"Bu sənətdə heç vaxt təmənna
güdməmişəm"
TANINMIŞ TELEVİZİYA
REJİSSORU ƏLİMÜRSƏL HACIZADƏ İLƏ SÖHBƏT
- Əlimürsəl müəllim, bu gün sənət
aləmindəki layihələrə nəzər saldıqda
görülən işləri necə qiymətləndirirsiniz?
- Ancaq
öz televiziyamızdan deyə bilərəm ki, son vaxtlar xeyli
yeni layihələrimiz var. Cəmiyyət üçün
xeyirlidir. Amma bəzilərinə hesab edirəm
necə deyərlər, əl gəzdirmək lazımdır.
Bəzən şablon layihələr də olur.
Hansı ki, onları şəxsən mən qəbul
etmirəm. Ümumən son dövrlərdə
yeni layihələr çoxdur və bu, alqışalayiqdir.
Çox istəyərəm ki, elmi-kütləvi
və maarifləndirici layihələr daha çox olsun. Belə verilişlər nə qədər çox
olsa, hesab edirəm ki, o cəmiyyət üçün daha
xeyirli olar. Oradan gənclər nəyisə
əxz edə bilər. Amma təəssüflər
olsun ki, televiziyaların çoxunda layihələr bir-birinə
bənzəyir, "çal-çağır"
xarakterlidir. Həmişə fikirləşib
deyirəm ki, bu verilişlərə, işıq, dekorasiya və
sairə görə nə qədər maddi sərfiyyat olur.
Bu verilişlərin hamısına bu sərfiyyat
olunursa, bir kanalda bir neçə bənzər verilişin
ard-arda yayımlanması üçün bu qədər sərfiyyata
ehtiyac varmı? Bunun biri, ikisi ehtiyacı
ödəyə bilər. Baxırsan ki, bir
kanalda yayımlanan verilişdəki qonaq digər kanalda da
başqa verilişdədir, bu, absurddur.
- Ola bilərmi
ki, tamaşaçı tələbinə görə bir
neçə televiziya kanalında qonaq olurlar?
- Yox, elə
düşünmürəm. Özümü
televiziya əməkdaşı kimi deyil, tamaşaçı
qismində görərək deyə bilərəm ki, istəyərəm
elmi-kütləvi veriliş izləyim. Şəxsən
razı deyiləm ki, evə gedəndə övladlarım, nəvələrim
televizoru açıb baxanda deməsinlər ki, nə qədər
çal-çağır, bayağı verilişlər olar
axı...
- Bilirik
ki, televiziyanın üç missiyası var - maarifləndirmək,
informasiya vermək və əyləndirmək. Sizcə,
televiziya dolğun maarifləndirib informasiyanı ötürə
bilir, yoxsa əyləndirməyə meyillidir?
- Bunlar məni
qane etmir. Bir tamaşaçı kimi nəyisə
görmək, bilmək, öyrənmək istəyirəm.
Nəvələrimi yanıma çəkib,
onları doğru səmtə yönəltmək istəyirəm.
Amma nə qədər əyləncəli
proqramlar olar?!
-
Televiziya yetəri qədər əyləndirə bilirmi
tamaşaçları?
- İstənilən qədər proqramlar var, ad çəkmək
də istəmirəm. Bayağılıq daha çoxdur. Mən istəyərdim ki, intellektual əyləncəli
verilişlərə daha çox yer verilsin. Bu, hər yaş üçün daha
maraqlıdır. Hətta mənə də
maraqlı olar ki, beyin işləsin,
düşündürsün və maraqlı olsun. Buna görə də maraqlı layihələr
olmalıdır ki, işlənilsin.
- Layihə
demişkən, bir neçə il öncə
Teleradio Akademiyasının müdavimləri ilə "Dar
dalan" adlı layihə həyata keçirmişdiniz...
- Bu
"Dar dalan" məsələsi mənim üçün
bir tarixçədir. Bu layihəni təşkil etməzdən
öncə müdavimlərə həmişə deyərdim
ki, yekunda bilinər kim dalandan keçəcək,
kim yox... İstəyirdim ki, müdavimlər əyani
də görməsələr, düşünsünlər
ki, yaradıcılıq həmişə dar dalandan keçir.
