işidir.
Beşincisi,
mərhəmətli Bəhram obrazını düşmənə
münasibət üzərindən inşa edən Nizami birinci
misrada "xəsm" sözünü seçir, o, fars
dilində olan "doşmən" qəlibinə də yer
verə bilərdi, ancaq şüurlu olaraq ərəbcə
olan "xəsm" sözünü mətnə yerləşdirir.
Böyük dilçi Rağib əl-İsfahani "xəsm"
qəlibinin mənalarını izah edərkən bu sözlərə
də yer verir: "... İki insandan hər birinin
qarşısındakının ... qırtlağından
yapışaraq (sarılaraq) sıxışdırmasıdır..."
Yəni "xəsm" azğın
düşməndir, onun niyyəti
qarşısındakını öldürməkdir.
Altıncısı, Nizami niyə məhz "xəsm"
sözünə yer verir? O, düşməni
böyüdür ki, Bəhramın böyüklüyü,
gücü bilinsin, mərhəmətinin dərəcəsi
anlaşılsın. Qarşımızda
azğın düşmənə də mərhəmətlə
yanaşan Bəhram var. Bu, hər kəsə ədalət, hər
kəsə mərhəmət anlayışının
göstəricisidir.
Yeddincisi,
misrada "ədəb" sözü var, tərcümədə
nəzərə alınmayıb, bu söz də Bəhramın
hər kəsə mərhəmət anlayışını
tanıdır, deyir ki, Bəhram düşməni (diqqət
edin, öz düşmənini deyil, ədalət hərəkatına
qarşı çıxan, insanları əzən, cinayətləri
olan düşməni) cəzalandıranda da ədəblə
(mərhəmətlə) hərəkət edirdi.
"Çon", o zaman ki, o vaxt ki, elə ki, bu zaman
anlamı olan sözün seçilməsinin də
mesajları var: a) Bəhram hər zaman mərhəmətli
olurdu; b) azğın düşmənə cəza
hökmü çıxararkən insan qəzəbli ola bilər, bu qəzəb atəşi onu ədalət
və mərhəmətdən uzaqlaşdırar. Bəhram o zaman ki düşmənə cəza
verirdi, onda da ədəblə (mərhəmətlə)
davranırdı, yəni çox güclü idi, duyğularını
idarə etməyi bacarırdı, mərhəmət, ədalət
ölçüsündən kənara
çıxmırdı. Nizami mərhəmətlə ədəb
arasında bağ qurmuşdur: mərhəmətli olan ədəbli
olar, ölçü ilə hərəkət edər, yəni
zülm etməz, zülm ölçüsüzlük, ədalət
doğru ölçüdür.
Səkkizincisi, birinci misra nəzəridir,
ölçü qoyur, Bəhramın hər kəsə mərhəmət
anlayışını tanıdır. İkinci misra
örnəkdir, anlayışın misalla
açıqlanmasıdır. Nizami Bəhramın mərhəmətinin
ədəbini bu misalla izah edir: "onunu öldürsə də",
bu ifadə Nizaminin "xəsm" deyərkən kimləri nəzərdə
tutduğunu (niyə məhz bu sözü seçdiyini)
açıqlayır, həm də Bəhramın mərhəmətinin
böyüklüyünü, gücünü göstərir,
belə ki, söhbət ölüm hökmü verilmiş
qatı cinayətkarlardan gedir. Bəhram onlara
qarşı da mərhəmətli oldu.
- Nizami Bəhramın
mərhəmətini tanıtmaq üçün "on və
bir" nisbətini qurur, bu nisbət əsla deyir, o, qatı
cinayətkarların onunu öldürsə də, birinə,
bircəsinə, birinə belə ("yeki", müəyyənlik
əlaməti istisnaları rədd edir), heç birinə
işgəncə vermədi, ölüm hökmü verilənləri
də incitmədi;
- Nizami
"azordən" feilini seçmişdir, bu feilin "əziyyət
vermək", "incitmək", "düşmənlik
etmək", "söymək", "təhqir etmək"
kimi mənaları var, yəni Bəhram ədaləti təmin
etmək üçün qatı cinayətkarlara ölüm
hökmü verdi, ancaq onlara işgəncə vermədi,
döydürmədi, aşağılamadı, əllərini,
dillərini kəsmədi... Burada zülm
dövrünün cəza sisteminə də işarə var,
zalımlar məhkumlara ağır fiziki, mənəvi işgəncələr
verir, onları hər növ insan haqqından məhrum edirdilər.
Bəhram bu əzab sistemini qaldırdı, ədalətli cəza
nizamı qurdu, hər kəsə haqq etdiyi cəzanı verdi, işgəncələri yasaqladı;
- Nizami Bəhramın hər kəsə mərhəmət
anlayışının təqdim olunması üçün
bir vasitə (üslub) də seçib (bu, tərcümədə
nəzərə alınmayıb), feilləri ikinci şəxsin
təkində işlədib, hər kəsə mərhəmət
anlayışına ata sözü, hikmətli fikir dərəcəsi
verib, əsl mərhəmət belə olar mesajı göndərib. İndi mətni Nizaminin təqdimatında
oxuyaq: o zaman ki azğın düşməni cəzalandırırsan,
onunu öldürsən də, birini belə incitmirsən /
işgəncə vermirsən. Nizami bu üslubu seçməklə
Bəhramı örnək göstərir, onun
anlayışına ata sözü, qanun statusu verir, mərhəmət
dediyin bax (məhz) belə olar vurğusu qoyur;
İYİRMİ
DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ:
ƏZAB
VERMƏKDƏN YAXŞIDIR
Çünki
adamı cəzalandıran vaxt,
Öldürmək ona əzab verməkdən
yaxşıdır.
Bu,
öncəki beytin davamıdır, birinci misranın
başındakı "ke" bağlayıcısı iki
beyti bir-birinə bağlayır, hər kəsə ədalət,
hər kəsə mərhəmət
ölçüsünü açıqlayır: Bəhram on
nəfəri öldürsə də, birinə də əzab
verməzdi, ona görə ki...
Nizami hikmətli
fikir söyləyir, hər kəs və hər vaxt
üçün ölçü qoyur, insan ləyaqətini
önə çıxarır, deyir ki, dövlətin vəzifəsi
insan ləyaqətini qorumaqdır, bunun yolu da ədalətli, mərhəmətli
olmaqdır:
-
"adamı" ("adəmi"), orijinalda bu sözün
sonundakı əlamət ölçünü ümumiləşdirməyə
xidmət edir, yəni hər hansı bir adamı, bu veriləcək
ölçü hər kəsə aiddir: hər insanın
şərəfi, ləyaqəti var, onu cinayətinə
görə cəzalandırmaq dövlətin haqqıdır,
ancaq dövlət heç bir halda ona işgəncə verərək
alçalda bilməz;
- "o
vaxt ki bir adamı tərbiyə etmək istəyirsən",
misrada "pərvərdən" feili var, "bəsləmək",
"tərbiyələndirmək", "yetişdirmək"
kimi mənalar daşıyır, mətndəki bağlama
görə cəzalandırmaq kimi də oxumaq olar, belə ki,
cəzalandırmaq da tərbiyənin bir növüdür;
- Nizami Bəhramı
bu yolla önə çıxarır: onun dövlət idarəçiliyinin
əsasına qoyduğu ədalət və mərhəmət
anlayışları üzərindən mesaj verir, öncə
nəzəri hissəni açıqlayır, sonra örnəklə
şahlara deyir ki, cinayətkara da ədalət və mərhəmətlə
yanaşın, belə etsəniz, dövlətiniz, hakimiyyətiniz
güclü, davamlı olar, xalq bərəkətlənər,
sizin ədalət və mərhəmətinizə inanar, sizi
sevər, sizə bağlanar. Belə ki, şərtli, bir qrupa
aid edilən ədalət və mərhəmət əxlaqsızlığın
bir növüdür, sizin dürüstlüyünüzə
şübhə yaradar, insanları sizdən
uzaqlaşdırar, Bəhram ona görə uğur qazandı
ki, o, hər kəsə ədalət və mərhəmət
dedi, əməli ilə də sözünün ağası
olduğunu göstərdi;
- Nizami
ana fikri / ölçünü ifadə etmək
üçün müqayisə qəlibi seçir: "əvvəlitər",
bu sözü "ulatər", ya da "oulatər" kimi
də oxuya bilərik, mənası "üstün",
"daha üstün", "daha münasib", "daha
yararlı"dır, "birincidir", "daha əvvəldir";
- şair
ana mesajın dəyərini, çox önəmli olduğunu
vurğulamaq üçün ikiqat müqayisə qəlibi
seçmişdir, biri ərəbcə olan "əvvəli",
ya da "ula", "oula", o birisi də farsca olan "tər"dir,
yəni birinci deyil, ən birincidir, üstün deyil, ən
üstündür, dəyərli, önəmli deyil, çox
dəyərli, çox önəmlidir, o dərəcədə
ki, dövlət idarəçiliyində ondan üstün dəyər
yoxdur, dövlətin imanı hər kəsə ədalət,
hər kəsə mərhəmətdir;
- üstünlüyün ifadəsi
üçün Nizami bir vasitəyə də yer verir: ikinci
misrada iki tərəf var: öldürmək, incitmək /
işgəncə vermək;
- Nizami
daha yaxşıdır fikrinin təqdimi üçün bir
addım da atır, "öldürmək"
sözünü "incitmək" sözündən
öncə verir, onu misranın başına yerləşdirir,
həm də "ölmək" deyil, "öldürmək"
biçimində, yəni iki tərəf var, biri dövlət,
o birisi günahkar vətəndaş;
- "öldürmək" bir insanın həyatına
son vermək, onun ən dəyərli neməti olan həyatını
əlindən almaqdır. Şair fikrin - işgəncənin
öldürməkdən daha pis olduğunun ifadəsi
üçün ən uc / son nöqtəni seçir,
öldürmək deyir, ancaq həyatın yox olmasından daha
pis olan bir şey də var, o da insanın / cinayətkarın ləyaqətini
alçaltmaqdır. Ey dövlət, ey
şah, cinayətkarın ölümə layiq cəzası
varsa, ölüm hökmü ver, bu sənin haqqındır,
ancaq onun ləyaqətinə toxunma, əzmə, alçaltma,
işgəncə vermə, buna haqqın yoxdur. Niyə? Layiq olana ölüm hökmü vermək
ədalətin təmin olunması üçündür,
ancaq ləyaqəti tapdalamaq haqsız qisasçılıq əlamətidir,
bu duyğu dövləti, şahı ana ölçü olan ədalət
və mərhəmətdən uzaqlaşdırar, etibarı
azaldar, güvəni sarsıdar, dövlət ana dəyərlərindən
uzaqlaşanda çöküş başlayar, Allahın
qoyduğu nizam pozular, cəza gələr. Bu ölçü
insan üçün də doğrudur, yəni bir insan haqq
etdiyi ölüm cəzasına razı olar, ancaq ləyaqətinin
alçaldılmasına razı olmaz;
İYİRMİ
BEŞİNCİ BEYTİN ŞƏRHİ: RUZİSİZ
QOYMURDU
O, insanpərvərlik
edib insanları özünə cəlb edirdi,
O,
heç kəsi ruzisiz qoymurdu.
Beytdə yenə Bəhramın adı yoxdur, "o" əvəzliyinə
də yer verilməmişdir, biz böyük işlərin ona
aid olduğunu şəxs sonluqlarından öyrənirik. Bu, Nizaminin seçdiyi bir bədii
vasitədir, Bəhramın hər kəsə ədalət hərəkatını
tanıdır, ancaq adını çəkmir, bu yolla da onu
böyüdür, təvazö sahibi olduğunu ifadə edir,
o, böyük işlər görər, ancaq adını
gözə soxmaz, onu adı deyil, işi önə
çıxarar...
Beyt Bəhramın sosial dövlət
anlayışını təqdim edir. Sosial dövlətin önəmli iki
özəlliyi var: ədalət, mərhəmət. Bu dövlət
anlayışı deyir ki, dövlət insana xidmət etməlidir,
hər şey insan üçün ölçüsü tətbiq
olunmalıdır, məzlumlar, yetimlər, yoxsullar, qocalar,
dullar - bir sözlə, yardıma möhtac olan hər kəs
qorunmalı, kimsə yatağına ac girməməli, kimsəyə
əl açmamalıdır, dövlət onların
bütün ehtiyaclarını təmin etməlidir. Nizami Bəhramın
ədalət və mərhəmət adlı iki dayağı
olan sosial dövlət anlayışını tanıtmaq
üçün uyğun vasitələr seçir:
- beytin mərkəzi
anlayışı, açar sözü olaraq "insan" qəlibinə
yer verir, birinci misrada iki "insan" qəlibi var, biri
"insanlıq", o birisi "insan" biçimindədir;
- "insanlıq" qəlibi misranın ilk
sözüdür, insanı insan edən bütün dəyərləri
- ədaləti, mərhəməti, paylaşmağı,
barışı, maddi, mənəvi dəstəyi, sevgini,
hüzuru ifadə edir;
- (Bəhram)
"insanlıq etdi" deyir, iş feili seçir, bu feil
şühudi keçmiş zamandadır, şahidlik, qətilik
bildirir, yəni Bəhramın insanlıq etdiyinin minlərlə
şahidi var, o, sadəcə söz vermədi, ciddi işlər
gördü;
- ikinci "insan" sözü qafiyə kimi
işlənmiş "ənduzi" qəlibinə bağlanmışdır,
"mərdom ənduzi". "Ənduxtən" feilinin bu
mənaları var: "yığmaq", "toplamaq",
"əli gətirmək", "qazanmaq", "qənaət
etmək", "ehtiyat saxlamaq" (bu feilin "ənduz"
biçimi "yığan", "toplayan",
"qazanan" mənalarını daşıyır). "Mərdom
ənduzi" ifadəsi misrada bu mənanı yüklənir:
insanların sevgisini, rizasını qazanmaq;
- birinci misra iki yerə ayrılmışdır:
səbəb, nəticə. Səbəb Bəhramın
insanlıq etməsi, nəticə insanın sevgisini
qazanmaqdır, insanların qəlbini qazanmağın yolu
insanlıq etməkdir, Allahın rizasını qazanmaq istəyən
insanların könlünü qazansın;
- birinci
misrada zülm dövrünə də işarə var, yəni
misra zülmdən sonrakı köklü dəyişimi ifadə
edir, belə ki, hakimiyyətin (şahın) xalqı
özünə bağlamasının, itaətə məcbur
etməsinin iki yolu var: a) zülmün yolu - əzmək,
qorxutmaq, həbs, hiylə, işgəncə; b) ədalətin
seçdiyi yol - insan haqlarını tanımaq, insanların
insan kimi yaşamasının yolunu açmaq;
- Bəhram
zalımların insanları itaətə məcbur etmə
yolunu ortadan qaldırdı, ədalətin yolunu seçdi, dedi
ki, itaətin qarşılığı xidmətdir, şah
xalqın əlindən tutsa, o da qəlbini şaha açacaq,
nəticədə, itaət könüllü gerçəkləşəcək;
- Nizami
ikinci misrada Bəhramın ədalət və mərhəmətə
bağlı sosial dövlət anlayışının -
insanlıq etməsinin örnəyini verir, "heç kəs"
deyir, istisnaya yer qoymur, ehtiyacı olan hər kəsi nəzərdə
tutur;
-
"heç kəsi ruzisiz qoymadı": a) insanların halal
ruzi qazanmasının yolunu açdı; b) ruzi qazanmaq
imkanı olmayanların da bütün ehtiyaclarını
dövlət hesabına təmin etdi, nəticədə,
xalqın qəlbində taxt qurdu, xalq da dövlətə,
şaha bağlandı, xalqa xidmət dövlətə itaətə
yol açar ölçüsü gerçəkləşdi,
xalqın sosial sıxıntıları həll olundu, o da qəlbini
şaha verdi, onu sevdi;
İYİRMİ
ALTINCI BEYTİN ŞƏRHİ: BİR ŞEY VERMƏYİB
O
gördü ki, bu torpaqdan mənzil,
(İnsanlara) qəm-qüssə tozundan başqa bir
şey verməyib.
Nizami bu beytdə zülmün İran imperatorluğunu
xarabaya çevirdiyini, bu dövləti idarə edən
zalımların xalqa, ölkəyə
yadlaşdığını, işğalçı kimi
davrandığını, insanların və dövlətin
qaynaqlarını sömürdüyünü, onları
soğan kimi soyduğunu ifadə edir. Məqsədləri var: a) müqayisə
imkanı formalaşdırır; b) gözümüz
önündə iki İran var: Bəhramdan öncə
zülmün xaraba qoyduğu İran, bir də ədalətin
gülüstana çevirdiyi İran; c) Nizami bu yolla zülmlə
ədalətin, zalımla adilin fərqini izah edir; d) şair
müqayisə vasitəsi ilə Bəhramın
ağlını, gücünü, elmini, iradəsini, əməyini,
cəsarətini, sevgisini tanıdır, qarşımızda
xaraba İranı gül bağçasına, barış,
hüzur, zənginlik, mərhəmət, ədalət ölkəsinə
çevirmiş Bəhram var;
Nizami bu
ana ölçünü, fərqi, üstünlüyü
ifadə etmək üçün vasitələr
seçmişdir:
-
"gördü" ("did"), mətndə
"gördü" feili "araşdırdı",
"öyrəndi", "şahid oldu",
"anladı" mənalarını qazanmışdır. Bəhram
şah oldu, bundan sonra zülmün İranı necə xaraba
qoyduğunu, İran xalqının faciəsini anladı, vəzifəsinin
- hər kəsə ədalət və mərhəmət
ölçüsünün ağırlığını
hiss etdi, qavradı;
-
"kin" ("ke+in"), gördü ki, bu "torpaq evin
ilxısı", misradakı "xeyl" sözünün
mənası "ilxı"dır, tərcümədə
ixtisar olunmuş, məna pozuntusuna yol açmışdır.
"Torpaq ev", misrada "xaki" sözü var, bu mənaları
daşıyır: "torpaq rəngi", "quruda/torpaqda
yaşayan", "tozlu-torpaqlı", "torpaq" (sifətləşmiş
isim kimi işlənib), "sadə / yoxsul", "dinc /
sakit", "fani insan". "Torpaq ev" yoxsul evdir, onun dəbdəbəsi,
bağ-baxçası, heç bir zənginlik əlaməti
yoxdur, bu evi qazma / yeraltı ev kimi də, səhra evi kimi də
düşünə bilərik, toz-torpağın içindədir,
üzərində o qədər toz var ki, torpaqdan
seçilmir, ilxı hərəkət edəndə bu ev toz-torpaqdan
görünməz olur. "Torpaq ev"
zülmün, zalımın xaraba qoyduğu İrandır, o
yaşamaq üçün heç bir imkanı olmayan
"ev"dir, içində aclıq, yoxsulluq, dərd,
göz yaşı, xəstəlik var, insanı qorumaq
imkanından məhrumdur. İlxı da bu
ölkəni dırnaqları altında əzən, pislik
tozuna batıran, insanları tapdalayan zalım idarəçilərdir.
"İlxı" çoxluğu ifadə
edir, yəni hakimiyyəti ələ keçirmiş
günahkarlar, oğrular, qatillər, yol kəsənlər
İranı xarabaya - torpaq evə çevirdilər.
Zülm elə bir vəziyyət yaratmışdır ki, insanlar
atın belinə deyil, at insanın belinə minmişdir;
- bu ilxı, vəhşi at sürüsü -
zalım idarəçilər İran xalqına bircə
şey verdilər, Nizami bu məqamda məhz ərəbcə
olan "illa" ədatını seçmişdir. Belə
ki "illa" elə bir istisna çaları
formalaşdırır ki, başqa hər hansı bir
variantı mümkünsüz edir, ağıla gəlməsini
belə "yasaqlayır", qəti, əsla olmaz deyir. Yəni
zalımlar və zülm İran xalqına bir, bircə, tək
bircə şey verdilər / gətirdilər, bir şeydən
başqa heç bir şey gətirmədilər / vermədilər;
- o bircə
şeyi də zülmün insanların gözünü kor edən
qəmginlik tozudur, Nizami "qəm tozu" demir, "qəmginlik
tozu" deyir, qəmginlik qəmin peşəyə, işə,
hala, yaşam tərzinə çevrilmiş halıdır, yəni
zülm və zalım qəmi İran xalqının peşəsinə
çevirmişdir, qəmi olmayan insan yoxdur, hər evdə matəm
var, İranda, hər evdə bircə şey var, o da qəmginlikdir,
zülmün nəticələrinin girmədiyi ev, təsir etmədiyi
insan qalmamışdır;
İYİRMİ
YEDDİNCİ BEYTİN ŞƏRHİ: VADAR EDİRDİ
O,
özünü (rəiyyətin) nazını çəkməyə
vadar edirdi,
Həmin nazı çəkərək öz eyşini
xoş edirdi.
