Nizami poeziyasının Avropa ədəbiyyatı və mədəniyyətində əks-sədası

 

 

2021-ci ilin ölkəmizdə dahi Azərbaycan şairi və mütəfəkkiri "Nizami Gəncəvi ili" elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar  2021-ci il tarixli Sərəncamı Nizami irsinin öyrənilməsi, nəşri və tədqiqini daha da yaxşılaşdırmaq və 2041-ci ildə "tanrı hüzurunda sıra tutmuş" (Nizami) böyük dühanın 900 illik yubileyini layiqincə qarşılamaq üçün yeni perspektivlər açır.

 

Ötən il akademik Y.E.Bertelsin dəyərli əsəri olan "Böyük Azərbaycan şairi Nizami" monoqrafiyasının Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Azərbaycan tərəfdən həmsədri akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə ingilis dilinə çevrilib çap etdirilməsi dünya nizamişünaslığına böyük töhfədir.

 

Bənzərsiz yaradıcılığı ilə Şərqdən Qərbədək tanınan şairin poemaları geniş şərhlərlə müxtəlif Avropa dillərinə dönə-dönə tərcümə edilib və nəşr olunub. Nizaminin zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti bir də ondadır ki, Çoser, Şekspir, Dante, Bokkaçço, Şiller, Höte, Balzak, M.Tven, Volter və başqa dünya ədəbiyyatı korifeylərinin yaradıcılığında əks-səda doğurub. Şərqdə təkcə onun "Leyli və Məcnun" poemasına 500-dən çox nəzirə yazılıb.

 

"Qərb şərqşünaslarının Şərq mədəniyyəti üçün gördükləri yaxşı işlərin dəyərini  kiçiltmədən" (M.Ə.Rəsulzadə) qeyd edilməlidir ki, dörd milli ideyanı özündə ehtiva edən "türkçü, islamçı, Azərbaycançı, Qafqazçı ideoloq (M.Ə.Rəsulzadə) Nizami Gəncəvi yaradıcılığının Şərq ədəbiyyatına təsiri məsələləri indiyədək Azərbaycan ədəbiyyatşünaslığında daha ətraflı öyrənilib, tədqiqatçılarımız dahi şairin əsərlərinin süjetlərinə arxalanaraq yazılmış Şərq ədəbi nümunələrini geniş şəkildə araşdırıblar.

 

Bu gün fəxrlə deyə bilərik ki, Avropa xalqlarının ədəbiyyatlarında da Nizami Gəncəvinin yaradıcılığı ilə səsləşən və "Xəmsə"nin təsiri ilə əsərlər yazılıb.

 

Bokkaççonun "Ameto" povesti, K.Qozzinin "Yarı ciddi, yarı zarafat" ("Turandot") nağıl tamaşası, Y.Hammerin "Şirin" poeması, Volterin "Zadiq, yaxud tale" povesti, M.Tvenin "Tom Soyyer xaricdə" romanında və başqa əsərlərdə, eyni zamanda, Şillerin "Turandot" pyesində Nizami Gəncəvinin təkcə "Yeddi gözəl" poemasının sujet və motivlərinə rast gəlinməsi deyilənləri təsdiq edir.

 

Hötenin "Qərb-Şərq Divanı"nda ayrı-ayrı şeirlərin Nizami Gəncəvinin yaradıcılıq dühasına ithaf olunduğu nizamişünaslıqda çoxdan təsdiq olunmuş və öz həqiqi qiymətini almışdır.

 

Bəstəkarlardan K.Beber, F.Buzoni, C.Puççini Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının motivləri əsasında musiqi əsərləri bəstələmişlər.

 

Nizami Gəncəvinin "Yeddi gözəl" poemasından tərcümə və iqtibas əsasında 1557-ci ildə İtaliyada çap olunmuş ilk kitab "Sərəndip padşahının üç gənc oğlunun səyahət və macəraları" kitabıdır. Kitab XVIII yüzillikdə De Mailli tərəfindən fransızcaya tərcümə olunmuş və həmin əsrdəcə ingilislər onu öz dillərinə çevirmişdilər. Volterin 1746-cı ildə yazmış olduğu fantastik və macəra süjetləri ilə zəngin "Zadiq, yaxud tale" əsərinə həmin kitabın təsirini 1931-1959-cu illər arasında Böyük Britaniya Parlamentinin üzvü olmuş ingilis tədqiqatçısı M.P.Konant belə göstərmişdi: "Onların (Sərəndipin üç gənc oğlunun - M.İ.) Bəhram şahın ölkəsindəki ilk macərasını Volterin "Zadiq"də təqlid etdiyi həqiqətə uyğundur".

