Şeirin dairəvilik mahiyyəti
Bədii ədəbiyyatda məlum və məşhur
dairəvilik anlayışı var. Bu anlayış ən
kiçik parçanın belə bütövlə
qırılmaz bağlılığı şərtinə əsaslanır. Belə hesab
edilir ki, bədii əsərdə söz cümlə ilə,
cümlə abzasla, abzas o biri abzaslarla, abzaslar isə
bütöv mətnlə vahid orqanizm yaradır və yaxud
yaratmalıdır. Əlbəttə, bədii
ədəbiyyatdakı (bütövlükdə incəsənətdəki)
dairəvilik heç də bununla bitmir, yəni dairəviliyi
hansısa şeir, hekayə, pyes daxilində axtarmaqla kifayətlənmək
olmaz. Dairəviliyi hər hansı
yazıçının ayrı-ayrı əsərləri
arasında, həmin yazıçının əsərləri
ilə başqa-başqa yazıçıların əsərləri
arasında da axtarmaq mümkündür və bu cür
axtarışlar çağdaş ədəbi prosesi milli ədəbiyyatın
keçmişdən süzülüb gələn ənənələri
ilə vəhdətdə götürməyə, həmçinin,
vahid dünya ədəbi prosesinin tərkib hissəsi kimi dərk
və təqdim etməyə yaxından kömək edir. Gülşən Əliyeva-Kəngərlinin yeni
çapdan çıxan "İdrak və xəyalın vəhdəti"
kitabı məhz xatırlatdığımız məsələ
- dairəvilik məsələsi baxımından maraq
doğurur. Müəllif çağdaş şeirimizin
Rəsul Rza, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Əli Kərim,
Fikrət Qoca, Vaqif Səmədoğlu, Ələkbər
Salahzadə, Ramiz Rövşən, Vaqif Bayatlı kimi nümayəndələrindən
məhz yaxın və uzaq ətrafla qırılmaz
bağlılıq müstəvisində söhbət
açır. Təsadüfi deyil ki, müxtəlif
üslublu çağdaş şairlərdən bəhs edən
kitabın, əgər belə demək mümkünsə,
baş qəhrəmanı XVI əsrin və özündən
sonrakı bütün əsrlərin danılmaz sənətkarı
Məhəmməd Füzulidir. Niyə Məhəmməd
Füzuli? Ona görə ki, 1960-cı illərdən
sonrakı mərhələdə - ədəbiyyatın
dirçəlib-dirilib özünə gəldiyi, əsl sənət
yoluna qayıtdığı bir dövrdə şairlərimiz
klassiklərdən ən çox Füzuliyə üz tutdular,
çağdaş şairlərin Füzulidə
tapdıqları və tapındıqları ən
başlıca ədəbi dəyər isə fərdin daxili
hiss-həyəcanının yüksək bədiiliklə ifadəsindən
ibarət oldu.
1960-cı illər ədəbiyyatının
yenilikçi ədəbiyyat olması ədəbi tənqiddə
artıq mübahisə doğurmayan bir qənaətdir. Amma bu dövr
ədəbiyyatına inqilabçı ədəbiyyat da demək
olarmı? Suala doğru-düzgün cavab
vermək üçün altmışıncı illər ədəbiyyatının
tanınmış nümayəndələrindən biri olan
Bulat Okudcavanın sözlərini xatırlatmaq yerinə
düşür. Bulat Okudcava deyir: "Təbii ki,
altmışıncılar öz zəmanələrinin
övladları idilər. Onlar inqilabçı
deyildilər, sadəcə olaraq namuslu insanlardılar. O
şəraitdə yaşamaq istəmirdilər. Rejimi
devirməyi düşünmürdülər, onu azacıq da
olsa, insaniləşdirməyə
çalışırdılar ki, bir az asudə nəfəs
ala bilsinlər". Bulat Okudcavanın
doğru dediyini, yəni altmışıncıların
inqilabçı mövqe tutmadıqlarını onların
1920-30-cu illər Sovet yazıçıları ilə
müqayisəsindən daha aydın görmək olar.