Bəhramın insani və siyasi kimliyinin inşası
yeni vasitələrə yüklənir. Onun həyat
anlayışı, insan sevgisi, ilahi nemət olan hakimiyyətin
şükrünün yerinə yetirilməsi üçün
atdığı addımlar önə
çıxarılır:
- Bəhram
hakimiyyətə Allahın neməti kimi baxır, bu nemətin
şükrünün yerinə yetirilməsi üçün
üç dəyərə əsaslanır: ədalət, mərhəmət,
insana xidmət, deyir ki, ilahi rizanı qazanmağın yolu
insanların sevgisini qazanmağa bağlıdır;
- "(Bəhram) özünü xalqın nazını
çəkən sayırdı". Misra tərcümədə belə
verilmişdir: "Özünü (rəiyyətin)
nazını çəkməyə vadar edirdi", bu tərcümə
doğru deyil, belə ki, "vadar etmək" məcbur etməkdir,
Bəhram isə məcburiyyət hiss etmir, xalqa xidməti
yük saymır, əksinə, xalqa xidmət onun həyatının,
hakimiyyətinin, işinin mənasıdır, o, xalqını
sevir, sevgidə məcburiyyət olmaz;
- Nizami Bəhramın xalq sevgisini ifadə etmək
üçün "naz çəkmək" ("naz
çəkən") qəlibini seçmiş, həm də
bu ifadəyə iki dəfə yer vermişdir. İnsan
sevdiyinin, dəyər verdiyinin nazını çəkər.
Bəhram ölçü qoyur: şahın və hakimiyyətin
vəzifəsi xalqın nazını çəkməkdir;
- Nizami
"xiştən" ("öz") deyir, yəni Bəhram
varlığını xalqa həsr etmişdi, bu, məcburiyyət
deyil, şüurlu seçimdir;
- "naz
çəkən" qəlibi sevginin əməklə
sübutunu ifadə edir, Bəhram deyir ki, bu, mənim
işimdir, vəzifəmdir, adım naz çəkəndir,
naz çəkmək xalqın sıxıntılarını
həll etmək, onun əlindən tutmaq, dar və zor
günündə də, xoş günündə də onun
yanında olmaqdır. Xalqın nazını çəkməyin
göstəricisi də ölkədə ədaləti, mərhəməti
təmin etməkdir;
- Bəhram
nə zaman istirahət edir, qəlbi hüzura qovuşurdu? Nizami bu suala cavab vermək üçün
"eyşe xod ra" qəlibinə yer vermişdir. Yəni Bəhramın hüzuru, qəlb
rahatlığı, dincliyi, həyatdan ləzzət alması
xalqın nazını çəkməsinə bağlı
idi. O, xalqın sıxıntılarını həll edəndə,
hər kəsə ədalət və mərhəmət hərəkatının
meyvələrini toplayanda, ölkənin barışa,
hüzura, rifaha, hüquqa qovuşduğunu görəndə,
insanların duasını eşidəndə dünyanın ən
xoşbəxt insanı olur, öz ləzzətini, eyşini, qəlb
rahatlığını xalqın nazını çəkməklə
xoş edirdi, yəni xalq xoşbəxtdirsə, şah da
xoşbəxtdir, insanları sevindir ki, Allah da səni
sevindirsin, qəlb hüzurunun səbəbi xalqa xidmətdir,
insanların nazını çəkmək ilahi rəhmətə
yol açar, o, ədalət və mərhəmətlə
insanları, Allah da onu qəlb hüzuru ilə sevindirirdi;
- beytdə zülm dövrünə də
işarə var: o zaman hakimiyyət xalqın deyil, xalq hakimiyyətin
yükünü çəkirdi. Bəhram bu
anlayışı dəyişdirdi, hakimiyyəti xalqın xidmətçisi
etdi;
- beytin rədifi var, "midaşt" feilidir,
deyir ki, Bəhramın qəlb hüzurunun qaynağı
xalqın nazın çəkməsi idi, xalq üçün
gördüyü işlər ruhuna sevinc bəxş edirdi,
sevinci xalqın sevincinə bağlı idi;
İYİRMİ
SƏKKİZİNCİ BEYTİN ŞƏRHİ: DAYAQ
ETMİŞDİ
O bu
etibarsız (dünya) mülkünü tanıyıb,
Eşq mülkünü özünə dayaq etmişdi.
Nizami bu beytdən başlayaraq Bəhramı bir irfan əhli,
bir aşiq kimi tanıdır, onun hakimiyyətə ilahi nemət
kimi baxmasının, hakimiyyətin imkanlarını
zülmün ortadan qaldırılmasına, ədalət və
mərhəmətin təmin olunmasına yönəltməsinin
əsl səbəbini açıqlayır. Bu məqsədlə
Bəhramın dünyagörüşünü
formalaşdıran anlayışlara yer verir. İrfan tərbiyə sisteminin iki
anlayışını izah edir.
Öncə
irfan anlayışını qısaca tanıdaq ki, məsələ
doğru anlaşılsın: bilgi sistemi ikidir: a) bürhan
bilgi sistemi - əsasında ağıl və beş duyğu
var, dəlilə əsaslanır; b) bəyan bilgi sistemi, əsası
nasdır - Allahın nazil etdiyi Qurani-Kərimdir; İrfan əhli
deyir ki, üçüncü bilgi sistemi də var, əsası
ilham, sezgi, kəşfdir, mərkəzi insanın qəlbidir.
İrfan bilgi sistemində iki ana damar var: a) seyri-suluki-ənfusi
- insanın içə doğru yolçuluğu, inziva, riyazət,
çilə yolu ilə qəlbi arındırmaq, mərifətə
(Allahı tanımaq) qovuşmaq; b) seyri-suluki-afaqi - içdən
dışa doğru yolçuluq, Allahın kainat ayələrinə
qoyduğu elmi öyrənərək Onu tanımaq. İrfan əhli (eşq, sezgi, ilham, kəşf yolu
ilə Allahı tanıyan) olan aşiqlər, ariflər bu
bilgi sisteminə bağlıdırlar. Onlar
şeyx-mürid nizamı ilə çalışırlar,
bağlı olduqları məktəbin təyin etdiyi metod və
üsullarla qəlblərini təmizləyirlər,
inanırlar ki, bu yolla arınmış qəlb ilahi mənaların
təcəlli etdiyi mərkəz halına gəlir. Onlar deyirlər ki, mərifət elmi olan arifdir.
İrfan əhli qəlb və kəşf yolu ilə
əldə etdiyi bilgiyə mərifət, ağıl və məntiqlə
qazandığı bilgiyə də elm deyir. Arif mərifət
əhlidir, o, kəşf yolu ilə (sezgi, vəcd, ilham) bilgi əldə
edir...
Nizami deyir ki, Bəhram bu etibarsız dünya
mülkünü tanıdı (tanımış idi). Misrada "təkye"
sözü var ("bitəkye" biçimində),
"dayaq", "dirsək", "söykənəcək",
"istinad" mənalarını daşıyır, deyir ki,
bu dünyanın dayağı yoxdur, etibarsızdır, ona
güvənmək olmaz. Şair burada Bəhramın
dünyagörüşünün əsaslarını
açıqlamaq üçün iki addım atır: a) Bəhramın
irfan əhli olduğunu söyləyir; b) irfan əhlinin bu
dünyaya yüklədiyi mənanı izah edir; İrfan əhli
dünyanı üç ölçü ilə
tanıtmışdır:
Birincisi,
dünya yaradılmışdır, Allah yaratmışdır,
yoxdan var etmişdir, yaradılan hər varlıq bir ayədir
(işarədir), onu yaradana işarə edir, Onu tanıdır,
hər varlıqda elm var, insan bu elmi öyrənsə, o elmin
gerçək sahibini - Allahı da doğru tanıyar, Ona təslim
olar...
İkincisi,
dünya axirətin tarlasıdır, çox dəyərlidir,
imtahan yeridir, əbədi axirət həyatının
qazanıldığı məkandır, insan bu dünyada
qonaqdır, o, ikidünyalı olmalı, bu dünyadakı
ömrünü axirət səadətini qazanmağa sərf
etməlidir, dünya fanidir (ölümlüdür)...
Üçüncüsü,
irfan əhli dünyanı insanın düşməni kimi
tanıdır, o, insanı sərvətlə, şöhrətlə,
şəhvətlə aldadır, ona tələ qurur, tora
salır, həlak edir, bütün pisliklərin səbəbi
dünya sevgisidir, dünyəviləşmək, dünya
malına kölə olmaqdır (Nizami "Sirlər xəzinəsi"
məsnəvisində dünyanın bu üçüncü
yönünü tanıtmaq üçün yüzlərlə
obraz seçmişdir).
Nizami
"Sirlər xəzinəsi" dastanında dünyanı bu
ölçülərlə tanıdır:
- dünya yaradılmışdır, onu Allah
yaratmışdır;
- axirətin qazanıldığı yer bu
dünyadır;
- dünya fanidir, ölümlüdür;
- insan bu dünyada aman verilmiş yolçudur;
- bu dünyada axirət mərkəzli bir
ömür yaşa;
- ilahi ölçüləri pozma;
- dünyadakı hər şey əmanətdir;
- heç bir şeyə mülkiyyət
gözü ilə baxma;
- mənimdir dediyin heç bir şey sənin
deyil;
- hər nemətin hesabı var;
- hər an ilahi nəzarətdəsən;
- bu dünyada əbədi deyilsən, qonaqsan,
ölümlü varlıqsan;
- ölümü, yenidən dirilişi,
hesabı, cənnəti, cəhənnəmi unutma;
- ikidünyalı ol, bu dünyanı axirətdən
ayırma;
- axirət dünyanın ruhudur;
- insan bu dünyada dörd məqsədi
gerçəkləşdirmək üçün var: Allaha
itaət, yer üzünün xəlifəsi olmaq, imtahan
olunmaq, dua etmək;
- hər günah bir yükdür, günah
yükü ilə axirətə getmə;
- günahın varsa, tövbə et;
- bu dünyadan axirətə aparacağın iki
şey olsun: iman, saleh əməllər;
- dünya nemətlərinə aldanma, dünya
malı səni deyil, sən onları idarə et, sərvətin
atı olma, sərvət atın olsun;
- bu dünya oyun-əyləncə yeri deyil;
- dünyanı məğlub etsən, göy
üzünün ən uca qatında fələk sənin
bayram xütbəni oxuyacaq;
- sən insansan, mələklərdən
üstünsən;
- ağıllı, iradəli, vicdanlı
varlıqsan;
- öz içindəki xəzinəni kəşf
et;
- Allah səni
çox sevir, ey insan, O, bu dünyanı və axirəti sənin
üçün yaratmışdır, O, sənə güvənir,
Onun güvənini boşa çıxartma;
- mənan cismindən çox
böyükdür;
- sən axirətə aidsən, əbədi
yerin oradır;
- axirət mərkəzli bir həyat yaşa;
İrfan əhli
insanı dünyəviləşmək, dünyanın köləsi
olmaq bəlasından qorumaq üçün bu
ölçüləri qoyur:
- qorunmağın ilk şərti
tanımaqdır;
- bu dünyada etdiyin hər şey axirətdə
qarşına çıxacaq;
- ilahi ədalət məhkəməsindən
qaçış yoxdur;
- nəfsini tərbiyə et;
- dünya nemətlərini yüklənmə,
yolun uzundur, yüngül ol ki, mənzilə çata biləsən;
- içindəki tamah atəşini
söndür;
- Allaha təslim
ol ki, bu dünyanın yükündən qurtulasan;
- təkəbbürlü olma, o,
gözünü kor edər, həqiqətdən məhrum
qalarsan;
- axirətdən ayırdığın dünya
dost qiyafəsindəki düşməndir;
- balaca düşmən böyük bəladır;
- nəfsinə itaət etmə;
- dünyadan yuxu kimi gizlən;
- dinə sarıl;
- irfan yoluna gəl, xəlvətə çəkil;
- sərvətə aid olma;
- dünya sevgisini qəlbindən çıxart;
- nur ol, elm öyrən;
- ömür qısadır, iki nəfəsdir,
onu iman və saleh əməllərlə bərəkətləndir;
- həyatını Allah eşqi ilə yaşa;
- qəlbinə hakim olan iki dünyanın səadətinə
qovuşar;
-
Allahı tanıdır;
- dünyanı tanıdır;
- insanı tanıdır;
- deyir ki, doğru tanıyan aldanmaz;
- sərvət, nemət təsəvvürü
verir - yaradılmış hər şeyə mülkiyyət
kimi deyil, əmanət kimi bax;
- ikidünyalı ol, bu dünyadakı
ömrünü axirəti qazanmağa sərf et;
Bəhram bu dünya mülkünün etibarsız
olduğunu tanımışdı, yəni dünyaya irfani baxışı
öyrənmiş, qəbul etmişdi. Nəticədə, bu qənaətə
gəlmişdi: hakimiyyət Allahın nemətidir, O, bu neməti
mənə verdi, məni hakimiyyət neməti ilə
sınayır, hər nemət kimi hakimiyyət də fanidir,
geri alınacaq, hakimiyyət mülkiyyət deyil, əmanətdir,
əmanətin gerçək sahibi Allahdır, O, verdiyi nemətin
hesabını soruşacaq, hər nemətin şükrü
olduğu kimi, hakimiyyətin də şükrü var, onun
şükrünü üç yolla gerçəkləşdirmək
olar: ədaləti təmin et, mərhəmətli ol, hakimiyyəti
insanlara xidmət vasitəsinə çevir. Nizami məhz "tanımaq"
felini seçmiş, içinə
sıraladığımız mənaları doldurmuşdur...
Mesaj budur: irfan əhli Bəhram Allahı, insanı,
dünyanı, axirəti, neməti doğru
tanıdığına görə hakimiyyətin
haqqını verdi, şükrünü
yerinə yetirdi, hakimiyyətin köləsi deyil, ağası
oldu, onun bəlasından qorundu, zülmü ortadan
qaldırdı, ədaləti onun yerinə qoydu, anlayış
doğru olanda davranış da doğru olur.
Bəhram bu dünya mülkünün etibarsız
olduğunu bildi, ona güvənmədi, özünə
başqa dayaq, güvən yeri seçdi ki, onu çox cazibəli
bir dünya neməti olan hakimiyyətin afətindən qorusun. Bu
dayağın adı "eşq mülkü"dür, o,
eşq mülkünü özünə dayaq etmişdi.
Beytdə
"təkye" sözünə ikinci dəfə yer
verilmişdir, bu sözün "böyük
çadır", "alaçıq", "xeymə"
mənaları da var, yəni Bəhram
çadırını, evini (anlayışını) eşq
mülkünün üzərində qurmuşdu / tikmişdi.
Nizami eşq mülkü deyir, bu mesajları verir: a) beytdə
iki "mülk" sözü var, birinci və ikinci
misradadır, nemət, var-dövlət, imkan mənalarını
daşıyır; b) biri dünya mülkü, o birisi eşq
mülküdür; c) dünya mülkü etibarsız, eşq
mülkü vəfalıdır; d) çadırını
(anlayışını) dünya mülkünün üzərində
quranın çadırı yıxılar, dünyaya məğlub
olar, çadırını eşq mülkünün üzərində
tikənin çadırı yıxılmaz, bu çadır
sahibini qoruyar; e) çadırını dünya
mülkünün üzərində tikən dünyaya
mülkiyyət, çadırını eşq
mülkünün üzərində tikən isə
dünyaya əmanət kimi baxar; ə) Nizami deyir ki, bu
dünyanın ən dəyərli neməti eşq
mülküdür, aşiq, arif, irfan əhli olmaqdır,
aşiq olan hakimiyyətin afətindən qorunar; i)
"eşq" sözü ərəbcədir,
ölçüsüz sevgidir, irfanın təməl
anlayışlarından biridir, həqiqi eşq Allah
eşqidir. İrfan əhli deyir ki, Allahı ancaq eşqlə
tanımaq olar, Allahı sevən onun yaratdıqlarını da
sevər, insanların sevgisini qazanan ilahi rizaya qovuşar...
Bəhram aşiq oldu, nəticədə, hakimiyyətin
(dünyanın) köləliyindən qurtuldu, onun
ağasına çevrildi, hakimiyyətdən insanların
könlünü qazanmaq vasitəsi kimi istifadə etdi, ölkəyə
ədalət, mərhəmət gətirdi.
İYİRMİ
DOQQUZUNCU BEYTİN ŞƏRHİ:
O, həftədə
bir gün işlərlə məşğul olub,
Qalan altı günü isə eşqbazlıq edirdi.
Nizami
öncəki beytdən başlayaraq Bəhramı irfan əhli,
aşiq, arif kimi tanıdır, onun bu halı ilə ölkədə
hər kəsə ədalət, hər kəsə mərhəmət,
hər insana xidmət hərəkatı arasında bağ
qurur, deyir ki, Bəhram aşiq, arif olduğundan bu böyük
hərəkatı gerçəkləşdirə bildi.
