Pyesin əsas komponentləri
Əli Əmirlinin ustad dərsi
Süjet
və onun qurulması (IV dərs)
"Ulduz"
jurnalı ilə "525-ci qəzet"in birgə layihəsi
***
Pyesi təşkil edən bütün komponentlər,
onlar arasındakı qarşılıqlı əlaqələr
nə qədər əhəmiyyətli olsa da, mənə
görə, pyesin ən vacib, ən çətin komponenti onun
süjetidir. Bunu başqa cür ifadə etsək, deyə bilərik
ki, pyesdə əsas olan strukturdur. Təcrübə
göstərir ki, bu gün Azərbaycan dramaturgiyasını
yaradan dramaturqların əksəriyyəti, hətta kifayət
qədər təcrübəli dramaturqlar belə çox vaxt
strukturun əhəmiyyətini düzgün qiymətləndirmirlər.
Halbuki strukturu olan binanı inşa etmək daha
asandır. Ev çox şeylərdən ibarətdir, əsas
olan isə üçdür: döşəmə, tavan və
divarlar. İlk baxışda bu primitiv misalın
pyeslə heç bir əlaqəsi yoxdur, amma diqqət eləsək,
görərik ki, süjet özü də konstruksiyadır.
Fərq ondadır ki, bu konstruksiya öz təbiətinə
görə intellektualdır, emosionaldır. O, tirlərdən,
dirəklərdən deyil, fikirdən, ideyadan tikilir, kərpicləri
isə sözlər əvəz edir.
Süjetin
strukturu üç komponentdən ibarətdir:
başlanğıc, orta və son. Bu üçtərkibli
süjet strukturunu mən demirəm, iki min beş
yüz il qabaq Aristotel deyib. Süjetin
başlanğıcı o hissədir ki, ondan əvvəl
heç nə olmayıb. Ən çətin
məqam da elə bu başlanğıcdır. Nədən başlamalı? Pyesin
ilk hadisəsini yazan dramaturq mütləq buna fikir verməlidir.
"Doğrudanmı, bu,
başlanğıcdır? Bəlkə,
yazdığın dörd səhifə artıqdır, elə
beşinci səhifədən başlayasan? Əgər heç nə dəyişmirsə,
doğrudan da, niyə beşdən başlamayasan?"
Süjetin xeyli mürəkkəb tərifləri var, mən
tərif deməyəcəm, sadəcə, süjeti necə
başa düşürəm və yazı prosesində ona necə
əməl edirəm?
Süjet - pyesdə baş verən hadisələr zənciridir,
pyesin əsas kateqoriyasıdır. Süjet əsas qəhrəmanın
xarakterindəki toqquşma, münaqişə,
qarşı-qarşıya dayanma və onun başqa personajlarla
münasibətləridir. Süjet obrazın
tam açılmasına doğru qət edilən hərəkətdir.
Əslində isə əsas məsələ
hadisələrin özündə deyil, onların necə təqdim
edilməsindədir. Dramaturqun peşəkarlığı
da məhz bu yerdə özünü göstərir.
Bir az əvvəl dedim ki, əsərin hardan,
hansı hadisə ilə başlanmasının böyük əhəmiyyəti
var, bəlkə də, başlanğıc pyesin həlledici
hissəsidir. Burda öz təcrübəmə
aid bir misal çəkim. Çox sevdiyim,
amma səhnə üzü görməmiş "İki
aktrisa üçün baş rol" adlı pyesimi, bir vaxtlar
Azdramanın direktoru İsrafil İsrafilova təqdim etdim.
O, pyesi oxuyub, prinsipcə bəyəndi, amma pyesin lazım olan
yerdən başlamadığını dedi, daha doğrusu, o
hesab edirdi ki, pyesin ekspozisiya hissəsi çox uzanıb,
heç bir hadisə də baş vermir. Mən
direktorun fikri ilə tam razı olmasam da, əsərə yenidən,
məhz tənqidçinin gözü ilə baxdım və
pyesi tamaşaçının diqqətini dərhal səhnəyə
yönəldəcək bir hadisə ilə başladım.
Deyim ki, bu dəyişiklikdən özüm də
razı qaldım, baxmayaraq ki, əsərin oynanmasına mane
olan obyektiv maneələr çıxdı ortaya. Ümumiyyətlə, çox vaxt keyfiyyətindən
asılı olmayaraq, səhnə üzü görməyən
əsərlər həmişə olub, olacaq da. Talenin, qismətin tək insanlara yox, pyeslərə də
dəxli var.