 

Professor Ə.Ağayev və akademik Y.E.Bertles "Sərəndip padşahının üç gənc oğlunun səyahət və macəraları" kitabının özbək klassik ədəbiyyatının məşhur nümayəndəsi Əlişir Nəvainin "Yeddi gözəl" kitabından götürüldüyü fikrini araşdıraraq elmi nöqteyi-nəzərdən tamamilə əsassız saymış və belə bir doğru nəticəyə gəlmişlər: Bu "...hekayələr, Nəvainin əsərlərindən... başqa Avropa xalqlarının ədəbiyyatına keçmişdirsə, yenə də biz Nizami Gəncəvinin Avropa ədəbiyyatına təsiri məsələsindən danışa bilərik, tarixən məlumdur ki, bu hekayələrdən "Paxıl" hekayəsinin motivləri ilk dəfə Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında işlənmişdir".

 

Marie E. de Mester də şərqşünas alim Tierenə əsaslanaraq C.Q.Bayronun yaradıcılığında, eləcə də T.Murun "Lala Pok" əsərində "Leyli və Məcnun" dastanı ilə bağlı motivlər olduğundan bəhs edir.

 

XVIII əsr ingilis şairi İsaak Dizraeli 1799-cu ildə "Məcnun və Leylinin məhəbbəti" mənzum poemasını qələmə almış və bu əsər əsasında İsaak Brandon "Qeys, yaxud səhrada məhəbbət" adlı opera bəstələmişdi.

 

 

 

İ.Dizraelinin həmin mövzu ilə tanışlığı bir neçə mənbə vasitəsi ilə - Fransız M.Kardonnenin 1788-ci ilin aprelində Parisdə çıxmış "Məcnun, yaxud dəli aşiq" kitabı, eyni ildə Uilyam Consun tərcüməsində Hatifinin "Leyli və Məcnun" poeması ilə olmuşdu.

 

Mənzum poemanın yazılmasında Nizami Gəncəvinin təsirini şübhə altına almamaq üçün qeyd edilməlidir ki, İ.Dizraeli Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasını həmin əsərlər dərc edilməmişdən xeyli əvvəl Uilyam Ouslinin qiraətində eşitmişdi.

 

Nizami Gəncəvinin ingilis ədəbiyyatına təsiri baxımından ingilis ədəbiyyatında və şərqşünaslıgında "yeni elmi epoxanın banisi" (M.Konant) Ser Uilyam Consun 1767-ci ildə "Yeddi gözəl" poemasının təsiri altında yazdığı "Yeddi fontan" (Şərq alleqoriyası) xüsusi maraq doğurur.

 

Poema ilk dəfə U.Consun 1772-ci ildə Londanda nəşr etdirdiyi kitabına salınmışdı. U.Cons kitaba yazdığı girişdə poemanın XV əsrdə yaşamış İbn Ərəbşahın hekayələr toplusundan götürdüyünü, sərbəstliyə yol verdiyini və Nizami Gəncəvini izləyərək yazdığını, bu səbəbdən də onu "Yeddi fontan" adlandırdığını yazır.

 

Şairin 800 illik yubileyi ərəfəsində akademik Y.E.Bertels "ingilis ədəbiyyatının atası" sayılan Cefri Çoserin yaradıcılığında Nizami ilə bağlılıqdan bəhs etmişdi.

 

Güman etmək olar ki, Cefri Çoserin Nizami yaradıcılığı ilə tanışlığı Böyük Britaniyanın İtaliyada səfiri işlədiyi dövrə təsadüf edir. Müəllifin məşhur "Kenteberri hekayələri" ilə Nizaminin "Sirlər xəzinəsi" arasında paralellər aparmaq mümkündür.

 

Nizaminin "İsgəndərnamə" poemasının motivləri ilə səsləşən daha bir orta əsr ingilis ədəbiyyatı nümunəsi Şir Ürəkli Riçardın xaç yürüşləri ilə bağlı balladadır.

