Mənim adım Şuşadır  

 

 

...Şuşa üçün halallaşaq

 

Bizdən üç-dörd küçə o yana şuşalılar məhləsi var idi. Şuşadan gələn məcburi köçkünlərin bir hissəsi orada məskunlaşmışdı. Ümumiyyətlə, maraqlıdır ki, Bakının harasında yaşamaqlarından asılı olmayaraq şuşalıların əksəriyyəti bir-birini adla, soyadla tanıyır. Uzaq başı, adının əvvəlində peşəsini qeyd eləmək kifayətdir ki, həmin adamın tərcümeyi-halını danışsınlar.

 

Həmin şuşalılar məhləsinin bir bucağında Rüfət dayının çayxanası var. Xudmani, dünyanın dərd-sərindən uzaq, köhnə bir yerdi. Oturacaqların üstündə nimdaş döşəkçələr, çox da qalın olmayan iki qatlanmış palazlar, divarda Sovetdən qalma saat, daş stəkanlar, qırağı naxışlı dədə-baba nəlbəkilər bu kimi neçə-neçə doğma əşyalar, isti ab-hava... Bura Şuaşadakı hansısa çayxananın maketi idi. Bura gələn adamlar da sanki özlərini aldadıb qəmlərini dağıtmağa çalışırdılar. Fəqət qəribsədikləri gün kimi aydın olurdu. Bığı saralmış, əli qabarlı yaşlı babaların bu çayxanada çox söhbətlərini eşitmişdik. Biz Şuşanı bir az da həmin çayxanada tanımışdıq, şuşalıların xatirələri ilə neçə dəfə xəyalən o yerlərə səfər eləmişdik.

 

Şuşaya gedəcəyimi eşidəndə yolumu həmin məhlədən saldım. Məktəbi bitirəndən sonra bu yerlərə gəldiyim yadıma düşmürdü. İçəri girəndə eyni ab-havanı, oranın xüsusi qoxusunu yenidən hiss elədim, heç dəyişməmişdi... Bir şuşalı dostum var idi. Biz orta məktəbdə oxuyanda atasının ürəyi partladı. Onu tanıyanlar deyirdi ki, Fəridin atası, müharibədən ölən gününə qədər Şuşanın xiffətini çəkmişdi. Çayxananı dolanandan sonra Fəridə zəng elədim:

 

- Şuşaya qar yağıb?

 

- , Nadir, ora oktyabrdan qar yağır.

 

- Gəl, halallaşaq, Şuşaya gedirəm.

 

Fərid telefonda qiyabi bələdçilik elədi. Bir az atasından danışdıq, bir az olub keçənlərdən. Şuşa xatirinə halallaşdıq...

 

Şuşanın küçələri dolanbadolan...

 

Yolboyu nəyin yuxu, nəyin gerçək olduğunu ayırd eləmək elə asan deyildi. Şuşa nəinki müharibədən əvvəl oraları canlı görənlər üçün, hətta müharibədən sonra dünyaya gələn nəsil üçün müqəddəsdir. Şuşa sevgisi azərbaycanlıların genetikasına kodlaşdırılan instinktlərdəndir. Ona görə səfər zamanı həyəcanlanmamaq mümkün deyildi. Zəfər yolu bizi dilimizin əzbərinə çevrilə Şuşaya aparırdı. Şahın hüzuruna gedəndə taxtdan qapıya qədər uzanan xalçanın üzərinə qədəm qoyan rəncbər misalı ürək döyüntülərimin əks-sədasını eşidə bilirdim.

 

Döyüşçülər öz rayonlarının, şəhid yoldaşlarının adlarını divarlara həkk eləmişdilər. Bu nisgilin, eyni zamanda fəxarət hissinin nişanəsi idi. Ümumiyyətlə, Şuşada kədərlə sevincin vəhdəti insanı ağuşuna alır. Hər daşında bir ah var bu yerlərin...

 

Şuşa şəhərinin çox maraqlı arkitekturası var. Yollar burma-burma qalxıb endikcə şaxələnir yenə eyni yerdə kəsişir. Hansı istiqamətdə irəliləsən , dönüb eyni yerə qayıdırsan. Yəni mərkəzin var olmasını bütün cazibəsi, quruluşu ilə anlaya bilirsən. Evlər, yollar xatirə pıçıldayır. Onu mən, ya başqası eşitməsə , şuşalılar, vaxtilə burada yaşayan yerli camaat yaxşı eşidir...

 

Dağıntılar içində əzəmət

 

Yuxarı Gövhər ağa məscidi Şuşanın müqəddəslik simvollarındandır. Göyün bağrını dələn minarələr sanki buranın tarazlığını qoruyur. Bir vaxtlar erməni vandallarının mundarladığı məkanda yenidən müqəddəs ayələrin, duaların səslənməsi İlahi ədalətin bərqərar olduğunu göstərdi. Hər kəs əlini göyə qaldırıb dualar edirdi. Bu, insanların Şuşaya görə şükranlığı idi: Şükür Şuşaya!

 

Məsciddən sonra Xan qızı bulağına getdik. Natəvanın gözünün yaşı donmuşdu... Şaxta ilə əlaqədar su gəlmirdi. Bu yerlərə yaz-yay gələcək, bulaqlar çağlayacaq, təbiət oyanacaq. Hələ neçə-neçə nəsillər "Xan qızı"nın gözündən su içəcəklər...