Onu da deyim ki, hər təzə pyesi yazmağa
başlayanda heç vaxt ideya haqqında
düşünmürəm, mənim üçün ən
vacib olan maraqlı, orijinal süjetdir. Süjet ideyadan,
konsepsiyadan deyil, təsadüflərdən, hadisələrdən,
əməllərdən başlayır. İdeya
isə süjetin özündən doğur. Ümumiyyətlə, yazanda mən dramaturgiyanın nəzəri
məsələləri haqqında düşünmürəm.
Bir dəfə özünü haqlı olaraq dram nəzəriyyəsinin
bilicisi hesab edən mərhum professor Aydın Dadaşov dedi ki,
bilirsən niyə sənin əsərlərin uğur
qazanır? Mən bu niyənin cavabını ondan pis bilməsəm
də, soruşdum: "Niyə?" Dedi sənin əsərlərində
fabula var, fabulasız pyes, dramaturgiya cansızdır,
ölüdür. Mən də cavabında dedim ki, Aydın
müəllim, mən yazanda fabula, kompozisiya, konflikt haqqında
düşünmürəm, sadəcə, yazıram.
Dramaturji qaydaların əsiri olmaq yazıçı təxəyyülünü,
yazıçı fantaziyasını buxovlayır. Bernard Şou
demiş, qaydalar onları pozmaq üçün uydurulub.
Bəlkə də, Şou haqlıdır, amma qaydaları o
zaman poza bilərsən ki, əvəzində yeni və əhəmiyyətli
bir şey yaradasan, lap elə Bernard Şounun özü kimi. Amma qətiyyən o fikrə düşməyək
ki, dramaturq təkcə istedadına güvənməli, qəbul
olunmuş qaydalardan, dram nəzəriyyəsindən sərf-nəzər
etməlidir. Qəti şəkildə yox! Aşıq bədahətən
şeir deyə bilər, yazıb-oxumağı bacarmayan adam da qoşma qoşar, bayatı
çağırar, dramaturqa isə geniş mütaliə,
münasib təhsil, hərtərəfli yüksək mədəni
səviyyə, erudisiya və zəngin həyat təcrübəsi
lazımdır. Ən vacibi isə dramaturq
teatrı bilməli, onu sonsuz məhəbbətlə sevməlidir.
Mən Azərbaycanda özünü həm də
dramaturq hesab edən yazıçı tanıyıram ki,
öz əsərlərindən başqa heç bir
tamaşaya baxmır, çünki o teatrı yox, teatrın gətirəcəyi
şöhrəti sevir, ona susayır. Bəlkə,
başqa səbəblər də var, onu bilmirəm.
Keçək
süjetin əsas komponentlərindən birincisinə:
Ekspozisiya pyesin, dediyim kimi,
başlanğıcıdır. Ekspozisiyada qəhrəmanların təqdimatı,
hadisənin baş verdiyi məkan və zaman (kim,
harada, nə vaxt), personajların qarşılaşması və
bir-birlərinə münasibətləri haqqında müfəssəl
məlumat verilməlidir. Ekspozisiya qısa və
orijinal yazılmalıdır. Ekspozisiya
tüfəngdən açılan atəş kimi təsirli
olmalıdır. Münaqişə vəziyyətində
olan tərəflərin ilk toqquşması da məhz
ekspozisiyada baş verir, nəticədə düyün
yaranır, yəni ekspozisiya düyünün yaranması ilə
bitir.
Düyün isə konflikti doğuran vəziyyətdir. Düyün konfliktli xətti-hərəkətdən
əvvəlki iki hazırlıq mərhələsindən
keçir:
1. konfliktli situasiya;
2. kolliziya (qəhrəmanlar anlayırlar ki, gec-tez
aralarında münaqişə baş verəcək).
Pyesdə xətti-hərəkətin inkişafı ən
böyük və vacib şərtdir. İnkişafın özündə
kulminasiyaya hazırlıq gedir, konflikti gücləndirən
hadisələr baş verir, yeni informasiyaların
aşkarlanması od üstünə
yağ kimi tökülür, mübarizə alovlanır,
dartışma son həddə - kulminasiyaya çatır. Kulminasiyadan əvvəl peripetiya deyilən gözlənilməz
hadisədən danışmaq istəyirəm.
