Xeyirxah insan,
qayğıkeş dost - Umud Mirzəyevin 60 yaşına
Göz yaddaşımız uca dağları heç vaxt
başı qarsız təsəvvürə gətirməz. Bu
yapıncı cangüdəndir, gur çaya çevrilmək
amalı ilə yola çıxan durna gözlü
bulaqların qidası, güc mənbəyidir.
İnsan min illərdir belə mənzərənin əbədiliyi
peşindədir. Görkəminə,
xeyirxahlığına, dözümünə, iradəsinə...
görə ağsaqqal adlandırdığı əbədilik
rəmzinin dilindən heç vaxt "bəsdir, yoruldum,
bezdim, məni rahat buraxın" kəlmələrini
eşitməyəcəyinə arxayındır. Bir anlığa əksini təsəvvürə gətirsək,
nələrlə qarşılaşarıq. Həyat
çökər, gözdoymaz mənzərələri
ölü peyzaj əvəzləyər, dodaqlardakı təbəssüm
qum örtüyündən gözə
görünməz olardı. Bəli, nəciblik,
həssaslıq, başqalarının qayğılarına,
problemlərinə şəriklik,
ömür-gününü faydalı işlərə sərf
etmək hər kişinin daşıya bilməyəcəyi
ağır yükdür. Ağsaqqal ifadəsi isə belə
əməllərin dəyərləndirilməsinin ən ali mükafatıdır.
Gəzib
dağın-dərənin
Qoynunu qarış-qarış.
Təşnəyəm
- çeşmələrin
Gurunu axtarıram.
Diqqətli oxucu, bu mübariz ruhlu nikbin bəndin prototipi
müəllifinin özüdür - Umud Rəhim oğlu Mirzəyevdir. Fevralın 1-də
yubileyidir, 60 yaşına qovuşur.
Tanışlığımızın 30, dostluğumuzun 20
illik stajı var. O, yaşıdlarının hamısından
erkən ağsaqqal tituluna layiq görülüb. İndisə belə müraciətləri çəkinmədən
qəbul edə bilir. Əməli ilə
yanaşı, yaşı da buna imkan verir. Gümüşü
saçların ona meydan hərəkatının tuyğan
etdiyi vaxtda yaşatdığı təhlükələri təbəssümlə
yada salır. Xalqımız ikinci müstəqilliyi
uğrunda mücadiləyə qalxanda və yanvarın 20-sində "Ədəbiyyat və incəsənət"
qəzetinin şöbə müdiri Umud Rəhimoğlu
redaksiyada "işdə qal" xəbərdarlığına
məhəl qoymadan gününü meydanlarda keçirən
sözəbaxmaz əməkdaşlardan biri idi. Fəallığından
əlavə, görkəmi də dəfələrlə onu ələ
vermişdi. Həmin təhlükəli vəziyyətlərdən
birini təbəssümlə xatırlayır. Milis zabitinin onu əli ilə göstərərək
"ağsaqqal çox canfəşanlıq edir" deməsindən
bilmişdi ki, ehtiyatı əldən versə, həbs olunacaq.
Umud müəllimim çalışdığı, əməkdaşlıq
etdiyi sahələrdəki sanballı xidmətlərindən
geninə-boluna silsilə yazılar qələmə almaq
mümkündür. Mənsə qısa və konkret
danışacam. Cəsarət
tapıb şairin təvazökarlığı ucbatından
günümüzədək sandığında yatıb
qalan, fəqət 5-6 kitaba bəs edəcək şeirlərindən
söhbət açacaq, yekunda həmin konteksdə qəti
fikir səsləndirəcəm: "Umud Rəhimoğlu, sən
deməsən də, biz bilirik ki, şairsən. Xəsislik etmə,
o sandığın ağzını aç, qoy zər qədrinə
zərgərlər dəyər versin".
Biz yaxşı bilirik ki, söz əhlinə həmişə
həssas yanaşırsan. Xeyir-şərlə
bağlı açıb-ağartmadığın
qayğı nümunələrindən danışmasan da,
neçə-neçə imkansız müəllifin
kitabını çap etdirmisən. Özü də
çoxunu rəhbəri olduğun Beynəxalq Avrasiya Mətbuat
Fondunun xətti
ilə. Sayları kifayət qədərdir. Ulu ehkama sədaqət
nümunəsi olaraq gördüyün işləri reklam etməyi
xoşlamırsan. Sağ əlin verdiyini sol əl bilirsə,
nə hacəti?!
Umud müəllim səxavət nümunələrimizdəndir. Paradoks! Bəs
niyə ondan şeirlərini maqqaşla qoparırıq?
