"Anaların
gəncliyi"
"Bir
rəsmin dedikləri"
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
sənətşünas, rəssam
Ülkər Əliyevadır. Ülkər xanımla
Xalq rəssamı Mikayıl Abdullayevin "Anaların gəncliyi"
əsəri haqqında
danışmışıq.
***
- Bu il Xalq rəssamı Mikayıl Abdullayevin 100 illik yubileyi qeyd olundu.
Əsərə keçməzdən öncə Mikayıl Abdullayev haqqında bir qədər məlumat verə bilərsinizmi?
- Azərbaycan təsviri sənətində özünəxas
dəsti-xətti ilə
önəmli yerlərdən
birini Mikayıl Abdullayev yaradıcılığı
tutur. Onun əsərlərində əsas ifadə vasitələrindən biri
rəngdir desəm, yəqin ki, yanılmaram. Əslən təbrizli
olan atası Hüseyn S.Vurğun, M.Müşfiq, C.Cabbarlı
kimi görkəmli şəxsiyyətləri evində
qonaq edərmiş.
Belə bir ab-havada, əbədiyyatla, şeirlə,
incəsənətlə dolu
mühitdə böyüyən
biri necə sənətdən uzaq qala bilərdi?
Hər nə qədər bədii fəaliyyətinin ilk dövrlərində
təhsil aldığı
rus realist məktəbinin
ənənələrindən və mövzularından istifadə etsə də, sonrakı dövrlərdə gərgin
bədii axtarışlar
onun yaradıcılığında
ənənəvi mövzulara
yeni bir yanaşma qazandırır. İkinci
Dünya müharibəsindən
sonrakı illər rəssama SSRİ məkanında
böyük şöhrət
və uğur gətirən "Mingəçevir
süitası"na daxil
olan əsərlərdən
fərqli olaraq, artıq 50-ci illərdən
başlayaraq onun əsərlərinin palitrası
daha parlaq olur.
- Lakin rəng qamması hər nə qədər onu Şərq sənəti üslubuna yaxınlaşdırsa da, obrazların bədii şərhində rəssam
şərti dekorativlikdən
uzaq realizm üslubundan istifadə edirdi.
- Bu məqam Mikayıl Abdullayev yaradıcılığında
Şərq və Qərbin uğurlu sintezi deməkdir. Biz bu xüsusiyyətləri Mikayıl Abdullayevin digər önəmli silsiləsində, "Masallı
süitası"na daxil olan bədii
nümunələrdə izləyə
bilərik. Cənub regionunun rəngarəng
koloriti, orada yaşayan zəhmət insanlarının gündəlik
məişətindən və
əmək fəaliyyətindən
olan fraqmentlər, qadınların al-əlvan
geyimi onu ilhamlandırır. "Sevinc",
"Körpə dalınca",
"Lənkəranlı qız",
"Astarada çay yığımı", "Azərbaycanın
çay mütəxəssisləri"
və bir-birindən uğurlu digər rəngkarlıq nümunələri
yaradır. Rənglərin Mikayılsayağı bədii ifadə dili özünü, həmçinin, sənətkarın
"Hindistan silsiləsi"ndə
də göstərir.
Bu yerlərin də parlaq rənglərə boyanmış
təbiəti, insanları,
adət-ənənələri onda böyük təəssüratlar doğurur.
Nəticədə isə
Hindistana yenidən səfər edir və buradakı yaradıcı fəaliyyətinə
görə Cəvahirləl
Nehru adına beynəxalq mükafata layiq görülən iki azərbaycanlıdan biri olur.
- "Anaların gəncliyi" tablosunun
yaranma tarixçəsi
haqqında nə deyə bilərsiniz?
- Tablo 50-ci illərdə yaradılıb. Bu dövrdə
Mikayıl Abdullayev artıq yaradıcılıqda
öz yolunu müəyyən
etmişdi, fəaliyyəti
bədii baxımdan kamillik zirvəsinə çatan yetkinlik dövründə idi. Bu da
həqiqətdir ki, mövcud ideologiya ilə üst-üstə düşən mövzular
onun əsərlərindən
yan keçmirdi - əmək mövzusu və zəhmətkeş insanların monumental təsviri.