1920-30-cu illərin Sovet yazıçıları inqilabın
"qələbə"sindən sonra köhnə siyasi
rejimin kökünü kəsmək yolunda heç də az
iş görmürdülər və bu yolda onların
başlıca vəzifələrindən biri inqilabi ruhdan uzaq
olan "köhnə" ədəbiyyata qarşı
çıxmaqdan, bəzi hallarda isə ifrata varıb
"köhnə" ədəbiyyatı inkar etməkdən
ibarət idi. Belə ifratçı meylləri
altmışıncılara aid etmək özünü
doğrultmur. Rejimi devirmək fikrinə
düşməyən altmışıncılar rejimə
könüllü-könülsüz bağlı olan
otuzuncuları topa tutmaq kimi "inqilabi" addımlar da
atmırdılar. Altmışıncıların başlıca işi
yaranmış yumşalma şəraitindən maksimum
yararlanmaq, əvvəlki ədəbi nəsillərin məcburiyyət
ucbatından yol verdikləri nöqsanları təkrar etməyib,
ədəbiyyatı əsl ədəbiyyat məcrasına
qaytarmaq idi. Gülşən Kəngərli
Azərbaycan şeirinin altmışıncı illər mərhələsi
ilə iyirmi-otuzuncu illər mərhələsi arasında
müqayisəni ənənə və novatorluq müstəvisində
aparmaq istərkən, hər şeydən əvvəl, lirik
"mən" məsələsini diqqət mərkəzinə
çəkməli olur. Məlumdur ki, lirik
"mən"in - şair subyektinin ön planda olması və
şairin fərdi hiss-həyəcan, duyğu-düşüncələrinin
ümumiləşdirilməsi və başqaları
üçün də maraq kəsb etməsi bineyi-qədimdən
poeziya üçün ilkin şərtlərdən biri
sayılıb. O da aydın və mübahisəsiz məsələdir
ki, fərdi-subyektiv aləmin ifadə dərəcəsi nisbi səciyyə
daşıyır, müxtəlif şairlərdə müxtəlif
dərəcə və səviyyələrdə ortaya
çıxır. Gülşən Kəngərlini
məsələnin məhz bu tərəfi maraqlandırır
və o, haqlı olaraq fərdi-subyektiv aləmin arxa plana
keçməsini otuzuncu illər şeirində səciyyəvi
cəhətlərdən biri sayır. Gülşən
Kəngərlinin ümumi şəkildə
xatırlatdığı bu məsələ istər-istəməz
həmin dövrə aid bəzi misraları yada salır.
Məsələn, Süleyman Rüstəmin bu
misralarını:
Mənim
"mən, mən" deməyim sanmayın boş əməkdir,
Mənim bu "mən, mən"lərim, bir sözlə,
"biz" deməkdir.
"Mən"in,
eləcə də "sən"in arxa plana keçməsi və
"biz" anlayışının lirikada baş qəhrəman
yerini tutması Süleyman Rüstəmlə yanaşı,
otuzuncu illərdə başqa şairlərin
yaradıcılığı üçün də
aparıcı xəttə çevrilmişdi. O vaxt gənc
şair "mən" deyərkən yalnız
özünü yox, özünün də qoşulduğu
şairlər ordusunu nəzərdə tuturdu. Bu
ordu Sovet yazarlarının "köhnə", "köhnəlmiş"
hesab etdikləri ədəbiyyata qarşı müharibə
elan etmişdi. Şairlər ordusunun hər
bir döyüşçüsü tərəddüd və
sarsıntıdan uzaq olmalı, ordunun qalibiyyət əzmini hər
şeirdə var gücü ilə hiss etdirməli idi.
İniltili, sızıltılı şeirlər yazıb
mübariz dəstəyə qoşulmaq, o dəstədə
münasib yer tutmaq mümkün olmayan bir iş idi. Təsadüfi
deyildi ki, o illərdə Səməd Vurğun
özünün nakam məhəbbət şeirlərini dilə
gətirmək belə istəmirdi:
Mən
and içmişəm ki, bir də qələmim,
Gözəllərdən ilham almayacaqdır.