 

Bulağın yanından pilləkanla Xan sarayı tərəfə irəlilədim. Hamı qala tərəfdə idi. Hər yerə sükut çökmüşdü. Yalnız divarları qalan saray bu halı ilə belə çox əzəmətli görünürdü. Azərbaycan əsgəri Şuşa kimi məğrur, bu divarlar kimi qürurlu, əyilməz idi.

 

 

 

 

 

"Vaqif, çoxdur dərdin, mən bilərəm..."

 

Molla Pənah Vaqifin taleyi enişli-yoxuşlu olub. Amma heç düşmən tapdağında əsir qalan məzarı qədər ruhunu sarsıtmamışdı, məncə... Vaqifin həyatı ziddiyətli məqamlarla doludur. Bu barədə çox deyilib, çox yazılıb. Saray mənsubluğu onu müəyyən mənada pərvazlandırıbsa, bir çox məqamlarda çərçivələrə salıb, öz bərəkətli qələminə rəva olmayan hadisələrə sürükləyib. Bəlkə , Vaqif ədəbiyyatımızda yeni mərhələ olsa belə, Şuşa ədəbi mühitində olmasaydı, bu yerlərdə məskən salmsaydı, ismi bu qədər məşhurlaşmazdı. Şuşa Vaqifi həm ucaltdı, həm qocaltdı.

 

 

 

Məqbərəyə uzaqdan tamaşa eləyəndə Vaqif sarıdan ürəyimə su çiləndi. Şuşanın azadlığı Vaqifin əsir ruhunu yenidən şadlandırdı.

Vaqifin məzarını bu misralarla ziyarət elədim:

 

Vaqif, çoxdur dərdin, mən bilərəm,

Bir gün görməyəndə yəqin ölərəm,

Ağlasan ağlaram, gülsən gülərəm,

Xəstəyəm, dərmanım neçün ağlayır?

 

Cıdır düzü - dünyanın ən uca guşəsi

 

Təbiət insan iradəsinin fövqündədir. Normal insan şüuru təbiətin özündə saflaşa bilər. Gözləri pərdələnmiş kəslər isə bu nemətdən məhrumdur.

Şuşada olanda çoxlu pişiklər gördük. Jurnalist dostlar onları sığallayır, yemək verir, qucaqlarına götürürdülər. O pişiklər bəlkə , hansısa erməninin sığalladığı, yemək verdiyi ev heyvanıdır. Amma heç kimin ağlına bu gəlmir. Hamı qayğıyla yanaşır.

 

Ermənilər Xocalı hadisələri ilə bağlı bir film çəkmişdilər. Filmdə eşşəkləri taxta ilə başına döyə-döyə öldürürdülər. Çünki həmin eşşəklərin sahibləri azərbaycanlılar idilər.

 

Jurnalistlərin heyvanlara qayğısını görəndə erməni filmindən həmin kadrlar gözümün önünə gəldi. İnsan olmaq düşmən üçün niyə bu qədər çətin oldu ki?!

 

 

 

Cıdır düzünə qalxdıqca insanın ayağı yerdən üzülür. Elə bilirsən, bütün dünya ayaqlarının altındadır. Cıdır düzündəki iri daşlar tərsinə əyilmiş məzarlara bənzəyir, əsrarəngizdir... Bura yerlə göyün tənləşdiyi yerdi.

 

Yol yoldaşım, jurnalist Mirhacib Məcid avtobusda olarkən 1988-ci ildə, hələ ağlı kəsmədiyi vaxtda Cıdır düzündə çəkilən fotonu göstərdi. Bura yaxınlaşdıqca həyəcanlanırdı. Təxmin eləmişdim ki, həmin anı təkrarlamaq istəyir. Fotoqraf dostumuz Valeh Arifoğlu eyni yerdə Mirhacibin şəklini çəkdi və bu şəkil 33 il sonra tarixə qovuşdu. 

 

 

 

Mənim adım Şuşadır

 

Şuşaya ilk səfərim yaddaşıma maraqlı xatirələrlə həkk olundu. Maraqlı insanların əhatəsində oraları gəzmək başqa bir zövq idi.

Şuşadan ayrılmaq kədərlidir. Elə bil çoxdan burdasanmış kimi kədərlənirsən. Qayıdanda avtobosun maqnitafonundan "Pıçıldaşan ləpələr" mahnısı səsləndi:

 

Körpəmizi yatırmışam indicə,

Beşiyinə ay nurunu səpələr.

Sevgilimdən xəbər verib gizlicə,

Pıçıldaşın, pıçıldaşın, ləpələr!

 

Mahnı səslənəndə Şuşa adlı qızcığazı xatırladım. 44 günlük Vətən müharibəsində şəhid olan baş leytenant Elçin Ağayevin qızına Şuşa adını vermişdilər. İndi Şuşa adlı balacanın da beşiyinə ay nurunu səpələyir. Şuşa böyüyəcək və o da özünün və atasının adı ilə xoşbəxt olacaq: "Mənim adım Şuşadır. Mən şəhid qızıyam, adımı da atam qazandı. Mən adımla böyüyəcəm, Azərbaycan isə Şuşa ilə..."

 

Nadir YALÇIN

 

525-ci qəzet.- 2021.- 30 dekabr.- S.8.