Ortaq türk əlifbası .

 

 

10 may 2011-ci ildə elan etmişdik bunu. O vaxtlar başçılıq etdiyim Yeddi Dövlət – Bir Millət Konseyi olaraq bir gün sonra – 11 maydan başlayaraq bütün yazı-pozumuzu ortaq türk əlifbasında gerçəkləşdirdik. Məqsədimiz o idi ki, türk xalqları mümkün qədər tez bir-birinə qovuşsun, özəlliklə də dilimizin ortaqlaşması sürətlənsin.

 

Bizim inancımıza görə, türk xalqlarının birləşib ortaqlaşmasının ən birinci addımı ortaq əlifba olmalıdır. Lakin təəssüflər olsun ki, uzun illərdir bunu müzakirə edirik, bir ortaq seçənək üzərində ortaq məxrəcə gələ bilmirik.

 

Əldə olan bilgilərə görə, hələ doxsanıncı illərin başlarında dəyərli bilim adamımız Firudin Ağasıoğlunun da təşəbbüs və qatqısıyla 34 hərfli ortaq türk əlifbası geniş müzakirə edilib. Ancaq dövlətlərimiz bu məsələdə tənbəl davrandığı üçün ciddi nəticələr əldə etmək mümkün olmayıb.

 

 

Təklif etdiyimiz ortaq türk əlifbası

Sonrakı illərdə də bənzər çalışmalar olub. Özü də çox. Sonuc isə yenə də eyni. Biz də bu durumu göz önünə alaraq 2 mininci illərdə əlimiz və səsimiz çatan türk xalqlarının təmsilçilərilə müzakirələr sonucu ortaq əlifba məsələsini yenidən gündəm etmişdik. Hətta o həddə qədər ki, əsas türk xalqlarının (dövləti olanların) əlifba və dillərini müqayisə edərək ən uyğun 34 hərfli ortaq əlifba layihəsini təqdim etmişdik. Əslində, yeni bir kəşf də deyildi bu. Elə hörmətli Firudin Ağasıoğlunun da üzərində çalışdığı əlifba idi sonucda. Demək ki, düz yoldaydıq, araşdırma və təhlillərimiz düzgün aparılmışdı ki, ən uyğun ortaq əlifbanın üzərində dayanmışdıq.

 

Sonrakı mərhələdə dövlətlərimizə çağırışlarımız oldu ki, ortaq əlifba məsələsində bir az çevik davransınlar və nəhayət ki, bu məsələ kökündən həll edilsin. Ancaq yenə də təəssüflər olsun ki, məsələ həllini tapmadı. Bu işlə məşğul olacaq yetkililərimiz mövzunu ya anlamadılar, ya da ümumiyyətlə belə hisslər onlara yad olduğu üçün tüklərini belə tərpətmədilər. Ona görə də biz 11 may 2011 tarixindən başlayaraq o zamanlar fəal olan yalquzaq.com xəbər və təhlil saytımızda ortaq əlifbadan istifadə etdik.

 

Bilənlər bilirbilməyənlər üçün deyək ki, yalquzaq.com türk dünyasından tərcüməsiz yayımla məşğul idi. Yəni biz tatarca, qazaxca, başqurdca, özbəkcə, uyğurca və bütün türk ağızlarında olan yazılarımızı yalnız ortaq əlifbaya çevirərək yayınlayırdıq. Maraqlısı da odur ki, saytımız əməlli-başli oxucu çevrəsi toplamışdı. Bununla belə, bir sıra maddi problemlər üzündən 2016-cı ildə bu çalışmalarımızı dayandırmalı olduq. Daha doğrusu, saytımızın yenilənməsini. İndi aradan bu qədər vaxt keçib, lakin hələ də saytımız oxucu cəlb etməkdədir. Yenilənmir, lakin izlənilir.

 

Saytımızı işlədə bilməsək də ortaq əlifba məsələsindən vaz keçmədik. Əvvəlki dönəmlərdə başladığımız işi davam etdirdik.

 

…Yadımdadır, hələ 2013-cü ilin martında Qazaxıstanın latın əlifbasına keçidi ilə bağlı bir yazım olmuşdu. Orijinal rusca yazılmış yazı sonradan qardaş ölkədə qazaxcaya da çevrilmişdi. Başlığı “Biz yanıldıq, siz yanılmayın” olan yazıda qardaş ölkəyə çağırış edilirdi ki, latın əlifbasını qəbul edərkən bunu elə ortaq türk əlifbası kimi işləyib hazırlasınlar. Yəni biz – Azərbaycan və digər türk dövlətləri latına keçərkən bunu nəzərə almadığımız üçün səhv etmişdik. Qazaxıstan isə o səhvdən qaça və bütün türk dünyasına çox böyük xidmət göstərə bilərdi.

 

O yazı bütün türk dünyasında geniş marağa səbəb olmuşdu. Qısa bir müddətdə 30-dan artıq saytda rus və qazax dillərində dərc edilmişdi. Sonrakı illərdə dostlar xəbər vermişdi ki, hətta bir sıra qazax qəzetləri də onu dərc edibmiş. Demək ki, düzgün yanaşma sərgiləmişdik və qazaxlar da daxil olmaqla bütün türk dünyasında insanlar bizim bu çağırışımızı sıcaq qarşılamışdılar.

 

 

Darhan Qıdırəli

Bu günə gələnə qədər Astana mərkəzli Xalqlararası Türk Akademiyasının prezidenti, dəyərli bilim adamı – qardaşımız Darxan Qıdırəli də məsələylə ürəkdən və ciddi məşğul olmaqdaydı. O da başçılıq etdiyi qurum adına məsələnin üzərinə təkidlə gedir, ortaq türk əlifbasının bir gerçəyə çevrilməsi üçün doğma yurdu Qazaxıstan başda olmaqla türk dünyasında çalışmalar həyata keçirirdi. Bütün türk dünyasında çox sevilən bu aydın insan təkcə əlifba məsələsində deyil, ortaq tarix, ortaq ədəbiyyat və bu qəbildən olan ortaqlıqlar üçün günü bu gün də yorulmadan çalışmaqdadır.

 

Darxan bəy bugünlərdə sevinclə Qazaxıstanın latın əlifbasıyla bağlı son qərarını da paylaşıb müəyyən fikirlərini diqqətə çatdırdı. Bəlli oldu ki, Qazaxıstan bizim kimi insanların çağırışlarını da nəzərə alaraq illər öncə təqdim etdiyi latın əlifbasının üzərində ciddi iş aparıb, onu demək olar ki, ortaq türk əlifbası kimi ərsəyə gətirib. Düzdür, cüzi də olsa fərq var, lakin indiki halda ən məqbul əlifbadır bu.

 

Biz də Qazaxıstanın təqdim etdiyi ən son əlifba ilə tanış olduq. Alqışlayırıq. Demək olar ki, bütün türk xalqlarının istifadə edə biləcəyi ortaq bir əlifbadır. İstənilən türk xalqı rahat şəkildə onu götürüb öz dilinə tətbiq edə bilər.

 

Azər HƏSRƏT

525-ci qəzet.- 2021.- 2 fevral.- S.16.