Gülşən Kəngərlinin ümumi tənqidi
fikirləri əsasında xatırladığımız bu
kimi nümunələr müqayisə aparmağa və
altmışıncı illər şeirində fərdi-subyektiv
aləmin yerini müəyyənləşdirməyə
yaxından kömək edir. Otuzuncu illər şeirindən
tezisvari bir şəkildə bəhs edən Gülşən
Kəngərli altmışıncı illər şeirini
poetik parçalardan gen-bol misal çəkməklə nəzərdən
keçirir:
İndi hər
səsdən-küydən
Sükuta dönmək vaxtıdır.
Millət,
dövlət zirvəsindən
İnsana enmək vaxtıdır.
(Vaqif Səmədoğlu)
Altmışıncı illərdən çox-çox
sonralar yazılmış bu şeiri Gülşən Kəngərli
altmışıncı illər poeziyasının "bədii
yol xəritəsi" adlandırır. Doğrudan da,
Vaqif Səmədoğludan gətirilən nümunədə
şeirimizin altmışıncı illərdən
başlayıb gələn inkişaf yolunun aparıcı istiqamətinə
işarə edilir. "Millət, dövlət
zirvəsindən insana enmək" sadəcə insanın fərdi-subyektiv
aləmini şeirdə ön plana keçirməklə məhdudlaşmır.
"İnsana enmək" həm də
şeirin poetik sistemində, ümumi ifadə tərzi və
üslubunda köklü dəyişmələrə səbəb
olur. Şeirdə "möhtəşəmlikdən
adiliyə, pafosdan konkretliyə, potetikadan bədii dəqiqliyə
keçid" - tənqidçi Asif Əfəndiyevin
xatırlatdığı və Gülşən Kəngərlinin
təqdir etdiyi bir cəhət məhz "insana enmək"
sayəsində mümkün olur. İnsan
qəlbinin dərinliklərinə varmağın təzahürüdür
ki, altmışıncı illər şeirinin ilk ən
uğurlu nümunələrindən biri başqa bir mövzuda
yox, məhəbbət mövzusunda - vaxtilə Səməd
Vurğunun ehtiyatla yanaşdığı bir mövzuda qələmə
alınır. Həmin uğurlu nümunə Əli Kərimin
"İki sevgi" şeiridir:
Gözəl
qız, sən saf susan,
İki qəlb arzususan.
Mənsə
səni sevirəm
Susuzluğun
od vurub köz kimi yandırdığı
dodaq su
sevən kimi.
O isə
səni sevir
rahatca
bardaş qurub
Kabab üstən sərin su pis olmaz deyən kimi.
Bu şeirin altmışıncı illər poeziyası
üçün səciyyəvi bir nümunə
sayılması potetikadan uzaq olması ilə, incə
duyğular ifadə etməsi ilə məhdudlaşmır. "İki sevgi"nin dövr
üçün səciyyəviliyi həm də ondadır ki,
bu şeirdə daxili kolliziya ahənginə maraq, meyl və
canatma var. Lirik qəhrəman öz sevgisini bizlərə
başqa birinin sevgisi ilə qarşılaşdırmada
çatdırır. Və daxili kolliziya əlamətləri
də məhz bu qarşılaşdırma sayəsində
ortaya çıxır. Diqqət etdikdə
görmək çətin olmur ki, tərəflərin
qarşılaşdırılması - "İki sevgi"də
müşahidə etdiyimiz bir cəhət
altmışıncı illər lirikasından ana xətlərdən
biri kimi keçir. Ən işlək
qarşılaşdırmalardan birini Gülşən Kəngərli
insan və zaman qarşılaşdırmasında görür
və Bəxtiyar Vahabzadənin 1964-cü ildə çap
olunmuş kitabının "İnsan və zaman"
adlandırılmasına ədəbi gedişatın ümumi
ab-havasından xəbər verən bir fakt kimi baxır. Altmışıncılar, o cümlədən, Bəxtiyar
Vahabzadə şeirində zaman hansı poetik məna və
mahiyyət kəsb edir? Bu suala Gülşən Kəngərli
tanınmış tənqidçi-ədəbiyyatşünas
Yaşar Qarayevin sözləri ilə cavab verir: "Bəxtiyar
poeziyasında zaman anlayışı dəqiq sərhədlərə
sığdırılan konkret-tarixi bir dövrün -
müasirliyin hüdudlarından çox-çox kənara
çıxır. Zamanla ünsiyyət burada həm
də tarix və əbədiyyətlə, gələcəklə
müsahibə deməkdir; dərin bəşəri
düşüncələrə dalan, dünyanın taleyi
üçün həyəcan keçirən şairin daxili
nitqi, öz vicdanı ilə müsahibəsi deməkdir.