Bütün bunlar Mikayıl
Abdullayevin müəllifi
olduğu əsərlərdə
də var idi. Lakin onun əsas
qəhrəmanı bir
çox hallarda öz gücünə güvənən, bəşəri
dəyərlərə söykənən
qadın obrazları idi. Rəssam qadınları öyrəşdiyimiz
standart gözəllik
çərçivələri arasında təsvir etmir. Çünki Mikayıl Abdullayevin
qəhrəmanlarının belə zahiri gözəllik ideallarına
ehtiyacı yoxdur.
Onlar gözəldirlər. Çünki öz ayaqları üzərində dayana bilən işçi, zəhmətkeş qadınlardır.
Onları gözəl edən
günəşin qızmar
şüaları altında
qızılı rəngli
dərilərinə zidd
olan al-əlvan geyimlər, baş ötrükləridir. "Anaların gəncliyi"
adlı monumental tabloda
da öz duruşu ilə bizə bir çox
şey demək istəyən bir qadın görürük.
O, Azərbaycan qadının
- analarının ümumiləşdirilmiş
obrazıdır. Əlində çadrasını tutan qadının baxışlarının
bir qədər aşağıya yönəldiyini
düşünsək də,
diqqətlə baxdığımız
zaman əslində, bu baxışların əsl ünvanın biz - izləyici olduğu hiss olunur.
- Bu cür azadlığa, yeniliyə can atan güclü qadının
təcəssümü incəsənətimizdə
başqa hansı nümunələrdə var?
- Elə bir çoxumuzun
yaxşı bildiyi, bəlkə də tez-tez qarşısından
ötüb keçdiyimiz
heykəltəraş Fuad
Əbdürrəhmanovun yaradıcılıq
nümunəsi olan
"Azad qadın" heykəli
buna ən yaxşı misallardan biri ola bilər.
Haqqında danışdığım heykəl sonrakı onillikdə, 60-cı illərdə
yaransa da, hər iki surətin
bədii ifadəsində
yaxın məqamlar
var. Belə bir obraz bizə ədəbiyyatmızdan da
tanışdır. Dahi ədibimiz
Cəfər Cabbarlının
1928-ci ildə qələmə
aldığı "Sevil"
pyesinin əsas qəhrəmanı olan Sevil bu baxımdan
özündən sonra
yaradılan qadın obrazlarına önəmli
ilham mənbəyidir.
- Əsər hazırda
saxlanılır?
- Əsər hazırda
Azərbaycan Dövlət
Rəsm Qalereyasının
kolleksiyasına daxildir.
- Tablonun rəng koloriti haqqında nə deyə bilərsiniz?
- Biz arxa planda zümrüdü-mavi
tonlarda işlənmiş
Xəzərin sularını
və gün işığı altında
öz qızılı-sarımtıl
rəngi ilə tabloda harmoniya yaradan Abşeron torpağını görürük.
Mərkəzdə təsvir
olunan əsas qəhrəmanımızın ağ koloritə sahib
üst geyimi isə diqqətimizi dərhal özünə yönəldir. Mikayıl Abdullayev izləyicisinin
diqqətini rənglərlə
özünə çəkməyi
sevirdi.
Güclü və parlaq rənglərin inamlı fırça zərbələri
ilə kətan üzərində ahəngdar
əksi Abdullayev yaradıcılığının əsas xüsusiyyətlərindən
biridir. O, həqiqətən
də, inamlı bir şəkildə işıldayan sarı, göy, qırmızı kimi güclü rəngləri bir yerdə istifadə etməkdən çəkinmir.
Əsərlərində rənglərin belə
ahəngdar əksi onun uşaqlıqdan bəri agah olduğu Şərq incəsənətinə, miniatürlərimizə
olan marağından irəli gəlirdi.