Şair aşiqliyin, arifliyin (irfan məktəbinin) önəmini
göstərmək üçün yeni vasitələr
seçir:
- ölçü qoyur: aşiqlik, ariflik
şahlıqdan üstündür;
- şah olanın aşiq, arif olması şərtdir;
- belə ki, hakimiyyətin afəti,
azdırıcı gücü çoxdur, qorunmağın yolu
aşiq, arif olmaqdır;
- şah öncə nəfsini tərbiyə etməli,
aşiqlik, ariflik məktəbindən keçməlidir;
- Nizami
aşiqliyin, arifliyin önəmini, dəyərini,
üstünlüyünü göstərmək
üçün mesajı zaman üzərindən verir;
- Bəhramın
dövlət işlərinə ayırdığı vaxtla
aşiqliyə, arifliyə ayırdığı vaxtı
tutuşdurur;
-
"ruzi" deyir, bu sözü misranın başına yerləşdirir,
zaman dilimini mümkün dərəcədə kiçildir:
"bir", "bircə", "tək bircə",
"ancaq bircə gün", "cəmisi / vur-tut bir
gün" demiş olur;
- dövlət işlərinə ayrılan zaman
dilimini daha da azaltmaq üçün "həftə"
sözünə yer verir: "həftədən / həftənin
ancaq bircə gününü";
- o, həftənin bircə gününü
dövlət işləri ilə məşğul oldu
("kar sazi kərd"), dövlət işlərini elə
nizama salmışdı ki, hər kəs öz işini yerinə
yetirirdi, Bəhram həftədə bir gün gəlir, işlərə
nəzarət edir, nizamı kökləyir, zəruri göstərişlər
verirdi;
- Nizami
aşiqliyin, arifliyin önəmini, dəyərini,
üstünlüyünü vurğulamaq üçün bədii
təzada yer verir, ikinci misrada Bəhramın nəfs tərbiyəsinə
ayırdığı vaxtı tanıdır;
- zaman dilimini böyüdür, "bircə
gün"ün qarşısına həftənin altı
gününü qoyur;
- o, bircə gün dövlət işinə,
altı gün eşqbazlığa ayırırdı;
Misradakı
"eşqbazlıq" sözündə bu mənalar var:
Birincisi,
xəlvət, Bəhram (adı mətndə yoxdur, bu, bir bədii
vasitədir, varlığı Allah sevgisində yox olmuşdur)
həftənin altı günü xəlvətə çəkilirdi;
- "xəlvət"in
içində bu anlamlar var: "xəlvət",
"üzlət", "inziva", "vihdət"
(yalnızlıq). Ortaq məna budur: xalqdan ayrı yaşamaq,
bir arada olmaq halından qaçmaq, insanlarla ünsiyyəti kəsib
Allahla ünsiyyət qurmaq;
- xəlvətin ziddi ixtilafdır, insanlarla bir
arada olmaqdır, söhbət, ünsiyyətdir;
- xəlvət nəfsi mənfi duyğulardan təmizləmək
vasitəsidir;
- xəlvət zahirin xalqla, batinin Haqla olmasıdır;
- xəlvəti söhbətdən üstün
tutan bir kimsə ancaq Rəbbinin rizasını istəyər;
- Rəbbinin
rizasını istəmə xaric nəfsin arzuladığı
şeylərdən heç birini istəməməsi şərtdir;
- xəlvət qəlbi Allaha bağlamaqdır;
- xəlvətin sağlam olması
üçün halal ruzi, Allahın haqqını yerinə
yetirmək şərtdir;
- xəlvəti söhbətdən üstün
tutan izzət qazanar;
- xəlvət ixlasa yol açır;
- ariflər deyirlər ki, ölənədək
dostun xəlvət, yeməyin aclıq, sözün Allaha
yalvarış olsun;
- söhbətdə xeyir varsa, xəlvətdə
də salamatlıq var;
- sadiqlərin dostu xəlvətdir;
İkincisi,
eşqbazlıq anlayışında riyazət, mücahidə
var:
-
"mücahidə" sözünün lüğəvi mənaları
var: "cihad", "savaş", "savaşmaq",
"cəhd", "qeyrət",
"çalışmaq", "riyazət" (çətinlik),
"pəhrizə əməl etmək";
-
"mücahidə" sözünün irfan bilgi sistemində
terminoloji mənası da var: "nəfslə
savaşmaq", "nəfsə savaş elan etmək",
"qəlbi mənəvi kirlərdən təmizləmək";
- mücahidəsi (əməyi, cəhdi, fədakarlığı)
olmayanın müşahidəsi, yəni məna kəşfi də
yoxdur;
- sıxıntı və məşəqqət
çəkməyənin qəlbi təmizlənməz, qəlbi
təmizlənməyən hüzura qovuşmaz;
- mücahidənin şüarı var: hərəkət
bərəkətdir;
- irfan üç şey üzərində
qurulmuşdur: zərurət olmadıqca yeməmək, yuxuya məğlub
olmadıqca yatmamaq, məcbur qalmadıqca danışmamaq;
- nəfsi əziz olanın dini zəlil olar, yəni
nəfsinə dəyər verən dininə dəyər verməz;
- başqasının əməyi ilə
yaşayan irfan əhli olmaz;
- mücahidə və riyazət metodunun əsası
var: uşağı süddən kəsən kimi nəfsi vərdişlərdən
kəsmək, hər zaman nəfsin arzusunun əksinə hərəkət
etmək;
- ac və yuxusuz qalmaq asan, mənəvi mikroblara
bulaşmış qəlbi təmizləmək isə çətindir;
- mücadilə təşəbbüskar olmaqdır;
- rahatlıq nəfsani arzulardan xilas olmaqdır;
- nəfsin zindanındır, ondan
çıxdınsa, əbədi rahatlığa
qovuşacaqsan;
Üçüncüsü,
eşqbazlıq anlayışında hal və məqam var:
-
"hal" sözünün lüğəvi mənası dəyişmədir,
hal dəyişməsə idi, hal adını almazdı, dəyişən
hər şey yox olur;
- hal masivadan (Allahdan başqa hər şeydən)
qəlbin əlaqəsini kəsərək özünü hər
an Onun hüzurunda hiss etməkdir;
- hal qulun niyyətidir, qəlbə gələn
sevinc, hüzn, rahatlıq, sıxıntı, şövq, dərd,
heybət, həyəcandır;
- hallar uca Allahın vergisidir, məqam isə
çalışaraq qazanılır. Hallar Onun səxavət
və lütfündən gəlir, məqamlar isə cəhd və
qeyrətə bağlıdır.
Məqamı
olan məqamında təmkin sahibidir, hal sahibi isə halı
içində hər an yüksəlişdədir (məqamda
sabitlik, halda isə dəyişmə var);
- hallar şimşək kimidir, parlayar və qeyb
olar;
- hallar davamlı olmasa, ard-arda gəlməsə,
hal olmaz;
- hal nurları zühur edincə parlayar, zühur
edən bu parıltılar güclənəndə gizli sirlər
ortaya çıxar;
- məqam insanın təkrar edə-edə
qazandığı, xarakter halına gətirdiyi ədəb və
əxlaqdır;
- bir insanın məqamı çalışaraq
ucaldığı yerdir;
- məqam riyazət (mücahidə, cəhd,
çalışma) yolu ilə qazanılır;
- məqamın şərti var: bir məqamı
gerçəkləşdirmədən ondan sonrakı məqama
göz dikmə, belə ki, qənaət məqamını
gerçəkləşdirməyənin təvəkkül məqamı,
təvəkkül məqamını əldə etməyənin
təslim məqamı doğru olmaz;
Dördüncüsü,
eşqbazlıq anlayışında nəfs təmizliyi var:
- nəfs bir şeyin varlığı,
özü, içi, zatı, həqiqəti, canı, ruhu, bədənidir;
- irfan düşüncə sistemində nəfs
insan varlığının ən aşağı təbəqəsidir,
elə buna görə də Nizami nəfsə "torpaq",
yəni ən aşağı olan deyir;
- nəfs cismani qəlibin içinə
qoyulmuş bir varlıqdır, tərbiyə olunmamış nəfs
bütün mənfi xüsusiyyətlərin
qaynağıdır, ruhun ziddidir;
- tərbiyə olunmamış nəfs pisliklərin,
ağıl elmin, ruh yaxşılığın, qəlb mərifət
və məhəbbətin mərkəzidir;
- qəlb nəfsə meyl edərsə, onun, ruha
meyil edərsə, onun özəlliklərini
daşıyır;
- irfan əhli tərbiyə olunmamış nəfsin
düşmən olduğunu bildirir;
- irfan əhli nəfsə qarşı mücadiləni
insanın vəzifəsi sayır;
- irfan əhli nəfs deyərkən insanın mənfi
xasiyyətlərini, əməllərini nəzərdə
tutur;
- irfan əhli insanın mənfi xüsusiyyət
və əməllərini iki yerə ayırır: insanın öz
iradəsi ilə qazandığı günahlar, ilahi iradəyə
zidd olan əməllər, bir də insanı pisliklərə
yönəldən duyğular;
- irfan əhli deyir ki, insan tərbiyəyə
möhtacdır, tərbiyə yolu ilə nəfsə nəzarət
mümkündür;
- nəfsə aid olan birinci qisim hökmlər
haram olan, edilməsi bəyənilməyən şeylərdir.
İkinci qisim hökmlər isə qəzəb, təkəbbür,
kin, həsəd, dözümsüzlük kimi insanı dəyərsizləşdirən
duyğulardır;
- nəfsani arzuları tərk, onu qırmaq, istəklərinin
ziddinə hərəkət etmək bir tərbiyə metodudur;
- Nizami
deyir ki, dünyanın köləsi olmaq istəmirsənsə
(dünyaya kölə olan axirəti qazana bilməz), nəfsinə
qarşı müxalifət mövqeyində dayanacaqsan;
- nəfsə qarşı olmaq ibadətdir;
- nəfsin başını elm qılıncı
ilə kəs;
- qəlbinin səmasında nəfsin ulduzları
doğarsa, Allahla ünsiyyət Günəşi batar;
- ibadətin açarı düşünməkdir,
doğru yolda olmağın əlaməti nəfsə
müxalifətdir;
- nəfsə müxalif olmaq onun arzularını
tərk etməkdir;
- nəfsin üsyanı mənfi, azmış,
yoldan, nəzarətdən çıxmış
duyğuların insanın varlığına hakim
olmasıdır, insanın ağıl və ruhun göstərdiyi
yoldan çıxmasıdır. Bu, nəfsin qudurması, qayda,
ölçü, nizam tanımaması, həddini
aşmasıdır;
- nəfsin afəti deyərkən ondan doğan
qüsurlar, müsibət, bəla, təhlükə, zərərlər
nəzərdə tutulur;
- nəfsə müxalifət Allaha, Onun əmrlərinə
tabe olmaqdır, nəfsə itaət də Ona üsyandır;
- nəfsə müxalif olmaqda xeyir, müvafiq
olmaqda şər var;
- tərbiyə olunmamış nəfs ədəbsizdir;
- nəfsin cilovunu əlindən buraxan həlak
olar;
- tərbiyəsiz nəfs dünyanın dostudur;
- ən böyük nemət nəfs diyarından
çıxmaqdır;
- insan üçün fəlakət nəfsindən
razı olmaqdır;
- cilovunu nəfsin əlinə versən, səni
qaranlığa aparar;
Beşincisi,
eşqbazlıq anlayışında azadlıq var:
- Nizami
deyir ki, nəfsinin əsarətindən qurtulan azad olar.
İrfan düşüncə sistemində azadlıq:
- dünyəvi ehtiraslardan qurtulmaqdır;
- qulun (insanın) məxluqatın köləliyi
altında olmamasıdır;
- maddi gücün ona təsir etməməsidir;
- maddi olanların dəyərlisi ilə dəyərsizi
arasında fərq olmamasıdır;
- ancaq Allaha qul olmaqdır, Ona təslim olan azad
olar, azad olanın dəyəri olar, dəyərin azad
olduğun qədərdir;
- bu dünyaya kölə olmayan axirətdə
dünya məsələlərindən hesaba çəkilməz;
- həqiqi hürriyyət qulluqda kamal
halıdır;
- Allaha
qulluqda sadiq olan başqalarına kölə olmaq
boyunduruğundan qurtular;
- nəfsani arzulara sahib olan kamil mənada hürr
olmaz;
- hürr və kərəm sahibi olan insan
dünyadan ölümlə çıxarılmadan öncə
özü dünyadan çıxar;
Altıncısı,
eşqbazlıq anlayışında mərifət var:
- irfan əhli qəlb və kəşf yolu ilə
əldə etdiyi bilgiyə mərifət, ağıl, dəlil,
məntiqlə əldə etdiyi bilgiyə də elm deyir;
- arif mərifət əhlidir, o, kəşf yolu
ilə (sezgi, vəcd, ilham) bilgi əldə edir;
- mərifətə
(irfana, kəşf yolu ilə əldə edilən bilgiyə)
sahib olan insanın bu özəllikləri var: o, öncə
Allahı ad və sifətləri ilə tanıyır, Ona
münasibətdə sadiq və səmimi olur, mənfi
duyğulardan, vərdiş və xasiyyətlərdən təmizlənir,
qəlbi parlaqlıq qazanır, səbir edir, qəlbi
davamlı olaraq Ona yönəlir, qeyrəti, cəhdi nəticəsində
Onun təvəccühünü qazanır, nəfsinə hakim
olur, nəfsi ona təsir etmək imkanını itirir, o,
Allahdan başqasına dəvət edən heç bir şeyə
etibar etmir, ancaq Ona təslim olur, qəlbi hüzura qovuşur,
nəticədə, sirləri müşahidə edir, həqiqəti
öyrənir. Bu, mərifət halıdır, bu halı
qazanan da arifdir;
- mərifət kəşf yolu ilə əldə
edilən bilgi, bu bilgini qazanan da arifdir, vəlidir, ya da sufidir;
- mərifətin ilk addımı zühd həyatıdır,
təcriddir;
- mərifətin əlamətləri var: heybət
çoxalır, mərifət artdıqca Allah qorxusu da
artır;
- arif olanın Ondan başqası ilə əlaqəsi,
aşiq olanın şikayəti yoxdur;
- mərifətin mənbəyi Allahdır, sonu isə
yoxdur;
- Onun
zikri qulun qəlbini istila edəndə o, özünü unudar,
nəfsani duyğular təsirini itirər;
- Onu
tanıyanlar Ondan başqa hər şeydən əl üzərlər,
susarlar;
- qəlbində ən çox Allah qorxusu olan
Onun haqqında ən çox mərifətə sahib olan kimsədir,
mərifət artdıqca qorxu da artar;
- mərifət sahibi olana bu dünya dar gələr;
- mərifət sahibi olan saf, təmiz olar, xoş
bir ömür sürər, heybətli görünər, qəlbindəki
məxluq qorxusu silinər, maddi şeylərə rəğbəti
qalmaz;
- mərifətdə həya və itaət var;
- mərifət bir aynadır, həqiqəti
göstərir;
-
Allahı ən çox tanıyan kimsə ən çox heyrət
edən kimsədir;
- arifin gözü ağlar, qəlbi gülər;
- arif
torpaq kimidir, yaxşı insanlar da, pis insanlar da onun üzərində
gəzər, arif bulud kimidir, hər şeyi kölgələndirər,
arif yağış kimidir, sevdiyinə də, sevmədiyinə
də su verər, arif hava kimidir, hər kəs onu tənəffüs
edər;
- arif iki şeydən doymaz, ağlamaqdan və
Ona həmd etməkdən;
- ariflər öz haqlarından əl çəkərək
Onun haqqını icra edərlər;
- mərifətdə üç şey var: heybət,
həya, ünsiyyət (zikr);
- arif düşünər ki, onun Allahdan
başqa qoruyucusu yoxdur;
- hər şeyin bir cəzası var, arifin cəzası
da Allahın zikrindən kəsilməsidir;
- arifin danışması çox zövq verir,
ancaq susması daha faydalıdır;
- heç bir şey arifi kədərləndirməz,
bulandırmaz, hər şey onunla saflaşar, durular;
- arif zahirdə xalq ilə, batində Haqq ilədir;
- mərifət Allaha təslim olan qəlbin həyatıdır,
qəlbin qayəsi mərifətdir;
Yeddincisi,
eşqbazlıq anlayışında zühd həyatı var:
-
"zühd" sözünün lüğəvi mənası
"istəksizlik", "rəğbətsizlik",
"önəmsizlik"dir. Bu sözün bir də terminoloji
mənası var: dünyaya, yəni maddi olana, mənfəətə
dəyər verməmək, tamahkar, ehtiraslı,
çıxarçı, eqoist olmamaq, qəlbdə dünya və
mənfəət sevgisi daşımamaq, maddə və mənfəətin
qəlbə soyuq gəlməsi, həris olmamaq, qənaətkar
olmaq, mənəvi dəyərlərin maddi dəyərlərdən
üstün olduğuna inanmaq. Ariflərə görə
zühd həyatının, zahidin, zahidliyin ölçüləri
bunlardır:
- zühd əhlinin sözü hikmətdir;
- haramda zühd şərt, halalda zühd fəzilətdir;
- zahid halına şükür edər;
- zahid səbirlidir;
- qənaəti sevər;
- ona ayrılan ruziyə razı olar;
- az mal ilə kifayətlənər;
- ehtiyacından artığını istəməz;
- dünyaya qarşı zahid olmaq qənaət
sahibi olmaqdır. Quru çörək yemək,
əba geyinmək deyildir.