Geniş fəlsəfi mənada zaman və
düşünən lirik şair "mən"i Bəxtiyar
şeirində poetik dialoqun iki dəyişməz, iki daimi
qütbüdür". Lirik "mən"in zamanla
dialoqunda Gülşən Kəngərlinin
seçib-ayırdığı, altmışıncı illər
şeiri üçün səciyyəvi saydığı
motivlərdən biri zaman və sürət motividir. Belə
bir motivi qabarıq şəkildə ifadə etməyin
göstəricisidir ki, Bəxtiyar Vahabzadənin "həyatı
həyat kimi yaşamaq istəyən", ömrün mənasını
çarpışıb-vuruşmalardan və təlatümlərdən
keçib getməkdə görən lirik qəhrəmanına
səs sürəti bəs etmir, ona fikrin sürəti gərək
olur. Oxşar ehtiras Əli Kərimin də lirik
qəhrəmanında özünü göstərir.
Bakı küləyinə üz tutub "sındır pəncərəmi,
döy pəncərəmi" deyən, evdə xumarlanıb
yatmağı gerilik bilib səfərlərə,
yürüşlərə can atan lirik qəhrəman "xəyalın
üfüqlərinə çatan", "bir göz
qırpımında insanı yüksəkliklərə və
dərinliklərə yetirən" bir sürətin təşnəsidir.
Gülşən Kəngərli "dəyişən
epoxalarda şeirin özü şairlərin sevimli mövzusuna
çevrilir" (Yuri Tınyanov) kimi ədəbi gerçəkliyə
əsaslanıb "Altmışıncılar söz sənəti
barədə nə düşünürlər?"
sualına aydınlıq gətirməyi vacib bilir. Gülşən Kəngərli
söz sənəti ilə, bu sənətin tarixi
sınaqlardan çıxmış görkəmli nümayəndələri
ilə bağlı çoxsaylı şeirlərə nəzər
salır və altmışıncıların
yaradıcılıq manifestinin başlıca parametrlərini
üzə çıxarmağa çalışır.
Aydın olur ki, "qəlibləşmiş ənənələrin
buzunu sındırmağa cəsarət edən" (İsa Həbibbəyli)
altmışıncılar yeniliyə ədəbiyyatın pozulmaz və
dəyişməz qaydaları əsasında, özündən
əvvəlki sənətkarlara böyük hörmət və
ehtiramla yanaşaraq nail olmaq istəyirlər. Bədii
sözü insana daha çox yaxınlaşdırmaq yolu tutan
altmışıncıların klassik ədəbi irsdən əxz
etdiyi pozulmaz və dəyişməz ədəbi qaydalardan
biri insanı bir fərd olaraq siyasi proseslərin ayağına
verməmək, onun dərd-sərini çəkinmədən
dilə gətirməkdir. Altmışıncıları
(eləcə də sonrakı ədəbi nəsilləri)
Füzuliyə bağlayan məqamlardan biri bu nöqtədə
axtarılmamalıdırmı? İnsan dərd-sərinin
yüksək bədiiliklə ifadə olunması Füzuli
cazibəsinin başlıca səbəblərindən biri
deyilmi? Bu sayaq suallara cavab axtara-axtara Gülşən Kəngərli
altmışıncı illər şeirində lirik "mən"lə
yan-yanaşı addımlayan lirik "sən"ə diqqəti
yönəldir. Maraqlı müşahidədir ki,
altmışıncı illər lirikasında "sən"
bir fərd olaraq aparıcı qəhrəman mövqeyi
tutmağa, sənsizlik əsas motivlərdən birinə
çevrilməyə başlayır, otuzuncu illər
şeirindəki "biz" obrazını
altmışıncı illər şeirində lirik "mən",
əsasən, "sən" obrazı ilə birlikdə əvəz
edir. Yeni epoxada şair "sən" həsrətilə
yanıb-yaxıldığını, qəm-qüssəyə
qərq olduğunu uca səslə söyləməkdən
çəkinmir. "Hər kədəri
səadət, hər sevinci qəm izlər" deyən Bəxtiyar
Vahabzadə sənsizlikdən bəhs edərkən lirik "sən"i
"əzablarımın, qəmlərimin bəzəyi"
adlandırır. Əli Kərim
"Qayıt" adlı məşhur şeirində sənsizliyi
dünya nizamının pozulması kimi mənalandırır
və sevgilisinə üz tutub "Qayıt yerinə qoy
Ayı, Günəşi, Qayıt sahmana sal bu kainatı"
deyir. Sənsizliyin oxşar poetik ifadəsini Məmməd
Araz şeirində görürük:
Ot kimi,
su kimi bilmirəm niyə,
Hər
yerdə yaradıb
bu torpaq
səni...
