Bütün yeni yollar Qarabağdan keçir

 

Dörd ay öncə bütün dünya Azərbaycan Ordusunun apardığı döyüş əməliyyatlarını diqqətlə izləyirdi. İndi isə hamının diqqəti ölkəmizin Qarabağı dirçəltmək üçün gördüyü işlərə yönəlib.

Axı, adətən müharibələrdən sonra bərpa-quruculuq işləri ön plana keçir. Bu proses ölkəmiz üçün ikiqat önəmlidir. Çünki biz erməni işğalçılarının viran qoyduğu ərazilərdə bərpa-quruculuq işlərini aparmaqla, həm də dünyaya Qarabağın kimə məxsus olduğunu göstəririk.

Artıq Prezidentin tapşırığı ilə işğaldan azad olunmuş ərazilərdə müxtəlif dövlət qurumları tərəfindən bərpa-quruculuq işlərinə başlanıb. Həmin qurumlardan biri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir.

Ərazilərin bərpasında avtomobil yollarının xüsusi əhəmiyyəti danılmazdır. Çünki yol həm iqtisadi, həm də sosial mahiyyət daşıyır. Bu mənada nəqliyyat infrastrukturunun bərpasında, ilk növbədə, avtomobil yollarının çəkilməsi təsadüfi deyil. Füzulidən Şuşaya çəkilən 101,5 kilometrlik avtomobil yolunun isə həm də siyasi və rəmzi mənası var. Siyasi əhəmiyyəti məlumdur, rəmzi mənası isə odur ki, Şuşa tarixboyu Qarabağın tacı və mədəniyyət beşiyi olub. İndi erməniləri ən çox narahat edən məsələ Şuşanın Prezidentimiz tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsidir.

Ermənilər bu şəhərin ölkəmiz üçün nə qədər əhəmiyyətli olduğunu bilir və həmin səbəbdən də isterika içindədirlər.

Prezident İlham Əliyevin Şuşaya çəkilən magistral yolu “Zəfər yolu” adlandırması da təsadüfi deyil. Bu yolboyu torpaqların hər qarışına şəhid və qazilərimizin qanı qarışıb. Başqa sözlə, qəhrəman Azərbaycan Ordusu döyüşərək, şəhidlər verərək Şuşanı düşməndən azad edib, zəfər qazanıb. Odur ki, həmin yol Azərbaycan tarixində həm də şanlı qələbəyə aparan müqəddəs yol kimi qalacaq.

“Zəfər yolunda işlər sürətlə gedir. Cəmi iki ay ərzində yol genişləndirilib, onun üçün torpaq yatağı inşa edilib. Hazırda bu yoldan Şuşaya gediş-gəliş üçün istifadə olunur. Sentyabr ayınadək isə iki hərəkət zolaqlı yolun asfaltlaşdırılaraq istifadəyə verilməsi nəzərdə tutulub.

 Tikinti işləri Füzuli şəhərindən başlayaraq yeni tras üzrə hazırlanmış layihə əsasında aparılır. Bu tras iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilir.

Yeni layihə aparılan araşdırmaların nəticələrinə əsasən tərtib olunub. Çətin relyefə malik ərazilərdə, dolaylarda tikiləcək körpü və tunellər hesabına yolun uzunluğu 17 kilometrə qədər qısalaraq 84,6 kilometr təşkil edəcək. İlkin hesablamalara görə, inşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 3 kilometr olacaq. Bununla yanaşı, yeni trasda müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulur.

Artıq Şuşa şəhərinədək 101,5 kilometrlik tras üzrə 2 hərəkət zolağı enində olmaqla xidməti yol istifadəyə verilib. Bu hissədə 2 hərəkət zolağı enində torpaq genişləndirilərək yol yatağı və yol əsası inşa edilib.

Yeni Füzuli-Şuşa avtomobil yolunun 4-6 hərəkət zolağından ibarət olması nəzərdə tutulur. Artıq yolun ilk 6 kilometrlik hissəsində, həmçinin 27-ci kilometrdən başlayaraq 4 kilometrlik hissəsində torpaq işləri yekunlaşdırılıb və yeni yol əsası inşa edilib.

Füzuli-Şuşa avtomobil yolu inşasına artıq start verilmiş Füzuli Beynəlxalq Hava Limanı yaxınlığından keçir. Bu səbəbdən layihədə magistral yolu hava limanı ilə əlaqələndirmək məqsədilə yol qovşağının və aerovağzala giriş yolunun inşası da nəzərdə tutulur. Həmçinin yeni tras üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa bulağınadək əlavə 2 kilometrlik yolun inşası da daxil edilib. İsa bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci kilometrindən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunun uzunluğu 900 metr olan tunel vasitəsilə keçməklə inşa olunacaq.

Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolundan götürməklə Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir. Yolun tikintisinin qısa müddət ərzində yekunlaşdırılması üçün layihə şərti olaraq 5 hissəyə bölünüb. Əsas qüvvə olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçiləri və texnikaları hazırda yolboyu tikinti işlərini həyata keçirir. Bundan başqa, çətin relyefli ərazilərdə avtomobil yollarının inşası sahəsində təcrübəyə malikKolin İnşaatbaşda olmaqla, Türk Şirkətlər Qrupubir yerli tikinti şirkəti də işləri sürətlə aparmaq məqsədilə layihəyə cəlb edilib.

Prezident İlham Əliyev işğaldan azad olunan bölgəyə səfəri zamanı Füzuli hava limanının təməlqoyma mərasimidə demişdir: “Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər”.

 

 

Rüstəm KAMAL

Azərbaycan.-2021.- 4 fevral.- S.1;4.