- zahid dünya kirinə bulaşmaz;
- zahid əlindən çıxana üzülməz,
ona verilənə də sevinməz;
- zühd dünyanı tərk etmək, sonra da
kimin əlinə keçərsə, keçsin, vecinə
almamaqdır;
- zahid malını, aşiq canını verər;
- zühdün əlaməti mülk olan bir
şey əldən çıxanda rahat olmaqdır;
- zühd qəlbdən səbəb fikrini
çıxarmaq, əlləri mal və mülkdən silkələməkdir;
- zühd nəfsin külfətsiz şəkildə
dünyadan uzaqlaşmasıdır;
- zahid dünyada qəribdir;
-
Allahı tanıyan arif axirətdə də qəribdir;
- zühdündə sadiq olana dünya boyun əyərək
gələr;
- zühd əldə olmayan şeyin könüldə
də olmamasıdır;
- zühd içi ilə dışı bir
olmaqdır;
- zühd Allaha güvənməkdir;
- zühd dünya nemətlərini tərk etməkdir;
- zühd Allahla insan arasında olan bütün
maneələri dəf etməkdir;
- zühd qəlbdən maddənin təsirini silməkdir;
- zühd dünyanı kiçik görmək, qəlbdəki
əlamət və təsirlərini silməkdir;
- zahid nəfsini tərbiyə ilə, arif Rəbbi
ilə məşğuldur;
- zühd əlin mülk sahibi olmaqdan, qəlbin
isə mülk sahibi olmaq üçün araşdırma
aparmaqdan boş olmasıdır;
- zühd Allahdan başqa hər şeyə arxa
çevirməkdir;
- bu üç özəlliyə sahib olmayan əsla
zühdün həqiqətini anlamaz: ancaq Allahın
rizasını qazanmaq üçün çalışmaq,
tamahsız söz (mənfəət güdmədən
danışmaq), baş olmaq arzusundan imtina etmək (vəzifə
sahibi olmaqdan imtina etmək);
- zühd başqa şeydə deyil, sadəcə
halalda olur, dünyada halal yoxdur, yəni azdır, bu halda,
zühd də yoxdur, nadirdir, az tapılan bir şeydir;
- şübhə etmə ki, Allah zahidə istədiyindən
çox, dünyanı sevənə istədiyindən az, ikisi
arasında olana isə istədiyi qədər verər;
- zahid Allah qorxusundan, cəhənnəm əzabından,
arif isə Allah sevgisindən, ilahi nemətlərdən
danışar;
- zühd dünyaya qarşı zahid olmaq,
dünyanı sevənləri qınamaqdır;
- zühd dünyada olan şeyi dünyada olan kimsələrə
tərk etməkdir;
- zahidlər ehtiyacları olmadığı zaman
ehsan edərlər, fütüvvət əhli (arif, aşiq) isə
ehtiyacı olduğu zaman verər;
- dünyaya qarşı zahid, ruhən comərd
olmaq, xalqa qarşı səmimi davranmaq, ona nəsihət etmək
gözəl əxlaqın əlamətləridir;
- zühd bir mələkdir, pisliklərdən təmizlənməyən
qəlbdə oturmaz;
- bir kimsə insanlara zühd haqqında
danışar, sonra da onların malına rəğbət edərsə,
Allah o kimsənin qəlbindən axirət sevgisini silər;
- qul dünyada zahid oldumu, Allah ona bir mələk
göndərər, bu mələk o qulun qəlbinə hikmət
fidanı əkər;
- zühdün üç növü var,
birincisi, haramı tərk etmək, bu avamın
zühdüdür. İkincisi, halalın ehtiyac
olmayan hissəsini tərk etmək, bu, seçilmişin
zühdüdür. Üçüncüsü, Allah ilə
ünsiyyətdə olmağa mane olan hər şeyi tərk
etmək, bu da ariflərin zühdüdür;
- dünya bir bəzənmiş gəlin kimidir,
ona rəğbət edənlər saçını daramaq və
bəzəməklə məşğuldurlar. Zahid
bu gəlinin üzünü kömürlə qaraldar,
saçlarını yolar, paltarını yırtar. Arif
isə Allahla ünsiyyətdə olduğu (özünü hər
an Onun hüzurunda hiss etdiyi) üçün bu gəlinə
iltifat etməz;
- zahidlər sadəcə özlərini
düşünərək dünyanı tərk edərlər,
onlar əbədi nemət üçün fani neməti tərk
edən kimsələrdir;
- zahid özünü, arif isə Rəbbini
düşünür;
- zahid nəfsindən öncə kisəsini əridər,
pulunu xərcləyər, yalançı zahid isə kisəsindən
əvvəl özünü əridər;
- Allah
şərin hamısını bir evə doldurdu, dünya
sevgisini də bu evə açar etdi. Xeyirin hamısını
başqa bir evə doldurdu, zühdü də bu evə
açar etdi;
Səkkizincisi,
eşqbazlıq anlayışında səbir var:
- səbir et, O, səbir edənlərlə bərabərdir;
- səbir hadisənin sarsıntı
yaratdığı ilk anda göstərilən
dözümdür;
- səbir acını hiss etdiyin ilk anda olur;
- səbir üzünü turşutmadan
acını qudum-qudum içməkdir;
- vücuda görə baş nə isə, imana
görə də səbir odur;
- səbir uca Allahın buyruqlarına
qarşı olan davranışlardan uzaqlaşmaq, müsibətin
acılarını içərkən sakitliyi qorumaq, yoxsul
olduğun zaman da zəngin görünməkdir;
- səbir müsibətlər içində
olarkən ədəbə riayət etməkdir;
- səbir şikayət etməməkdir;
- səbir dirənişdir;
- səbirli adam nəfsinin hücumlarına
müqavimət göstərəndir;
- mükafatların ən gözəli səbirə
veriləcək;
- səbir uca Allahın buyruqlarını yerinə
yetirməkdir;
- səbir şikayəti, sızlamağı tərk
etməkdir;
- səbir uca Allahdan yardım istəməkdir;
- səbir dərman kimi istifadə edilən
dadı acı bir ağacın adıdır;
- səbir edənlər üç yerə
ayrılır: səbir etmək üçün
sıxıntı çəkənlər,
sıxıntısız səbir edənlər, bir də səbri
təbiət halına gətirənlər;
- səbir ayağı sürüşməyən
minikdir;
- səbir nemətlə möhnət arasında
fərq görməməkdir;
- Allah
üçün səbir məşəqqətdir, Onun ilə
səbir Ondan bir yardımdır, Onda səbir bəladır,
Onunla səbir vəfadır, Ondan uzaqda qalmağa səbir cəfadır;
- sıxıntı halında səbir qurtuluş
əlamətidir;
- arayış halında səbir zəfər əlamətidir;
- səbir o qədər səbir etdi ki, səbir
səbirdən yardım istədi və aşiq: "Ey səbir,
səbir et", - deyə fəryad etdi (səbrin də səbri
var);
- müsibət bir buluddur, bir az sonra
açılar, bu səbirlinin anlayışıdır;
- səbir susmağı bacarmaqdır;
Doqquzuncusu,
eşqbazlıq anlayışında az yemək
var:
- az yemək irfan əhlinin vəsfidir;
- az yemək nəfsə qarşı mücadilə
metodunun önəmli bir maddəsidir;
- aclıq (az yemək) bazarda satılan bir şey
olsa idi, bazara gedən axirət taliblərinin ondan başqa bir şey
satın almaları caiz olmazdı;
- günah və cəhalət toxluğun, elm və
hikmət aclığın içindədir;
- aclıq müridlər üçün riyazət,
tövbə edənlər üçün təcrübə,
zahidlər üçün siyasət, ariflər
üçün ikramdır;
- dünyanın açarı toxluq, axirətin
açarı aclıqdır;
- aclıq nur, toxluq atəşdir;
- iştah oduna bənzəyər, ondan atəş
meydana gələr, bu atəş sahibini yandırmadan sönməz;
- şeytan dünyəvi arzularını məğlub
edən insanın kölgəsindən qorxar;
Onuncusu, eşqbazlıq
anlayışında susmaq var:
- susmağın (az danışmaq) dörd
növü var: qəlbin, ruhun, dilin, sirrin sükutu;
- sükut səlamətdir;
- yerində susmaq mömin insanların sifətidir;
- yerində danışmaq da gözəl
xüsusiyyətlərdən biridir;
- haqq çeynənirkən susan dilsiz
şeytandır;
- yalandan, qeybətdən qorunmaq üçün
susan qul ilə, ilahi heybətin təsiri altında olduğu
üçün susan bir qul arasında böyük fərq
var;
- yerində söylənən söz igidin
yaraşığıdır;
- söz var ki, ölümə səbəb olur;
- arifin qəlbi sükut edər, Allahın
hökmünə razı olar, o, hər an riza
halındadır;
- danışmaq xoşuna gəlirsə sus, susmaq
xoşuna gəlirsə, danış;
- nəfsini xəlvətə sıx
bağlamayanın sükutu sağlam deyil, nəfsini sükuta
sıx bağlamayanın tövbəsi də sağlam olmaz;
- bir kimsənin vətəni (qəlb və dillə
susma məqamı) sükut olmazsa, o, sussa da, susmuş
sayılmaz (sükut sadəcə dilə xas deyil, qəlbin və
bütün orqanların da sükutu var);
On
birincisi, eşqbazlıq anlayışında qənaət var:
- qənaət riza və məmnunluqdur, yemə,
içmə, geymə kimi ehtiyacları zəruri həddə
tutmaqdır, tamahkar, ehtiraslı olmamaqdır, əldə olanla
razılaşıb
başqalarının haqqına, malına göz dikməməkdir,
israfdan qaçmaqdır;
- çalış, halalından qazan,
ehtiyacın qədər istifadə et, yerdə qalanını
möhtaclara ver;
- qənaət bitməz-tükənməz bir xəzinədir;
- qənaətkar ol ki, nemətə
şükür edəsən, onun qiymətini biləsən;
- qənaət soltandır, o, ancaq möminin qəlbində
özünə yer seçər;
- qənaət rizanın ilk mərhələsidir;
- qənaət istənilən, sevilən şeylər
olmayanda da hüzur içində qalmaqdır;
- qənaət bu dünyanı idarə etməkdir,
onun səni idarə etməsinə imkan verməməkdir;
- qənaət sərvəti idarə etməkdir,
onun səni idarə etməsinə izin verməməkdir;
- qənaət neməti əmanət bilməkdir;
- qənaət əldə olmayana istəkli
olmamaq, əldə olana da ehtiyac duymamaqdır;
- qənaət insanın qismətinə
düşən ruziyə razı olmaqdır;
- zənginlik və izzət yola çıxaraq
bir dost axtarmış, qənaətlə rastlaşmış,
onun yanında qərar tutmuşlar;
- qənaət də ruzidir;
- kimin qənaəti güclü olsa, hər
növ şorba ona xoş gələr;
- ən çox qənaətkar olan xalqa ən
çox yardım edəndir;
- qənaətkar başqasına yük
olmayandır;
- ac olsa da, qənaətkar zəngindir;
- Allah beş şeyi beş yerə qoymuşdur, izzəti
itaətə, zilləti günaha, heybəti gecə
namazına, hikməti boş qarına, zənginliyi qənaətə
yerləşdirmişdir;
- düşmənindən qisasla intiqamını
aldığın kimi, tamahından da qənaətlə intiqam
al;
- qənaətkar çox çalışmaqdan
qurtular, istirahət edər, hər kəsdən üstün
olar;
- tamahını sataraq pulu ilə qənaət
satın alan izzət və insafla zəfərə qovuşar;
- gözü xalqın əlində olanın dərdi
bitməz;
- şahin səmada uçarkən dəyərlidir,
ovçu onu görməz, silahı ona çatmaz. Şahin tələyə
qoyulmuş leş parçasına tamah etdimi, səmadan enər,
tələyə düşər;
- qənaətkar olmaq uca məqamdır;
- bütün dünyəvi səbəb və
vasitələri (mal və sərvət arzusunu) topladım,
onları qənaət ipi ilə bağladım, sədaqət
mancanağına qoydum, ümidsizlik dənizinə atdım və
istirahət etdim;
- Nizami
"Sirlər xəzinəsi" məsnəvisindəki
"Çevik olmaq haqqında" adlı məqaləni qənaət
anlayışını izah etmək üçün
yazmışdır;
On
ikincisi, eşqbazlıq anlayışında riza var:
- riza ilahi ölçüləri qəbul etmək,
ilahi iradəyə təslimiyyətdir;
- riza könlünü Allaha bağlamaqdır;
- təvəkkülün son mərtəbəsidir;
- ilahi təqdirə razı olmaqdır;
- rizanın iki növü var: Allahın qulundan
razı olması, qulun Ondan razı olması;
- sən Ondan razı ol ki, O da səndən
razı olsun;
- riza qulun (insanın) çalışaraq əldə
etdiyi məqamdır;
- riza ilahi feyzdir;
- riza ilə bağlı ortaq yol budur: o, ilk mərhələdə
qulun əməyi ilə qazandığı məqamdır,
sonda isə bir haldır;
- riza Allahın hökmünə etiraz etməməkdir;
- riza məqamını qazananların qəlbi
hüzura qovuşar;
- riza Allahın ən böyük qapısı,
dünyanın cənnətidir;
- insan nəfsani arzularından qurtulsa, Rəbbindən
razı olar;
- riza məqamını qazanmaq istəyənlər
Allahın razı olduğu işləri yerinə yetirsinlər;
- riza Onun lütfü də, qəhri də
xoşdur deyə bilməkdir;
- qəlbində dünyanın dəyəri olan
riza məqamına qovuşmaz;
- riza müsibətlər hökmünü icra
edərkən qəlbin şükür içində
olmasıdır;
- Nizaminin
mesajı var: axirət səadətini könül zənginliyi
ilə qazanmaq olar, riza könül zənginliyidir;
On
üçüncüsü, eşqbazlıq
anlayışında fakr var:
- fakr
sözünün lüğəvi mənası
"ehtiyac", "yoxsulluq", "məhrumiyyət",
"yoxluq"dur;
- fakrın iki mənası var: insanın hər
baxımdan özünü Allaha möhtac bilməsi, bu mənada
malı çox olanlar da yoxsuldurlar, bir də sərvəti
könlünə bağlamamaq;
- fakrın ziddi zənginlikdir, onun da iki mənası
var: könül zənginliyi, doğru bir inanca sahib olmaq, bir də
mal-dövlət zənginliyi;
- irfan əhli deyir ki, könül zənginliyi
mal zənginliyindən üstündür;
- fakr övliyanın şüarı, saf
insanların zinətidir;
- fakr qulun Allahdan başqa bir şeyə razı
olmamasıdır;
- fakr elə bir nemətdir ki, qulu riza dərəcəsinə
qovuşdurar;
- dünyanı ver, fakrı al;
- fakr təslimiyyətdir;
- yoxsulluq yoxsulluqdan qorxmaqdır;
- zənginlik Allaha güvənməkdir;
- ehtiyacın qədər ruziyə sahib ol, harama
bulaşma;
- fakr əldə bir şey olmadığı
zaman şükür, səbir etmək, olduğu zaman da
paylaşmaqdır;
- fakr təvazökarlıqdır;
- fakr mülkün gerçək sahibinin Allah
olduğunu bilməkdir;
- fakr almaqdan çox, verməyi arzu etməkdir;
- fakrın əlaməti dünyaya meyl etməməkdir;
- fakr Allahdan başqa kimsəyə möhtac
olmama halıdır;
- fakr sərvətə kölə olmamaqdır;
On
dördüncüsü, eşqbazlıq anlayışında
vəfa, sədaqət var:
- "vəfa"
sözünün sinonimi "sidq", "sədaqət"dir;
- vəfa doğru olmaq, doğruluqdur, yalanın
ziddidir;
- vəfa xəbərin baş verən hadisəyə
uyğun olmasıdır;
- vəfa əhdə bağlılıq, verilən
sözü tutmaqdır;
- vəfa insanın fitrətinə sədaqətidir;
- vəfa Allahın buyruqlarına təslimiyyət,
onları sevə-sevə yerinə yetirməkdir;
- vəfanın termin mənası olanı
olduğu kimi anlamaq, anlatmaqdır;
- vəfa dildə (sözdə), qəlbdə, əməldə
olur;
- vəfa haqq olana təslimiyyətdir;
- vəfa həqiqətə sədaqətdir;
- sadiq və sadiqlərlə birgə olmaq ilahi əmrdir:
"Ey iman edənlər, Allahdan qorxun, sadiqlərlə birgə
olun";
- kim əhdinə sadiqdirsə, ona nemət
verilmişdir;
- qul (insan) davamlı olaraq doğru
danışar, doğrunu (sidq) axtararsa, Allah onu sadiqlərin
sırasına, yalan danışar, yalanı axtararsa,
yalançıların sırasına yazar;
- bütün işlərin dirəyi,
başı sədaqətdir, hər iş onunla tamamlanar, nizama
düşər;
- kim Allahın rizasını qazanmaq istəyirsə,
dörd əllə sədaqətə sarılsın;
- sadiq qəlbində olanı vəsf etmək istəsə,
dili aciz qalar, gücü çatmaz;
- sidq həlak olacağını bilə-bilə
həqiqəti söyləməkdir;
- sidq sözün əmələ uyğun
olmasıdır;
- sidq haram olan şeylərdən uzaq
durmaqdır;
- sidq Allahın əhdinə vəfa etməkdir;
- nəfsinə kölə olan sidqin ətrindən
məhrum qalar;
- sadiq ölümü rahat qarşılayan kimsədir;
- sidq tövhidə sədaqətdir;
- sadiq olanı ya fərzləri, ya da nafilələri
yerinə yetirərkən görərsən, onun başqa
halı yoxdur;
- sidqin həqiqəti budur: yalandan başqa bir
şeyin səni qurtarmayacağını bildiyin halda, doğru
söyləməkdir;
- sadiq olanda bu üç xüsusiyyət var:
şirin dil, heybətli görünüş, nurani üz;
- içi sədaqət və ixlasla dolu
olanın çölü də bu hala uyğun olar;
- sidq Allahın qılıncıdır, hansı
şeyin üzərinə qoysa, onu kəsər, yəni
doğruluğun açmadığı qapı yoxdur;
- sadiqlərin xəyanəti nəfsləri ilə
danışmalarıdır;
- sadiq bütün vaxtını sidqə
ayırmışdır, vəsvəsəyə zamanı
yoxdur;
- bir gecəni Allaha sadiq olaraq yaşamaq Onun
yolunda qılıncla cihad etməkdən daha
üstündür;
- sidq xalqa olduğun kimi görünmək, ya da
göründüyün kimi olmaqdır;
- sadiqlərin əlamətləri var: xalqın
gözündə etibarını itirsə, bunu vecinə almaz,
batmanlar ağırlığında gözəl əməlləri
olsa, xalqın bunu bilməsini istəməz, pis əməlini
xalqın bilməsindən rahatsız olmaz (olsa, bu xalqın
gözündə etibar qazanmaq istəməsinin dəlili olar);
- sidq davamlı fərzdir, sadiq hər an sədaqətini
qoruyandır;
- sadiq olanın könlü həqiqətə
açıq olar;
- sadiq doğru sözün zərər verəcəyi
zaman doğru sözdən ayrılmayandır;
- sadiq yalan sözün fayda verəcəyini
gördüyü zaman yalan danışmayandır;
- hər şeyin bir dəyəri var,
yalançının doğru danışmasının
heç bir dəyəri yoxdur;
- yalançının (vəfasızın) əlaməti
çox and içməsidir;
- sadiq tacir yoxsulluq üzü görməz;
- Nizami
"Sirlər xəzinəsi" məsnəvisindəki
"Qəflətin məzəmməti haqqında" adlı
məqaləni, "Zülmkar padşah və
düzdanışan kişinin hekayəsi"ni
düzlük, sədaqət, vəfa anlayışlarını şərh
etmək üçün yazmışdır;
OTUZUNCU
BEYTİN ŞƏRHİ: EŞQİN QAPISINI
DÖYƏRDİ
Bir nəfəs
də olsun aşiqlikdən kənar qalmırdı,
(Daima) eşqin qapısını döyərdi, necə
də döyməsin?!
Nizami bu
ölçüləri qoyur: aşiqlik, ariflik şahlıqdan
üstündür, qəlbinə, nəfsinə hakim olan
dünyaya hakim olar, hakimiyyət ilahi nemətdir, hər nemət
kimi ikiyönlüdür, xeyrə də, şərə də
vəsilə ola bilər, bu nemətin afəti də var, cazibəsi,
insanı yoldan çıxarmaq imkanı çox
böyükdür, hakimiyyətin afətindən
qorunmağın yolu şahın arif, aşiq olması,
Allahı tanıması, Ona iman etməsidir, şahın arif,
aşiq olmasının əlaməti ölkədə ədaləti,
mərhəməti təmin etməsi, hakimiyyətə insana
xidmət vasitəsi kimi baxmasıdır, hakimiyyət nemətinin
şükrü hər kəsə ədalət, hər kəsə
mərhəmət, hər insana xidmətdir.
Nizami
deyir ki, Bəhram irfan məktəbinin tələbəsidir,
bu, bitməyən, davamlı tələbəlikdir, o,
aşiqliyi, arifliyi şahlıqdan üstün tuturdu,
inanırdı ki, şahın davamlı nəfs tərbiyəsinə
ehtiyacı var. Şair bu ana ölçünü öncəki
beytdə zaman üzərindən verdi, dedi ki, insan hansı
işə zaman ayırırsa, o işi sevir, Bəhram da həftənin
bircə gününü dövlət işlərinə,
altı gününü isə aşiqliyə, arifliyə
ayırırdı, onun ədalətli / mərhəmətli
olmasının səbəbi aşiqliyi, arifliyidir.
Nizami bu
beytdə Bəhram üçün ariflik, aşiqlik
şahlıqdan üstün idi ölçüsünün
ifadəsi üçün yeni vasitələr seçir:
- "nəfəs" sözünə yer verir, qəlibə
bir, bircə, tək bircə nəfəs anlamı yükləyir. Nəfəs
irfan düşüncə nizamının önəmli
anlayışlarından biridir. Nəfəsin irfani mənaları
bunlardır: qeybdən gələn incə (lətif) hallar, bu
halların qəlbi fərəhləndirməsinə - diriltməsinə
nəfəs deyilir, nəfəs sahibi (o halı yaşayan) hal
sahibindən daha incə, daha safdır, nəfəs sahibi
üçün hər an çox dəyərlidir, nəfəs
sahibi olmaq irfani inkişafın son mərhələsidir,
ucalığın son zirvəsidir, onlar sirri (mənanı) kəşf
edirlər, aşiqlər, ariflər deyirlər ki, ibadətlərin
ən fəzilətlisi Allahı unutmadan alınıb verilən
nəfəsləri saymaqdır, nəfəs dirilik əlamətidir,
ancaq hər nəfəs sahibi mənəvi diri deyil, hər nəfəsdə
Allahı xatırlayan diridir. Mərifət və tövhid
şüuru olmadan alınıb verilən nəfəs
insanın ancaq bioloji ehtiyacını təmin edər, bu halda,
insanla heyvanın, nəfəs alan hər varlığın
fərqi olmaz. Arif, aşiq üçün nəfəs
(Allah şüuru ilə yaşamaq) şərtdir, onun nəfəs
halı olmasa, məna kəşfi də olmaz, kəşf
yoxdursa, inkişaf, dəyər də yoxdur. Elə buna
görə də aşiq, arif rahat olmaz, nəfəssiz (mənəvi
dirilik halı) yaşamaz (Bəktaşilərdə nəfəs
heca vəznində yazılmış şeir
növüdür, ilahidir, onlar nəfəsə ayə -
işarə, mənəvi dirilik əlaməti də deyirlər);
- şair deyir ki, Bəhram arif, aşiqdir, o, bircə
nəfəs də olsa, aşiqlikdən (mərifət -
Allahı tanıma, Onunla davamlı ünsiyyət halı) uzaq
qalmırdı;
- Nizami Bəhramla
aşiqlik halının qırılmaz
bağlılığını, davamlığını ifadə
etmək üçün ən uyğun ifadə biçimini
seçmişdir: "borun nəzədi", "borun"
sözünün bu mənaları var: "xaric",
"çöl", "bayır", "zahir",
"görünüş", "zahiri hissə". Nizami
bu sözü "nəzədi" inkar feili ilə
bağlayır, "borun nəzədi", "kənara
çıxmadı", yəni aşiqlik nəfəs
halıdır - davamlı ünsiyyətdir, Bəhram o
halın içinə girirdi, bircə nəfəs də, ən
qısa zaman dilimi də o haldan çıxmırdı, onun
hüzur halı bu idi, hakimiyyət insana ləzzət, fərəh,
coşqu, rahatlıq verə bilər (verir), ancaq nəfəs
halının verdiyi həzzi, hüzuru verməz, Bəhram nəfəs
halı, mənəvi dirilik olmadan yaşaya bilmirdi, bu halla nəfəs
alırdı;
- Nizami Bəhramın
nəfəs halına ölçü, ata sözü, örnək
dərəcəsi verir, bu məqsədlə feili Bəhrama
deyil, ikinci şəxsin təkinə aid edir,
ölçünü ümumiləşdirir, hamıya
bağlayır: bircə nəfsə də olsa, aşiqlikdən
kənara çıxmadın / çıxmırsan. Feil
şühudi keçmiş zamandadır, qətilik,
şahidlik bildirir, hökm verir: nəfəs halı,
aşiqlik, ariflik halı Bəhramın halıdır,
ölçü, örnək odur, aşiq, arif Bəhram kimi
olar, onun kimi olun, o, bu dünyanın ən böyük maddi
nemətlərindən biri olan hakimiyyəti ən böyük
mənəvi nemətə - nəfəs, ariflik, aşiqlik,
Allahla davmalı ünsiyyət halına qurban vermişdir, o,
halı ilə demişdir ki, mənəvi olan maddi olandan
böyük, qalıcı, dəyərli, üstündür. Sevginin ölçüsü fədakarlıq deyilmi?