Mən səni
gecələr unutsam - gecə,
Gündüzlər unutsam -
gündüz olursan.
Məhəmməd Füzulidə məhəbbət dünyanı dərk etməyin bir vasitəsi olduğu kimi, çağdaş şeirimizdə də lirik "mən" və lirik "sən"dən söhbət açmaq insan qüdrətini ifadə etməyin bir vasitəsidir. Tamamilə təbii haldır ki, Gülşən Kəngərli intellektual poeziya təmayülünü izləyərkən, hər şeydən əvvəl, məhz məhəbbət mövzulu şeirlər üzərində dayanır.
Çağdaş intellektual poeziyadan danışarkən Rəsul Rza yaradıcılığından yan keçmək mümkün deyil. Ona görə mümkün deyil ki, əllinci illərin sonu, altmışıncı illərin əvvəllərində Azərbaycan şeirində başlanan yeniləşmə prosesinə əslində, Rəzul Rza başçılıq etdi, novatorluq yolunda ən cəsarətli addımları Rəsul Rza atdı. Çağdaş şeirimizin inkişafında, bu şeirin üslubi müxtəliflik və rəngarənglik qazanması kimi son dərəcə vacib bir işdə Rəsul Rzanın rolunu düzgün qiymətləndirmək üçün Nazim Hikmətin sözlərini xatırlatmaq lazım gəlir. Nazim Hikmət deyir: "Onun şeirlərini bəyənib-bəyənməmək öz işinizdir, ancaq siz onun şeirlərini başqa şairlərin şeiri ilə qarışdıra bilməzsiniz. Məncə, şairin şeirlərinin bəyənilib-bəyənilməməsindən daha çox özümlü və bənzərsiz olması gərəkdir. Rəsul Rza xalq ədəbiyyatı və klassik ədəbiyyata vərəsəlik edən bənzərsiz bir şair, Azərbaycan poeziyasının novatorlarından biridir". Bu sözləri deyərkən daha çox "Rənglər" silsiləsi üzərində dayanan Nazim Hikmət poeziyanın dairəvilik mahiyyətini unutmur, novator Rəsul Rzanı həm də xalq ədəbiyyatının və klassik ədəbiyyatın varisi sayır. Gülşən Kəngərli belə yanaşmanı təqdir etməklə kifayətlənmir və rənglər mövzusunun "Kitabi-Dədə Qorqud"dan, Nizami "Xəmsə"sindən, xüsusən onun "Yeddi gözəl" poemasından süzülüb gələn cəhətləri üzərinə işıq salır. Başqa sözlə desək, Gülşən Kəngərli "Rənglər" silsiləsindəki novatorluğu ənənə ilə müqayisə müstəvisində araşdırmaya cəlb edir.
Bu cür yanaşma və
araşdırma prinsipini "Xəyal və idrakın vəhdəti"
kitabında ana xəttə çevirdiyinə görədir
ki, Gülşən Əliyeva çağdaş şeirimizin
Fikrət Qoca, Vaqif Səmədoğlu, Ələkbər
Salahzadə, Ramiz Rövşən, Vaqif Bayatlı kimi nümayəndələrinin
də lirikasında özünəməxsus cəhətlərə
diqqəti yönəldə bilir.
Muxtar KAZIMOĞLU
525-ci qəzet.- 2021.- 30 dekabr.- S.10.