- Bəs kompozisiya?
- Ümumi kompozisiyadan danışarkən rəssamın
dərindən agah olduğu realistik ənənələrdən də
istifadə etdiyini qeyd etmək lazımdır. Obrazın psixoloji təsviri
göz önündədir.
Baxmayaraq
ki, onun üzü profildən təsvir olunub və biz onun üzünün yalnız
bir hissəsini görə bilirik, bununla belə, onun simasında dərin hisslər, ən əsası isə məğrurluq ifadə olunub. Portretlərində bəzən sadəcə
zahiri obrazı canlandıran rəssam bu əsərində izləyicisini qəhrəmanı
ilə ünsiyyətə
çağırır. Lakin bu bilavasitə yarıkölgədə gizlənən
gözlərdən gələn
ünsiyyətdir.
- Bu rəsm bizə nə deyir?
- Ümumi etdiyimiz təhlilə nəzər salsaq, əsərin bizə demək istədiyi mesaj açıqdır - qadının bir fərd olaraq cəmiyyətdə təsdiqi. Çadranın başdan çıxarılması simvolik məna daşıyır. Artıq yeni dünya ilə ayaqlaşmağa çalışan, daha doğrusu, hüquqlarını dərk edən bir fərd var qarşımızda. Diqqətlə baxsaq, əsərdəki qəhrəmanın qiyafəsi əslində, yetərincə milli xüsusiyyətləri özündə cəmləşdirib. Yəni bu heç də kor-koranə qavrayış və ya milli kökdən qopma deyil. Əksinə, özünüdərkdir. Bu gənc gəlin - ana əsərdə tək deyil. Rəssam onun qarşısında da iki qadın obrazı təsvir edib. Üzlərini görməsək də, onların daha yaşlı nəslin nümayəndəsi olduğunu başa düşürük. Bu, keçmişlə indinin qarşı-qarşıya qoyuluşudur. Mən isə o vaxtın indisinin, yəni 50-ci illərin qadının arxasının bizə tərəf olmasında da bir simvolik məna görürəm. Arxası izləyiciyə tərəfdir, amma gizlin baxışları isə yox. O, bizə baxır. Ehtiyat edərək əmin olmaq istəyir ki, biz onun arxasınca gəlirikimi, yoxsa bu mübarizədə o, təkdirmi?
Yuxarıda da qeyd etdiyim kimi, bu mövzu incəsənətimiz üçün heç də yad deyil. Əsrlər boyu ədəbiyyatımızdan təsviri sənətimizə, musiqimizə qədər bir çox sahələrdə qadın hüquqsuzluğuna qarşı işlənmiş bədii nümunələrə rast gəlirik. Bu, əslində, təəssüf doğuran bir məqamdır. Təəssüf ki, əsrlər, illər boyu gündəmdən düşməyən bu problem Mikayıl Abdullayevin dövründə də öz aktuallığını saxlayıb. Rəssam isə bu məsələni öz növbəsində gördüyümüz kimi ifadə etməyə çalışıb. SSRİ-nin hər baxımdan sənətə qəti qanunlar diktə etdiyi bir dövrdə hansısa bir fikri yaradıcılıqda istənilən formada əks etdirmək heç də asan deyildi. Bəzən bunu mövcud ideologiyanın pərdəsi altında gizlətmək lazım gəlirdi. Çünki hər nə olursa-olsun, sənətin ötürdüyü mesaj tez, ya da gec öz ünvanına çatır. Amma yenə də, çox əfsuslar olsun ki, bu gün də "qadın hüququ" problemi aktual mövqedədir. Həqiqətə baxanda isə "qadın hüququ" sözü özü belə bərabərliyin pozulmasıdır. Qadın, yaxud kişi yox, insan hüquqları var və hər kəsin bu hüquqları bilmək və əməl etmək borcudur.
Aytac SAHƏD
525-ci
qəzet.- 2021.- 30 dekabr.- S.16.