Bəhram da maddi hakimiyyəti mənəvi hakimiyyətə fəda
etdi;
- Bəhram
hər an eşqin qapısını döydü, Nizami bu
anlayışa da ölçü dərəcəsi
vermişdir: hər an eşqin qapısını döydün
/ döyürsən, yəni aşiqlikdə, ariflikdə
davamlılıq əsasdır, vəfa, sədaqət də
budur, fasilə varsa, aşiqlik yoxdur, insan bioloji
varlığının davamı üçün hər an nəfəsə
möhtac olduğu kimi, mənəvi diriliyi üçün də
davamlı aşiqlik, ariflik, nəfəs halına
möhtacdır, yəni hər an eşqin qapısını
döyürsənsə, aşiqsən;
- Nizami məhz
"qapı döymək" məcazını
seçmişdir: bu ifadə güclü mesajlar verir:
"qapını döymək" möhtaclıq, ehtiyac
halıdır - sənə möhtacam, ey eşq, sənsiz
yaşamaq imkanım yoxdur, balıq üçün su nədirsə,
aşiq üçün də eşq / nəfəs odur,
qapını aç ki, mən eşq evinə girim, yoxsa
aşiqlik, ariflik halından çıxaram, həlak olaram.
"Qapını döymək" sevgini ifadə edir,
aşiq sevdiyinin - eşqin, qapısını döyər,
qapını döymək istəyi iradə və israrı
ifadə edir, aşiq sevdiyindən əl çəkməz,
qapı açılanadək döyər, "qapını
döymək" əməyi ifadə edir, əməyi
olmayana eşq, aşiqlik, ariflik, nəfəs qapısı
açılmaz, hüzur halı verilməz, sevginin göstəricisi
onun yolunda verdiyin əmək qədərdir, əmək
sevgilini sənin onu sevdiyinə inandırar, o da bu əməyə
qarşılıq verər, qapını açar, zəhmətsiz
rəhmət yoxdur. "Qapını döymək"
ümiddir, ümidi olmayan qapıya getməz,
"qapını döymək" cəsarətdir, cəsur
olmayan aşiq, arif, nəfəs sahibi olmaz.
"Qapını döymək" ifadəsi deyir ki, eşq,
aşiqlik, ariflik bir evdir, qoruyucudur, insanı bütün
pisliklərdən qoruyar, eşq evi aşiqin hüzura
qovuşduğu tək məkandır, o evin qapısı
açıq olmaz, sevgisi, iradəsi, israrı, əməyi
olana açılar, belə ki, aşiqlik, ariflik çox
böyük nemətdir, varlığını fəda etməyənə
verilməz, qapını döy ki, açılsın, fəda
ol ki, qapı sahibi sənə inansın, bil, əmin ol ki,
qapını döysən, açılacaq. Qapını
döymək, əmək vermək, əziyyət çəkmək
səni böyütmək, içindəki xəzinəni kəşf
etmək, özünü tanımaq üçündür,
Allah inkişafı çətinliyə, əməyə, iradəyə
bağlamışdır, O, neməti haqq edənə verər;
- şair ikinci misranı belə tamamlayır:
"ona görə döydün ki", misranı tam oxuyaq, hər
an eşqin qapısını döydün, ona görə
döydün ki... (tərcümədə
bədii sual biçimi seçilmişdir: "necə / niyə
də döyməsin?"), yəni aşiqin, arifin eşqin
qapısını döyməkdən başqa yolu yoxdur, bu
ifadə biçimi bütün istisnaları sıradan
çıxarır, heç bir ehtimala haqq tanımır, deyir
ki, aşiqin, arifin gedəcəyi tək bir qapı var, o da
eşqin qapısıdır (açıqlaması
sıradakı beytdədir). Nizami bu cümləyə də
ölçü dərəcəsi vermiş, rədif olan
feili Bəhrama deyil, hamıya aid etmişdir, yəni kim eşqin qapısından başqa bir qapı
tanımırsa, o, aşiqdir, hər qapıya gedəndən
aşiq olmaz, hamını sevən heç kimi sevməz, hər
qıza aşiq olan heç bir qıza aşiq deyil;
- beytin rədifi
var: "nə zədi" (beytdə "zədən",
"döymək", "vurmaq" feili üç dəfə
işlədilmişdir, ikisi inkarda, biri təsdiqdədir), bu
feillər bütün istisnaları sıradan
çıxarır, bir yoldan başqa bütün yolları
bağlayır: aşiq, arif aşiqlik halından
çıxmaz, onun bir halı var, o da aşiqlik
halıdır, o, bir halda hüzurlu olur - aşiq olanda,
aşiq, arif ancaq və ancaq eşqin qapısını döyər,
aşiqin, arifin eşqin qapısını döyməkdən
başqa çarəsi yoxdur, o, tək evi olan eşq evinə
girməyə məhkumdur, yoxsa mənəvi dirilik
halını itirər;
OTUZ
BİRİNCİ BEYTİN ŞƏRHİ: CANI DA YOXDUR
Aşiqlik nişanəsi olmayan bir kəs varmı?
Eşqi olmayan kəsin canı da yoxdur.
Bu, öncəki beytin davamı,
açıqlamasıdır. Nizami Bəhramı irfan əhli,
aşiq, arif kimi tanıtdı, onun aşiqliyi şahlıqdan
üstün tutduğunu bədii vasitələrlə izah etdi,
dedi ki, o, bir nəfəs (an) da olsa, aşiqlik halından
çıxmırdı, hər an eşqin qapısını
döyürdü... Niyə? Beyt məhz (bax) bu sualın cavabını verir.
Şair aşiqliyin, arifliyin önəmini, dəyərini,
üstünlüyünü yeni bədii vasitələrə
yükləyir:
- imkansızlığı ifadə edir,
aşiqlikdən başqa yol görmür, deyir ki, halların ən
gözəli (dəyərlisi) aşiqlik halıdır, bu
halı yaşamayan mənəvi ölüdür;
- bədii sual seçir, "kist ke" deyir, o,
kimdir ki, elə birisi varmı, ola bilərmi, bu,
mümkündürmü ki, aşiqlik(dən) nişanəsi
olmayan insan olsun?;
- yəni mənəvi dirilik istəyənin
aşiq, arif olması, aşiqlik halı yaşaması
qaçılmazdır, mütləqdir, aşiqlik yoxdursa, mənəvi
dirilik də yoxdur;
- Nizami
"aşiqlik nişanəsi" deyir, burada
"nişan" sözü əlamət, hal mənasını
daşıyır, yəni aşiq, arif olan vəfasız
dünya mülkünə deyil, sadiq eşq mülkünə
arxalanar, vaxtını aşiqliyə ayırar, bir an da olsun,
aşiqlik halından çıxmaz (insanlarla ünsiyyətdə
olanda da qəlbi Haqla olar), hər an ancaq eşqin
qapısını döyər, aşiqlik sözlə olmaz,
onun nişanları var;
- şair aşiqlik nişanı olmayan kəs
yoxdur, ola bilməz deyir, beytin ikinci misrasında bunun səbəbini
açıqlayır, aşiqliklə, arifliklə mənəvi
dirilik, nəfəs halı arasında bağ qurur;
- "hər
ke" qəlibini seçir ("hər kim"),
istisnaya yer qoymur, yenə ola bilməz deyir, hər kimin ki
eşqi (aşiqlik halı) yoxdur, hər kim ki aşiq deyil,
onun canı da yoxdur;
- misrada imkansızlığı vurğulayan
söz "can"dır. "Can" sözü irfani
anlayışlarından biridir, bu mənaları var: can da nəfəs
kimi dirilik əlamətidir, can, ruh, həyat sözləri
bir-birinin yerində işlənmişdir, "həyat"
sözü Allahın əl-Hayy adı ilə eyni kökdəndir,
O, əl-Hayy olan Allahdır, mütləq diridir, əbədi həyat
sahibidir, hər canlıya həyat verəndir, ruh da dirilik əlamətidir,
ruh bədəndən çıxanda insan ölür.
Əslində, iddia edildiyi kimi insan ikili (bədən, ruh)
varlıq deyil, üçlü varlıqdır: bədən-can-ruh.
Bədən və can heyvanda da var, o da diridir, ancaq insanda ruh da
var, ona ruh üflənəndə ağıl, iradə, vicdan
verilmiş olur, bu üç nemət də insanı başqa
varlıqlardan seçir. Şair "can" sözünə
dirilik səbəbi olan ruh mənası yükləmişdir.
Can/ruh bədəndə olanda həyat (dirilik) davam edir... Nizami
"can" deyir, bioloji deyil, mənəvi diriliyi nəzərdə
tutur, mənəvi diriliyi (dəyərli, anlamlı, ilahi təyinatına
uyğun olmağı) aşiqliyə, arifliyə
bağlayır, eşqi olmayanın canı - mənəvi
diriliyi də yoxdur, olmaz, bu, imkansızdır
ölçüsünü qoyur, mənəvi diriliyin
(Allahın razı qaldığı insan olmağın) tək
bir şərti var, o da aşiqlikdir deyir. Bəhram mənəvi
diridir, belə ki, arif, aşiqdir, bunun nişanı (əlaməti)
də aşiqliyi şahlıqdan üstün tutması,
hakimiyyətə mülkiyyət deyil, əmanət kimi
baxması, onu imtahan vasitəsi sayması, insana xidmət
imkanına çevirməsi, ölkədə ədalət və
mərhəməti təmin etməsidir, o, aşiq olmasa idi,
bunları etməz, hakimiyyətin afətindən qorunmazdı;
- beytin rədifi
var, "nist" ("yoxdur") sözüdür,
imkansızlığı bildirir, bircə yol qoyur, deyir ki, mənəvi
diriliyin bir şərti var, o da aşiqlik, ariflikdir, aşiq,
arif olmayan canlı olar, ancaq insan olmaz, aşiqlik nişanı,
halı olmayan insan (insanlıq, mənəvi dirilik) yoxdur,
eşqi olmayanın / aşiq, arif olmayanın dəyəri
(canı, mənəvi diriliyi) də yoxdur;
OTUZ
İKİNCİ BEYTİN ŞƏRHİ:
AŞİQLƏR
MUNİSLƏRİ OLDULAR
Onun
varlığı eşq sikkəsi oldu,
Aşiqlər onun ən yaxın munisləri oldular.
Nizami Bəhramın
aşiqliyini, arifliyini, irfan əhli olduğunu, bu kimliyi hər
şeydən, o sıradan şahlıqdan çox sevdiyini ifadə
edir: onun dayağı vəfasız dünya mülkü deyil,
sadiq eşq mülküdür, həftənin bircə
gününü şahlığa, altı gününü
aşiqliyə, arifliyə ayırır, bir nəfəs olsun
belə aşiqlik halından çıxmır, deyir ki, mənəvi
dirilik aşiqliklə mümkündür, aşiqlik Bəhramı
hakimiyyətin bəlasından qoruyur, ariflik onu ədalətə,
mərhəmətə, xalqa xidmətə bağlayır, o,
ancaq eşq qapısını döyür, bilir ki, aşiq
olmayan mənəvi ölüdür...
Şair
bu beytdə aşiqliyin, arifliyin, irfan əhli olmağın dəyərini,
önəm və üstünlüyünü, Bəhramın
bu dəyərlərlə iç-içə olduğunu ifadə
etmək üçün ölçü qoyur: Bəhramın
varlığı aşiqliklə, arifliklə eyniləşmiş,
irfan xəmiri ilə yoğrulmuşdur, onları bir-birindən
ayırmaq imkansız olmuşdur. Nizami bu
ölçünün ifadəsi üçün yeni bədii
vasitələr seçir:
- "eşq sikkəsi" deyir, "sikkə" pulun
(qızıl, gümüş) üzərinə vurulan
damğadır, məcazi olaraq pulu ifadə edir, yəni sikkə
elə pul anlamını daşıyır. "Eşq sikkəsi"
bir məcazdır, bu mesajları var: sikkə pulun tanınma
nişanıdır, eşq də Bəhramın tanınma əlamətidir,
sikkə pula necə basılırsa (içinə doldurulur,
canına yeridilirsə), eşq də Bəhramın
mayasına yerləşmişdir, sikkə olmasa, pulun dəyəri
bilinməz, eşq olmasa, Bəhramın dəyəri olmaz, sikkə
pulun ayarını göstərir, eşq də Bəhramın
ayarıdır, sikkəsiz pul olmaz, saxta sayılar, eşqsiz
insan olmaz, Ona mənəvi ölü deyilər...;
- Nizami "şod"
("oldu") deyir, məhz "olmaq" feilini seçir, yəni
sikkəni pulun üzərinə basmaq üçün ciddi əməyə
ehtiyac var, bu, ustaların işidir, Bəhram da eşq sikkəsini
varlığına yerləşdirmək üçün
çox çalışdı, ariflərin əlində
yetişdi, sikkə ustaları öncə pulu, sonra sikkəni
hazırlayır, sonra da sikkəni pula basırlar, aşiqlik də
uzun, çətin işdir, zərgər əməyidir;
- sikkə
köhnəlir, sürtülür, yeyilir, ustalar (dövlət
adamları) pula nəzarət edirlər, ehtiyac olanda sikkəni
dəyişirlər, aşiqlik də davamlı nəzarət,
iş, əmək tələb edir, aşiq, arif qəlbini nəzarətdə
saxlamalı, kirlənməsinə izin verməməlidir, elə
buna görə də Bəhram həftənin altı
günü eşq/irfan məclisində olur, təmizlənir,
artır, inkişaf edir;
- sikkənin saxtası da olur, onu seçmək
usta işidir, saxta sikkə haram qazanca yol açır, ölkənin
iqtisadi imkanlarını azaldır, saxta aşiqlər də
insanların əxlaqını pozur, xurafələrlə
ağlını öldürür, onları sürüləşdirir,
istismar edir. Elə buna görə də aşiq, arif səviyyəli
irfan məktəbində yetişməli, ustalardan eşq,
aşiq, arif sikkəsi almalıdır;
- Nizami
deyir ki, Bəhramın varlığı eşq sikkəsi oldu,
misrada "xolase" sözü var, "nəticə",
"öz", "özət", "mahiyyət",
"varlıq", "can", "maya" anlamlarını
daşıyır, bu damğa / əlamət Bəhramın
üzərində deyil, mayasındadır, onda eşqdən
başqa bir şey yoxdur, Bəhram demək eşq, aşiq,
arif deməkdir, varlığı eşqə
qarışmış, yox olmuşdur, eşqə təslimiyyəti
o dərəcədədir ki, eşqlə Bəhramı
ayırmaq, seçmək imkansızdır. Elə
aşiqliyin, arifliyin ölçüsü də budur.
Bu, Nizaminin halıdır, onun məna kəşfinin səbəbi
də bu təslimiyyətdir, ölçü budur: ver ki,
alasan, təslim ol ki, kəşf edəsən, aşiq, arif ol
ki, məna qapıları açılsın, dəyərin təslim
olduğun qədərdir, azadlığın
ölçüsü təslimiyyətdir;
- aşiqlik, ariflik, mənəvi dirilik, nəfəs
halını qorumağa ehtiyac var, yəni aşiq, arif olmaqla
iş bitmir, bu halın davamlılığı şərtdir.
Nizami Bəhram üzərindən bunun da yolunu göstərir:
"aşiqlər" sözünü seçir,
çoxluğu ifadə edir, "munis" (çox yaxın,
dost, can dostu) sözünü də cəmləyir, "munislər",
sonra "xas", yəni özəl, seçilmiş
anlamı daşıyan qəlibə yer verir: aşiqlər Bəhramın
xas, özəl, seçilmiş can dostları,
sirdaşları, hal yoldaşları oldular. Mesaj budur:
aşiqlik, ariflik halının qorunması aşiq, arif
dostların arasında olmaqdır, balıq üçün su
nədirsə, aşiq üçün də can, hal
dostları odur;
- Nizaminin
ölçüləri budur: hər kəsə ədalət,
hər kəsə mərhəmət, hər insana xidmət hərəkatını
gerçəkləşdirmək istəyən dövlət
başçısı arif, aşiq, irfan əhli
olmalıdır, yalnız o, bu hərəkatı gerçəkləşdirə
bilər, yalnız o, hakimiyyətin bəlasından qorunar, bu
böyük halın və hərəkatın qorunması, hədəfinə
qovuşması üçün aşiqliyə, arifliyə, ədalətə,
mərhəmətə, insana xidmətə inanmış,
canını bu dəyərlər uğrunda fəda etmiş
aşiq, arif dostlara ehtiyac var. Misrada "aşiq" və
"munis" sözlərinin cəmdə işlənməsi
deyir ki, haqq, ədalət, mərhəmət, insana xidmət hərəkatı
ancaq və ancaq eyni ideala inanmış, sadiq can dostları ilə
gerçəkləşə bilər, bu fərdi deyil,
kollektiv əməkdir, belə ki, çox çətin,
çox şərəfli, sıxıntılarla dolu yoldur.
Əlindən tutacağın, arxanı söykəyəcəyin,
imanından əmin olacağın, arif, aşiq, haqqa təslim
olmuş dostların yoxdursa, bu yola çıxma, arif, aşiq
olsan da, dostların olmasa, bu halı qoruya bilməzsən, ədalət,
mərhəmət, insana xidmət deyə bilərsən, ancaq
can dostların yoxdursa, bu hərəkat uğur qazanmaz;
- Nizami
sınır qoyur, "xas" sözü bu sınırı
ifadə edir: Bəhramın dostları ancaq və ancaq
aşiqlər idi, başqa birisini yaxına buraxmırdı.
Belə ki, bir çürük almanın bir ton sağlam
almanı çürüdəcəyini, bir mikrobun bir
sağlam bədəni sıradan
çıxaracağını bilirdi, aşiqi, aşiqlik
halını aşiqlər qoruyar, ədaləti bu dəyərə
inananlar sevər, onun yolunda canını verər;
- Nizami Bəhramın
dostları ilə yaxınlığının dərəcəsini
ifadə etmək üç vasitə seçib: "aşiqlər"
- halı eyni olanlar, "munislər", "munis"
sıradan bir yaxınlıq deyil, dostluğun ən uca zirvəsidir,
munis elə bir dostdur ki, ürəyini sənə vermişdir,
sən olmuşdur, bir də "xas" sözü var,
"xas" ancaq Bəhrama aid olan anlamını
daşıyır, yəni onların Bəhramdan başqa dostu
yox idi, bu dərəcədə vəfalı idilər;
- beytin rədifi
var "u" ("o") əvəzliyidir, Bəhramı nəzərdə
tutur, Nizami Bəhram demir, "o" deyir ("onun"
biçimində), mesaj yükləyir: Bəhramın
varlığını eşqə qurban verdiyinin, onunla
iç-içə keçdiyinin, arif, aşiq olduğunun dərəcəsini
ifadə edir. Bəhramın adı, varlığı eşq dənizində
yox olmuşdur, onun yeni adı var: aşiq, arif, ədalət, mərhəmət,
insana xidmət;
OTUZ
ÜÇÜNCÜ BEYTİN ŞƏRHİ: HÖKMÜ
ALTINDA OLDU
Onun
işləri və peşəsi göylərə ucaldı,
Bütün dünya onun hökmü altında oldu.
"Yeddi gözəl" məsnəvəsinin "Bəhram
Gurun padşahlığı" bölməsinin süjet xəttinin
dördüncü mərhələsi başlayır. Birinci mərhələdə
şah Bəhram təsvir olundu, ikinci mərhələdə Bəhramın
hər kəsə ədalət, hər kəsə mərhəmət,
hər insana xidmət hərəkatının nəticələri
açıqlandı, üçüncü mərhələdə
Bəhramın arifliyi, aşiqliyi, irfan məktəbinə
bağlılığı tanıdıldı, ədalət hərəkatı
ilə aşiqlik arasında bağ quruldu. Dördüncü
mərhələdə də aşiqliklə, arifliklə
şahlıq birləşəndə hansı nəticələri
ortaya çıxarar sualına cavab verilir. Nizami yeni mərhələyə
uyğun bədii vasitələr seçir:
-
şahlıqla arifliyi / aşiqliyi ayrı-ayrı
tanıdır, iki fərqli ad seçir: "kar" və
"bari", "kar" ("iş") deyəndə
şahlığı, "bari" deyəndə aşiqliyi nəzərdə
tutur;
-
"bari" sözünün bu mənası var:
"yük", bu sözə mətndəki yerinə görə
"peşə", "ixtisas", "əsas məşğuliyyət"
mənalarını da verə bilərik;
- iki fərqli
ad ("iş", "yük"/ "peşə")
arifliyin şahlıqdan üstünlüyünü ifadə
etmək üçündür, şahlıq işdir, ariflik
isə yükdür, əsas işdir, ağırdır, hər
an Bəhramla olan yükdür, hər an
yaşadığı haldır, məsuliyyətdir, işi
yerinə yetirirsən bitir, aşiqlik bitmir, davamlıdır,
daha önəmlidir;
-
"iş"lə "yük"ün arasında "və"
bağlayıcısı var, ayırır, fərqi,
üstünlüyü ifadə edir;
- Bəhram
arifliyi / aşiqliyi şahlığın əsasına qoydu,
arif şah oldu, nəticədə, ölkədə hər kəsə
ədalət, hər kəsə mərhəmət, hər
insana xidmət hərəkatını gerçəkləşdirdi,
hakimiyyətin afətindən qorundu, onun işi və
yükü (şahlığı, arifliyi) göylərə
ucaldı, xeyrə, barışa, hüzura, rifaha yol
açdı, dəyər qazandı, dillərdə dastan oldu.