Əvvəllər bir qonşum var idi, televizor
ustası işləyərdi, dar dalanda yaşayardı. Bir gün eşitdim ki, mübahisə olub həyətdə,
nə isə televizor təmiri ilə bağlı, amma təmir
pulunu verməmişdilər ona. Hər dəfə bir bəhanə
edərmiş ki, gah maaş alanda, gah nə
vaxtsa verər. Bu söhbət 1970-1980-ci illərin
söhbətidir. Həmin usta da qıraqdan sadəlövh
görünsə də, elə deyildi. Asta-asta
danışardı, yaxınlaşıb ondan soruşanda ki, bəs
pulunu ala bildinmi? Deyərdi ki, yox, vermədi,
vermədi. Eybi yox, o, mənə dar dalanda
rast gələr. Yəni dar dalanda da
keçmək o qədər rahat olmur. Adam
güclə keçir. Yəni ondan sonra
xatirimdə bu qalmışdı. Ancaq
qaldı ki, rejissuraya, oradakı dalan mənim üçün
tamam başqa idi. Büdrəməmək
üçün hər şeyi bilməlisən. Bu sənət elədir ki, hərənin öz
üslubu var, doğru-yanlış çəkiliş
formatı olmur. Çünki hərənin
bir baxış bucağı var. Burada da eyni üslubda
olmalıdır deyə bir qayda yoxdur. Bu sənətdə
də mizana, yaxud nəyəsə görə heç kim deyə bilməz ki, səhv etmisən. Çünki konkret üslub yoxdur. Hərənin öz baxış bucağı var,
dediyim kimi.
- Həm
uzun illər AzTV-də müxtəlif verilişlərin
rejissoru olmusunuz, həm də bir neçə ildir ki, Teleradio
Akademiyasında müəllim kimi
çalışırsınız. Müəllimlik
və yaradıcılıq bir arada çətin olmur?
- Ömrümdə düşünməzdim ki, müəllim olaram. Həyatım boyu 1 saat da pedaqoji təcrübəm olmayıb. Ali dərəcəli rejissoram. Bununla da fəxr edirəm ki, bu dərəcəni özüm qazanmışam. Amma pedaqoji fəaliyyətə başlayandan sonra daha çox istəyirəm ki, tələbələrə nəyisə öyrədim, onlarda sənət eşqini üzə çıxarım. Bu gün Teleradio Akademiyası fəaliyyət göstərirsə, burada çox işlər görmək istəyirəm. Amma bu günədək kino sahəsinə marağım çox olub. 10-a yaxın televiziya filmim var. Bu gün veriliş təklif olunsa, bəlkə də imtina edərəm. Bir rejissor kimi film çəkmək istəyərəm indi. Sənədli, bədii fərq etmir. Bundan da yorulmuram. Baxmayaraq ki, yaşımın o vaxtı deyil, ancaq özümü hələ də gənc hiss edirəm.
- Müdavimləriniz arasında sənətə sevgini necə hiss edirsiniz? Onlar sevərəkmi bu sənətə gəlirlər, ya nəyinsə xatirinə?
- Siz özünüz də buraya gələndə
canlı şahid olmusunuz ki, burada seçim turu olur və
akademiyanın rektorundan, müəllimlərindən tutmuş
televiziyanın savadlı mütəxəssisləri burada
iştirak edir. Hər seçimdə onlar fikirlərini bildirsələr
də, son söz həmişə mənə verilib. Yəni
seçimdən keçə bilməyən insanı qəbul
etmirdik. Mən də seçdiklərimə güvənirdim.
Onlara dərs prosesində həmişə montajsız çəkiliş
tələb edirdim. Telefonla çək, eybi yox, amma çək
və daha təbii olsun. Beləcə onların baxış
bucaqlarının nə dərəcədə olduğunu
müəyyən edirdim. Bir haşiyə çıxım,
bir dəfə auditoriyada baxdım ki, iki nəfər
müzakirə edir nəyisə. Maraqlı gəldi və dərsin
yekununda soruşdum ki, nəyi müzakirə edirdiniz dərs
vaxtı? Və onlar dedi
ki, biz 4 il universitetdə öyrəndiklərimizi
burada 3 aya öyrənirik. Buranın müdavimlərinin
düşüncələridir bunlar. Və bura o qədər
doğmalıq yaradır ki, heç kim
kursu bitirdikdən sonra getmək istəmir buradan. Televiziya belə bir şeydir ki, burada nəzəridən
çox praktiki təcrübəyə yol verilir.
-
Verilişlər hazırlayarkən tamaşaçının
arxasınca getməyə çalışırsınız,
ya əksinə, onu öz ardınızca aparmağa?