Yadındamı, Maksim Qorki adına Ədəbiyyat
İnstitutuna qəbulda qayda var idi ki, kitabı
çıxanlara üstünlük verilsin. Dörd-beş
şeir göndərdin. Dünyanın bu
nüfuzlu yaradıcılıq təhsil ocağında arif
adamlar cəmləşib. Bir-ikisini oxuyan kimi qənaətə
gəlirlər: bu adamdan şair, yazıçı olar, ya yox.
İnstituta qəbul olundun. Azərbaycana
qayıtdın, problemləri dəf etməyi bacarıb
bürokratiyaya qalib gəldin, "Ədəbiyyat və incəsənət"
qəzetinə işə götürdülər. Çap olunmaq arzusunda olanlar səni ümid yeri
sayırdılar.
Əsrlər
uzunu təzə-tər qalıb,
Gör
bizə nə qədər bal-bəhər qalıb,
Hələ
dərilməmiş meyvələr qalıb
Bizim muğamların zil budağında.
Gəlin,
Monqolustanda sərhəd telləri önündə azərbaycanlı
əsgərin düşüncələrindən bir bəndə
nəzər salaq:
Mənim
kirpiklərim sərhəd dirəyi
Ətalət
gözümə yol tapmaz yatam!
Sinəmin
altında əsgər ürəyi,
Özüm
sülh arzulu bir kainatam!
Bu
lövhələr ona doğulduğu, boya-başa
çatdığı Füzulinin Aşağı Əbdürrəhmanlı kəndindən
tanışdır. Atası Rəhim kişi
sürücü kimi gündəlik müşahidə etdiyi bu
mənzərələrdən danışanda hiss olunurdu ki,
daxilindən bir xiffət, ağrı-acı keçir. Umud Rəhimoğlu günümüzədək
Güneyimizin söz sərrafları ilə mütəmadi əlaqə
saxlayır. Böyük Şəhriyarın
yadigarı olan Hadi ilə ailəlikcə dostdur. Təbriz və Bakı görüşləri bir
növ ədəbi məclislərə dönüb.
May be an
image of 1 nəfər
İstərdim "525-ci qəzet"in istiqamətini əsas
götürərək Umud Rəhimoğlu imzasının ədəbiyyatımız
üçün necə gərəkli olduğuna
aydınlıq gətirməkdə davam edim. Əlimə
düşən "Ayaqqabı" şeirinin bədii məziyyətlərini
səciyyələndirim. Bir hissəsini oxuyaq, görərsiniz
ki, fəlsəfi mahiyyətinə görə şərhə
ehtiyac yoxdur:
Ayaqlarda
evlərin dəhlizinədək
gətirirlər səni.
Fəqət
evə buraxmazlar
içəri dəvət olunmayan
qonaq
kimi.
Qapının
ağzında qalarsan,
Beləcə günlər ötüşər.
Ayaqlarda
itər ömrün,
Ayaqlarda bitər ömrün.
Yazıq!..
Umud müəllimin rəhbəri və nümayədəsi
olduğu təşkilatları sıralasaq, bəzilərində
elə təsəvvür yaranar ki, o, şairliyini karyeraya
qurban verib. Uzun illər dostluq etdiyim insanın şəxsi
keyfiyyətlərinə yaxından bələd olduğumdan
deyərdim ki, tam yanlış yanaşmadır. Umud Mirzəyevin xeyirxahlıq çevrəsi sərhəd
tanımır. Yaxınları,
doğmaları, hətta heç tanımadığı
adamları əhatə edir. Təvazökarlığı
imkan vermir ki, ictimaiyyət yüzlərlə nəcib əməlindən
xəbər tutsun. Bu mövzuda da dəfələrlə
söhbətlərimiz olub. Deyib, borcumdur -
adətən təmannasız adamlar belə düşüncəyə
malikdirlər.
U.Mirzəyev onu tanıyanları
işgüzarlığı ilə də heyrətdə
saxlayır.
Çəkinmədən bal arısına
bənzədərdim. Yəni bir
şanının ərsəyə gəlməsi
üçün nə qədər fasiləsiz qanad
çalınmalıdır. Bu keyfiyyətlərinə
görə də əminəm ki, erməni
işğalından azad olunmuş Qarabağımızda bərpa
edilən nümunəvi yurdlardan biri də onun doğma kəndi
olacaq. Atası Rəhim kişi
dünyasını dəyişəndə rahatca Bakıda da dəft
edə bilərdi. Amma riskə,
qorxu-hürküyə əhəmiyyət vermədən məzarını
ata-baba qəbiristanlığında qazdı, ağac əkdi,
vaxtilə kəndi su ilə təmin edən kəhrizləri təmizlədi,
gözlərini açdı, onlara ikinci həyat bəxş
etdi.