Misradakı "asimana ucaldı" (asimandan da uca oldu) qəlibi
arifliklə şahlığın, arif olan şahın bərəkətini,
önəmini, dəyərini ifadə edir;
- ariflik /
aşiqlik nəticəsində qəlbinə, ağlına,
iradəsinə, nəfsinə hakim olan şah dünyaya da
hakim oldu, qəlbinə hakim olan dünyaya hakim olar
ölçüsü gerçəkləşdi, ariflik qəlb
hakimiyyətinə, qəlb hakimiyyəti ədalətə, mərhəmətə,
insana xidmətə, bu dəyərlər də dünya
hakimiyyətinə yol açdı;
- Nizami əsasında
ariflik, aşiqlik olan şahlığın bərəkətini
göstərmək üçün məkanı, məsafəni
böyüdür, sonsuzluq mesajı verir, bu məqsədlə
birinci misrada "asiman", ikinci misrada "cahan"
sözünü seçir, üstəlik, "həme cəhan"
("bütün dünya") deyir, istisnaya yer qoymur, sonra
hakimiyyət anlamını daşıyan "fərman"
sözünə yer verir, deyir ki, bütün dünya onun (Bəhramın)
hakimiyyəti altına girdi, ariflik, aşiqlik nəticəsində
hər kəsə ədalət, hər kəsə mərhəmət,
hər insana xidmət hərəkatı bütün
dünyanı əhatə etdi, yəni qəlbə hakim
olmağın yolu ariflik, dünyaya hakim olmağın yolu ədalət,
mərhəmət, insana xidmətdir, mesaj budur:
şahlığı ariflikdən ayırma;
- beytin rədifi
var, "o" əvəzliyidir ("onun" biçimində,
"u ra" - onu, onun), son iki beytin rədifi "o" əvəzliyidir,
Bəhramı önə çıxarır, onu seçir,
üstün qılır, məhz onun işi, yükü
göylərə ucaldı, bütün dünya məhz onun fərmanının
altına girdi, niyə? O, arif, aşiq şah idi,
şahlığın əsasına aşiqliyi qoymuşdu, ey
şahlar, sizin örnəyiniz Bəhramdır, arif, aşiq
olun ki, ədalətə, mərhəmətə, insana xidmətə
yönələsiniz, hakimiyyətin afətindən
qorunasınız, işiniz bərəkətlənsin,
adınız göylərə ucalsın, insanların və Allahın
rizasını qazanasınız;
OTUZ
DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ: ŞADLIQ
EDİRDİ
O,
dünyanı xoşluqla sürürdü,
Ədalət göstərib şadlıq edirdi.
Bu, aşiqlik, arifliklə şahlığı birləşdirməyin,
şahlığın əsasına irfana
bağlılığın qoyulmasının nəticələrini
açıqlayan ikinci beytdir. Nizami Bəhramın hüzur
halını ifadə edir, yeni vasitələr seçir:
- yenə
"u" ("o") deyir, şəxs əvəzliyini
misranın başına yerləşdirir, hər məsələni
(halı) Bəhramla bağlayır, arifliklə
şahlığın kənar nəticələrini deyil, məhz
Bəhramda ortaya çıxardığı halı
tanıdır. Nizami arifliklə şahlığın birləşməsinin
nəticələrini açıqlayarkən "o" əvəzliklərinin
sayını artırır - son üç beytdə beş "o" şəxs əvəzliyi
var, onlardan dördü rədif mövqeyindədir. Bunun səbəbi
odur ki, şair Bəhramı örnək göstərir,
şahlara deyir ki, sizin örnəyiniz aşiqliklə
şahlığı birləşdirmiş Bəhramdır,
zülmdən, hakimiyyətin afətindən qorunmağın, ədalətə,
mərhəmətə, insana xidmətə yönəlməyin
yolu / ölçüsü budur;
- Nizami Bəhramın
hüzur halını ifadə etmək üçün beytin
mesajını iki anlayış vasitəsi ilə vermişdir:
"xorrəmi", "dad" - hara baxsan, bu iki söz
görünür;
- beytdə
iki "xorrəmi", bir "dad" sözü var,
"xorrəmi" sözü bu mənaları
daşıyır: "şadlıq", "sevinc",
"yaşıllıq" (yaşıllıq da sevincin rəngidir),
"dad" sözü isə ədalət mənasını
yüklənmişdir. "Xorrəmi" sözünün
"dad" sözündən çox olmasının səbəbi
var, belə ki, beytin ana mesajı sevinc, hüzur, fərəhdir,
elə buna görə də açar söz "xorrəmi"dir
- aşiqliklə şahlığın birləşməsinin
ortaya çıxardığı haldır;
- Nizami
aşiqliklə ədalət, ədalətlə sevinc,
hüzur halı arasında bağ qurmuşdur, sıralama belədir:
ariflik, aşiqlik şahlığın əsasına qoyulanda
ölkədə ədalətin, mərhəmətin, insana
xidmətin təmin olunmasına, bu üç dəyər də
sevincə, hüzura yol açır, həm ölkə
(insanlar), həm də Bəhram hüzura qovuşur;
- beytdə "cahan" sözü var, bu
dünyada Bəhrama verilmiş ömrü nəzərdə
tutur, o, ömrünü şadlıq, sevinc, fərəh,
hüzur içində yaşayırdı;
- Nizami
hüzur halı (mənəvi dirilik) ilə ömür
arasında bağ qurur, deyir ki, ömrün hüzur halın qədərdir,
yaşamaq hüzur (mənəvi dirilik) halında olmaqdır,
bu da arifliklə, aşiqliklə mümkündür;
- şair
bu halın dəyərini ifadə etmək üçün
"xordən" feilini seçmişdir, bu feilin
"içmək", "yemək" mənaları var: Bəhram
dünyadakı ömründə sevinc, fərəh, hüzur
içirdi/yeyirdi, ruhunun qidası bunlar idi, o dərəcədə
rahat idi ki, mənəvi sərxoşluq halı
yaşayırdı;
- üstəlik, beytdəki "xordən"
feili keçmiş davamedici zamandadır: içirdi/yeyirdi, yəni
onun hüzur halı davamlı idi, bir an olsun belə bu haldan
ayrı deyildi: aşiqlik, ariflik davamlı hüzur
halıdır, ömür də budur;
- bu hüzurun qaynağı nədir? İkinci
misra bu suala cavab verir: "dad midad" - "ədalət
göstərirdi", buradakı feil də davamedici
zamandadır, yəni Bəhramın ədalətinin iki özəlliyi
var idi: a) hamıya ədalət; b) davamlı ədalət;
- davamlı (fasiləsiz) ədalət göstərdiyinə
görə "xorrəmi mikərd", davamlı
şadlıq edirdi, davamlı hüzur içində olurdu,
ikinci feil də ("edirdi") davamedici zamandadır:
davamlı ədalətin nəticəsi davamlı hüzur
halıdır, ədalətli ol ki, hüzura qovuşasan,
ömrün anlam qazansın;
- beytdə üç feil var, ikisi qafiyə
mövqeyindədir, üçü də davamlılıq
bildirir, Bəhramın hüzurunun davamlı olduğunu israrla
vurğulayır, səbəbini açıqlayır:
ariflik/aşiqlik şahlığın əsasına qoyulanda
fasiləsiz ədalətə, mərhəmətə, bu iki dəyər
də davamlı hüzura (mənəvi dirilik halına) yol
açır, deyir ki, gerçək ömür budur, qəlbinin
şahı olan dünyanın da şahı olar;
OTUZ
BEŞİNCİ BEYTİN ŞƏRHİ: HÜZURUNA AXIRDI
Xəzinələr
onun hüzuruna axırdı,
Qılınc və şallaq sürgün edilmişdi.
Nizami
arifliyin, aşiqliyin şahlığın əsasına
qoyulmasının ortaya çıxardığı nəticələri,
bərəkəti, xeyri tanıtmaq üçün yeni vasitələr
seçir:
- öncə arif, aşiq, şah Bəhramı
tanıdan önəmli bir sözə yer verir: "həzrət",
bu söz "hüzuruna" (qarşısına, önünə)
biçimində tərcümə olunub ki,
yanlışdır, məna itkisinə yol
açmışdır. "Həzrət" irfana aid
anlayışdır, hərfi mənası "ağa",
"böyük", "alicənab"dır, irfani
(terminoloji) anlamı isə seçilmişliyi ifadə edir,
"həzrət" irfani tərbiyə sistemi ilə qəlbini
təmizləmiş, nəticədə, kəşf, ilham,
sezgi yolu (irfani bilgi nizamı) ilə mənalara qovuşmuş
arifdir, aşiqdir. Nizami niyə məhz bu məqamda
Bəhramı həzrət kimi təqdim edir? Birincisi, qəbul
etdiyi anlayışa görə arifliyi, aşiqliyi
şahlıqdan üstün tutur, ikincisi, Bəhramın ədalətə,
məhəmətə, insana xidmətə yönəlməsini
arifliyinə bağlayır, üçüncüsü, Bəhrama
sayğısını ifadə edir, onu bir şeyx kimi
tanıdır, dördüncüsü, bu adı (sifəti)
arif və şah Bəhrama o zaman verir ki, artıq onun işlərinin
nəticələri ortadadır, ədaləti ölkəyə
hüzur, barış, rifah gətirmişdir, beşincisi, Bəhramı
şahlara örnək göstərir, o etdi, siz də edə
bilərsiniz mesajı verir;
- Nizami
arifliklə şahlığın birləşməsinin ortaya
çıxardığı bərəkəti tanıdarkən
çoxluq ifadə edən sözlərə yer verir, bu
sözlərdən biri də "xəzinə"dir, orijinalda
təkdə ("gənc"), tərcümədə cəmdədir
("xəzinələr"). Xəzinə
var-dövlətin saxlanıldığı yerdir.
Şair çoxluğu, bərəkəti, bolluğu ifadə
edən bir söz də seçir, bu qəlib feildir, "rəvane
şode", "axırdı"/
"axmışdı", davamlılığı,
çoxluğu, bərəkəti, bitib tükənməyən
sərvəti ifadə edir, yəni arif, aşiq, şah Bəhramın
ədaləti ölkədə elə bir bolluğa, zənginliyə
yol açdı ki, vergi toplamaq üçün xüsusi tədbirlərə
ehtiyac qalmadı, hər kəs vergisini könüllü, sevə-sevə
verdi, nəticədə, xəzinə o həzrətin
qapısına axdı, özü axdı, zorla gətirilmədi,
"axmaq" feilində hərəkətə müdaxilə
yoxdur;
- Nizami
ikinci misrada ariflik, aşiqliklə şahlığın birləşməsinin
ortaya çıxardığı ən önəmli nəticəni
tanıdır, deyir ki, zülm yox oldu, onun yerinə ədalət
qoyuldu. O, zülmlə ədalətin fərqini göstərmək
üçün zülm dövrünə aid üç
söz seçir: "qarət" (soyğunçuluq, talan),
"qılınc", "şallaq", bu sözlərin
üçü də zorakılığı,
hüquqsuzluğu, işgəncəni ifadə edir;
- yəni zülm dövründə ölkənin
xəzinəsini doldurmaq üçün insanların malı
zorla əlindən alınır, dövlət özünü
quldur kimi aparırdı. Arif, aşiq, şah Bəhram gəldi,
qarət, qılınc, şallaq - zorakılıq,
hüquqsuzluq, yolkəsənlik, işgəncə ölkədən
sürgün edildi / sürgün edilmişdi, ədalət, mərhəmət,
insana xidmət anlayışı ölkəni o dərəcədə
zənginləşdirdi ki, hər kəs vergisini sevə-sevə
verdi, xəzinə doldu, var-dövlət həzrətin
qapısına - dövlətin qapısına sel kimi axdı;
- beytin rədifi
var, "olmaq" feilidir, işi, əməli, hərəkəti
ifadə edir, ariflik ədalətə, ədalət
zülmün ortadan qaxmasına, bu da zənginliyə, zənginlik
xəzinənin dolmasına, o da insanların, dövlətin
güclənməsinə, o da barışa, hüzura, mərhəmətə
yol açdı. Bu gözəl nəticələrin ortaya
çıxması Bəhramın arif, aşiq olmasına,
böyük əməyinə bağlıdır;
OTUZ
ALTINCI BEYTİN ŞƏRHİ: DÜNYANI İDARƏ EDİRDİ
Dünyanı
öz qılıncı ilə qaldırıb,
Taziyanənin ucu ilə yenə endirirdi.
Bu beyt
aşiqlik, arifliklə şahlığı birləşdirməyin
Bəhrama qazandırdığı siyasi, mənəvi
gücü, imkanı ifadə edir, Nizami Bəhramı siyasi, mənəvi
kəramət sahibi kimi tanıdır, dövlət idarəçiliyi
ilə bağlı qoyduğu ölçünü fərqli
biçimdə açıqlayır: şah arif, aşiq olmalıdır.
O, ölçüsünü bu vasitələrlə təqdim
edir:
- arifliklə
şahlıq birləşəndə ədalətə, mərhəmətə,
insana xidmətə yol açır, bu da dövlət
başçısını bir dünya şahına
çevirir, ölkəsinin sınırı genişlənir,
hər kəs barışın, hüzurun, rifahın
olduğu ölkədə yaşamaq istəyir, Bəhramın
hökmünü qəbul edir, onun sözünə, əməlinə
inanır, mənim şahım odur deyir;
- Nizami
arifliyin, aşiqliyin şahlığa
qazandırdığı siyasi, mənəvi gücü ifadə
etmək üçün mübaliğəyə yer verir,
deyir ki, dünyanı qılıncı ilə qaldırıb
taziyanəsinin (şallağının) ucu ilə endirirdi,
mesajlar var: dünya onun siyasi gücünü qəbul
etmiş, hökmü altına girmişdi (qılınc və
şallaq siyasi gücün simvollarıdır), elə bir
siyasi, mənəvi gücü var idi ki, dünyanı idarə
etmək ona çətin gəlmirdi, hər kəs ona itaətə
yönəlirdi - dünyanı qılıncı ilə
qaldırıb şallağının ucu (məhz ucu) ilə
endirmək bu asanlığı ifadə edir, yəni
aşiqlik, ariflik ən böyük mənəvi, ədalət,
mərhəmət, insana xidmət isə ən böyük
siyasi gücdür, bu iki dəyər birləşsə,
ölkəni bu dəyərlərlə idarə etsən,
dünya hökmünün altına girəcək, ariflik,
aşiqlik qəlbinə hakim olmağa, qəlbinə hakim olmaq
ədalətə, mərhəmətə, insana xidmətə,
bu dəyərlər barışa, hüzura, rifaha, sabitliyə,
onlar da dünya hakimiyyətinə yol açacaq, sənə
dünyanı qılıncın ilə qaldırıb şallağının
ucu ilə endirmək gücü verəcək, ədalətin
qarşılığı itaət olacaq, xalqdan itaət istəyən
ədalətə, mərhəmətə, insana xidmətə
yönəlsin;
- Nizami bu
ölçünün bərəkətini, önəmini, dəyərini
ifadə etmək üçün ona atalar sözü, hikmət,
örnək dərəcəsi (statusu) vermişdir, bu məqsədlə
feilləri üçüncü şəxsin təkinə -
Bəhrama deyil, ikinci şəxsin təkinə - hamıya aid
etmişdir, beyt orijinalda belədir: Cahanı qılınc ilə
qaldırıb, şallağın ucu ilə endirirsən - tərcümədə
isə bir sıra yanlışlar var: birincisi, feillər
üçüncü şəxsin təkindədir. Nizaminin
idarəçiliklə bağlı qoyduğu
ölçü ümumi olmaq imkanından məhrum edilib ancaq
Bəhrama bağlanmışdır, ikincisi, beytə mənsubluq
(Bəhrama aidlik) ifadə edən üç əlamət
artırılmışdır: "öz",
"qılıncı" (Bəhramın qılıncı),
"taziyanəsinin" (Bəhramın
şallağının). Tərcümədə beyt belə
oxunur: (Bəhram) dünyanı öz qılıncı ilə
qaldırıb, Taziyanəsinin ucu ilə endirirdi. Orijinal belədir:
Dünyanı qılınc ilə qaldırırsan, Taziyanənin
ucu ilə yenə (təkrar) endirirsən. Tərcümədə
mesaj fərdi, orijinalda isə ümumidir: Nizami bütün
şahlara deyir ki, arifliyi, aşiqliyi şahlığın əsasına
qoysanız, bu, ədalətə, mərhəmətə,
insana xidmətə yol açacaq, dünya sizin
hökmünüz altına girəcək, insanların
könlünü qazanacaqsınız, onlar sizə itaətə
yönələcəklər;
OTUZ
YEDDİNCİ BEYTİN ŞƏRHİ: YAŞILLAŞIB
BARLANIRDI
Ölkənin
(ağacı) onunla yaşıllaşıb barlanırdı,
O, Günəş
kimi səxavət kökünü genişləndirirdi.
Nizami bu
beytdə arifliklə aşiqliyi şahlığın əsasına
qoymağın, şah arif, aşiq, irfan əhli
olmalıdır ölçüsünün başqa bir
yönünü açıqlayır, onun dəyərini səxavət
anlayışı üzərindən verir, uyğun bədii
vasitələr seçir:
- müqayisəyə yer verir, barlı, bərəkətli
ağacla Bəhramı tutuşdurur;
- "mülk" deyir, İranı, onun təsir məkanında
olan bölgələri nəzərdə tutur. Misradakı
"mülk" sözü monarxiya nizamına da işarə
edir, yəni İran (imperatorluq) Bəhramın
mülküdür. "Mülk" sözünün
canında idarəçilik də var, belə ki,
"mülk", "malik", "məlik" sözləri
eyni kökdəndir, yəni Bəhramın idarəçi, məlik,
malik olduğu məkan. "Mülk" sözü deyir ki, Bəhram
İrana göz-bəbəyi kimi baxırdı;
- bu mülk "əz u" (ondan), yəni Bəhramdan,
onun hər kəsə ədalət, mərhəmət, insana
xidmət hərəkatı hesabına dəyişdi. "Onun
hesabına" qəlibi İranın yaxın tarixini iki yerə
ayırır: a) zülm tarixi; b) ədalət tarixi; Bu qəlib
deyir ki, Bəhramdan öncəki zülm dövründə
ölkə xeyir-bərəkətdən məhrum
qalmışdı, o dərəcədə ki, inəklər
qısırlaşmış, ağaclar bar vermək
imkanını itirmiş, insanların nəfəs almaq
imkanı qalmamış, qapılara qəm qıfılı
vurulmuşdu...;
- Bəhram
gəldi, arifliklə aşiqliyi şahlığın əsasına
qoydu, ədalətin, mərhəmətin, insana xidmətin yolu
açıldı, nəticələr ortaya
çıxdı...;
- nə oldu? Misra deyir ki, Bəhramın ədaləti
hesabına ağacların (bu söz beytdə yoxdur, nəzərdə
tutulur) budaqları yaşıllaşdı, çox bar verdi, yəni ədalət bərəkətə,
zənginliyə, ruziyə yol açdı;
- birinci
misrada "gerçe" ("əgər"+"çe")
qəlibi var, "baxmayaraq", "hərçənd",
"hərçənd ki" mənalarını yüklənmişdir.