 

Fələstində ağır xəstələnən Riçardın könlünə donuz əti düşür. Ancaq müsəlman ölkəsində donuz əti tapmağın mümkünsüzlüyü üzündən yaşlı cəngavərlərdən biri aşpaza cavan düşmən əsgərinin ətindən ədviyyatla yemək bişirməyi və Riçarda təqdim etməyi tapşırır. Yeməkdən yeyən Riçard dərin yuxuya gedir və bərk tərləyərək sağalır.

 

Döyüşdən sonra Riçard zəiflik hiss edir və aşpaza donuzun başını bişirib gətirməyi tapşırır. Əhvalat açılır və Riçard əksinə, əsgərlərini həm soyutma, həm qızartma düşmən əsgərlərinin əti ilə yedizdirəcəyindən danışır. Söhbəti eşidən düşmən ordusu vahiməyə düşür və uduzur.

 

Nizaminin "İsgəndərnamə" poemasında həmin epizod İsgəndərin Zəngibar şahına xəbər göndərməsi fəsli ilə tam səsləşir.

 

Əhvalat Zəngibar şahının İsgəndərin elçisinin qanını içməsi ilə başlayır.

 

İsgəndərin əsgərləri əhvalatı eşidib bərk qorxuya düşürlər.

 

İsgəndər deyir:

 

Elçimin qanını içərkən düşman

Əsgərim məhv olur can qorxusundan...

Zəngilər hər yanda meydan sulayır...

Yaratmaq gərəkdir elə bir dastan,

Zəncinin ordusu məhv olsun ondan.

 

Vəzir İsgəndərə belə bir məsləhət verir: Bir neçə zəncini əsir tutub birinin başını başqalarının gözü qabağında üzsünlər:

 

"Yemək bişsin" deyə mətbəxə göndər...

Gizlində aşpaza başqa tövr anlat,

Qara qoyun başı bişirsin bir az,

Sümüksüz hüzura gətirsin aşpaz.

 

Elə də edilir, Zəngibar şahın əsgərləri bu səhnədən dəhşətə gəlirlər. İsgəndər əsirləri buraxdırır, əhvalat Zəngibar əsgərləri arasında yayılır və İsgəndər ağır döyüşdə qalib gəlir.

 

Riçardın Şərqdə 1191-1192-ci illərdə olduğunu nəzərə alsaq, Nizaminin də eyni mənbədən bəhrələnməsi barədə fikir söyləyən Y.Bertelslə tam razılaşmaq lazım gəlir.

 

Şərq əfsanələri bir çox Qərb musiqi və dramlarının da mövzusu olmuşdur. Fransada Nizami əsərlərindən qaynaqlanan balet və dram nümunələrindən bəstəkar Paul Abraham Dukasın 1912-ci ildə böyük triumfla qarşılanan "Pəri" baletini və əslən Təbrizdən olan Mustafa Adlın "Xosrov və Şirin" beş pərdəli dramını misal çəkmək olar.

 

Paul Dukasın son böyük əsəri olan "Pəri" baleti Nizaminin "İsgəndərnamə" poemasının motivləri əsasında yazılmışdı.

 

Nizaminin Avropa ədəbiyyatına təsirindən danışan Amerika şərqşünası Maykl Barri Nizami ilə Dante arasında əlaqədən bəhs etmiş, Nizami poemaları ilə Şekspir yaradıcılığında bir nöqtədə birləşən xeyli məqamlar olduğunu vurğulamışdı.

 

Nizaminin "Yeddi gözəl" poemasında "Bəhramın şənbə günü qara gunbədə getməsi və birinci iqlim padşahı qızının söylədiyi" hekayədən təsirlənən ingilis şairi Uilyam Morris "Bir daha yenidən gülməyən adam" əsərini yazmışdı.

 

Göründüyü kimi, Nizami yaradıcılığının təsiri təkcə Şərq ədəbiyyatı ilə məhdudlaşmayıb, Qərb ədəbiyyatı və mədəniyyətinə də təsirsiz ötüşməyib.

 

Mayıl İSMAYILOV

Mingəçevir Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim 

 

525-ci qəzet.- 2021.- 3 fevral.- S.20.