Peripetiya - gözlənilməz hadisə düyündən
kulminasiyaya qədər olan vəziyyəti gərginləşdirən
komponentdir. Gözlənilməz hadisə dram əsərinin
canıdır, onu baxımlı edən,
tamaşaçını heyrətləndirən, sarsıdan,
hadisələrə kəskin dönüş verə bilən,
dramaturqdan yaradıcı fantaziya tələb edən elementdir.
Əslində, gözlənilməz hadisə - peripetiya
tamaşaçının yaxasından yapışan
qarmaqdır, bu qarmaq onun diqqətinin başqa yerə yönəlməsinə
mane olur, qalan müsbət məqamlar isə nəticədir,
bu nəticəyə tamaşaçını hazırlamaq
lazımdır, amma çalışmaq lazımdır ki,
gözlənilməz hadisə göydəndüşmə
olmasın, onun təbii motivi, səbəbi görünməlidir.
Qəfil dönüş zorən, müəllif
diktəsi ilə olmamalıdır. Ümumiyyətlə,
qəfil dönüşə hazırlıq bir qədər
örtülü, "niqablı" olmalıdır, bu
hazırlıq bir az əvvəldən
başlamalı, tamaşa boyu inkişaf etməli, yetişməlidir.
Dramaturgiyamızın banisi M.F.Axundzadənin, C.Məmmədquluzadə,
Ə.Haqverdiyev və C.Cabbarlının dram əsərləri
güclü peripetiyalarla zəngindir.
Kulminasiya konfliktin ən yüksək nöqtəsi, zirvəsidir,
burdan o yanası yoxdur. Məsələn, çoxumuza məlum olan bir misal:
saray qeybətlərindən, dedi-qodulardan, kübar cəmiyyətin
istehzalarından, təhqiramiz atmacalarından cana
doyan Puşkin şərəfini, ləyaqətini qorumaq
üçün Danteslə duelə çıxır: onlar
üz-üzə dayanıblar. Bu,
ölüm-dirim savaşıdır. Hər iki rəqib
bir-birini nişan alır. Əsəblər
son həddə gərilib, tamaşaçılar hadisənin nə
ilə bitəcəyini bilsələr də, onların əsəbləri
daha çox tarımdadır. Bax bu məqam
hadisələrin, mübarizənin ən gərgin nöqtəsi
- kulminasiyasıdır. Əsl fəlakətin
özü, yəni tapançanın açılması və
Puşkinin ölümcül yaralanması artıq
açılışdır. Çünki
bir qayda olaraq, kulminasiyadan sonra açılış gəlir.
Açılış yekundur, daha doğrusu,
yekunlaşdırıcı inkişafdır, dediyimiz kimi, dərhal
kulminasiyadan sonra gəlir.
Final isə pyesdə baş verən hadisələrin nəticəsi,
yekunlaşdırıcı komponentidir.
Beləliklə, biz pyesin süjeti, süjetin özü
və əsas komponentləri haqqında danışdıq. Amma bunlar hələ
hamısı deyil. Pyesin özünün
bütövlükdə komponentlərini saymaqla qurtarmır:
personajlar, replikalar, dialoqlar, kompozisiya, səhnə və
epizodlar, süjetin növləri, konflikt və onun növləri...
Əlbəttə, süjetin adlarını çəkdiyim
və haqqında qısaca məlumat verdiyim komponentlərinin hər
biri ayrılıqda bir neçə dərsin mövzusudur,
onlardan yaradıcı prosesdə necə istifadə etmək isə
artıq dramaturqun fəhmindən, zövqündən və
intuisiyasından asılıdır. Öz işinin
ustası olan peşəkar dramaturq pyesi yazıb bitirəndə
məlum olur ki, ekspozisiya, düyün, konflikt, inkişaf,
kulminasiya, açılış və final dramaturji qaydalara
tam uyğundur. Hətta pyesin həcmi də
öz-özünə 50-52 səhifəni aşmayıb.
Bu, əlbəttə, peşəkarlıqdır.
Dramaturgiyanı özünə hobbi deyil,
peşə seçmiş bütün dramaturqlara bu peşəkarlığı
arzulayıram.
525-ci qəzet.- 2021.- 30 dekabr.- S.11.