Bu söz tərcümədə nəzərə
alınmamış, nəticədə, məna itmişdir.
Belə ki, bu qəlibin beytdə önəmli bir işi var, o
da müqayisə imkanı formalaşdırmaqdır, "gərçe"
qəlibi Bəhramın ədaləti hesabına dirilmiş
(yaşıllıq, meyvə dirilik əlamətidir), bar-bərəkət
qovuşmuş ağacla Bəhramı tutuşdurur, səxavət
anlayışının inşasına yol açır (incəliklərini
göstərəcəyik);
- Nizami
"u" ("o") deyir, bu şəxs əvəzliyini ikinci
misranın başına yerləşdirir, Bəhramı nəzərdə
tutur, müqayisə içində müqayisəyə yer
verir, həm ağacla Bəhram, həm də Bəhramla
Günəş tutuşdurulur;
- Bəhramın
Günəşlə, ağacla müqayisəsi bu mesajlara yol
açır: Bəhram Günəş kimidir, onun səxavəti
ağacın səxavətinə bənzəməz, ağac
sahib olduğu imkanlara Bəhramın hesabına qovuşdu, Bəhramın
hər kəsə ədalət, hər kəsə mərhəmət,
insana xidmət hərəkatı olmasa idi, ağac bar verməz,
səxavətli olmaq imkanı ortaya çıxmazdı. Bəhramın
səxavətinin qaynağı isə arifliyi, aşiqliyi, irfan
əhli olmasıdır, ağacın səxavətinin xeyri
bağbana aiddir, ağac onu bəsləyən bağbana ruzi, sərvət
verir, paylasa, hörmət qazandırır, Bəhram isə
Günəş kimidir, Günəşin özü nur
qaynağıdır, nurunu fərq qoymadan hər kəsə, hər
varlığa verər, ağac verdiyinin
qarşılığında qayğı, qulluq istəyər,
Günəş isə heç bir şey istəməz,
ağacın imkanı (barı) bitər, Günəşin
nuru tükənməz, əslində, ağacla Günəşin
səxavətinin müqayisəsi imkansızdır, belə ki,
ağac varlığını da, meyvəsini də Günəşə
borcludur. İndi iki misranı bir arada oxuyaq: mülkün
ağacı Bəhramın hesabına yaşıllaşsa da,
bar versə də (buna baxmayaraq), Bəhram özü Günəş
kimi idi, yəni ağacın səxavəti ilə Bəhramın
səxavətinin müqayisəsi qeyri-mümkün idi,
bağbanına səxavətli olan ağacla hər kəsə,
hər şeyə səxavətli olan Günəşi
müqayisə etmək olarmı? Yəni ariflik, aşiqlik,
irfan əhli olmaq insanı Günəş kimi səxavətli
edər;
- misrada
"pey" sözü var, "ayaq", "iz", "əsas",
"bünövrə" anlamlarını
daşıyır, sonra "fəraxi" sözü gəlir,
"genişlik", "bolluq" mənalarını
yüklənir, Bəhramın səxavətini ifadə edir: o,
Günəş kimi bolluğun, səxavətin, bərəkətin
kökünü, təməlini, bünövrəsini
genişlətdi, yəni səxavətini hər kəsə
aid etdi, elə bir səxavət evi tikdi ki, o evdə hər kəsə
yer oldu. Bu anlayış deyir ki, zülm daraldır, ədalət
genişləndirir, zülm yığır, ədalət
paylayır, zülm qaranlıq, ədalət Günəşdir,
zülm xeyri, bərəkəti, ruzini yox edir, ədalət
ağacları meyvə ilə mayalayır;
- beytin rədifi var, "daşt"
sözüdür, "malik olmaq" anlamını
daşıyır, deyir ki, ölkə Bəhramın
hesabına bərəkətə qovuşdu, Bəhramın səxavəti
hər evi ruzi sahibi etdi;
- beytdə
iki "o" əvəzliyi var, ikisi də Bəhram deyir,
ölkənin xeyrə, zənginliyə, hüzura
qovuşmasının səbəbkarını tanıdır,
o, arif, aşiq, irfan əhli, hər kəsə ədalət,
hər kəsə mərhəmət, hər insana xidmət hərəkatının
müəllifi olan Bəhramdır;
OTUZ
SƏKKİZİNCİ BEYTİN ŞƏRHİ:
BOLLUĞA
GÜVƏNDİLƏR
Əhali
öz mal-dövləti ilə qürrələnib,
İllərin (daimi) bolluğuna (hey) güvəndi.
Məsnəvinin
süjet xətti yeni mərhələyə keçir, bu,
beşinci mərhələdir: birincisi, Bəhramın şah
kimliyi tanıdıldı, ikincisi, Bəhramın hər kəsə
ədalət, hər kəsə mərhəmət, hər
insana xidmət hərəkatının gerçəkləşdirilməsi
üçün atdığı addımlar təqdim olundu,
üçüncüsü, Bəhramın ədalət hərəkatının
nəticələri açıqlandı, dördüncüsü,
aşiqlik, ariflik, irfan əhli olmaqla şahlıq arasında
bağ quruldu, şahlığın əsasına bu dəyərlərin
qoyulmasının nəticələri göstərildi. Sıra beşinci mərhələyə
çatdı. Nizami bu mərhələdə
sınırsız bolluq, hədsiz zənginlik insanı yoldan
çıxarar, Allahı unutdurar, şükürdən
uzaqlaşdırar ölçüsünü qoyur, uyğun
vasitələr seçir:
-
"insanlar" ("mərdoman", "əhali",
"xalq"), bu söz cəmdədir, iki məsələni
nəzərdə tutur: a) Bəhramın ədalət hərəkatı
hamını (çoxluğu) zəngin etmişdi; b) toplumda
nemətə şükürsüzlük xəstəliyi
ortaya çıxmışdı;
- xəstəliyin əlaməti bu idi: zənginlik
içində üzən hər kəs (istisna yoxdur) iki
şeylə qürrələnirdi: nemət və mal. Nizami bu
ikisinin arasına "və" bağlayıcısı
qoymuş, onları ayrı-ayrı saymış, bu yolla hədsiz
zənginliyə işarə etmişdir, mal sərvəti, nemət
isə zənginliyin yol açdığı bütün
imkanları nəzərdə tutur - gözəl evlər,
harın dolanışıq tərzi, zəngin yaşam
biçimi...;
- hədsiz
zənginlik təkəbbürə yol açmışdı,
təkəbbür xəstəliyinin bu əlamətləri
var: qürrələnmək, nemətin gerçək sahibini
- Allahı unutmaq, özünü nemətlərin yiyəsi zənn
etmək, bu nemətlərin əbədi olduğunu
düşünmək, zülmün ortaya
çıxardığı yoxsulluğun, aclığın,
dilənçiliyin pəncəsində
qıvrıldığın günləri unutmaq, israf, xəsislik,
sərvətinin üzərində ehtiyac sahiblərinin haqqı
olduğunu bilməmək, başqalarını xor görmək,
kimsəni bəyənməmək, ələ salmaq,
halallıqdan uzaqlaşmaq, haramlara bulaşmaq, dünyəviləşmək
(dünya malına kölə olmaq), sərvət tutqusu... Təkəbbür
xəstəliyinin qaçılmaz nəticəsi budur: sərvətə
kölə olmaq (sərvətin ağası / sahibi olan
paylaşar, köləsi olan yığar),
azadlığını itirmək;
- hədsiz
zənginliyin ortaya çıxardığı mal-dövlətlə
öyünmək xəstəliyinin bir nəticəsi də
var, Nizami bu məqamda "fəraxi" sözünə yer
verir, genişliyi, rahatlığı, zənginliyin ortaya
çıxardığı bolluğu nəzərdə tutur,
bu sözü qafiyə mövqeyində olan "il"
("sal") sözünə bağlayır, "il"
sözü təkdə olsa da, cəmlik bildirir, "illər"
deyir, yəni illərin bolluğu / genişliyi - Bəhramın
hakimiyyət illərinin ortaya çıxardığı
bolluq. Onlar illərin bolluğuna - genişliyinə
arxalandılar, güvəndilər, söykəndilər, onu
özlərinə dayaq bildilər - "təkiye kərdənd".
Yəni həqiqəti, nemətlərin gerçək sahibi
Allahdır, şükür etsəniz, O, neməti artırar,
nankor olsanız, nemətlərini geri alar, azaldar, nemətlərin
şükrü onlardan ilahi təyinatlarına uyğun istifadə
etməkdir ölçülərini unutdular, elə bildilər
ki, bu zənginlik əbədi olacaq, onlar hər zaman yağ-bal
içində yaşayacaqlar, zənn etdilər ki, gerçək
güc qaynağı Allah deyil, nemətlərdir, ona görə
də nemətlərin gerçək sahibinə deyil, nemətlərə
güvəndilər, sərvətə itaət etdilər, nəticədə,
Allaha qulluğu deyil, nemətlərə köləliyi
seçdilər, bu da ən dəyərli nemət olan
azadlığın itirilməsinə yol açdı;
- Nizami bu
beytdə bir ölçü də qoymuşdur: hakimiyyətin,
sərvətin, zənginliyin afəti var, qorunmağın yolu
arif, aşiq, irfan əhli olmaqdır, belə ki, hakimiyyət və
sərvət arif, aşiq, irfan əhli Bəhramı deyil, bu dəyərlərdən
uzaqlaşan İran xalqını yoldan çıxarmışdır,
yəni ariflikdən uzaqlaşmağın nəticəsi sərvətə
kölə olmaq, azadlığını, dəyərini itirməkdir;
OTUZ
DOQQUZUNCU BEYTİN ŞƏRHİ:
QƏLBLƏRİNDƏN
ÇIXARDILAR
Tanrı
şükrünü onlar öz qəlblərindən
çıxardılar,
Şəfqəti öz sinələrindən silib
atdılar.
Bəhramın
hər kəsə ədalət, hər kəsə mərhəmət,
hər insana xidmət hərəkatının bərəkətli
nəticələri ortaya çıxdı: ölkəyə
hüquq, hüzur, barış gəldi, insanlar zəngin
oldular, ancaq bu sel kimi axan var-dövlət onlara Allahı
unutdurdu. Nizami beytdə bu zənginliyin insanları yoldan
çıxardığının ifadəsi üçün
vasitələr seçir:
- "Yəzdan"
sözünə yer verir, bu söz Allahın əl-İlah
(ibadət, itaət edilməyə layiq tək məbud) adına uyğun gəlir. Şair
niyə Allah, ya da əl-İlah sözünü deyil, məhz
Yəzdan sözünü seçmişdir? Bəhramın
şahlığı dönəmində İranda hakim olan din
zərdüştlükdür, şair də məsələni
tarixi gerçəkliyə uyğun anlayışla izah edir,
belə ki, bu dinin mənsubları itaət etdikləri
varlığa həm də Yəzdan deyirdilər;
- Yəzdanın
şükrünü unutmağın mənaları
bunlardır: a) sınırsız zənginlik təkəbbürə,
təkəbbür mənəvi korluğa yol açdı,
onlar həqiqəti görmək imkanını itirdilər; b)
qafil oldular, onları kimin yaratdığını, niyə
yaratdığını, insana hansı missiyanı yüklədiyini,
insanın bu dünyadakı varlıq səbəbini, haradan gəlib
haraya getdiyini, ölümü, yenidən dirilişi,
hesabı, axirəti, cənnəti, cəhənnəmi
unutdular; c) Allahın ər-Rəzzaq olduğunu - nemətlərin
gerçək sahibini, Onun saysız hesabsız ruzilər
yaratdığını, bu ruziləri hər an
yaratdıqlarına payladığını unutdular, əllərindəki
sərvəti əmanət deyil, mülkiyyət zənn etdilər,
var-dövlətin gerçək sahibi olduqlarını
düşündülər; d) sərvət təsəvvürləri
dəyişdi, sərvətin ilahi təyinatını
unutdular: halalından qazan, halal işlərə xərclə,
ehtiyacın qədər istifadə et, yoxsulların sərvətinin
üzərində haqqı olduğunu bil, yığma, payla
ölçülərini yaddan çıxardılar; e)
şükür anlayışları dəyişdi, hətta
yox oldu, şükrün mənası budur: nemətlərin
sahibinin Allah olduğunu bil, hər nemətdən ilahi təyinatına
uyğun istifadə et; ə) sınırsız zənginlik
Allah təsəvvürünün dəyişməsinə səbəb
oldu - Allahı unutmaq "Allah" sözünü yaddan
çıxarmaq deyil, Allah anlayışının
pozulmasıdır, onların Allah təsəvvürü dəyişən
kimi - ana ölçü pozulan kimi bu qaynağa bağlı
olan bütün ölçülər dəyişdi,
şükrün yerini nankorluq, sərvəti
paylaşmağın yerini var-dövlət yığmaq tutdu;
-
Allahı, Ona şükrü unutmağın qaçılmaz
nəticələri bunlardır: insan Allahı unudanda, Allah təsəvvürü
dəyişəndə Allah da insanı insana unutdurur - insan
özünü unudur, yəni insan təsəvvürü dəyişir,
bu dünyadakı varlıq səbəbini yanlış
anlayır, nemətlərin sahibi olduğunu zənn edir, sərvət
sərxoşu olur, dünyəviləşir, sərvətə sahib deyil, aid olur, sərvətin
köləsinə çevrilir, o, sərvəti deyil, sərvət
onu idarə edir, sərvəti paylamır, yığır, nəticədə,
azadlığını itirir, kölələşir, maddi
imkanı Allaha ortaq qoşur, Allaha deyil, zənginliyə itaət
edir, nəticədə, şükrün yerini nankorluq,
imanın yerini küfür, Allahın yerini sərvət
bütü, haqqın yerini batil, azadlığın yerini
köləlik tutur, insan ilahi təyinatını, anlamını,
dəyərini itirir;
-
Allahı, Ona şükrü unutmağın bir nəticəsi
də var: Allahın şükür etsəniz, neməti
artırar, nankor olsanız, neməti azaldaram
ölçüsü (qədəri, qanunu) işə
düşür, zənginlik geri alınır (Nizami
sıradakı beytdə və bölmədə bu qanunu izah
etmişdir);
- zənginləşmiş, harınlamış,
sərvət sərxoşu olmuş iranlılar Allaha
şükrü elə unutdular ki... Nizami
unutqanlığın (qafilliyin) dərəcəsini ifadə
etmək üçün bu sözləri seçir:
şükrü qəlbdən (qəlblərindən) azad etdilər,
çıxardılar, qəlbdə şükrün izi-tozu da
qalmadı. İnsan sevdiyini qəlbində tutar, ona özəl
yer ayırar, sınırsız sərvət iranlıların
qəlbini öldürdü, fitrətini dəyişdirdi, Allah
təsəvvürünün pozulması qəlbin ölməsinə
yol açdı, qəlbin ölməsi imandan,
şükürdən, mərhəmətdən məhrum
olmasıdır, ölmüş qəlbi küfür,
nankorluq, təkəbbür, sərvət ehtirası
işğal etmişdir, ölmüş qəlb sahibi
özünü (təyinatını) unutmuş, həqiqəti
görmək imkanını itirmişdir, onun qəlbində
şükür adlı anlayış yoxdur;
-
Allahı, Ona şükrü unutmağın bir nəticəsi
də var: onlar şəfqəti sinələrindən
ayırmışdılar - silmişdilər. Şəfqətli
olmaq diri qəlbin özəlliyidir, şəfqətin meyvəsi
sevgidir, başqalarını düşünmək, yumşaq
olmaq, ehtiyac sahiblərinə əl uzatmaq, imkanlarını
paylaşmaqdır;
- sərvət
sərxoşluğu şəfqəti o dərəcədə
unutdurmuşdu ki, sinədə (qəlbdə) bu sözün
heç bir əlaməti qalmamışdı, onu sinələrdən
söküb atmışdılar, qəlbin şəfqət
adlı ana qidalarından birini ondan ayırmışdılar,
qidasız qalan ölməyə məhkum olduğu kimi şəfqətsiz,
qəlb də ölmüşdü, şəfqətin yerini
acımasızlıq tutmuşdu, qəlb nankorluğun,
acımasızlığın əsiri olmuşdu, yəni Allah
təsəvvürü pozulsa, şükür, şəfqət
anlayışlarının anlamını itirməsi
qaçılmazdır, şükrü, şəfqəti
olmayan insan mənəvi ölüdür, mikrobdur, toplum
üçün təhlükə qaynağıdır;
- beytin rədifi
var, "etdilər" feilidir, cəmdədir, yəni
sınırsız zənginlik İranda çoxluğu əhatə
etmiş, onlara Allahı unutdurmuşdu, harınlıq
Allahı unutmağa, o da nankorluğa,
acımasızlığa, sərvət sərxoşluğuna
yol açmışdı. Nizami deyir ki, bu, onların əməllərinin
nəticəsi idi, "etdilər", "özləri etdilər",
Allahı unutdular, Allah da onların özlərini özlərinə
unutdurdu, ilahi qanun işə düşdü - unudan unudulacaq,
Allahı unudan şirklə, imanı unudan küfürlə,
şükrü unudan nankorluqla, zənginliyin səbəbini
unudan yoxsulluqla, şəfqəti unudan acımasızlıqla,
ədaləti unudan zülmlə, halalı unudan haramla, xeyri
unudan şərlə, sevgini unudan nifrətlə ...
qarşılaşacaq - cəzalanacaq;
QIRXINCI
BEYTİN ŞƏRHİ: ŞÜKÜR
ETMƏSƏNİZ...
Tanrının
yaratdığı insanlar,
Nemətə görə şükür etməyən
zaman.
Bəhramın
hər kəsə ədalət, hər kəsə mərhəmət,
hər insana xidmət hərəkatı nəticəsində
İran çox zəngin ölkə oldu, insanlar
varlandılar, bu sel kimi axan sərvət təkəbbürə
yol açdı, təkəbbürlü insanlar nemətin
gerçək sahibi olan Allahı unutdular - Allah təsəvvürləri
pozuldu, özlərini nemətin gerçək sahibi zənn
etdilər, Allah da Onu unudanları özlərinə unutdurdu -
özləri özlərini unutdular, nemətləri
yaradanı, insanın yaradılış missiyasını
yaddan çıxardılar, bu da nankorluğa yol açdı,
qəlblərində şükrün izi-tozu qalmadı, şəfqət
duyğusunu qəlblərindən söküb atdılar,
acımasız oldular, maddi, mənəvi
yardımlaşmağı tərk etdilər...
Nizami bu
beytdə insan şükür anlayışını tərk
etsə, nə baş verər sualına cavab verir, uyğun
vasitələr seçir:
- şərt
cümləsi qurur, "hərgah" deyir, "o vaxt ki",
"o zaman ki", "elə ki" mənalarını
önə çıxarır;
-
"Xoda" sözünü qafiyə mövqeyində,
müəyyənlik əlaməti ilə işlədir,
"Xodai", Nizami bu yolla insanın Allah təsəvvürünü
inşa edir, insana unutduğu Tanrını xatırladır, O
Tanrı ki...;
- yaradılış
anlayışını tanıdır, yaratmaq feilini cəmdə
işlədir, "yaradılanlar", istisnaya yer qoymur, həm
də Xodanın yaratdıqları deyir, bu feil ilk sırada
yaradılan hər insanı nəzərdə tutsa da, var olan hər
şeyi Allah yaratdı mesajını da verir. Ey sərvət
çoxluğu ilə sərxoş olanlar, Allahı unudanlar, O
Tanrı ki, sizi yoxdan yaratdı, ağıl, iradə, vicdan verərək
sizi başqa varlıqlardan seçdi, üstün
qıldı, sizə yer üzünün xəlifəliyi vəzifəsini
yüklədi, sahib olduğunuz hər neməti O verdi...;
- O
Tanrı ki, sizi O yaratdı, yaradılan hər şey
varlığını Ona borcludur, insanın bu borcu ödəmək
imkanı yoxdur, belə ki, hər nəfəs bir borcdur, borcu
ödəməyin bircə yolu var, o da Allaha təslim olmaq,
Onun buyurduğu kimi yaşamaq, Onun verdiyi sərvəti (hər
neməti) Onun müəyyən etdiyi təyinata xərcləməkdir,
sərvətə mülkiyyət kimi deyil, əmanət kimi
baxmaqdır, sərvətin köləsi deyil, ağası
olmaqdır;
-
Tanrının yaratdıqları (insanlar) nemətin
şükrünü yerinə yetirməsələr... Nizami burada "nemət" sözünü sərvət
mənasında işlədir, yəni zülm İran
xalqını dilənçi kökünə
salmışdı, Allah Bəhramın hakimiyyət yolunu
açdı, Bəhram da ədalət hərəkatı ilə
İran xalqını yoxsulluğun pəncəsindən
qurtarıb zənginliyə qovuşdurdu. Allah
İran xalqını zənginliklə sınadı. Zənginliyin
şükrünü bu yolla ödəmək olar: sərvətin
Allahın əmanəti olduğunu anla, çalış,
halalından qazan, halal işlərə xərclə, sərvətinin
üzərində ehtiyac sahiblərinin haqqı olduğunu bil,
paylaş, qəbul et ki, sərvətin təyinatı
ehtiyacları təmin etmək, xeyri çoxaltmaqdır... Sərvət sərxoşu olan İran xalqı
bunları etmədi, nemətin şükrünü yerinə
yetirmədi, təkəbbür xəstəliyinə tutuldu,
Allahı unutdu, şükür və şəfqət
anlayışlarını qəlbindən
çıxartdı, sildi. Allahın
yaratdıqları Allahın nemətlərini unudanda nə
olar? Sıradakı son beyt bu suala cavab verir...;
QIRX
BİRİNCİ BEYTİN ŞƏRHİ:
BOLLUQ
DARLIĞA ÇEVRİLƏR
Bolluq
onlar üçün darlığa çevrilər,
(O vaxt)
onlar öz ruzilərini dəmirdən və daşdan
çıxarmalı olarlar.