-
Tamaşaçının arxasınca getmək deyil,
tamaşaçını arxanca aparmalısan - belə hesab
edirəm. Çünki təbliğatçı
bizik. Biz nəyi ötürürüksə,
tamaşaçı ona baxır, ona qiymət verir. Amma hər şey öz yerində olmalıdır.
Mən xoşlamıram ki, televizoru açıb
3 kanala çevirib üçündə də bənzər
veriliş izləyib eyni müğənniləri görüm.
Bizim əyləncədən başqa işimiz
yoxdur? Başqa verilişlər qurmaq olmazmı?
Koordinasiyalar olmalıdır. Proqram dərc olunmalıdır. Əvvəllər
bu var idi, indi bunu da yığışdırıblar.
Necə ola bilər ki, iki telekanala
çevirirsən, ikisində də canlı verilişdir guya,
qonaqlar da eynidir. Bu, qeyri-mümkündür və
televiziyaların nüfuzunu aşağı salır. Veriliş hazırlayarkən də bunu hər kəs
üçün etməlisən. Ora evdar
qadınlar da, alimlər də, sıradan insanlar da baxa bilsin.
- Bir
verilişin uğurlu alınması daha çox rejissordan
asılıdır, ya ümumi kollektivdən?
-
Kollektivdən. Rejissor son məqamda cavabdeh olan
şəxsdir. Amma bu, kollektiv işdir -
ssenari müəllifi, operator, hətta işıqçı,
dekoratora qədər hər biri bir nöqtəyə vurmasa, hər
kəsin düşüncəsi bir yerə köklənməsə,
o işdən söhbət gedə bilməz. O
verilişin uğurundan danışmaq olmaz. Kimsə
yaxasına döyüb deyə bilməz ki, bu veriliş mənimdi,
mən elədim. Veriliş əməyi
keçən hər kəsindir. Pis də
olsa, yaxşı da olsa, belədir. Təbii ki, pis olanda
da, yaxşı olanda da məsul şəxsin - yəni
rejissorun adı çəkilər, bir az
öncə dediyim kimi. Amma bu, birgə əməyin
məhsuludur. Burada hansısa işdə zəiflik olsa
bitər iş. Televizorun pultunu basanda ilk növbədə
ekrana işıq gəlir. Belə ki, bu
işdə də hər şey birinci hesab edirəm ki,
işıqdan başlayır. Operatorun
işi daha önəmlidir. Çalışmaq
lazımdır ki, diqqətin ancaq işdə olsun.
- İncəsənət qurban tələb edir deyirlər... Maraqlıdır, Əlimürsəl Hacızadə bu keşməkeşli yolda nələri qurban verib?
- 40 ildir bu televiziyada işlədiyim. Ömrümü bu televiziyaya bağlamışam.
- Necə deyərlər, burada saç ağartmısınız...
- Bəli, hətta haqqımda bir məqalə çıxmışdı, "Ağ saçlı AzTV".
- Və AzTV-dən bir yaş kiçik Əlimürsəl Hacızadə...
- 1956-cı ildə ana televiziyamız yaranıb, 1957-ci ildə mən doğulmuşam (gülümsəyir). Bu illər böyük tarixdir. Çox şeylərin şahidi olmuşam. Elə vaxtlar olub ki, məni gözləyirdilər ki, işə gəlim. Bundan böyük fərəh olmaz. Haqsızlıq da görmüşəm, haqqı da görmüşəm, amma bu sənətdə heç vaxt təmənna güdməmişəm. Bəlkə də ilk adamam ki, 1987-ci ildə Ulu öndər Heydər Əliyev işdən çıxarıldığı ərəfədə mən onun portretini efirə vermişəm. Hətta buna görə mənim əməkhaqqıımı kəsib işdən azad etmək istəyirdilər. Mənə izahat yazdırmaq istəyirdilər, amma nəticədə hesab edirdim ki, bu, mənim borcumdur. İndiyədək vəzifələrim də olub, "Uşaq, gənclik və maarifçilik" studiyasının baş rejissoru, "Yurd" redaksiyasıının yaradıcısı və baş rejissoru, ilk hərbi verilişin məsul rejissoru, son dövrədək də hərbi proqramların rejissoru olmuşam. Elə bir cəbhə bölgəsi yoxdur ki, orada olmayım. Amma nəsə ummamışam və bugünədək qazandığım təmiz adım və ali dərəcəli rejissor mövqeyimdir.
Şəlalə CAMAL
525-ci qəzet.- 2021.- 30 dekabr.- S.12.