Mən zəfərli müharibəmizin ilk günlərindən
onunla qələbə sevinclərimizi
bölüşmüşəm. 44 gündə
Bakıda cəmi bir-iki dəfə tapa bildim. Sorağı qələbə müjdələrinin
yerlərindən gəlirdi, tək deyildi, xarici jurnalistlərə
bələdçilik edirdi. Buna ürəkdən
girişdi, üstəlik, BAMF-ın funksiyası da bu cəhətdən
təşkilatçılığı diktə edirdi. Qonaqlarının çoxu ilə hələ 1992-ci
ildən tanışlığı var idi. Kimlərinsə
başı mitinqlərə qarışanda xarici həmkarları
ilə cəbhəyanı bölgələri gəzir, erməni
barbarlığının əyani görüntüləri ilə
tanış edir, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılmasına
yardımını əsirgəmirdi. Bu səfərlər
həm də ona görə təhlükəsiz
reallaşdırılırdı ki, Umud müəllim hər
qarışa bələd idi.
Mətbuat Şurası yaranandan sonra onunla biz də həmin
əraziləri dolaşmışıq. Sağ səngər - sol səngər,
minalar basdırılmış təhlükəli zolaqları
elə ehtiyatla keçməlisən ki, kiməsə
peşmançılıq yaşatmayasan. Düzü,
Umud müəllim belə şəraitdə sükanı
özündən başqa heç kəsə etibar etməməsi
doğru addım olub.
Umud Rəhimoğlu
çalışdığı sahələrdə
novatorluğun, faydalı, müasir dövrlə səsləşən,
reallığa söykənən təşəbbüslərin,
ideyaların müəllifidir, yüksək təşkilati
bacarığa malikdir, işindən zövq alır, yoruldum
demir, giley-güzar dilinə gəlmir. Rəhbərlik
etdiyi BAMF-ın nəinki ölkəmizdə, keçmiş
postsovet məkanında, deyərdim ki, alternativi yoxdur. BMT-dən xüsusi statusa malik olmaq hüququnu almaq
üçün nə qədər işgüzar,
bacarıqlı olmalısan. Ötən
müddətdə o, özünü və təşkilatını
təsdiqləyə bilib. BMT-də, digər
nüfuzlu beynəlxalq qurumlarda şəstlə
açdığı qapılarda yaxşı bilirlər ki,
bu vətənpərvər azərbaycanlının yenə
hansısa beynəlxalq əhəmiyyətli layihəsi var - təbii
ki, Azərbaycan həqiqətlərinin təbliği ilə
bağlı. Biz bununla əlaqədar nəinki
xaricdə, eləcə də Azərbaycanda aktual mövzularda
tədbirlərin keçirilməsinə, ölkəmizə
sanballı ekspertlərin gətirilməsinə adətkərdəyik.
BMT-nin, ATƏT-in müvafiq qurumları, Beynəlxalq Mətbuat
İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası və
sair təşkilatlar BAMF vasitəsilə ən aktual
mövzularda seminar, treyninqlər, konfranslar düzənləməkdədirlər.
Umud Mirzəyev Azərbaycan Mətbuat Şurasının
və Milli Qeyri-Hökumət Təşkilatları Forumunun
İdarə heyətlərinin üzvüdür. MŞ sədrinin
müavinidir. Mülayimliyi və
barışdırıcı mövqeyi təşkilatların
missiyalarına uyğundur. Mətbuat
Şurasının Əsasnaməsinin qayəsində şikayətlərə
baxılarkən tərəflər arasında anlaşma yaradılması
dayanır. Hər dəfə bunun
şahidi oluruq.
Bakıyla Tərtər arasında məsafə təqribən
400 kilometrdir.
Umud müəllimin həftədə bir
neçə dəfə bu yolu qət etməsi işinin mahiyyətindən
doğur. Bunula Yer kürəsini dövrə
vurmaq olardı. Tərtərlilərin onu
şəhərlərinin fəxri vətəndaşı
seçmələri göstərir ki, Umud Rəhimoğlu
orada da xeyirxahlığından qalmır.
Bəli, bu yol onun ömür yoludur,
yüzü aşacağına əminik!
Əflatun AMAŞOV
525-ci qəzet.-
2021.- 2 fevral.- S.10.