Bu, "Bəhram Gurun padşahlığı"
adlı bölmənin son beytidir, öncəki beytin davamıdır. Nizami Allahın
yaratdığı insanlar Allahın verdiyi nemətlərə
görə Ona şükür etməsələr, bunun nəticələri
nə olacaq sualına cavab verir, ölçülər qoyur,
fikrin ifadəsi üçün uyğun vasitələr
seçir:
- nemətlərin şükrünü yerinə
yetirməmək onların gerçək sahibini unutmaq,
onları ilahi təyinatından uzaqlaşdırmaqdır.
Allahı unudan kimi qanun işə düşür, nemətlər
təyinatından uzaqlaşır: insan olmağın
şükrü Allaha təslimiyyətdir, insan onu yaradanı
unudanda, tanımayanda, ya da yanlış anlayanda şeytana təslim
olur, azır, dəyərini itirir. Ağılın
şükrü doğru düşünməkdir, Allah
unudulanda ağıl tərsinə çalışır,
"insanın başına pisliklər yağır".
Qəlbin şükrü imandır, Allahı unudanda imanın
yerini küfür tutur, iradənin şükrü doğrunu
seçməkdir, Allahı unudanda insan yanlış həyat
biçimini seçir, sərvətin şükrü
paylaşmaqdır, Allah unudulanda paylaşmağın yerinə
sərvət yığımı, var-dövlət sərxoşluğu
gəlir, sırası ilə tövhidin - azadlığın
yerini şirk - köləlik, xeyrin yerini şər, ədalətin
yerini zülm tutur..., hər şey ziddinə çevrilir;
- nemətlərin şükür unudulanda
insanın Allahla bağı qopur, insan özünü nemətlərin
gerçək sahibi zənn edir, dünyəviləşir, sərvətin
köləsi olur, təkəbbür xəstəliyinə
tutulur, həqiqəti görməkdən məhrum qalır, nəticədə,
anlamını, dəyərini itirir;
- Nizami
"an" ("o") deyir, nemətlərə işarə
edir, o nemətlər ki, onları sizə Allah verdi, sonra "fəraxi"
sözünü seçir, ona "genişlik",
"bolluq", "rahatlıq" anlamlarını yükləyir,
deyir ki, Allahın verdiyi nemətlərin ortaya
çıxardığı bolluq / genişlik var ha, siz nemətlərin
gerçək sahibinə şükür etməsəniz, bax
(məhz) o imkan / nemət tərsinə çevrilər,
şükür olmasa, hər şey ziddinə dönər
qanunu işə düşər;
- Nizami bu
ilahi qanunun ifadəsi üçün bədii təzada yer
verir, "genişlik" sözünün ziddi olan
"dar" / "darlıq" ("təng") qəlibini
seçir, onu qafiyə mövqeyinə-görünən yerə
qoyur, istəyir ki, "genişlik-darlıq qanunu"
unudulmasın: şükrün nəticəsi genişlik,
nankorluğun nəticəsi darlıqdır, səbəb dəyişəndə
nəticə də dəyişir;
- şair "onlar" deyir (onlara / onlar
üçün), sərvət sərxoşluğu nəticəsində
nemətlərin gerçək sahibini unudan iranlıları nəzərdə
tutur, onları ibrət göstərir, xəbərdar edir,
deyir ki, siz onlar kimi olmayın;
- önəmli
məsələnin biri də budur ki, Nizami şükür etməyənlərə
(nankorlara) Allah nemətlərinin tamamını geri alar demir,
genişliyi daraldar, çoxu azaldar, asanlığı çətinləşdirər
deyir. Niyə? Bu, bir ilahi
qanundur, belə ki, Allah şükür etsəniz, nemətimi
artırar, nankor olsanız, azaldaram buyurur. Mərhəmətli
Allah Ona iman etməyənlərin belə ruzisini tam kəsməz,
onları aclığa tərk etməz, əsla insandan
ümidsiz olmaz, tövbə qapısını davamlı
açıq tutar, qulum bir gün doğru yola dönə bilər
deyər, insan dəyişə bilən varlıqdır
ölçüsünü qoyar, insanları zənginliklə
də, yoxsulluqla da sınayar;
Nizami
beytin ikinci misrasında şükürsüzlüyün yol
açacağı darlığı, qıtlığı,
azlığı, yoxsulluğu, çətinliyi,
sıxıntını ifadə etmək üçün
üç vasitə seçmişdir (ikinci misra birinci
misranın açmasıdır):
a) öncə
"ruzi" deyir, burada sərvəti - maddi bolluğu nəzərdə
tutur, sonra istisnaya yer qoymur, qəti hökm verir:
şükürsüzlük etsəniz, nemətlərin
gerçək sahibini unutsanız, əmin olun ki, ruziniz dəmirdən
çıxacaq, bolluq gedəcək, çörək qazanmaq
üçün çox əziyyət çəkəcəksiniz,
çox çətinliklə pul qazanacaqsınız,
bütün vaxtınızı bir tikə çörəyə
xərcləyəcəksiniz;
b) ruziniz daşdan çıxacaq / çıxar
- bu məcaz da bir tikə çörək qazanmaq
üçün sərf edilən əməyin, vaxtın,
sıxıntının çoxluğunu ifadə edir;
c) mətndə
"lik" ("leyk") qəlibi var, tərcümədə
nəzərə alınmayıb, halbuki
şükürsüzlüyün ortaya
çıxaracağı darlığı gözəl ifadə
edir, məhdudlaşdırıcı (daraldıcı) ədat
kimi çıxış edir, bircə yol qoyur, deyir ki,
şükürsüzlük etsəniz, bilin, əmin olun ki,
ruziniz ancaq və ancaq dəmirdən, daşdan
çıxacaq, bircə çarəniz qalacaq, o da dəmirdən,
daşdan çörək çıxartmaq, zülm
içində yaşamaq, bir tikə çörək
üçün hər şeyini fəda etməkdir;
d) Nizami
şükürsüzlüyün nəticəsi
darlıqdır ölçüsünə ilahi qanun, hikmətli
söz, ata öyüdü dərəcəsi verir, yəni bu
ölçü heç zaman dəyişməz. Şair bu məqsədlə
feilləri geniş zamanda (indiki və qeyri-qəti gələcək
zamanda) işlədir, ölçünü
qanunlaşdırır: şükürsüzlük etsəniz
(şükürsüzlük edənlər üçün),
səbəb-nəticə qanunu işə düşər:
genişlik darlıq olar, ruzi ancaq dəmirdən, daşdan
çıxar. Bu, ilahi yasadır: işıq olmasa,
qaranlıq, ədalət olmasa, zülm, elm olmasa, cəhalət,
xeyir olmasa, şər, iman olmasa, küfür, sevgi olmasa, nifrət,
bolluq olmasa, qıtlıq, həyat olmasa, ölüm ortaya
çıxacaq, bir şeyin yoxluğu ziddini yaradır;
e) beytin
qafiyəsi "dar/darlıq" və "daş"
sözləridir ("təng", "səng"), ikisi də
şükürsüzlüyün ortaya
çıxaracağı əzabı,
sıxıntını, qıtlığı, çətinliyi,
ağır yük altında zorla nəfəs almağı
ifadə edir: sərvət nemətinə
şükürsüzlüyün qaçılmaz nəticəsi
ömrünü bir tikə çörək qazanmağa sərf
etmək, darlıq, qaranlıq, havasızlıq içində
sürünmək, ağlında, qəlbində,
vicdanında, belində daş daşımaqdır;
NƏTİCƏ
"Yeddi
gözəl" məsnəvisinin "Bəhram Gurun
padşahlığı" bölməsi qırx bir beytdir,
bu mesajları var:
- taxt, tac, hakimiyyət Bəhramı deyil, Bəhram
onları şərəfləndirdi, bunun səbəbi onun hər
kəsə ədalət, hər kəsə mərhəmət,
hər insana xidmət hərəkatıdır;
- Bəhram
gücünü hakimiyyətdən almadı, hakimiyyət
gücünü ondan aldı;
- zülm hakimiyyəti kökdən salır,
insanların əxlaqını pozur, fitrətini dəyişdirir,
dəyərini öldürür, onları kökdən
düşmüş musiqi alətinə çevirir, bu alətin
səsi insanları bezdirir, yorur;
- ədalət hakimiyyəti barışa, mərhəmətə,
hüzura, insana xidmətə kökləyir, xeyrə, bərəkətə,
inkişafa, gözəl əxlaqa, ilahi rizaya yol açır,
dostlara ümid, düşmənlərə qorxu verir;
- ədalət nur, genişlik, zülm
qaranlıq, darlıqdır;
- ədalətli insan bir qrupa deyil, hər kəsə
ədalətlə yanaşandır;
- ölkədə ədaləti təmin etmək
istəyirsənsə, ədalətlilərin yolunu aç,
zalımların yolunu bağla, ədalətlilərə
yardım göstər, zalımlara cəza ver;
- əmanəti (işi) əhlinə ver;
- işinə mülkiyyət kimi deyil, əmanət
kimi bax;
- işçinin (məmurun) gözəl əxlaqı
olsun;
- zülm fikri köləliyə yol açır,
azad düşüncənin, insan haqlarının,
inkişafın yolunu bağlayır;
- zülm qəm qıfılıdır,
açarı ədalətdir;
- zülm öldürür, ədalət dirildir;
- cəhalət, qorxu, yoxsulluq olmasa, zülm
yaşamaz;
- ədalət nəfəsdir, havadır, mənəvi
dirilikdir;
- zülm ağılı, qəlbi, vicdanı,
iradəni, əməyi, əxlaqı
qısırlaşdırır;
- halal ruzinin qaynağı ədalətdir;
- zülm qıtlığa, bahalığa,
yoxsulluğa, harama, ədalət bolluğa, ucuzluğa, zənginliyə,
halala yol açır;
- haram əxlaqı pozar, insanı qudurdar;
- ağılı öldürən zəhərlər
bunlardır: zülm, köləlik, cəhalət, qorxu, xurafə;
- ağılı dirildən nemətlər
bunlardır: ədalət, azadlıq, elm, ümid;
- şahın böyüklüyünü müəyyən
edən ölçü ədalətdir;
- insanların könlünü və ölkələri
fəth edən dəyər ədalətdir;
- ölkənin qoruyucusu, qalası, güc
qaynağı ədalətdir;
- arxivsiz dövlət idarəçiliyi olmaz,
arxiv olmasa, yaddaş itər, nəzarət sistemi çökər;
- ağıl dirilməsə, ölkə dirilməz;
- zülm qarışıqlıq, ədalət
nizamdır;
- zülm toplumu parçalayır: zalımlar, məzlumlar,
əzənlər, əzilənlər;
- zülm ağılı başdan
çıxarır;
- zalım sərxoş adam kimidir;
- zülm dəlilikdir, zalım dəlidir;
- öncə ağılı köləlikdən
qurtar, sonra ölkəni zülmdən xilas et;
- ağıl doğru çalışmasa,
heç bir iş düzəlməz;
- böyük hərəkatların böyük
düşmənləri olur;
- ədalətə qarşı çıxanlar
imtiyazlı, imkanlı, harama bulaşmış kimsələrdir,
onlar çıxarlarının əldən gedəcəyindən
qorxurlar;
- böyük hərəkatların böyük
dostları da olur;
- dostu, sevəni, fədakarı olmayan hərəkat
uğur qazanmaz;
- uğur qazanmaq istəyən lider hərəkatına
inanmalı, ağıllı, cəsur, iradəli,
çalışqan olmalı, düşmənlərini əzməli,
dostlarına sahib çıxmalıdır;
- hakimiyyət Allahın nemətidir,
şükrü üçdür: hər kəsə ədalət,
hər kəsə mərhəmət, hər insana xidmət;
- seçici ədalət, seçici mərhəmət
(bu dəyərləri bir qrupa aid etmək) əxlaqsızlıqdır;
- zülm darlıq, ədalət genişlikdir;
- zülmün nəticəsi nifrət, ədalətin
nəticəsi sevgidir;
- insanı öldürmək ona işgəncə
verərək ləyaqətini alçaltmaqdan daha
yaxşıdır;
- zülm qaranlıq, ədalət nurdur;
- xalqdan itaət istəyən ona xidmət etsin,
xidmətin qarşılığı itaət, zülmün
qarşılığı üsyandır;
- şahın, hakimiyyətin vəzifəsi
xalqın nazını çəkməkdir;
- aşiq, arif, irfan əhli olan hakimiyyətin afətindən
qorunar;
- ariflik, aşiqlik şahlıqdan
üstündür;
- şah irfan əhli olmalı, nəfsini tərbiyə
etməlidir ki, hakimiyyətin afətindən qoruna bilsin;
- nəfs tərbiyəsi davamlı işdir;
- hakimiyyət xeyrə də, şərə də
xidmət edə bilər, o da hər nemət kimi
ikiyönlüdür;
- qəlbinə, nəfsinə, ağlına, iradəsinə,
vicdanına hakim olan dünyaya hakim olar;
- ariflik, aşiqlik halı bu halı yaşayan
dostlarla qorunar;
- ədalət, mərhəmət, insana xidmət
hərəkatı bu dəyərlərə inanan insanlarla
gerçəkləşdirilə bilər;
- şahlıqla ariflik, aşiqlik birləşsə,
bu, ədalətə, ədalət də hüzura yol
açar;
- insan
Allahı unutsa, O da insanın özünü özünə
unutdurar, yəni insan onu kimin yaratdığını, niyə
yaratdığını, bu dünyadakı varlıq səbəbini,
ilahi təyinatını, haradan gəlib haraya getdiyini unudar, nəticədə,
azar, dəyərini itirər, həlak olar;
- sərvətin ilahi təyinatı ehtiyacı təmin
etmək, xeyri çoxaltmaqdır;
-
Allahın verdiyi nemətlərə şükür edilməsə,
geri alınacaq;
- şükür nemətlərin gerçək
sahibinin Allah olduğunu bilmək, onlardan ilahi təyinatına
uyğun istifadə etməkdir;
- insan şükür etsə, Allah nemətləri
artıracaq;
- nemətə
şükür edilməsə, o nemətin ziddi ortaya
çıxacaq: tövhidi şirk, azadlığı köləlik,
ədaləti zülm, barışı savaş,
sağlamlığı xəstəlik, zənginliyi yoxsulluq,
xeyri şər, mərhəməti acımasızlıq, elmi
cəhalət, sevgini nifrət, halalı haram, birliyi
parçalanma, doğrunu yalan, imanı küfür, mənəvi
diriliyi mənəvi ölüm əvəz edəcək;
Nizami Bəhramı türk şahı kimi geyindirir, onu
türk şahı ilə müqayisə edir, ədalət, mərhəmət,
xeyirxahlıq onun xarakteridir.
Mətndə
hakimiyyət rəmzlərinə yer verilmişdir: tac, sərir (taxt), qah (taxt), yeddigözlü kəmər,
yeddiayaqlı taxt, kolah (papaq), şahın taxtına dörd
balış qoymaq, gündə beş dəfə təbil
çalmaq.
Məsnəvidəki
məcazlardan örnəklər:
-
"tacı və taxtı (hakimiyyəti) kökləmək";
-
"insafı dünyaya yaymaq";
- "ədalətin
başını göylərə ucaltmaq";
- "qəm
qıfılı";
-
"fitnənin sərxoşluğunu başından
çıxarmaq";
- "nəfəsi
açılmaq" ("darlıqdan qurtarmaq)";
-
"ruzisi daşdan çıxmaq";
- "əlini
qısa etmək";
- "əli
uzun olmaq";
- "əl
vermək/uzatmaq";
Mətndə
bir tarixi şəxsiyyət adı var: Cəmşid.
Mətndəki açar söz və anlayışlar sırası ilə bunlardır (təkrarlar nəzərə alınmamışdır): Bəhram Gur, tac, sərir (taxt), böyüklük, yeddigözlü kəmər, yeddiayaqlı taxt, tərlan (baz), sinə, rumi, bədən, təraz, gözəllik, yaxşılıq, xeyirxahlıq, Rum, Çin, bac almaq, xərac almaq, dörd balış, Cəmşid, beş növbət, Günəş, insaf, ədalət, cahan, asiman, ədalətlilər, zülmkarlar, dostluq, qıfıl, açar, qapı, şadlıq, aləm, nəva, nəfəs, hava, qısır inək, su, arx, meyvə, ağac, bar, sikkə, dirhəm, ağıl, məmləkət, şahzadə, şərəf, əzəmət, kişvər, qala sahibləri, qala, xəzinə, ruznamə, can, iş, rütbə, rövnəqsizlər, qaçqınlar, mülk, zülm, canavar, baz (yırtıcı quş), qızılquş (qırğı), göyərçin, qoyun, fitnə, sərxoşluq, əliuzunluq, ayaq, taxt, düşmən, dost, insanlıq, cahan hökmdarlığı, insan, xəsm, ədəb, on, adam, vaxt, öldürmək, ruzi, ilxı, ev, torpaq, toz, qəmli, işvə, eyş, mülk, eşq, həftə, gün, altı, eşqbazlıq, nəfəs, aşiqlik, nişan, aşiq, xülasə (varlıq), munis, xas, yük, fərman, xorrəmi, dad/ədalət, xəzinə, qarət, qılınc, şallaq, dünya, yaşıllıq, budaq, genişlik, qürur, nemət, mal, bolluq, Yəzdan, qəlb, azad etmək, şəfqət, sinə, yaradılanlar, Xuda, şükür, dar, dəmir, daş.
NİZAMİ GƏNCƏVİ HALINI TANIDIR:
- şair tez qocaldığını yazır (əlli altı yaşında), fikirlər məni yordu (düşünmək yorur);
- yaşıllığını itirmiş söyüdəm;
- saralmış laləyəm;
- ağarmış bənövşəyəm;
- papağımı başıma qoya bilmirəm;
- kəmərimi belimə bağlamaq imkanım yoxdur;
- qanadı sınmış quş kimiyəm;
- yoxsulam;
- kəndin kəndxudasıyam, ancaq kənddən uzaqdayam;
- bir qonaq gəlsə, ona süfrə açacaq kimsəm yoxdur;
- ehtiyac məni sındıra bilməz;
- üzərində haqqım olanlardan şikayət edirəm;
- saxtakar şairlər çoxalıb, onlar dəmirlərini (mənasız şeirlərini) qızıl rənginə boyayıb satırlar;
- istedadlı adamlara dəyər verməmək zülmdür;
- zülm cinayətdir, istedadlı şairi, istedadı öldürür;
- Nizami bu dünyanın ən ağır cinayətini
tanıdır: səadəti istedad deyil, tale bəxş edir;
Siracəddin HACI
AMEA Nizami adına
Ədəbiyyat İnstitutu
525-ci qəzet.- 2021.- 29 dekabr.-
S.7-24.